Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
TƏHSİL NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Son 5 il ərzində ölkə Prezidenti İlham Əliyevin müntəzəm diqqət və qayğısı sayəsində 1600-dən artıq yeni məktəb binasının tikilməsi, təhsil müəssisələrinin maddi-tədris bazasının möhkəmləndirilməsi, informasiya və kommunikasiya texnologiyaları ilə ardıcıl təmin edilməsi, ümumi təhsil sistemində müxtəlif istiqamətlər üzrə ciddi islahatların aparılması cəmiyyətdə təhsilimizin uğurlu gələcəyinə inamı daha da gücləndirmişdir.
Ölkə təhsilində islahatların dönməz xarakter alması Azərbaycan hökuməti ilə Dünya Bankı arasında son 10 ildə bağlanmış sazişlər çərçivəsində həyata keçirilən fundamental tədbirlərin real nəticələrində daha aydın özünü göstərir. Həmin müddətdə digər sahələrlə yanaşı, ümumi təhsilin məzmununun yeniləşdirilməsi istiqamətində aparılan islahatyönümlü işlər daha geniş vüsət almış, yüzlərlə təhsil mütəxəssisinin-tanınmış alimlərin, metodist-pedaqoqların, məktəb rəhbərləri və müəllimlərin birgə əməyinin məhsulu kimi meydana çıxan "Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli Kurrikulumu)" sənədinin respublika Nazirlər Kabineti tərəfindən təsdiq edilməsi və bu dövlət əhəmiyyətli sənədin tələbləri əsasında ümumtəhsil məktəbləri üçün mahiyyətcə tamamilə orijinal olan fənn kurrikulumlarının hazırlanıb 2008-2009-cu dərs ilindən etibarən I siniflərdə tətbiqi ilə ümumi təhsil sahəsində yeni bir dövr başlanmışdır.
Mühüm nailiyyətlərdən biri də Təhsil Nazirliyinin hazırladığı "Ümumi təhsil sistemində dərslik siyasəti" sənədinin Nazirlər Kabineti tərəfindən qəbul edilməsi və bu sənədə əsasən uzun illərdən bəri kök salmış ənənədən imtina edilərək müasir dünya təcrübəsinə uyğun surətdə orta məktəb dərsliklərinin komplekt şəklində (dərslik, müəllim üçün vəsait, şagirdlər üçün iş dəftəri) nəşriyyatlarla müəlliflər qrupu arasında bağlanmış müqavilə əsasında yazılıb hazırlanması və istifadəyə veriləcək komplektlərin müsabiqə yolu ilə müəyyənləşdirilməsi olmuşdur. Bu işi tənzimləmək üçün Dərslikləri Qiymətləndirmə Şurası (DQŞ) yaradılmış, onun tərkibinə görkəmli alimlər və tanınmış təhsil mütəxəssisləri daxil edilmişdir. Artıq yeni mexanizm əsasında hazırlanıb DQŞ tərəfindən müsbət qiymətləndirilən dərslik komplektləri yeni dərs ilindən I sinifdə işləyən müəllimlərin və şagirdlərin istifadəsinə verilmişdir. Aparılan təhlillər və yerlərdən daxil olan rəylər göstərir ki, ilk təcrübə kimi meydana çıxan yeni dərslik komplektləri rəğbətlə qarşılanmışdır.
Bununla belə, vaxtilə ibtidai siniflər üçün "Riyaziyyat" və "Həyat bilgisi" dərsliklərinin müəlliflərindən biri olmuş "Pedaqogika" nəşriyyatının direktoru Əlövsət Osmanlı 2008-ci ildə DQŞ-yə təqdim etdiyi "Riyaziyyat-1" dərslik komplektinin guya ədalətsizlik nəticəsində müsabiqədən keçmədiyini əsas tutaraq mətbuatda, xüsusilə də "Azadlıq" qəzetində böhtan xarakterli silsilə yazılar dərc etdirir. Təvazökarlıq hissindən tamamilə uzaq olan Ə.Osmanlı bu yazılarında dəridən-qabıqdan çıxaraq özünü ictimaiyyətə "əvəzolunmaz dərslik yaradıcısı" kimi təqdim etməyə çalışır, qatı inkarçılıq yolu tutaraq DQŞ-nin və işçi qrupunun bütün üzvlərini qeyri-peşəkarlıqda, savadsızlıqda, dərslik problemlərinə bələd olmamaqda ittiham etməkdən belə çəkinmir. İbtidai siniflərdə bir gün də işləməyən, şagirdlərlə ünsiyyətdə olmayan, lakin iddiaları və ədaları yerə-göyə sığmayan Əlövsət Osmanlı "mən olmayan yerdə nə varsa pisdir" prinsipini yeridərək müsabiqədən qalib çıxmış "Riyaziyyat-1" və "Həyat bilgisi" dərslik komplektlərində müsbət heç nə görmür, nəyin bahasına olursa-olsun onları gözdən salmaq məqsədi güdür.
Başdan-başa əsassız ittihamlarla, qərəzli və təhqiramiz ifadələrlə dolu olan bu yazılar, əslində, Əlövsət Osmanlının mənəvi aləmini açıq-aydın göstərir. özündən başqa heç kimi bəyənməmək, şəxsi mənafeyi naminə iftira və böhtanların quluna çevrilmək onun hansı keyfiyyətlərə malik olduğundan xəbər verir.
Hesab edirik ki, Əlövsət Osmanlının illüziyalar toplusu olan bu yazılarını silsilə şəklində dərc etməklə "Azadlıq" qəzeti heç də vətəndaşlıq mövqeyi göstərməmişdir. Həmin yazılara alternativ məqalələri dərc etməməsi isə qəzetin adı ilə daban-dabana ziddir.
Təhsil Nazirliyi bildirir ki, bu cür böhtan xarakterli yazılar sağlam pedaqoji qüvvələr tərəfindən qəbul edilmir və ictimaiyyətin diqqətini əsl həqiqətlərdən yayındırmaq məqsədi daşıyan qərəzli mövqe kimi qiymətləndirilir.
10 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
