Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Jurnalistlər üçün təlim başa çatıb

14-16 aprel tarixlərində Təhsil Nazirliyinin təşkilatçılığı ilə Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri üçün keçirilən maarifləndirici təlimlər başa çatıb. Təlimin sonunda jurnalistlərə serfikatların təqdim olunması mərasimi keçirilib. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov media nümayəndələrini təlimi uğurla başa vurduqları üçün təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb. Nazir müavini informasiyanın vaxtında və düzgün şəkildə ictimaiyyətə çatdırılmasında medianın rolundan danışıb və təhsildə aparılan islahatlar barədə maarifləndirmə işində  KİV-in üzərinə mühüm vəzifələr düşdüyünü qeyd edib. Təhsil sahəsindəki müsbət dəyişikliklərin ictimaiyyət tərəfindən maraqla qarşılandığını deyən nazir müavini təlimlərin media və təhsil əlaqələrinə  müsbət təsir göstərəcəyinə ümidvar olduğunu bildirib. Qeyd edək ki, təlimdə televiziya kanallarını, qəzetləri və xəbər agentliklərini təmsil edən 25 jurnalist iştirak edib. Təlimin əsas məqsədi təhsil sahəsində görülən işlərin ictimaiyyətə çatdırılması, maarifləndirmə tədbirlərinin aparılması, media ilə səmərəli əməkdaşlığın qurulmasıdır.   Təlimdə Təhsil Nazirliyinin əməkdaşları tərəfindən media işçilərinə təhsillə bağlı aktual mövzularda məlumatlar verilib, jurnalistləri maraqlandıran suallar cavablandırılıb, təkliflər dinlənilib.       Təlim müddətində jurnalistlər arasında müxtəlif viktorinalar və əyləncəli oyunlar keçirilib.

Məktəb direktorlarının işə qəbulu imtahanı başlayıb

Aprelin 15-də Azərbaycan Dövlət İqtisad Universitetində Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul ilə bağlı test imtahanı mərhələsinə start verilib. Məktəb direktoru olmaq istəyən namizədlərin üçüncü mərhələdə-imtahanda iştirakı prosesi tam elektronlaşdırılıb. Bütün proseslər xüsusi proqram təminatı vasitəsilə həyata keçirilir. Hər namizədə 120 dəqiqə vaxt verilir. Bu vaxtın 90 dəqiqəsi sual-cavab, qalan 30 dəqiqəsi isə esse yazılması üçün nəzərdə tutulur.     Esse yazmaq üçün də proqram təminatı yaradılıb və namizədlər mövzuya uyğun fikirlərini kompüter vasitəsilə qeyd edə bilirlər. İKT bilikləri zəif olan namizədlər üçün kağızda yazmaq imkanı yaradılır. İmtahanlar 3 gün ərzində (bazar günü də daxil olmaqla) davam edəcək. İmtahanın nəticələri aprelin 18-də məlum olacaq.

Respublika fənn olimpiadalarının final mərhələsi

Aprelin 16-da Fizika, riyaziyyat və informatika təmayülli liseydə fizika, riyaziyyat, kimya və biologiya fənləri üzrə Respublika fənn olimpiadalarının final mərhələsi keçiriləcək. Fizika, kimya, riyaziyyat, biologiya və informatika fənləri üzrə 296 şagirdin iştirak edəcəyi final mərhələsində şagirdlərə açıq tipli suallar təqdim olunacaq. Fənlərdən asılı olaraq, təqdim olunan tapşırıqlara 3 və ya 4 saat ərzində cavab verilməsi tələb olunur. İmtahandan çıxan şagirdlərə sualların düzgün həlləri və cavabları təqdim ediləcək. İmtahan bitdikdən sonra Respublika fənn olimpiadalarının münsiflər heyəti şagirdlərin yazı işlərini yoxlayacaq və həmin gün nəticələr elan olunacaq. Nəticəsindən narazı olan şagirdlərə aprelin 17-də münsiflər heyəti ilə müzakirə aparmaq imkanı veriləcək.    Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix fənləri üzrə Respublika fənn olimpiadalarının final mərhələsi isə 22-24 aprel 2016-cı il tarixlərində Fizika, riyaziyyat və informatika təmayüllü liseydə keçiriləcək.

İlk peşə-ixtisas təhsilinə həsr olunmuş müşavirə

Aprelin 15-də 5 nömrəli Bakı Peşə Liseyində ilk peşə-ixtisas təhsili müəssisələrinin mövcud vəziyyəti və peşə təhsili sisteminin qarşısında duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə Təhsil Nazirliyinin məsul şəxsləri və ölkənin ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərləri iştirak ediblər. Öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan son döyüşlərdə canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Təhsil nazirinin müşaviri Famil Mustafayev tədbirin əhəmiyyətindən bəhs edib və ölkəmizdə həyata keçirilən islahatlara uyğun olaraq, təhsilin bu vacib sahəsində də köklü dəyişikliklərə ehtiyac duyulduğunu nəzərə çatdırıb. Müşavirədə son illərdə ilk peşə-ixtisas təhsili müəssisələrinin infrastrukturunun inkişafı sahəsində müəyyən işlərin görüldüyü, müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulduğu vurğulanıb. Eyni zamanda, bu sahədəki problemlər və onların həlli üçün həyata keçirilməsi zəruri olan tədbirlərə dair müzakirələr aparılıb. Sonra ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərlərinə müvafiq  tapşırıqlar verilib  və müşavirə iştirakçılarının təklifləri dinlənilib.

"Azərbaycanda da şəxsi tyutor sisteminə ehtiyac var" - "Uğur formulu"

Lent.az-ın Təhsil Nazirliyi ilə birgə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Gəncliyin uğur formulu” layihəsinin qonağı Böyük Britaniyanın Varvik Universitetinin tələbəsi Şəlalə Ədilovadır. Xaricdə təhsil üzrə Dövlət Proqramının təqaüdçüsü Ş.Ədilova  Böyük Britaniyanın Varvik Universitetində təhsilin inkişafı və idarəolunması ixtisası üzrə magistratura səviyyəsində təhsilini davam etdirir. - Xaricdə təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu? - Yəqin ki, İngiltərədə təhsil alan əksər tələbələr razılaşar ki, Böyük Britaniya təhsil sistemində ilk öyrəndiyimiz akademik yazı bacarıqları olur. Baxmayaraq ki, Azərbaycanda da bunları öyrənmişik, amma İngiltərədə tələblər daha yüksəkdir. Boloniya prosesinə qoşulmuş digər ölkələrdən fərqli olaraq, İngiltərədə 70 baldan 100-ə qədər ‘A’ kimi qiymətləndirilir. Bundan başqa, hər dərs üçün yazdığımız məqalələrdə yalnız müvafiq ədəbiyyatın məruzəsi deyil, daha çox həmin ədəbiyyat haqqında kritik düşüncəmiz tələb olunur. Bu səbəbdən də, analitik düşünmə qabiliyyətim kifayət qədər inkişaf edib. Məni qane etməyən yeganə amil təhsilin daha çox nəzəriyyəyə və yazı qabiliyyətinə əsaslanmasıdır. - Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız? - İlk təhsil aldığım ali məktəbə daxil olan tələbələrin ən azı yarısı digər rayonlardan olan şəxslər idi və əksəriyyəti ilk dəfə ailəsindən ayrı qalırdı. Bu səbəbdən, psixoloji problemləri yarandıqda bəzi müəllimlər həll etməyə çalışırdılar. Bu baxımdan düşünürəm ki, bizim universitetlərdə də şəxsi tyutor sisteminə ehtiyac var. Bununla da tələbələr emosional cəhətdən dəstək alaraq, dərslərində daha uğurlu ola bilərlər. - Təhsil aldığınız ölkəyə Azərbaycanla bağlı hansı materialları aparmısınız? - YUNESKO-nun Mədəni İrsi siyahısında yer alan abidələrimiz, Azərbaycan milli mətbəxi, turistlər üçün dilimizdə istifadə olunan əsas sözlər və onların ingilis dilinə tərcüməsi, Bakının görməli yerləri haqqında kitabları özümlə bura gətirmişəm. Ölkəmiz haqqında daha geniş məlumat almaq istəyən müəllim və tələbələri sadaladığım kitablar vasitəsilə Azərbaycanla daha yaxından tanış edirəm. - Azərbaycan gənclərinə, ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz? - Marşal Qoldsmisin məşhur bir kitabının adı belədir: “Səni bura qədər gətirən, bundan sonra apara bilməz”. Bu baxımdan hər gün yeni biliklər əldə etmək zəruridir. Daha sonra isə həmin biliklərdən təcrübədə yararlanmalıyıq ki, həm səmərəsini görək, həm də biliklərimizi daha da inkişaf etdirə bilək. - Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir? - Varvik Universitetində müəllim-tələbə münasibətində rəsmi çərçivə qorunur. Lakin müəllimlər lazım olduğu vaxt hadisələrə istər əcnəbi, istərsə də yerli tələbələrin perspektivi baxımından yanaşaraq, bir valideyn kimi qayğı da göstərirlər. - Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı? - Universitetimizdə hər tələbənin şəxsi tyutoru var. İstər dərslərlə, istər gündəlik həyatla bağlı hər hansı bir psixoloji çətinlik yarandığı halda, onlar problemin həllinə çalışırlar. Həmçinin, fənni tədris edən müəllimdən əlavə, fənn tyutorları da fəaliyyət göstərir. Fənn tyutorlarının əsas işi məqalələr yazdığımız zaman planımıza baxaraq, bizi düzgün istiqamətləndirməkdir. Universitetin kampusundakı hər tədbir və hadisə ilə bağlı da tez-tez dəvətlər alırıq. Bu da bizə universitetə inteqrasiya etməyə dəstək olur. - Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz? - Azərbaycan təhsilini inkişafa ehtiyacı olan və buna cəhd edən təhsil sistemi kimi görürəm. Xaricdə təhsil üzrə Dövlət Proqramının yüzlərlə məzunu ölkəyə qayıdaraq, öyrəndiklərini tətbiq etdikdən sonra bu inkişafın daha da sürətlənəcəyinə inanıram. - Çətinlikləriniz varmı? - Dərs ilinin ilk ayında buradakı tədris mühitini tam anlamağa çalışdığım zaman çətinliklərlə üzləşdim. Tələblərin bacarılmayacaq qədər çox olduğunu düşünürdüm. İlk məqaləmi yazmaq üçün 20 gün ərzində 32 kitab oxumalı oldum. İndi artıq buranın təhsil sisteminə öyrəşdiyim üçün çətinliklər aradan qalxıb. - Asudə vaxtınızda nə ilə məşğul olursunuz? - Asudə vaxtlarımda universitetin Karyera Mərkəzində və bir sıra tədbirlərin təşkilində könüllü kimi fəaliyyət göstərirəm. Həmçinin, İngiltərə daxilində və digər Avropa ölkələrinə səyahət edirəm. Bundan əlavə, fransız dili biliyimi təkmilləşdirirəm.   Lent.az

Təhsil naziri Mikayıl Cabbarovun Moskvaya işgüzar səfəri davam edir

Aprelin 14-də təhsil naziri Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində Rusiyada təhsil alan tələbələr və gənc alimlər qrupu ilə görüşüb. Görüşdən əvvəl nazir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin barelyefi önünə gül dəstəsi qoyub və cari ilin aprel ayının əvvəlində baş tutmuş hərbi qarşıdurma zamanı vətəni qoruyarkən şəhid olanların şərəfinə yaradılmış xatirə stendinə baş çəkib. Açılış nitqində təhsil naziri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ümumi inkişaf strategiyasının hissəsi kimi təhsil sahəsində aparılan islahatlardan danışıb. Nazir gənc azərbaycanlıların xaricdə ən yüksək səviyyədə təhsil almalarının və Azərbaycana qayıdıb müvafiq sahələrdə töhfə vermələrinin əhəmiyyətini vurğulayıb. M.Cabbarov ictimai işin əhəmiyyətini xüsusilə qeyd edib və bu sahədə Leyla xanım Əliyevanın müvəffəqiyyətlə rəhbərlik etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) fəaliyyətini yüksək qiymətləndirib.  Nazir Tələbə və Elmi Cəmiyyətin yaradılması təşəbbüsünü müsbət qarşılayıb və bunun azərbaycanlı gənclərin bir-biri ilə əlaqə qurması üçün yaxşı platforma olacağına ümid etdiyini bildirib. Sonra təhsil naziri tələbələrin suallarını cavablandırıb. Həmin gün təhsil naziri Rusiya Təhsil Akademiyasının Prezidenti Lyudmila Verbitskaya ilə görüşüb. Xanım Verbitskaya keçən il Bakıya səfərini və Azərbaycanın inkişafından, Bakının memarlığından və rus dili biliyi səviyyəsindən məmnun qaldığını xatırlatdı. Tərəflər təhsil sahəsində aparılan islahatlar haqqında məlumat mübadiləsi apardılar və Akademiya ilə Təhsil Nazirliyinin tabeliyində olan müvafiq institutlar arasında əməkdaşlığı gücləndirməyə razılaşdılar. Gün ərzində nazir Moskva Təhsil Departamentinin və “Rossotrudniçestvo” Agentliyinin rəhbərliyi ilə işçi görüşlər keçirərək əməkdaşlığın indiki vəziyyətini və onun genişləndirilməsi üçün potensial imkanları müzakirə etdilər. Səfərin sonunda təhsil naziri  Mikayıl Cabbarov Rusiya Federasiyasının təhsil və elm naziri D.Livanovla yekun görüş keçirib, səfərin nəticələri və gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.  Azərbaycan nümayəndə heyətinin səfəri başa çatıb.    

“Multikulturalizm ili” çərçivəsində təlimlər davam edir

Təhsil Nazirliyi “Multikulturalizm ili” çərçivəsində Bakının ümumi təhsil müəssisələrində "Biz hamımız insanıq və hamımız eyniyik" mövzusunda interaktiv təlimləri davam etdirir. Növbəti təlim Bakı şəhəri 160 saylı Klassik Gimnaziyada keçirilib. Tədbirdə Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Birliyinin, Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər. Təlimlərin əsas məqsədi Azərbaycanda tolerantlıq və multikulturalizmlə bağlı məktəblilərə məlumat vermək, etnik, dini, irqi, mədəni mənsubiyyətindən asılı olmayaraq bütün xalqların, etnik qrupların sülh şəraitində yaşamalarının vacibliyini göstərməkdir. Tədbirdə bildirilib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Ölkəmizdə yaşayan dini azlıqların dilinin, dininin və mədəniyyətinin inkişafına dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Qeyd olunub ki, xalqımız əsrlər boyu tolerantlıq və dünyəvilik ənənələrini qoruyub saxlayıb, ölkəmizdəki tolerantlıq mühiti dünyaya nümunə olub. Təlimçilər çoxəsrlik ənənələrə malik tolerantlıq mühiti, müxtəlif etnik qruplar və dinlər arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri haqqında məlumat veriblər. İnteraktiv formada keçirilən təlimdə təqdimatlar edilib. Bildirilib ki,  layihə çərçivəsində multikulturalizmlə və tolerantlıqla bağlı esse, şeir, mahnı və rəsm  müsabiqələri keçiriləcək.

Final mərhələsinin püşkatma mərasimi

Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) Beynəlxalq Olimpiya Komitəsinin və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkəti, MOK, Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Olympic Moves” kütləvi idman proqramının final mərhələsinin püşkatma mərasimi keçirilib. Basketbol 3x3 və badminton idman növləri üzrə Olimpiya sistemi ilə keçirilən püşkatma mərasimində finala vəsiqə qazanmış komanda rəhbərləri və müvafiq idman növləri üzrə hakimlər heyəti iştirak edib. Hakimlər tərəfindən tədbir iştirakçılarına final haqqında ətraflı məlumat və komandaların hazırlanması üzrə tövsiyələr verilib. Tədbirə MOK, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və müvafiq idman federasiyalarının nümayəndələri ilə birgə “Olympic Moves” beynəlxalq idman proqramının ulduz idmançıları – basketbolçu Amil Həmzəyev və badmintonçu Orxan Qələndərov, həmçinin tədbirin keçirilməsinə təşkilatı dəstək verən “Bir–Tələbə Könüllü” proqramının ali təhsil müəssisələri üzrə koordinatorları qatılıblar. Məlumat üçün bildirək ki, Bakı şəhərindəki ümumi təhsil məktəblərində təhsil alan 50 mindən çox şagird sözügedən proqram çərçivəsində atletika, badminton, basketbol 3x3 və velosiped idmanı üzrə yarışlara cəlb olunub. “Olympic Moves” proqramının Azərbaycanda icrasına 2015-ci ildə başlanılıb və bu proqram məktəblilərin idmana cəlb olunmasında əhəmiyyətli rol oynayıb. 4 idman növü üzrə məktəbdaxili yarışlarla başlayan proqram Bakı üzrə rayon yarışları ilə davam edib. Yaxın günlərdə Bakı İdman Sarayında təşkil olunacaq final və idman festivalı ilə yarışlar başa çatacaq.

Təhsil naziri Mikayıl Cabbarov Moskva şəhərində səfərdədir

Moskvaya işgüzar səfəri çərçivəsində təhsil naziri Mikayıl Cabbarov aprelin 13-də Moskva Beynəlxalq Təhsil Salonunun açılış mərasiminə qatılıb. Mərasimdə Rusiya Federasiyası Hökuməti başçısının müavini Olqa Qolodets, təhsil və elm naziri Dmitri Livanov çıxış ediblər. Mikayıl Cabbarov Beynəlxalq Təhsil Salonunu gəzərək təhsil sahəsində aparıcı texnologiyaların və təcrübələrin nümayiş edildiyi stendlərlə tanış olub. Salonu ziyarət çərçivəsində Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Rusiya Federasiyasının təhsil və elm naziri Dmitri Livanov və İran İslam Respublikasının təhsil naziri Əliəsgər Fani ilə işçi görüşlər keçirib, təhsil sahəsində qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edib. Aprelin 13-də təhsil naziri həmçinin, Rusiya Dövlət Humanitar Universitetinə səfər edərək bu ali məktəb, tədris ocağının muzeyi və kitabxanası ilə tanış olub. Ali təhsil müəssisəsinin prezidenti Yefim Pivovar və rektoru Yevgeni İvaxnenko ilə görüş zamanı mövcud və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib. Daha sonra Mikayıl Cabbarov A.S.Puşkin adına Dövlət Rus dili İnstitutunun rektoru Marqarita Rusetskaya ilə görüş keçirib. Görüşdə Azərbaycanın rus dili müəllimləri üçün təlimlərin təşkili sahəsində əməkdaşlıq perspektivləri dəyərləndirilib. Səfər aprelin 14-də davam edir.

Tələbələr arasında futzal üzrə Respublika birinciliyi

Aprelin 18-də Bakı İdman Sarayında ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal üzrə Respublika birinciliyinin açılış mərasimi keçirələcək. İlk dəfə keçirilən yarışın məqsədi ali və orta ixtisas təhsili məktəblərinin tələbələri arasında futbolun kütləviliyini artırmaq və tələbələrdən ibarət futbol üzrə yığma komandanın beynəlxalq səviyyədə layiqincə təmsil olunmasını təmin etməkdir. Respublika birinciliyində 40-a yaxın komandanın iştirakı nəzərdə tutulur. Respublika birinciliyi AFFA, Azərbaycan Tələbə Futbol Federasiyasının təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirlikləri, Futzal Futbol Federasiyasının dəstəyi ilə keçiriləcək.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı