Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; faks 496-37-61; e-mail: qaynar-xett@edu.gov.az) cari ilin sentyabr və oktyabrında 62 müraciət daxil olub.
Müraciətlərdən 3-ü sorğu xarakterli olub. “Qaynar xətt” xidmətinə daxil olan müraciətlərin böyük əksəriyyəti ümumtəhsil məktəbləri və məktəbəqədər tərbiyə müəssisələri ilə əlaqədardır. Bakı şəhər ümumtəhsil məktəblərindən 29, məktəbəqədər tərbiyə müəssisələrindən 7, Gəncə və Mingəçevir şəhər ümumtəhsil məktəblərindən 1, Abşeron rayon ümumtəhsil məktəblərindən 3, Yardımlı, Masallı və Quba rayon ümumtəhsil məktəblərinin hər birindən 2, Biləsuvar, Şamaxı, Daşkəsən, Tovuz, Ağstafa, Qazax, Xaçmaz, Zaqatala rayonlarının hər birindən 1 müraciət daxil olub. Bu müraciətlərdə yeni dərs ilinin başlanması ilə əlaqədar təhsil müəssisələrində yaranan problemlərdən danışılır, müəllimlər arasında dərs yükünün bölgüsü, valideynlərin yaşayış yerinin dəyişməsi ilə bağlı şagirdlərin bir məktəbdən digərinə köçürülməsi, dərsliklərlə təminat, müəllimlərin əmək haqqının hesablanması, məktəbəqədər tərbiyə müəssisələrinə uşaqların qəbulu və s. məsələlərindən bəhs olunur. Müraciətlərdən 1-i 3 saylı Bakı peşə liseyinə şagird qəbulu ilə bağlı olub. Şəki Dövlət Texniki Kolleci, Mingəçevir Tibb məktəbi və “Odlar yurdu” özəl kolleci ilə əlaqədar müraciətlərdə tələbələr sırasına bərpa, diplomun verilməsi və təyinat bölgüsü ilə bağlı məsələlərdən söz açılır. Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan bütün müraciətlər araşdırılıb, müvafiq tədbirlər görülüb və müraciət müəlliflərinə cavab verilib.
08/07/2015 16:52
Təhsil nazirinin Azərbaycan Dövlət Pedaqoji Kollecinin 90 illik yubileyinin keçirilməsi ilə əlaqədar əmrinə əsasən müvafiq təşkilat komitəsi yaradılıb və tədbirlər planı təsdiq edilib.
Yubiley tədbirinin noyabrın 18-də «Gülüstan» sarayında keçirilməsi nəzərdə tutulub. Ulu öndər Heydər Əliyevin dediyi kimi «Yarandığı ilk dövrlərdə təlim-tərbiyə prosesini Azərbaycan maarifinin gözəl ənənələri üzərində qurmuş Bakı Pedaqoji Texnikumu bu gün də müstəqil Azərbaycanımızın xoşbəxt gələcəyi naminə uğurla çalışır, respublikanın ümümtəhsil məktəblərini və təlim-tərbiyə ocaqlarını pedaqoji kadrlarla təmin edir». 18 elmlər namizədinin, 43 metodist-müəllimin, innovativ treninqlərin seminarların sertifikatını almış 21 müəllimin çalışdığı kollec kollektivinin səmərəli fəaliyyəti, yeni təlim texnologiyalarının intensiv tətbiqi, maddi-texniki bazanın İKT ilə zənginləşdirilməsi öz bəhrəsini verir. Məktəbdə fəaliyyət göstərən «Resurs» mərkəzinin pedaqoji təmayüllü orta ixtisas təhsili məktəbləri üçün mütəmadi olaraq keçirdiyi interaktiv təlim metodlarına dair seminarlar və «açıq dərs»lər, gənclərin milli mənəvi dünyasını zənginləşdirən çoxsaylı tədbirlər bu təhsil ocağının baza məktəbi kimi formalaşmasını təmin edib. Görkəmli Azərbaycan ziyalıları H. Cavid, Ü. Hacıbəyov, A. Şaiq, C. M. Qənizadə, Camo Cəbrayılbəyli, Mədinə Qiyasbəyli, Əlisöhbət Sumbatzadə, M. Təhmasib, M. Dilbazi, C. Novruz, Ə. Cəfərzadə və onlarla digər görkəmli şəxslərin həyatı, ilkin peşə-ixtisas təhsili, pedaqoji fəaliyyəti uzun illər dahi M. Ə. Sabirin adı ilə məhşurlaşmış bu məktəblə bağlı olub. Zəngin ənənələrə əsaslanan Azərbaycan Dövlət Pedaqoji Kolleci 90 illik fəaliyyəti dövründə daim yeniləşərək ölkə təhsilinin çağdaş inkişaf mərhələsində özünəməxsus yer tutur.
08/07/2015 16:52
Noyabrın 4-də Təhsil Nazirliyində Azərbaycan nümayəndə heyətinin Almaniyaya rəsmi səfərinin yekununa dair təqdimat keçirilib.
Təhsil naziri Misir Mərdanov oktyabrın 25-dən 29-dək Azərbaycan nümayəndə heyətinin Almaniyaya rəsmi səfəri çərçivəsində aparılan danışıqlar və keçirilən görüşlər barədə məlumat verib. Nazir səfərin əsas məqsədinin Azərbaycan-Almaniya təhsil əlaqələrinin daha da genişləndirilməsi istiqamətində perspektivlərin müəyyənləşdirilməsi olduğunu qeyd edib, Bonn Universitetində “Azərbaycan iqtisadiyyatında keçid mərhələsi və təhsilin beynəlmiləlləşməsi (Boloniya prosesi)” mövzusunda keçirilən beynəlxalq simpoziumda edilən çıxışlardan, müzakirə olunan məsələlərdən danışıb. Misir Mərdanov Ştutqart Şərabçılıq üzrə Təhsil və Elmi-Tədqiqat Mərkəzində maddi-texniki baza və laboratoriyalarla tanış olduqlarından, müvafiq istiqamətdə fikir mübadiləsi aparılmasından söz açıb. Nazir bildirib ki, 2010-2011-ci dərs ilində Azərbaycan Aqrar Universiteti və Azərbaycan Texnologiya Universitetində təhsil alan 3 tələbənin 2 il müddətinə həmin mərkəzə təhsil almaq üçün göndərilməsi, bu məqsədlə cari dərs ilində qeyd edilən universitetlərdə II kurs tələbələrindən seçilib ilin sonunadək intensiv alman dili kursuna cəlb olunması qərara alınıb. Misir Mərdanov təqdimat-məruzədə qeyd edib ki, “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2007-ci ildə 5, 2008-ci ildə 21, 2009-cu ildə isə 45 tələbə Almaniyaya göndərilib və ümumilikdə, hazırda 450-dən artıq azərbaycanlı tələbə Almaniyada təhsil alır. Nazir Alman Akademik Mübadilə Xidmətinin ölkəmizə ayırdığı təqaüdlərdən və gördüyü işlərdən danışıb. Nazir Baden-Vürttenberq Torpağının dövlət katibi ilə görüşdə buradakı universitetlər, Elm və Təhsil Nazirliyi, eləcə də tədqiqat müəssisələri ilə birbaşa əlaqələrin qurulması, əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məsələlərinin müzakirə edildiyini diqqətə çatdırıb. Nazir Ştutqart Dual Ali Məktəbində, Baden-Vürttenberq Torpağı Elm və Təhsil Nazirliyində, İxtisasartırma Təhsili Akademiyasında da müvafiq sahə üzrə söhbət aparıldığını və bir sıra təkliflərin qeyd olunduğunu vurğulayıb. Sonda Misir Mərdanov səfərin nəticə və perspektivlərindən söz açıb.
08/07/2015 16:52
Noyabrın 9-da Təhsil Nazirliyində Dünya Bankının “İqtisadi böhran dövründə ali təhsilin maliyyələşdirilməsi” mövzusunda Monteneqro Respublikasının Budva şəhərində keçirilən V təhsil konfransında iştirak etmiş nümayəndə heyətinin təqdimatı olub.
Təhsil naziri Misir Mərdanov konfransla bağlı çıxış etmək üçün sözü nazirliyin İqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyevə verib. Ş.Əliyev bildirib ki, 27-29 oktyabr tarixlərində keçirilən bu konfransda dünyanın 31 ölkəsindən 112 iştirakçı təmsil olunub. Ş.Əliyev konfransda müxtəlif ölkələrin təhsil nazirlərinin, təhsil nazirlikləri əməkdaşlarının, universitet rektorlarının və Dünya Bankı mütəxəssislərinin iştirak etdiyini qeyd edib. Konfransın əhatə etdiyi məsələlərdən söz açan şöbə müdiri tədbirin giriş, plenar və qrup sessiyalarından ibarət olmaqla iki gün davam etdiyini, ali təhsilin maliyyələşdirilməsi, ali təhsil müəssisələrinin xərcləri, iqtisadi böhranın ali təhsilə təsiri və digər bu kimi mövzular üzrə müzakirələr aparıldığını vurğulayıb. Ş.Əliyev konfransda dünyanın müxtəlif ölkələri nümayəndələrinin “Ali təhsilin maliyyələşdirilməsində ədalət, keyfiyyət və effektivlik necə təmin edilməlidir?”,“Çilidə ali təhsilin maliyyələşdirilməsi”, “Xərclərin bölüşdürülməsi”, “Litvada ali təhsil islahatları-2009” və digər mövzularda təqdimat-məruzələrin dinlənildiyini, elədə də ali təhsilin maliyyələşdirilməsi ilə bağlı müqayisəli məsələləri diqqətə çatdırıb. Sonda bu konfransdan əldə edilən nəticələrin ali təhsilin maliyyələşdirilməsi istiqamətində mühüm əhəmiyyəti olacağı qeyd edilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
08/07/2015 16:52
Oktyabrın 16-da Frankfurt kitab sərgisində Avropa İttifaqının elektron kitabxana layihəsinin təqdimatı keçirilib. Elektron kitabxanada Avropa İttifaqı qurumlarının 1952-ci ildən etibarən dərc etdiyi yüz on mindən artıq nəşrin elektron versiyası yerləşdirilib.
Elektron kitabxana http://www.bookshop.europa.eu/eubookshop/index.action?request_locale=EN internet səhifəsində yerləşir.
08/07/2015 16:52
12-13 noyabr tarixlərində təhsil naziri Misir Mərdanov Bərdə və Ağdam rayonlarına səfər edib.
Misir Mərdanov ilk əvvəl ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib. Sonra “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015- ci illər)” çərçivəsində Bərdə şəhər qarışıq tipli internat orta məktəbi nəzdində yaradılan Günərzi Qayğı Mərkəzinin açılış mərasimi keçirilib. Mərasimdə Misir Mərdanov bildirib ki, Bərdə şəhəri ərazisində yaşayan, risk qrupuna daxil olan aztəminatlı ailələrin uşaqları və sağlamlıq imkanları məhdud olanlar bu mərkəzə cəlb ediləcək. Tədbirdə o da qeyd edilib ki, mərkəzin yaradılmasında əsas məqsəd uşaqların bu müəssisəyə düşməsinin qarşısının alınmasıdır. Nazir Bərdə rayonunun 4,6,8 saylı, 12 saylı Ağdam rayon köçkün, 2 saylı şəhər Beynəlmiləl orta məktəblərində, Zərifə Əliyeva adına Bərdə şəhər texniki fənlər təmayüllü məktəb-liseyində, Uşaq-Gənclər şahmat məktəbində, Heydər Əliyev və Tarix Diyarşünaslıq muzeylərində olub. Sonra rayon təhsil işçilərinin iştirakı ilə müşavirə keçirilib. Müşavirədə cari ildə orta məktəblərin IX siniflərində keçiriləcək mərkəzləşdirilmiş imtahanlardan, XI siniflərdə buraxılış imtahanlarının təşkilindən, məktəblərdə qiymətləndirmə sisteminin aparılmasından söz açılıb, məktəbli formasına keçidin əhəmiyyəti vurğulanıb və yeni dərsliklərlə bağlı məsələlərdən danışılıb. Müşavirədə rayon müəllimlərindən beş nəfəri Təhsil Nazirliyinin “Azərbaycan Respublikası Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub. Noyabrın 13-də təhsil naziri Misir Mərdanov Ağdam rayonunda ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edib, Heydər Əliyev muzeyində olub. Misir Mərdanov rayon təhsil şöbəsi üçün yeni tikilən bina ilə tanış olub, rayonun Çullu kəndindəki Soltanbud, Bənövşələr qəsəbəsində isə 2 saylı orta məktəblərinə və bir neçə uşaq bağçaları-körpələr evinə baş çəkib. Həmin gün rayonun Mədəniyyət evində təhsil naziri Misir Mərdanov, rayon rəhbərliyi və təhsil işçilərinin iştirakı ilə müşavirə keçirilib. Müşavirədə Azərbaycanda təhsil islahatının həyata keçirilməsindən, bu sahədə qazanılmış nailiyyətlərdən və qarşısında duran vəzifələrdən danışılıb.
08/07/2015 16:52
Noyabrın 14-də Bakı Slavyan Universitetində ali məktəb tələbələrinin XIV Respublika fənn olimpiadasının açılış mərasimi keçirilib.
Tədbiri təhsil naziri Misir Mərdanov açaraq ali məktəb tələbələrinin respublika fənn olimpiadasının ölkəmizin ali məktəblərində təhsil alan tələbələrin müxtəlif fənlərə marağının artırılmasına, istedadlı tələbələrin aşkara çıxarılmasına xidmət etdiyini bildirib. Nazir ölkəmiz müstəqillik əldə etdikdən sonra 14-cü dəfə təşkil edilən bu olimpiadanın əhəmiyyətini xüsusi vurğulayaraq qeyd edib ki, 2003-cü ilə qədər olimpiada 4 fənn üzrə (riyaziyyat, fizika, kimya və informatika) keçirilib, 2003-cü ildə olimpiada fənləri sırasına Azərbaycan dili, Azərbaycan tarixi və xarici dillər (ingilis, fransız, alman) daxil edilib. 2004-cü ildə Azərbaycan coğrafiyası, 2009-cu ildə isə rus dili fənləri əlavə olunub.2007-ci ildən etibarən Təhsil Nazirliyi ali məktəb tələbələrinin fənn olimpiadasını Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə keçirir. Misir Mərdanov tələbələrin fənn olimpiadasına marağının artdığını, bununla bağlı statistik rəqəmləri diqqətə çatdırıb, ali məktəb tələbələrinin XIV Respublika fənn olimpiadasında iştirak etmək hüququnu 28 ali məktəbdən 544 tələbənin qazandığını qeyd edib. Nazir bildirib ki, olimpiadada Bakı şəhərində yerləşən ali təhsil müəssisələri ilə yanaşı, Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran və Mingəçevirdə fəaliyyət göstərən ali təhsil ocaqları da iştirak edir. Son illər ölkəmizdə gənclərin yüksək bilik və təhsil almaları üçün lazımi şərait yaradıldığını bildirən nazir ölkə başçısı cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)” və “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində görülən işlər barədə geniş danışıb, bütün bunların Azərbaycan təhsilinin inkişafına, gənclərə göstərilən diqqət və qayğıya bariz nümunə olduğunu vurğulayıb. Təhsil naziri daha sonra çıxışında ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın ali təhsil sahəsində məqsədyönlü işlərin aparılmasına, uğurlu nəticələrin əldə olunmasına hərtərəfli imkan yaratdığını vurğulayıb. Çıxışının sonunda Misir Mərdanov XIV Respublika fənn olimpiadasında iştirak edən ali məktəb tələbələrinə uğurlar arzulayıb. Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullayev, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov ali məktəblərində təhsil alan gənclərin elmi-tədqiqat işinə cəlb olunması, biliklərinin artırılması istiqamətində həyata keçirilən olimpiada, müsabiqə və elmi konfransların əhəmiyyətindən danışıblar. Mərasimin sonunda təhsil nazirinin müavini İradə Hüseynova təşkilati məsələlərlə bağlı məlumat verib.
08/07/2015 16:52
Noyabrın 16-da Azərbaycan Dövlət Neft Akademiyasında tələbələrin “Konstitusiya günü”nə həsr olunmuş 58-ci elmi-texniki konfransı öz işinə başlayıb.
Konfransdan öncə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin akademiyanın girişindəki büstünün qarşısına gül dəstələri qoyublar. Tədbiri giriş sözü ilə ADNA-nın rektoru Siyavuş Qarayev açaraq bugünkü konfransın əhəmiyyətindən, tələbə elmi cəmiyyətinin akademiyadakı fəaliyyətindən və elmi-tədqiqat işlərinə cəlb olunan tələbələrin işindən ətraflı danışıb. Konfransda iştirak edən təhsil naziri Misir Mərdanov bildirib ki, ötən illərdə olduğu kimi, 2009-cu il də ölkə rəhbərliyinin elm və tədrisin inkişafına yönəlmiş mühüm qərarları ilə yadda qalacaq. Nazir təhsil işçilərinin və tələbələrin ümdə borcunun ölkə rəhbərliyinin diqqət və qayğısına cavab olaraq, səylə çalışmaq, tədrisdə, təhsildə və elmi-tədqiqat işlərində yeni uğurlar əldə etmək olduğunu qeyd edib. Misir Mərdanov akademiyanın professor-müəllim heyətini və tələbələri konfrans münasibətilə təbrik edib, uğurlar arzulayıb. Tədbirdə Azərbaycan Dövlət Neft Akademiyasının məzunlarından AMEA-nın Geologiya İnstitutunun elmi işlər üzrə direktor müavini İbrahim Quliyev, Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, tələbələrdən Mehriban Məlikova, Kamal Quliyev və başqaları çıxış ediblər. Konfrans öz işini ayrı-ayrı bölmələr üzrə davam etdirəcək.
08/07/2015 16:52
İslam İnkişaf Bankı (İİB) tərəfindən Elm və Yüksək Texnologiya sahəsində Təqaüd Proqramının həyata keçirilməsi planlaşdırılır.
Proqram çərçivəsində doktorantlara və gənc alimlərə elmi və texnoloji sahələrdə tədqiqat aparmaq məqsədilə qrantlar ayrılır. Qeyd edək ki, 1991-ci ildən etibarən bu proqram üzrə 48 ölkədən 470 gənc alimin tədqiqat işi maliyyələşdirilib. Təqaüd Proqramı doktorant və gənc alimlərə Şimali Amerika, Qərbi Avropa, Yaponiya, Avstraliya, eyni zamanda, Asiyanın inkişaf etmiş ölkələrində təhsil almaq və tədqiqat aparmaq imkanı verir. Qrant təhsil, yaşama, tibbi sığorta və aviabilet də daxil olmaqla bütün xərcləri əhatə edir. Doktorantlara həyat yoldaşı və iki uşağı əhatə edən ailə üçün maddi yardım ayrılması da nəzərdə tutulub. Təqaüd Proqramı çərçivəsində Lazer və fiber-optika, Naqil və yarımnaqillər, Polimerlər, Gen mühəndisliyi – Biotexnika, Nüvə fizikası – mühəndislik, Elektronika – Mikroelektronika – Telekommunikasiya, Kompüter elmləri (Avtomatlaşdırılmış proyektləşdirmə - Avtomatlaşdırılmış istehsal daxil olmaqla), Bərpa olunan enerji mənbələri – Yanacaq texnologiyası, Hidrologiya – Su resursları, Metallurgiya, Kimya mühəndisliyi - Materiallar haqda elm, Tibb – Dərman vasitələri, Kənd təsərrüfatı – Yeyinti texnologiyası, Sistem mühəndisliyi, Kosmik fəza haqqında elm – Texnologiya, Ətraf mühitin qorunması texnologiyası, Texnologiya və İnnovasiyaların idarə olunması (ancaq gənc alimlər üçün) ixtisasları və tədqiqat sahələrinə qrantlar ayrılacaqdır.
08/07/2015 16:52
Noyabrın 17-də Bakı Dövlət Universitetində Beynəlxalq Tələbə Günü münasibətilə bayram tədbiri keçirilib.
Tədbirdə paytaxtın müxtəlif ali məktəblərində təhsil alan 500-ə yaxın tələbə, habelə professor-müəllim heyəti iştirak edib. Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru Abel Məhərrəmov bildirib ki, bu gün həm tələbələr, həm də müəllimlər üçün tarixi bir gündür. Rektor bu tədbirin ölkəmizin bütün ali məktəblərində təntənəli şəkildə qeyd olunduğunu vurğulayaraq Beynəlxalq Tələbə Gününün yaranma tarixindən söz açıb. Milli Dirçəliş Günü və Beynəlxalq Tələbə Günü münasibətilə tələbələri təbrik edən təhsil naziri Misir Mərdanov ölkə Prezidenti cənab İlham Əliyevin gənclər siyasəti və onlara qayğısından söz açaraq bildirib ki, ölkəmizdə təhsil daim inkişaf edir, müasir məktəblər tikilir və yeni təhsil strategiyası tətbiq olunur. Möhtərəm Prezidentimizin bu sahəyə diqqət və qayğısından bəhs edən nazir təhsillə bağlı olduqca əhəmiyyətli fərman və sərəncamların imzalandığını, Dövlət Proqramlarının uğurla həyata keçirildiyini qeyd edib. Azərbaycan gəncləri qarşısında duran bir sıra ümdə vəzifələrə toxunan Misir Mərdanov onların müasir informasiya texnologiyalarından istifadə imkanlarına yiyələnmələrinin və dünya təcrübəsindən bəhrələnmələrinin zəruriliyini vurğulayıb. Misir Mərdanov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin gəncləri həmişə yüksək qiymətləndirdiyini, onlarla mütəmadi olaraq görüşdüyünü, qabiliyyət və bacarıqlarına xüsusi dəyər verdiyini bildirib. Nazir bu siyasətin hazırda dövlətimizin başçısı tərəfindən uğurla davam etdirilməsini, tələbələrə adlı təqaüdlərinin verilməsini, gənclərin xarici ölkələrə ali təhsil almağa göndərilməsini buna nümunə olduğunu bildirib. Təhsil naziri eyni zamanda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində görülən işləri diqqətə çatdırıb. Bayram tədbirində Milli Məclisin üzvü Rəbiyyət Aslanova çıxış edib. Tədbir ali məktəb tələbələrinin iştirakı ilə keçirilən konsert proqramı ilə başa çatıb.
08/07/2015 16:52
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı