Mərkəzlərin inkişaf perspektivlərinə həsr olunmuş seminar
Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası, WWF, GIZ, BDU, ENPİ FLEG və “EkoSfera” SEC ekspertləri tərəfindən “Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ekoloji tərbiyə və təcrübəçilik, turizm və diyarşünaslıq mərkəzlərinin inkişafı perspektivləri” mövzusunda seminar keçirilib. Respublikamızda fəaliyyət göstərən Ekoloji tərbiyə və təcrübəçilik və Gənc turistlər və diyarşünaslıq mərkəzləri direktorlarının iştirakı ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilmiş seminar beynəlxalq və yerli təcrübə əsasında fasiləsiz ekoloji təhsilin təşkili, bu sahədə strateji fəaliyyət istiqamətləri, birgə əməkdaşlıq, təcrübə mübadiləsi, ekoloji təhsil və turizm sahəsində yeni təlim üsullarının tətbiqi və müxtəlif layihələrin müzakirəsinə həsr edilib. Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik, Turizm və Diyarşünaslıq Mərkəzinin direktoru Firuzə Sultan-zadə tədbir iştirakçılarını salamlayaraq seminarın işinə uğurlar arzulayıb. Ekoloji təhsil sahəsində görülmüş işlər barədə, ekosistem xidmətləri, biomüxtəlifliyin qorunması, meşə ekosistemlərinin mühafizəsi və bərpası ilə bağlı təqdimatlarda gələcək inkişaf strategiyasının əsas hədəfləri haqqında ətraflı məlumat verilib. Ekoloji və turizm mərkəzlərinin respublika şəbəkəsinin yaradılması perspektivləri, ali və orta təhsil müəssisələrində ekologiyanın əlaqəli tədrisi haqqında fikirlər səsləndirilib. Pedaqoji kadrlarla ekoloji mövzuların tədrisi, kütləvi tədbirlərin keçirilməsi, ətraf mühitin mühafizəsi, uşaq turizmi sahəsində dövlət qurumları və ictimai təşkilatlarla əlaqələrin genişləndirilməsi kimi məsələlər ətrafında geniş müzakirələr aparılıb, mərkəz rəhbərləri ilə xüsusi tapşırıqlar üzrə qrup işləri təşkil olunub.
04/02/2016 17:45
“Olimpiya Hərəkatı” proqramı çərçivəsində növbəti təlim-məşq
Bakıda “Olimpiya Hərəkatı”nın velosiped idman növü üzrə rayon birinciliklərinə yekun vurularaq final mərhələsinə hazırlıq məqsədilə təlim-məşq keçirilib. Təlim-məşq zamanı Bakı şəhərinin 12 rayon komandasının 60 nəfərdən ibarət idmançı və müəllim heyəti iştirak edib. Tədbirin əsas məqsədi məktəblilərin Bakı şəhər birinciliyinin final mərhələsinə vəsiqə qazanmış gənc idmançılara finalda daha yaxşı nəticə göstərməyə köməklik etməkdən ibarətdir. Təlim-məşq Azərbaycan Velosiped İdmanı Federasiyası, Respublika Təhsil İdman Mərkəzi, proqramın ulduz idmançısı Aqşin İsmayılovun iştirakı və birbaşa dəstəyi ilə keçirilib. Tədbirin ümumi təlimatlandırıcı hissəsindən sonra komandalar qruplara ayrılıb. Aqşın İsmayılov və Azərbaycan Velosiped İdmanı Federasiyasının peşəkar məşqçiləri məkətbəlilərə start zamanı vacib olan əməllər, hərəkət zamanı sürətin tənzimlənməsi, döngələrdə hərəkətin təhlükəsizliyi və bu kimi digər mövzularda faydalı məlumatlar veriblər. Nəzəri sessiyanın ardınca federasiyadan dəvət olunmuş peşəkar idmançılar bütün hərəkətləri əyani şəkildə nümayiş etdiriblər. Daha sonra komandalar məşqçilərin nəzarəti və təlimatı ilə bu hərəkətləri təkrar edib. Fasilə zamanı milli komandanın üzvləri və Aqşin İsmayılovun iştirakı ilə məktəblilər üçün master-klass təşkil olunub. Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev təlim-məşq haqqında fikirlərini bildirib və velosiped idman növünün "Olimpiya Hərəkatı" proqramına daxil olunmasının əhəmiyyətindən bəhs edib. Proqramın ulduz idmançısı Aqşin İsmayilov "Olimpiya Hərəkatı"nın gənclər arasında maraq oyatdığını, velosiped sürməyə həvəskar kimi başlayan uşaqlar üçün bu proqramın faydalı olduğunu nəzərə çatdırıb. Qeyd edək ki, “Olimpiya Hərəkatı” proqramı Beynəlxalq Olimpiya Komitəsinin və Olimpiya Oyunlarının Ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkəti, Azərbaycan Milli Olimpiya Komitəsi (MOK), Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Proqram çərçivəsində təşkil olunmuş rayon birinciliklərinə Bakı şəhərindəki 290-dan çox ümumi təhsil məktəbində təhsil alan şagirdlər cəlb edilib. Bu mərhələdə milli idman federasiyalarının dəstəyi ilə 4 idman növü üzrə (basketbol 3x3, badminton, yüngül atletika və veloidman) keçirilmiş şən, inklüziv və təhlükəsiz idman yarışlarına 10 minə yaxın (30 faizi qızlar) məktəbli qatılıb. Məktəblilərin Bakı birinciliyi Yay Olimpiya Oyunlarının proqramına daxil olan idman növləri üzrə beynəlxalq idman federasiyalarının təsdiq etdiyi qaydalar və “Olimpiya sistemi” əsasında keçiriləcək. Yarışlara “Bakı 2015” I Avropa Oyunlarının keçirildiyi idman arenalarının birində təşkil olunacaq final və idman festivalı ilə yekun vurulacaq.
04/02/2016 17:34
Yanvar ayında Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 15 985 müraciət daxil olub
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglər və Vətəndaşların Qəbulu Mərkəzində 2016-cı ilin yanvar ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Qeyd olunan müddət ərzində 15 985 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 12 515 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 19 dəfə çox, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,1 dəfə çox, 2015-ci il ilin müvafiq dövrü ilə müqayisədə isə 2,9 dəfə çox) daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 3 470 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 144 sənəd (753 məktub, 322 ərizə, 69 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlərdən daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin işə qəbulu və yerdəyişməsi, yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası, təhsil haqqından azad olunması, ümumi təhsil müəssisələrində şagirdlərin yerdəyişməsi ilə bağlı məsələlər əksini tapıb. Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin cümə (2 867 zəng) və cümə axşamı (2 791 zəng) günləri, əsasən, saat 10:00-dan 12:30-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin cümə (861 müraciət) və cümə axşamı (755 müraciət) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.
04/02/2016 16:10
Təhsil Nazirliyinin Qəbul Portalı istifadəyə verilib
Fevralın 4-də Təhsil Nazirliyinin Qəbul Portalının təqdimat mərasimi keçirilib. Təhsil Nazirliyinə və tabe qurumlara müraciət edən vətəndaşların vəzifəli şəxslər tərəfindən qəbulunun asanlaşdırılması, qəbula yazılma prosesinin təkmilləşdirilməsi, müraciətlərə baxılmasının sürətləndirilməsi və keyfiyyətinin yüksəldilməsi, eyni zamanda məlumatların ümumiləşdirilməsi üçün Vahid Qəbul Portalı yaradılıb. Qəbul Portalının yaradılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi haqqında” fərmanından və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrin icrası işinin səmərəliliyinin artırılması məqsədlərinə xidmət edir. Bu portal vasitəsilə Təhsil Nazirliyinin daxilində və tabeliyində olan qurumlarda vətəndaşların qəbullara yazılması, yönləndirilməsi, prosesin müşahidəsi, SMS göndəriş sistemi vasitəsilə qəbulun keçirilmə vaxtı barədə məlumatlandırılması və vətəndaş məmnunluğunun öyrənilməsi təşkil edilir. Portala daxil olan müraciətlərin statistikası aparılaraq təhlil edilir və toplanan statistik məlumatlar əsasında müvafiq hesabatlar hazırlanır. Portaldan səmərəli istifadəni təmin etmək üçün Təhsil Nazirliyinin və tabe qurumların aidiyyəti əməkdaşları üçün təlimlər keçirilib.
04/02/2016 14:11
Macarıstanda ali təhsil üçün sənəd qəbulu
“Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 2015-2017-ci illər üzrə İş Proqramı” çərçivəsində Macarıstanda bu ölkənin büdcəsi hesabına təhsil üçün sənəd qəbulu elan edilir. Proqrama əsasən, tam bakalavriat və magistratura üzrə kənd təsərrüfatı, su idarəetməsi, təbiət elmləri, davamlı inkişaf, tibb elmləri, turizm, mühəndislik, informasiya texnologiyaları, texnologiyalar, iqtisadiyyat, biznes və idarəetmə elmləri, doktorantura təhsili üzrə istənilən maraq dairəsi çərçivəsində təqaüdlər təklif edilir. Ayrılan kvota çərçivəsində təhsil ödənişsizdir. Universitet yataqxanasında yaşayış, tibbi sığorta, aylıq təqaüd Macarıstan tərəfindən qarşılanır. Macarıstan ali təhsil müəssisələrində kvota çərçivəsində təhsil alacaq tələbələrin seçimi Azərbaycan Respublikası Təhsil Nazirliyi, tələbələrin ali təhsil müəssisələrinə yerləşdirilməsi isə Macarıstan tərəfindən həyata keçirilir. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatlarla elan vasitəsilə tanış ola bilərsiniz.
03/02/2016 10:53
Olimpiada qalibləri ilə görüş
Fevralın 2-də Gənclər Günü münasibətilə təhsil naziri Mikayıl Cabbarov beynəlxalq fənn olimpiadalarının qalibləri ilə görüşüb. Görüş iştirakçılarını salamlayan təhsil naziri Mikayıl Cabbarov Gənclər Günü münasibətilə beynəlxalq fənn olimpiadalarının qaliblərini təbrik edib, onlara daha böyük nailiyyətlər arzulayıb. Nazir fənn olimpiadalarının ölkə üçün əhəmiyyəti, gələcək elmi potensialın inkişafı, elm və innovasiyanın tətbiqi, ölkənin beynəlxalq aləmdə tanınması, gənc alimlərin yetişməsi baxımından əhəmiyyəti haqqında fikirlərini bildirib. Beynəlxalq olimpiadalarda daha geniş təmsil olunmaq üçün respublika fənn olimpiadalarında şəffaflıq və ədalət prinsiplərinə əməl olunduğunu vurğulayan təhsil naziri 2014-cü ildən bu istiqamətdəki yeni yanaşmaların kütləviliyin artmasına təkan verdiyini nəzərə çatdırıb. Təsadüfi deyil ki, 2015-ci ildə Respublika fənn olimpiadalarında 22 000 şagird iştirak etmişdisə, 2016-cı ildə bu rəqəm 27 000-ə yüksəlib. Bu, təhsil tariximizdə rekord göstərici olmaqla bərabər, həm də şagirdlərin prosesə olan inamının təzahürüdür. Bilik yarışlarında qazanılan uğurların ilbəil artdığını söyləyən nazir 2015-ci ildə də beynəlxalq olimpiadalarda yüksək nəticələr əldə edildiyini bildirib. Riyaziyyat olimpiadasında 106 ölkə arasında 48-ci yeri tutmaq, Asiya Fizika olimpiadasında və beynəlxalq Biologiya olimpiadasında uzun fasilədən sonra yenidən medal qazanmaq da sevindirici haldır. Bu il də bu uğurlar davam etdirilməkdədir. Gənclərin elm olimpiadasında 2 gümüş və 3 bürünc, Qazaxıstanda keçirilmiş Jautıkov olimpiadasında 7 medalın qazanılması ölkəmiz üçün yaxşı nəticədir. Beynəlxalq olimpiadalara hazırlıq işinin genişləndiriləcəyini bildirən nazir gələcəkdə daha çox medalların qazanılmasının hədəfləndiyini qeyd edib. Qeyd olunub ki, Təhsil Nazirliyinin bu istiqamətdə gördüyü işlər çərçivəsində beynəlxalq olimpiadalara hazırlıq üzrə 3 mərkəz yaradılıb, şagirdlərin hazırlanmasına daha müfəssəl yanaşma ortaya qoyulub, ən yaxşı müəllimlər bu işə cəlb edilib. Sonra təhsil naziri məktəblilərlə söhbət edib, şagirdlərin gələcək barədə fikirləri, arzu və düşüncələri ilə maraqlanıb, onların suallarını cavablandırıb. Tədbirdə olimpiadalara hazırlıq işinin təşkili ilə bağlı bir sıra təkliflər səsləndirilib. Daha sonra beynəlxalq olimpiadalarda yüksək yerlər tutmuş gənclərə Təhsil Nazirliyinin təşəkkürnamələri və hədiyyələr təqdim olunub.
02/02/2016 17:51
Peşə Təhsili və Təlimi üzrə Təlimçi Proqramı
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) Cənubi Qafqazda Özəl Sektorun İnkişafı Proqramının “Peşə təhsilinin və məşğulluğun təşviqi” komponenti çərçivəsində Texniki Peşə Təhsili və Təlimi üzrə Təlimçi Proqramı təklif edir. 2016-cı ilin aprelindən 2017-ci ilin martınadək davam edəcək Beynəlxalq Liderlik Təlimi yüksək ixtisaslı texniki peşə təhsili və təlimi üzrə peşəkarlara səriştə, bilik və bacarıqlarını təkmilləşdirmək imkanı verəcək. Təlim kursunu uğurla başa vuran iştirakçılara Avropa Kredit Transferi Sisteminin (AKTS) kreditləri veriləcək. Maqdeburq Universitetində proqram başa çatdıqdan sonra AKTS kreditləri peşə təhsili ilə əlaqəsi olan akademik beynəlxalq Magistratura Tədqiqat Proqramları tərəfindən tanınanacaq. Bu da iştirakçıların universitetdə qısaldılmış təhsil müddətində magistr dərəcəsini qazanmasına imkan yaradacaq. Təlim kursunda iştirak üçün təhsil sahəsində, məktəblərdə və ya təhsillə bağlı layihə idarəçiliyində ən azı 3 illik peşəkar təcrübəsi olan, ingilis dilini mükəmməl bilən, bakalavr dərəcəsinə malik 45 yaşa qədər şəxslər iştirak edə bilərlər. ELAN
02/02/2016 16:30
“Olimpiya Hərəkatı” proqramı çərçivəsində təlim-məşqlər
“Olimpiya Hərəkatı” proqramı çərçivəsində badminton və atletika idman növləri üzrə təlim-məşqlər keçirilib. Beynəlxalq Olimpiya Komitəsinin və Olimpiya Oyunlarının Ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkəti, Azərbaycan Milli Olimpiya Komitəsi (MOK), Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyinin dəstəyi ilə başlayan “Olimpiya Hərəkatı” adlı məktəblilərin idman proqramı çərçivəsində finala vəsiqə qazanmış komandalar üçün badminton və atletika idman növləri üzrə təlim-məşqlər keçirilib. Kütləvi fiziki tədbirlərin keçirilməsində əsas məqsəd komandaların peşakar idmançı və məşqçilərin köməyilə Bakı şəhər birinciliyinin final mərhələsinə həzırlanmasıdır. Tədbiri daha maraqlı etmək və uşaqları bu idman növünə həvəsləndirmək məqsədilə tədbirə yeniyetmələrdən ibarət milli yığma komandanın üzvləri də məşqlərə qatılıb. Proqram çərçivəsində baş tutan belə kütləvi təlim-məşqlərin keçirilməsində proqramın əsas tərəfdaşlarına Bakı Slavyan Universiteti, Azərbaycan Badminton Federasiyası və Azərbaycan Atletika Federasiyası köməklik edib. Eyni zamanda, tədbirdə iştirak edən MOK, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Badminton Federasiyası və Azərbaycan Atletika Federasiyasının nümayəndələri, habelə finala vəsiqə qazanmış məktəblilər, məktəb direktorları iştirak ediblər. Təhsil Respublika İdman Mərkəzinin direktoru Natiq Lahicov çıxış edərək bildirib ki, məktəblilərin “Olimpiya Hərəkatı” proqramına olan marağı gənclər arasında idman və sağlam həyat tərzinin təbliğinin nəticəsidir. Əminəm ki, 50 mindən çox məktəblinin iştirakı ilə reallaşdırılan bu proqram növbəti illərdə Azərbaycanın rayonlarını və daha çox məktəbləri əhatə edəcəkdir. Bu da öz növbəsində məktəblərdə fiziki tərbiyənin və idmanın inkişafına səbəb olacaqdır. Qeyd edək ki, “Olimpiya Hərəkatı” proqramı çərçivəsində paytaxtdakı 400-ə yaxın ümumi təhsil məktəbində təhsil alan 50 mindən çox şagird atletika, badminton, 3x3 basketbol və velosiped idmanı üzrə yarışlara cəlb olunub. Bu idman növləri üzrə məktəbdaxili və rayon yarışları başa çatıb. Yarışlara “Bakı 2015” Avropa Oyunlarının keçirildiyi idman arenalarının birində təşkil olunacaq final və idman festivalı ilə yekun vurulacaq.
02/02/2016 15:58
Məktəblilər üçün qış məktəbi
Təhsil Nazirliyinin nəzdində Respublika Ekoloji Tərbiyə və Təcrübə Mərkəzi, “Ekosfera” Sosial-Ekoloji Mərkəzin Gənc Ekoloqlar Yaşıl Məktəbi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası və “Bakı Ağ Şəhər”in birgə təşkilatçılığı ilə məktəblilər üçün üçgünlük qış məktəbi təşkil edilib. “Yaşil idarəçilik, yaşil memarlıq, şəhərsalma, informasiya əlaqələri və texnologiya” mövzusunda qış məktəbində 7-14 yaşlı şagirdlər iştirak ediblər. Tədbir çərçivəsində məktəblilər “Şərq-Qərb” nəşriyyatında olub, kitabların nəşrə hazırlanması prosesini izləyiblər. Daha sonra qış məktəbinin iştirakçıları AMEA-nın elmi-tədqiqat institutlarının nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar. Akademiyanın Mərkəzi Elmi Kitabxanasında gənc tədqiqatçılara kitabın qorunub saxlanılması və virtual kitabxananın yaradılmasının əhəmiyyəti barədə məlumat verilib, onları oxu zalları, elmi fondlarla tanış ediblər. Şagirdlər oxucuların qeydiyyatdan keçmə, kataloqlardan kitab seçərək sifarişvermə prosesi ilə maraqlanıblar. Sərgi zalı və elektron oxu zallarını ziyarət edən şagirdlər sorğuya görə informasiyanın axtarışı, elektron avadanlıqdan istifadə qaydaları və onların iş prinsipi ilə bağlı məlumatlandırılıblar. Daha sonra məktəblilər və könüllü tələbələr “Bakı Ağ Şəhər” layihəsinin əsas binasının ekologiyası və innovativliyi, Qafqazda ilk və yeganə beynəlxalq yaşıl sertifikat işarəsi barədə informasiya əldə ediblər. İştirakçılara gələcək Ağ Şəhərin tikinti işlərinin layihəsi nümayiş etdirilib. Qış məktəbi günlərində ekspertlərlə görüşlər, ekskursiyalar, müasir texnologiyalarla tanışlıq, işçi qruplarla iş və yaradıcılıq məşğələləri təşkil olunub. Bu pilot layihə məktəbdənkənar təhsilin və uşaqların asudə vaxtının səmərəli təşkilinin texniki, elmi-intellektual və innovativ imkanlarını birləşdirmək məqsədilə xüsusi proqramların inkişafına xidmət edir. Qış məktəbi fevralın 3-də başa çatacaq.
02/02/2016 11:08
“Mənim rəngli dünyam” adlı fərdi rəsm sərgisi
Təhsil Nazirliyinin Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Rəsm” dərnəyinin 10 yaşlı üzvü Nərgiz Səfərlinin “Mənim rəngli dünyam” adlı fərdi rəsm sərgisi keçirilib. “Abşeron” Rəsm Qalereyasında keçirilən sərgidə Təhsil Nazirliyinin əməkdaşları, mərkəzin rəhbərliyi və dərnək üzvləri iştirak ediblər. Sərgidə təbiətdən bəhs edən rəsmlər, milli və müasir üslubda işlənmiş əsərlər, portretlər, dekorativ kompozisiyalardan ibarət 50 rəsm işi nümayiş olunub. Əsərlər rəngkarlıq və qrafika janrlarında işlənilib. Tədbirdə çıxış edən qonaqlar gənc rəssamın əl işlərini yüksək qiymətləndirib, ona yaradıcılıq uğurları arzulayıblar. Ölkəmizdə yaradıcı gənclərə göstərilən dövlət qayğısından söhbət açan natiqlər belə sərgilərin uşaqların istedadının üzə çıxarılmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Mərkəzin adından gənc rəssama Fəxri Fərman və hədiyyə təqdim edilib. Tədbirin bədii hissəsində mərkəzin “Çiçəyim” uşaq teatr studiyasının və “Mahnı teatrı” dərnəyinin üzvləri çıxış ediblər. Sərgi üç gün davam edəcək.
01/02/2016 16:45
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı