Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“İdeya-2017” adlı müsabiqəyə start verilib

Community.az portalı “Məktəb icmaları” layihəsi çərçivəsində “İdeya-2017” adlı müsabiqəyə start verib. Valideynlər arasında keçirilən müsabiqəyə məktəblilərin həyatını daha maraqlı və rəngarəng etmək məqsədilə hazırlanan layihələr təqdim oluna bilər. Müsabiqədə iştirak etmək üçün valideynlər community.az portalında “İdeya-2017” adlı qrupun üzvü olmalı və səhifədə yerləşdirilən ərizə formasını dolduraraq, təkliflərini yazmalıdırlar. Ərizələr 19 oktyabr 2016-cı il tarixindən 9 noyabr 2016-cı tarixinə qədər nigar.aliyeva@community.az elektron ünvanına göndərilməlidir.                 Müsabiqənin gedişatı və nəticələri barədə community.az portalından məlumat almaq olar. Münsiflər heyəti tərəfindən müəyyən ediləcək qalibləri “Məktəb icmaları” layihəsinin tərəfdaşları pul mükafatı və dəyərli hədiyyələrlə təltif edəcəklər.  Müsabiqənin mükafat fondu 1500 manat təşkil edir və bu məbləğ ilk 3 yeri tutan qaliblərə təqdim olunacaq. Sonrakı yerləri bölüşən digər 7 iştirakçıya isə hədiyyələr veriləcək. Ən yaxşı layihələr 2016-2017-ci tədris ilində həyata keçiriləcək. Qeyd edək ki, “İdeya-2017” adlı müsabiqə “Access Bank” ASC, “Sağlam Ailə” MMC“Şərq-Qərb” ASC tərəfindən dəstəklənir.  

“Məktəblinin dostu” pilot layihəsi üzrə təlimlərə başlanılıb

Oktyabrın 20-də  5 nömrəli Bakı Peşə Liseyində “Məktəblinin dostu” pilot layihəsi üzrə təlimlərə başlanılması ilə bağlı tədbir keçirilib. Tədbirdə Təhsil Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin  əməkdaşları, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi  və KİV nümayəndələri iştirak ediblər. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva “Məktəblinin dostu” layihəsinin müəllim, şagird və valideyn münasibətlərinin möhkəmləndirilməsində mühüm rol oynayacağını vurğulayıb. Namizədlərin ilkin vəzifələrini diqqətə çatdıran M.Vəliyeva qeyd edib ki, bu layihə üzrə seçilmiş şəxslər Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi" əsasında fəaliyyət göstərəcəklər. Tədbirdə bildirilib ki, bir ay ərzində davam edəcək təlimlər Təhsil Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən aparılacaq. Namizədlərə fövqəladə hallarda davranış qaydaları, fərdi mühafizə vasitələrindən istifadə ilə bağlı məlumatlar veriləcək. Eləcə də namizədlər təcili tibbi yardım xidməti hadisə yerinə çatanadək ilkin müayinələrin aparılması və müdaxilənin edilməsi haqqında məlumatlandırılacaqlar. Daha sonra 5 nömrəli Bakı Peşə Liseyində təlimlərə start verilib. Təhsil Nazirliyinin “ASAN xidmət”lə birgə həyata keçirdiyi “Məktəblilərin dostu” layihəsi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə və diaqnostik işlər aparmaq məqsədini daşıyır. “Məktəblinin dostu” hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin olunması, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edəcək. İmtahanların test mərhələsi oktyabrın 2-də  keçirilib. Bir saat yarım davam edən imtahanda namizədlərə Azərbaycan tarixi, coğrafiyası, mədəniyyəti, məntiqi düşünmə qabiliyyəti sahələri üzrə 50 sual təqdim edilib. Seçilmiş namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanıblar. Müsahibə mərhələsində ictimai fəaliyyətdə aktiv iştirak edən, könüllü kimi müxtəlif proqramlarda çalışan, xarici dil biliklərinə yiyələnən namizədlərə üstünlük verilib. Təlimin sonunda qiymətləndirmə nəticələrinə əsasən müəyyən edilən namizədlər “Məktəblinin dostu” seçiləcəklər. Layihə ilk mərhələdə Bakı şəhərindəki 30 ümumi təhsil müəssisəsində həyata keçiriləcək. Gələcəkdə layihənin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. 

Stolüstü tennis üzrə Azərbaycan Kuboku qazanılıb

Gənclər və yeniyetmə idmançılar  arasında stolüstü tennis üzrə Azərbaycan Kuboku uğrunda yarışlar başa çatıb. Gənclər və İdman Nazirliyinin və Azərbaycan  Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə “Şüa” İdman-Sağlamlıq Kompleksində keçirilən yarışlarda 1999-2002-ci il və daha kiçik təvəllüdlü məktəblilər iştirak edib. Şəxsi-komanda xarakteri daşıyan yarışlarda respublika üzrə 130-a yaxın idmançı iştirak edib. Gərgin mübarizə şəraitində keçən yarışlarda “Təhsil” Respublika İdman Mərkəzinin yeniyetmə və gənclərdən ibarət yığma komandaları komanda birinciliyində müvafiq olaraq Azərbaycan Kubokunun sahibi olublar. Qalib idmançılara diplom, kubok və mükafatlar təqdim olunub.

“Bizim kənddən Amerikaya uzun bir yol var” - “Uğur formulu”

Təhsil Nazirliyi və  “1News.az” İnformasiya Agentliyi “Uğur formulu” layihəsinə başlayır.                 “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin qonağı Çilənay Səfərlidir. 1993-cü ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olub. Orta məktəbi Bakı şəhəri, İlham Məmmədov adına 261 saylı məktəb-liseydə oxuyub. Azərbaycan Dillər Universitetində tərcümə ixtisası üzrə təhsil alan Çilənay, hazırda Amerika Birləşmiş Ştatlarının Corc Vaşinqton Universitetində insan resurslarının idarə edilməsi üzrə magistr təhsili alır. Çilənay öz “Uğur formulu”nu bölüşür: - Xaricdə  təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu? - Xaricdə təhsil, xüsusilə də Amerikada təhsil məktəb vaxtlarımdan ən önəmli hədəflərimdən biri idi. Amerikada təhsil mənə ilkin olaraq təhsilə fərqli və praktiki yanaşma qazandırdı. Burda heç bir imtahanımız test üsulu ilə olmur, bütün imtahanlarda ya fərdi, ya da qrup şəklində çalışırıq. Semestr ərzində Vaşinqtonda yerləşən müxtəlif şirkətlərə gedib, onların 6 ay müddətində iş rejimini müşahidə edib, nəticədə onlar üçün problemləri aradan götürmək və daha yaxşı işləmək üçün HR Action Plan yazırıq. Bu, bizə semestr boyu bütün öyrəndiklərimizi paralel olaraq praktikada tətbiq etməyə imkan verir. Bildiyiniz kimi, Amerikanı “melting pot” (sakini “qaynar qazan”a bənzəyir – red) adlandırılar. Çünki burada hər millətdən olan insana rast gəlmək olur. Bu da öz növbəsində dünya görüşünu artırmağa və müxtəlif millətlərlə ünsiyyət qurmağı öyrənməyə kömək edir. Ən önəmlisi isə ölkədən asılı olmayaraq təhsil insanı bir fərd olaraq yetişdirir.Azərbaycanda həmişə valideynlərimiz bizim qayğımıza qalır. Bura gələnə qədər istər ev üçün bazarlq etmək, qalmaq üçün ev tapmaq, pulu idarə etmək və digər bu tip qayğılardan azad idim. Oxuduğum iki il ərzində isə bütün bunları öyrəndim. Bu isə əvəzolunmaz bir həyat təcrübəsidir. - Niyə məhz bu ixtisası seçdiniz? - Bakalavr üzrə ixtisasım “Tərcümə” olduğu üçün müxtəlif sahələr üzrə tərcümə dərsləri almışıq. Bu, bizə həm dil baxımından, həm də müxtəlif sahələrlə daha dərindən tanış olmağa kömək edib. Təcrübəmi Milli Məclisin Kadrlar şöbəsində keçən zaman müxtəlif insan resursları üzrə mövzularla tanış oldum və getdikcə bu sahəyə marağım artdı və təlimlərə qoşuldum. Bütün bunların nəticəsində anladım ki, insanlar və insan psixologiyası ilə bağlı bu sahə mənim davam etmək istədiyim sahədir. Eyni zamanda bəzən  insan resurslarına olan cari adminstrativ münasibət məni narahat edirdi, çünki bu sahə sadəcə sənədləşmə işlərindən ibarət deyil. Bu səbəblərə görə qərara aldım ki, xaricdə bu sahəni daha dərindən öyrənib, ölkəmizdə onun inkişafına bacardığım qədər töhfə verim. - Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız? - Əslində, mən ADU-nun tərcümə fakültəsinə qəbul olan zamanda orada  pilot bir layihə tətbiq olundu və təhsilimiz ancaq ingilis dilində və standartdan kənar keçirilirdi. Bu səbəbdən Amerikaya gələn zaman çox çətin olmadı. Amma ümumilikdə, bizdə təhsilin praktiki tərəfinin artırılmasını daha çox istəyərdim. Biz daha çox oxumağa, testləri cavablandırıb, qiymət almağa öyrəşmişdik. Bura ilk gələndə mənim üçün ən çətin olan isə test üsulu deyil, davamlı yazılar yazmaq və təqdimatla çıxış etmək olmuşdu. Əlavə olaraq, biz, Azərbaycanda daha çox dərsi oxuyub cavab verməyə öyrəşmişdik, lakin burada məqalələri oxuyursan, amma müəllim onlardan heç nə soruşmur. Hər hansı bir “keys” verir və oxuduğumuz nəzəriyyələr əsasında həmin “keys”in müzakirəsi gedir. Yəni, demək istədiyim odur ki, əgər bizdə də oxuduqlarımızı nəzəri olaraq əzbər soruşmaq deyil, müxtəlif çalışmalar və “keys”lərlə müzakirə etmək olsa, qazanılan bilik daha davamlı olar. - Təhsil aldığınız ölkədə Azərbaycanla bağlı nələri tanıtmısınız? - Universitətimizdə digər azərbaycanlı tələbələrlə birlikdə Corc Vaşinqton Universitetində Azərbaycanlı Tələbələr Assosiyasiyası (George Washington University Azerbaijani Students Association) yaratmışıq. Onu yaratmaqda məqsədimiz həm Azərbaycanı burada olan universitet heyətinə və tələbələrə tanıtmaq, həm də buraya gələn azərbaycanlı tələbələrə dəstək olmaqdır. Oktyabr ayında “Azərbaycan mədəniyyətini qeyd etmək” (Celeberate Azerbaijani Culture) adlı bir tədbir təşkil etdik. Burada həm Azərbaycan musiqisi, Azərbaycanla bağlı təqdimat və video çarxlar nümayiş olundu, həm də əcnəbi tələbələr və universitet heyəti üçün Azərbaycan yeməkləri (plov, dolma), şirniyyatlarımız (paxlava,şəkərbura) və milli çay təqdim edildi. Həmçinin, qonaqlara milli paltarlarımızla şəkil çəkdirməkləri üçün şərait yaradıldı. Vaşinqtonda yaşayan həmvətənlərimiz də tədbirdə iştirak edərək, ölkəmizin və mədəniyyətimizin tanıdılmasında bizə dəstək oldular. - Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir? - Burada təhsil siteminin ən sevdiyim tərəflərindən biri müəllim-tələbə münasibətidir. Universitetdə çoxlu əcnəbi tələbə oxuduğu üçün artıq onlar bizimlə necə davranmağı, bizim nə tip çətinliklərimiz olduqlarını bilirlər. Burada müəllimə istədiyimiz zaman müraciət edib sualları soruşa və ya iş saatlarında ofisinə gedib dərslərlə bağlı məsələləri aydınlaşdıra bilirik. Bundan əlavə, bəzi müəllimlərim var ki, sadəcə müəllim deyil, həm də bizə valideyn münasibəti göstərirlər. Məsələn, Amerikada ən sevilən bayramlardan biri “Thanksgiving”dir (Şükranlıq bayramı). Bu bayramda bütün ailə üzvləri bir araya gəlirlər. Hər il bu bayramda müəllimimiz məni və digər əcnəbi tələbə yoldaşlarımı onlarla birlikdə bu bayramı keçirmək üçün öz evlərinə dəvət edir. - Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı? - Tələbələrin böyük əksəriyyəti əcnəbi tələbələr olduğu üçün artıq universitet heyəti və müəllimlər buna alışıblar. Bu səbəbdən də, bizə qarşı çox anlayışlı və yerli tələbələr ilə bərabər münasibət göstərilir. Universitetin təşkil etdiyi konsultasiya xidməti, akademik yazı xidmətləri, karyera ilə bağlı məsləhət xidməti həm tələbələrin gündəlik, həm də akademik çətinliklərində kömək olur. - Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz? Mən oxuduğum müddətdən indiyə qədər çox müsbət yönümlü dəyişikliklər var. Sadəcə yuxarıda qeyd etdiyim kimi, məncə, təhsilə yanaşma tərzimiz daha praktiki olsa və tələbələrin mövzu barədə öz fikirlərini bildirmək bacarıqlarını gücləndirməyə önəm verilsə təhsilin keyfiyyəti daha yaxşı olacaq. - Çətinlikləriniz varmı? - Ən böyük çətinliyim bura ilk gələn zaman təhsil sistemin fərqli olması idi. Həmçinin, Amerikada gündəlik həyatda ingilis dili və tələffüzü bizim öyrəndiyimiz ingilis dilindən fərqli olduğundan tam anlamaq üçün ilk bir ay vaxt aldı, sonra isə hər şey qaydasına düşdü. Gündəlik məişət həyatında yaşanan çətinliklər isə çətinlik gətirmir, əksinə, daha çox dəyərli təcrübə olur. Bir də əlbəttə ki, Azərbaycanda olan ailə, dostlar və yeməklərimiz üçün darıxmaq var. Təəssüf ki, Amerika uzaq olduğu üçün Azərbaycana tez-tez gəlmək olmur. - Asudə vaxtınızda nə ilə məşğul olursunuz? - Asudə vaxtımı təcrübə proqramında iştirak etməklə keçirirəm. Kampusda təcrübə keçmək həm Amerikan iş mühiti ilə tanış olmaq, həm də ixtisası daha dərindən öyrənmək baxımdan faydalıdır. Digər asudə vaxtlarımda isə universitetin təşkil etdiyi yoqa və digər qrup dərslərində iştirak edirəm. - Təhsilinizi başa vurduqdan sonra harada çalışmaq istəyərdiniz? Gələcək planlarınız necədir? - Təhsilimi başa vurduqdan sonra insan resurları sahəsində çalışmaq istəyirəm. Əslində burada oxuduğum müddətdə kifayət qədər öyrənsəm də, məncə hələ də öyrəniləsi çox şey var. Bu səbəbdən, bu sahədə gələcəkdə doktorantura üzrə təhsilimi davam etdirmək planım var. Düzü, bura ilk gələndə magistr təhsilimi bitirdikdən sonra yalnız insan resursları üzrə çalışacam deyirdim, amma zaman keçdikçə həqiqətən nə istədiyimizi daha yaxşı anlayırıq. Bu sahədə çalışmaqla yanaşı, Azərbaycana qayıtdıqdan sonar universitetlərimizdə bu sahədə dərs keçmək istəyərəm. Çünki, başa düşdüm ki, əgər Amerikaya gələn zaman məqsədim qayıtdığımda cəmiyyətimizə töhfə vermək idisə, bunu gerçəkləşdirməyin ən gözəl yolu öyrəndiklərimi tələbələrimizlə paylaşıb onların inkişafına dəstək olmaqdır. - Azərbaycan gənclərinə, ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz? - Azərbaycan gəncliyinə demək istəyirəm ki, əmin olun ki, buradakı millətlərin nümayəndələri bizim gənclik, bizim insanlar qədər çalışqan deyil. Əgər qarşınıza təhsil almaq məqsədi qoymusunuzsa, ilk öncə bunu niyə istədiyinizi özünüz üçün müəyyən edin, çünki bu sizə bütün çətinliklərdə motivasiyalı olmağa kömək edəcək. Mən uşaq olan zaman biz rayonda yaşayanda valideynlərimə gələcəkdə Amerikada oxuyacağımı demişdim, onlar isə “Daha real arzu tut ki, sonra üzülməyəsən, bizim kənddən Amerikaya uzun bir yol var” demişdilər. O zamandan düşünmüşdüm ki, bir gün bu arzumu gerçəkləşdirib onları bura gətirim. 2016-cı ilin may ayında valideynlərim məni qısa müddətlik burada ziyarət etdi və əmin olun ki, bu, hədsiz bir xosbəxtlikdir. Sizi həmişə motivasiya edəcək səbəbləriniz olsun. Görünən istənilən uğurun arxasında bilmədiyiniz çoxlu çətinliklər var, hər birimiz yaşamışıq və yaşayacağı. Hal-hazırda sizdən asılı olmayan nə çətinlik varsa belə siz məqsədiniz üçün çalışın, çünki sonra “bəlkə bunu etsəydim alınardı” cümləsini deməyəsiniz. Əziyyətiniz xeyirlisi ilə mütləq əvəzini verəcək. Bəlkə də siz istədiyiniz olmayacaq, amma mütləq ondan da yaxşısı olacaq, sadəcə zaman lazımdır bunu görməyə. Son olaraq bu yazdıqlarımı oxuyan valideynlər varsa, onlara demək istəyirəm ki, biz bütün uğurlarımızı sizə borcluyuq. Siz də övladlarınıza bu məqsədləri gerçəkləşdirməkdə dəstək olun, nə qədər onlar üçün narahat olsaz da əmin olun sizin dəstəyiniz olduqdan sonra o məqsədlərə çatmaq daha asandır. Təhsil arzumu həyata keçirməkdə ən böyük dəstəkçim olan bu proqramda əməyi keçən bütün insanlara, mənə güvənib bu qədər uzağa gəlməyimə icazə verdikləri üçün valideynlərimə və bu müddətdə yanımda olan bütün müəllimlərimə, dostlarıma təşəkkür edirəm. Uğur heç vaxt tək qazanılmır və onu tək qazanmağa çalışmayın. Həyatınızda sizə dəstək olacaq insanlar olsun ki, siz imtina etdiyiniz anlarda onlar sizə məqsədlərinizi xatırlatsın. Hər birinizə arzularınızı reallaşdırmaqda uğurlar.   1News.az

İbtidai sinif müəllimləri üçün TOPs təlimləri keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirliyi, “British Council”, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə tərəfdaşlığı ilə “TOPs - təhsilalanların fiziki hazırlığı, psixoloji dayanıqlığı və təlim nailiyyətlərinin yüksəldilməsi” layihəsi çərçivəsində ümumtəhsil məktəblərində təlimlərə start verilib. Layihənin əsas məqsədi fiziki tərbiyə dərslərini tədris edən müəllimlərin peşə bacarıqlarının artırılması, fiziki tərbiyə sahəsində innovativ tədris üsulunun yaradılmasıdır. Layihə çərçivəsində ilk təlimlər Bakı şəhəri 95 və 238 nömrəli tam orta məktəblərdə keçirilib. Bakı və Sumqayıt şəhərlərinin 72 ümumi təhsil müəssisəsindən 150 nəfər ibtidai sinif müəllimi ayrı-ayrı qruplarda mərhələlərlə TOPs metodologiyası üzrə 3 günlük praktiki təlimlərə cəlb olunub. Təlimlər zamanı ibtidai siniflərdə fiziki tərbiyə fənninin məzmunu ilə bağlı müzakirələr aparılıb, müasir təlim üsulları vasitəsilə dərslərin tədrisinin yüksəldilməsi üçün praktiki məşğələlər keçirilib. Eləcə də ibtidai siniflərdə fiziki tərbiyə dərslərinin effektli tədris edilməsi üçün TOP Oyun–metodiki tədris kartlarından istifadə qaydaları müəllimlərə izah edilib.  “İnkişaf Naminə İdman” İctimai Birliyinin TOPs üzrə ixtisaslaşmış mütəxəssisləri tərəfindən müəllimlərin təlimöncəsi və təlimsonrası qiymətləndirilməsinin nəticəsi müqayisə edilib.

Cəlilabadın İncilli kəndində yeni məktəb binası istifadəyə verilib

Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında nəzərdə tutulan tədbirlərə müvafiq olaraq Cəlilabad rayonunun İncilli kənd ümumi məktəbi üçün inşa edilmiş 180 şagird yerlik yeni məktəb binası oktyabrın 19-da istifadəyə verilib. Bu münasibətlə keçirilən mərasimdə Cəlilabad Rayon İcra Hakimiyyətinin, Təhsil Nazirliyinin, rayonun hüquq-mühafizə orqanlarının nümayəndələri, təhsil şöbəsinin əməkdaşları, məktəbin pedaqoji və şagird kollektivləri, valideynlər, kənd ictimaiyyətinin təmsilçiləri iştirak ediblər. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov məktəbin kollektivini əlamətdar hadisə münasibətilə təbrik edib. Vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə təhsilin inkişafına böyük diqqət və qayğı ilə yanaşılıb. Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən də təhsilin inkişafı üçün bütün imkanlar yaradılıb, təhsilin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi istiqamətində işlər yüksək sürətlə davam etdirilir. Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlər ölkəmizin bütün regionlarında olduğu kimi, Cəlilabad rayonunda da uğurla həyata keçirilir. Açılış mərasimində çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov diqqətə çatdırıb ki, son 10 ildə Azərbaycanda 3 mindən artıq yeni məktəb binası tikilərək, yaxud əsaslı təmir edilərək müəllim və şagird kollektivinin istifadəsinə verilib. Tədris müəssisələri ən yeni inventar və avadanlıqla təmin olunub. Ölkədə davamlı təhsil islahatları aparılır. Bütün bunlar gənc nəslin təhsilinin ölkə rəhbərinin daim diqqətində olduğuna bariz nümunədir. Müəllimlər və şagirdlər, kənd sakinləri Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünün ölkəmizdə geniş qeyd edildiyi bir vaxta təsadüf edən bu gözəl töhfəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Mərasim iştirakçıları yeni məktəb binasında sinif otaqları, fənn kabinetləri, idman zalı, kitabxanada şagird və müəllimlər üçün yaradılmış şəraitlə tanış olublar.   AZƏRTAC

Elektron dərsliklər Frankfurt kitab sərgisində nümayiş etdirilir

Almaniyanın Frankfurt şəhərində təşkil edilən dünyanın ən böyük kitab sərgisində Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən hazırlanan elektron dərsliklər nümayiş olunur. Oktyabrın 19-dan start verilən sərgidə müxtəlif sahələri əhatə edən minlərlə nəşriyyat, ali təhsil müəssisələri, beynəlxalq təşkilatlar, elektron təhsil şirkətləri və digər qurumlar iştirak edir. Sərgi iştirakçıları arasında təhsil sahəsində dünyada aparıcı mövqeyə malik “Elsevier”, “EBSCO”, “Cambridge University Press”, “Springer” kimi beynəlxalq təşkilatlar, BMT, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı kimi nüfuzlu beynəlxalq qurumlar da yer alıb. Təhsil Nazirliyi tərəfindən nümayiş etdirilən elektron dərslik portalı dərsliklərə əlçatımlılıq, istifadənin asanlığı, interaktivlik və zənginləşdirilmiş məzmun baxımından iştirakçıların marağını cəlb edib. Hazırda Təhsil Nazirliyinin elektron dərslik platformasında (www.e-derslik.edu.az) 150-dən artıq dərslik yerləşdirilib. Bu dərsliklərdən istifadə sayı 500000-dən daha artıq olub.  Sərgi oktyabrın 25-dək davam edəcək.

“ADA” Universitetində “Big Data” Elmi-Tədqiqat və Təlim Mərkəzi yaradılır

“ADA” Universitetində BP-nin maliyyə dəstəyi ilə “Big Data” Elmi-Tədqiqat və Təlim Mərkəzi yaradılır. Bu münasibətlə oktyabrın 19-da keçirilən açılış mərasimində “ADA” Universitetinin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev mərkəzin universitetin İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutunun təşəbbüsü ilə yaradıldığını bildirib, mərkəzin fəaliyyətinə uğurlar arzulayıb. Rektor qeyd edib ki, yeni yaradılan mərkəzdən “ADA” Universitetinin tələbələri ilə yanaşı, digər ali təhsil ocaqlarının tələbələri də faydalanacaq. İnanırıq ki, yeni mərkəz bu sahə üzrə yerli mütəxəssislərin və yerli analitiklərin yetişdirilməsi istiqamətində yeni yol açacaq. Həmçinin ən qabaqcıl proqram təminatı və aparat təminatı texnologiyalarında yeni sahələr üzrə yerli bilik və təcrübələrin inkişaf etdirilməsinə imkan yaradacaq. Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda ilk dəfə həyata keçirilən layihənin başlanması münasibətilə iştirakçıları təbrik edib, bu mərkəzin təhsilin inkişafına töhfələr verəcəyini vurğulayıb. Nazir qeyd edib ki, “Big Data” Elmi-Tədqiqat və Təlim Mərkəzi həm də ölkədə elm və tədqiqatlar üzrə yeni inkişaf sahəsinin başlanğıcını qoyacaq. Mərkəzdən faydalanan gənclər bu sahə üzrə qarşılaşacaqları maneələri asanlıqla dəf edə biləcəklər. Bu da onlara öz növbəsində, həm özəl sektorda, həm də dövlət sektorunda bir sıra sahələrdə və ixtisaslarda təhlil bacarıqlarının təkmilləşdirilməsinə yardım edəcək. BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell bildirib ki, BP və onun tərəfdaşları ölkədə yeni inkişaf sahəsinin yaradılmasına imkan verəcəyi gözlənilən bu layihəyə dəstək olmaqdan məmnunluq duyur. Bu layihə konkret olaraq ölkədə verilənlər üzrə ixtisaslaşmış mütəxəssislərin, verilənlər və informasiya üzrə mühəndislərin və irihəcmli verilənlərin təhlili üzrə peşəkar mütəxəssislərin yetişdirilməsinə yönəlib. BP və tərəfdaşları üçün bu layihə, həmçinin Təhsil Nazirliyi ilə olan əməkdaşlığı genişləndirmək və Azərbaycanın aparıcı ali təhsil ocaqlarından biri olan “ADA” Universiteti ilə yeni tərəfdaşlıq qurmaq imkanı verir. Bildirilib ki, layihənin icra müddəti 2016-cı il oktyabr ayından 2017-ci ilin dekabr ayınadək olan dövrü əhatə etməklə 15 ay təşkil edir. “ADA” Universiteti tərəfindən həyata keçiriləcək layihənin dəyəri 410 min dollardır. Sonra Elmi Tədqiqat və Təlim Mərkəzinin yaradılmasına dair müqavilə imzalanıb. Müqaviləni “ADA” Universitetinin rektoru Hafiz Paşayev və BP-nin regional prezidenti Qordon Birrell imzalayıblar. AZƏRTAC  

İlk peşə-ixtisas təhsili müəssisələri ilə bağlı brifinq

Oktyabrın 19-da Təhsil Nazirliyində ilk peşə-ixtisas təhsili müəssisələrinin rasionallaşdırılması ilə bağlı  mətbuat üçün brifinq keçirilib. Brifinqdə məlumat verilib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq Nazirlər Kabineti tərəfindən Bakı və Gəncə şəhərləri üzrə ilk peşə-ixtisas təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılması ilə bağlı qərar qəbul edilib. Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev bildirib ki, rasionallaşdırma nəticəsində bir sıra strateji istiqamətdə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur. Bu prosesin həyata keçirilməsi ilk peşə-ixtisas təhsili sisteminin mövcud idarəolunma strukturunun bazar iqtisadiyyatı prinsipləri ilə uzlaşmasını təmin etmək, maddi-texniki və tədris bazasını yeniləmək məqsədi daşıyır. Ölkədə qeyri-neft sektorunun inkişafı ilə bağlı şaxələnmiş iqtisadiyyatın tələblərinə uyğun müxtəlif peşə istiqamətləri üzrə ixtisaslaşmış Dövlət Peşə Təhsil mərkəzləri yaradılacaq və həmin mərkəzlərdə müasir tələblərə uyğun idarəetmə tətbiq ediləcəkdir. Yeni Peşə Təhsil mərkəzlərinin fəaliyyəti dövlət-biznes tərəfdaşlığı prinsiplərinə əsaslanaraq, əmək bazarının dəyişən tələblərinə uyğun işəgötürənlərlə qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. Peşə təhsili sahəsində beynəlxalq təşkilatlarla (BMT, Avropa İttifaqı, Avropa Təlim Fondu, “British Council”, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, Koreya İqtisadi Əməkdaşlıq Fondu, Asiya İnkişaf Bankı və s.) birgə mövcud olan qabaqcıl təcrübə öyrənilərək Peşə Təhsil mərkəzlərinin idarə edilməsi və ixtisaslı kadr hazırlığı prosesinin təşkilində istifadə olunacaq. Bildirilib ki, Peşə Təhsil mərkəzlərində təhsil almaq istəyənlərin asan qəbulu (“ASAN peşə” layihəsi) təmin olunacaq və uğurlu nəticələr əldə etmiş məzunların təhsilin varisliyi prinsipinə uyğun olaraq digər təhsil pillələrinə asan keçidi mexanizmi işlənəcək. Peşə təhsil mərkəzlərində əmək bazarının və cəmiyyətin tələblərinə uyğun ömür boyu təhsilin təmin edilməsi üçün yaşlıların təhsili, ixtisasartırma, yenidən hazırlanma kimi təhsil xidmətləri göstərilməklə təhsilin hamı üçün əlçatanlığı təmin ediləcək. Sonda media nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

İbtidai sinif müəllimləri üçün “Peşəyə giriş” seminarları keçiriləcək

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) və “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi tərəfindən bu il işə qəbul olunan ibtidai sinif müəllimləri üçün "Peşəyə giriş" seminarları keçiriləcək. Seçilmiş ibtidai sinif müəllimlərinə 3 gün ərzində "İbtidai təhsilin missiyası və xüsusiyyətləri", "Məzmun standartlarının şərhi; dərs icmallarının hazırlanması", "Uşaq psixologiyası; uşaqla ünsiyyət və əməkdaşlıq qurmağın konstruktiv yolları", "Sinifdə öyrədici mühitin yaradılması; şagird tədqiqatının təşkili" mövzularında seminarlar keçiriləcək. Seminarda iştirak üçün yalnız bu il işə qəbul olunan və daimi əsaslarla işləyən ibtidai sinif müəllimləri müraciət edə bilər.  Seminarlar 27-29 oktyabr 2016-cı il tarixlərində keçiriləcək. Ərizələr 25 oktyabr 2016-cı il tarixinədək elektron (http://bit.ly/2exlxAT) formada qəbul ediləcək.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı