Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başlayır

İyulun 22-də Respublikanın ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinə başlanılacaq. Avqustun 3-dək aparılacaq imtahanlar Azərbaycan Dövlət İqtisad Universitetinin 2-ci tədris binasında keçiriləcək. Namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt veriləcək.  İmtahan bitdikdən sonra namizədlər topladığı balı öyrənə biləcəklər. Qeyd edək ki, vakant yerlərin seçimi test imtahanı nəticəsində zəruri keçid balını toplamış namizədlər tərəfindən aparılacaq. Müsabiqədə iştirak etmək üçün müraciət edənlərdən 31.779 nəfərinin elektron ərizəsi təsdiq edilib. Hazırda respublikanın ümumtəhsil müəssisələrində olan 3346 vakansiya müsabiqəyə çıxarılıb. üsabiqədə iştirak üçün müraciət edənlər arasında ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, ingilis dili müəllimi olmaq istəyən namizədlər üstünlük təşkil edir.

“Qafqaz” Universitetinin təsisçisi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət edərək bu gün universitetin bağlanması haqqında qərar qəbul olunduğu barədə məlumat vermişdir.

“Qafqaz” Universitetinin təsisçisi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət edərək bu gün universitetin bağlanması haqqında qərar qəbul olunduğu  barədə məlumat vermişdir. Təhsil Nazirliyi bununla bağlı bildirir ki, müvafiq rəsmi sənədlər Nazirliyə daxil olandan sonra “Qafqaz” Universitetində təhsil alan tələbələrin təhsillərinin davam etdirilməsini təmin etmək məqsədi ilə Təhsil Nazirliyi tərəfindən müvafiq işçi qrupu yaradılacaq və onların yerləşdirilməsi prosesi aparılacaqdır. Bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Təhsil naziri Mikayıl Cabbarov Qax rayonunda vətəndaşları qəbul edib

İyulun 19-da təhsil naziri Mikayıl Cabbarov Qax şəhərindəki Heydər Əliyev Mərkəzində Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ rayon sakinlərini qəbul edib. Qəbuldan əvvəl təhsil naziri Mikayıl Cabbarov və Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev  ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ rayon sakinləri, bu rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edib. Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin, bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, təhsil sənədlərinin tanınması, tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil haqqı, əmək müqaviləsinin uzadılması, təhsil krediti, ikinci ali təhsil və bir sıra digər məsələlərlə əlaqədar müraciət ediblər. Qəbula gələn vətəndaşların müraciətləri dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb.

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başa çatıb

Respublikanın ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin birinci mərhələsi (elektron ərizələrin qəbulu) başa çatıb. Müsabiqədə iştirak etmək üçün müraciət edənlərdən 31779 nəfərin elektron ərizəsi təsdiq edilib. Test mərhələsinin keçirilmə yeri və tarixi barədə əlavə məlumat imtahan iştirakçılarının şəxsi səhifələrinə göndəriləcək. Hazırda respublikanın ümumi təhsil müəssisələrində olan 3346 vakant yer müsabiqəyə çıxarılıb. Müsabiqədə iştirak üçün müraciət edənlər arasında ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, ingilis dili müəllimi olmaq istəyən namizədlər üstünlük təşkil edir. Müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir. Namizədlər vakansiya seçimini müsabiqənin test mərhələsindən sonra edə biləcəklər. Müsabiqənin hər hansı mərhələsində namizədin elektron ərizədəki məlumatları düzgün doldurmadığı müəyyən edilərsə, onun nəticələri ləğv edilir. Hər hansı bir səbəbdən göstərilən vaxtda test imtahanında və ya müsahibədə iştirak etməyənlər üçün təkrar imtahan və müsahibə keçirilmir. Qeyd edək ki, elektron ərizələrin doldurulması, test suallarının cavablandırılması qaydaları, test nümunələri və digər zəruri məlumatlar miq.edu.az  saytında yerləşdirilib.  

Lənkəran və Qubada yay məktəbləri təşkil edilib

 “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində həyata keçirilən yay məktəbi layihəsi davam edir. İyulun 13-dən start verilən layihə çərçivəsində Lənkəran və Quba şəhərlərində 100-dən çox şagirdin iştirakı ilə yay məktəbləri təşkil olunub. Hər iki rayonda keçirilən yay məktəbinin açılış mərasimində Təhsil Nazirliyinin əməkdaşları, rayon təhsil şöbələrinin, tərəfdaş qurumların nümayəndələri, KİV təmsilçiləri iştirak edib. Tədbirdə layihə haqqında məktəblilərə məlumat verilib, proqramın şagirdlər üçün əhəmiyyətindən danışılıb. Layihədə sözügedən bölgələrin akademik göstəriciləri zəif olan məktəblərin şagirdləri iştirak edib. Şagirdlər qruplar şəklində "Sağlam təhsil!", "Azərbaycan üçün oxu!", "Emosional zəka", "Özünə kömək et!", "Bisnesmənəm!", "Səndən nə asılıdır?" adlı təlimlərdə iştirak ediblər. "Mən bir aktyoram" sosial tamaşası və "Nə? Harada? Nə zaman?" intellektual oyunlarına qatılıblar.   Şagirdlər təşkilatçılar tərəfindən hədiyyələr və sertifikatlarla təltif ediliblər. Növbəti mərhələsi Gəncə və Şəkidə davam etdiriləcək layihə iyulun 21-də başa çatacaq. Layihə Təhsil Nazirliyi, Kapital Bankın tərəfdaşlığı, “İstək” liseyi, “Şərq-Qərb” Nəşriyyat Evi, STEM təhsil mərkəzi, GR8 Şəxsi İnkişaf Proqramı, Azərbaycan İntellektual Klublar Assosiyasiyası, “YouthInc.” Gənclərin Sahibkarlıq Proqramı, SABAH qrupları, “Bir” Tələbə-könüllü proqramının dəstəyi ilə həyata keçirilir. Layihənin rəsmi informasiya dəstəkçiləri Təhsil TVRegion TV-dir. "Azərbaycan üçün öyrət" layihəsi ümumtəhsil məktəblərində keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edən təhsil platformasıdır. Proqramın məqsədi korporativ sosial məsuliyyət çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması, əlavə təhsil imkanları ilə şagirdlərin bilik və dünyagörüşünün artırılmasıdır.

Milli Olimpiya Komitəsində iclas

İyulun 15-də Milli Olimpiya Komitəsində idman federasiyaları ilə geniş tərkibli iclas keçirilib. İclasın keçirilməsinin əsas məqsədi Bakı şəhərində, o cümlədən, ölkə ərazisində son illərdə istifadəyə verilmiş idman obyektləri və qurğularından idmanın inkişafı üçün daha səmərəli istifadə etmək, təhsil və idman qurumları arasında əməkdaşlığı daha da gücləndirmək, həmçinin respublikada idmanın inkişaf istiqamətləri və ehtiyaclarını müzakirə etmək olub. İclasda təhsil naziri Mikayıl Cabbarov, gənclər və  idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, həmçinin olimpiya və qeyri-olimpiya idman növlərinin rəsmiləri iştirak edib.  Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonrakı dövrdə bütün sahələr kimi idman sahəsi də inkişaf edir. Artıq “Rio 2016” Yay Olimpiya Oyunlarına çox az müddət qalmış idmanın inkişafı və təşviqi mühüm məsələlərdəndir. Müvafiq qürumların dəstəyi ilə keçirilmiş “Olympic Moves” layihəsi kütləvi idmanın yaradılması və keçirilməsinin mümkün olduğunu göstərib. Təhsil naziri Mikayıl Cabbarov məktəblilər və gənclər arasında idmanın təşviqinin mühüm məsələlər sırasında olduğunu deyib. “Mən çox şadam ki, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və müvafiq idman federasiyalarının dəstəyi ilə ali və ümumi təhsil müəssisələrində şagirdlərin idmana, xüsusən də bədən tərbiyəsinə cəlb olunması bugünkü görüşümüzün əsas məqsədidir”. Beynəlxalq yarışların respublikamızda keçirilməsinin son illər ənənə halı aldığını qeyd edən gənclər və idman naziri Azad Rəhimov Olimpiya oyunlarındakı uğurlardan danışıb: “Ötən il Avropa Oyunlarını ən yüksək səviyyədə keçirməklə, bu Oyunların standartlarını müəyyən etdik. Azərbaycan idmanının bugünkü uğurlarının ilk zəmini xalqımızın ulu öndəri, ümumilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Məhz bu dahi şəxsiyyətin idmana və bədən tərbiyəsinə göstərdiyi diqqət və qayğı Azərbaycan idmanını yüksək zirvəyə qaldırıb”. Çıxışlardan sonra federasiya rəsmilərinin iştirakı ilə fikir mübadiləsi aparılıb.

Azərbaycanlı məktəblilər 1 bürünc, 4 həvəsləndirici sertifikata layiq görülüb

6-16 iyul tarixlərində Honq Konqda keçirilən məktəblilərin 57-ci Beynəlxalq Riyaziyyat Olimpiadasında azərbaycanlı şagirdlər 1 bürünc, 4 həvəsləndirici sertifikata layiq görülüb. 109 ölkədən 602 məktəblinin iştirak etdiyi olimpiadada şagirdlərə hər gün 3 sual olmaqla 6 sual təqdim olunub. Hər 3 sual üçün 4 saat 30 dəqiqə vaxt verilib. Bakı şəhəri akademik Zərifə Əliyeva adına  liseyin eksperimental pilot siniflərinin 11-ci sinif şagirdi Məhəmməd Şirinov olimpiadanın bürünc medalına layiq görülüb. Həvəsləndirici sertifikat alan 4 şagirddən biri Ramil Cəbiyev həmin liseyin 8-ci sinif şagirdidir. Digər üç sertifikatın sahibləri olan Anar Hüseynov, Mirəli Əhmədli və Tahir Nadirov isə Gəncə və Quba məktəbliləridir.

“Məqsəd keyfiyyətdir: təhsilimiz təhlil müstəvisində” adlı təqdimat mərasimi

İyulun 14-də “Məqsəd keyfiyyətdir: təhsilimiz təhlil müstəvisində” adlı hesabat tədbiri keçirilib. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, millət vəkilləri, ali məktəblərin rektorları, QHT təmsilçiləri və KİV nümayəndələri iştirak ediblər. Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev təhsilin keyfiyyətinin yüksəldilməsi və əhatəliliyi ilə bağlı təqdimatla çıxış edib. Buraxılış imtahanlarının nəticələrinin ildən-ilə yaxşılaşdığını deyən E.Əmrullayev bildirib ki, 2012-ci il ilə müqayisədə bütün fənlərdən müsbət qiymət alanların  faiz göstəricisi 17 faiz artıb. E.Əmrullayev qeyd edib ki, son 3 ildə IX sinif buraxılış imtahanlarında bütün fənlərdən müsbət qiymət alan məzunların sayı 14615 (30 faiz) nəfər artıb. Ölkə üzrə əksər rayonlarda müsbət dinamika müşahidə edilməklə yanaşı, ən yüksək dinamika Təhsil Nazirliyinin pilot qaydada inkişaf tədbirləri keçirildiyi rayonlarda qeydə alınıb. Pilot rayonlarda orta hesabla 13 faiz, digər rayonlarda isə orta hesabla 1.6 faiz yaxşılaşma olduğunu deyən  E.Əmrullayev  ən yüksək müsbət dinamikanın Astara (22 faiz), Ağcabədi (16 faiz), Sabirabad (14 faiz), Masallı (11 faiz) və Cəlilabad (9 faiz) rayonlarında müşahidə edildiyini bildirib. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli çıxış edərək, təhsilin keyfiyyətinin artırılması istiqamətində görülən işlərin önəmini qeyd edib, aparılan islahatların artıq müsbət nəticələrinin müşahidə olunduğunu deyib. İ.Həbibbəyli bildirib ki, möhkəm bünövrə əsasında qoyulan bu ənənə müsbət dəyişikliklərin ardıcıl olacağına əminlik yaradır. Təhsil naziri Mikayıl Cabbarov təhsil sahəsində islahatların həyata keçirilməsində pedaqoji və elmi ictimaiyyətin, cəmiyyətin birgə çalışmasını tələb etdiyini bildirib. Bu məqsədlə keçirilən hesabat xarakterli görüşün inkişafa mane olan problemlərin aradan qaldırılması istiqamətində mühüm rol oynayacağına əminliyini bildirib. Mikayıl Cabbarov təhsil sahəsində görüləcək işlər, biliyin qiymətləndirilməsi və təhsilin inkişafı ilə bağlı nəzərdə tutulan tədbirlərə dair məlumat verib. Nazir qeyd edib ki, son 3 ildə ümumi təhsil pilləsində istər buraxılış, istərsə də ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrində davamlı müsbət dəyişikliklər müşahidə olunmaqdadır. Təhsilin  inkişafının ölkəmizin tərəqqisi baxımdan vacib amil olduğunu vurğulayan nazir, bunun üçün ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetiriləcəyinə inamını ifadə edib. Çıxış edən millət vəkilləri, təhsil ekspertləri hesabat tədbirinin keçirilməsinin, təhsil sahəsində baş verən yeniliklər haqqında cəmiyyətin məlumatlandırılmasının vacibliyini bildiriblər. Tədbirdə təhsillə bağlı təklif və tövsiyələr dinlənilib, mövcud problemlər və onların həlli yolları müzakirə olunub.

İdman məktəbinin yetirməsi VI beynəlxalq idman oyunlarının qalibi olub

Rusiya Federasiyasının Saxa Respublikasının Yakutsk şəhərində “Asiyanın uşaqları” altıncı beynəlxalq idman oyunları başa çatıb. Oyunların proqramına daxil olan  sərbəst güləş üzrə kadetlər arasında  yarışlarda “Təhsil” Respublika İdman Mərkəzinin 1 saylı Respublika İxtisaslaşdrılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi  Vahid  Əlizadə  2001-ci il təvəllüdlülər arasında  63 kq çəki dərəcəsində I yerə layiq görülüb. Qeyd edək ki, 1996-cı ildən keçirilən yarışlarda, Azərbaycanla yanaşı Asiya qitəsindən 38 ölkənin təmsilçiləri basketbol, boks, taekvando, sərbəst güləş, cüdo, yüngül atletika, stolüstü tennis, üzgüçülük və s. idman növlərində medallar uğrunda mübarizə aparırlar.

Təhsil Nazirliyi yay məktəbi layihəsinə start verdi

İyulun 13-də “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində yay məktəbinə start verilib. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, “Kapital Bank”ın əməkdaşları, millət vəkilləri, layihənin tərəfdaş qurumlarının nümayəndələri, KİV təmsilçiləri iştirak ediblər. Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, proqramın məqsədi korporativ sosial məsuliyyət çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması, əlavə təhsil imkanları ilə şagirdlərin bilik və dünyagörüşünün artırılmasıdır. Millət vəkilləri Hadı Rəcəbli, Vahid Əhmədov layihənin keçirilməsini yüksək qiymətləndirərək iştirakçılara uğurlar arzulayıblar.  “Təhsil avtobusu” yay məktəbi layihəsi Bakı, Lənkəran, Quba, Şəki və Gəncə şəhərlərini əhatə edən təhsil marafonudur. Layihə çərçivəsində tanınmış ictimai şəxslərin iştirakı ilə ölkənin 5 bölgəsində akademik göstəriciləri zəif olan məktəblərin şagirdləri üçün hər biri 2 gün olmaqla yay məktəbi təşkil olunacaq. İyulun 21-dək davam edəcək layihə müddətində şagirdlər intellektual yarışlarda və fərdi inkişaf təlimlərində iştirak edəcək. Layihə Təhsil Nazirliyi, Kapital Bankın tərəfdaşlığı, “İstək” liseyi, “Şərq-Qərb” Nəşriyyat Evi, STEM təhsil mərkəzi, GR8 Şəxsi İnkişaf Proqramı, Azərbaycan İntellektual Klublar Assosiyasiyası, “YouthInc.” Gənclərin Sahibkarlıq Proqramı, SABAH qrupları, “Bir” Tələbə-könüllü proqramının dəstəyi ilə həyata keçirilir. Layihənin rəsmi informasiya dəstəkçiləri Təhsil TVRegion TV-dir. "Azərbaycan üçün öyrət" layihəsi ümumtəhsil məktəblərində keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edən təhsil platformasıdır. Proqramın məqsədi korporativ sosial məsuliyyət çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması, əlavə təhsil imkanları ilə şagirdlərin bilik və dünyagörüşünün artırılmasıdır.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı