Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Jurnalistlər üçün təlim keçirilir

Aprelin 14-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə nazirliklə əməkdaşlıq edən bir qrup Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri üçün təhsil sahəsinə dair maarifləndirici təlimə start verilib. Təlimdə televiziya kanallarını, qəzetləri və xəbər agentliklərini təmsil edən 25 jurnalist iştirak edir. Təlim kursunun əsas məqsədi təhsil sahəsində görülən işlərin ictimaiyyətə çatdırılması, maarifləndirmə tədbirlərinin aparılması, media ilə səmərəli əməkdaşlığın qurulmasıdır. Üç gün davam edəcək təlimdə Təhsil Nazirliyinin əməkdaşları tərəfindən media işçilərinə təhsillə bağlı aktual mövzularda məlumatlar veriləcək, jurnalistləri maraqlandıran suallar cavablandırılacaq. Təlimin sonunda  jurnalistlərə sertifikatlar veriləcək.

Professor Nizami Cəfərov şagirdlərə dərs deyib

Aprelin 13-də Bakı şəhəri 110 nömrəli tam orta məktəbin X sinfində AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov “Azərbaycan dilinin düzgün danışıq qaydaları” mövzusunda dərs deyib. N.Cəfərov “Elmdən Təhsilə” adlı məqsədli proqramın əhəmiyyətindən danışıb, belə layihələri təhsilin keyfiyyətini elmin gücü ilə yüksəltmək üçün atılan addım kimi qiymətləndirib. Azərbaycan dilinin danışıq qaydaları haqqında geniş məlumat verən N.Cəfərov sözləri düzgün tələffüz etməyin yolları, nitq mədəniyyəti və nitq normaları barədə danışıb. Dilimizin orijinallığının qorunub saxlanılması, inkişaf etdirilməsi və nüfuzunun yüksəldilməsinin dövlətin dilçilik sahəsində siyasətinin əsas prinsipi olduğunu söyləyən akademik milli ideoloji prinsiplərin mühafizəsinin vacibliyindən danışıb. Azərbaycan dilinin özünəməxsus kamil qrammatik quruluşu, zəngin söz fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı normaları olduğunu diqqətə çatdıran N.Cəfərov bildirib ki, həmin normalara riayət etmək, onların tələblərini şifahi və yazılı nitqdə gözləmək hər bir vətəndaşın mənəvi borcudur. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun müddəalarından danışan N.Cəfərov dil normalarının pozulmasının, sadəcə olaraq, linqvistik qaydaların yox, həm də dövlət qanununun pozulması kimi hesab edib və buna əməl etməyənlərin yalnız ictimai rəy qarşısında deyil, həm də qanunvericilik qarşısında məsuliyyət daşıdığını bildirib. N.Cəfərov qeyd edib ki, ana dilimiz öz ifadə imkanlarının zənginliyi, səs quruluşunun səlisliyi və qrammatik strukturunun sabitliyi ilə səciyyələnir. Bununla yanaşı, dilimizin qrammatikasının yenidən işlənməsinə zərurət var. Daha sonra məktəbliləri maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edək ki, alimlərin ümumi təhsil müəssisələrində dərs tədris etməsi təhsil naziri Mikayıl Cabbarovun AMEA-nın 70 illik yubileyi mərasimində “Elmdən Təhsilə” adlı məqsədli proqramla bağlı irəli sürdüyü təşəbbüsə uyğun olaraq təşkil edilir.

“Kosmonavtika günü”nə həsr olunmuş yaradıcılıq müsabiqəsi

Bakı şəhər məktəbləri arasında “Kosmonavtika günü”nə həsr olunmuş yaradıcılıq müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. “Tusi-Bohm” Planetariumunda keçirilən tədbirdə müsabiqənin təşkilatçıları, məktəblilər, dərnək üzvləri iştirak ediblər. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi, Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, “Azərkosmos” ASC-nin birgə təşkilatçılığı ilə baş tutan müsabiqə “Kosmonavt geyimi” və “Kosmik yeməklər” nominasiyası üzrə təşkil olunub. Bakı şəhərindəki ümumi təhsil məktəbləri şagirdlərinin cəlb olunduğu müsabiqənin birinci nominasiyasına uyğun olaraq, iştirakçılar kosmonavt geyimləri hazırlayıb. İkinci nominasiyaya müvafiq olaraq, hazırlanan kosmik yeməklər gün ərzində 4 dəfə qidalanan kosmonavtlar üçün nəzərdə tutulan menyulardan ibarət olub. Kosmik yeməklər xüsusi qablarda qablaşdırılaraq üzəri xüsusi örtüklə bağlanıb. Təqdim olunan işlərin üzərində yeməklərin saxlanma vaxtı, hazırlanma qaydası, ərzaq məhsulunun hansı növdə olması qeyd edilib. Layihənin qalibləri münsiflər heyətinin seçimi ilə müəyyənləşib. Nəticələrə əsasən, “Kosmonavt geyimi” nominasiyası üzrə Nizaməli Şahbazlı I, Əli Mustafayev II, Məryəm Sadıqova isə III yerə layiq görülüb. “Kosmik yeməklər” nominasiyası üzrə İzzət Əliyev I, Aqil Əliyev II, Xədicə Rəhimli III yeri tutub.     Müsabiqə qalibləri təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə təltif olunublar.

“Yaz həyəti” layihəsinə start verilib

Təhsil Nazirliyi, IDEA İctimai Birliyi və “Bir” Tələbə-Könüllü Proqramının təşkilatçılığı ilə keçirilən “Yaz həyəti" layihəsi çərçivəsində tələbə-könüllülər şagirdlərlə birlikdə məktəblərdə ağacəkmə, bitkilərə qulluq, həyətyanı sahədə iməcilik və digər işlərdə könüllü olaraq fəaliyyət göstərirlər. “Yaz həyəti” layihəsi məktəblilər və tələbələrin ekoloji maarifləndirilməsinin genişləndirilməsi məqsədilə Bakı, Gəncə və Sumqayıt şəhərlərində 15 ali və 26 ümumi təhsil müəssisəsini əhatə edir. Layihə çərçivəsində təhsil müəssisələrinin həyətyanı sahəsinin təmizlənməsi, yeni yaşıllıqların salınması, ağacların gövdələrinin ağardılması kimi işlər nəzərdə tutulub.   Mayın 1-də başa çatacaq layihə çərçivəsində görülən işlər qiymətləndiriləcək, Təhsil Nazirliyi və IDEA İctimai Birliyi tərəfindən layihənin qalibi müəyyənləşdiriləcək.

Elm və təhsil işçiləri təltif olunub

Martın 12-də ölkəmizdə elm və təhsil sahəsində çalışan bir qrup şəxsə Fransanın “Akademik Palma” (Kavaler dərəcəsi) ordeni təqdim edilib. Qeyd edək ki, Azərbaycanda fransız dilinin inkişafı və yayılması baxımından fəaliyyətləri yüksək qiymətləndirilərək, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin direktoru Zöhrə Əliyeva, Bakı Dövlət Universitetinin fransız dili kafedrasının müdiri Elmira Fərəcullayeva, Azərbaycan Dillər Universitetinin fransız dili müəllimi Alik Hanifayev, Qazax rayonu Daş Salahlı kənd orta məktəbinin fransız dili müəllimi Söylü Xəlilova və Goranboy rayon Qızılhacılı kənd 1 nömrəli orta məktəbin fransız dili müəllimi Aygün Yusifova Fransa tərəfindən təltif olunublar. Bununla bağlı təşkil olunmuş tədbirdə Fransanın Azərbaycandakı səfiri Orelia Buşez təltif olunanlara ordenləri təqdim edib və onlara xoş arzularını çatdırıb.  Təhsil nazirinin müavini Firudin Qurbanov Fransa hökumətinə və Fransanın Azərbaycandakı səfirliyinə Təhsil Nazirliyi adından ölkəmizin təhsil müəssisələrində fəaliyyət göstərən fransız dili müəllimlərinin “Akademik Palma” (Kavaler dərəcəsi) ordeni ilə təltif edilməsi ilə əlaqədar minnətdarlığını bildirib. Nazir müavini Azərbaycan və Fransa arasında təhsil sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu, universitetlərarası əlaqələrin genişləndiyini, gənclərimizin Fransanın ali təhsil müəssisələrində uğurla təhsil almasını, Bakıda Fransız liseyinin fəaliyyət göstərməsini nəzərə çatdırıb. F.Qurbanov Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyasında qarşıya qoyulmuş hədəflərə çatmağın əsas vasitələrindən birinin də beynəlxalq təcrübənin öyrənilməsi və xarici tərəfdaşlarla əməkdaşlığın dərinləşdirilməsi olduğunu söyləyib. Bu baxımdan Azərbaycanla Fransa arasında təhsil sahəsində sıx əməkdaşlığın və birgə fəaliyyətin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan ilə Rusiya arasında humanitar əlaqələr sürətlə inkişaf edir

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov aprelin 13-də Moskvaya səfəri çərçivəsində Rusiya Dövlət Humanitar Universitetində (RDHU) olub. Universitetin rektoru Yevqeni İvaxnenko və ali məktəbin prezidenti Yefim Pivovar Mikayıl Cabbarovu ali təhsil müəssisəsinin kitabxanası və muzeyi, auditoriyaları ilə tanış ediblər. Sonra universitetin professor-müəllim heyəti Azərbaycan nümayəndə heyəti ilə görüşüb. Nazir M.Cabbarov AZƏRTAC-a müsahibəsində Azərbaycan ilə Rusiya arasında humanitar əlaqələrin sürətlə inkişaf etdiyini bildirib. O deyib ki, Azərbaycanda iki Rusiya ali məktəbinin – M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenev adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları, Rusiyada isə Azərbaycan Dövlət İqtisad Universitetinin filialı fəaliyyət göstərir. RDHU ilə Azərbaycanı sıx əlaqələr birləşdirir. Nazir əmin olduğunu bildirib ki, bugünkü görüş elmi dairələr, tələbələrimiz arasında informasiya mübadiləsinin genişləndirilməsinə yönəldilmiş bir sıra layihələrin həyata keçirilməsinə təkan verəcək. RDHU-nun prezidenti Yefim Pivovar qeyd edib ki, Humanitar Universitetdə azərbaycanşünaslıq sahəsində mütəxəssislər hazırlanır, Azərbaycan dili, mədəniyyəti və tarixi dərindən öyrənilir və bu sahədə iş davam etdiriləcək: “Bu, bizim üçün olduqca vacibdir. Azərbaycanla əməkdaşlıq həm Xəzər hövzəsi dövlətləri, İslam ölkələri, eləcə də Türkiyə və İran ilə əməkdaşlığımızı genişləndirməyə imkan verir. Azərbaycan ilə muzeyşünaslıq, dizayn, kitabxana işi və digər sahələrdə mütəxəssis mübadiləsi də bizim üçün çox vacibdir. Mədəniyyət baxımından Azərbaycan unikal ölkədir və buna görə də bizim üçün olduqca dəyərlidir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində Azərbaycanda rus dilində təhsil ixtisar edilmir, əksinə genişləndirilir və bu, bizi də Azərbaycan dilini Rusiyada fəal təbliğ etməyə həvəsləndirir”.   AZƏRTAC

Jurnalistlər gənclərin çağırışaqədərki hazırlığı dərsini izləyiblər

Təhsil Nazirliyi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) 19 nömrəli tam orta məktəbə birgə mediatur təşkil edib. Tədbirdə Təhsil Nazirliyinin, SHXÇDX-nin nümayəndələri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları və KİV nümayəndələri iştirak edib. Mediaturun təşkilində əsas məqsəd KİV təmsilçilərini ümumi təhsil məktəblərində şagirdlərin çağırışaqədərki hazırlıq səviyyəsini yüksəltmək üçün yaradılan şəraitlə tanış etmək və kompüter texnologiyalarına əsaslanan təlim silahlarını nümayiş etdirməkdir. Mediatur çərçivəsində KİV təmsilçiləri məktəbdə təlim avadanlıqları ilə təchiz edilmiş kabinetdə olub və gənclərin çağırışaqədərki hazırlığı dərsini izləyiblər. Jurnalistlər şagirdlərin silahları söküb-yığması, tank əleyhinə minaları zərərsizləşdirməsi, əleyhqazlardan istifadə bacarıqlarını və simulyativ silahlardan hədəfin nişan alınması prosesini izləyiblər. KİV nümayəndələrinə məlumat verilib ki, 10-11-ci siniflərdə tədris edilən Gənclərin çağırışaqədərki hazırlığı fənni şagirdlərin Azərbaycan ordusu sıralarında hərbi xidmətə mənəvi-psixoloji cəhətdən hazır olmasında, vətənpərvər ruhlu vətəndaş kimi formalaşmasında mühüm rol oynayır. Müvafiq dövlət standartları əsasında hazırlanmış proqramlara və dərsliklərə uyğun tədris edilən bu fənn eyni zamanda məktəblilərin ordu həyatı ilə tanış olmalarına, Azərbaycanın Silahlı Qüvvələri haqqında məlumatların, hərbi nizamnamə qaydalarının mənimsədilməsinə, habelə ilkin tibbi yardım, mülki müdafiə bacarıqlarının aşılanmasına xidmət edir. Məktəblərdə yaradılan fənn üzrə kabinetlər müxtəlif vaxtlarda Təhsil Nazirliyi və Heydər Əliyev Fondu tərəfindən təhsil proqramlarına uyğun hazırlanan plakatlar və digər əyani tədris vəsaitləri ilə təmin edilib. Ötən il ümumi təhsil müəssisələrində Gənclərin çağırışaqədərki hazırlığı fənni üzrə kabinetlərin müasir avadanlıqlarla təminatı üçün Təhsil Nazirliyi ilə Müdafiə Sənayesi Nazirliyinin Kosmik Cihazqayırma Təcrübi Zavodu arasında müqavilə bağlanıb. Müqaviləyə uyğun olaraq, 50 pilot məktəbin hərbi kabinetləri müasir standartlara cavab verən, təlim üçün nəzərdə tutulmuş hərbi avadanlıqlar, ləvazimatlar və xüsusi proqram təminatı ilə təchiz olunub.  

Avropa Şurası ölkələri təhsil nazirlərinin 25-ci konfransı

Təhsil nazirinin müavini Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Avropa Şurası təhsil nazirlərinin 25-ci konfransında iştirak etmək üçün Belçikanın paytaxtı Brüsseldə səfərdədir. 11-12 aprel tarixlərində keçirilən konfransın gündəliyində duran əsas məsələ terror və ekstremizmin qarşısını almaq və onlarla mübarizə aparmaqda təhsilin artan roludur. Konfransın işində Avropa Şurasına üzv və tərəfdaş ölkələrin təhsil nazirləri və nazir müavinlərinin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edir. Tədbirin açılış mərasimində Avropa Şurasının baş katibi Turbyorn Yaqland, Avropa İttifaqının təhsil, mədəniyyət, gənclər və idman üzrə komissarı Tibor Navraksiks və Belçikanın Flandriya əyalətinin təhsil naziri Hilde Krevits çıxış ediblər. Konfransın “Vətəndaşlıq təhsili – Avropa və qlobal səviyyədə əsas çağırışlar” adlanan ikinci sessiyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, nazir müavini Ceyhun Bayramov çıxış edib. C.Bayramov çıxışında Azərbaycanın məruz qaldığı terror və etnik təmizləmələrə baxmayaraq, əsrlərdir formalaşmış sülh və tolerantlıq, digər dinlərə, millətlərə və mədəniyyətlərə hörmətlə yanaşma ənənəsi haqqında danışıb. Nazir müavini bütün bunların Azərbaycanın zəngin irsinin ayrılmaz parçası olduğunu və Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü olan multikulturalizm siyasətinin əsasını təşkil etdiyini vurğulayıb. O, məhz bu siyasət nəticəsində hökumətin təhsilə ayırdığı diqqətin artdığını qeyd edərək, multikulturalizm istiqaməti üzrə Azərbaycanda keçirilmiş bir sıra beynəlxalq tədbirlər, həmçinin cari ilin 25-27 aprel tarixlərində Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu barədə konfrans iştirakçılarına məlumat verib. C.Bayramov Ermənistan nümayəndəsinin öz çıxışında qeyd etdiyi əsassız məqamlara diqqət çəkərək, Azərbaycan torpaqlarının hələ də Ermənistan tərəfindən işğal altında olması və həmin ərazilərdə yaşayan Azərbaycanlı əhalinin etnik təmizlənməyə məruz qalması barədə həqiqətləri konfrans iştirakçılarının nəzərinə çatdırıb. O, Ermənistanın qeyri-konstruktiv siyasəti nəticəsində 2-5 aprel tarixlərində bu ölkə tərəfindən atəşkəsin kobud şəkildə pozulması zamanı Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində yerləşən məktəblərin və məktəblilərin məqsədyönlü artilleriya və snayper atəşlərinə məruz qalması barədə də məlumat verib. Konfrans bu gün öz işini yekunlaşdıracaq. Səfər çərçivəsində aprelin 11-də Azərbaycan nümayəndə heyəti mövcud əlaqələrin inkişaf etdirilməsi və təhsil sahəsində həyata keçirilən proqramları müzakirə etmək məqsədilə Avropa Komissiyasında işçi görüş keçirib.

Mini Futbol Çempionatının I mərhələsinə yekun vurulub

Təhsil Nazirliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə keçirilən  Məktəblilərin Bakı şəhəri üzrə Mini Futbol Çempionatının I mərhələsi (rayon mərhələsi) başa çatıb. Birinci mərhələnin oyunlarına Bakı şəhəri üzrə 15 ümumi təhsil və 2 idman məktəbi ev sahibliyi edib. “Olimpiya” sistemi üzrə keçirilən bu mərhələdə Bakı şəhərindəki 305 məktəbdən 3660 şagird mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən yarışda paytaxtın rayonları üzrə I və II yeri tutan 24 komanda növbəti mərhələyə vəsiqə qazanıb. II mərhəldə komandalar püşkatma yolu ilə 4 yarımqrup üzrə mübarizəni davam etdirəcəklər. Bu mərhələ aprelin 18-də start götürəcək. Yarımqrup oyunları Bakı şəhərindəki 21, 53, 248 və 267 nömrəli orta  məktəblərin idman meydançalarında keçiriləcək.

Məktəblilər üçün müsabiqə

Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi tərəfindən “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin respublika müsabiqəsi keçirilir. 2015-ci ilin oktyabr ayından etibarən ölkənin müxtəlif regionlarında təhsil alan məktəblilər bitkiçilik və heyvandarlıq sahəsində ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi, mədəni bitki sortları və heyvan cinsləri haqqında geniş məlumat toplayaraq, təcrübəçilik işlərini davam etdirirlər. Kənd Təsərrüfatı Nazirliyi ilə birgə təşkil edilən müsabiqədə ərazi kənd təsərrüfatı idarələrinin mütəxəssisləri yerli bitki sortlarının və heyvan cinslərinin təyin olunmasında, təcrübə sahələri üçün bitki toxumlarının və şitillər ayrılmasında məktəblilərə yaxından köməklik göstərirlər. Mütəxəssis-aqronomlar şagirdlərin təcrübə işlərinə rəy verir, onlara ekoloji təmiz məhsulların alınması üsullarını öyrədirlər. Müsabiqədə iştirak etmək üçün meyvəçilik, tərəvəzçilik, subtropik bitkilər, gülçülük, dənli bitkilər, meşə məhsulları, arıçılıq, heyvandarlıq nominasiyaları üzrə 450 iştirakçı qrup, fərdi olaraq qeydiyyatdan keçib. Müsabiqə iştirakçıları il ərzində aparılan müşahidələr, aqrotexniki tədbirlər və becərilən kənd təsərrüfatı bitkiləri haqqında məlumatları, fotoşəkilləri təşkilat komitəsinə təqdim ediblər. 2016-cı ilin may ayında Abşeron, Naxçıvan, Lənkəran, Gəncə, Göyçay, Şəki, Şamaxı, Quba regionlarında müsabiqənin zona mərhələləri keçiriləcək. Məktəblilər zona mərhələsində gündəlik görülən işlər, təcrübələrin gedişatı, əldə etdikləri nəticələr barədə təqdimatlarla çıxış edəcəklər. Mövsümə uyğun olaraq, yetişdirilən ənənəvi bitki sortları və heyvan cinslərindən ibarət ən yaxşı nümunələr oktyabr ayında keçiriləcək “Ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı məhsulları”nın yekun sərgisində nümayiş olunacaq. Müsabiqənin keçirilməsində əsas məqsəd aqrobiomüxtəlifliyin qorunması, ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı məhsullarının əldə edilməsində məktəblilərin fəal iştirakını təmin etmək, ekoloji təmiz bitki sortlarının becərilməsi, yerli heyvan cinslərinin qorunub saxlanması, kənd təsərrüfatı məhsullarının öyrənilməsi və mühafizəsinə dair şagirdlərin maarifləndirilməsindən ibarətdir.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı