Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Xaricdə təhsil xidmətləri göstərən şirkətlər barədə Təhsil Nazirliyinin açıqlaması

Vətəndaşların diqqətinə çatdırırıq ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi 11 noyabr 2014-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 2015-2017-ci illər üzrə İş Proqramı” çərçivəsində Macarıstanda bu ölkənin büdcəsi hesabına təhsillə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır. Bundan əlavə, bildiririk ki, iddiaçılara hər hansı şirkət və ya şəxs tərəfindən verilən vəd seçim zamanı heç bir rol oynamır və belə hallarla rastlaşdığınız təqdirdə Təhsil Nazirliyinin "Qaynar xətt” xidmətinə (146) məlumat verməyiniz xahiş edilir. Müxtəlif mətbuat orqanlarında və sosial şəbəkələrdə təqaüd proqramı ilə bağlı məlumatların yerləşdirilməsini nəzərə alaraq, Macarıstanda ali təhsil almaq niyyətində olan şagird və tələbələrimizə, onların valideynlərinə tövsiyə olunur ki, əsas məlumat mənbəyi olaraq Təhsil Nazirliyinin internet səhifəsində yerləşdirilmiş məlumatlara istinad etsinlər.   ELAN  

Müsabiqəyə 86 iş təqdim olunub

"Təbiət fənləri üzrə Labdisk rəqəmsal laboratoriya avadanlığının tədrisdə tətbiqi" müsabiqəsinin I mərhələsi başa çatıb. İlk dəfə keçirilən müsabiqənin əsas məqsədi təbiət fənləri (kimya, biologiya və fizika) üzrə dərslərin qurulmasında yeni, rəqəmsal laboratoriya avadanlıqları və XXI əsrin innovativ texnologiyalarının tətbiqini genişləndirməkdən ibarətdir. Təhsil Nazirliyi və “Edumedia” MMC-nin birgə keçirdiyi müsabiqənin birinci mərhələsinə 89 iş təqdim olunub. Onlardan 3-ü müsabiqənin şərtlərinə uyğun olmadığı üçün qəbul edilməyib. Yekun olaraq müsabiqəyə qəbul edilmiş işlərin 68-i "Ən yaxşı müəllim işi", 18-i isə "Ən yaxşı təlimçi işi" nominasiyaları üzrə olub. Layihələr ikinci mərhələdə müəyyən olunmuş meyarlar üzrə qiymətləndirilmək üçün Ekspert Komissiyasına təqdim edilib. İkinci mərhələnin nəticəsi və nominantların adları fevralın 16-sı elan ediləcək. Müsabiqədə qalib olan namizədlərə "iPad air", "Globimate" planşet, "Samsung Galaxy Tab-3” və digər xüsusi mükafatlar təqdim olunacaq.

Akademik coğrafiya fənni üzrə dərs tədris edib

Fevralın 9-da Bakı şəhərindəki 160 nömrəli klassik gimnaziyanın 9-cu və 10-cu sinif şagirdlərinə “Coğrafiya-müşahidədən fundamental elmə və tətbiqə doğru” mövzusunda dərs tədris edilib. Dərs Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov tərəfindən keçirilib. Dərsdə akademik Ramiz Məmmədov bəşəriyyətin yaranma tarixi barədə fərziyyələr, dünya xəritəsində zamanla yaranmış dəyişikliklər və son zamanlar geniş müzakirə obyektinə çevrilən iqlim dəyişikliyi mövzusu ilə bağlı şagirdlərə ətraflı məlumat verib. Eyni zamanda Azərbaycanın inkişaf coğrafiyası, təbii sərvətləri, fiziki-coğrafi və iqtisadi rayonlaşması haqqında fikirlərini bölüşüb, şagirdləri maraqlandıran sualları cavablandırıb. Sonda akademik 160 nömrəli klassik gimnaziyanın coğrafiya kabinetinə Xəzər dənizinin hidrometeoroloji atlasını hədiyyə edib. Dərsdə Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, təhsil ekspertləri və KİV nümayəndələri iştirak ediblər. Qeyd edək ki, dərslər təhsil naziri Mikayıl Cabbarovun AMEA-nın 70 illik yubileyi mərasimində “Elmdən Təhsilə” adlı məqsədli proqramla bağlı irəli sürdüyü təşəbbüsə uyğun olaraq təşkil edilir. Təhsil Nazirliyi ilə AMEA arasında əldə olunmuş razılaşmaya əsasən, bu dərsləri AMEA-da çalışan tanınmış alimlər tədris edir.

Təhsil Nazirliyində tələbə təqaüdlərinə edilən dəyişikliklərlə bağlı növbəti görüş

Fevralın 9-da Təhsil Nazirliyində tələbə təqaüdlərinə edilən dəyişikliklərlə bağlı ali məktəblərin prorektorları, mühasibləri, orta ixtisas təhsili müəssisələrinin direktorları və mühasibləri ilə görüş keçirilib. Görüşdə ““Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 2015-ci il tarixli 1516 nömrəli sərəncamından irəli gələn vəzifələr təhsil müəssisələrinin əməkdaşlarına izah olunub. Bildirilib ki, sərəncama əsasən, ali və orta ixtisas təhsil müəssisələrində əyani formada təhsil alan tələbələrə ödənişsiz və ya ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, təqaüdlər ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə ödəniləcək. Ölkə başçısının imzaladığı bu sənədin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na müvafiq olaraq, tələbələrə dövlət qayğısını artırmağa, onlarda təhsilə marağı stimullaşdırmağa, təhsilin keyfiyyətini yüksəltmək üçün təhsilalanlar arasında rəqabət mühitini yaratmağa və gənclərin sosial müdafiəsini daha da gücləndirməyə xidmət etdiyi vurğulanıb. Yeni qayda tələbə təqaüdünün həqiqi təyinatını özündə əks etdirir və ədalət prinsipinə əsaslanır. Sərəncama müvafiq olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin edilməsi və ödənilməsi Qaydası” təsdiq olunub. Yeni qaydalara əsasən, ali və orta ixtisas təhsili müəssisələrində əyani formada təhsil alan tələbələrə ödənişsiz və ya ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, təqaüdlər ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə ödəniləcək. Belə ki, birinci yarımildən sonra tələbənin dövlət sifarişi və ya ödənişli əsaslarla təhsil almasından asılı olmayaraq, təqaüd təhsil müəssisəsinə cari ildə həmin ixtisas üzrə dövlət sifarişi ilə qəbul olunmuş tələbələrin ümumi sayı gözlənilməklə yüksək akademik göstəriciləri ilə fərqlənənlərə təyin ediləcək. Bu, aztəminatlı ailələrdən olan, ödənişli əsaslarla təhsil alan və yüksək akademik göstəricilərlə fərqlənən tələbələrə təqaüd almaq imkanı yaradır. Bununla yanaşı, qaçqın və məcburi köçkünlər, həmçinin təhsil haqqı dövlət tərəfindən ödənilən digər imtiyazlı ailələrdən olan tələbələr sosial rifah halını yaxşılaşdırmaq imkanı əldə edəcəklər. Sadalananlarla yanaşı, yeni qaydalar təhsilə marağı stimullaşdırmağa və təhsilalanlar arasında rəqabət mühitini yaratmağa imkan verəcək. Bu da öz növbəsində, təhsilin keyfiyyətinin yüksəldilməsinə və keyfiyyətli kadr hazırlığı aparmağa zəmin yaradacaq. Görüşün sonunda tədbir iştirakçılarını maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

SABAH tələbələri “Sağlam təhsil sinifləri”ndə

SABAH qrupları və “Sağlam Təhsil-Sağlam Millət” layihəsinin əməkdaşlığı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) SABAH qruplarında İbtidai sinif müəllimliyi ixtisasında təhsil alan III kurs tələbələri üçün təcrübə proqramı təşkil olunub. Tələbələr fevralın 1-dən Bakı şəhərindəki 23, 26, 83, 114 və 214 nömrəli tam orta məktəblərin “Sağlam təhsil sinifləri”ndə pedaqoji təcrübə keçirlər. Təcrübənin fevralın 12-dək davam etməsi nəzərdə tutulur. Təcrübə müddətində “Sağlam Təhsil-Sağlam Millət” layihəsinin metodistləri, psixoloqu, pedaqoqu eyni zamanda ADPU SABAH mərkəzinin rəhbəri mütəmadi olaraq sinifləri ziyarət edir və gənc müəllimlərə dəstək olurlar. Təcrübə proqramının yekununda tələbələrin planlaşdırdıqları açıq dərs izlənəcək və onlar əvvəlcədən müəyyənləşdirilmiş tədqiqat mövzuları üzrə təqdimat edəcəklər. Davamiyyət, ünsiyyət, şagirdlərlə davranış, aktivlik və digər meyarlar üzrə metodist, psixoloq, sosioloq və sərbəst müşahidəçilər tərəfindən qiymətləndirilən tələbələr sonda Təhsil Nazirliyinin və Milli Təhsil Texnologiyaları Mərkəzinin sertifikatını əldə edəcəklər. Qeyd edək ki, 2014-2015-ci tədris ilindən etibarən 7 ali təhsil müəssisəsində yaradılmış, hazırda 11 ali məktəbdə fəaliyyət göstərən, tələbələrə daha üstün təhsil və inkişaf imkanları təklif edən SABAH  qrupları ali təhsil sahəsi üzrə ən aparıcı layihələrdəndir.     “Sağlam Təhsil-Sağlam Millət” layihəsi isə ümumi təhsil məktəblərində təhsilalanların sağlamlığının qorunmasına, təlim və yaradıcılıq nailiyyətlərinin yüksəldilməsinə xidmət edir.

Yeni dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi

Təhsil Nazirliyi yeni dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə start verib. Artıq neçə ildir ki, ölkənin ümumi təhsil məktəbləri üçün yeni təhsil proqramları əsasında tərtib edilmiş dərsliklər istifadəyə verilir. Dərsliklər istifadəyə verildikdən sonra onların məzmununda müəyyən problemlər aşkarlanır ki, bu zaman dərsliklər artıq tam tirajla çap olunduğundan nöqsanların aradan qaldırılması müəyyən çətinliklərlə müşayiət olunur. 2016-2017-ci tədris ilində ölkənin ümumi təhsil məktəblərində ilk dəfə olaraq yeni təhsil proqramları əsasında hazırlanmış 9-cu sinif dərslikləri istifadəyə veriləcəkdir. Çapa verilməzdən öncə, ictimai rəy öyrənilməklə dərsliklərin təkmilləşdirilməsi məqsədilə onların layihələrinin www.e-resurs.edu.az saytının əsas səhifəsinə yerləşdirilməsinə başlanılıb. Yaxın müddətdə bütün dərslik layihələrinin sayta yerləşdirilməsi nəzərdə tutulur. Sayta daxil olaraq, “Bütün siyahı” düyməsini basdıqda yerləşdirilən bütün dərslik layihələri ilə tanış olmaq mümkündür. Ətraflı tanış olmaq istədiyiniz dərslik layihəsini seçərək onu onlayn oxumaqla bərabər, PDF variantını da kompüterə yükləyə bilərsiniz. Rəy, təklif və iradları xüsusi ayrılmış sahəyə yazmaqla, yaxud derslik@edu.gov.az elektron poçtuna göndərməklə bildirmək olar. Təhsil Nazirliyi geniş ictimaiyyəti – sahə mütəxəssislərini, müəllimləri, valideynləri, bir sözlə, bütün vətəndaşları dərslik layihələrinin təkmilləşdirilməsində, rəy, təklif və iradların bizə göndərilməsində fəal olmağa dəvət edir. Təklif və tövsiyələriniz bizim üçün önəmlidir!

Fevralın 8-də təhsil naziri Mikayıl Cabbarov Qobustan şəhərindəki Gənclər Mərkəzində vətəndaşları qəbul edib.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda vətəndaşlar, əsasən müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin, bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, təhsil sənədlərinin tanınması, ali və orta ixtisas məktəbləri tələbələrinin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil haqqı və digər məsələlərlə əlaqədar müraciət ediblər. Qəbulda qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. Vətəndaşın qaldırdıqları əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.  

“Müəllim-şagird münasibətləri və sinfin idarəedilməsi” mövzusunda növbəti seminar

Fevralın 5-də Sumqayıt şəhərində Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Müəllim-şagird münasibətləri və sinfin idarəedilməsi” mövzusunda növbəti seminar keçirilib. Seminarda Təhsil Nazirliyinin əməkdaşları, Sumqayıt Şəhər Təhsil Şöbəsinin rəhbərliyi, ümumi təhsil müəssisələrinin direktorları, müəllimlər, təhsil ekspertləri, psixoloq və KİV təmsilçiləri iştirak ediblər. Seminarın keçirilməsində məqsəd müəllim-şagird münasibətlərinin yaxşılaşdırılmasına dəstək göstərmək, valideyn-müəllim-şagird ünsiyyətinin sağlam prinsiplər əsasında qurulmasını və sinfin idarə edilməsində yeni metodlardan istifadəni təbliğ etməkdir. Tədbirdə Təhsil Nazirliyinin baş məsləhətçisi Vəfa Yaqublu şagirdlərdə pozitiv davranış vərdişlərinin formalaşdırılması, emosional intellektin inkişafı, valideynlər üçün maarifləndirmə kampaniyalarının təşkil edilməsi, müəllimlərin peşə fəaliyyətində qanunvericiliklə müəyyən olunmuş vəzifələr və etik davranış prinsiplərindən bəhs edən təqdimatla çıxış edib.           Psixologiya elmləri üzrə fəlsəfə doktoru İlhamə Sultanova “Fiziki və emosional zorakılığın psixoloji fəsadları, cəzalandırmanın sivil yolları” mövzusundakı təqdimatında məktəbdə qeyri-adekvat davranış nümayiş etdirən şagirdlərin islah edilməsi yollarından danışıb, müəllim-şagird, müəllim-valideyn münasibətlərinin tənzimlənməsi məqsədilə təkliflər irəli sürüb. Daha sonra çıxış edənlər təhsilin keyfiyyətinin artırılmasında idarəetmənin təkmiləşdirilməsinin vacibliyinə, müəllim-şagird münasibətləri çərçivəsində baş verən hadisələrə KİV-in və sosial medianın münasibəti məsələsinə toxunublar. Çıxışlarda səriştəli valideynlərin hazırlanması, bununla bağlı təbliğat işinin gücləndirilməsi, belə seminarların mütəmadi keçirilməsi və digər bu kimi məsələlərlə dair təkliflər səsləndirilib. Qeyd olunub ki, məktəb idarəçilərinin lazımi xüsusiyyətlərə, müasir bilik və bacarıqlara yiyələnməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən 2013-2014-cü tədris ilindən başlayaraq məktəb idarəçisi olmaq istəyən potensial müəllim və direktor müavinləri üçün təlimlər keçirilir.

Azərbaycanda dövlət siyasətinin təməlində əhalinin sosial rifahının yaxşılaşdırılması dayanır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, dövlət qurumlarının rəhbərləri şəhər və rayonlarda ictimaiyyət nümayəndələri ilə görüşlər keçirirlər. Fevralın 5-də təhsil naziri Mikayıl Cabbarov Beyləqanda ictimaiyyət nümayəndələri ilə görüşüb. Görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin Beyləqan şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb. Mədəniyyət sarayında keçirilən görüşdə rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq mühafizə orqanlarının rəhbərləri, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev görüşdə çıxış edərək, son illərdə rayonda görülən işlərdən, müxtəlif sahələrdə, o cümlədən aqrar sektorda əldə olunan uğurlardan danışıb. Bildirib ki, Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində Beyləqanda geniş quruculuq işləri aparılıb, infrastruktur layihələri həyata keçirilib, yeni iş yerləri açılıb. Qeyd edilib ki, Beyləqanda heyvandarlığın, taxılçılığın və pambıqçılığın inkişafı üçün geniş imkanlar var. Görüşdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, Prezidentin tapşırığı ilə bölgələrdə keçirilən görüşlərin əsas məqsədi sakinləri dinləmək, onların fikir və təkliflərini öyrənmək, qaldırılan məsələlərin həllinə nail olmaqdır. Əsasını ulu öndər Heydər Əliyevin qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasətdən danışan nazir diqqətə çatdırıb ki, müharibə şəraitində yaşamasına, bir milyondan çox qaçqın və məcburi köçkünün olmasına baxmayaraq, Azərbaycanda bütün sahələrdə tərəqqiyə nail olunub. Paytaxtla yanaşı, bölgələr də inkişaf edib. Üç minə yaxın məktəb, yüzlərlə xəstəxana tikilib, minlərlə kilometr yol çəkilib, infrastruktur layihələri həyata keçirilib, geniş quruculuq işləri aparılıb. Bütün bunlar sübut edir ki, Azərbaycanda aparılan dövlət siyasətinin təməlində məhz əhalinin sosial rifahının yaxşılaşdırılması dayanır. Qeyd olunub ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması üçün torpaqlardan səmərəli istifadə xüsusi önəm daşıyır. Bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi vacib şərtdir. Təhsil naziri ictimaiyyət nümayəndələrini müzakirələrdə fəal olmağa, problemlərin həlli, rayonun potensialından dolğun istifadə edilməsi üçün təkliflər verməyə çağırıb. İctimaiyyət nümayəndələri və sahibkarlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirib, pambıqçılığın inkişafı, pambıq istehsalçılarına subsidiyaların verilməsi, qış otlaq torpaqlarından icarəyə götürülmüş sahələrin əkin dövriyyəsinin 30-40 faizə çatdırılması, uyğunlaşdırılmış binalarda fəaliyyət göstərən məktəblər üçün yeni binaların tikilməsi və əsaslı təmiri ilə bağlı təkliflər irəli sürüblər. Nazir qaldırılan məsələlərin araşdırılacağını və lazımi tədbirlər görüləcəyini bildirib. Görüşdə Milli Məclisin deputatları Çingiz Qənizadə və Şahin İsmayılov iştirak ediblər.   AZƏRTAC

“Elmi kiçik əyləncələrə qurban vermək olmaz” – “Uğur formulu”

Təhsil Nazirliyi və Lent.az informasiya agentliyinin birgə layihəsi . "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Gəncliyin uğur formulu” layihəsinin qonağı Kanadanın Toronto Universitetinin tələbəsi Nicat Əhmədzadədir  N.Əhmədzadə Kanadanın Toronto Universitetində iqtisadiyyat ixtisası üzrə bakalavriat səviyyəsində təhsilini davam etdirir.  - Xaricdə təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu?  - Xarici ölkədə təhsil almağım mənə bir çox üstünlüklər qazandırır. Dünyanın ən yaxşı universitetlərindən birində oxumaq qürurverici olmaqla yanaşı, həm də məsuliyyətlidir. Həmçinin, yaxşı təhsil almaq və ixtisası dərindən öyrənmək zövqvericidir. Ümidləri doğrultmaq məsələsinə gəldikdə isə, deyə bilərəm ki, “artıqlaması ilə”. Belə ki, tanınmış professorlardan dərs almaq sadəcə çox gözəl və möhtəşəm bir hissdir.  - İxtisasınızla bağlı ilk mərhələdə hansı kitabları seçmisiniz?  - İlk semestrdə götürdüyüm dərslərin hamısı ixtisas fənləri olduğundan elə həmin fənlərin dərs kitablarını əsas material kimi istifadə etmişəm. Bundan əlavə, onlayn resursların da ilk aylarda çox köməyi dəyib. İndi də bəzən ehtiyac olanda istifadə edirəm. Əsasən, dünyaca məşhur khanacademy-ni (https://www.khanacademy.org/) ixtisasından asılı olmayaraq bütün tələbələrə məsləhət görərdim. Ümid edirəm ki, gələcəkdə ixtisasım haqda dərin biliyə sahib olduqdan sonra maraq dairəmi  genişləndirərək ixtisasımla əlaqəli daha çox ədəbiyyat oxuya biləcəyəm.  - Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız?  - Əslində hesab etmirəm ki, hazırda oxuduğum Toronto Universiteti və 1 il təhsil aldığım Qafqaz Universiteti arasında sırf təhsil baxımından böyük fərq var. Bu səbəbdən bura yeni gələndə də bu barədə düşünmüş və niyə dünya reytinqində və universitetlərin uğurları arasında bu qədər fərq yarandığını araşdırmağa çalışmışdım. Sonda bu nəticəyə gəldim ki, əsas məsələ təhsil sistemi ilə əlaqəlidir.  Bizim təhsil sistemində əzbərçilik mühüm yer tutur, ancaq aparıcı universitetlərdə dərsi başa düşmək əsasdır. Məsələn, riyaziyyat imtahanı zamanı son vərəqdə bütün düsturlar yazılır, ancaq əsas məsələ hansı düsturun necə istifadə olunmasını bilməkdən ibarətdir. İnanın ki, dərsi tam başa düşməyən tələbə o düsturlara baxsa da, məsələləri həll edə bilmir.  Növbəti məsələ isə tələbə həyatıdır. Burda bütün gününü universitetdə keçirməyə şərait var. Universitet tələbələrə tam sərbəstlik verir. Bizim universitetlərdə böyük bəla olan “qayıb” anlayışı burda yoxdur. Niyə də olsun? Tələbə imtahan verəcək sonunda.  Düşünürəm ki, müəllimlərin əsas vəzifələrindən biri tələbəyə kömək etməkdir. Bəzi hallarda kobud davranmaq və ya özünü tələbədən üstün tutmaq sadəcə mənasızdır. Əsl müəllim kömək istəyəndə və ya nə isə soruşanda səmimi davranır, kömək etməyə çalışır.  Müəllim-tələbə münasibətlərində hər hansı neqativ hal isə tədris mühitinə mənfi təsir göstərir, tələbələr universiteti sevmirlər və həvəslənmirlər. Belə olduqda isə yüksək akademik göstəricidən söhbət gedə bilməz.  Bu fikirləri deməklə mən universitetlərimizi pisləmək istəmirəm. Sadəcə olaraq bəzi kiçik problemlər aradan qaldırılmalıdır.  - Təhsil aldığınız ölkəyə Azərbaycanla bağlı hansı materialları aparmısınız?  - Düzünü deyim ki, bura Azərbaycanla bağlı gətirdiyim yalnız ölkəmə bağlılığım və doğma Vətənə olan hisslərimdir. Məncə elə əsas olan da budur. Mən məhz şəxsi biliklərim və ölkəmizin zəngin tarixi-mədəni potensialına istinad etməyim sayəsində burda bir çox tələbəyə Azərbaycanı tanıtmışam. Etnik mənşəyimizdən tutmuş, sərhədlərimizə, coğrafiyamıza və problemlərimizə qədər danışmışam, bacardığım qədər Vətənimi təbliğ etmişəm. Məncə xarici ölkədəki hər bir soydaşımızın da başlıca vəzifəsi bu olmalıdır.  - Azərbaycan gənclərinə, ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz?  - Məncə tam aydındır ki, indi elm dövrüdür. Belə ki, yalnız elmlə ölkəmizi dünyada tanıda, Azərbaycanın inkişafına töhfə verə bilərik. Mən çox təəssüflənirəm ki, bizim dünyaca məşhur alimlərimiz, yazıçılarımız barmaqla sayıla biləcək qədərdir. Axı nə üçün kiçik ölkə Sent Lüsiyadan (Derek Uolkot), Nigeriyadan (Vole Şoyinka), ya da Belarusdan (Svetlana Aleksyeviç) ədəbiyyat üzrə Nobel mükafatçısı var, ancaq Azərbaycandan yox!? Banqladeşli iqtisadçı Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus da başqa bir misaldır. Yəni, bir sözlə, gənclərimizə və dostlarıma elmi sevməyi, onu kiçik əyləncələrə görə qurban verməməyi məsləhət görürəm. Əgər bu sahədə istedadınız varsa, məhv olmasına imkan verməyin. Bəlkə də məhz iradə zəifliyinə görə, heç özləri də bilmədən neçə-neçə istedad məhv olur. Sonda fikrimi Məhəmməd peyğəmbərin sözü ilə yekunlaşdırmaq istərdim: “Elm Çində belə olsa, arxasınca gedin”.  - Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir?  - Qeyd etdiyim kimi, burda müəllim-tələbə münasibətləri ideala yaxındır. Müəllimlər maksimum dərəcədə tələbəyə köməkçi olmağa çalışırlar. Sırf bunun üçün “office hour”lar mövcuddur.  - Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı?  - Mən bura gəlməzdən əvvəl bilmirdim ki, Ontario əyalətinin və ümumiyyətlə Kanadanın cənubunun böyük hissəsini 1970-80-cı illərdə bura gəlmiş immiqrantlar təşkil edir. Yaşadığım şəhərdə yerli kanadalı tapmaq müşkülə çevrilib. Burda bir çox millətlərin nümayəndəsini bir arada görmək olar. Belə ki, öz vətəndaşlarının əcnəbi olduğu şəhərdə əcnəbi tələbə olmaq elə də çətin olmur. Hətta deyərdim ki, o qədər çinli və hindistanlı var ki, kanadalıya ən çox elə biz - azərbaycanlı tələbələr bənzəyirik.  - Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz?  - Əvvəldə qeyd etdiyim kimi, sırf təhsil cəhətdən bizim geridə olduğumuzu sanmıram. Elə bir dövrdə yaşayırıq ki, hər bir informasiyanı onlayn rejimdə ala bilərik. Elə burdaki dərslikləri də onlayn tapmaq, oxumaq və öyrənmək olar. Hətta bəzi portallarda dərsi başa salan videolar da var. Bir sözlə, istənilən informasiya əlçatmaz deyil. Təhsilimizdə də böyük problemlər yoxdur. Sadəcə bəzi müəllimlərin kobudluğu düzəlsə və tələbəyə daha çox yardımçı olmağa çalışsalar, həmçinin, təsisat olaraq universitetdə tələbəyə kömək edilsə, (məsələn, Torontoda kitabxana 24 saat açıqdır) daha yüksək səviyyəyə çatacağımıza və daha intellektual gələcəyimizin olacağına əminəm.  - Çətinlikləriniz varmı?  - Kanada mənim ölkəmizdən ilk çıxışımdır. Nəzərə alsaq ki,  Azərbaycan və Kanada mədəniyyəti, həyat tərzi fərqlidir, əlbəttə ki, müəyyən adaptasiya problemləri olurdu. Həmçinin, buraya dərslər başlayandan bir qədər gec gəlməyim də müəyyən çətinliklər yaratdı. Ancaq əlbəttə ki, bütün bunlar ilk ay ərzində aradan qalxdı.  - Asudə vaxtınızda nə ilə məşğul olursunuz?  - Asudə vaxtlarımı əsasən universitet kitabxanasında keçirməyi sevirəm. Həmçinin, filmləri, idman proqramlarını və ölkəmizdə keçirilən intellektual yarışları izləyirəm. Çünki özüm də Azərbaycanda intellektual yarışlarda uğurlu iştirakçılardan biri olmuşam. Lent.az

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı