Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məktəblilər arasında Respublika şahmat festivalı

Aprelin 26-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş Respublika şahmat festivalının II mərhələsinə start verilib. Bakı şəhərindəki 12 saylı məktəbdə keçirilən festivala şahmat fənni tədris olunan pilot ümumi təhsil məktəblərinin şagirdləri qatılıb. Festivalın II mərhələsində I mərhələdə - rayondaxili yarışlarda I yeri tutan komandalar iştirak edir. Ümumilikdə, 63 komanda üzrə 400 nəfərə yaxın şagird final mərhələsində mübarizə aparacaq. Festivalın şəxsi və komanda xarakterli final mərhələsində II-IV sinif şagirdlərindən ibarət 6 nəfərlik (3 oğlan və 3 qız) komandalar iştirak edir. 9 turdan ibarət olan final mərhələsinə mayın 2-də yekun vurulacaq.

“Uşaqlar gələcəyimizin sığortasıdır” adlı sosial layihəyə start verilib

Təhsil Nazirliyinin dəstəyi, AXA MBASK sığorta şirkətinin təşəbbüsü ilə “Məktəb icmaları” layihəsi çərçivəsində Gəncə, Şəki, Lənkəran və Quba şəhərlərində “Uşaqlar gələcəyimizin sığortasıdır” adlı sosial layihəyə start verilib. “Uşaqlar gələcəyimizin sığortasıdır” layihəsi üçün “Məktəb icmaları”nın rəsmi saytında (www.community.az) müxtəlif mövzularda olan təlimlər üzrə müəllim, valideyn və şagirdlər arasında sorğu keçirilib. Sorğunun nəticələrinə əsasən, “Atam, anam və mən: bir-birimizi necə başa düşə bilərik?” və “Uşaqlarda davranış problemləri”  adlı aktual mövzular seçilib. Təlimlərdə 2000-dən çox valideyn, şagird və müəllimin iştirakı nəzərdə tutulub. Layihənin və təlimlərin əsas məqsədi valideynlərlə uşaqlar arasında effektiv ünsiyyət bacarıqlarının artırılması, aqressivlik, həyəcanlılıq, yalan danışma və digər davranış problemlərinin aradan qaldırılması, uşaqların fərdi xüsusiyyətlərindən asılı olaraq düzgün tərbiyə üsullarının və konstruktiv qarşılıqlı təsiretmə yollarının açıqlanmasıdır. Layihə çərçivəsində professional psixoloqlar tərəfindən 45 təlim keçiriləcək. Qeyd edək ki, “Məktəb icmaları”nın əsas məqsədi şagirdlər, valideynlər və müəllimlər arasında ünsiyyət qurmaqdan, hər bir uşağın hərtərəfli inkişafı üçün şərait yaradaraq, tədrisin səmərəliyinin artırılmasından ibarətdir. AXA MBASK sığorta üzrə dünya lideri AXA Qrupunun bir hissəsi olaraq, daima öz fəaliyyətini cəmiyyət qarşısında ictimai məsuliyyətinin bir hissəsi kimi vurğulayır. Şirkət belə layihələrin uşaq və gənclərin hərtərəfli dünyagörüşə malik vətəndaş kimi yetişdirilməsinə xidmət edəcəyinə ümid bəsləyir.

Təhsil naziri Fransa Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə dövlət katibi ilə görüşüb

Aprelin 26-da təhsil naziri Mikayıl Cabbarov BMT-nin Sivilizasiyalar Alyansının yeddinci Qlobal Forumunda iştirak etmək üçün Azərbaycana səfər edən Fransa Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə dövlət katibi Arlem Dezir ilə birlikdə Bakı Fransız liseyini ziyarət edib, liseyin pedaqoji heyəti və şagirdləri ilə görüşüb. Görüşdə Azərbaycan-Fransa arasında təhsil sahəsində görülən işlər və əməkdaşlıq istiqamətləri müzakirə olunub. Bakı Fransız Liseyi Azərbaycan və Fransa hökumətləri arasında bağlanmış “Azərbaycan Respublikasında Fransız Məktəbinin yaradılması və fəaliyyəti haqqında Saziş” əsasında yaradılıb. Təhsil kompleksinin təməli 2011-ci ilin oktyabrında Fransanın sabiq Prezidenti Nikola Sarkozinin Bakıya rəsmi səfəri çərçivəsində qoyulub. 11 may 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ölkəmizdə rəsmi səfərdə olan Fransa Respublikasının Prezidenti Fransua Olland Bakı Fransız Liseyində aparılan tikinti işləri ilə tanış olublar. 12 sentyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Fransız Liseyinin rəsmi açılış mərasimində iştirak ediblər.  

Futzal üzrə Respublika birinciliyi çərçivəsində növbəti yarışlar keçirilib

Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal üzrə Respublika birinciliyi davam edir. 40-a yaxın komandanın qatıldığı Respublika birinciliyi AFFA, Azərbaycan Tələbə Futbol Federasiyasının təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirlikləri, Futzal Futbol Federasiyasının dəstəyi ilə keçirilir. Çempionat çərçivəsində növbəti oyun Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Əmək və Sosial Münasibətlər Akademiyasının tələbələri arasında keçirilib. Yarış 9:1 hesabı ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti komandasının qələbəsi ilə başa çatıb. Xəzər Universiteti və Azərbaycan Dillər Universitetinin komandaları arasındakı oyun da gərgin mübarizə şəraitində keçib. Azərbaycan Dillər Universiteti 6:4 hesabı ilə rəqibinə qalib gəlib. Azərbaycan Kooperasiya Universiteti və  Azərbaycan Texniki Universiteti komandaları arasında keçirilən oyun 4:1 hesabı ilə başa çatıb. Qalib komanda Azərbaycan Texniki Universiteti olub. Günün sonuncu oyunu isə Azərbaycan Maliyyə İqtisad Kolleci və Bakı Neft-Energetika Kollecinin komandaları arasında keçirilib. Yarışda 6:4 hesabı ilə Bakı Neft-Energetika Kolleci qələbə qazanıb.

Təhsil naziri YUNESKO-nun Baş direktorunun təhsil üzrə müavini ilə görüşüb

Aprelin 26-da təhsil naziri Mikayıl Cabbarov BMT-nin Sivilizasiyalar Alyansının yeddinci Qlobal Forumunda iştirak etmək üçün Azərbaycana səfər edən YUNESKO-nun Baş direktorunun təhsil üzrə müavini Qian Tanq ilə görüşüb. Görüşdə Azərbaycan və YUNESKO arasında əməkdaşlığın mövcud vəziyyəti müzakirə edilib, Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun bu  əməkdaşlığa verdiyi dəstək xüsusi vurğulanıb. Müzakirələr zamanı Q.Tanq tərəfindən Azərbaycanda Peşə Təhsili Agentliyinin yaradılması yüksək qiymətləndirilib. Eyni zamanda, görüşdə təhsilin ekstremizmlə mübarizədə rolu barədə danışılıb. Daha sonra tərəflər Azərbaycan və YUNESKO arasında təhsil sahəsində əlaqələrin cari vəziyyətini və inkişafı perspektivlərini müzakirə ediblər.

“Gənclərin çağırışaqədərki hazırlığı” fənni üzrə nümunə dərslər

Aprelin 28-də Təhsil Nazirliyi və Təhsil Problemləri İnstitutunun təşkilatçılığı ilə Abşeron rayonu Xırdalan şəhər 2 və 3 nömrəli tam orta məktəblərdə “Gənclərin çağırışaqədərki hazırlığı” fənni üzrə nümunə dərsləri tədris olunacaq. “Hərb tariximiz. Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının tarixi və inkişafı” mövzusunda birinci dərs Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə, “Mühəndis maneələri” mövzusunda ikinci dərs isə Xırdalan şəhər 3 nömrəli tam orta məktəbdə keçiriləcək. Sonra 3 nömrəli tam orta məktəbdə “Gənclərin çağırışaqədərki hazırlığı” fənninə həsr olunmuş “Dəyirmi masa” təşkil ediləcək. Tədbirdə Abşeron rayonunun ümumi təhsil məktəblərinin direktorları, hərbi rəhbərlər, Abşeron Rayon İcra Hakimiyyətinin, Sumqayıt şəhərinin ümumi təhsil məktəblərinin və digər qurumların nümayəndələri iştirak edəcəklər.

“Formula 1” Avropa Qran-Prisinə həsr olunmuş yarış

Bakı şəhərində keçiriləcək “Formula 1” Avropa Qran-Prisinin məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri davam edir.     Təhsil Nazirliyinin dəstəyi, müvafiq federasiyaların tərəfdaşlığı və “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə reallaşdırılan yarışın ilk günündə Qaradağ, Xətai, Nəsimi, Yasamal, Nərimanov rayonlarının ümumi təhsil məktəbləri arasında basketbol, atletika və veloidman üzrə qarşılaşmalar baş tutub. Hər rayon üzrə birinci yeri tutan komanda final mərhələsinə vəsiqə qazanıb.

“Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsi üzrə müsabiqə davam edir

Təhsil Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, təhsil sahəsində insan resurslarının inkişaf etdirilməsi və müasirləşdirilməsi məqsədilə mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir. Belə ki, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən icra olunan “Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsi çərçivəsində  təhsil sahəsində işləyən və ya gələcəkdə bu sahədə çalışmaq istəyən şəxslərin Təhsil Nazirliyi və Bakı şəhəri üzrə nazirliyə tabe qurumlarda bir il müddətinə təcrübə proqramı və təlimlərə cəlb olunması məqsədilə müsabiqə elan edilib. Müsabiqənin I mərhələsinin nəticələrinə əsasən, 550 nəfər namizəd növbəti mərhələdə iştirak etmək hüququ qazanıb. Bu mərhələdə 1 saat ərzində 30 sual təqdim olunmaqla namizədlərin məntiqi düşüncə bacarıqları qiymətləndiriləcək. 30 aprel 2016-cı il tarixində keçirilməsi nəzərdə tutulmuş müsabiqənin yeri və saatı haqqında məlumat hər bir namizədin şəxsi səhifəsinə göndəriləcək. Qeyd edək ki, sonuncu–müsahibə mərhələsindən uğurla keçən şəxslər müəyyən edilmiş aylıq əməkhaqqını almaqla, Təhsil Nazirliyi və Bakı şəhəri üzrə nazirliyə tabe qurumlarda 1 il ərzində təcrübə keçmək, eləcə də təlimlərdə iştirak etmək imkanı qazanacaqlar.

Respublika fənn olimpiadalarının final mərhələsi keçirilib

Aprelin 23-də Fizika, riyaziyyat və informatika təmayüllü liseydə Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix fənləri üzrə Respublika fənn olimpiadalarının final mərhələsi keçirilib. Final mərhələsində 450-yə yaxın məktəbli iştirak edib və onlara  açıq tipli suallar təqdim olunub. Fənlərdən asılı olaraq, təqdim edilən tapşırıqlara 3 və ya 4 saat ərzində cavab verilməsi tələb olunub. İmtahandan çıxan şagirdlərə sualların düzgün həlləri və cavabları təqdim edilib.    Respublika fənn olimpiadalarının münsiflər heyəti şagirdlərin yazı işlərini yoxlayacaq  və nəticələr həmin gün elan olunacaq. Nəticəsindən narazı olan şagirdlərə aprelin 24-də münsiflər heyəti ilə müzakirə aparmaq imkanı veriləcək.     Qeyd edək ki, Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi yanvarın 17-də keçirilib. Birinci mərhələdə riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə 27500 IX, X və XI sinif şagirdi iştirak edib. Olimpiadanın yarımfinal turunda isə 4500-ə yaxın şagird öz bilik və bacarığını nümayiş etdirib. Fənn olimpiadalarının final mərhələsində dəqiq fənlər üzrə 271 şagird iştirak edib.

Məktəbdə multikulturalizm təlimi

“Multikulturalizm ili” çərçivəsində Bakının ümumi təhsil müəssisələrində "Biz hamımız insanıq və hamımız eyniyik" mövzusunda interaktiv təlimləri davam edir. Növbəti təlim Bakı şəhəri 138 nömrəli tam orta məktəbin inklüziv təhsil siniflərində keçirilib. Tədbirdə Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Birliyinin, Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər. Təlimlərin əsas məqsədi Azərbaycanda tolerantlıq və multikulturalizmlə bağlı məktəblilərə məlumat vermək, etnik, dini, irqi, mədəni mənsubiyyətindən asılı olmayaraq bütün xalqların, etnik qrupların sülh şəraitində yaşamalarının vacibliyini göstərməkdir. Tədbirdə bildirilib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Ölkəmizdə yaşayan dini azlıqların dilinin, dininin və mədəniyyətinin inkişafına dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Qeyd olunub ki, xalqımız əsrlər boyu tolerantlıq və dünyəvilik ənənələrini qoruyub saxlayıb, ölkəmizdəki tolerantlıq mühiti dünyaya nümunə olub. Təlimçilər çoxəsrlik ənənələrə malik tolerantlıq mühiti, müxtəlif etnik qruplar və dinlər arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri haqqında məlumat veriblər. İnteraktiv formada keçirilən təlimdə “Biz hamımız insanıq və hamımız eyniyik”, “Mənim multikultural Azərbaycanım” mövzularında təlimçilər və öz qruplarını təqdim edən gənc liderlər təqdimatlar etdilər. Bildirilib ki,  layihə çərçivəsində multikulturalizmlə və tolerantlıqla bağlı esse, şeir, mahnı və rəsm  müsabiqələri keçiriləcək.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı