İyunun 11-də Məlumat və Resurs Mərkəzinin rəsmi açılışı olub.
Bu münasibətlə keçirilən təntənəli mərasimdə təhsil naziri Misir Mərdanov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Prezident Adminstrasiyası Humanitar siyasət şöbəsi müdirinin müavini Məhərrəm Əhmədov, Nazirlər Kabineti şöbə müdirinin müavini Qurban Əmirov, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, təhsil nazirinin müavinləri, nazirliyin şöbə və struktur bölmə rəhbərləri və İKT ilə bağlı ölkəmizdə fəaliyyət göstərən şirkətlərin təmsilçiləri iştirak edib. Təhsil naziri Misir Mərdanov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov rəmzi açılış bildirən qırmızı lenti kəsərək mərasim iştirakçılarını açılış münasibəti ilə təbrik ediblər. Sonra yüksək səviyyədə təmir olunmuş ikimərtəbəli binada yerləşən mərkəzlə tanışlıq başlayıb. Qonaqlar mərkəzi gəzərək server otağına, konfrans zalına, təlim mərkəzinə baxıblar. Təhsil Nazirliyi Təhsil sisteminin informasiyalaşdırma idarəsinin rəisi Samir Məmmədov nazirə və mərasim iştirakçılarına mərkəz haqqında məlumat verib. Məlumatdan aydın olub ki, “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində yaradılmış Məlumat və Resurs Mərkəzi (DATA) ölkəmizdə təhsil sektorunun informasiyalaşdırılmasında mühüm yer tutur. Dünyanın aparıcı şirkətlərinin təqdim etdiyi müasir texnologiyaların tətbiqi ilə yaradılan Mərkəzin funksiyası olduqca genişdir və ən müasir texnologi standartlara cavab verir. Mərkəz Azərbaycan təhsil şəbəkəsində internetə “giriş və çıxış nöqtəsi” olmaqla yanaşı, həm də bu sahəyə aid informasiya resurslarının toplanacağı yerdir. Mərkəzdə xüsusi təhlükəsizlik qəfəsi qurulub, bütün avadanlıqların 24 saat və rezervli çalışması üçün hər cür texniki imkan yaradılıb. Mərkəzin yaradılmasında “ULTRA” şirkəti və AZEDUNET təşkilatı yaxından iştirak edib.Intel, HP, Microsoft, Cisco şirkətlərinin Azərbaycanda rəsmi tərəfdaşı olan “ULTRA” şirkəti tərəfindən Mərkəzdə avadanlıq yerləşdirilib, təhlükəsizlik sistemi və Azərbaycan təhsil şəbəkəsinin verilənlər bazasını yerləşdirmək üçün ən müasir İntel platformalı HP dörd nüvəli serverlər quraşdırılıb. Bu serverlər eyni zamanda milyonlarla əməliyyatları həyata keçirmək gücünə malikdir. Burada Azərbaycanda analoqu olmayan ən yeni fiziki təhlükəsizlik sistemləri quraşdırılıb ki, bu da toplanılacaq məlumatlara kənar müdaxilələrin qarşısını alacaqdır. Mərkəzdə quraşdırılmış texnologiya video-konfranslar keçirməyə imkan verəcək.Bu texnologiya Mərkəzin konfrans zalından Azərbaycan təhsil şəbəkəsinə qoşulmuş bütün məktəblərinə eyni zamanda mühazirə və ya açıq dərslər keçirməyə imkan yaradacaq. Mərkəzdə həmçinin tədris elektron resursları yerləşdiriləcək. Bu resurslar İKT-nin təhsildə tətbiqini daha effektiv etməklə yanaşı, tədrisin keyfiyyətini də qaldırmağa imkan verəcək. Mərkəzin serverində Azərbaycan məktəblərinin elektron xəritəsi də yerləşdirilib. İnternet vasitəsilə ictimaiyyət üçün açıq olan bu resursdan məktəblər haqqında bütün zəruri məlumatlar əldə etmək mümkündür. Tədbirdə videotelefoniya sistemi mərkəzinə baxış zamanı tədbir iştirakçılarına məlumat verilib ki, DATA Mərkəzi ilə bu mərkəzə qoşulmuş 10 məktəb arasında videotelefon əlaqəsi yaratmaq mümkündür. Bakı Avropa liseyi və “İntellekt” məktəb-liseyi ilə canlı videobağlantı yaradılıb. Təhsil naziri Misir Mərdanov həmin təhsil ocaqlarının rəhbərlər ilə diaoloq aparıb. Sonra Məlumat və Resurs Mərkəzinin konfrans zalnda jurnalistlər üçün brifinq keçirilib.
08/07/2015 16:52
Ölkəmizdə “Dünyaya baxış” humanitar təşkilatının dəstəyi ilə “Gənclərin məşğulluq şəbəkəsinin yaradılması” layihəsi həyata keçirilir.
İyunun 1-dən fəaliyyətə başlayan layihənin əsas məqsədi gənclərin işsizlik problemini öyrənərək texniki peşə təhsili sahəsində müasir tələblərə cavab verən yeni dövlət standartları və tədris proqramlarının tərtib olunmasından ibarətdir. Layihənin peşə təhsilində islahatlar komponenti çərçivəsində Təhsil Nazirliyi tərəfindən əlaqələndirilməklə peşə məktəblərinin müəllimləri, yerli və beynəlxalq məsləhətçiləri əhatə edən işçi qrupu yaradılacaq. İşçi qrup tərəfindən texniki peşə təhsili sisteminin hazırkı durumu araşdırılması, yaxın gələcəkdə bu sistemin məzmununun təkmilləşdirilməsi, peşə təhsilinin ictimai statusunun dəyişdirilməsi üçün konkret addımların atılması nəzərdə tutulub. İyunun 5-də Təhsil Nazirliyi “Dünyaya baxış” humanitar təşkilatı ilə birlikdə Y. Rüstəmov adına 16 saylı Bakı Peşə Liseyi və 14 nömrəli Bakı Peşə Məktəbində “Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə dövlət proqramı (2007-2012-ci illər)”nın tələblərinə uyğun olaraq texniki-peşə təhsilinin məzmununun təkmilləşdirilməsi istiqamətində yeni dövlət standartlarına uyğun kurikulumların hazırlanması məqsədilə istehsalat təlim ustaları və ixtisas fənn müəllimləri ilə birgə seminar kecirib. Görüşdə Təhsil Nazirliyinin Texniki-peşə təhsili şöbəsinin aparıcı məsləhətçisi Elxan Cəfərov və “Dünyaya baxış” humanitar təşkilatının dəstəyi ilə “Gənclərin məşğulluq şəbəkəsinin yaradılması” layihəsinin rəhbəri Zülfiyyə Mustafayeva mövcud problemlər və onların həll edilməsi məqsədilə peşə kurikulumları hazırlayan işçi qruplarının yaradılması, onların vəzifələri, görəcəkləri işlərin istiqamətləri haqqında təqdimat ediblər. Sonra peşə təhsilinin mövcud məqsədinə bir daha nəzər salınıb, geniş müzakirələr aparılıb. Təlim prosesinə yeni yanaşmaları müəyyənləşdirmək, şagirdin, məktəbin və cəmiyyətin ehtiyaclarına uyğun olan məsələləri öyrənmək, aşkar olunmuş problemlərin aradan qaldırılması istiqamətlərində işlərin aparılmasını davam etdirmək məqsədi ilə “Elektrik qaz qaynaqçısı” və “Təmirci, çilingər–qaynaqçı” peşələri üzrə işci qrupları yaradılıb. İşçi qruplarının məqsədyönlü fəaliyyəti ücün ayda iki dəfə görüşərək zəruri məsələlər haqqında müzakirələr aparmaq qərara alınıb.
08/07/2015 16:52
Bu günə qədər 20 minə yaxın müəllim təhsildə informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi üzrə treninqlərdə iştirak edib.
Bu treninqlər “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təchizatı Proqramı (2005-2007)” və “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində reallaşdırılır. Təlimlər dünyada qəbul olunmuş metodlar əsasında yaradılmış Skulz Onlayn- “Müəllimlərin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi” və İntel - “Gələcək üçün Təhsil” təlim vəsaitləri əsasında keçirilir. Təlimlərin əsas məqsədi müəllimlərin informasiya-kommunikasiya texnologiyalarından səmərəli şəkildə istifadə etməklə XXI əsrin təhsil metodlarına yiyələnməsinə və bu metodların tədrisdə tətbiqinə nail olmaqdan ibarətdir. Təlimlərin ilkin mərhələsində ABŞ-dan və digər ölkələrdən müvafiq təlim vəsaitlərinin yaradıcıları ölkəmizə dəvət olunub. Onlar tərəfindən təlimlərin keçirilməsi üçün təlimçi heyət hazırlanıb. Hazırda ölkə üzrə 150-yə yaxın təlimçi fəaliyyət göstərir. Dövlət büdcəsi hesabına keçirilən treninqlərin digər əsas məqsədi gündəlik pedaqoji fəaliyyət çərçivəsində kompüterdən, proqram təminatından və müvafiq avadanlıqlardan istifadə etməklə tədrisin daha effektiv təşkilinə nail olmaqdır. Treninqlərin effektivliyinin qiymətləndirilməsi beynəlxalq səviyyədə də öz əksini tapıb. Belə ki, 2009-cu ilin martında Vyanada keçirilən İnnovativ müəllimlərin Avropa Forumunda ilk dəfə iştirak edən Azərbaycan müəllimlərinin işləri 60 layihə arasında ilk onluğa daxil olub. Onların təqdim etdiyi layihələr Xorvatiya və Bolqarıstan nümayəndə heyətləri tərəfindən xüsusi maraqla qarşılanıb. Müvafiq razılığa əsasən 2009-2010-cu tədris ilində Azərbaycan müəllimlərinin layihələri həmin ölkələrin ümumtəhsil məktəblərində istifadə olunacaqdır. Qeyd edək ki, "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən “Elektron məktəb” pilot layihəsində iştirak edən 20 məktəbin müəllimləri İKT-nin tədrisdə tətbiqi üzrə daha dərin biliklərə yiyələnirlər. “Elektron məktəb” konsepsiyası əsasında həmin məktəblərdə əlavə olaraq təhsil portalının ayrılmaz bir hissəsi olan elektron cədvəl, elektron qiymət jurnalı və digər elektron resurslar geniş tətbiq ediləcəkdir. Treninqlər bütün bu resurslarla işləmək üçün praktik bacarıqların aşılanmasına yönəlib. Sonrakı mərhələdə Azərbaycan Təhsil Şəbəkəsinə qoşulan 200 məktəbin müəllimləri də təhsil portalının resurslarından istifadə edəcək və həmin tədris ocaqlarının müəllimləri xüsusi treninqlərə cəlb olunacaqdır. Ümumiyyətlə, “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nın əsas məqsədi təhsil sektorunda İKT-nin praktik tətbiqi üzrə alətlər yaratmaq və müəllim kollektivlərinə həmin alətlərdən gündəlik tədrisdə istifadə üçün biliklər verməkdir. Məlumdur ki, müasir dövrdə yalnız informasiya-kommunikasiya texnologiyalarından istifadə etməyi bacaran müəllimlər vasitəsilə təhsil sahəsində inkişafa müvəffəq olmaq mümkündür. Bunun üçün müəllimlər treninqlər vasitəsilə İKT-nin tədrisdə tətbiqi vərdişlərinə dərindən yiyələnməlidirlər. Treninqlərdən keçmiş bütün müəllimlər İKT-dən istifadə bacarıqlarını eyni səviyyədə mənimsəmirlər. Treninqlərdən keçən müəllimlər həm elektron tədris resurslarını hazırlaya bilməli, həm də şagirdlərə informasiya texnologiyalarının yeni imkanlarından istifadə etməyi öyrətməlidirlər. Treninqlərdən sonra təşkil olunan sınaqlar orta hesabla “normadan yuxarı” bir səviyyəni göstərsə də, yaşlı müəllimlərin bir hissəsi İKT-nin tətbiqi üzrə biliklərə yiyələnməkdə çətinlik çəkirlər. Praktika göstərir ki, cavan müəllimlər yeni bilikləri daha effektiv əxz edirlər. Lakin təqdirəlayiq haldır ki, yaşlı nəslin nümayəndələri də İKT bilikləri sahəsindəki boşluğu doldurmağa səy göstərirlər. Çünki müasir təhsil sistemi müəllimlərdən İKT sahəsində yüksək bilik səviyyəsi tələb edir və sözsüz ki, tədricən bütün müəllimlər həmin tələblərə cavab verməlidirlər. Dövlət Proqramına müvafiq olaraq müəllimlərin təlimi prosesinə məktəb direktorlarının da cəlb edilməsi çox mühüm amildir. Yeniliklərə daha həssas yanaşan məktəb direktorları məktəbin bütün müəllim heyətinin müvafiq treninqlərə cəlb olunması üçün müraciət edirlər. Lakin bəzi hallarda direktorlar bu məsələyə etinasız yanaşırlar. Odur ki, Təhsil Nazirliyi müəllimlər üçün treninqlərlə yanaşı, məktəb direktorları və rayon təhsil şöbələrinin əməkdaşları üçün nəzərdə tutulmuş xüsusi treninqlərin keçirilməsinə başlayıb. Treninqin iştirakçılarına təhsildə informasiya texnologiyalarının imkanları haqqında ümumi məlumat verilir, tədris prosesində İKT-nin tətbiqinin üstün cəhətləri izah olunur. Təcrübə göstərir ki, bir məktəbdə 2-3 müəllim tədrisdə informasiya texnologiyalarının tətbiqinə başlayırsa, həmin təhsil ocağının digər müəllimləri də müvafiq bilikləri əldə etməyə çalışırlar.
08/07/2015 16:52
İyunun 5-də təhsil naziri Misir Mərdanov Fransanın Pyer və Mari Küri Paris VI Sarbon Universitetinin vitse-prezidenti, Paris Universitetlər İttifaqının Baş katibi Gilbert Bereziat, qeyd olunan universitetin beynəlxalq əlaqələr üzrə direktoru Sabine Lopez və Fransanın ölkəmizdəki səfirliyinin müvafiq əməkdaşları ilə görüşüb
Qonaqları səmimi salamlayan Misir Mərdanov onları Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edib. Fransa ilə Azərbaycan arasında mövcud əlaqələrin son illər daha da inkişaf etdiyini və bu əlaqələrin tarixini diqqətə çatdıran nazir bildirib ki, hazırda qeyd olunan ölkənin ali məktəblərində təhsil alan azərbaycanlı gənclərin sayı çoxalıb. Nazir Fransa universitetləri ilə qurulan sıx əməkdaşlıqdan, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” nın təsdiqindən sonra əlaqələrin daha da inkişafına əlverişli şərait yaranmasından, bu ölkənin KNOUS təşkilatı ilə imzalanan müqavilədən də söz açıb. Nazir həmçinin 40-a yaxın azərbaycanlı gəncin hazırda Fransanın universitetlərində təhsil aldığından bəhs edib. Görüşdə Misir Mərdanov Fransa universitetləri ilə əlaqələrin genişləndirilməsi, ölkəmizin orta məktəblərində fransız dilinin xarici dil kimi tədrisinin yaxşılaşdırılması ilə bağlı təkliflərini irəli sürüb. Paris Universitetlər İttifaqının Baş katibi Gilbert Bereziat səmimi qəbul üçün nazirə təşəkkür edib. Rəhbərlik etdiyi təşkilat və təmsil olunduğu universitet barədə məlumat verən qonaq öz çıxışında səmərəli əməkdaşlığın qurulması üzrə məsələlərə də toxunub. Sonra cənab Bereziat kənd təsərrüfatı və texniki ixtisaslar üzrə tələbə seçimi, təbiət elmləri və tibb sahəsində əlaqələrin qurulması, eləcə də ölkəmizdə fəaliyyət göstərən Fransız dili Tədrisi Mərkəzində müəllimlərin sayının artırılmasından da söz açıb. Səmimi və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə tələbə mübadiləsinin aparılması, müxtəlif mövzular əhatə olunmaqla beynəlxalq elmi konfransların keçirilməsi və ikitərəfli təhsil əlaqələrinin qurulması məsələləri də müzakirə olunub.
08/07/2015 16:52
Korrupsiyaya Qarşı Mübarizə Fondu orta məktəblərdə bir aylıq antikorrupsion dərsləri başa çatdırıb.
Təhsildə korrupsiyaya qarşı mübarizəni fəaliyyətinin prioritet istiqamətlərindən biri hesab edən Təhsil Nazirliyinin Korrupsiyaya Qarşı Mübarizə üzrə İşçi Qrupunun üzvü olan Korrupsiyaya Qarşı Mübarizə Fondunun hazırladığı layihə şagirdlərə müvafiq biliklər verməklə yanaşı, onlarda korrupsiya hallarından qaçmağa imkan yaradan ünsiyyət bacarıqlarını inkişaf etdirmək və korrupsiyaya qarşı mənfi münasibət formalaşdırmaq baxımından da mühüm təsirə malikdir. Bu layihənin məqsədi şagirdləri mənəvi-əxlaqi dəyərlərimizi zədələyən korrupsiya problemi ilə tanış etməyə, azərbaycanlı ailəsində və təhsil müəssisələrində korrupsiyaya qarşı barışmaz münasibət formalaşdırmağa yönəlib. İlk dərslər Bakının Nəsimi rayonundakı 8 saylı orta məktəbdə həftədə bir dəfə olmaqla 4 dərs keçirilib. Dərslərdə məktəbin X-XI sinif şagirdləri iştirak ediblər. Dərslərin gedişi bir daha deməyə əsas verir ki, yeniyetmələr korrupsiya və rüşvətə etiraz edir, onlarda korrupsiyaya qarşı mübarizə aparmaq əzmi formalaşmağa başlayır. Şagirdlərə antikorrupsion maarifləndirmə vəsaitləri, o cümlədən Fondun kitabça şəklində nəşr etdirdiyi “Şəffaflığın Artırılması və Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Strategiya” təqdim edilib. Onu da qeyd edək ki, Korrupsiyaya Qarşı Mübarizə Fondu yeni dərs ilindən başlayaraq orta məktəblərdə antikorrupsion maarifləndirmə dərslərinin keçirilməsini davam etdirməyə qərar verib. Bundan əlavə, Fond kitabça şəklində nəşr etdirdiyi “Şəffaflığın Artırılması və Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Strategiya”nı yay imtahan sessiyası dövründə ali təhsil müəssisələrində kompaniya şəklində yaymağı nəzərdə tutub.
08/07/2015 16:52
İyunun 3-də Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən, Xızı, Şamaxı, Ucar, Zaqatala, Saatlı, Sabirabad və Qobustan rayonlarının orta ümumtəhsil məktəblərinin XI siniflərində mərkəzləşdirilmiş buraxılış imtahanları keçirilib.
23 minə yaxın şagirdin iştirak etdiyi imtahanda davamiyyət 90 % təşkil edib. Onu da bildirək ki, həmin bölgələr üzrə ötən dərs ilində buraxılış imtahanında qeyri-kafi qiymət alan, müəyyən səbəblərdən orta təhsil kursunu bitirməyən şəxslər də imtahan veriblər. Qeyd edək ki, imtahanların nəticələri iyunun 4-də məlum olacaq. İmtahanların növbəti mərhələsi iyunun 8-də Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağdam, Ağstafa, Bərdə, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və Yevlax rayonlarında keçiriləcək.
08/07/2015 16:52
İyunun 2-də təhsil naziri Misir Mərdanov Bolqarıstan Respublikası Milli və Dünya İqtisadiyyatı Universitetinin rektoru Borislav Borisov, Bolqarıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vasil Kalinov və səfirliyin digər əməkdaşları ilə görüşüb.
Öncə qonaqları səmimi salamlayan nazir Azərbaycanla Bolqarıstan arasında mövcud olan ikitərəfli əlaqələrdən söz açıb. Milli və Dünya İqtisadiyyatı Universitetinin rektoru Borislav Borisov öz ölkəsinin təhsil sistemi, onun strukturu və rəhbərlik etdiyi təhsil müəssisəsi barədə geniş məlumat verib. Qonaq həmçinin Bolqarıstandan kənarda təhsil alan gənclər, orta məktəblərin mövcud vəziyyəti və ümumilikdə təhsil sahəsi üzrə görülən işlərdən də bəhs edib. Nazir də öz növbəsində ölkəmizin ali və orta təhsil sistemi, aparılan islahatlar, dərsliklərlə təminat, yeni tikilən məktəblər haqqında danışıb, müvafiq statistikanı qonağın diqqətinə çatdırıb. Görüşdə iki ölkə arasında təhsil sahəsində qarşılıqlı əlaqələrin qurulması, müəllim və tələbə mübadiləsinin aparılması, birgə elmi konfransların keçirilməsi, eləcə də digər məsələlər müzakirə edilib.
08/07/2015 16:52
İyunun 2-də Təhsil Nazirliyində 2008-2009-cu tədris ilinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.
Öncə nazir ölkə Prezidenti cənab İlham Əliyevin “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Sərəncam imzaladığını və bu sənədin xüsusi əhəmiyyət daşıdığını bildirib. Misir Mərdanov qeyd olunan proqramda nəzərdə tutulan məsələlər, ali təhsil sahəsi üzrə görüləcək işlər haqqında media nümayəndələrinə ətraflı məlumat verib. Mətbuat konfransında 2008-2009-cu tədris ilinin yekunlarından söz açan nazir orta ümumtəhsil məktəblərində mərkəzləşdirilmiş buraxılış imtahanlarının keçirilməsi, yeni məktəb və əlavə korpusların tikintisi, ölkəmizdə fəaliyyət göstərən dövlət və özəl ali təhsil müəssisələri, burada təhsil alan tələbələrin sayı və digər mühüm istiqamətlər üzrə ümumi statistikanı iştirakçıların diqqətinə çatdırıb. Sonda təhsil naziri Misir Mərdanov media nümayəndələrinin suallarını cavablandırıb.
08/07/2015 16:52
İyunun 1-də Təhsil Nazirliyində orta ümumtəhsil məktəblərində mərkəzləşdirilmiş buraxılış imtahanları ilə bağlı müşavirə keçirilib.
Müşavirəni giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov mərkəzləşdirilmiş buraxılış imtahanlarının ölkəmizin müxtəlif bölgələri üzrə keçirilmə vaxtı, bu istiqamətdə aparılan hazırlıq barədə iştirakçılara məlumat verib. Qeyd olunan sahə üzrə aparılan işlərə ciddi yanaşmağın vacibliyini diqqətə çatdıran nazir eyni zamanda imtahan rəhbəri təyin olunan şəxslərə öz tövsiyələrini verib. Sonra Misir Mərdanov PİSA-2009, beynəlxalq, milli və məktəbdaxili qiymətləndirmə proqramları üzrə həyata keçirilən tədbirlərdən də söz açıb. Müşavirədə mərkəzləşdirilmiş buraxılış imtahanlarının keçirilməsinə dair bir sıra məsələlərə də toxunulub.
08/07/2015 16:52
Mayın 21-dən 22-dək Quba, Xaçmaz, Dəvəçi, Siyəzən, Xızı rayonlarında, 26-dan 27-dək isə Lənkəran şəhərində, Astara, Cəlilabad, Masallı, Yardımlı, Lerik rayonlarında yerləşən təhsil müəssisələri rəhbərlərinin və baş mühasiblərinin iştirakı ilə zona müşavirələri keçirilib.
Müşavirə təhsil müəssisələrinin milli mühasibat uçotu standartlarına keçidlə əlaqədar real vəziyyət və qarışda duran vəzifələrə həsr olunub. Müşavirələrdə 2008-ci ildə Təhsil Nazirliyinin maliyyə-təsərrüfat fəaliyyətinin yekunları ilə yanaşı, həmin zonalarda yerləşən təhsil müəssisələrinin ötən ilin hesabatları təhlil edilib, mövcud problemlər və onların aradan qaldırılması istiqamətində müzakirələr aparılıb. Tədbirdə “Mühasibat uçotu haqqında Azərbaycan Respublikası Qanun”una uyğun olaraq, təhsil müəssisələrinin milli mühasibat uçotu standartlarına keçidi ilə əlaqədar yaranmış real vəziyyət və qarşıda duran vəzifələr barədə çıxışlar edilib, müəssisə rəhbərlərinə, eləcə də baş mühasiblərə müvafiq tapşırıqlar verilib.
08/07/2015 16:52
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı