I sinif və məktəbəhazırlıq qruplarına elektron qəbul prosesi yenidən aktivləşdirilib
2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə və məktəbəhazırlıq qruplarına üzrlü səbəbdən gecikən uşaqlar üçün elektron qəbul prosesi yenidən aktivləşdirilib. I sinfə qeydiyyatı gecikən uşaqlar üçün 18 sentyabr 2024-cü il saat 11:00-dan 15 oktyabr 2024-cü il saat 18:00-a qədər, məktəbəhazırlıq qruplarına qeydiyyatı gecikən uşaqlar üçün isə 18 sentyabr 2024-cü il saat 11:00-dan 27 sentyabr 2024-cü il saat 18:00-a qədər boş qalan yerlərə məktəb və müəllim seçimi başlayacaq. Qeyd edilən tarixə qədər övladları üçün mektebebqebul.edu.az saytında sorğu yerləşdirən valideynlər müvafiq sənədlərlə məktəbə yaxınlaşaraq övladının ümumi təhsil müəssisəsinə qəbul prosesini yekunlaşdıra bilərlər. Qeyd edək ki, bu günədək I sinfə 132 931 nəfər, məktəbəhazırlıq qruplarına isə 90 672 nəfər uşaq qəbul olunub.
18/09/2024 12:27
Vətəndaş müraciətlərinin statistikası
Sentyabrın 1-dən 15-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 54 465 vətəndaş müraciəti daxil olub. Müraciətlərin 38 873-ü çağrı mərkəzləri, 372-si sosial media, 4 778-i "WhatsApp" vasitəsilə olduğu halda, 2 122-si elektron, 1 316-sı isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 7004 müraciət qeydə alınıb. Müraciətlər məktəbəqədər təhsil müəssisələrinə qəbul, tələbə köçürülməsi, müəllimlərin işə qəbulu, işlə təmin olunma və digər məsələlərlə bağlı olub.
17/09/2024 10:41
Bölgələrdə yeni tədris ilinin yenilənən məktəbləri
Sentyabrın 16-da İmişli rayonu Yalavac kənd İ. Səfərov adına tam orta məktəb binasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib. Açılış mərasimində Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, həmçinin məktəbin müəllim-şagird kollektivi və valideynlər iştirak ediblər. Tədbirdə çıxış edən Fərzəli Qədirov dövlətin təhsil sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində son illərdə görülmüş əhəmiyyətli işlər və Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi layihələr barədə məlumat verib. Aparat rəhbərinin müavini bildirib ki, yeni tədris ilinin əvvəli üçün bölgələrdə istifadəyə verilən yeni məktəb binaları tədris keyfiyyətinin daha da yaxşılaşdırılmasına öz töhfəsini verəcək. Sonra Rəşad Musayev təbrik nitqi ilə çıxış edərək region üzrə təhsil nailiyyətlərindən danışıb. Çıxışlardan sonra tədbir iştirakçıları tədris ocağında yaradılmış şəraitlə tanış olublar. Qeyd edək ki, məktəb binası 624 şagird yerlikdir. Məktəbdə 24 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi hazırlıq kabineti, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalı, açıq idman meydançası yaradılıb. Təhsil müəssisəsi zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar isə əyani vəsaitlərlə təmin edilib. Məktəbin həyətyanı ərazisi yaşıllaşdırılıb, eləcə də müasir işıqlandırma sistemləri qurulub. *** Sentyabrın 16-da Beyləqan rayonu Kəbirli kənd M. Fərzəliyev adına 1 nömrəli tam orta məktəb binasının əsaslı təmirdən və əlavə tədris korpusunun inşasından sonra açılış mərasimi keçirilib. Tədbirdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, Beyləqan Rayon İcra Hakimiyyətinin başçışı Əziz Əzizov, Mil-Muğan Regional Təhsil idarəsinin müdiri Rəşad Musayev, eləcə də məktəbin müəllimləri, şagirdlər və digər qonaqlar iştirak ediblər. Çıxışlar zamanı məktəb binasının əsaslı təmir olunması və əlavə tədris korpusunun tikintisi ilə bağlı məktəb kollektivi təbrik edilib, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan, aparılan islahatlardan, əldə olunan uğurlardan söz açılıb. Daha sonra tədbir iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar. Onlara məktəbin fəaliyyəti, əsaslı təmir olunan binanın tikintisi haqqında məlumat verilib. Bildirilib ki, məktəbin əsaslı təmir olunan binası 504, əlavə tədris korpusu isə 320 şagird yerlikdir. Təhsil müəssisəsində 24 sinif otağı, kimya, fizika və biologiya laboratoriyaları, 2 informatika kabineti, 2 texnologiya otağı, məktəbəhazırlıq və çağırışaqədərki hazırlıq kabinetləri, kitabxana, 210 yerlik akt zalı, idman zalı və 144 yerlik yeməkxana var. *** Sentyabrın 16-da Füzuli rayonu Ağamoğlan Cəbrayılov adına Aşağı Alıxanlı kənd tam orta məktəbinin yeni binasının açılış mərasimi keçirilib. Açılış mərasimində Elm və Təhsil Naziriliyinin Aparat rəhbərinin müavini Elvin Rüstəmov, Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, məktəbin müəllim kollektivi və şagirdləri, eləcə də kənd sakinləri iştirak ediblər. Mərasimdə çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Elvin Rüstəmov əlamətdar gün münasibətilə şagirdləri təbrik sözlərini çatdırıb, həmçinin onlara yeni tədris ilində müvəffəqiyyətlər arzulayıb. Elvin Rüstəmov dövlətimizin təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan söz açaraq ölkəmizdə təhsil keyfiyyətinin dünya standartlarına uyğunlaşdırılmasından, kadr potensialının gücləndirilməsindən danışıb. Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxışında ölkə rəhbərliyin regionlarımıza, o cümlədən Füzuli rayonuna göstərdiyi diqqətdən danışıb. Sonda qonaqlar məktəbdə yaradılan şəraitlə yaxından tanış olublar. Qeyd edək ki, məktəb 132 şagird yerlikdir. 1.65 ha ərazini əhatə edən məktəb 10 sinif, 1 məktəbəhazırlıq, 3 laboratoriya, 2 əmək, 1 informatika, 1 hərbi hazırlıq otağı, 80 nəfərlik akt zalı ilə şagirdlərin ixtiyarına verilib. *** Sentyabrın 16-da Heydər Əliyev Fondu tərəfindən Şamaxı rayonu Bağırlı kənd tam orta məktəbi üçün yeni tikilmiş tədris binasının açılış mərasimi keçirilib. Açılış mərasimində Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Heydər Əliyev Fondunun əməkdaşı Şamil Əzizov və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir səlahiyyətlərini icra edən Həmid Qasımovla yanaşı, məktəb kollektivi və ictimaiyyət nümayəndələri də iştirak ediblər. Qonaqlar yeni məktəbin istifadəyə verilməsi münasibətilə məktəb kollektivini təbrik edərək təhsil işçiləri və şagirdlərə yeni tədris ilində uğurlar arzulayıblar. Çıxışlardan sonra yeni təhsil ocağında yaradılan şəraitlə tanışlıq olub. Yeni məktəb binasının müasir tələblərə cavab verməsinin təhsil prosesinin daha keyfiyyətli və səmərəli təşkili üçün şərait yaratması xüsusilə qeyd edilib. Məktəbdə yaradılmış şəraitlə tanış olan qonaqlara məlumat verilib ki, ikimərtəbəli məktəb 480 şagird yerlikdir və üç blokdan ibarətdir. Hazırda məktəbdə 426 şagird təhsil alır. Məktəbdə direktor və müavininin otağı, müəllimlər otağı, 21 sinif otağı, idman zalı, texniki işçilərin otağı, mühafizə otağı, fizika, kimya, biologiya, informatika kabinetləri, hərbi kabinet, qızlar və oğlanlar üçün texnologiya otaqları, iclas zalı, qarderob, kitabxana, yeməkxana, akt zalı, idman zalı və açıq idman meydançası var. Məktəbin binası müasir elektrik, kombi istilik sistemi, həmçinin zəruri mebel və avadanlıqla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib. Məktəbin həyətyanı ərazisində də abadlıq və yaşıllaşdırma işləri aparılıb, dekorativ kol və ağaclar əkilib, müasir işıqlandırma sistemləri quraşdırılıb. *** Sentyabrın 16-da Sabirabad rayonu Qalaqayın kənd Ə.Qurbanov adına tam orta məktəbin yeni inşa olunmuş binasının açılış mərasimi keçirilib. Açılış mərasimində Elm və Təhsil Nazirliyinin Strateji planlaşdırma və icraya nəzarət şöbəsinin müdiri Leyla Xəlilova, Mil-Muğan Regional Təhsil İdarəsinin müdir müavini Rabil Şahbazov, Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini Ceyran Xəlilova, məktəb kollektivi, şagirdlər və valideynlər iştirak ediblər. Leyla Xəlilova yeni tədris ili və məktəb binasının açılışı münasibətilə təhsil işçilərini, şagirdləri və valideynləri təbrik edib, onlara uğurlar arzulayıb. Tədbirdə çıxış edənlər son illərdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu bildiriblər. Açılış mərasimindən sonra tədbir iştirakçıları yeni tədris ocağında yaradılan şəraitlə tanış olublar. Bildirilib ki, yenidən tikilmiş məktəb 528 şagird yerlikdir. Məktəbdə 23 sinif otağı ilə yanaşı, hər cür avadanlıqla təchiz olunmuş məktəbəhazırlıq otağı, fizika, kimya, biologiya, texnologiya, informatika, çağırışaqədərki hazırlıq, kitabxana, akt və idman zalı, yeməkxana mövcuddur. *** Sentyabrın 16-da Zaqatala rayonunun Oruc Rəsulov adına Muğanlı kənd tam orta məktəbi üçün yeni inşa edilmiş 432 şagird yerlik yeni bina istifadəyə verilib. Açılış mərasimində Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Çapay Məmmədov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Süleymanova, məktəb kollektivi və digər qonaqlar iştirak ediblər. Çıxışçılar məktəbin müəllim-şagird kollektivini, rayonun təhsil işçilərini yeni tədris ilinin başlanması münasibətilə təbrik ediblər, onlara yeni dərs ilində uğurlar arzulayıblar. Sonra yeni məktəb binasında yaradılmış şəraitlə tanışlıq olub. Bildirilib ki, tikintisinə cari ilin yanvarında başlanılmış üçmərtəbəli yeni məktəbdə 29 sinif otağı, hər cür avadanlıqla təchiz olunmuş kimya, biologiya, fizika kabineti və laboratoriyaları, informatika, gənclərin çağırışaqədərki hazırlıq və texnologiya kabinetləri, məktəbəhazırlıq otağı, kitabxana və kompüterlərlə təchiz olunmuş oxu zalı, 260 nəfərlik akt zalı, 90 nəfərlik bufet və idman zalı şagirdlərin istifadəsinə verilib. Məktəbdə 380 şagird təhsil alacaq, onların təlim-tərbiyəsi ilə 37 müəllim məşğul olacaq. *** Sentyabrın 16-da Ağstafa rayon Zəlimxan kənd A.Asimoğlu kənd adına tam orta məktəbinin yeni binasının açılışı olub. Açılış mərasimində Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsi müdirinin müavini Nəriman Qəhrəmanlı, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev, həmçinin məktəbin müəllim və şagird kollektivi iştirak edib. Bildirilib ki, məktəbin yeni binasının inşasına Heydər Əliyev Fondu tərəfindən "Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində 2023-cü ilin oktyabr ayından başlanılıb. Məktəb binası 220 şagird yerlikdir. Məktəbdə 12 sinif otağı, 3 laboratoriya otağı, kitabxana, 120 nəfərlik akt zalı, idman zalı və 125 nəfərlik yeməkxana mövcuddur. Zəlimxan kənd A.Asimoğlu kənd adına tam orta məktəbinin yeni binası avadanlıqlarla təmin edilib, eyni zamanda, kamera sistemi də quraşdırılıb. *** Sentyabrın 16-da Cəlilabad rayonunda Pərdi kənd ümumi orta məktəbin yeni binasının açılış mərasimi olub. Açılış mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Təhsil İnstitutunun direktor müavini İlham Cavadov, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər. Qonaqlar təhsil ocağında yaradılmış şəraitlə tanış olublar. Bildirilib ki, məktəbin yeni binası 130 şagird yerlikdir. 8 sinif otağından, 1 kitabxanadan, 1 müəllimlər otağından, 1 direktor otağından ibarət təhsil müəssisəsinin həyətində 1 genişotaqlı yardımçı bina, qapalı mini idman meydançası inşa olunub. Məktəbin binası müasir elektrik, kombi istilik sistemi, su anbarı və quyusu ilə təchiz edilib. Yeni məktəbin bütün ərazisində metal konstruksiyalı materiallardan istifadə edilməklə çəpərləmə və asfaltlama işləri aparılıb, o cümlədən yerli şəraitə davamlı ağaclar və dekorativ bitkilər əkilib.
16/09/2024 18:36
Nazirliyin rəsmiləri paytaxt məktəblərindəki ilk dərs günündə
Sentyabrın 16-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində ilk dərs günü ilə bağlı bir sıra tədbirlər keçirilib. Tədbirlərdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov, nazirliyin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman, Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsinin müdiri Rəşad Xanlarov, MÜTDA-nın və BŞTİ-nin struktur bölmə rəhbərləri, rayon icra hakimiyyəti başçıları və nümayəndələri, eləcə də ziyalılar, müəllim və valideynlər iştirak ediblər. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən müəssisə rəhbərləri yeni tədris ilində qarşıya qoyulan hədəflərdən və təhsil sahəsində aparılan islahatlardan söz açıblar. Elm və Təhsil Nazirliyinin, MÜTDA-nın, BŞTİ-nin nümayəndələri və qonaqlar yeni tədris ilində müəllim və şagirdlərə uğurlar arzulayıblar. Bildirilib ki, ümumi təhsil müəssisələrində ilk dərslər “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub. Çıxışlardan sonra tədbir iştirakçıları ilk dərs prosesini izləyiblər.
16/09/2024 17:01
Nazir müavini Firudin Qurbanov Xaçmazda məktəb açılışlarında
Sentyabrın 16-da yeni tikilmiş Xaçmaz rayonu İstisu qəsəbə və Palçıqoba kənd tam orta məktəblərinin açılış mərasimləri keçirilib. Tədbirlərdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Heydər Əliyev Fondunun nümayəndəsi Fidan Yusibova, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, həmçinin təhsil işçiləri və şagirdlər iştirak ediblər. Nazir müavini Firudin Qurbanov şagirdləri yeni tədris ilinin başlaması münasibətilə təbrik edərək, onlara təhsil həyatlarında yüksək nailiyyətlər arzulayıb. O, şagirdləri müasir tədris proqramlarından yararlanaraq bilik və bacarıqlarını inkişaf etdirməyə çağırıb. Nazir müavini ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən milli təhsil quruculuğu və islahatlar çərçivəsində yeni məktəb binalarının tikintisi, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və informasiya-kommunikasiya texnologiyaları ilə təminat sahəsində əldə olunan nailiyyətlər barədə də məlumat verib. Çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Heydər Əliyev Fondunun nümayəndəsi Fidan Yusibova və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev də şagirdləri yeni tədris ili münasibətilə təbrik ediblər. Daha sonra tədbir iştirakçıları yeni istifadəyə verilmiş Xaçmaz rayonu İstisu qəsəbə və Palçıqoba kənd tam orta məktəblərində yaradılan şəraitlə tanış olublar. Məktəblərdə şagirdlər üçün müasir sinif otaqları, laboratoriyalar və digər tədris resursları yaradılıb ki, bu da təhsilin keyfiyyətini artırmaq üçün əhəmiyyətli bir addımdır. Qeyd edək ki, Heydər Əliyev Fondu tərəfindən inşa edilən Xaçmaz rayonu İstisu tam orta məktəbi 320, Palçıqoba kənd tam orta məktəbi isə 360 şagird yerlikdir.
16/09/2024 16:30
Laçının Sus kəndində məktəbəqədər və ümumi təhsil müəssisələri fəaliyyətə başlayıb
Sentyabrın 16-da 2024–2025-ci tədris ilində fəaliyyətə başlayan Laçın rayonu Sus kənd tam orta məktəbi və eyniadlı məktəbəqədər təhsil müəssisəsində ilk dərs günü tədbiri keçirilib. Tədbirdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin əməkdaşı Qalib Abasov, sektor əməkdaşları, məktəb və bağçanın kollektivi, şagirdlər iştirak ediblər. Əvvəlcə Dövlət Himni səsləndirilib, daha sonra ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən idarə müdiri Fuad Bədəlov hər iki müəssisənin fəaliyyətə başlaması münasibətilə təhsil işçilərini, şagird və valideynləri təbrik edib, onlara uğurlar arzulayıb. Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin əməkdaşı Qalib Abasov da müəllim və şagirdləri təbrik edib. Daha sonra məktəbdə yaradılmış şəraitlə tanışlıq olub. Bildirilib ki, Sus kənd tam orta məktəbində ilkin olaraq 19 şagird, eyniadlı körpələr evi-uşaq bağçasında isə 13 uşaq təhsilə cəlb edilib.
16/09/2024 16:00
Elm və təhsil naziri Xocalıda məktəb açılışında
Sentyabrın 16-da Xocalı şəhərində inşa edilmiş 1 nömrəli tam orta məktəb istifadəyə verilib. Açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Qarabağ Regional Təhsil İdarəsinin müdir səlahiyyətlərini icra edən müdir müavini Anar Məcidov, eləcə də məktəb kollektivi və valideynlər iştirak ediblər. Əvvəlcə Dövlət Himni səsləndirilib. Ardınca ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən elm və təhsil naziri Emin Əmrullayev hər birimizin qan yaddaşı kimi xatırladığımız Xocalıda uzun illər sonra məktəb açılışının sevindirici bir hadisə olduğunu vurğulayıb. Nazir uzun həsrətdən sonra bizə bu sevinci yaşadan şəhidlərimizi anaraq onlara Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyib. İşğaldan azad edilmiş ərazilərdə ilk olaraq inşa edilən müəssisələr sırasında məktəblərin olduğunu bildirən Emin Əmrullayev bu diqqət və qayğıya görə təhsil işçiləri adından ölkə başçısı cənab İlham Əliyevə təşəkkürünü ifadə edib. Nazir bu gün balaca görünən Xocalı məktəbinin illər sonra ölkənin ən qabaqcıl məktəblərindən biri olacağına inandığını dilə gətirib. Emin Əmrullayev bundan sonra sözügedən məktəbin uğurlarına, xoş sədalarına şahid olacağımızı vurğulayıb. Digər qonaqlar da, öz növbəsində, məktəb kollektivini təbrik edib və onlara uğurlar arzulayıb. Daha sonra məktəbdə yaradılmış şəraitlə tanışlıq olub. Bildirilib ki, 132 şagird yerlik Xocalı şəhəri 1 nömrəli tam orta məktəbdə 16 nəfərlik heyət şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olacaq. Şagirdlərdən 8 nəfəri I sinif, 21 nəfəri isə II-XI sinif üzrə təhsil alacaq. 5 nəfər isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb olunacaq.
16/09/2024 15:42
İdris İsayev Bakı şəhəri 53 nömrəli tam orta məktəbdə ilk dərs günü ilə bağlı tədbirdə iştirak edib
Sentyabrın 16-da Bakı şəhəri 53 nömrəli tam orta məktəbdə ilk dərs günü ilə bağlı tədbir keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, sonra şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilib. Salamlama nitqi ilə çıxış edən məktəbin direktoru Tünzalə Zeynalova şagirdlərə yeni tədris ilində uğurlar arzulayıb. Direktor ötən tədris ilində təhsil müəssisəsinin qazandığı uğurlardan söz açıb və qarşıya qoyulan məqsədlərə diqqət çəkib. Tədbirdə iştirak edən elm və təhsil nazirinin müavini İdris İsayev işğaldan azad olunduqdan sonra Şuşa, Xocalı, Xankəndi şəhərlərində, eləcə də Laçın rayonunun Sus kənd tam orta məktəbində ilk zəng çalındığını diqqətə çatdırıb. Nazir müavini bildirib ki, azad olunmuş ərazilərdəki məktəblərdə 1 410 şagird təhsil alır. Onlardan 149-u birinci sinfə gedir. İdris İsayev çıxışı zamanı Heydər Əliyev Fondunun dəstəyi, Elm və Təhsil Nazirliyinin xətti ilə ölkədəki məktəblərin 80 faizinin yeniləndiyini vurğulayıb. Nazir müavini 2024–2025-ci tədris ilində 29 yeni məktəbin istifadəyə verildiyini diqqətə çatdırıb. İdris İsayev həmçinin 83 təhsil müəssisəsinin tikintisinin davam etdiyini, 37 məktəbin layihələndirilməsinin həyata keçirildiyini və 670-dən çox məktəbin təmir olunduğunu bildirib. Tədbir şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam etdirilib.
16/09/2024 13:18
Şuşada ilk dərs günü
Sentyabrın 16-da 2024–2025-ci tədris ilində fəaliyyətə başlayan Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə ilk dərs günü tədbiri keçirilib. Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Qarabağ Regional Təhsil İdarəsinin müdir səlahiyyətlərini icra edən müdir müavini Anar Məcidov, eləcə də məktəb kollektivi və valideynlər iştirak ediblər. Çıxış edən elm və təhsil naziri Emin Əmrullayev Şuşa məktəbinin Azərbaycan təhsil sistemi üçün tarixi əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Şuşa məktəbinin ən müasir standartlarla inşa edildiyini vurğulayan nazir məktəbin şagird və müəllim kollektivinə uğurlar arzulayıb. Emin Əmrullayev sözügedən məktəbin Azərbaycan təhsil sistemində uğurları ilə qabaqcıl məktəblərdən biri olacağına əmin olduğunu deyib. Daha sonra Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Əməkdar müəllim Asif Cahangirov da müəllim və şagirdləri təbrik edib, onlara yeni tədris ilində uğurlar arzulayıblar. Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Səbinə Gözəlova təhsil ocağı barədə məlumat verib. Bildirib ki, 960 şagird yerlik üçmərtəbəli bina beş blokdan ibarətdir. Burada hər biri 24 nəfərlik 40 sinif otağı, 2 fizika, 2 kimya, 2 biologiya, 2 texnologiya, 2 informatika otağı, STEAM mərkəzi, kitabxana, oxu zalı, gənclərin ibtidai hərbi hazırlığı, rəssamlıq və musiqi kabinetləri, yeməkxana, akt və idman zalları, tibb, müayinə və inzibati heyət üçün iş otaqları var. Sonra yeni dərs ilinin zəngi çalınıb. Yekunda məktəbdə yaradılan şəraitə baxış keçirilib.
16/09/2024 12:55
Bakıda “Qlobal ali təhsil gündəliyində iqlim dəyişikliyinə qarşı mübarizə” mövzusunda beynəlxalq forum keçirilib
11–12 sentyabr tarixlərində Elm və Təhsil Nazirliyi ilə “Times Higher Education” Beynəlxalq Reytinq Agentliyi arasında əməkdaşlıq çərçivəsində “Qlobal ali təhsil gündəliyində iqlim dəyişikliyinə qarşı mübarizə” mövzusunda beynəlxalq forum keçirilib. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən foruma Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Sumqayıt Dövlət Universiteti ev sahibliyi edib. Forumun məqsədi Birləşmiş Millətlər Təşkilatının (BMT) 13-cü Dayanıqlı İnkişaf Məqsədinin dəstəklənməsində ali təhsil müəssisələrinin rolunu artırmaq, iqlim böhranını həll etmək üçün ali təhsil müəssisələri və digər maraqlı tərəflərin birgə əməkdaşlığını təşviq etmək, o cümlədən elmi tədqiqatda iqlim dəyişikliyinə qarşı mübarizənin əhəmiyyəti barədə fikir mübadiləsi aparmaqdır. Forumda açılış nitqi ilə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev ali təhsil müəssisələrimizin COP29-a hazırlıq ərəfəsində beynəlxalq foruma ev sahibliyi etməsinin və universitetlərin rəqabətqabiliyyətliliyinin artırılmasının əhəmiyyətini vurğulayıb. Energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov ölkəmizin enerji təhlükəsizliyi və yaşıl enerjiyə keçid dövründəki fəaliyyəti, qlobal iqlim böhranına qarşı atılmalı olan addımlar, eləcə də COP29-da iqlim dəyişikliyi ilə bağlı mövzularda elmi dairələrin aktiv iştirakının əhəmiyyətindən bəhs edib. Daha sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi Vazeh Əskərov və Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov iqlim dəyişikliyinə qarşı mübarizədə aktiv iştirakla ölkəmizin yaşıl enerjiyə keçid dövrünə əvəzsiz töhfə verdiyini bildiriblər. “Times Higher Education” Beynəlxalq Reytinq Agentliyinin qlobal məsələlər üzrə baş direktoru Fil Bati isə çıxışında son illərdə Azərbaycan ali təhsil müəssisələrinin BMT-nin Davamlı İnkişaf Məqsədlərinə uyğun strategiyaları fəal tətbiq etməklə “THE Impact” reytinqində iştirakının və uğurunun əhəmiyyətindən danışıb. “Ölkə konteksti: postneft ölkələrində iqlim maarifləndirilməsi istiqamətində çətinliklər və imkanlar” mövzusuna həsr olunmuş panel müzakirəsində iştirak edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova sözügedən sahədə uğur qazanmaq üçün təhsilin ilkin pilləsindən başlayaraq maarifləndirmənin aparılması və ali təhsil müəssisələrində akademik heyət və tələbələrin bu prosesə aktiv şəkildə cəlbinin vacibliyini bildirib. Panel müzakirələri ilə davam edən forumda COP29-un iqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai, Kembric Universitetinin iqlim təhsili üzrə direktoru Kristin Özden, Sinqapur Milli Universitetinin professoru Seeram Ramakrişna, Vorvik Universitetinin nümayəndəsi Geret Robert, "BP Azərbaycan" şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, "British Council"un Azərbaycan üzrə ölkə direktoru Nərgiz Hacıyeva və digər rəsmi qonaqlar, universitet rəhbərləri, siyasətçilər, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Forumda dünyanın 26 ölkəsindən 200-dən artıq nümayəndə iştirak edib.
12/09/2024 18:00
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
Ulu öndərin məzarı ziyarət edilib Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıb. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.
ƏtraflıBu gün Azərbaycan xalqının Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin doğum günüdür. Ulu öndər bütün fəaliyyəti boyunca təhsili dövlət siyasətinin ən prioritet istiqamətlərindən biri hesab etmiş, gənclərin savadlı, vətənpərvər və milli dəyərlərə bağlı şəkildə yetişməsinə xüsusi önəm vermişdir. Heydər Əliyevin söylədiyi kimi:“Təhsil sahəsi xalqımızın bu günü, millətimizin və dövlətimizin gələcəyi üçün ən vacib sahədir”. Bu dəyərli fikir bu gün də ölkəmizdə təhsil siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır. #HeydərƏliyev #ÜmummilliLider #UluÖndər #103İl #10May
ƏtraflıBu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonuna səfər çərçivəsində Şükürbəyli kəndində inşa edilmiş 360 şagird yerlik məktəb binasının açılışını ediblər. Məktəbdə tədrisin yüksək səviyyədə aparılması üçün zəruri fənn kabinetləri, həmçinin fizika, kimya, biologiya laboratoriyaları, informatika, texnologiya, ibtidai hərbi hazırlıq sinifləri var. Bundan başqa, məktəbdə kitabxana, akt və idman zalları, yeməkxana müəllim və şagirdlərin ixtiyarına verilib. Ərazidə, eyni zamanda, futbol və basketbol meydançaları da yaradılıb. Qeyd edək ki, müasir təhsil ocaqlarının qurulması işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin mühüm tərkib hissəsidir. Ən yüksək standartlara cavab verən təhsil müəssisələri yeni texnologiyalarla, zəruri maddi-texniki baza ilə təchiz olunur. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23032-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı