Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Ceyranları qoruyaq!” məktəblilərin ekoloji yay düşərgəsi

İyulun 6-dan 8-dək Gəncə şəhərində “Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə qaytarılması” proqramı çərçivəsində “Ceyranları qoruyaq!” adlı ekoloji yay düşərgəsi təşkil olunub. IDEA İctimai Birliyi, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin birgə əməkdaşlığı ilə təşkil edilən düşərgədə Şəki, Goranboy, Qax və  Samux rayonlarından 30 şagird iştirak edib. Düşərgənin təşkil olunmasının əsas məqsədi ceyranların reintroduksiya edildiyi ərazilərdə yaşayan gənc nəsli bu növ barədə maarifləndirməkdir. Düşərgədə Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin əməkdaşları tərəfindən hazırlanmış ekoloji maarifləndirmə proqramı üzrə seminar və müzakirələr təşkil edilib. Məktəblilərə ceyranların Azərbaycanda məskunlaşdığı tarixi ərazilər, bu növün həyat tərzi, təbiətdə rolu, tükənməsi səbəbləri, reintroduksiyası və qorunması haqqında ətraflı məlumat verilib. Hacıkəndə və Göygöl Milli Parkına təşkil edilən ekskursiyalar zamanı düşərgə iştirakçıları praktik məşğələlərdə təbiətdə ekosistem əlaqələrini  və biomüxtəlifliyi öyrənmək məqsədilə ekoloji tədqiqatlar aparıb, meşədə təhlükəsizlik qaydalarına riayət edərək istiqaməti və müxtəlif heyvanların izlərini təyin edib, ceyranların həyat tərzi haqqında videofilmlərlə tanış olublar. “Qafqazın böyük beşliyi: ceyran – təbiətin bəzəyidir” mövzusunda aparılan  müzakirələrdə iştirak edən şagirdlər əhalinin müxtəlif sosial qruplarının təbii sərvətlərə münasibətindən danışıblar. Sonda düşərgə iştirakçılarına və fəal məktəblilərə təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim olunub.

Təhsil naziri Qax şəhərində vətəndaşları qəbul edəcək

Balakən, Qax, Zaqatala, Qəbələ, Oğuz və Şəki rayon sakinlərinin nəzərinə! Təhsil naziri Mikayıl Cabbarov 19 iyul 2016-cı il tarixində saat 11:00-da Qax şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Balakən, Qax, Zaqatala, Qəbələ, Oğuz və Şəki rayon sakinlərini qəbul edəcək. Qəbulda Balakən, Qax, Zaqatala, Qəbələ, Oğuz və Şəki rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 11, 12, 13, 14, 15 iyul 2016-cı il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

“Sərhədsiz diplomatiya”layihəsinin iştirakçıları Yaponiyada səfərdə olub

“Dünya  uşaqların  gözü  ilə” proqramı çərçivəsində “Sərhədsiz  diplomatiya” (“World Wide Diplomacy“) uşaq  diplomatiyası  layihəsinin  iştirakçıları Yaponiyada səfərdə olublar.  Səfərdə Bakı Avropa Liseyinin  şagirdləri  Cahangir Məmmədli, Səidə  Tağızadə  və Səmilə Tağızadə  iştirak edib. Yaponiyanın “Tokio-Sinema”  kinokampaniyasının dəstəyi ilə təşkil edilən səfərin  məqsədi  məktəbliləri bu ölkənin mədəniyyəti adət-ənənələri ilə tanış etmək, WWD- nin  iştirakçıları ilə birlikdə film hazırlamaq olub. Səfər çərçivəsində layihə  iştirakçıları öz həmyaşıdları ilə ünsiyyət  yaradaraq   bir-birlərinin həyat  tərzini  müzakirə edib,fərqli mədəniyyətlər, adət-ənənələrlə tanış olublar. Gənc diplomatlar BMT-nin  Tokiodakı  Universitetində, eləcə də bir sıra ictimai təşkilatlarda keçirilən görüşlərdə iştirak ediblər. Qeyd edək ki, “ADA” Universitetinin tərəfdaşlığı ilə Bakı  Avropa  Liseyində həyata keçirilən beynəlxalq layihənin əsas məqsədi gənc nəslin dünyada gedən qlobal proseslərə münasibət bildirməsini, beynəlxalq ictimaiyyəti maarifləndirməsini təmin etmək, yeniyetmələrin virtual  kommunikasiya bacarıqlarını artırmaqdan ibarətdir.  Müəllim, psixoloq və valideynlərin iştirakı ilə təşkil edilən uşaq diplomatiyası layihəsi məktəblilərin öz yaşıdları, eləcə müxtəlif ölkələrin və mədəniyyətlərin nümayəndələri ilə vizual ünsiyyətə əsaslanır. Layihə virtual (dialoqlar, onlayn konfrans) şəbəkə şəklindədir.

Tərtərdə təhsil işçiləri ilə görüş keçirilib

Tərtər Rayon Mədəniyyət Mərkəzində Tərtər,Ağdam, Ağcabədi, Laçın, Füzuli, Xocavənd rayonlarının təhsil işçiləri ilə görüş keçirilib. Görüşdə təhsil nazirinin müavini Firudin Qurbanov,Nazirliyin məsul əməkdaşları, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı  Müstəqim Məmmədov, Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli, Xocavənd rayonlarının təhsil şöbələrinin müdirləri və əməkdaşları, ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin direktorları və müəllimlər iştirak edib. Görüşün məqsədi bölgələrdə çalışan təhsil işçiləri ilə sıx əlaqə yaratmaq, onların təklif, rəy və təşəbbüslərindən təhsil sahəsində həyata keçirilən islahatlar prosesində istifadə etmək, təhsil müəssisələrində tərbiyə işinin mövcud vəziyyəti və onun gücləndirilməsinin əsas istiqamətləri barədə tövsiyələr vermək olub. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib. Daha sonra Mədəniyyət Mərkəzinin foyesində rayon məktəblilərinin əl işlərini və idman sahəsində qazandığı uğurları əks etdirən sərgi ilə tanış olublar. Tədbiri giriş sözü ilə açan Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov  son illər rayonda təhsil sahəsində əldə edilən uğurlardan danışıb. Görüşdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov milli təhsil quruculuğu sahəsində əldə olunan nailiyyətlərdən, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı görülən işlərdən, Təhsil Nazirliyinin keçirdiyi islahatlardan danışıb. Nazir müavini təhsil sistemində tədrislə yanaşı, əsas diqqətin təlim-tərbiyə məsələlərinə, müəllim-sagird münasibətlərinə yönəldiyini və bu işlərin yerinə yetirilməsində müəllimlərin üzərinə böyük vəzifələr düşdüyünü qeyd edib. Firudin Qurbanov təhsil sahəsində tərbiyənin inkişaf istiqamətləri, məktəbdənkənar fəailiyyətin təşkili, təkmilləşdirilməsi, xüsusi ilə vətənpərvərlik tərbiyəsinin rolu və sağlam həyat tərzi ilə bağlı nazirliyin həyata keçirdiyi layihələri haqqında məlumat verib. Tədbirdə müvafiq rayonların təhsil işçiləri çıxış edərək təlim və tərbiyə sahəsində görülmüş işlər haqqında məlumat verib, mövcud problemlərin həlli ilə bağlı təkliflərini bildiriblər. Sonda təhsil işçilərinin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb. Daha sonra Təhsil Nazirliyinin məsul işçiləri və Tərtər rayon İcra Hakimiyyətinin nümayəndələri Tərtər rayonunda yeni tikilən şahmat məktəbinə, Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulan məktəblərə, məktəbdənkənar təhsil müəssisələrinə baxış keçirib, mövcud vəziyyətlə, problemlərlə yerində tanış olublar.

"Gənc xilasedici" IV Beynəlxalq yarışının, "Gənc xilasedici və yanğınsöndürən" V Ümumrespublika birinciliyinin yekunu

Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, UNİCEF-in Bakı ofisinin dəstəyi ilə keçirilən "Gənc xilasedici" IV Beynəlxalq yarışına və "Gənc xilasedici və yanğınsöndürən" V Ümumrespublika birinciliyinə yekun vurulub. Yarışın keçirilməsində əsas məqsəd  yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilərə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin, gənc nəslə hərbi-vətənpərvərlik ruhunun aşılanması, məktəblilər arasında sağlam həyat tərzinin təbliğindən ibarətdir. Tədbirdə fövqəladə hallar naziri Kəmaləddin Heydərov, təhsil nazirinin müavini Firidun Qurbanov,  gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov iştirak ediblər. İlk olaraq gənc xilasedicilərin nümunəvi təlim çıxışları nümayiş etdirilib. Daha sonra tədbirdə çıxış edən rəsmilər keçirilən yarışların gənclərin fövqəladə hallara qarşı mübarizədə təcrübə qazanmalarına geniş imkanlar açacağını diqqətə çatdıraraq belə tədbirlərin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Beynəlxalq yarışda birinci yeri  Azərbaycan, ikinci yeri Gürcüstan, üçüncü yeri isə Rusiya komandaları tutublar. Ümumrespublika birinciliyində isə birinci yerə Bakı şəhəri 220 nömrəli tam orta  məktəbi, ikinci yerə Yardımlı, üçüncü yerə İsmayıllı rayonunun komandaları layiq görülüblər. Qalib komandalar fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunub. Tədbirdə yarışlar haqqında videoçarx nümayiş etdirilib, bədii hissə təqdim olunub. Qeyd edək ki, “Gənc xilasedici və yanğınsöndürən” respublika və “Gənc xilasedici” beynəlxalq yarışları Azərbaycan Respublikasının Təhsil, Fövqəladə Hallar, Gənclər və İdman nazirliklərinin birgə qərarına əsasən, 2011-ci ildən başlayaraq ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilir.

"Təhsil" Respublika İdman Mərkəzinin Gəncə filialının güləşçisi Avropa çempionu olub

Rumıniyanın paytaxtı Buxarest şəhərində güləş idman növü üzrə gənclər arasında Avropa çempionatı keçirilib. Çempionata “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə filialından 2 güləşçi qatılıb. 74 kq çəkidə mübarizə aparan Murad Süleymanov ilk olaraq Yunanıstan təmsilçisinə vaxtından əvvəl qalib gəlib. Ardınca Gürcüstan və Polşa idmançılarını mübarizədən kənarlaşdıran Murad yarımfinalda Litva təmsilçisini məğlub edərək finala yüksəlib. Həlledici görüşdə güləşçimiz Rusiya təmsilçisinə də qalib gələrək Avropa çempionatının qızıl medalına yiyələnib.

“Təhsil” Respublika İdman Mərkəzinin şahmat komandası Avropa üçüncüsü olub

Yunanıstan Respublikasının Xalkidiki şəhərində məktəblilər arasında keçirilən şahmat üzrə Avropa birinciliyi başa çatıb. Yarışda Avropanın 21 ölkəsinin komandası iştirak edib və ölkəmizi birincilikdə 16 şahmatçı təmsil edib.  Maraqlı mübarizə şəraitində keçən birincilikdə “Təhsil” RİM-in Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Ziya Məmmədov 7 yaşadək oğlanlar arasında I yer, Aydın Süleymanlı 11 yaşadək oğlanlar arasında II yer, Quba Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Fərid Məlikov 13 yaşadək oğlanlar arasında III yer, Sumqayıt Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Səbinə Rzalı 13 yaşadək qızlar arasında II yer, Ucar Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Süsən Məmmədova isə 15 yaşadək qızlar arasında III yeri tutublar. Komandamız ümumilikdə Avropa birinciliyində komanda hesabında III yerə layiq görülüb.

Buraxılış imtahanlarının nəticələri ötən il ilə müqayisədə yaxşılaşıb

Dövlət İmtahan Mərkəzinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim etdiyi məlumata əsasən ölkə üzrə IX və XI siniflərin buraxılış imtahanlarının ilkin nəticələri məlum olub.  IX siniflər üzrə imtahanlarda 104476 nəfər məzun iştirak edib. Məzunların 70262 nəfəri və ya 67,3 faizi bütün fənlərdən müsbət qiymət alıb. Bu göstərici ötən ilki göstəricidən 2,7 faiz daha yaxşıdır. XI siniflər üzrə imtahanlarda 84589 nəfər məzun iştirak edib. Bu məzunların 54704 nəfəri və ya 64,7 faizi bütün fənlərdən müsbət qiymət alıb. XI sinif buraxılış imtahanları üzrə ötən ilki nəticələrlə müqayisədə əsaslı dəyişiklik qeydə alınmamışdır. Qeyd edək ki, ötən il buraxılış imtahanlarına xarici dil (və ya kimya) fənni üzrə kafi qiymət almaq üçün 6 suala doğru cavab verilməsi tələb olunurdusa, cari ildə bu tələb 7 doğru cavaba qədər artırılmışdır. IX sinif imtahanlarının nəticələri son 4 ildə davamlı olaraq yaxşılaşmaqdadır. Bütün fənlərdən müsbət qiymət alan məzunların faiz göstəricisi 2012-ci il ildə 50,3 idisə, 2016-cı ildə bu göstərici 67,3 faizə qədər yüksəlib. IX sinif buraxılış imtahanlarının nəticələrinin illər üzrə dinamikası aşağıdakı qrafikdə göstərilib. Azərbaycan Respublikasının təhsil nazirinin “Ümumi təhsil üzrə inkişafyönlü tədbirlər haqqında” əmrinə əsasən 2015-2016-cı tədris ilində Ağcabədi, Astara, Cəlilabad, Masallı, Saatlı və Sabirabad rayonlarında inkişafyönlü tədbirlər həyata keçirilib. Sevindirici haldır ki, bu rayonlar üzrə məzunların nəticələri əsaslı şəkildə yaxşılaşıb. Ötən il ilə müqayisədə hər iki fənn üzrə müsbət qiymət alanların sayında Astara rayonu üzrə 22 faiz, Ağcabədi rayonu üzrə 15 faiz, Sabirabad rayonu üzrə 14 faiz, Masallı rayonu üzrə 11 faiz, Cəlilabad və Saatlı rayonlarının hər biri üzrə 9 faiz artım müşahidə edilib. Bununla yanaşı, digər bölgələrdə də IX sinif məzunlarının nəticələri yaxşılaşıb. Belə ki, Şəmkirdə 13 faiz, Gədəbəydə 10 faiz,  Lerikdə 9 faiz, Salyanda 8 faiz, Hacıqabul, Beyləqan, İmişli, Zaqatala, və Qobustan rayonlarının hər biri üzrə 7 faiz müsbət dinamika qeydə alınıb.  Buraxılış imtahanlarında Təhsil Nazirliyinin birbaşa tabeliyində olan liseylər, özəl təhsil müəssisələri və hərbi liseylərin, həmçinin Bakı, Gəncə, Naxçıvan, Sumqayıt, Mingəçevir şəhərlərinin, o cümlədən Abşeron, Qax, Oğuz, Qubadlı, Xızı, Şahbuz, Şərur rayonlarının ümumi təhsil məktəblərinin göstəriciləri yüksək olub. Buraxılış imtahanlarının nəticələri hər il olduğu kimi, müxtəlif parametrlər üzrə təhlil ediləcək və nəticələr ictimaiyyətə çatdırılacaqdır. 

İyun ayında Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 16655 müraciət daxil olub

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2016-cı ilin iyun ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Qeyd olunan müddət ərzində 16655 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 12683 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 12,5 dəfə çox, 2014-cü il ilə müqayisədə 1,8 dəfə çox, 2015-ci il ilə müqayisədə 1,7 dəfə çox) daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 3972 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1168 sənəd (519 məktub, 476 ərizə, 173 digər sənədlər) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlərdən daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin yerdəyişməsi və işə qəbulu, ümumtəhsil məktəblərinin 1-ci siniflərinə qəbulu, yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası, təhsil haqqından azad olunması ilə bağlı məsələlər əksini tapıb. Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin cümə axşamı (2954 zəng) və çərşənbə axşamı (2769 zəng) günləri, əsasən, saat 10:00-dan 12:30-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin cümə axşamı (957 müraciət), çərşənbə axşamı (792 müraciət) və cümə (791 müraciət) günləri, əsasən, saat 10:00-dan 15:00-dək müraciət edilib.

Gəncədə “Qraffiti Festival”

Gəncə 2016-Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində Gəncə şəhərində ilk dəfə olaraq “Qraffiti Festival” keçirilib. Təhsil Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, şəhər Gənclər və İdman Baş İdarəsi və Uşaq Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən festivalda gənclər rəsm qabiliyyətlərini nümayiş etdiriblər. Festivalda “street art”  həvəskarları beton lövhələr üzərində sprey rəngləyicilərlə rəsmlər çəkiblər. Tələbə və məktəblilər Gəncə şəhərinə aid rəmzləri rəsmlərlə nümayiş etdiriblər. Festivalın keçirilməsinin əsas məqsədi məktəbli və gənclərin asudə vaxtlarının səmərəli təşkili, graffiti sənəti haqqında onları məlumatlandırmaqdır.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı