Bakı Musiqi Akademiyasında İtaliya və Azərbaycan musiqiçiləri konsert verəcək
Oktyabrın 27-də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) konsert keçiriləcək. Konsert Bakı Musiqi Akademiyası, İtaliyanın Espressione D`Arte Assosiasiyası və Luigi Cherubini Konservatoriyasının birgə əməkdaşlıq layihəsi çərçivəsində reallaşacaq. İtaliya və Azərbaycan musiqi mədəniyyəti və təhsilinin mübadiləsinə əsaslanan layihənin məqsədi tələbə və müəllimlərin mübadilə proqramı və konservatoriyalar arasında təhsil əlaqələrinin inkişafına yönəlib. Konsertdə solistlər - Pierluigi Ruggiero (cello), Leonardo De Lisi (tenor), Daria Neçayeva (violin), Giuseppe Sturaçe (tenor) və Azərbaycanın Xalq Artisti, professor Yeganə Axundova (piano) çıxış edəcəklər. İtaliyadan gələn professorlar BMA-nın tələbələri ilə, Luigi Çerubini Konservatoriyasının tələbələri isə BMA-nın professorları ilə ustad dərsləri keçiblər. Proqramda Azərbaycan, İtaliya və Avropa bəstəkarlarının əsərləri səslənəcəkdir. BMA nümayəndəliyinin mübadilə çərçivəsində İtaliyaya qarşılıqlı səfəri isə 1-5 noyabr tarixlərində baş tutacaq.
27/10/2016 17:10
Təhsil Nazirliyi Mətbuat xidmətinin məlumatı
“Respublika” qəzetinin 27 oktyabr 2016-cı il tarixli nömrəsində müəllifi təhsil naziri Mikayıl Cabbarov olduğu göstərilən “Müstəqillik illərində Azərbaycanda təhsilin inkişafı” adlı yazı dərc edilib. Təhsil Nazirliyinin Mətbuat xidməti bildirir ki, qeyd olunan yazı təhsil naziri Mikayıl Cabbarova aid deyil və onun hazırlanması ilə bağlı “Respublika” qəzetindən Təhsil Nazirliyinə heç bir müraciət olunmayıb.
27/10/2016 12:00
Məktəbdənkənar təhsil müəssisələrində qiymətləndirilmə
Bakı şəhərində yerləşən məktəbdənkənar təhsil müəssisələrində çalışan pedaqoji işçilərin bilik və bacarıqlarının qiymətləndirilməsi keçiriləcək. Qiymətləndirmə Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi və “Allianz MMC” tərəfindən aparılacaq. Qiymətləndirmənin həyata keçirilməsində məqsəd məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi üçün mövcud kadr potensialından daha səmərəli istifadə etmək, əldə olunacaq təcrübədən bu sahədə kadrların yerdəyişməsi və işə qəbulu qaydalarının tətbiqi zamanı yararlanmaqdır. Qiymətləndirmə test və müsahibə olmaqla iki mərhələ üzrə keçiriləcək. Birinci mərhələdə məktəbdənkənar təhsil müəssisələrində çalışan dərnək rəhbərlərinin və məşqçi-müəllimlərin peşə, informasiya texnologiyaları, məntiqi düşünmə qabiliyyəti üzrə bilikləri yoxlanılacaq. İkinci mərhələdə isə onların dil bilikləri, nitq qabiliyyəti və tibbi-psixoloji durumu qiymətləndiriləcək. Qiymətləndirmə cari ilin noyabr ayında keçiriləcək.
26/10/2016 17:04
Təhsil naziri Ağstafa şəhərində vətəndaşları qəbul edəcək
Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayon sakinlərinin nəzərinə! Təhsil naziri Mikayıl Cabbarov 4 noyabr 2016-cı il tarixində saat 13:00-da Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayon sakinlərini qəbul edəcək. Qəbulda Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 26, 27, 28, 31 oktyabr və 1, 2 noyabr 2016-cı il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
26/10/2016 15:56
Kanadada təhsil alan tələbə: “Azərbaycana qayıdıb, xalqıma xidmət etmək ümidindəyəm” - Uğur formulu
Təhsil Nazirliyi və “1News.az” İnformasiya Agentliyinin “Uğur formulu” layihəsi davam edir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin budəfəki qonağı Cəmil Muradovdur. Cəmil 1997-ci ildə Bakıda anadan olub. Bakı Avropa Liseyini qızıl medalla bitirdikdən sonra Azərbaycan Tibb Universitetinə daxil olub. Bir ildən sonra isə təhsilini davam etdirmək üçün Kanadanın Kuins Universitetini (Queen’s University) seçib. Hazırda həmin universitetdə biokimya ixtisası üzrə təhsil alır. - Xaricdə təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu? - Şimali Amerika tibbin həddən artıq sürətlə inkişaf etdiyi bir yerdir. Etiraf etmək lazımdır ki, bu sahə digər regionlardan daha inteqrativ, innovativ və əhalinin ehtiyaclarını ödəmək üçün zəngin potensiala malikdir. Tibb mütəxəssisləri təkcə öz sahələri üzrə yox, həm də psixososiologiya, iqtisadiyyat və hüquq sahələri üzrə təhsil alırlar. Burada yüksək bakalavr qiymətləri, qəbul imtahan nəticələrinin yüksək olmasından başqa, namizədlərdən emosional yetkinlik, psixoloji sabitlik və soyuqqanlı olmaq tələb olunur. Hər namizəd öz universitetinin görkəmli professorları ilə dissertasiya elmi işini hazırlayıb, “şərəfli bakalavr” adını almalıdır. Bu cür təhsil sistemi məni cəlb etməyə bilməzdi. Bütün bunlar məni peşəkar mütəxəssis olmağa aparan yoldur. - Niyə məhz bu ixtisası seçdiniz? - Cavabım oxucularımıza məğrurluq kimi görünməsin, lakin, mən özümdə tibbi elmləri və kliniki tibbi qavramaq üçün potensial görmüşəm və bu elmi dərindən öyrənməyə görə məsuliyyətliyəm. Həmin məsulliyyətim isə peşəmi dərindən bilmək, ən yeni texnologiyaları ölkəmdə tətbiq etməkdir. Qazandığım biliklər sayəsində hətta həmin texnologiyalardan da üstün innovasiyalar yaratmaq, ölkəmizin aparıcı elmi dövlətlərin arasına çıxmasına şəxsi töhfəmi verməkdir. - Fərqli ölkə və təhsil mühitini gördükdən sonra oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız? - Bu universitetdə təhsil almağa başlamazdan əvvəl bir il Azərbaycan Tibb Universitetində təhsil almışam. Arzu edərdim ki, orada təhsil tələbələrin ehtiyaclarına daha praktiki və innovativ bilgilərin inteqrasiyası əsasında qurulmuş olsun. - Təhsil aldığınız ölkədə Azərbaycanla bağlı nələri tanıtmısınız? - Mənim ixtisasım üzrə burada təhsil alan ilk azərbaycanlı olduğum üçün birinci kursun ilk həftəsində tələbə yığıncağında çıxış üçün mənə söz verilmişdi. Tələbələrin çoxu ölkəmiz haqqında məlumatlı olsalar da, məndən Azərbaycan haqqında daha çox informasiya alıb, bəzi şeyləri səhv bildiklərini dedilər. Keçən ilin sonunda mən ümumi sayı 3% olan universitetin ən güclü tələbələri siyahısına daxil olmuşam və ölkəmizin bayrağı fakültənin rəsmi səhifəsinə yerləşdirilib. Bu il mən ilk xarici tələbə kimi Kuins bakalavrlarının elmi jurnalına (Queen’s Science Undergraduate Journal) icraçı redaktor (managing editor) seçilmişəm. - Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir? - Tələbələr artıq cəmiyyətin məsuliyyətli üzvləri sayılır. Ona görə müəllimlər və təhsil alanlar bir-birinə qarşı çox böyük hörmət və qayğı ilə yanaşır. Tələbələrin bir çoxu öz proqramlarında dərs deyən professorların laboratoriyaları, ofislərində çalışır, beləliklə, təcrübə qazanmış olurlar. - Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı? - Burada xarici və yerli tələbələr arasında heç bir fərq yoxdur. Heç kim özünü yad yerdə hiss etmir. - Çətinlikləriniz varmı? - Ən böyük çətinlik akademik üstünlüyü qorumaqdır. Eyni zamanda dərsdənkənar layihələrlə məşğul olmaq istəyirəm. Ancaq vaxt azlığından bəzən bunu reallaşdıra bilmirəm. - Asudə vaxtınızda nə ilə məşğul olursunuz? - Bəzən futbol oynayıram. Çox vaxt anatomiya laboratoriyasında doktor Lesli MacKenzi ilə çalışıram. - Təhsilinizi başa vurduqdan sonra harada çalışmaq istəyərdiniz? Gələcək planlarınız necədir? Magistraturanı bitirib, dünyanın aparıcı universitetlərindən birində tibb sahəsində təlim keçmək istəyərdim. Sonra Azərbaycana qayıdıb, ölkəmizin tibb sahəsində çalışmaq arzusundayam. Dövlət Proqramı sayəsində mənim Kanadanın ən nüfuzlu ixtisası üzrə təhsilim gələcəkdə Amerikanın tibbi məktəblərinin birində də davam etməyə yol açır. Bakalavriat dərəcəsini alandan sonra, tibbi məktəbdə təhsilimi bitirmək, sonra isə Azərbaycana qayıdıb, vətənimə, xalqıma, Harvard, Stenford, MakGil universitetlərinin nümayəndələri ilə birgə işləyən, görkəmli, dünya əhəmiyyətli elmi layihələrinin müəlliflərindən dərs almış bir mütəxəssis kimi xidmət etmək ümidindəyəm. - Azərbaycan gənclərinə, dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz? - Yaşadığım müddət ərzində lazımı qədər həyat təcrübəm olmadığına görə, onlara hər hansı bir tövsiyə verməkdən çəkinərdim. Lakin, arzu edərdim ki, gənclər mütaliə etsin. Kitab qədimdən bu günə qədər olan ən faydalı bilik mənbəyidir. Fikrimcə, gənclər üçün yazılan həyat dərsliyidir. Mənim üçün Azərbaycan ədəbiyyatını da diqqətlə öyrənmək çox önəmlidir. 1News.az
26/10/2016 15:35
İngilis dili müəllimləri üçün Təlim-resurs mərkəzi istifadəyə verilib
Oktyabrın 25-də Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) ingilis dili müəllimləri üçün Təlim-resurs mərkəzinin açılış mərasimi keçirilib. Mərasimdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Karol Krofts, “British Council” təşkilatının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Elizabet Vayt və KİV nümayəndələri iştirak edib. Təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, “British Council” və Təhsil Nazirliyinin birgə əməkdaşlıq istiqamətlərindən biri ingilis dilini tədris edən müəllimlərin peşəkar kompetensiyalarının yüksəldilməsidir. Mərkəzdə müəllimlərə ingilis dilini ən müasir metodologiya, resurs və texnologiyalara əsaslanaraq tədris etmək üsulları təqdim olunacaqdır. Mərkəz həmçinin müəllimlərin şifahi ünsiyyət bacarıqlarının inkişafına yardım edəcəkdir. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Karol Krofts qeyd edib ki, mərkəz müəllimlərin öz təcrübələrini bölüşməklə ingilis dilini daha asan və səmərəli mənimsəməsinə yardımçı olacaq. “British Council” təşkilatının Azərbaycan üzrə rəhbəri Elizabet Vayt mərkəzin səmərəli fəaliyyət göstərəcəyinə əminliyini bildirib. Daha sonra qonaqlar mərkəzlə tanış olublar. Mərkəzdə müəllimlərin istifadəsi üçün ümumilikdə 5000-dən çox resurs toplanıb. Bura müxtəlif metodologiyalardan istifadə və müxtəlif bölmələr üzrə tədrisi inkişaf etdirmək üçün nəzərdə tutulmuş təlimat kitabları, azyaşlılar və yeni öyrənənlər üçün dərs vəsaitləri, ümumi istifadə üçün bədii əsərlər, məşhur klassik və müasir əsərlərin müxtəsər formatda nəşrləri daxildir. Müəllimlər üçün “British Council” tərəfindən dəvət olunmuş peşəkar mütəxəssislərin təlimləri, ingilis dilli moderatorla danışıq klubları, dilin gündəlik istifadəsinə istiqamətlənmiş kino saatları, yerli və xarici qonaq ekspertlərlə seminarlar təşkil ediləcəkdir. İlkin mərhələdə Təlim-resurs mərkəzindən yaxınlıqda yerləşən 11 ümumi təhsil müəssisəsinin ümumilikdə 81 nəfər ingilis dili müəllimi istifadə edəcək. Qeyd edək ki, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseydə və 23 nömrəli tam orta məktəbdə də ingilis dili mərkəzləri istifadəyə verilib.
25/10/2016 17:16
Şahmat üzrə respublika birinciliyinin final mərhələsi
Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən Uşaq-Gənclər Şahmat məktəbləri komandalarının final yarışları başa çatıb. Xaçmaz Olimpiya Kompleksində keçirilən final mərhələsi üzrə zona yarışlarında I, II və III yerləri tutmuş komandalar mübarizə aparıb. Yarışın nəticəsinə əsasən, I yeri Quba rayon İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbi (İOEUGŞM), II yeri “Təhsil” Respublika İdman Mərkəzinin Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbi (RİOEUGŞM), III yeri isə Gəncə şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin (UGŞM) komandaları tutub. Birinciliyin keçirilməsində əsas məqsəd Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən şahmat məktəblərinin perspektivli şahmatçılarını aşkar etmək və mərkəzin yığma komandasını formalaşdırmaqdır. Qaliblər “Təhsil” Respublika İdman Mərkəzinin kubok və diplomları ilə təltif edilib.
25/10/2016 12:38
Məktəblilər arasında intellektual oyun keçirilib
Masallı rayonundakı “ASAN İntellektual” inkişaf mərkəzində məktəblilər arasında "Ən zəif bənd" intellektual oyunu keçirilib. İntellekt oyun Təhsil Nazirliyinin təşəbbüsü, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Masallı Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə baş tutub. Yarışın keçirilməsində əsas məqsəd gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılması, şagirdlərin intellektual və yaradıcı inkişafına təkan verilməsi, onların intellektual fəaliyyətə daha geniş miqyasda cəlb edilməsinin və asudə vaxtlarının səmərəli təşkilinin təmin olunmasıdır. Yarışın seçim turları Masallı rayonunun 5 ümumtəhsil məktəbində və "Dəfinə" məktəb-liseyində keçirilib. Seçim turlarında hər məktəbdən 20 şagird arasından 2 nəfər seçilməklə ümumilikdə 10 məktəbli oyuna vəsiqə qazanıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunun nəticəsinə əsasən “Dəfinə” məktəb-liseyinin 11-ci sinif şagirdi Rafael Əliyev qalib gəlib.
25/10/2016 11:31
Təsviri Sənət Qalereyasında növbəti “Açıq qapı” günü
Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin Təsviri Sənət Qalereyasında “Payız nağılı” adlı “Açıq qapı” günü keçirilib. “Açıq qapı” günlərinin keçirilməsi uşaq və gənclərin estetik zövqünün formalaşdırılması, onların asudə vaxtının səmərəli təşkili, incəsənətə, təsviri və dekorativ yaradıcılığa marağın artırılması və istedadlı uşaqların üzə çıxarılması məqsədini daşıyır. Qalereyada dərnək rəhbərləri tərəfindən payız mövzusunda 8 ustad dərsi keçirilib. Dərnək üzvləri rəngkarlıqla məşğul olub, yarpaqlardan müxtəlif applikasiyalar və kollajlar düzəldib, tullantılardan maraqlı kompozisiyalar hazırlayıblar. Qrattaj texnikasında, ebru sənətində payız görüntüləri yaradıblar. Təsviri Sənət Qalereyasında ilk dəfə olaraq robot-texnika ilə tanışlıq üçün ayrıca stend yaradılıb. Təqdim edilən “LEGO Robotlar” əyani şəkildə nümayiş olunub. Uşaqlar rəngkarlıq və rəqəmsal təsvirdən əlavə, proqramlaşdırma bacarıqlarını da sınaqdan keçiriblər.
24/10/2016 14:14
“Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkəsi” layihəsi
Bakı şəhərində “Ekoklub”ların fəaliyyət göstərdiyi 30 pilot ümumi təhsil müəssisəsində “Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkəsi” layihəsinə start verilib. Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi tərəfindən “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində həyata keçirilən layihənin məqsədi fasiləsiz dayanıqlı ekoloji təhsilin inkişafını möhkəmləndirmək, məktəblilərin ətraf mühitin mühafizəsi tədbirlərində fəal iştirakını təmin etməkdir. Layihə üzrə pilot ümumi təhsil müəssisələrinin şagirdlərinə vətəndaşların qənaətcil davranış prinsiplərinə xidmət edən enerji ehtiyatlarından səmərəli istifadə, tullantıların təkrar istifadəsinin kreativ həlli, suyun qənaətlə istifadəsi, sağlam qidalanma, iqlim dəyişmələrinin təsirinin azaldılması bacarıqlarının aşılanması nəzərdə tutulur. Layihə çərçivəsində pilot məktəblər “Məktəblərin yaşıl şəbəkəsi” mövzusunda keçiriləcək müsabiqədə iştirak edəcəkdir. Müsabiqənin sonunda məktəblərin ekoloji pasportlaşdırılması tərtib olunacaqdır. Müsabiqədə fərqlənən məktəblərə “Mənim məktəbim ətraf mühitə diqqətlidir” ekoloji emblemi təqdim olunacaqdır.
21/10/2016 14:51
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı