Sentyabrın 4-də Azərbaycan Müəllimlər İnstitutunda «Təhsilin əsasları» fənnini tədris edəcək müəllimlər qrupunun təqdimat mərasimi olub
Mərasimdə Təhsil Nazirliyinin nümayəndələri, ali məktəb rektorları, müəllimlər və KİV nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, yeni dərs ilindən üç pilot ali məktəbdə (Azərbaycan Dövlət Pedoqoji Universiteti, Azərbaycan Müəllimlər İnstitutu və Gəncə Dövlət Universiteti) «Təhsiin əsasları» fənni tədris olunacaq. Nazir fənnin birinci semestrinin materiallarını tədris edəcək müəllimlər üçün Azərbaycan Müəllimlər İnstitutunun bazasında təşkil olunan 10 günlük xüsusi kursda təlim materiallarının yeni forma və üsullarla tədris edildiyini nəzərə çatdırıb. Sonda kursu bitirən müəllimlərə təhsil naziri Misir Mərdanov tərəfindən sertifikatlar təqdim edilib.
08/07/2015 16:52
Sentyabrın 5-də "Gülüstan" sarayında rəhbər təhsil işçilərinin ənənəvi respublika konfransı keçirilib.
Konfransda Baş nazirin müavini Elçin Əfəndiyev, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Prezident Administrasiyası humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev, Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, deputatlar, nazirlik və dövlət komitələrinin nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq qurumların təmsilçiləri, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri, rayon və şəhər təhsil şöbələrinin müdirləri iştirak ediblər. İştirakçılar əvvəlcə Azərbaycan təhsilinin nailiyyətlərindən bəhs edən kitab sərgisinə baxıblar. Aparıcıları uşaq parlamentinin üzvləri olan konfransda məktəblilərin ifasında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, təhsil sahəsində dövlət siyasətini əks etdirən videoçarx nümayiş etdirilib. "2008-2009-cu dərs ilinin yekunları və 2009-2010-cu dərs ilində qarşıda duran vəzifələr" mövzusunda məruzə ilə çıxış edən təhsil naziri Misir Mərdanov ölkəmizdə təhsilin inkişafı üçün hərtərəfli şərait yaradıldığını vurğulayaraq bildirib ki, son illər respublikanın təhsil sistemində davamlı inkişafa yönəlmiş əsaslı infrastruktur dəyişikliklərinin baş verməsi, inkişafyönümlü proqram və layihələrin həyata keçirilməsi dövlətimizin başçısının təhsilə müntəzəm diqqət və qayğısı sayəsində mümkün olub. Ölkə Prezidentinin bu yaxınlarda imzaladığı "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri qaliblərinin mükafatlandırılması haqqında Sərəncamından söz açan Misir Mərdanov qeyd edib ki, dövlətimizin başçısı cari ildə də təhsil sahəsini diqqət mərkəzində saxlayıb, bir neçə istiqamət üzrə dövlət proqramları təsdiq edilib. Nazir deyib ki, dünyanı cənginə almış iqtisadi böhrana baxmayaraq Azərbaycan hökuməti təhsilin inkişafına əvvəlki illə müqayisədə 238 milyon manat çox vəsait ayırıb, 2008-2009-cu illərdə 247 nəfər təhsil işçisi müxtəlif fəxri adlara, o cümlədən 154 nəfər "Azərbaycan Respublikasının əməkdar müəllimi" adına layiq görülüb. Ötən il YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ilk dəfə ölkəmizdə keçirilən "Dünyada savadlılığın dəstəklənməsi" mövzusunda YUNESKO-nun regional konfransından söz açan nazir tədbirdə dünyanın 150-dən çox ölkəsini təmsil edən ekspertlərin iştirak etdiyini bildirib. "Təhsil haqqında" Qanunun qəbul olunmasından, məktəbəqədər təhsildən, orta təhsilin vəziyyətindən, məktəb tikintisindən, Azərbaycan məktəblilərinin beynəlxalq olimpiadalarda qazandığı uğurlardan, məktəblərin infrastrukturunun yeniləşdirilməsi və təhsilin inkişafı sahəsində Heydər Əliyev Fondunun xidmətlərindən, xüsusi istedada malik uşaqların yaradıcılıq potensialının inkişafı naminə görülən işlərdən, vahid məktəbli formasının tətbiqindən, tədris ocaqlarının dərsliklərlə təminatıdan, məktəblərdə İKT-nin tətbiqi ilə bağlı həyata keçirilən kompleks tədbirlərdən, azərbaycanlı gəncılərin xaricdə təhsil almasına göstərilən dövlət qayğısından və digər vacib məsələlərdən geniş şəkildə bəhs edən nazir çıxışını təhsil sisteminin ayrı –ayrı sahələrinə dair konkret rəqəmlərlə əsaslandırıb. Daha sonra çıxış edən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təqaüdçüsü, Mərkəzi Bankın departament direktoru Emin Hüseynov, Nərimanov rayonundakı 182 nömrəli körpələr evi-uşaq bağcasının müdiri Ulduz Məmmədova, Bakı şəhər 6 nömrəli məktəb-liseyinin ibtidai sinif müəllimi Gülşən Orucova, "Azərbaycanda peşə təhsilinin təkmilləşdirilməsi" layihəsinin eksperti Fuad Dərgahlı, texnika elmləri doktoru Sübhan Namazov, 23 nömrəli orta məktəbin müəllimi Solmaz Abdullayeva Azərbaycan təhsilinin keçdiyi inkişaf yoluna nəzər salıb, mövcud problemlər, qarşıda duran vəzifələr haqqında fikirlərini bildirib, təklif və tövsiyyələrini nəzərə çatdırıblar. Sonda 2008-2009-cu dərs ilində ilk dəfə keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin qaliblərindən bəhs edən "İlk 50 ən yaxşı məktəb, 100 ən yaxşı müəllim" kitabı nominantlara təqdim edilib.
08/07/2015 16:52
İyulun 24-də Təhsil Nazirliyində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın nüfuzlu ali məktəblərinə qəbul olunan tələbələrlə görüş keçirilib.
Görüşü giriş sözü ilə təhsil nazirinin müavini Elmar Qasımov açaraq qeyd edib ki, ölkə Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” 2007-ci ildən etibarən Təhsil Nazirliyi tərəfindən uğurla həyata keçirilməkdədir. E.Qasımov mühüm əhəmiyyətə malik olan bu proqramın Azərbaycan gənclərinin müasir tələblər səviyyəsində ali təhsil almaları üçün lazımi şəraitin yaradılmasına, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində prioritet ixtisaslar üzrə təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyinin və səmərəliliyinin artırılmasına xidmət etdiyini diqqətə çatdırıb. Təhsil nazirinin müavini hələ ötən əsrin 70-80-ci illərində ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə azərbaycanlı gənclərin keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərinə təhsil almağa göndərildiyini və həmin siyasətin bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib, dövlət başçısının təhsil sahəsinə xüsusi diqqət və qayğı ilə yanaşdığını vurğulayıb. E.Qasımov 2007-2008-ci tədris ilində Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan 7 nəfərin artıq məzun olaraq Azərbaycana dönüb iş fəaliyyətinə başlaması, ölkəmizdə ehtiyac duyulan ixtisaslar üzrə 2008-2009-cu tədris ilində dünyanın yüksək reytinqə malik olan 81 ali məktəbində təhsilin müxtəlif pillələrində 186 nəfər azərbaycanlı gəncin təhsil alması və başa çatan tədris ilində onlardan 35 nəfərinin məzun olacağı barədə görüş iştirakçılarına məlumat verib. Nazir müavini həmçinin 2009-2010-cu tədris ilində Dövlət Proqramı çərçivəsində təhsil alacaq gənclərin sayının iki dəfə artırılmasının nəzərdə tutulduğunu, gənclərin xaricdə təhsilinin təşkilində Təhsil Nazirliyi ilə birgə İqtisadi İnkişaf Nazirliyi və Dövlət Neft Fondu tərəfindən lazımi tədbirlər görüldüyünü də diqqətə çatdırıb. Çıxışının sonunda E. Qasımov tələbələrə təhsil aldıqları ölkələrdə respublikamızı layiqincə təmsil etməyi tövsiyə edib, onları azərbaycançılıq ideyalarının, Azərbaycan həqiqətlərinin dünyada yayılması işində fəal olmağa səsləyib, gənclərin təhsildə uğur qazanacaqlarına əminliyini bildirib. Görüşdə iştirak edən İqtisadi İnkişaf Nazirliyi və Dövlət Neft Fondunun nümayəndələri dünyanın nüfuzlu ali məktəblərində təhsil almaq imkanı qazanan tələbələrə, onların valideynlərinə xoş arzularını çatdırıb və ölkəmizin gələcək inkişafında layiqli kadr kimi onların mühüm rol oynayacağından söz açıblar. Sonda xarici ölkələrin ali məktəblərindən məzun olmuş və Dövlət Proqramı çərçivəsində qəbul edilmiş tələbələr yaradılan şəraitə görə dövlətimizin başçısına təşəkkür edib və bu etimadı doğrultmağa çalışacaqlarını bildiriblər.
08/07/2015 16:52
Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) cari ilin iyununda 46 müraciət daxil olub.
Onlardan 7-si sorğu xarakterlidir. Qeyd edək ki, müraciətlərin əksəriyyəti ümumtəhsil məktəbləri ilə bağlıdır. Bakı şəhər ümumtəhsil məktəblərindən 12, Abşeron rayon ümumtəhsil məktəblərindən 3, Zaqataladan 2, Gəncə, Sumqayıt şəhərləri, Yardımlı, Tərtər, Tovuz, Salyan, Qobustan, Ağstafa və Laçın rayonlarının ümumtəhsil məktəblərinin hər birindən 1, ümumilikdə 26 müraciət qəbul olunub. Müraciətlərdə əsasən ümumtəhsil məktəblərində buraxılış imtahanlarının təşkili, keçirilməsi və nəticələri, eləcə də təhsil sənədlərinin verilməsi məsələsindən bəhs edilir. Ötən ay məktəbəqədər tərbiyə müəssisələri ilə əlaqədar Bakıdan 2, Sumqayıtdan 1 müraciət olmaqla 3 zəng edilib. “Qaynar xətt” xidmətinə Laçın rayon ümumtəhsil məktəbləri ilə əlaqədar daxil olan müraciətlərdən 1-i Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilib. Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlərin araşdırılması nəticəsində 2 (Bakı şəhəri və Abşeron rayonu üzrə) orta məktəb direktoru vəzifəsindən kənarlaşdırılıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin hər biri üzrə 2, Bakı Slavyan Universiteti, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialı və Azərbaycan Beynəlxalq Universitetinin hər biri üzrə isə 1 müraciət daxil olub. Ali təhsillə bağlı olan bu 7 müraciətdə tələbələrin semestr imtahanlarına buraxılması, qeyri-müvəffəq qiymət alanlar üçün yenidən imtahan təşkil edilməsi və digər məsələlərdən bəhs edilir. Eyni məzmunlu daha 3 müraciət orta ixtisas məktəblərindən qəbul olunub (Bakı Məktəbəqədər Pedaqoji Texnikumu, Azərbaycan Dövlət Pedaqoji Kolleci və Şəki Pedaqoji Texnikumu). Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan bütün müraciətlər araşdırılıb, müvafiq tədbirlər görülüb və müraciət müəlliflərinə cavab verilib. Eyni zamanda cari ilin iyul ayının birinci yarısında “Qaynar xətt” xidmətinə daxil olan çoxsaylı sorğular nazirliyin əməkdaşları tərəfindən cavablandırılıb və 3 müraciət qeydə alınaraq araşdırılıb.
08/07/2015 16:52
Bu günlərdə respublikada fəaliyyət göstərən peşə liseylərində ümumtəhsil fənlərindən mərkəzləşdirilmiş test imtahanlarının nəticələrinə dair iclas keçirilib.
İclası giriş sözü ilə açan təhsil nazirinin müavini İsgəndər İsgəndərov ümumtəhsil fənlərindən keçirilən mərkəzləşdirilmiş test imtahanlarının nəticələrinin müzakirəsinin, buraxılan nöqsanların araşdırılmasının vacibliyini qeyd edib. Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov mövcud problemlərin həllinə dair təkliflərlə çıxış edib, ümumtəhsil fənlərindən mərkəzləşdirilmiş test imtahanlarının nəticələri barədə məlumat verib. Nəzərə çatdırılıb ki, 2007-ci ildə respublikanın peşə liseylərinin son kursunda oxuyan 4191 şagirddən 4088 nəfəri, 2008-ci ildə 4244 şagirddən 3451 nəfəri təhsillərini müvəffəqiyyətlə başa vursalar da, bu il peşə liseylərində təhsil alan 4479 şagirddən mərkəzləşdirilmiş sınaq test imtahanlarında 4073-ü (90.94%) iştirak edib və onlardan yalnız 163 (4%) nəfəri müvəffəq qiymət alıb. Mərkəzləşdirilmiş sınaq test imtahanlarına qatılan şagirdlərdən 334 nəfəri (8.2%) 1 fəndən, 432 (10.61%) nəfəri 2 fəndən, 3144 (77.19%) nəfəri isə 3 və daha çox fəndən qeyri-müvəffəq qiymət alıblar. Lakin görülmüş əməli tədbirlər nəticəsində yekun mərkəzləşdirilmiş test imtahanlarında iştirak edən 4052 nəfərdən 1730-u (42,7%) müvəffəq, 2322-i (57,3%) isə qeyri-müvəffəq qiymət alıblar. Aparılmış təhlil nəticəsində ümumtəhsil fənlərindən mərkəzləşdirilmiş test imtahanlarında iştirak etmiş şagirdlərin ayrı-ayrı fənlərdən nəticələri iclas iştirakçılarının diqqətinə çatdırılıb. Qeyd olunub ki, 6, 11, 12, 16 saylı Bakı peşə liseyləri, eləcə də Şirvan, Gəncə 1 və 3 saylı, Saatlı, Biləsuvar, Qazax, Bərdə, Binə peşə liseylərində ümumtəhsil fənlərinin tədrisinin gücləndirilməsinə ehtiyac var. Əvvəlki illərdə ümumtəhsil fənlərindən şagirdlərin böyük əksəriyyətinin qiymətləri yüksək olduğu halda, cari ildə keçirilmış mərkəzləşdirilmiş test imtahanında ana dilindən 13, riyaziyyatdan 1, Azərbaycan tarixindən 16, fizikadan 16, kimyadan 11, biologiyadan 14, coğrafiyadan 8, xarici dildən isə cəmi 18 nəfər əla qiymətlər alıblar. İclasda mövcud problemlərin həlli məqsədilə fənn müəllimlərinin ixtisasartırma kurslarına cəlb olunması, peşə liseylərinə qəbulun aparılmasında dəyişikliklərin edilməsi, müsabiqə yolu ilə qəbul qaydalarının işlənilməsi, mühəndis-pedaqoji heyətin fəaliyyətinin qiymətləndirilməsi üçün mexanizmin hazırlanması, zəif nəticə göstərən müəssisələrə şagird qəbulunun azaldılması və digər təkliflər irəli sürülüb.
08/07/2015 16:52
İyunun 22-də Təhsil Nazirliyində orta təhsil kursu üzrə buraxılış imtahanlarının nəticələrinə dair mətbuat konfransı keçirilib.
Konfransı giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov iyunun 3-dən 16-dək ölkəmizin bütün orta ümumtəhsil məktəblərində mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirildiyini qeyd edib. Səkkiz fənn üzrə keçirilən imtahanlarda 99630 şagirdin iştirak etdiyini diqqətə çatdıran nazir cari il üzrə nəticələrin ötən ildəkindən yüksək olduğunu bildirib. Tədbirdə qeyd olunub ki, şimal bölgəsi üzrə 65 mərkəzdə 21930 şagirddən 21292-si, yəni 97,09%-i iştirak edib. Onlardan 16368 şagird, yəni 76,87% müvəffəq olanlardır. Qərb bölgəsi üzrə 69 mərkəzdə 22168 şagirddən 21386- sı, yəni 96,47%-i iştirak edib. Bu bölgədə müvəffəq olanlar 15531 nəfər, yəni 72,62%-dir. Cənub bölgəsindəki 72 mərkəzdə 23771 şagirdin 22399-u iştirak edib, bu da 94,23% təşkil edir. Qeyd olunan bölgə üzrə şagirdlərin 16108 nəfəri, 71,91%-i müsbət nəticə göstərib. Bakı və Sumqayıtda təşkil olunan 87 mərkəzdə 28355 şagirddən 28168 nəfərin (99,34%) imtahan verdiyindən söz açan Misir Mərdanov hər iki şəhər üzrə şagirdlərin müvəffəqiyyət göstəricisinin 91,84% (25870 nəfər)olduğu barədə məlumat verib. Eyni zamanda nazir respublika üzrə 293 mərkəzdə 99630 şagirddən 96595-i imtahan verdiyini, onların 96,95%-nin imtahanda iştirak etdiyi bildirib. Təhsil naziri onu da vurğulayıb ki, respublika üzrə müvəffəqiyyət göstəricisi 77,11% -dir ( 76825 nəfər). Konfransda respublika üzrə illiklərində qeyri-kafi qiymətlər aldıqları üçün 5067 şagirdin imtahana buraxılmaması, olimpiada qalibi olan 6, xəstəliyə görə isə 419 nəfər şagirdin buraxılış imtahanlarından azad edilməsi haqqında məlumat verilib. Sonda təhsil naziri Misir Mərdanov media nümayəndələrinin çoxsaylı suallarını cavablandırıb.
08/07/2015 16:52
İyunun 19-da təhsil naziri Misir Mərdanov Ankara Universitetinin rektoru Cemal Taluğun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycana ilk dəfə gələn qonağı səmimi salamlayan nazir onu Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu ifadə edib. Sonra Misir Mərdanov Azərbaycanla Türkiyə arasında bütün sahələrdə qurulmuş əlaqələrin uğurla inkişaf etdiyini bildirib. Hər iki ölkənin təhsil sahəsindəki əməkdaşlığını yüksək qiymətləndirən nazir bu istiqamətdə əldə olunan uğurlardan danışıb. Təhsil naziri həmçinin Türkiyə Respublikasının ali məktəblərində oxuyan azərbaycanlı gənclər, eləcə də ölkəmizdə təhsil alan türkiyəli tələbələr, onların seçdikləri ixtisaslar barədə qonağa məlumat verib, hazırda Ankara Universitetində 160 azərbaycanlı gəncin təhsil aldığını söyləyib. Qonaqların ölkəmizin bir neçə ali təhsil müəssisəsində görüşlər keçirməsinin əhəmiyyətini qeyd edən Misir Mərdanov universitetlərarası əlaqələrin daha da inkişaf etdirilməsi, müəllim mübadiləsinin aparılması, birgə elmi konfransların təşkili, müvafiq proqramların uyğunlaşdırılması və bu kimi digər məsələlər haqqında fikirlərini bildirib, müvafiq təkliflərini qonaqların nəzərinə çatdırıb. Ankara Universitetinin rektoru Cemal Taluğ səmimi qəbul üçün Misir Mərdanova təşəkkür edib və nazirin irəli sürdüyü təkliflərlə həmrəy olduğunu bildirib. Birgə əməkdaşlığın, səmərəli əlaqələrin qurulmasında bu görüşün xüsusi əhəmiyyət daşıyacağına əminliyini ifadə edən qonaq bu istiqamətdə lazımi dəstək göstərməyə hazır olduqlarını vurğulayıb, rəhbəri olduğu universitet haqqında məlumat verib. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
08/07/2015 16:52
MƏKTƏB RƏHBƏRLƏRİ VƏ ŞAGİRDLƏRİN NƏZƏRİNƏ !
03-16 iyun tarixlərində keçirilmiş orta təhsil kursu üzrə buraxılış imtahanlarının nəticələrinə görə attestata yazılacaq yekun qiymətlər iyunun 21-dək Təhsil Nazirliyinin rəsmi internet saytında (www.edu.gov.az)yerləşdiriləcək və yerlərə göndəriləcək. Onu da qeyd edək ki, apellyasiya komissiyası iyunun 22-dən 30-dək fəaliyyət göstərəcək.
08/07/2015 16:52
İyunun 12-də təhsil naziri Misir Mərdanov Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Masamitsu Oki ilə görüşüb
Qonağı Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu bildirən Misir Mərdanov bu günlərdə Yaponiyaya etdiyi səfər, təhsil sahəsində səmərəli əməkdaşlığın yaradılması üzrə keçirdiyi görüşlər barədə məlumat verib. Sonra nazir qarşılıqlı əlaqələrin qurulması istiqamətlərindən danışıb, Bakı şəhərindəki bir və ya iki məktəbdə yapon dilinin xarici dil kimi tədrisi, azərbaycanlı gənclərin Yaponiyanın nüfuzlu ali təhsil müəssisələrində təhsili, peşə təhsili üzrə əməkdaşlığın yaradılması məsələlərinə toxunub. Nazir həmçinin qonağa ölkə Prezidentinin Sərəncamı ilə təsdiq olunan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində görülən və qarşıda duran işlər haqqında məlumat verib. Eyni zamanda nazir “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı üzrə təhsil sahəsinə dair həyata keçirilən tədbirlərə görə təşəkkür edib. Cənab Masamitsu Oki nazirin qeyd etdiyi məsələlərə münasibət bildirib. Yapon dilinin orta məktəblərdə tədris olunması məsələsini yüksək dəyərləndirən səfir azərbaycanlı gənclərin Yaponiya universitetlərində təhsil almasına dəstək göstərməyə hazır olduqlarını diqqətə çatdırıb. Görüşdə tərəflər Azərbaycan ilə Yaponiya universitetləri arasında əməkdaşlığın yaradılması, eləcə də qeyd olunan digər məsələlərlə bağlı müvafiq işlərin aparılması istiqamətində müzakirələr ediblər.
08/07/2015 16:52
İyunun 12-də “Gülüstan” sarayında ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nın illik fəaliyyətinə həsr olunmuş “Müasir tədris texnologiyaları” mövzusunda konfrans keçirilib.
Tədbirdə Prezident Administrasiyası Humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə, təhsil naziri Misir Mərdanov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, təhsil nazirinin müavinləri, millət vəkilləri, ali məktəblərin rektorları, təhsil ictimaiyyətinin nümayəndələri, ölkənin informasiya-kommunikasiya texnologiyaları sektorunda çalışan qurumların rəhbərləri və müxtəlif beynəlxalq təşkilatların nümayəndələri iştirak edib. Konfransda ölkənin təhsil siyasətində tətbiq edilən müasir təlim texnologiyalarından bəhs edən film nümayiş etdirilib. Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Samir Məmmədov Dövlət Proqramı çərçivəsində bir il müddətində görülmüş işlər və qarşıda duran vəzifələr haqqında geniş məruzə-təqdimatla çıxış edib. Konfrans iştirakçıları Dövlət Proqramı çərçivəsində ayrı-ayrı istiqamətlər üzrə tədbirlərin reallaşdırılmasında yaxından iştirak edən AZEDUNET, Mədəd Humanitar təşkilatları, ULTRA və Microsoft şirkətləri, İntel korporasiyası rəhbərlərinin təqdimatları ilə tanış olublar. Sonra çıxış üçün söz təhsil naziri Misir Mərdanova verilib. Tədbir iştirakçılarını salamlayan nazir öz çıxışında ölkənin təhsil sisteminin informasiyalaşdırılması sahəsində irəliləyiş olduğunu vurğulayıb. Dövlət Proqramı çərçivəsində bir il ərzində xüsusi əhəmiyyətə malik tədbirlərin həyata keçirilməsindən bəhs edən nazir yaxın gələcəkdə bu işdə daha böyük uğurların qazanılacağına inandığını bildirib. Konfransda çıxış edənlər Dövlət Proqramının icrası istiqamətində görülmüş işləri yüksək qiymətləndiriblər.
08/07/2015 16:52
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı