Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Sabahın alimləri” V Respublika Müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

Fevralın 13-də Azərbaycan Milli Elmlər Akademiyasında “Sabahın alimləri” V Respublika Müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, İntel korporasiyasının MDB ölkələri üzrə meneceri Tatyana Nanayeva, müsabiqənin təşkilatçıları, millət vəkilləri, beynəlxalq təşkilatların təmsilçiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, alimlər, təhsil ekspertləri və təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər. Qeyd olunub ki, “Sabahın alimləri” V Respublika müsabiqəsinin keçirilməsində əsas məqsəd yuxarı sinif şagirdlərinə öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı vermək və  onlara elmi təfəkkür tərzi və tədqiqatçılıq vərdişlərinin aşılanmasından ibarətdir. Təhsil nazirinin müavini Firudin Qurbanov “Sabahın alimləri” müsabiqəsinə ildən-ilə marağın artdığını bildirib, müsabiqə iştirakçılarını təbrik edərək onlara gələcək elmi işlərində uğurlar arzulayıb.  Tədbirdə çıxış edənlər müasir dünyada elmin, təhsilin mühüm rolundan danışıb, elm və təhsil müəssisələri arasında əlaqələrin qurulmasının vacibliyini bildiriblər. “Sabahın alimləri” müsabiqəsində ölkəmizin 11 şəhər və rayonunun ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri 129 elmi layihə ilə iştirak edib. Onlardan 87-si kollektiv, 42-si isə fərdi layihədir. Müsabiqəyə Bakı şəhəri ilə yanaşı, ölkəmizin müxtəlif bölgələrinin ümumtəhsil məktəblərinin şagirdləri layihələr təqdim edib. Müsabiqə üç gün ərzində keçirilib. Sonuncu gün “Açıq qapı” saatları təşkil olunub, şagird və müəllimlərə, həmçinin media nümayəndələrinə layihələrlə tanış olmaq imkanı yaradılıb. Müsabiqəyə təqdim olunan layihələr Münsiflər Heyəti tərəfindən 8 nominasiya üzrə qiymətləndirilib. Daha sonra Münsiflər Heyəti tərəfindən seçilərək İntel İSEF-İntel Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək 3 layihə müəlliflərinin adları açıqlanıb. Fizika, astronomiya kateqoriyası üzrə II yer tutmuş Bakı Avropa Liseyinin XI sinif şagirdləri Arzu Məmmədova, Nərmin Aydarova, eyniadlı kateqoriya üzrə II yer tutmuş akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi Mədət Sardarlı və XI sinif şagirdi Nigar Sardarlı, biologiya kateqoriyası üzrə I yer tutmuş akademik Zərifə Əliyeva adına liseyin şagirdləri Ayşən Əliyeva, Əli Əliyev cari ilin may ayında ABŞ-ın Arizona ştatının Finiks şəhərində keçiriləcək InteI ISEF – Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak etmək  hüququ qazanıblar. Qaliblərə diplom, medal və pul mükafatı təqdim olunub.  Qeyd edək ki, müsabiqənin təşkilatçıları Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsidir.  

Təhsil naziri Ağstafada rayon ictimaiyyətinin nümayəndələri və sahibkarlarla görüşüb

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq təhsil naziri Mikayıl Cabbarov fevralın 12-də Ağstafada rayon ictimaiyyətinin nümayəndələri və sahibkarlarla görüşüb. AZƏRTAC xəbər verir ki, görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin Ağstafa şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb. Rayon icra hakimiyyətində keçirilən görüşdə idarə, müəssisə və təşkilatların, hüquq mühafizə orqanlarının rəhbərləri də iştirak ediblər. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev görüşdə çıxış edərək, son illərdə rayonda görülən işlərdən, müxtəlif sahələrdə, o cümlədən aqrar sektorda əldə olunan uğurlardan söz açıb. M.Quliyev regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində reallaşdırılan layihələr barədə də məlumat verib. Aqrar sektorun inkişafından, kəndlərarası yolların tikintisindən, yeni təhsil və səhiyyə müəssisələrinin açılmasından danışan icra hakimiyyətinin başçısı bunu dövlətimizin başçısının regionlara qayğısı kimi səciyyələndirib. Təhsil naziri Mikayıl Cabbarov çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin tapşırığı ilə bölgələrdə keçirilən görüşlərin əsas məqsədi sakinləri dinləmək, onların fikir və təkliflərini öyrənmək, qaldırılan məsələlərin həllinə nail olmaqdır. M.Cabbarov qeyri-neft sektorunun inkişafı, iş adamlarına hərtərəfli dəstək göstərilməsi, sahibkarlığın inkişafına mane olan amillərin aradan qaldırılması ilə əlaqədar həyata keçirilən tədbirlərdən danışıb, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinin Azərbaycandan da təsirsiz ötüşmədiyini bildirib. Qeyd olunub ki, dünyada baş verən qlobal iqtisadi böhranın Azərbaycan iqtisadiyyatına təsiri Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində minimuma endirilib. Qarşıya qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın neftdən asılılıqdan azad edilməsi kimi mühüm vəzifələr qoyulub. Bu sahədə dövlətimizin başçısının verdiyi konkret tapşırıqlar ictimaiyyət tərəfindən də dəstəklənir. Diqqətə çatdırılıb ki, dünyanı bürüyən iqtisadi böhranın Azərbaycana təsirini maksimum azaltmaq üçün bölgələrin potensialından səmərəli istifadə edilməlidir. Ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması üçün torpaqlardan səmərəli istifadə bu baxımdan xüsusi önəm daşıyır. Nazir bildirib ki, ölkəmizin sosial-iqtisadi inkişafında əldə olunan uğurlu nəticələr təhsil sahəsində də islahatlar həyata keçirməyə imkan verir. Mikayıl Cabbarov görüşdə regional təhsil idarələrinin yaradılması layihəsinin əsas məqsədini açıqlayaraq deyib ki, 2016-cı il yanvarın 1-dən regional maliyyə hesablaşma idarələri fəaliyyətə başlayıb. Bu proses davam edir və bu il may ayının sonuna qədər başa çatacaq. Regional təhsil idarələrinin yaradılması bu sahəyə yönəlmiş sərmayələrdən səmərəli istifadə nəticəsində təhsil sistemində nailiyyətlərin daha da yüksəldilməsinə xidmət edəcək. Təhsil naziri ictimaiyyət nümayəndələrini müzakirələrdə fəal olmağa, problemlərin həlli, rayonun potensialından səmərəli istifadə edilməsi üçün təkliflər verməyə çağırıb. Görüşdə iştirak edən rayon sakinləri son illərdə Ağstafada xeyli sayda yeni məktəb binasının tikilməsini yüksək qiymətləndiriblər. Çıxışlarda rayonda qəzalı vəziyyətdə olan məktəb binalarının təmiri, sahibkarlığın, kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı təkliflər səsləndirilib. İctimaiyyət nümayəndələri regionlara, o cümlədən Ağstafaya göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.   AZƏRTAC

Təhsil Nazirliyində növbəti mətbuat konfransı keçirilib

Fevralın 12-də Təhsil Nazirliyində orta ixtisas təhsili müəssisələri şəbəkəsinin optimallaşdırılması ilə bağlı  mətbuat konfransı keçirilib. Mətbuat konfransında bildirilib ki, orta ixtisas təhsili pilləsində tədrisin səmərə və keyfiyyətinin yüksəldilməsi zərurəti nəzərə alınaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2016-cı il 3 fevral tarixli qərarına əsasən eyni və ya oxşar ixtisaslar üzrə kadr hazırlığını həyata keçirən, eyni coğrafi ərazidə yerləşən orta ixtisas təhsili müəssisələri şəbəkəsi optimallaşdırılıb. Qərara görə, 14 kollec müvafiq qayda üzrə biri digərinə birləşdirilib, 3 kollec profil üzrə müvafiq ali təhsil müəssisələrinin tabeliyinə verilib. Təhsil Nazirliyinə bu qərarın icrası nəticəsində qənaət olunan maliyyə vəsaitinin kolleclərin infrastrukturunun gücləndirilməsinə yönəldilməsi, həmçinin müvafiq maddi-texniki bazasının təhsil sisteminin məqsədləri üçün istifadəsinin təmin olunması tapşırılıb. Orta ixtisas təhsili müəssisələri şəbəkəsinin optimallaşdırılması nəticəsində tələbələrin sayı azalmadığına görə müəllimlərin dərs yükü mövcud səviyyədə qalacaq. Beləliklə, qəbul olunmuş qərar  müəllimlərin fəaliyyətinə mənfi təsir göstərməyəcək. Orta ixtisas təhsili müəssisələri şəbəkəsinin optimallaşdırılması bu təhsil pilləsində kadr hazırlığının səmərə və keyfiyyətinin yüksəldilməsinə,  müasir təhsil sisteminin tələblərinə cavab verməsinə xidmət edir. Təhsili idarəetmə sisteminin və infrastrukturunun beynəlxalq təcrübəyə uyğunlaşdırılması və ölkəmizin  inkişaf konsepsiyasına uyğun yenidən qurulması tədbirləri “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində həyata keçirilir. Sonda jurnalistlərin çoxsaylı sualları cavablandırılıb.       Orta ixtisas təhsili müəssisələrinin şəbəkəsinin optimallaşdırılması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı  

“Sabahın alimləri” V Respublika Müsabiqəsinə start verilib

Fevralın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında  “Sabahın alimləri” V Respublika Müsabiqəsinin açılış mərasimi keçirilib. Müsabiqənin əsas məqsədi yuxarı sinif şagirdlərinə öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı vermək və onların arasından ABŞ-da hər il  keçirilən Intel ISEF – Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir. Müsabiqənin təşkilatçıları Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsidir. Tədbir iştirakçılarını salamlayan təhsil naziri Mikayıl Cabbarov qeyd edib ki, dünyanın yeni çağırışları və ölkədə yüksək biliyə malik cəmiyyətin qurulması zərurəti Azərbaycan gəncliyi qarşısında tamamilə yeni tələblər qoyur. Ölkəmizin ümumi təhsil müəssisələrində həyata keçirilən islahatların əsas hədəfləri sırasında gənclərdə yetkin düşüncə tərzinin, vətəndaşlıq mövqeyinin  formalaşdırılması və onların tədqiqatyönlü fəaliyyətə cəlb edilməsi xüsusi yer tutur. Son illərdə respublika fənn olimpiadalarında iştirak edən şagirdlərin sayının artdığını deyən nazir elmin populyarlaşdırılması istiqamətində görülən işlərdən danışıb, ali məktəblərin elmi uğurlarının qiymətləndirilməsi mexanizminin hazırlandığını vurğulayıb.  AMEA-nın prezidenti Akif Əlizadə, gənclər və idman nazirinin müavini İntiqam Babayev, “İntel” korporasiyasının MDB ölkələri üzrə meneceri Tatyana Nanayeva müsabiqənin gənclərin elmə marağının artırılması, onların istedad, bacarıq və potensialının üzə çıxarılması baxımından əhəmiyyətini qeyd ediblər. 2013-cü ildə “Sabahın alimləri” müsabiqəsinin qalibi olan, hazırda Kanadanın Vaterloo Universitetində turizm sahəsi üzrə təhsil alan Murad Əlizadə müsabiqədə qazandığı təcrübəni bölüşüb, əldə etdiyi uğurlardan danışıb. “Sabahın alimləri” müsabiqəsində ölkəmizin 11 şəhər və rayonunun ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri 129 elmi layihə ilə iştirak edir. Onlardan 87-si kollektiv, 42-si isə fərdi layihədir. Bir sıra universitetlər tərəfindən elmi dəstək verilən müsabiqə 8 kateqoriya üzrə keçirilir. Riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə layihələrin qiymətləndirilməsi üçün aparıcı alimlərindən ibarət Münsiflər heyəti yaradılıb. Müsabiqəyə yeni elmi ideyası, eksperimentin, mühəndis layihəsinin texniki təsviri, innovativ kompüter proqramının təsviri olan layihələr qəbul edilib. Müsabiqə üç gün davam edəcək. Müsabiqənin ikinci günündə Münsiflər heyəti tərəfindən layihələrin qiymətləndirilməsi aparılacaq, eyni zamanda müsabiqənin Təlim Akademiyası fəaliyyət göstərəcək. Günün sonunda isə ölkəmizin görkəmli alimləri ilə şagirdlərin görüşü keçiriləcək. Fevralın 13-də isə günün birinci yarısında elan olunacaq “Açıq qapı” saatlarında Bakı şəhərindəki məktəblərin şagirdləri və müəllimləri, eləcə də media nümayəndələri layihələrlə tanış olacaqlar. Günün ikinci yarısında isə qaliblərin mükafatlandırılması mərasimi keçiriləcəkdir. Müsabiqə qaliblərinə təşkilatçılar tərəfindən təsis edilmiş pul mükafatı, diplom və medal təqdim olunacaq. Münsiflər heyəti tərəfindən seçilmiş 3 layihənin müəllifləri cari ilin may ayında ABŞ-ın Arizona ştatının Finiks şəhərində keçiriləcək InteI ISEF – Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak etmək imkanı qazanacaqlar.  

Təhsil nazirinin müavini Ceyhun Bayramov “Böyük Britaniya-Azərbaycan Universitetlərarası Forumu”nda çıxış edib

Fevralın 10-da London şəhərində Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 1-ci iclası çərçivəsində “Böyük Britaniya-Azərbaycan Universitetlərarası Forumu” keçirilib. Forumun açılış mərasimində Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramov və Britaniya Şurasının təhsil məsələləri üzrə direktoru xanım Rebeka Haqs çıxış ediblər. C.Bayramov öz çıxışında Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra Birləşmiş Krallıq ilə bütün sahələrdə uğurlu əməkdaşlıq qurduğunu və təhsilin ən dinamik şəkildə inkişaf edən sahələrdən biri olduğunu, Azərbaycan hökumətinin bilik iqtisadiyyatına keçid dövründə təhsil islahatlarına xüsusi əhəmiyyət verdiyini və Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın  bu islahatlar üçün yol xəritəsi olduğunu nəzərə çatdırıb. Nazir müavini iki ölkə arasında ali təhsil sahəsində artıq uğurlu əməkdaşlıq layihələrinin mövcud olduğunu bildirərək, bu layihələrin həm kəmiyyət, həm də keyfiyyət baxımdan artırılmasının vacibliyini vurğulayıb. C.Bayramov Azərbaycan tələbələri üçün Böyük Britaniya ali təhsil müəssisələrinin cəlbediciliyinə də diqqət çəkərək, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində ayrılmış təqaüdlərin 1/3-nin məhz bu ölkədə təhsil alan tələbələrə verildiyinə diqqət çəkib. Daha sonra işçi sessiyalar çərçivəsində Azərbaycan və Böyük Britaniya universitetlərinin nümayəndələri ali təhsil və elmi tədqiqatlar sahəsində əməkdaşlığın cari durumu və gələcək əməkdaşlıq perspektivləri barədə məruzələrlə çıxış ediblər. Müzakirələr zamanı professor-müəllim və tələbə mübadiləsi, ikili diplom proqramları, birgə elmi tədqiqat layihələri, ali təhsilin idarəolunması sahəsində uğurlu təcrübə mübadiləsi və digər istiqamətlər üzrə əməkdaşlığın həyata keçirilməsi kimi məsələlər ətraflı şəkildə müzakirə olunub.

Təhsil naziri Mikayıl Cabbarov Macarıstanın nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov ölkəmizə səfər etmiş Macarıstan nümayəndə heyəti ilə görüş keçirib. Nümayəndə heyətinin tərkibinə Macarıstanın Azərbaycan Respublikasındakı sabiq səfiri, Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibinin müavini Jolt Çutora və Macarıstanın Kapoşvar Universitetinin rektoru Ferents Savai də daxil olub. Görüş zamanı Azərbaycanla Macarıstan arasında təhsil sahəsində əlaqələr, o cümlədən Macarıstanın Kapoşvar Universiteti ilə gələcək əməkdaşlıq  imkanları müzakirə edilib.

“Təhsil Könüllüləri” mobil qrupu yaradılıb

Elektron dərsliklərin ictimaiyyət arasında geniş təbliği məqsədilə tələbələrdən ibarət “Təhsil Könüllüləri” mobil qrupu yaradılıb. “Təhsil Könüllüləri” Bakı şəhərində yerləşən məktəblərə səfər edərək şagird və müəllimlərə elektron dərslik portalında qeydiyyat, kitablardan istifadə qaydalarını izah edirlər. Ötən ilin noyabrından başlayaraq “Təhsil Könüllüləri” mobil qrupu 3 ay ərzində Bakının Səbail, Nəsimi, Nizami, Binəqədi və Nərimanov rayonlarında 104 orta məktəbdə 20 000-dən çox şagirdə və 2 000-dən çox müəllimə elektron dərsliklərin faydaları və istifadə qaydaları ilə bağlı təlim keçiblər. Təqdimatlar fevral ayından Yasamal rayonu ərazisindəki orta məktəblərdə davam etdirilir. Qeyd edək ki, Təhsil Nazirliyi elektron dərsliklərin müasir təhsil sistemində aktuallığını nəzərə alaraq və bu istiqamətdə fəaliyyətini genişləndirərək 2014-cü ildən www.e-derslik.edu.az   elektron dərslik portalını istifadəyə verib. Portalda yerləşdirilən dərsliklərin sayı hər ay mütəmadi olaraq artırılır. 2015-ci ilin II yarımilində elektron dərslik portalına 48 ədəd elektron dərslik yerləşdirilib. Hazırda portalda I-IV və VI-VIII siniflər üçün Azərbaycan və rus bölmələri üzrə 107 ədəd elektron dərslik var. V və IX-XI sinif dərslikləri isə növbəti mərhələdə, yeni kurikuluma uyğun olaraq çapdan çıxdıqdan sonra elektron formada portala yerləşdiriləcək. Portalın hazırlanmasında məqsəd təhsilalanları təhsil prosesində fəallaşdırmaq, onların İKT-dən səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaqdır. Bu portal vasitəsilə məktəblilər istənilən vaxtda və məkanda dərsliklərə müraciət edə bilir. İstifadəçilərin onlayn formada və ya planşetlərə yükləməklə dərslikləri elektron versiyada oxumaq, onlayn rejimdə dərsliyin istənilən səhifəsində müvafiq elektron qeydlər aparmaq imkanı var.

Əbu Dabidə Azərbaycan Təhsil Nazirliyinin “SABAH” proqramının professor-müəllim heyəti üçün təlimlər keçirilir

2006-cı ildə təsis edilmiş Paris Sorbon Universiteti-Əbu Dabidə fevralın 9-13-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi “SABAH” (Savadlı, bacarıqlı və hazırlıqlı) proqramının professor-müəllim heyəti üçün təlimlər keçirilir. Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyindən məlumat verilib. Fevralın 9-da təlimlərin açılışı olub. Universitetin rektoru professor Erik Fuaşın dəvəti ilə açılış mərasimində Azərbaycanın bu ölkədəki səfiri Daşqın Şikarov da iştirak edib. Rektorun nitqindən sonra çıxış edən səfir ali təhsil ocağının rəhbərliyini və “SABAH” proqramının iştirakçılarını salamlayaraq, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar arzu edib. Dəvətə görə E.Fuaşa təşəkkürünü bildirən səfir D.Şikarov Sorbon Universitetinin zəngin və qədim tarixindən və ənənələrindən bəhs edib, bu möhtəşəm ali təhsil ocağının oturuşmuş təcrübəsi sayəsində beynəlxalq təhsil bazarında layiqli yer tutduğunu vurğulayıb. Səfir təhsilin hər bir ölkə və xalqın gələcəyi olduğunu vurğulayaraq, qloballaşan dünyada keyfiyyətli təhsil sistemlərini və metodologiyaları mənimsəmək imkanlarının daha da genişləndiyini qeyd edib, bu xüsusda, tədbir iştirakçılarının diqqətini Azərbaycanda təhsilə verilən xüsusi önəmə yönəldib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbul etdiyi qərara uyğun olaraq, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsis edildiyini xatırladan səfir bu proqram çərçivəsində minlərlə azərbaycanlı gəncin dövlət hesabına dünyanın ən qabaqcıl ali təhsil müəssisələrində təhsil aldıqlarını nəzərə çatdırıb. O, Azərbaycanda digər xarici qabaqcıl təhsil müəssisələri ilə yanaşı, Bakı Fransız Liseyinin də fəaliyyət göstərdiyini qeyd edib. Həmçinin Azərbaycanın birinci xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə son 10 il ərzində istər ölkə daxilində, istərsə də xaricdə minlərlə məktəbin inşa edildiyi vurğulanıb. Səfir Paris Sorbon Universiteti-Əbu Dabinin “SABAH” proqramı çərçivəsində Azərbaycanın ali təhsil ocaqlarının professor-müəllim və tələbə heyətləri ilə praktiki əməkdaşlığı bundan sonra da davam etdirəcəyini, ölkəmizin təhsil sisteminə öz dəyərli töhfələrini verəcəyini söyləyib. Azərbaycanın səfirliyinin bu işdə yaxından iştirak etməyə hazır olduğunu diqqətə çatdırıb. E.Fuaş Azərbaycan səfirinə universitetin xatirə hədiyyəsini təqdim edib. Sonra dəf, tar və saz ifaçılarından ibarət musiqi triosunun, eləcə də əlində nar saxlayan azyaşlı qızın əks olunduğu rəsm əsəri rektora təqdim edilib. Daha sonra Azərbaycanın Təhsil Nazirliyinin “SABAH” qruplarının müəllimləri ilə iş üzrə rəhbəri İlhamə Rəhimova çıxış edib, universitetin MDB ölkələri (Ermənistan istisna olmaqla) ilə iş üzrə müşaviri İmran Muxtarov ikitərəfli əməkdaşlığa dair geniş təqdimatla çıxış edib.   AZƏRTAC  

Təhsil naziri Qazaxıstan Respublikasının səfirini qəbul edib

Fevralın 10-da təhsil naziri Mikayıl Cabbarov Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayevi qəbul edib. Görüş zamanı Qazaxıstan və Azərbaycan arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının müəyyən etdiyi hədəflərə uyğun olaraq, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub, təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Böyük Britaniya-Azərbaycan Universitetlərarası Forumu

Təhsil nazirinin müavini Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Londonda Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 1-ci iclası çərçivəsində fevralın 10-da keçirilən “Böyük Britaniya-Azərbaycan Universitetlərarası Forum”unda iştirak edir. Forumda Britaniya Şurasının təhsil məsələləri üzrə direktoru Rebeka Haqs, Azərbaycan və Böyük Britaniya ali təhsil müəssisələrinin rəhbərləri və nümayəndələri iştirak edirlər.  “Böyük Britaniya-Azərbaycan Universitetlərarası Forum”unun əsas məqsədi universitetlərarası əməkdaşlıq çərçivəsində ikili proqramların həyata keçirilməsi, tədqiqatyönümlü birgə fəaliyyət və gələcək əməkdaşlıq  imkanlarının araşdırılmasıdır. Səfər çərçivəsində, həmçinin bir sıra işgüzar görüşlərin keçirilməsi də gözlənilir.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı