Azərbaycan dili və ədəbiyyatı, Tarix və Coğrafiya fənləri üzrə Respublika fənn olimpiadalarının qaliblərinin siyahısı.
Azərbaycan dili və ədəbiyyatı - IX sinif Azərbaycan dili və ədəbiyyatı - X-XI sinif Tarix - IX sinif Tarix - X-XI sinif Coğrafiya - IX sinif Coğrafiya - X-XI sinif
30/04/2016 12:45
"Olympic Moves” proqramının bağlanış mərasimi keçirilib
Aprelin 29-da Bakı İdman Sarayında Beynəlxalq Olimpiya Komitəsinin və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkəti, Milli Olimpiya Komitəsi (MOK), Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Olympic Moves” məktəblilərin kütləvi idman proqramının final mərhələsinin bağlanış mərasimi keçirilib. İlk olaraq badminton və basketbol üzrə yarışların final oyunları baş tutub. Badminton üzrə keçirilən qarşılaşmalarda finala Xətai rayonunun 260 və Suraxanı rayonunun 104 nömrəli orta məktəbləri vəsiqə qazanıb. Daha yaxşı çıxış edən 104 nömrəli məktəb çempion adına layiq görülüb. Binəqədi rayonunun 244 nömrəli orta məktəbi isə 3-cü pillədə qərarlaşıb. Basketbol idman növü üzrə isə finalda Nərimanov rayonunun 200 nömrəli orta məktəbi Nizami rayonunun 220 nömrəli orta məktəbi ilə qarşılaşıb. Görüşün nəticəsinə görə, 200 nömrəli məktəb 1-ci yeri tutub. Yarışda 3-cü yerə isə Xətai rayonunun 17 nömrəli orta məktəbi layiq görülüb. Qalib komandalar MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov və “Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə ictimaiyyətlə əlaqələr və kommunikasiya direktoru Oleq Piletski tərəfindən mükafatlandırılıb. Bağlanış mərasimində komandaları 1 500-dən çox izləyici dəstəkləyib. Qeyd edək ki, “Olympic Moves” proqramının əsas məqsədi “Bakı 2015” Birinci Avropa Oyunlarının sosial və idman irsini davam etdirərək, məktəblilər arasında yüngül atletika, velosiped idmanı, basketbol 3x3 və badminton idman növləri üzrə şagirdləri sağlam və aktiv həyat tərzinə cəlb etmək, həmçinin olimpiya dəyərlərinin təşviqindən ibarətdir.
29/04/2016 17:51
AMEA-nın illik ümumi yığıncağı keçirilib
Aprelin 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan illik ümumi yığıncağı keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Baş nazirin müavini Elçin Əfəndiyev, təhsil naziri Mikayıl Cabbarov, AMEA-nın həqiqi və müxbir üzvləri, ali məktəblərin rəhbərləri, dövlət və ictimai təşkilatların nümayəndələri iştirak ediblər. Əvvəlcə iştirakçılar akademiyanın elmi müəssisə və təşkilatlarının 2015-ci ildəki fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar. İclasda AMEA-nın prezidenti Akif Əlizadə rəhbərlik etdiyi qurumun illik fəaliyyəti ilə bağlı çıxışında akademiyanın 2015-ci ildə dövlətimizin başçısının elmə dair qərarlarını rəhbər tutaraq uğurla fəaliyyət göstərdiyini bildirib, elmi fəaliyyətin yeni meyarlarla təşkili və idarə edilməsi, elmi infrastrukturun müasirləşdirilməsi və qabaqcıl texnologiyaların tətbiqini həyata keçirilən islahatların əsas prinsipi kimi göstərib. Sonra AMEA rəyasət heyətinin 2015-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat məruzələri dinlənilib. Təhsil naziri Mikayıl Cabbarov belə bir müzakirə çərçivəsində Azərbaycan elminin son illər ərzindəki inkişaf yoluna bir daha nəzər salmağın, bu sahədəki uğur və problemlərimizi diqqətdən keçirməyin əhəmiyyətli olduğunu bildirib. Nazir qeyd edib ki, ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı olan ölkə Prezidenti cənab İlham Əliyev elm və təhsilin inkişafını həmişə diqqət mərkəzində saxlayıb, bu sahənin inkişafı ilə bağlı bir sıra fərman və sərəncamlar imzalayıblar. M.Cabbarov deyib ki, “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” elmi tədqiqatların prioritetlərinin dünya elminin inkişaf istiqamətlərinə və ölkənin mühüm ictimai-mədəni məsələlərinin həllinə uyğun müəyyənləşdirilməsinə, biliklərə əsaslanan yeni tipli iqtisadiyyatın formalaşdırılmasına, elm sahəsində idarəetmə sisteminin, elmi infrastrukturun modernləşdirilməsinə yönəlmiş dövlət siyasətinin əsas istiqamətlərinin məcmusudur. Nazir Elmin İnkişafı Fondunun daha aktual mövzulara dair layihələri maliyyələşdirməsi, elmi tədqiqatların elmi eksperimental bazasının möhkəmləndirilməsi, ali təhsil müəssisələrində fəaliyyət göstərən elmi müəssisələr şəbəkəsinin rasionallaşdırılması, ali məktəblərin nəzdində texnoparkların yaradılması, “Thomson Reuters” Agentliyinin bazasına daxil olan impakt-faktorlu jurnallarda daha çox məqalələrin dərc olunması, Təhsil Nazirliyi ilə “Thomson Reuters” Agentliyi arasındakı əməkdaşlıq haqqında müqaviləyə uyğun olaraq ölkəmizin 40 ali təhsil müəssisəsinin və AMEA əməkdaşlarına bu Agentliyin məhsul və xidmətlərinə, “Web of Science” platformasının bazasına çıxış imkanının verilməsi, elm sahəsində mövcud olan problemlər və digər məsələlər haqqında fikirlərini bildirib. Təhsilin keyfiyyətini təmin etmək məqsədilə görülən işlərə toxunan M.Cabbarov Təhsil Nazirliyi ilə AMEA arasında əlaqələrin günbəgün genişlənməsinin ali təhsil müəssisələrində aparılan elmi tədqiqat işlərinin əlaqələndirilməsi işinə töhfə verdiyini bildirib: “Alimlərimiz birgə tədqiqatlar üzərində çalışır, birgə konfranslar keçirilir. Təhsil Nazirliyinin dəstəyi ilə AMEA-da magistratura yaradılıb və bununla da AMEA təhsil sisteminə bir az da yaxınlaşıb. AMEA ilə Təhsil Nazirliyi birgə layihələr reallaşdırır. Bunlardan “Sabahın alimlər” Respublika Müsabiqəsi, “Elmdən təhsilə” və “Novruz mühazirələri” kimi layihələri xüsusilə qeyd etmək olar”. Daha sonra hesabat məruzələri ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb. Tədbirdə “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” və AMEA-nın adlı mükafatları sahiblərinə təqdim edilib. Ümumi yığıncaqda bir sıra elmi-təşkilati və kadr məsələlərinə də baxılıb.
29/04/2016 16:46
“Yaz həyəti” layihəsi çərçivəsində iməcilik
Aprelin 29-da “Yaz həyəti” layihəsi çərçivəsində təhsil müəssisələrində iməcilik keçirilib. Təhsil Nazirliyi və IDEA İctimai Birliyinin təşkilatçılığı, "Bir" Tələbə-Könüllü Proqramının dəstəyi ilə həyata keçirilən “Yaz həyəti” layihəsinin məqsədi şagird və tələbələr arasında ətraf mühitin qorunmasına dair maarifləndirmə işinin aparılmasıdan ibarətdir. Layihə 48 rayon və şəhər üzrə ali, ilk peşə və orta ixtisas, eləcə də ümumi təhsil müəssisələrində həyata keçirilir. Mayın 1-dək təhsil müəssisələrinə ayrılmış 12 000-ə yaxın ağac tingi tədris ocaqlarına aid həyətyanı sahədə əkiləcək. Həmçinin, "Yaz həyəti" layihəsi çərçivəsində Bakı, Gəncə və Sumqayıt şəhərlərindəki 26 ümumi təhsil müəssisəsində müsabiqə keçiriləcək. Müsabiqənin şərtlərinə uyğun olaraq, seçilmiş məktəblər pedaqoji kolektivin, şagirdlərin və tələbə-könüllülərin iştirakı ilə təhsil müəssisəsinin həyətyanı sahəsinin təmizlənməsini, yaşıllığın salınmasını, ağacların gövdəsinin əhənglənməsini həyata keçirəcəklər. Layihənin sonunda Təhsil Nazirliyi, IDEA İctimai Birliyi və "Bir" Tələbə-Könüllü Proqramının nümayəndələri tərəfindən qalib müəyyən ediləcək.
29/04/2016 16:22
"Bayrağımız dünyada daha çox tanınmağa layiqdir" - "Uğur formulu"
Təhsil Nazirliyi və Lent.az İnformasiya Agentliyinin birgə layihəsi olan və "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin qonağı Amerika Birləşmiş Ştatlarının Kolumbiya Universitetinin tələbəsi Səncər Əhmədovdur. O, Kolumbiya Universitetində mühəndislik ixtisası üzrə magistratura səviyyəsində təhsilini davam etdirir. - Xaricdə təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu? - Kolumbiya Universitetində verilən təhsildən çox məmnunam. Burada oxuduğum dövrdə nəzəri və praktik baxımdan çox şeylər öyrəndim. Dərs zamanı tədris olunan mövzular, bizə verilən tapşırıqlar, universitetin bizim üçün yaratdığı şərait, müəllim və tələbə münasibətinin professionallığı ümidlərimin tam doğrulduğunu deməyə imkan verir. - Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız? - Daha öncə Türkiyənin Orta Doğu Texniki Universitetində təhsil almışam. Orada aldığım təhsil mənim üçün möhkəm bünövrə olub. Amma daha bir fərqli ölkə və təhsil mühitini gördükdən sonra, çox istərdim ki, əvvəl oxuduğum ali məktəbdə müəllimlər tələbələri qiymət almağa yox, vacib olan məsələləri öyrənməyə həvəsləndirsinlər. Bundan əlavə, dərslərdə keçirilən mövzuların bu günümüzlə səsləşməsinə diqqət ayrılmasını istərdim. - Təhsil aldığınız ölkəyə Azərbaycanla bağlı hansı materialları aparmısınız? - Bayrağımızı gətirmişəm. Çünki bayrağımız ölkəmizin rəmzlərindən biri kimi dünyada daha çox tanınmağa və sevilməyə layiqdir. - Azərbaycan gənclərinə, ölkəmizdəki dostlarınıza və həmyaşıdlarınıza nə demək istərdiniz? - Gənclər özlərinə maraqlı olan sahələri seçsinlər və davamlı olaraq öz üzərlərində işləsinlər. Bu, hər bir gəncin layiqli uğur qazanması və yüksək səviyyəli mütəxəssis kimi yetişməsi üçün əsas şərtdir. - Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir? - Burada müəllim və tələbə münasibəti çox professional və eyni zamanda səmimidir. Müəllimlər tələbələrə lazım olan mövzunu öyrətmək üçün əllərindən gələni əsirgəmirlər. Əgər hər hansı bir tələbə istənilən mövzunu mənimsəməkdə çətinlik çəkdiyini bildirsə, müəllimlər dərhal bunu nəzərə alır və tələbəni çətinlikdən çıxarmağa, ona hər cür yardım etməyə çalışırlar. - Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı? - Mühəndislik fakültəsində tələbələrin 80-90 faizinin əcnəbi olduğunu nəzərə alsaq, burada əcnəbi və yerli tələbələr arasında heç bir fərq qoyulmur. Ümumilikdə bizə göstərilən münasibətdən çox razıyam. - Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz? -Bakalavriat təhsilimi Türkiyədə aldığım üçün Azərbaycanın ali təhsili barədə geniş məlumatım yoxdur. - Çətinlikləriniz varmı? - Xeyr, heç bir çətinliyim yoxdur. - Asudə vaxtınızda nə ilə məşğul olursunuz? - Asudə vaxtlarımda kompüter proqramlaşdırması və idmanla məşğul oluram. Lent.az
29/04/2016 15:16
Təhsil naziri Türkmənistan nümayəndə heyəti ilə görüşüb
Aprelin 27-də təhsil naziri Mikayıl Cabbarov BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak etmək üçün Bakıda səfərdə olan Türkmənistanın təhsil naziri Purli Ağamuradovla və Türkmənistan Elmlər Akademiyasının Prezidenti Meret Aşırbayevlə görüşüb. Təhsil naziri Mikayıl Cabbarov türkmənistanlı qonaqları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində təhsil sahəsində aparılan islahatlar haqqında məlumatlandırıb. Görüşdə iki ölkə arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və əməkdaşlıq perspektivləri müzakirə edilib.
29/04/2016 09:32
“Gənclərin çağırışaqədərki hazırlığı” fənni üzrə nümunə dərslər keçirilib
Aprelin 28-də Təhsil Nazirliyi və Təhsil Problemləri İnstitutunun təşkilatçılığı ilə Abşeron rayonu Xırdalan şəhər 2 və 3 nömrəli tam orta məktəblərdə “Gənclərin çağırışaqədərki hazırlığı” fənni üzrə nümunə dərsləri tədris olunub. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Azərbaycanın Milli Qəhrəmanı Zabit Quliyev, ehtiyatda olan zabitlər, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, Abşeron rayonu və Sumqayıt şəhərinin ümumi təhsil müəssisələrinin rəhbərləri, KİV nümayəndələri iştirak ediblər. “Hərb tariximiz. Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının tarixi və inkişafı” mövzusunda birinci dərs Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə keçirilib. Dərsdə Azərbaycanın tarixi torpaqlarından, sərhədlərimizdən, Silahlı Qüvvələrimizin yaranması, ordumuzun keçdiyi şanlı yol və hazırkı inkişafından danışılıb, eləcə də Silahlı Qüvvələrin strukturu, qoşun növləri və silahlı birləşmələri haqqında məlumat verilib, Azərbaycan tarixinə həsr edilmiş videoçarxlar nümayiş olunub. Xırdalan şəhər 3 nömrəli tam orta məktəbdə keçirilən dərs isə “Mühəndis maneələri” mövzusuna həsr olunub. Dərsdə mühəndis maneələrinin döyüşdə rolu, partlamayan, partlayan və kombinə mühəndis maneələri, tank və piyada əleyhinə minalar, minaların qurulması və maskalanması ilə bağlı məlumat verilib. Şagirdlərə manqanın mövqeyinin mühəndis təminatı, onun əhəmiyyəti, manqa üçün səngər və onun elementləri, daldalanacaq, döyüş texnikaları üçün səngər, mina partlayış maneələri, tank və piyada əleyhinə mina sahələri izah olunub, mövzu ilə bağlı suallar cavablandırılıb. Tədbirin ikinci hissəsində “Gənclərin çağırışaqədərki hazırlığı” fənninə həsr olunmuş “Dəyirmi masa” təşkil edilib. Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov bildirib ki, orta məktəblərdə tədris olunan bu dərslərdə şagirdlər təkcə silahlardan istifadə qaydalarını öyrənməməli, eyni zamanda vətənə bağlılığını artırmalı, onu müdafiə etmək borcunu öz üzərinə götürməlidir. O, “Gənclərin çağırışaqədərki hazırlığı” fənninin təqaüdə çıxmış zabitlər tərəfindən keçirilməsinin dərslərin keyfiyyətinin artırılmasına zəmin yaratdığını qeyd edib. Tədbirdə mövzu ilə bağlı müzakirələr aparılıb, təkliflər səsləndirilib.
28/04/2016 15:55
Cüdoçularımız Avropa kubokunda uğur qazanıb
Təhsil Nazirliyi 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq–Gənclər İdman Məktəbinin cüdoçuları Çexiyanın Teplisa şəhərində yeniyetmələr arasında Avropa kubokunda uğurla iştirak ediblər. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda idman məktəbinin yetirmələri 1 qızıl və 2 gümüş medal qazanıblar. 60 kq çəkidə mübarizə aparan cüdoçulardan İbrahim Əliyev I yerə, Elçin Hüseynov II yerə, 73 kq çəkili cüdoçular arasında isə Paşa Əliyev II yerə layiq görülüb.
28/04/2016 14:39
“U-13 Qızlar Liqası Azərbaycan Çempionatı”nın qalibi müəyyənləşib
“Təhsil” Respublika İdman Məktəbi İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin komandası “U-13 Qızlar Liqası Azərbaycan Çempionatı”nın qalibi olub. Final mərhələsinin 1-ci və 2-ci yerlər uğrunda qarşılaşmasında “Təhsil” RİM İOEUG Futbol Məktəbinin qızlardan ibarət U-13 komandası İsmayıllının “Babadağ” komandası ilə görüşüb. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb və əlavə vaxtda da qalib müəyyənləşməyib. Penaltilər seriyasında Futbol Məktəbinin komandası (3:2) hesabı ilə qələbə qazanaraq, Azərbaycan çempionu adına layiq görülüb. “U-13 Qızlar Liqası Azərbaycan Çempionatı”nda ümumilikdə 46 komanda iştirak edib.
28/04/2016 14:24
İnkişaf, müxtəliflik və dialoq naminə təhsil
BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində “Təhsil vasitəsilə zorakı ekstremizmin qarşısının alınmasına dair məqsədlər: İnkişaf, müxtəliflik və dialoq naminə təhsil” mövzusunda bölmə iclası keçirilib. İclasın moderatoru, ABŞ-ın Corc Meyson Universitetinin İslam elmləri üzrə professoru Əbdüləziz Sachedina cəmiyyətin inkişafında təhsilin rolundan, müasir dövrdə təhsil sahəsindəki çağırışlardan söz açıb, bu çağırışların əksər ölkələrdə oxşar xarakter daşıdığını diqqətə çatdırıb. O, Qlobal Bakı Forumunun səmərəli müzakirələr və fikir mübadiləsi üçün əlverişli məkan olduğunu qeyd edib. Bir sıra ölkələrdə insanların zorakı ekstremizmin qurbanına çevrildiyini söyləyən Ə.Sachedina təhsil vasitəsilə zorakı ekstremizmin qarşısının alınmasına dair məqsədlərdən söz açıb, bu istiqamətdə müxtəlif ölkələrin təcrübəsinin öyrənilməsinin, inkişaf, müxtəliflik və dialoq naminə təhsil ideyasının həyata keçirilməsi üçün səyləri birləşdirməyin vacibliyini vurğulayıb. Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov bildirib ki, təhsil qarşılıqlı anlaşma baxımından böyük əhəmiyyətə malikdir. Bu sahədə ardıcıl və qətiyyətli addımlar atmadan mədəniyyətlərarası dialoqa nail olmaq mümkün deyil. Nazir ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən islahatlardan və bu sahəyə dövlət qayğısından ətraflı söhbət açıb. Heydər Əliyev Fondu tərəfindən təhsil sahəsində çox böyük işlərin görüldüyünü vurğulayan M.Cabbarov bildirib ki, son 10 ildə minlərlə azərbaycanlı gənc dünyanın ən yaxşı universitetlərində təhsil almağa göndərilib. Ölkəmizdə təxminən dörd min xarici tələbə təhsil alır. Bu, təkcə təhsilə deyil, həm də mədəniyyətlərarası dialoqa, dəyərlərin mübadiləsinə töhfə verir. Qızların təhsili də çox vacib məsələdir. Təxminən yüz il əvvəl azərbaycanlı milyonçu, messenat Hacı Zeynalabdin Tağıyev Bakıda ilk qızlar məktəbini tikdirib. O deyirdi ki, bir oğlana təhsil verməklə təhsilli bir insan, bir qıza təhsil verməklə təhsilli bir ailə qazanırsınız. İnanırıq ki, təhsilli gənc yaxşı valideyn, vətəninə xidmət edən yaxşı əsgər olacaq. Hər şeydən əvvəl isə millətinin gələcəyi üçün düzgün qərarlar verə bilən vətəndaş olacaq. AFS Mədəniyyətlərarası Proqramının baş icraçı direktoru Vinçenso Morlini bu proqramın əhəmiyyətindən, onun gənclər üçün yaratdığı imkanlardan danışıb. Bildirib ki, AFS Proqramı təhsil metodologiyası əsasında hazırlanıb və tələbələrə təhsil təcrübələrini dünyada yaymaq imkanı verir. Proqram müddətində müsbət dəyişikliklərə nail olunduğunu söyləyən V.Morlini deyib ki, təhsil ən güclü silahdır. Biz bu silahla dünyanı dəyişə, Yer üzündə sülhü bərqərar edə bilərik. İspaniya Xarici İşlər Nazirliyində Sivilizasiyalar Alyansının səfiri xanım Belen Alfaro Hermandez Bakı Forumunun yüksək səviyyədə təşkili üçün Azərbaycan hökumətinə təşəkkürünü bildirib. Oxşar problemlərin mövcudluğunu və səmərəliliyin artırılmasına olan ehtiyacı nəzərə alaraq, müxtəlif ölkələrin təhsil islahatları sahəsində təcrübəsinin öyrənilməsinin əhəmiyyətindən bəhs edən ispaniyalı qonaq deyib ki, təhsil sahəsində ən yaxşı təcrübələrdən ibarət məlumat kitabçası çap olunmalıdır. Sivilizasiyalar Alyansı bunu həyata keçirə bilər. Bu təcrübələr çox sadə, lakin olduqca əhəmiyyətlidir və bunun üçün maliyyə vəsaiti tələb edilmir. Belen Alfaro Hermandez qeyd edib ki, bu gün təhsildə vətəndaşların iştirakı çatışmır. Biz vətəndaşları dialoqa dəvət etməliyik. Bu yolla ekstremizmin qarşısını almaq mümkündür. İnsan İnkişafı üzrə Beynəlxalq İnstitutun prezidenti xanım Emna Jeblaoui qeyd edib ki, biz cəmiyyətdə yeniyetmələrdən ibarət qrupların olduğunu bilirik. Onlar çox vaxt zorakı ekstremizmə meyil edirlər. Bu problemin həll olunması, yeniyetmələrin cəmiyyətə inteqrasiyası üçün proqramlar hazırlanmalıdır. Tanenbaum Dinlərarası Anlaşma Mərkəzinin baş icraçı direktorunun müavini Mark Faulerdeyib ki, biz dini reallıq kimi təqdim edirik. Bu, insanların seçimidir və əsrlər boyu davam etdirilib. Lakin bu seçimin qorxulu tərəfləri də var. İnsanlar dini etiqadlarına görə daim qorxu keçirirlər. İşdən qovulacaqlarını, təhdid olunacaqlarını düşünürlər. Zənnimcə, biz hər şeydən öncə, özümüzü dərk etməliyik. Məktəblərdə din haqqında, ekstremizm, zorakılıq barədə düzgün məlumatlar verilməlidir. İndoneziyanın Qaca Mada Universitetinin Dinlər və Mədəniyyətlərarası Elmlər Mərkəzinin icraçı direktoru Zainal Abidin Bagir belə mötəbər tədbirə dəvət olunduğu üçün minnətdarlığını bildirib, Forumun panel iclaslarında çox əhəmiyyətli məsələlərin müzakirə edildiyini söyləyib. O, təhsil vasitəsilə ekstremizmin qarşısının alınmasının mümkünlüyünü qeyd edərək vurğulayıb ki, məktəblərdə bununla bağlı vacib mövzuları tədris etməklə nailiyyət qazanmaq olar. Mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb. AZƏRTAC
28/04/2016 09:36
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı