Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Dostluğun sehri” I Beynəlxalq uşaq rəsm müsabiqəsinə yekun vurulub

Azərbaycan Rəssamlar İttifaqında “Dostluğun sehri” devizi altında I Beynəlxalq uşaq rəsm müsabiqəsinin sərgisi keçirilib. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı şəhəri Uşaq Yaradıcılıq Mərkəzi, Azərbaycan Rəssamlar İttifaqıAzərbaycan Dövlət Rəssamlıq Akademiyasının  təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət və özəl qurumların, qeyri-hökumət təşkilatlarının, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri iştirak ediblər. Müsabiqənin nəticələrinə əsasən 480 rəsm əsərindən 90-ı I, II, III, 26 rəsm işi isə həvəsləndirici yerlərə layiq görülüb. Müsabiqəyə Azərbaycan, Türkiyə, Ukrayna, Belarus, Moldova, Latviya, Qazaxıstan, Bolqarıstan, Çexiya, Misir, Bosniya və Hersoqovinadan olan  gənc rəssamlar qoşulub.  Sərgidə gənc rəssamların 200-ə qədər rəsm işi nümayiş olunub. Qaliblər medal və diplomlarla təltif ediliblər. Tədbirin bədii hissəsində Uşaq Yaradıcılıq Mərkəzinin bədii kollektivləri dünya xalqlarının rəqslərindən ibarət “Dostluq çələngi” adlı kompozisiya ilə çıxış ediblər.

Salyan, Neftçala və Biləsuvar rayon müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi

15-16 dekabr tarixlərində Salyan, Neftçala və Biləsuvar rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək. Masallı Olimpiya İdman Kompleksində keçiriləcək diaqnostik qiymətləndirmədə  4500 nəfərə yaxın müəllim iştirak edəcək. Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlər dq.edu.az saytına daxil olmaqla “Şəxsi səhifə” bölməsindən imtahanların keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilərlər. Eyni zamanda həmin səhifə vasitəsilə məlumatların dürüstlüyünü yoxlamaq mümkündür. Uyğunsuzluq aşkar edildiyi təqdirdə yerli təhsili idarəetmə orqanlarına müraciət edilə bilər.

“Praktiki məsləhətlər üçün regional sessiya” adlı seminar keçiriləcək

15-16 dekabr 2016-cı il tarixlərində “Praktiki məsləhətlər üçün regional sessiya” adlı seminar keçiriləcək. Azərbaycan Respublikası Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, “Rusiya Vençur Şirkəti”nin  təşəbbüsü ilə təşkil olunan seminarlar “ADA” UniversitetiAzərbaycan Dövlət İqtisad Universitetində keçiriləcək. Tədbirin keçirilməsində əsas məqsəd innovativ ekosistemin qurulmasına və yüksək texnologiyalar sahəsində sahibkarlığın inkişafına töhfə verməkdir. Seminarda iştirakı planlaşdırılan ali təhsil müəssisələrinin müəllim və yuxarı kurs tələbələri innovativ sahibkarlıq fəaliyyəti üzrə lazımi bilik və bacarıqlar əldə edəcəklər. Həmçinin keçiriləcək intensiv təlimlər zamanı startap sahibkarlara biznes ideyalarının kommersiyalaşdırılması, potensial investorlara isə sərmayələri üçün perspektivli sahələri təyin etmələri məqsədilə təkliflər veriləcəkdir. 2008-ci ildən Rusiya Federasiyasında keçirilən bu seminarların ölkəmizdə ilk dəfə olaraq təşkili planlaşdırılır. Bu günə qədər keçirilmiş eyniadlı 160 tədbirdə 11000 nəfər iştirak edib. Seminarlarda innovativ sahibkarlıq fəaliyyəti üçün vacib olan bilik və praktiki bacarıqlar əldə edilib. Seminarda iştirak və daha ətraflı məlumat üçün vkhanlarov@tsii.edu.az elektron poçt ünvanına müraciət etmək olar.

Anım mərasimi keçirilib

Dekabrın 12-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Mərasimdən öncə Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin kollektivi Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Təhsil Nazirliyi rəhbərliyinin, ali təhsil müəssisələri rektorlarının və təhsil ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi mərasimdə Azərbaycan Milli KonservatoriyasıÜ.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin ifasında ümummilli lider Heydər Əliyevin ən çox sevdiyi bəstəkar və xalq mahnıları, klassik musiqilər səsləndirilib.

Təhsil naziri İmişli şəhərində vətəndaşları qəbul edəcək

Sabirabad, Saatlı, İmişli rayon və Şirvan şəhər sakinlərinin nəzərinə! Təhsil naziri Mikayıl Cabbarov 15 dekabr 2016-cı il tarixində saat 13:00-da İmişli şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Sabirabad, Saatlı, İmişli rayon və Şirvan şəhər sakinlərini qəbul edəcək. Qəbulda Sabirabad, Saatlı, İmişli rayonlarında və Şirvan şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 9, 12, 13, 14 dekabr 2016-cı il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Azərbaycan Tələbə-Könüllülərinin 2-ci Forumu keçirilib

Dekabrın 9-da “BİR” Tələbə-Könüllü Proqramının təşkilatçılığı ilə Beynəlxalq Könüllülər Gününə həsr olunmuş Azərbaycan Tələbə-Könüllülərinin 2-ci Forumu keçirilib. Forumda təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, beynəlxalq qurumların nümayəndələri, tələbə-könüllülər və media təmsilçiləri iştirak edib. Forum Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ötən il keçirilmiş forumla və görülmüş işlərlə bağlı hesabat video-çarxı nümayış olunub, tələbə-könüllülərin himni səsləndirilib. Təhsil naziri Mikayıl Cabbarov forum iştirakçılarını salamlayıb və könüllülük hərəkatının inkişafı, tələbələrin ictimai həyatda fəal iştirakı baxımından forumun əhəmiyyətini nəzərə çatdırıb. Nazir bildirib ki, bu gün savadlı, innovativ, milli dəyərləri qorumaqla qlobal dünyaya hazır olan nəslin yetişdirilməsi ən başlıca vəzifəmizdir. Nazir könüllülük hərəkatının müasir Azərbaycan üçün nisbətən yeni bir hadisə olduğunu deyib. Könüllülərin fəaliyyətinin ölkə Prezidenti tərəfindən xüsusi vurğulandığını qeyd edən təhsil naziri son illər ərzində ölkədə keçirilən bir sıra iri miqyaslı tədbirlərin təşkilində onların rolundan danışıb.“Tələbə-könüllülərin fəaliyyəti yalnız böyük əhəmiyyətli tədbirlərdə iştirakla məhdudlaşmamalıdır, bu,  bir sıra daimi həyata keçirilən layihələri də əhatə edə bilər. Belə ki, tarixi irsimizin və abidələrimizin öyrənilməsində, aşkarlanmasında, ekologiyanın qorunmasında, sağlam həyat tərzinin aşılanmasında könüllülərin öz təşəbbüsləri ola bilər”. Təhsil naziri “Bir” Tələbə-Könüllü Proqramına dəstək verən və bu proqramla əməkdaşlıq edən qurumlara  təşəkkür edib, tələbə-könüllülərə isə uğurlar arzulayıb. Gənclər və idman naziri Azad Rəhimov, BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin müavini Alessandro Frakasetti çıxış edərək ölkəmizdə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə tələbə-könüllülərin fəal iştirakını yüksək dəyərləndirib, könüllülər hərəkatının inkişafının əhəmiyyəti qeyd ediblər. Sonra “Bir” Tələbə-Könüllü Proqramı ilə əməkdaşlıq edən qurumlara tərəfdaşlıq sertifikatları təqdim olunub. Forum tələbə-könüllülər təltif edildikdən sonra onların ifasında məşhur “Tələbə” mahnısının səsləndirilməsi ilə başa çatıb. Təhsil Nazirliyinin “BİR” Tələbə-Könüllü Proqramı ölkəmizin mədəni və ictimai inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılan uzunmüddətli proqramdır. Hazırda 7 mindən artıq könüllü bazaya sahib olan “BİR” könüllülər Bakıda keçirilmiş “Formula 1” üzrə Avropa Qran-Pri yarışlarında 1147 tələbə ilə fəal iştirak ediblər. Ötən dövr ərzində 63 müxtəlif səviyyəli tədbirlərdə iştirak edən könüllülər ölkəmizin 6 regionunda, 17 təhsil müəssisəsində təmsil olunublar.  

“Diaqnostik qiymətləndirməni müəllimlər üçün yaradılmış ən gözəl imkan hesab edirəm”

Dekabrın 8-də Kürdəmirdə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib. İmtahanda Kürdəmir şəhər 3 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Xəyalə Veyisova bütün sualları düzgün cavablandıraraq 60 bal toplayıb. Xəyalə Veyisova 1982-ci ildə Kürdəmir rayonunun  Yenikənd kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetində coğrafiya ixtisası üzrə təhsil alan X.Veyisova hazırda Famil Həşimov adına şəhər 3 nömrəli tam orta məktəbdə coğrafiya fənnini tədris edir. Bir neçə yerli və beynəlxalq mükafatlara layiq görülən X. Veyisova  2014-cü ildə “Tərəqqi” medalı ilə təltif edilib, həmin ildə  “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub. - Müəllimlərin diaqnostik qiymətləndirilməsini necə dəyərləndirirsiniz ? - Diaqnostik qiymətləndirmə, doğrudan da, müəllimlərin öz üzərlərində məsuliyyətlə çalışmaları üçün çox yaxşı bir addımdır. İmtahanlardan qabaq mənə rayon müəllimləri də müraciət edirdilər. Əgər coğrafiya fənni üzrə rayonumuzun müəllimlərinin nəticələri çox yüksək olsa, mən buna çox sevinəcəm. Öz müşahidəmdən onu deyə bilərəm ki, müəllimlər bu imtahana çox ciddi  hazırlaşdılar. Onlar deyirdilər ki, həm ixtisas biliklərimizi artırdıq, həm də dərslərimizi daha yaxşı tədris etməyi öyrəndik.   Özümə gəldikdə isə, mən demişdim ki, 60 bal toplamalıyam. Əgər maksimum olmayacaqsa, qoy 55 olsun, amma 59 bal  olmasın. Hərdən özümü psixoloji cəhətdən  hazırlamaq üçün deyirdim ki, 60 olmaya da bilər. Amma alınmırdı, yalnız maksimum nəticə haqqında düşünürdüm. -Yüksək bal topladığınızı görəndə hansı hissləri keçirdiniz ? -İndiyədək  onlarla imtahanda iştirak etmişəm. Amma bu imtahanda sanki  istirahət etdim. Sakitlik, nəzarətçilərin davranışı, proqramın rahatlığı. Ən çox narahat olurdum ki, proqramda ləngimə olsa, mənim vaxtım gedəcək. Ancaq hər şey yüksək səviyyədə oldu. Bütün suallara cavab verdim, ekranda sıfırları gördüm.  Bildim ki, 40 deyil, 50 bal da  ola bilməz. Əlimi stola vurub, qışqırdım. Nəzarətçilər tez yaxınlaşdılar  ki, imtahan zamanı belə davranmaq olmaz. Sonra bildilər ki, 60 bal toplamışam. Hamı gəlib təbrik etdi. -İmtahana necə hazırlaşdınız ? -Mən öz ixtisasımı bilirəm. Bu imtahana müəllimlərlə birgə hazırlaşmışam. Müəllimlər imtahana hazırlaşan zaman zəng edirdilər, müxtəlif suallar ətrafında müzakirələr aparırdıq. Beləcə, mən özüm də həm araşdırır, həm öyrənirdim, həm də biliklərimizi paylaşırdıq.  -Diaqnostik qiymətləndirməyə hazırlaşan müəllimlərə nə tövsiyə edərdiniz?   -Müəllimlik elə bir peşədir ki,  mütəmadi olaraq biliklər yenilənməlidir. Müəllimlərə bütün proqramı əvvəldən axıra qədər təkrarlamağı tövsiyə edirəm. İmtahanlar müəllimin daha peşəkar olmasına gətirib çıxarır. Bəzən müəllimlər həyəcanlanır, qorxur, lakin buna əsas yoxdur. Diaqnostik qiymətləndirməni müəllimlərə biliklərini artırmaq üçün yaradılmış ən gözəl imkan hesab edirəm.

Kürdəmirdə diaqnostik qiymətləndirmə

Dekabrın 8-də Kürdəmir, Ağsu, Ucar, Ağcabədi və Zərdab rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə start verilib. Bu gün keçirilən imtahanlarda 2500-ə yaxın müəllim iştirak edib. Kürdəmir şəhər 3 nömrəli tam orta məktəbin coğrafiya müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi, “Tərəqqi” medalı ilə təltif olunan Xəyalə Veyisova bütün sualları düzgün cavablandıraraq 60 bal toplayıb.  

“BİR” Tələbə-Könüllü Proqramı ilə AFFA arasında əməkdaşlıq memorandumu imzalanıb

Dekabrın 8-də Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü ProqramıAzərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) arasında könüllü fəaliyyət sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı və möhkəmləndirilməsi haqqında anlaşma memorandumu imzalanıb. Memorandumu təhsil nazirinin müavini Firudin Qurbanov və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Elxan Məmmədov imzalayıb. Qeyd edək ki, anlaşma memorandumunda tələbələrin könüllülük fəaliyyətinə cəlb edilməsi, könüllülüyün təbliği ilə əlaqədar bir sıra birgə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Memorandumun şərtlərinə əsasən, “BİR” Tələbə-Könüllü Proqramına daxil olan ali təhsil müəssisələrində AFFA tərəfindən həyata keçirilən yerli və beynəlxalq tədbirlərdə könüllülərin iştirakı və onların təlimlərə cəlb edilməsi nəzərdə tutulub. “Bir” Tələbə-Könüllü Proqramı ölkədə bir sıra irimiqyaslı tədbirlərin planlaşdırıldığı və bu tədbirlərin təşkilində tələbə-könüllülərin böyük rolunun olduğu nəzərə alınaraq, tələbə-könüllülərlə işin təşkilinin sistemləşdirilməsi, vahid məlumat bazasının yaradılması, tələbələrin könüllü fəaliyyətlə məşğul olmasının stimullaşdırılması məqsədilə yaradılıb.

"Dünyanın hansı ölkəsinə getməyimizdən asılı olmayaraq, insanın Vətənini heç nə əvəz etmir" - Uğur formulu

Təhsil Nazirliyi və  “1News.az” İnformasiya Agentliyinin “Uğur formulu” layihəsi davam edir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin budəfəki qonağı Ceyran Ağayevadır. Ceyran Ağayeva 1983-cü ildə Bakı şəhərində anadan olub. 252 nömrəli tam orta məktəbi bitirdikdən sonra Azərbaycan Dillər Universitetinin roman-german filologiyası fakültəsində ingilis dili və ədəbiyyatı üzrə təhsil alıb. 2008-ci ildə həmin universitetin xarici dillərin tədrisi metodikası fakültəsinin magistratura səviyyəsini bitirib. Hazırda Amerika Birləşmiş Ştatlarının nüfuzlu Miçiqan Dövlət Universitetində təhsilin idarə olunması ixtisası üzrə doktorantura səviyyəsində təhsilini davam etdirir. - Niyə məhz bu ixtisası seçdiniz? - Təhsilin idarəolunması Azərbaycan ali təhsilində yeni bir sahədir. Bu sahədə Azərbaycanda təhsil almaq imkanları məhduddur. Bununla əlaqədar “ADA” Universiteti Miçiqan Dövlət Universiteti ilə birgə layihə imzalayıb və Azərbaycanda təhsilin idarəolunması üzrə magistr proqramına start verib. Mən də bu layihənin iştirakçısı olaraq xaricdə təhsilimi bitirdikdən sonra “ADA” Universitetində “School of Education” da gələcək kadrların yetişməsinə öz töhfəmi verməyə çalışacağam. - Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız? - Hazırda oxuduğum universitetlə təhsil aldığım ilk universitet arasında təhsilə yanaşma fərqlidir. İlk olaraq deyim ki, burada tələbələrin istədikləri fənləri seçmə imkanları daha genişdir. Bundan əlavə, buradakı elmi məsləhətçilər tərəfindən tələbələrə göstərilən dəstəyi çox bəyənirəm. Dərslərdə tənqidi təfəkkürün inkişaf etdirilməsinə daha çox üstünlük verilir. Bu, bizim əksər ali məktəblərdə rast gəlinən böyük problemdir. Tələbələrə dərs vəsaitlərindən öyrəndikləri məlumatlara tənqidi mövqedən yanaşmağı öyrətmək daha yaxşı olardı. - Təhsil aldığınız ölkədə Azərbaycanla bağlı nələri tanıtmısınız? - Burada Azərbaycanın rəsmi və qeyri-rəsmi bayramları, tarixi barədə dostlarıma, tanıdığım insanlara və iştirak etdiyim  tədbirlərdə məlumatlar verirəm. Bundan əlavə, ali təhsilin idarə olunması ixtisasını seçdiyim üçün qatıldığım bir çox layihələrdə Azərbaycanın ali təhsil müəssisələrinin tarixindən və eləcə də mövcud imkanlarından bəhs edə bilmişəm. - Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir? - Tələbə-müəllim münasibətləri çox fərqlidir. İstənilən vaxt məsləhət üçün müəllimə müraciət etmək olar. - Daha çox hansı çətinlikləriniz olub? - Ən böyük çətinliyim ilk vaxtlarda oldu, ailəmdən uzaq yaşamağa alışmağım çətin oldu. Bir müddət keçdikdən sonra insan buna öyrənsə də, bəzən xüsusilə də bayramlarda Bakıda - ailəm və dostlarımla olmağı çox istəmişəm. - Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı? - Universitetdə kifayət qədər əcnəbi tələbə təhsil alır. Mən keçən il əcnəbi tələbələrlə bağlı layihədə iştirak edirdim və tələbələrdən biri ən yaxın dostlarının əcnəbilər olduğunu dedi. Səbəbini soruşanda isə “Bizi ölkəmizdən uzaq olmağımız bir-birimizə bağlayır” -  söylədi. Mən də bu fikirlə razıyam. Xaricdə təhsil aldığım müddətdə rastlaşdığım əcnəbi tələbələrlə ünsiyyətə girmək və dost olmaq asandır. - Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz? - Azərbaycanda aparılan islahatlar təhsil sahəsində gələcəyin yaxşı olacağından xəbər verir. - Asudə vaxtınızda nə ilə məşğul olursunuz? - Asudə vaxtlarımda əcnəbi dostlarımla ünsiyyət qurmağı, bir yerə toplaşmağı sevirəm. Dərslərdən vaxt tapdıqda, bayram tətillərində ABŞ-ın görmədiyim yerlərini, şəhərlərini gəzirəm. - Təhsilinizi başa vurduqdan sonra harada çalışmaq istərdiniz? Gələcək planlarınız necədir? - Təhsilimi bitirdikdən sonra Azərbaycanda, “ADA” Universitetində yeni yaranmış fakültədə işləməyi planlaşdırıram. - Siz xaricdə təhsil almağa başladıqdan sonra özünüzdə nələri dəyişmisiniz? - Çoxlu sayda yeniliklər əldə edə bilmişəm. Bundan daha çox isə vaxtı ilə bildiyim məsələlərə yeni mövqedən və ya bir neçə mövqedən baxmağı öyrənmişəm. Özümdən asılı olmadan, öyrəndiklərimin, gördüklərimin nə dərəcədə Azərbaycan üçün yararlı və uyğun olub-olmayacağını müqayisə edirəm. - Ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz? - Gənclər üçün hər cür imkanların olduğu dövrdə yaşayırıq. Xaricə gəlib buradakı mədəniyyəti əyani şəkildə görmək, bundan bəhrələnmək çox yaxşıdır. Sadəcə bunları indiki mövcud onlayn imkanlardan istifadə edərək təcrübədən keçirmək olar. Hər hansı bir ixtisasa yiyələndikləri zaman onu mükəmməl şəkildə öyrənsinlər. Xarici dil öyrənsinlər, bu, onların dünyaya açılan yollarıdır. Və ən əsası Vətənimizi çox sevsinlər, çünki dünyanın hansı ölkəsinə getməyimizdən asılı olmayaraq, insanın Vətənini heç nə əvəz etmir.   1news.az

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı