Təhsil naziri Moldova Respublikasının səfirini qəbul edib
Mayın 3-də təhsil naziri Mikayıl Cabbarov Moldova Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri George Leukanı qəbul edib. Görüş zamanı ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və əməkdaşlıq perspektivləri müzakirə olunub.
04/05/2016 09:24
Müəllimlərin yerdəyişməsi üzrə müsabiqə
Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə (daimi əsaslarla) işləyən müəllimlərin yerdəyişməsi üzrə müsabiqə elan edib. Müsabiqə 3 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) ibarətdir. Müsabiqədə iştirak etmək istəyən müəllimlər 3-10 may 2016-cı il tarixlərində www.miq.edu.az/baku səhifəsi vasitəsilə elektron qaydada qeydiyyatdan keçə bilərlər. ELAN
03/05/2016 16:02
“Təbiətin sehrli rəngləri” adlı rəsm sərgisi keçirilib
Mayın 2-də Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin Təsviri Sənət Qalereyasında “Təbiətin sehrli rəngləri” adlı sərginin açılış mərasimi keçirilib. Sərginin keçirilməsində əsas məqsəd tədris ili ərzində görülən işlərin yekun hesabatını təqdim etməkdən, təbiət və onun mühafizəsi mövzusunun təbliğindən ibarətdir. Heyvanların yaşayış tərzi və mühafizəsinə dair maarifləndirmə, insan fəaliyyəti nəticəsində ətraf mühitə dəyən ziyanı göstərmək, həmçinin, bütün dünyada qeyd olunan Quşların Mühafizəsi Günü, Beynəlxalq Yer Günü, Ətraf Mühitin Mühafizəsi Günü, Ağac Günü kimi ekoloji tədbirlərə şagirdlərin diqqətini yönəltmək də sərginin əsas hədəfləri sırasındadır. Sərgidə 5-16 yaş uşaq və gənclərin rəngkarlıq, qrafika, aplikasiya, kollaj, vitraj və ipək parça üzərində rəsm – batika texnikalarında işlədikləri 140-a yaxın rəsm və əl işləri nümayiş olunub. Batika texnikasında yaradılmış quşların təsviri dərnək üzvlərinin geyimlərində nümayiş etdirilib. Sərgidə rəsm və əl işləri ilə yanaşı dərnək üzvlərinin iştirakı ilə sərginin mövzusunu əhatə edən intellektual və əyləncəli oyunlar, musiqili proqram da təqdim olunub. Sərgi iştirakçıları müxtəlif hədiyyələr və diplomlarla təltif olunublar.
03/05/2016 14:20
Respublika şahmat festivalının qalibləri təltif olunub
Ümumilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş Respublika şahmat festivalı başa çatıb. Təhsil Nazirliyinin dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə şahmat fənni tədris olunan pilot ümumi təhsil məktəblərinin şagirdləri arasında keçirilən festivalda 400-ə qədər şagird mübarizə aparıb. Festivalda komanda yarışları üzrə 1-ci yeri Ucar rayonu, 2-ci yeri Bakı şəhəri Nərimanov rayonu, 3-cü yeri isə Mingəçevir şəhərinin komandası tutub. Festivalın komanda, sinif və şəxsi yarışlar üzrə qalibləri Təhsil Nazirliyi tərəfindən diplom və qiymətli hədiyyələrlə təltif olunub.
03/05/2016 13:03
Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix fənləri üzrə Naxçıvan MR –dən olan Respublika fənn olimpiadası qaliblərinin siyahısı
Azərbaycan dili və ədəbiyyatı Tarix Coğrafiya
03/05/2016 11:55
Aprel ayında Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 16075 müraciət daxil olub
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2016-cı ilin aprel ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Qeyd olunan müddət ərzində 16075 müraciət qəbul edilib. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 11701 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 15,2 dəfə çox, 2014-cü il ilə müqayisədə 3 dəfə çox, 2015-ci il ilə müqayisədə isə 1,6 dəfə çox) daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 4374 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1428 sənəd (794 məktub, 474 ərizə, 160 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlərdə daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin işə qəbulu və yerdəyişməsi, ümumi təhsil məktəblərinin 1-ci siniflərinə qəbul, yerli ali təhsil müəssisələrinə köçürülmə və bərpa olunma, təhsil haqqından azad edilmə ilə bağlı məsələlər əksini tapıb. Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin cümə (2669 zəng) və bazar ertəsi (2350 zəng) günləri, əsasən, saat 10:00-dan 12:30-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin cümə (1014 müraciət) və bazar ertəsi (975 müraciət) günləri, əsasən, saat 11:00-dan 13:00-dək və 14:00-dan 15:00-dək müraciət edilib.
03/05/2016 11:01
Təhsil naziri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiqi qəbul edib
Mayın 2-də təhsil naziri Mikayıl Cabbarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiqi Azərbaycandakı fəaliyyətinin sona çatması münasibətilə qəbul edib. Görüşdə Azərbaycanla Böyük Britaniya arasında təhsil sahəsində görülmüş işlər və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub. M.Cabbarov təhsil sahəsində qarşılıqlı əlaqələrin səviyyəsindən məmnunluğunu ifadə edərək, Təhsil Nazirliyinin bu əməkdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb.
03/05/2016 10:42
Təhsil naziri Latviya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirini qəbul edib
Mayın 2-də təhsil naziri Mikayıl Cabbarov Latviya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Yuris Maklakovsı qəbul edib. Görüş zamanı ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun əməkdaşlıq perspektivləri müzakirə olunub.
03/05/2016 10:14
Müsabiqənin II mərhələsi başa çatıb
Aprelin 30-da “Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsi çərçivəsində keçirilən müsabiqənin II mərhələsində namizədlərin məntiqi düşüncə bacarıqları qiymətləndirilib. Bu mərhələdə iştirak etmək hüququ qazanmış 550 nəfər 1 saat ərzində 30 sualı cavablandırıb. Sonuncu–müsahibə mərhələsindən uğurla keçən namizədlər müəyyən edilmiş aylıq əməkhaqqını almaqla, Təhsil Nazirliyi və Bakı şəhəri üzrə nazirliyə tabe qurumlarda 1 il ərzində təcrübə keçmək, eləcə də təlimlərdə iştirak etmək imkanı qazanacaqlar. Qeyd edək ki, Təhsil Nazirliyi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, təhsil sahəsində insan resurslarının inkişaf etdirilməsi və müasirləşdirilməsi məqsədilə mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir. Bu baxımdan Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən icra olunan “Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsi çərçivəsində təhsil sahəsində işləyən və ya gələcəkdə bu sahədə çalışmaq istəyən şəxslərin Təhsil Nazirliyi və Bakı şəhəri üzrə nazirliyə tabe qurumlarda bir il müddətinə təcrübə proqramı və təlimlərə cəlb olunması məqsədilə elan edilmiş müsabiqə də xüsusi maraqla qarşılanıb.
02/05/2016 11:42
“Ədəbiyyat biliciləri” müsabiqəsinin ölkə mərhələsi keçirilib
Aprelin 30-da Bakıdakı akademik Zərifə Əliyeva adına liseydə “Ədəbiyyat biliciləri” müsabiqəsinin ölkə mərhələsi keçirilib. Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb qiymətləndirməkdir. Bu mərhələdə iştirakçılar 3 variantda təklif olunmuş mövzulardan birini seçərək, inşa yazıb və 10 sualı yazılı cavablandırıblar. Şagirdlərin yazı işləri Təhsil Nazirlyinin əmri ilə yaradılan münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Yekunda ölkə mərhələsinin iştirakçıları arasından qaliblər seçilərək I, II, III və həvəsləndirici yerlərə layiq görüləcək. Qaliblər diplom, tərifnamə və qiymətli hədiyyələrlə təltif olunacaqlar. Qeyd edək ki, ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri” müsabiqəsi Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən keçirilir. Bu müsabiqə həmçinin, Təhsil Nazirliyinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” əmrində nəzərdə tutulan vəzifələrin icrasına xidmət edir. “Ədəbiyyat biliciləri” müsabiqəsi 3 mərhələdə təşkil olunub. Müsabiqənin məktəb mərhələsində bölgələr üzrə 25 minə yaxın şagird iştirak edib. Onların arasından fərqlənən 4 037 nəfər şagird rayon (şəhər) mərhələsində iştirak etmək hüququ qazanıb. Müsabiqənin rayon (şəhər) mərhələsi mart ayında yekunlaşıb və 93 şagird ölkə mərhələsinə çıxıb. Onlardan 15 nəfəri VIII, 25 nəfəri IX, 26 nəfəri X, 27 nəfəri XI sinif şagirdidir.
30/04/2016 14:27
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı