Cari ildə Azərbaycanda bütün orta məktəblərin vahid mərkəzdən İnternetə qoşulmasını təmin edəcək Məlumat və Resurs Mərkəzi yaradılacaq.
Mərkəzin açılışı bu ilin mart ayına planlaşdırılır. Mərkəz Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2008-ci il tarixli Sərəncamına əsasən təsdiq olunmuş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində təşkil edilir. Dövlət Proqramına əsasən Məlumat və Resurs Mərkəzlərində Şəbəkə İdarəetmə Mərkəzi (ŞİM) yaradılmalı, elektron məktəb idarəetmə sisteminin istifadəsi sahəsində ölkəmizin ən qabaqcıl məktəblərində pilot layihələr həyata keçirilməlidir. Proqrama uyğun olaraq təhsil portalı yaradılması, fənlər üzrə müasir elektron elmi-metodiki vəsaitlər kompleksindən istifadə olunması və yayılması, elektron təhsil resurslar bazasının hazırlanması və təhsil bazasına inteqrasiya edilməsi nəzərdə tutulub. Artıq bu sahədə müvafiq işlər aparılır. Onu da qeyd edək ki, təhsil sisteminin inzibati idarəetmə, pedaqoji və texniki heyətinin İKT savadlılığının artırılması üçün treninq, eləcə də digər kompleks tədbirlərin həyata keçirilməsi, kompüter Şəbəkələrinin Təhlükəsizlik Xidməti üzrə mütəxəssislərin hazırlanması və müxtəlif treninq proqramlarında iştirakına 2008-ci ilin noyabrından başlanmışdır. Həyata keçirilən layihələrdən biri də Elektron Məktəb Layihəsidir. Layihənin icrasına 2008-ci ilin sonundan etibarən Bakı şəhərində seçilmiş 10 qabaqcıl məktəbdə başlamışdır. Layihə çərçivəsində məktəblər üçün əlavə noutbuk, proyektor dəstləri və elektron lövhələr alınmışdır. Cari ildə məlumat və resurs mərkəzləri ilə bağlantı yarada bilmələrini təmin etmək üçün həmin məktəblər xüsusi proqram təminatı və elektron dərslərlə təmin olunacaq. Hazırda məktəblərdə yüksək sürətli internet, internet bağlantısı vasitəsi ilə video görüntünü təmin edən fibro-optik kabel çəkilməkdədir, həmçinin mart ayında məktəblərdə İP-telefoniya xidməti də quraşdırılacaq. Beləliklə, bu məktəblər həm Bakı şəhər Baş Təhsil İdarəsi, həm Təhsil Nazirliyi, eləcə də Məlumat Resurs Mərkəzləri ilə video bağlantılar yarada biləcəklər.
08/07/2015 16:52
Təhsil Nazirliyinin dəstəyilə “Microsoft Azərbaycan” şirkəti Azərbaycanda “İnnovativ Müəllimlər” müsabiqəsini keçirir. Müsabiqə “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"na və Təhsil Nazirliyinin “Microsoft” korporasiyası ilə təhsil sahəsində uzunmüddətli əməkdaşlığına uyğun olaraq keçirilir.
Müsabiqənin məqsədi orta məktəblərin tədris prosesində ən yaxşı innovasiya üsullarını tətbiq edən müəllimlərin seçilməsindən ibarətdir. Müsabiqə iki nominasiya üzrə keçiriləcək: “Məzmunda innovasiyalar" və “Tərəfdaşlıqda innovasiyalar". “Məzmunda innovasiyalar” nominasiyası innovasiya yanaşmasının və informasiya texnologiyalarının yardımı ilə məktəbin dərs proqramını daha səmərəli şəkildə tədris etməyə imkan verən ən yaxşı təhsil layihələrinin müəyyən edilməsi üzrə aparılacaq. “Tərəfdaşlıqda innovasiyalar” nominasiyası müəllim, şagird, məktəb, valideyn və s. kimi müxtəlif qrupları daha effektiv şəkildə cəlb edən tədris layihəsini müəyyənləşdirəcək. Müsabiqə iki mərhələdən ibarət olacaq. İlkin mərhələdə hər bir iştirakçı peşəkar minsiflər heyətinin qiymətləndirəcəyi layihənin təsvirini təqdim etməlidir. İkinci mərhələdə finalçılar öz layihələrinin təqdimatlarını keçirəcəklər. Finalçılar arasında müsabiqənin iki nominasiyası üzrə qaliblər həm pedaqoji, həm də valideynlərdən ibarət münsiflər heyəti tərəfindən birinci, ikinci və üçüncü yerlər olmaqla müəyyənləşdiriləcək. Layihələrin qəbulu 31 yanvar tarixində başa çatacaq. Müsabiqədə iştirak etmək üçün http://itn-az.spaces.live.com saytındakı anketi və layihə planını doldurmaq, itn-az@live.com ünvanına göndərmək lazımdır. Müsabiqənin qalibləri Vyanada təşkil olunacaq Avropa innovativ müəllimlər forumunda iştirak edəcəklər.
08/07/2015 16:52
Bu ilin aprelində məktəblilər arasında “Gənc kompüter istedadları” respublika müsabiqəsi keçiriləcək.
Bu məqsədlə münsiflər heyətinin tərkibi də təsdiq edilib. ]Müsabiqədə iştirak etmək istəyənlər itproject@ist.edu.gov.az ünvanında 1 mart 2009-cu il tarixinədək qeydiyyatdan keçməlidirlər. Layihələrin qəbulu aprelin 6-dək Z.Əliyeva adına məktəbdə aparılacaq. Müsabiqənin finalı 18-19 aprel tarixlərində Bakı şəhərində keçiriləcək. Qeyd edək ki, ən yaxşı layihələrin təhsil portalında yerləşdirilməsi, onların disk şəklində çoxaldılaraq məktəblərə paylanması nəzərdə tutulur.
08/07/2015 16:52
Yanvarın 10-da Təhsil Nazirliyində “2008-ci ildə təhsil sahəsində görülmüş işlər və 2009-cu ildə qarşıda duran vəzifələr” mövzusunda kollegiya iclası keçirilib.
İclasda Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, millət vəkilləri, Nazirlər Kabinetinin Elm, mədəniyyət, təhsil və sosial problemlər şöbəsinin müdir müavini Qurban Əmirov, ali məktəb rektorları, orta ixtisas təhsili müəssisələrinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, rayon və şəhər təhsil şöbələrinin rəhbər işçiləri, məktəb direktorları və digər şəxslər iştirak edib. Kollegiya iclasını təhsil naziri Misir Mərdanov açaraq iştirakçıları salamlayıb. Sonra nazir 2008-ci ildə təhsil sahəsində görülmüş işlər və 2009-cu ildə qarşıda duran vəzifələrə dair məruzə-təqdimatla çıxış edib. Ölkə başçısı cənab İlham Əliyevin təhsilə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayan Misir Mərdanov 2008-ci ildə 201, son 5 ildə isə 900-dən çox təhsil işçisinin Prezident sərəncamları ilə yüksək dövlət təltiflərinə layiq görüldüyünü bildirib. Təhsilin bütün pillələrində inkişaf dinamikasından danışan nazir bununla bağlı görülən işlər, həyata keçirilən tədbirlər, əldə olunan nailiyyətlər, gələcək perspektivlər haqqında geniş məlumat verib. Təhsil naziri daha sonra 2008-ci ildə təhsil sahəsində baş verən ən mühüm hadisələri kollegiya iştirakçılarının diqqətinə çatdırıb. Misir Mərdanov Azərbaycan təhsilinin son illər uğurla inkişaf etdiyini, onun məzmunun getdikcə yeniləşdiyini, keyfiyyət göstəricilərinin artması istiqamətində mühüm addımlar atıldığını vurğulayıb. Çıxışında nazir ölkəmizdə geniş vüsət almış məktəb tikintisindən, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, İKT ilə təminatı vəziyyətinə toxunaraq həmin istiqamətdə görülən işlərdən söz açıb. Misir Mərdanov Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə həyata keçirilən layihələrin Azərbaycan təhsilinin inkişafına böyük töhfələr verdiyini qeyd edib. Nazir orta ümumtəhsil məktəbləri üçün çap olunan dərsliklər, elektron dərs vəsaitləri, əlavə tədris materialları, 2008-2009-cu dərs ilindən etibarən I siniflərdə yeni kurrikulumlarla tədrisə başlanılması, Təhsil Nazirliyinin beynəlxalq təşkilatlarla işgüzar əməkdaşlığı və digər məsələlər barəsində də geniş məlumat verib. Eyni zamanda nazir 2009-cu ildə qarşıda duran vəzifələrdən söz açıb. Sonra məruzə ilə bağlı müzakirələr aparılıb. Kollegiya iclasında çıxış edən millət vəkilləri, ali məktəb rektorları təhsil naziri Misir Mərdanovun geniş və məzmunlu məruzəsini yüksək qiymətləndirib, ölkəmizdə təhsilin getdikcə inkişaf etdiyini diqqətə çatdıraraq, bununla bağlı öz fikir və mülahizələrini qeyd ediblər. (Bu barədə ətraflı məlumat saytın nazirlik bölümünün kollegiya materialları, çıxışlar lihkində)
08/07/2015 16:52
Təhsil Nazirliyində təhsilin idarəolunmasının məlumat sisteminin (TİMS) yaradılması istiqamətində işlər aparılır.
Təhsil Nazirliyində təhsilin idarəolunmasının məlumat sisteminin (TİMS) yaradılması istiqamətində işlər aparılır. Belə bir sistemin qurulmasında əsas məqsəd təhsil sistemi rəhbərlərinin cavabdeh olduqları sahənin monitorinqini aparmaq, dəqiq və cari məlumatlar əsasında strategiya və fəaliyyət planlarını hazırlamaq üçün genişəhatəli informasiya bazasını formalaşdırmaqdır. Sistem bir neçə səviyyədən ibarətdir: Təhsil Nazirliyi, təhsil şöbələri, məktəblər. Qeyd olunan işlərin səmərəli təşkili üçün Dünya Bankının tövsiyəsi ilə Təhsil Nazirliyində ayrıca qurum – Təhsilin İdarəolunmasının Məlumat Sistemləri şöbəsi, o cümlədən Bakı Şəhəri üzrə Təhsil İdarəsində müvafiq sektor yaradılmışdır. Ötən dərs illərində məlumat bazası yerlərdən anket formasında toplanan və məktəb hesabatlarına daxil olan informasiyalar əsasında formalaşdırılırdı. Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı”nın (2005-2007-ci illər) icrasından sonra mövcud problemlər aradan qaldırılmış, TİMS proqram təminatının yeni modulları – “TİMS-məktəb” və “TİMS-Təhsil şöbəsi” yaradılmış, proqram təminatı ilə işləmək qaydaları müvafiq şəxslərə öyrədilmişdir. Bu günədək TİMS bazasına 1 milyon 200 mindən çox şagird və 90 minədək məktəb heyəti haqqında məlumat daxil edilib. Yaxın günlərdə ölkəmizin bütün ümumtəhsil məktəbləri üzrə işlərin başa çatdırılacağı gözlənilir. Sistemin veb versiyasının, eləcə də məktəbəqədər tərbiyə və ali məktəb modullarının hazırlanması istiqamətində işlər davam etdirilir.
08/07/2015 16:52
Təhsil Nazirliyində 2008/2009-cu dərs ilinə I, III-XI sinif şagirdləri üçün 102 adda 4.284.400 nüsxə dərsliyin və müəllim üçün vəsaitin siyahısı (Azərbaycan bölməsi üçün 62 adda 4.078.600 nüsxə, rus bölməsi üçün 40 adda 205800 nüsxə), tirajı və çap formatları təsdiq edilmişdir.
Təhsil Nazirliyində 2008/2009-cu dərs ilinə I, III-XI sinif şagirdləri üçün 102 adda 4.284.400 nüsxə dərsliyin və müəllim üçün vəsaitin siyahısı (Azərbaycan bölməsi üçün 62 adda 4.078.600 nüsxə, rus bölməsi üçün 40 adda 205800 nüsxə), tirajı və çap formatları təsdiq edilmişdir. I siniflər üçün nəzərdə tutulan 13 adda dərsliyin 12-si, 21 adda müəllim üçün vəsaitin 20-si müəyyən edilmiş tirajla, III-XI siniflər üçün nəşri nəzərdə tutulan 68 adda 3.543.900 nüsxə dərsliyin 31-i mövcud şagird kontingentinin 30%-i, 4-ü 45%-i, 33-ü isə 105%-i həcmində çap olunmuşdur. Azərbaycan bölməsi üçün 7 adda yeni dərslik – “Azərbaycan dili” – VI, VII, VIII sinif, “İnformatika” – IX sinif, “Təsviri incəsənət” – V sinif, “Fransız dili” – X sinif, “Rus dili” – X sinif, rus bölməsi üçün isə 3 adda – “İnformatika” – VII sinif, “Literatura” - X sinif və “Çelovek i obşestvo” – XI sinif dərslikləri çap olunmuşdur. Respublikanın xüsusi məktəbləri üçün dərsliklərin nəşrinə ciddi diqqət verilmişdir. 2008-ci ildə Gözdən əlil uşaqlar üçün (xüsusi iri şriftlərlə və brayl əlifbası ilə) 30 adda 2130 ədəd, zəif eşidən uşaqlar üçün isə 3 adda 900 nüsxə tirajla III, IV və V siniflərə dair “Oxu” dərslikləri çap olunmuşdur. Ümumtəhsil məktəbləri üçün 2008-ci ildə 15 fənn üzrə 140 adda 1.400.000 tədris plakatı çap olunaraq təhsil müəssisələrinə paylanılmışdır. Respublikanın məktəbəqədər təhsil müəssisələri üçün hazırlanmış 33 adda plakat, 39 adda test və təlim kitabı və 4 adda metodik vəsait təsdiq edilmiş və çap olunaraq məktəbəqədər təhsil müəssisələrinə paylanmışdır. Ötən il Gürcüstanın təlim Azərbaycan dilində olan ümumtəhsil məktəbləri üçün 16 adda 20025 ədəd, Dağıstan məktəblərinə isə 19 adda 1752 ədəd dərslik göndərilmişdir. MDB və digər xarici ölkələrdəki “Bazar günü” məktəblərinə, o cümlədən, Rusiya, Ukrayna, Belarusiya,, Orta Asiya, Macarıstan, Almaniyaya “Əlifba”, “Oxu”, “Azərbaycan dili”, “Ədəbiyyat”, “Azərbaycan tarixi”, “Azərbaycan coğrafiyası” dərslikləri, coğrafi xəritə və digər tədris vəsaitləri göndərilmişdir.
08/07/2015 16:52
Təhsil naziri Misir Mərdanov “Ali və orta ixtisas təhsili müəssisələrində 2008-2009-cu tədris ilinin qış imtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmr imzalayıb.
Qeyd olunan sənədə əsasən nazirliyin müvafiq struktur bölmə, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə imtahan zamanı baş verən neqativ hallarla bağlı məlumatların operativ araşdırılması və günahı olan şəxslər barədə tədbir görmək üçün təkliflər verilməsi, sessiyanın monitorinqinin keçirilməsinin təşkil olunması, hər bir təhsil müəssisəsində imtahan qərargahının yaradılması, görülən işlər barədə ictimaiyyətin mütəmadi məlumatlandırılması, ictimai nəzarətin gücləndirilməsinin təmin edilməsi və digər məsələlərlə bağlı tapşırıqlar verilib. Hazırda Təhsil Nazirliyində “Qaynar xətt”fəaliyyət göstərir və 496-37-61, 496-34-82 saylı telefonlar, eləcə də qaynar-xett@edu.gov.az e-mail ünvanı vasitəsilə əlaqə yaratmaq mümkündür.
08/07/2015 16:52
Dekabrın 29-da Suraxanı rayonundakı 2 saylı uşaq evinin nəzdində yaradılan Günərzi Qayğı Mərkəzinin açılış mərasimi keçirilib.
Mərasimdə təhsil naziri Misir Mərdanov və Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov iştirak edib. Qonaqlar rəmzi açılışı bildirən qırmızı lenti kəsərək mərkəzin fəaliyyətinə uğurlar arzulayıb və uşaq evinin kollektivini 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi, eləcə də Yeni il münasibətilə təbrik ediblər. Sonra qonaqlar Günərzi Qayğı Mərkəzini, uşaq evini gəzərək uşaqların yaşama və təhsil alması, asudə vaxtlarının təşkili, istedadlarının inkişaf etdirilməsi üçün yaradılan şəraitlə tanış olublar. Qonaqlara məlumat verilib ki, ümumilikdə 80 uşağa xidmət edəcək Günərzi Qayğı Mərkəzi “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində 3 il müddətə həyata keçiriləcək pilot layihəyə əsasən təşkil edilib. Mərkəzin fəaliyyətə başlaması ilə uşaq evinə ölkənin digər bölgələrindən olan uşaqların qəbulu dayandırılacaq, yalnız Suraxanı rayonu ərazisində yaşayan və risk qrupuna daxil olan, aztəminatlı, çətin yaşayış şəraitində olan ailələrin uşaqları cəlb ediləcək. O da qeyd olunub ki, mərkəz gün ərzində 10-12 saat fəaliyyət göstərəcək və uşağın mərkəzdə olma müddəti onun ehtiyaclarından asılı olacaq. Burada hər bir uşaq üçün ayrıca fərdi qayğı planı hazırlanacaq və ona müvafiq olaraq uşaqla iş aparılacaqdır. Mərasimdə çıxış edən təhsil naziri Misir Mərdanov ölkəmizdə ilk dəfə yaradılan Günərzi Qayğı Mərkəzini yüksək qiymətləndirib. Qeyd olunan mərkəzin yaradılmasını yeni hadisə kimi dəyərləndirən nazir buradakı mövcud şəraitdən razı qaldığını bildirib. Nazir ölkə Prezidenti tərəfindən təsdiq olunan “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində görülən bu işi yaxın gələcəkdə digər uşaq evləri və internat məktəblərində reallaşdırmağın əhəmiyyətini vurğulayıb. Sonda uşaqlar bədii proqramla çıxış ediblər.
08/07/2015 16:52
2008-ci ilin Dövlət İnvestisiya Proqramına uyğun olaraq 113 yeni məktəb, 2 internat məktəbi, 34 məktəb üçün əlavə korpuslar, 4 rayon Təhsil Şöbəsi üçün inzibati binaların tikintisi və 126 tədris müəssisəsinin əsaslı təmir işləri həyata keçirilib.
Bundan əlavə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına qəza vəziyyətində olan 15 məktəb binası yenisi ilə əvəz edilib və 27 məktəbdə təmir işləri aparılıb. Respublika üzrə 206 məktəbdə istilik sistemlərinin əsaslı təmiri, bərpası və yeni fərdi qazanxanaların tikintisi icra edilib. Məlumat üçün qeyd edək ki, 2009-cu ilin Dövlət Proqramı Layihəsində 117 yeni məktəbin, 27 məktəb üçün əlavə korpusun tikintisi, 151 tədris müəssisəsinin əsaslı təmiri, 300-ə qədər məktəbin istilik sistemlərinin əsaslı təmiri və bərpası nəzərdə tutulub.
08/07/2015 16:52
2008-ci ildə 11 yeni məktəbəqədər təhsil müəssisəsi inşa edilərək istifadəyə verilib, 21 müəssisədə əsaslı təmir işləri aparılıb. Yeni inşa və əsaslı təmir edilmiş müəssisələr müvafiq bərk avadanlıq, yumşaq inventar, təlim vəsaitləri, oyuncaqlar, idman avadanlıqları və s. ilə təchiz olunub.
Nazirliyin sifarişinə əsasən “Çaşıoğlu” nəşriyyatı tərəfindən 24 adda müxtəlif təlim vəsaitləri, metodik ədəbiyyat, test kitabları, masaüstü oyunlar, uşaqlar üçün nağıl kitabları və s. hazırlanaraq məktəbəqədər müəssisələrə çatdırılıb. 2009-cu ildə 19 məktəbəqədər təhsil müəssisəsində əsaslı təmir işlərinin aparılması nəzərdə tutulub. Məlumat üçün qeyd edək ki, hazırda respublika üzrə 103 900 uşağı əhatə edən 1658 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Təhsil Nazirliyi sistemində olan 1592 məktəbəqədər müəssisədə 98 029 uşaq tərbiyə alır. Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 4 məktəbəqədər xüsusi təhsil müəssisəsi, ümumi təyinatlı 9 müəssisədə 18 xüsusi təyinatlı qrup fəaliyyət göstərir. Bununla yanaşı, 5 sanator tipli məktəbəqədər təhsil müəssisəsi də mövcuddur. Eyni zamanda Təhsil Nazirliyi tərəfindən lisenziya almış 6 özəl məktəbəqədər təhsil müəssisəsi də fəaliyyət göstərir. Respublika üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların cəlbi 16,3% təşkil edir.
08/07/2015 16:52
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı