Beynəlxalq turnirdə mükafat qazanılıb
Gürcüstanın paytaxtı Tbilisi şəhərində voleybol idman növü üzrə “Tbilisi Open-2016” adlı beynəlxalq turnir keçirilib. Yarışların hər birində 1999-2000-ci il təvəllüdlü oğlanlar və 2000-2001-ci il təvəllüdlü qızlardan ibarət 8 komanda mübarizə aparıb. Turnirdə iştirak edən “Təhsil” Respublika İdman Mərkəzinin oğlanlardan və qızlardan ibarət komandaları müvafiq olaraq 2-ci və 3-cü yerə layiq görülüb. Qeyd edək ki, turnir yeniyetmə voleybolçuların ustalıq səviyyələrinin və yarış təcrübələrinin artırılmasına kömək etmək məqsədilə təşkil olunub.
01/11/2016 11:38
II Elm Festivalı keçirilir
Oktyabrın 31-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşəbbüsü ilə keçirilən II Elm Festivalının açılış mərasimi olub. Festival UNESCO, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, ABŞ-ın Azərbaycandakı səfirliyi və Moskva Dövlət Universitetinin təşkilati dəstəyi ilə reallaşdırılıb. Tədbir iştirakçıları əvvəlcə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. AMEA-nın prezidenti Akif Əlizadə tədbiri giriş sözü ilə açaraq II Elm Festivalının ölkəmiz və elmimiz üçün böyük əhəmiyyət daşıdığını söyləyib. Bildirib ki, tədbirin əsas məqsədi elmin bugünkü nailiyyətlərini geniş ictimaiyyətə tanıtmaq, müasir elmi bilikləri təbliğ etmək, gəncləri elmi fəaliyyətə cəlb etməklə elmi-tədqiqat işlərinə marağı artırmaqdır. Sonra çıxış edən təhsil naziri Mikayıl Cabbarov müstəqil Azərbaycanın 25 il ərzində elm və ali təhsil sahəsində keçdiyi yoldan söz açıb. Nazir müstəqillik illərində ölkəmizdə təhsil sisteminin sürətlə inkişaf etdiyini vurğulayaraq ali təhsil müəssisələrinə qəbul olunanların sayının 2016-cı ildə 1990-ci ilə nisbətdə 2 dəfədən çox artdığını diqqətə çatdırıb. Nazir bu il qəbul edilmiş “Elm haqqında” Qanunda ali təhsil müəssisələri üçün yeni “tədqiqat universiteti” statusunun müəyyənləşdirildiyini qeyd edib. Bildirib ki, bu, ali məktəblərin elmi fəaliyyətinin stimullaşdırılması və onların qarşısında qoyulan yeni tələblərlə bağlıdır. Mikayıl Cabbarov təhsilin keyfiyyətini yüksəltmək məqsədilə elmin gücündən istifadənin genişləndirilməsinin əhəmiyyətini qeyd edib. Bunun üçün Təhsil Nazirliyi Milli Elmlər Akademiyası, ölkədə fəaliyyət göstərən elmi təşkilatlar və biznes strukturları ilə birlikdə elm və təhsil arasındakı əlaqəni gücləndirməyə, elmi əməkdaşlığı inkişaf etdirməyə səy göstərir. Təhsil Nazirliyinin dəstəyi ilə AMEA-da magistratura yaradılması, AMEA ilə Təhsil Nazirliyinin bir sıra layihələri birgə reallaşdırması bu əməkdaşlığın nəticəsidir. Çıxış edənlər festivalın elmi nailiyyətlərin təbliğində, elmə marağın artırılmasında mühüm rol oynayacağına əminliklərini bildiriblər. Tədbir bədii hissə ilə davam edib. Sonra qonaqlar AMEA-nın Alimlər Evində təşkil edilmiş sərgi ilə tanış olublar. Festival AMEA-nın Mərkəzi Elmi Kitabxanası, Geologiya və Geofizika İnstitutu, Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Fizika İnstitutunda, Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi və 132-134 nömrəli Təhsil Kompleksində təşkil olunmuş elmi-populyar mühazirələrlə davam edir.
31/10/2016 17:08
Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş baxış-müsabiqəsi
Təhsil Nazirliyinin Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzi yeni baxış-müsabiqəsinə start verib. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş incəsənət sahələri üzrə baxış-müsabiqəsində Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərən ümumi təhsil, məktəbdənkənar təhsil müəssisələrinin 11–17 yaşlı uşaq və gəncləri iştirak edir. Müsabiqənin keçirilməsində məqsəd Nizami Gəncəvinin yaradıcılığından bəhrələnməklə incəsənətin müxtəlif sahələri ilə gənc nəsli tanış etmək, onlarda klassik irsə məhəbbət hissi oyatmaq, “Xəmsə”nin süjetləri əsasında təsviri və tətbiqi sənət bacarıqları olan gənc istedadları üzə çıxarmaqdır. Həmçinin Nizami Gəncəvinin poemalarına musiqi yazmış Azərbaycan bəstəkarlarını tanıtmaq, xalq mahnılarının təbliğ olunmasını və ifaçılıq qabiliyyətini inkişaf etdirməkdən ibarətdir. Müsabiqəyə təqdim olunan incəsənət nümunələrinin qiymətləndirilməsi Bakı və Gəncə şəhərlərində Təhsil Nazirliyinin, Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Milli Konservatoriyasının, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin, Azərbaycan Rəssamlar İttifaqının tanınmış mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən aparılacaq. Müsabiqədə iştirak etmək üçün Bakı şəhəri üzrə 80 ümumi təhsil müəssisəsi, 16 lisey və gimnaziya, 3 internat məktəbi və 3 yaradıcılıq mərkəzi elektron müraciət edib. Respublika İncəsənət Gimnaziyasında keçirilən ilk baxışda münsiflər heyəti tərəfindən bədii qiraət üzrə 129, ifaçılıq üzrə 42 nömrə qiymətləndirilib. Gəncə şəhərində bədii qiraət və musiqi üzrə müsabiqəyə baxış noyabr ayında keçiriləcək. Təsviri və tətbiqi sənət əsərlərinin qiymətləndirilməsinin 25-30 noyabr 2016-cı il tarixlərində Təsviri Sənət Qalereyasında keçirilməsi nəzərdə tutulub.
31/10/2016 11:33
Təhsil naziri Kanadanın Azərbaycan Respublikasındakı yeni fövqəladə və səlahiyyətli səfirini qəbul edib
Oktyabrın 28-də təhsil naziri Mikayıl Cabbarov Kanadanın Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Con Kuteri qəbul edib. Görüşdə Azərbaycan və Kanada arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və inkişafı, o cümlədən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq, gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib, təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
28/10/2016 15:52
İtaliyada təhsil alan azərbaycanlı tələbə: “Özümü başqa ixtisasda təsəvvür edə bilmirəm” - Uğur formulu
Təhsil Nazirliyi və “1News.az” İnformasiya Agentliyinin “Uğur formulu” layihəsi davam edir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin budəfəki qonağı Selcan Qurbanovadır. Selcan Qurbanova 1994-cü ildə Bakı şəhərində anadan olub. İlk təhsilini A.Ələkbərov adına İncəsənət Gimnaziyasında alıb. Uşaqlıqdan incəsənətə olan marağı Selcanı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil almağa gətirir. Seçdiyi ixtisas üzrə peşəkar olmağı qarşısına məqsəd qoyan Selcan hazırda İtaliyanın Milan şəhərində “Scuola Politecnica di Design” Universitetində qrafik dizayn üzrə magistratura təhsilini davam etdirir. -Xaricdə təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu? - Sözün düzü, İtaliyada təhsil almaq mənim uşaqlıq arzum idi. Bura gəlməzdən əvvəl gözləntilərim çox böyük idi, çox şanslıyam ki, ümidlərim özünü doğrultdu. Xaricdə təhsil mənim həyatımda çox müsbət dəyişikliklər edib. Ən birincisi ixtisasımla bağlıdır. Burada öyrəndiyim biliklərin “niyə”sini anladım, çərçivədən kənar düşünmə qabiliyyəti, işi necə təkmilləşdirməli, təqdim etməli, dizaynda materialların önəmi və bir çox bilgilər. Bundan əlavə olaraq, kommunikasiya qabiliyyətim çox inkişaf etdi. Burada bir çox millətin nümayəndəsini tanıyıram, onların mədəniyyətlərini, dillərini, adətlərini daha yaxından öyrənirəm, bu da dünya görüşümün formalaşmasına çox böyük töhfə verir. -Niyə məhz bu ixtisası seçdiniz? - Mən 7 ilə yaxın fotoqraf kimi fəaliyyət göstərmişəm, amma həmişə beynimdə bir ideya olub ki, dizayner olacağam. Bu istək məndə o qədər güclüdür ki, özümü başqa ixtisasda təsəvvür edə bilmirəm. Qrafik dizayn heç vaxt mənə yorucu, məcburi iş kimi görünmür, işləyən zaman zövq alıram, istədiyim nəticəni almaq hissi isə əvəzedilməzdir. - Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız? - Dizayn innovasiyalar və yeniliklərlə dolu bir sahədir. Çox istərdim ki, bütün tələbələr daha yaradıcı düşünüb, şablondan bir az kənara çıxıb daha yenilikçi olsunlar və ən əsası universitetlə heç vaxt kifayətlənməsinlər. Daima xarici saytları izləyib, yeniliklərdən, trendlərdən xəbərdar olub, öz üzərlərində işləsinlər. - Təhsil aldığınız ölkədə Azərbaycanla bağlı nələri tanıtmısınız ? - Burada Azərbaycan deyəndə hər kəs tanıyır, amma fürsət düşdükcə dilimiz, adətlərimiz, milli yeməklərimiz haqqında məlumat verirəm. Bundan əlavə, “Milan dizayn həftəsi- 2016”da sərgilənən işimdə də Azərbaycanın adı qeyd edilib. - Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir? - Müəllimlərimiz hamısı çox məşhur dizaynerlərdir. Buna baxmayaraq münasibətimiz dost münasibətindən fərqlənmir. Müəllimlər bizə tam rahatlıq verdiyi üçün bu işimizə də təsir edir. Heç nəyi soruşmaqdan çəkinmirik, onlar da bizə düzgün yolu göstərirlər. - Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı? - Çox razıyam, özümü heç vaxt başqa ölkədən gəlmiş kimi hiss etməmişəm. İtalyanlara da, bizə də eyni cür davranış sərgiləyirlər. - Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz? - Bakıda ancaq dizayn təhsili almışam. Ona görə də digər sahələr haqqında çox məlumatlı deyiləm. Dərslərin daha interaktiv keçilrilməsini, təqdimatların, imtahanların rəqəmsal olmasını çox istəyərdim. Bakıya qayıdanda kiçik seminarlar təşkil etmək planlarımdan biridir. - Çətinlikləriniz varmı? - Milli yeməklərdən uzaq qalmağı saymasaq, elə də çətinliyim yoxdur. - Asudə vaxtınızda nə ilə məşğul olursunuz? - Milanda dizaynla bağlı çox yaxşı muzeylər var. Vaxt tapdıqca sərgilərə gedirəm, bəzən yaxın şəhərlərə səyahət edirəm. Hər şəhərdən başqa ilham alıram, özümə daim stimul verirəm. -Təhsilinizi başa vurduqdan sonra harada çalışmaq istəyərdiniz? Gələcək planlarınız necədir ? - Planlarim çox yüksəkdir. Artıq Bakıda çox bəyəndiyim şirkətlərdən iş təklifi almışam. Gələcəyim üçün çox böyük töhfəsi olacağına əminəm. -Ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz? - Azərbaycan gənclərini daha çox motivasiyalı görmək istəyirəm. Qarşınıza məqsəd qoyub onun arxasınca getməlisiniz. Mən İtaliya arzumu kiminləsə paylaşanda hamı alınmaz deyirdi, həvəsdən salırdılar. Amma qarşıma məqsəd qoyaraq hər şeyin öhdəsindən gəldim. Kimsə tərəfindən həvəsləndirilməyinizi gözləməyin, sizi ruhlandıracaq kimsə varsa, o da sizin özünüzsünüz. Uğurlar hər bir məqsədinizdə! 1News.az
28/10/2016 14:54
Bakı Musiqi Akademiyasında İtaliya və Azərbaycan musiqiçilərinin konserti
Oktyabrın 27-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) İtaliya və Azərbaycan musiqiçilərinin konserti keçirilib. Konsert Bakı Musiqi Akademiyası, İtaliyanın Espressione D`Arte Assosiasiyası və Luigi Çerubini Konservatoriyasının birgə əməkdaşlıq layihəsi çərçivəsində reallaşıb. İtaliya və Azərbaycan musiqi mədəniyyəti və təhsilinin mübadiləsinə əsaslanan layihənin məqsədi konservatoriyalar arasında təhsil əlaqələrinin inkişafına yönəlib. Konsertdə solistlər - Pierluigi Ruggiero (cello), Leonardo De Lisi (tenor), Daria Neçayeva (violin), Giuseppe Sturaçe (tenor) və Azərbaycanın xalq artisti Yeganə Axundova (piano) çıxış ediblər. İtaliyadan gələn professorlar BMA-nın tələbələri ilə, Luigi Çerubini Konservatoriyasının tələbələri isə BMA-nın professorları ilə ustad dərsləri keçiblər. Proqramda Azərbaycan, İtaliya və Avropa bəstəkarlarının əsərləri səslənib. BMA nümayəndələrinin mübadilə proqramı çərçivəsində İtaliyaya səfəri isə 1-5 noyabr 2016-cı il tarixlərində baş tutacaq. Səfər çərçivəsində respublikanın xalq artistləri, BMA-nın professorları Yeganə Axundova və Zəhra Quliyeva Luigi Çerubini Konservatoriyasının professorları ilə birgə ustad dərsləri keçəcəklər. Həmçinin, noyabrın 2-də Roma şəhərində, noyabrın 4-də isə Florensiya şəhərində Azərbaycan və İtaliya musiqiçilərinin birgə konserti nəzərdə tutulur.
28/10/2016 14:40
Fransız-Azərbaycan Universitetində tələbə biletləri təqdim edilib
Oktyabrın 27-də Beynəlxalq Muğam Mərkəzində Fransız-Azərbaycan Universitetinin (UFAZ) tələbələrinə Strasburq Universitetinin tələbə biletlərinin təqdim olunması mərasimi keçirilib. Tədbirdə Fransanın Azərbaycandakı səfiri Orelia Buşez, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Strasburq Universitetinin nümayəndəsi Filipp Turek, UFAZ-ın professor-müəllim heyəti və KİV nümayəndələri iştirak edib. Fransanın Azərbaycandakı səfiri Orelia Buşez ölkələrimiz arasında təhsil sahəsindəki əlaqələrin və birgə əməkdaşlığın əhəmiyyətindən danışıb, UFAZ-ın uğurla fəaliyyət göstərəcəyinə ümidvar olduğunu qeyd edib. Səfir bildirib ki, bu il kimya üzrə 3 Nobel mükafatçısından biri məhz Strasburq Universitetinin professorudur. Belə bir layihəni təqdirəlayiq hal kimi dəyərləndirən səfir onu da əlavə edib ki, UFAZ-ın tələbələrinin Strasburq Universitetinin kitabxanasından onlayn istifadə etmək imkanları var. Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev qeyd edib ki, UFAZ layihəsi iki ölkə arasında sosial-mədəni əlaqələrin ən aparıcı sahəsi olan təhsil əlaqələrinin inkişafında yeni bir mərhələni təşkil edir. Bu layihə eyni zamanda Azərbaycan gənclərinin Fransanın mədəniyyəti, zəngin elmi, mədəni irsi ilə yaxından tanış olmağa, eləcə də ölkələrimiz arasında milli-mədəni əlaqələrin daha da inkişaf edərək genişlənməsinə şərait yaradacaqdır. Sonra UFAZ-da təhsil alan tələbələrə Strasburq Universitetinin tələbə biletləri təqdim olunub. Qeyd edək ki, UFAZ layihəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Fransa Respublikasının Prezidenti Fransua Ollandın birgə təşəbbüsü ilə gerçəkləşdirilib. 2016-2017-ci tədris ili üçün UFAZ-a 4 ixtisas üzrə tələbə qəbulu həyata keçirilib və 143 nəfər UFAZ-da oxumaq hüququ qazanıb. Onlardan 120 nəfəri dövlət sifarişi, 23 nəfəri isə ödənişli əsaslarla təhsil alır. Tədris Fransa universitetlərindən cəlb edilmiş və yerli mütəxəssislər tərəfindən ingilis dilində aparılır. Təhsilini uğurla başa vuran məzunlara iki diplom veriləcək.
27/10/2016 19:53
“Direktorlar klubu”nun üzvləri üçün seminar
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən “Direktorlar klubu”nun üzvləri üçün seminar keçirilib. Seminarda Türkiyənin təhsil eksperti Erdem Söylemez "Məktəbdaxili təşkilati mədəniyyətin formalaşdırılması" mövzusunda çıxış edib və direktorları maraqlandıran sualları cavablandırıb. Seminar zamanı məktəbdaxili təşkilatçılıqda bərabərlik və ədalət, idarəetmədə şəxsi nümunələr, pozitiv nitqin vacibliyi, öyrənməyə açıq olmaq, bölüşmək və əməkdaşlıq, qarşılıqlı hörmət haqqında geniş müzakirələr aparılıb. Qeyd edək ki, “Direktorlar klubu”nun üzvləri Təhsil Nazirliyinin direktorluq vəzifəsi üçün elan etdiyi müsabiqədən uğurla keçən və 2016-ci ildə məktəb direktoru vəzifəsinə təyinat alan şəxslərdir.
27/10/2016 19:27
“Məktəb seminarları” layihəsi çərçivəsində təlim-seminarlar davam edir
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılan “Məktəb seminarları” layihəsi çərçivəsində təşkil olunan təlim-seminarlar davam edir. Paytaxtın ümumi təhsil məktəblərini əhatə edən “Məktəb seminarları” layihəsinin məqsədi keyfiyyətli tədris, birgə rəhbərlik, məktəblərin təşkilati mədəniyyətinin inkişafı, təhsil sahəsindəki yeniliklərin uğurla icra olunması, habelə məktəblərin “öyrənən məktəb-öyrənən təşkilat” kimi inkişaf etdirilməsinə dair mövzularda seminarlar keçirmək və bu kimi digər vacib dəyərləri təbliğ etməkdən ibarətdir. Oktyabrın 26-də sayca altıncı təlim-seminar Nizami rayonunda yerləşən 220 nömrəli məktəb-liseydə keçirilib. Təlim-seminarda çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva layihənin keçirilmə məqsədlərindən və gözlənilən nəticələrdən danışıb. Səmərəli məktəbin formalaşdırılması prosesində zəruri olan tədbirləri qeyd edən M.Vəliyeva direktorlar qarşısında “Keyfiyyətə nəzarət işinin təşkili və təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar və BŞTİ-nin mühüm istiqamətlər üzrə fəaliyyətinin təhlili” mövzusunda çıxış edib. Təlim-seminarda BŞTİ-nin İnkişaf layihələri sektorunun müdiri Lamiyə Şərəfxanova “Rayonlar üzrə məktəblərin keyfiyyət göstəricilərinin təqdimat və müzakirəsi” mövzusunda məruzə edib. Layihə çərçivəsində ümumi təhsil məktəblərinin direktorları, direktor müavinləri, fənn müəllimləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, valideyn icmaları və şagirdlər üçün müəyyən olunmuş mövzular üzrə ayrı-ayrı sessiyalar təşkil edilib. Təlim-seminarda mövzular ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılan “Məktəb seminarları” layihəsi çərçivəsində təşkil olunan təlim-seminarların paytaxtın bütün rayonlarında keçirilməsi nəzərdə tutulub.
27/10/2016 18:47
Təhsil Nazirliyi Mətbuat xidmətinin məlumatı
Azərbaycan Respublikasının Təhsil Nazirliyi və “Respublika” qəzeti bildirirlər ki, qəzetin 2016-cı il 27 oktyabr tarixli nömrəsində dərc olunmuş “Müstəqillik illərində Azərbaycanda təhsilin inkişafı” adlı məqalə nazirliyin strukturları tərəfindən təqdim olunmuş statistik məlumatlara əsaslanıb. Yaranmış anlaşılmazlıq əməkdaşların məsələnin tam araşdırmaması nəticəsində ortaya çıxmış və lazım olmayan əks-sədaya səbəb olmuşdur. Azərbaycan Respublikasının Təhsil Nazirliyi və “Respublika” qəzeti mövzu ilə bağlı əlavə şərhlərə ehtiyac görmür.
27/10/2016 18:38
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı