Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılıb
İyulun 1-dən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılıb. Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər. İşə qəbul üzrə müsabiqədə yalnız ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış işləməyən şəxslər, eləcə də müəssisələrdə müddətli əmək müqaviləsi ilə işləyən müəllimlər iştirak edə bilərlər. Müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir. Namizədlər vakansiya seçimini müsabiqənin test mərhələsindən sonra edə biləcəklər. Müsabiqənin hər hansı mərhələsində namizədin elektron ərizədəki məlumatları düzgün doldurmadığı müəyyən edilərsə, onun nəticələri ləğv edilir. Hər hansı bir səbəbdən göstərilən vaxtda test imtahanında və ya müsahibədə iştirak etməyənlər üçün təkrar imtahan və müsahibə keçirilmir. Qeyd edək ki, elektron ərizələrin doldurulması, test suallarının cavablandırılması qaydaları, test nümunələri və digər zəruri məlumatlar miq.edu.az saytında yerləşdirilib. Elektron ərizələrin qəbulu 1-17 iyul 2016-cı il tarixlərində aparılacaq.
01/07/2016 11:37
Təhsil naziri Mikayıl Cabbarov Fransanın nümayəndə heyətini qəbul edib
İyunun 30-da təhsil naziri Fransanın mərkəzsizləşdirmə və regionlararası əməkdaşlıq üzrə Milli Komissiyanın Baş katibi, Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin yerli hakimiyyətlərinin xarici fəaliyyəti üzrə xüsusi nümayəndəsi cənab Bertran Foru qəbul edib. Görüşdə Azərbaycan və Fransa arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun əməkdaşlıq perspektivləri müzakirə olunub. Bu kontekstdə, iki ölkənin regionları arasında əməkdaşlıq çərçivəsində təhsil komponenti ilə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda, görüşdə Azərbaycanda fransız dilinin tədrisi, Birgə Azərbaycan-Fransız Universiteti (UFAZ) layihəsi kimi məsələlərə də toxunulub.
01/07/2016 10:56
“Maarifçi” Tələbə Kredit Fondunun ilk kreditləri təqdim olunub
İyunun 30-da Təhsil Nazirliyində “Maarifçi” Tələbə Kredit Fondunun ilk kreditlərini alan tələbələrə sertifikatların təqdim olunması mərasimi keçirilib. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, “Maarifçi” Tələbə Kredit Fondunun icraçı direktoru Rüfət Mahmud, ali təhsil müəssisələrinin rəhbərləri, tələbələr, KİV nümayəndələri iştirak ediblər. Mərasim iştirakçılarını salamlayan təhsil naziri Mikayıl Cabbarov “Maarifçi” Tələbə Kredit Fondunun əhəmiyyəti barədə fikirlərini bildirib. Nazir bildirib ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılmış “Maarifçi” Tələbə Kredit Fondunun əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır. Layihənin bir sıra ali təhsil müəssisələrinin iştirakı ilə həyata keçirildiyini deyən nazir təhsil kreditlərinin tətbiq edilməsi ilə tələbələrin təhsil haqqını ödəmək baxımından yaranan çətinliklərinin aradan qalxacağını vurğulayıb. “Maarifçi” Tələbə Kredit Fondunun icraçı direktoru Rüfət Mahmud bildirib ki, fondun I sessiyası artıq başa çatıb. Bu prosesin iyunun 3-dən iyunun 25-dək davam etdiyini deyən R.Mahmud qeyd edib ki, bu müddət ərzində fonda tələbələr və valideynlərdən 300-dən artıq müraciət daxil olub. Fondun qoyduğu şərtlər çərçivəsində 55 müraciətə baxılıb. Fondun meyarlarına cavab verən 22 nəfərlə müqavilə imzalanıb. Verilən kreditlərin 10-u standart, 12-si isə güzəştlidir. Sonra təhsil naziri “Maarifçi” Tələbə Kredit Fondunun ilk təhsil krediti ayırdığı bir qrup tələbəyə müvafiq sertifikatları təqdim edib. Tanınmışların Maarifçi Kredit Fondu ilə bağlı fikirləri
30/06/2016 17:40
ADNSU-da “eazi START” startap məktəbinin ilk buraxılış festivalı keçirilib
İyunun 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) yaradılmış “eazi START” Startap məktəbinin buraxılış festivalı keçirilib. Festivalda Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, təhsil naziri Mikayıl Cabbarov, ali təhsil müəssisələrinin rəhbərləri, İsrail və Ukraynadan olan mütəxəssislər iştirak ediblər. ADNSU-nun rektoru Mustafa Babanlı çıxış edərək innovativ ideyalara söykənən Startap layihəsinin əhəmiyyətindən danışıb. Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə startap məktəbin universitetdə yeni uğurların başlanğıcı olacağını bildirib. Təhsil naziri Mikayıl Cabbarov layihənin məqsədləri və bütövlükdə təhsil sisteminə verə biləcəyi töhfələrdən danışıb. Tədbirdə qeyd olunub ki, “eazi START” startap məktəbində ideya və prototip səviyyəsində 20-yə yaxın layihə mövcuddur. Bu layihələrin ən perspektivli və rentabelli olanlarının daxili və xarici sərmayələr hesabına reallaşdırılması nəzərdə tutulur. Layihənin məqsədi Azərbaycanda startap hərəkatına töhfə vermək, gənclərin innovativ ideyalarının biznes həllini tapmasına dəstək verməkdir. Qurumun hədəflərinə yalnız Azərbaycan üçün deyil, həmçinin dünya səviyyəli layihə və məhsulları ortaya çıxarmaq da daxildir. Festivalda 15 startap layihəsi təqdim olunub. Hər bir layihə müəllifi ayrı-ayrılıqda öz ideyalarının əhəmiyyətini qeyd edib. Daha sonra qonaqlar ADNSU-da fəaliyyətdə olan İnkubasiya və Azİİ-İT Club mərkəzləri ilə tanış olublar.
30/06/2016 17:29
UNEC və Yunanıstanın Qərbi Makedoniya Texnologiya Təhsil İnstitutu arasında magistr proqramına dair anlaşma
Yunanıstanın Kastoriya şəhərində UNEC-lə Qərbi Makedoniya Texnologiya Təhsil İnstitutu (QMTTİ) arasında imzalanan birgə magistr proqramına dair mərasim keçirilib. İki ölkənin universitetləri arasında “Neft və qazın menecmenti və nəql edilməsi” üzrə birgə magistr proqramına dair imzalanan memorandum, gələcək birgə əməkdaşlığın konturlarını müəyyən edir. Əlamətdar tədbirdə çıxış edən QMTTİ-nin rektoru, professor Asimopoulos Nikolaos bildirib ki, proqramın təşkili və həyata keçirilməsi universitetlər yanaşı, hər iki ölkə arasında təhsil, elm, mədəniyyət və sosial əlaqələrin gücləndirilməsində mühüm əhəmiyyət kəsb edir. Yunanıstan Respublikasının təhsil nazirinin müavini Theodosis Pelegrinis Azərbaycanda insan resurslarının inkişafını yüksək qiymətləndirərək, əməkdaşlıq nəticəsində bu potensiladan hər iki ölkənin təhsil müəssisələrinin faydalancağını bildirib. Son illərdə ölkəmizin təhsil sistemində aparılan islahatlardan danışan Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və nostrifikasiya idarəsinin müdir müavini Samir Vəliyev bildirib ki, xaricdə təhsil təcrübəsi alan gənc professor və müəllim heyətinin təhsil prosesinə cəlb edilməsi ilə yeni mühitin yaradılmasına nail olunub. UNEC-in rektoru Ədalət Muradov çıxışında qeyd edib ki, Azərbaycan təhsil sistemi və UNEC-in tarixində ilk dəfə olaraq universitetin akademik heyəti Yunanıstanda “Neft və qazın menecmenti və nəql edilməsi” magistr proqramı üzrə xarici kadrların hazırlığını həyata keçirməkdədir. UNEC ilk dəfə olaraq, Yunanıstan Təhsil Nazirliyinin “Akademik ad və məlumatların tanınması üzrə təşkilatı” tərəfindən bu ölkənin ali təhsil müəssisələrinə ekvivalent universitet statusu alıb. Bununla da, UNEC məzunları Yunanıstanda əmək və akademik fəaliyyət göstərdikləri zaman Yunanıstan ali təhsil müəssisələrinin məzunları ilə eyni statusa malik olacaq.
29/06/2016 17:28
Müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin nəticələri açıqlanıb
Respublikanın ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqə çərçivəsində test imtahanları və müsahibə mərhələsi başa çatıb. Müsabiqədə iştirak üçün müraciət edən şəxslərdən 2107 nəfəri test imtahanı mərhələsinə dəvət olunub. Onlardan 1621 nəfəri imtahanda iştirak edib, 345 nəfəri növbəti mərhələyə (müsahibə mərhələsinə) keçib. Müsahibə mərhələsinə dəvət olunan 345 nəfərdən 297-si müsahibədə iştirak edib. Onlardan 243 nəfəri iş yerini dəyişmək hüququ qazanıb. Müsahibə mərhələsinin nəticələri hər bir namizədin şəxsi səhifəsində yerləşdirilib.
29/06/2016 11:19
“Sadəcə bir vərəq deməyək” aksiyası başa çatıb
İyunun 24-də “Yaşıl ASAN” təşəbbüsü çərçivəsində Sumqayıt şəhərindəki təhsil müəssisələrinin şagird və tələbələri arasında kağız tullantılarının yığılması üzrə yarış xarakterli sosial aksiyaya yekun vurulub. “Sadəcə bir vərəq deməyək” adlı sosial aksiya Təhsil Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “Azərsun Holdinq”in birgə əməkdaşlığı ilə baş tutub. İyunun 1-dən etibarən keçirilən “Sadəcə bir vərəq deməyək” sosial aksiyasında Sumqayıt şəhəri üzrə 55 təhsil müəssisəsi iştirak edib. Aksiyada ən çox aktivlik göstərən təhsil müəssisələrindən Sumqayıt Təbiət Elmləri Təmayüllü Gimnaziya 3100 kq, 14 nömrəli tam orta məktəb 2400 kq, Texniki və Təbiət Elmləri Liseyi 2200 kq, 6 nömrəli tam orta məktəb 2024 kq kağız təhvil verib. Ümumilikdə, aksiya çərçivəsində 40 ton kağız tullantı toplanaraq təkrar emala göndərilib. Hər bir təhsil müəssisəsi topladıqları kağız tullantılarının miqdarına uyğun olaraq, müxtəlif hədiyyələr, diplom, fəxri fərman, təşəkkürnamə ilə mükafatlandırılıb. Aksiyanın məqsədi ekoloji maarifləndirməyə diqqət çəkmək, kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır.
25/06/2016 14:57
“Məktəbini tanıt” mövzusunda videoçarx müsabiqəsinin qalibləri məlum olub
İyunun 24-də 18 nömrəli məktəbdə “Məktəbini tanıt” mövzusunda videoçarx müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Tədbirdə Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, müsabiqə təşkilatçıları, müəllimlər, valideynlər iştirak ediblər. Tədbirdə qeyd olunub ki, “Məktəb İcma Qurumlarının təşkili” layihəsi çərçivəsində Məktəb icmalarının bütün iştirakçıları üçün Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Community.az portalı müsabiqə elan edib. 11-31 may tarixlərində keçirilən məktəblərarası “Məktəbini tanıt” adlı videoçarx müsabiqəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəbləri iştirak edib. “Bizim məktəbimiz nə ilə fərqlənir?”, “Məktəbimizin məzunları”, “Məktəbin şən hekayəsi”, “Gələcəyin məktəbi”, “Bizim sinif icmasının uğurları” nominasiyaları üzrə keçirilən müsabiqəyə 91 məktəb 194 videoçarx təqdim edib. Həmin videoçarxlar Community.az portalında yerləşdirilib. Müsabiqənin nəticələrinə görə, hər nominasiya üzrə 1 qalib və 1 mükafatçı məktəb seçilib. Sonda qaliblər diplom və qiymətli hədiyyələrlə təltif olunublar.
24/06/2016 14:42
Müsabiqə qalibləri mükafatlandırılıb
İyunun 23-də Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzində Silahlı Qüvvələr Gününə həsr olunmuş “Yaşasın Qüdrətli Azərbaycan Ordusu!” adlı müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə Təhsil Nazirliyi Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov, Müdafiə Nazirliyinin və Azərbaycan Rəssamlar İttifaqının əməkdaşları iştirak ediblər. Tədbir hərbi məktəb orkestrinin ifasında Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə qeyd olunub ki, müsabiqənin keçirilməsinin məqsədi uşaq və yeniyetmələrdə milli vətənpərvərlik ruhunun inkişaf etdirilməsi, hərbi texnika, müasir silah və sursatlar haqqında təsviri sənət vasitəsilə uşaqların maarifləndirilməsidir. Çıxış edənlər sərginin tədbir iştirakçılarında xoş təəssürat yaratdığını bildirib, müsabiqənin yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda yetişməsində rolundan danışıblar. Müsabiqəyə Azərbaycanda fəaliyyət göstərən ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin şagirdləri tərəfindən 263 əsər təqdim edilib. Müsabiqə üç yaş qrupu üzrə qiymətləndirilib. 6-8, 9-12 və 15-18 yaşlı uşaq və gənclər arasında keçirilən müsabiqədə ümumilikdə, 12 qalib iş seçilib. 10 nəfərə isə həvəsləndirici mükafat verilib. Qaliblər hədiyyələr və diplomlarla təltif olunublar. Tədbirin bədii hissəsində Yaradıcılıq Mərkəzinin dərnək üzvləri və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri çıxış ediblər.
24/06/2016 10:39
Bakı Slavyan Universitetinin rektoru kollektivə təqdim edilib
İyunun 23-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Bakı Slavyan Universitetinin (BSU) rektoru vəzifəsinə təyin edilmiş Nurlana Əliyeva bu təhsil müəssisəsinin kollektivinə təqdim olunub. Təhsil naziri Mikayıl Cabbarov Nurlana Əliyevanın BSU-nun rektoru təyin olunması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamını diqqətə çatdırıb və yeni rektora fəaliyyətində uğurlar arzulayıb. BSU-nun rektoru Nurlana Əliyeva ona göstərilən etimada görə ölkə Prezidentinə minnətdarlığını bildirib və üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirmək üçün var gücü ilə çalışacağını söyləyib. Nurlana Əliyeva 1990-2016-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru olub. 2016-cı ilin aprel-iyun aylarında təhsil nazirinin müşaviri vəzifəsində çalışıb. Filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar müəllim N.Əliyeva Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədridir.
23/06/2016 18:56
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı