Təhsil naziri İmişlidə vətəndaşları qəbul edib
Dekabrın 15-də təhsil naziri Mikayıl Cabbarov İmişli şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Sabirabad, Saatlı, İmişli rayon və Şirvan şəhər sakinlərinin müraciəti dinlənilib. Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, gənc müəllimlər üçün həvəsləndirmə tədbirlərinin tətbiqi, təhsil haqqı, əmək müqaviləsinin uzadılması və digər məsələlərlə əlaqədar müraciət ediblər. Əksər məsələlər yerindəcə həllini tapıb, bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
15/12/2016 16:11
“Praktiki məsləhətlər üçün regional sessiya” adlı seminar keçirilib
Dekabrın 15-də “ADA” Universitetində “Praktiki məsləhətlər üçün regional sessiya” adlı seminar keçirilib. Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin, biznes strukturlarının nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri, tələbələr iştirak ediblər. Tədbir Azərbaycan Respublikası Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, “Rusiya Vençur Şirkəti”nin təşəbbüsü ilə təşkil olunub. Tədbirin keçirilməsində əsas məqsəd innovativ ekosistemin qurulmasına və yüksək texnologiyalar sahəsində sahibkarlığın inkişafına töhfə verməkdir. Təhsil nazirinin müavini Ceyhun Bayramov ölkəmizdə ilk dəfə olaraq keçirilən seminarın əhəmiyyətindən danışaraq bildirib ki, qlobal iqtisadiyyat, texnologiya, o cümlədən cəmiyyətimizdəki dəyişikliklər təhsil sahəsində də mövcud standartlara dəyişikliklər edilməsi, eyni zamanda yenilərinin tətbiqini zəruri edib. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə təhsilin bütün pillələrinin hərtərəfli inkişafına xüsusi diqqət ayrıldığını deyən nazir müavini qeyd edib ki, hazırda həyata keçirilən sahibkarlıq tədbirlərinin əsasını innovativ, dərin biliklərə və yüksək iqtisadi texnologiyalara söykənən insan kapitalının inkişafı təşkil edir. Ceyhun Bayramov Təhsil Nazirliyinin dövlət və özəl sektordakı tərəfdaşlarla birlikdə ali təhsil müəssisələrində innovativ sahibkarlığın inkişafını gücləndirdiyini, bu sahədəki dünya təcrübəsinin fəal şəkildə öyrənildiyini vurğulayıb. Daha sonra çıxış edənlər Azərbaycan universitetlərində fəaliyyət göstərən startaplardan, bu sahədə aparılan müvafiq işlərdən danışıb, yüksək texnologiyalar sahəsində yeni layihələrin başlanılması və biznesin inkişafı üçün yaxşı imkanlar olduğunu bildiriblər. İki gün davam edəcək seminarda ali təhsil müəssisələrinin müəllim və yuxarı kurs tələbələrinə innovativ sahibkarlıq fəaliyyəti üzrə biliklər aşılanacaq. Həmçinin keçiriləcək intensiv təlimlər zamanı startap sahibkarlara biznes ideyalarının kommersiyalaşdırılması, potensial investorlara isə sərmayələri üçün perspektivli sahələri təyin etmələri məqsədilə təkliflər veriləcəkdir.
15/12/2016 13:03
Növbəti diaqnostik qiymətləndirməyə start verilib
Dekabrın 15-də Salyan, Neftçala və Biləsuvar rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanılıb. İmtahanlar Masallı Olimpiya İdman Kompleksində keçirilir. Soyuq və qarlı hava şəraitinə baxmayaraq, imtahanda müəllimlərin davamiyyəti 98 faiz təşkil edir. İki gün ərzində keçiriləcək diaqnostik qiymətləndirmədə 4500 nəfərə yaxın müəllim iştirak edəcək.
15/12/2016 10:48
Məktəbdənkənar təhsil müəssisələrində qiymətləndirilmə
Dekabrın 18-də Azərbaycan Texniki Universitetində Bakı şəhərində yerləşən məktəbdənkənar təhsil müəssisələrində çalışan pedaqoji işçilərin bilik və bacarıqlarının qiymətləndirilməsi keçiriləcək. Qiymətləndirmə Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi və “Allianz MMC” tərəfindən aparılacaq. Qiymətləndirmənin keçirilməsində məqsəd məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi üçün mövcud kadr potensialından daha səmərəli istifadə etmək, əldə olunacaq təcrübədən bu sahədə kadrların yerdəyişməsi və işə qəbulu qaydalarının tətbiqi zamanı yararlanmaqdır. Qiymətləndirmə test və müsahibə olmaqla iki mərhələ üzrə keçiriləcək. Birinci mərhələdə iştirakçılara 110 sual təqdim edilməklə onların informasiya texnologiyaları, peşə-ixtisas, pedaqoji, xarici dil, psixoloji və məntiqi düşünmə qabiliyyəti üzrə bilikləri yoxlanılacaq. İmtahanın müddəti 120 dəqiqə müəyyən edilib. İkinci mərhələ isə praktik bacarıqlar tələb edən istiqamətlər üzrə keçiriləcək.
14/12/2016 17:08
“Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Dekabrın 14-də Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Fövqəladə hallar uşaqların gözü ilə” VI Respublika uşaq yaradıcılıq müsabiqəsi qaliblərinin sərgisi və mükafatlandırılması mərasimi keçirilib. Müsabiqənin keçirilməsində məqsəd uşaqlara təhlükəsiz həyat fəaliyyətinin əsaslarının öyrədilməsi, istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsi, yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsi, fövqəladə hallara ictimaiyyətin diqqətinin yönəldilməsidir. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov iştirak edib. Tədbir iştirakçıları əvvəlcə akademiyanın həyətində ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyub, onun əziz xatirəsini ehtiramla yad ediblər. Sonra tədbir iştirakçıları sərgi ilə tanış olub. Respublikanın bütün şəhər və rayonlarının ümumtəhsil məktəblərinin iştirak etdiyi müsabiqə rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli nominasiyalarında məktəb, rayon və ümumrespublika birinciliyi mərhələləri üzrə keçirilib. Təşkilat Komitəsinə 498 rəsm, 250 plakat, 222 əl işi, 215 yanğın və qəza-xilasetmə texnikasının modeli və 149 yumşaq oyuncaq təqdim olunub. Təşkilat Komitəsi tərəfindən təqdim olunan işlər qiymətləndirilib və müsabiqədə ümumilikdə, 144 qalib müəyyən edilib. Müsabiqə qaliblərinə Təhsil və Fövqəladə Hallar Nazirliklərinin diplom və qiymətli hədiyyələri təqdim olunub. Tədbir bədii hissə ilə davam edib.
14/12/2016 16:31
“Çexiyada Azərbaycanı elmi və akademik olaraq təmsil edirəm” – Xaricdə təhsil alan azərbaycanlı tələbənin “Uğur formulu”
Təhsil Nazirliyi və 1news.az İnformasiya Agentliyinin “Uğur formulu” layihəsi davam edir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin budəfəki qonağı Ayaz Zeynalovdur. Ayaz 1986-ci ildə Siyəzən şəhərində anadan olub. İlk təhsilinə Siyəzən şəhər 2 saylı tam orta məktəbdə başlayan Ayaz daha sonra Quba Özəl Türk Liseyində oxuyub. İqtisadiyyat ixtisası üzrə bakalavr və magistratura səviyyələrində Qafqaz Universitetində təhsil alıb. Hazırda Çexiyanın Çarles Universitetində doktorantura üzrə təhsilini davam etdirir. - Xaricdə təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu? - Xaricdəki təhsilin mənə verdiyi dəyər beynəlxalq standartlara uyğun tədris, beynəlxalq konfrans və seminarlarda məruzələrlə çıxış etmək, ən əsası əsrlərlə keçmişi olan bir universitetdə təhsil almaqdır. Bununla yanaşı, həm də tədris vermək imkanım olduğu üçün özümü çox şanslı hesab edirəm. - Niyə məhz bu ixtisası seçdiniz? - İxtisasımı iqtisadiyyat olaraq seçməyimin əsas səbəbi iqtisadi analizin sadəcə teoremdə deyil, riyazi statistik modellərlə araşdırılmasının zəruri olduğuna inanmağımla bağlıdır. Və ən əsası isə bu sahə mənim hobbimdir. - Təhsil aldığınız ölkədə Azərbaycanla bağlı nələri tanıtmısınız? - Çexiyada Azərbaycan diasporasında fəal olaraq iştirak etməyə çalışıram. Son 4 ildə bir çox ictimai, mədəni və siyası proqramlarda iştirak etmişik. Qarabağ və xüsusilə Xocalı soyqırımı ilə bağlı ictimai tədbirlər keçirmişik. Əlavə olaraq hər semestr universitetdə 100-dən çox tələbəyə dərs deyirəm və tədris etdiyim dərslərin dəyərləndirilməsinin yüksək olması ilə Azərbaycanı elmi və akademik olaraq təmsil etmiş oluram. Çexiya Mərkəz Bankı da daxil olmaqla bir neçə akademik qrant qazanmışam. - Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir? - Avropada müəllim-professor heyəti ictimaiyyətdə ən dəyərli insanlardır. Professorlar tələbələrlə çox sadə və səmimidirlər. Tələbələrə hər zaman istiqamət və dəstək verməkdə açıqdırlar. - Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı? - Təhsil aldığım universitetdə və yaşadığım şəhərdə xarici tələbələr kifayət qədər çoxdur, beləliklə, istər universitetdə, istərsə də yaşadığım şəhərdə hər hansı bir çətinliyim yoxdur. - Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz? - Azərbaycan təhsilinin beynəlxalq standartlara daha sürətli şəkildə inteqrasiya olmasını arzu edərdim. - Çətinlikləriniz varmı? - Hər kəs xarici ölkəyə köçərkən bir müddət fərqli mədəniyyətin şokunu yaşayır. Daha sonra isə zamanla inteqrasiya olunur. Bu səbəbdən də artıq hər hansı bir çətinliyim yoxdur. - Asudə vaxtınızda nə ilə məşğul olursunuz? - Asudə vaxtımı marafon qaçışları, velosiped turları ilə keçirir, fərqli ölkə və şəhərlərin tarixi və mədəni yerlərini gəzirəm. - Təhsilinizi başa vurduqdan sonra harada çalışmaq istərdiniz? Gələcək planlarınız necədir? - Təhsilimi bitirdikdən sonra öz sahəmdə çalışıb, biliklərimi paylaşmaqla yanaşı, diasporamıza dəstək vermək planlarım var. - Azərbaycan gənclərinə, ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz? - Hər kəsə fərdi inkişafına daha çox əhəmiyyət verməyini tövsiyə edərdim. 1news.az
14/12/2016 14:39
İsrailin Baş naziri Benyamin Netanyahu “Xabad-Or-Avner” Təhsil Mərkəzində olub
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu dekabrın 13-də Azərbaycan Respublikasına işgüzar səfəri çərçivəsində Bakıdakı “Xabad-Or-Avner” Təhsil Mərkəzində olub. Baş nazir Benyamin Netanyahu mərkəzdə yaradılan şəraitlə tanış olub. Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Baş nazirə məlumat verib ki, Bakıda yaşayan yəhudi uşaqları üçün “Xabad-Or-Avner” Təhsil Mərkəzi Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində “Or-Avner” Beynəlxalq Fondu tərəfindən inşa edilib. 2007-ci il mayın 31-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə mərkəzin təməlqoyma mərasimi keçirilib. 2010-cu il oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, MDB Yəhudi İcmaları Federasiyasının və “Or-Avner” Beynəlxalq Fondunun prezidenti Lev Levayev Təhsil Mərkəzinin açılışında iştirak ediblər. Ən müasir tələblər səviyyəsində inşa olunmuş 450 yerlik mərkəzdə 30 sinif otağı, 700 kvadratmetr sahədə süni örtüklü açıq stadion var. Etnomədəni komponentli bu mərkəzin digər təhsil müəssisələrindən fərqi burada yəhudi mədəniyyəti əsaslarının tədris olunmasıdır. Sonra mərkəzdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüş keçirilib. İsrailin Azərbaycandakı səfiri Dan Stav görüşdə çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin Baş nazir Benyamin Netanyahu ilə 1997-ci ildə görüşü ikitərəfli əlaqələrin möhkəmlənməsinə mühüm töhfələr verib. Səfir əmin olduğunu bildirib ki, Baş nazir Benyamin Netanyahunun bu səfəri ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli rol oynayacaq. Diplomat vurğulayıb ki, Azərbaycan İsrail üçün vacib tərəfdaşdır. Bu dostluq və tərəfdaşlıq əlaqələri dərin köklərə əsaslanır. Azərbaycanda heç zaman antisemitizm halları müşahidə olunmayıb. Yəhudilər həmişə Azərbaycanda dostluq, qardaşlıq şəraitində yaşayıblar. Nazir Mikayıl Cabbarov Azərbaycanda təhsil mərkəzlərində ivrit dilinin tədris olunmasının əhəmiyyətini qeyd edib. Bu tədris mərkəzinin və digər məktəblərin inşasında Heydər Əliyev Fondunun böyük rolunun olduğunu vurğulayan M.Cabbarov təhsil ocağında gənclərə tolerantlığın, başqa dinlərə, xalqlara hörmətin aşılanması baxımından “Xabad-Or-Avner” Mərkəzinin gözəl nümunə olduğunu deyib. Nazir vurğulayıb ki, Azərbaycan ilə İsrail arasında digər sahələrdə olduğu kimi, təhsil sahəsində də əməkdaşlıq inkişaf edir. Azərbaycanın multikultural dəyərlərindən danışan nazir qeyd edib ki, Prezident İlham Əliyevin 2016-cı ili ölkəmizdə “Multikulturalizm ili” elan etməsi bu sahəyə verilən önəmin bariz nümunəsidir. Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev İsrailin Baş nazirinin Azərbaycana bu səfərinin tarixi hadisə olduğunu bildirib. O, Azərbaycan və İsrail arasında dostluq əlaqələrinin inkişaf etdiyini vurğulayıb. M.Yevdayev Azərbaycandakı multikultural və tolerant mühit barədə danışıb, ölkəmizdə yəhudilərin əsrlərdir sülh şəraitində yaşamasının bunun bariz göstəricisi olduğunu qeyd edib. İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu tədbirdə çıxış edərək Azərbaycana səfərindən məmnunluğunu bildirib. Azərbaycanda yəhudi xalqına böyük sevgi olduğunu vurğulayan Baş nazir Heydər Əliyev Fondunun ölkəmizdə yəhudilərin təhsilinin inkişafına böyük töhfələr verdiyini qeyd edib. Baş nazir Benyamin Netanyahu Azərbaycan ilə İsrail arasında təhsil sahəsində əlaqələrin inkişafından danışaraq bu istiqamətdə əməkdaşlığın inkişaf etdiriləcəyini vurğulayıb. İsrailin Baş naziri mərkəzdə yaradılan şəraiti yüksək qiymətləndirib. AZƏRTAC
14/12/2016 09:45
İlk peşə-ixtisas təhsili ilə bağlı təlim keçirilib
5 nömrəli Bakı Peşə Liseyində Şotlandiyanın “Scottish Qualifications Authority” (SQA) təşkilatının kənd təsərrüfatı üzrə eksperti Yan Pers tərəfindən ilk peşə-ixtisas təhsilində modulların hazırlanması ilə bağlı təlim keçirilib. Təlim “British Council” təşkilatının, BP və Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə əmək bazarının tələblərinə cavab vermək məqsədilə bu ilin sentyabr ayından başlayan “Kənd təsərrüfatı üzrə peşə təhsilində yeni ixtisasların yaradılması” pilot layihəsi çərçivəsində təşkil edilib. Qeyd edək ki, layihə çərçivəsində “Heyvandarlıq mütəxəssisi”, “Bitkiçilik mütəxəssisi” və “Aqroservis mütəxəssisi” ixtisasları üçün ümumilikdə 12 modulun hazırlanması nəzərdə tutulub. Təlimdə Qəbələ Peşə Məktəbinin müəllimləri, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Bakı şəhərindəki ilk peşə-ixtisas təhsili müəssisələrinin nümayəndələri, Azərbaycan Dövlət Aqrar Universitetinin professor-müəllim heyəti və modulların hazırlanması üzrə ixtisaslaşmış şəxslər də iştirak ediblər.
13/12/2016 17:28
“Multikulturalizm ili”nə həsr olunmuş rəsm müsabiqəsinin yekun sərgisi
Təhsil Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə məktəblilər arasında “Multikulturalizm ili”nə həsr olunmuş respublika rəsm müsabiqəsinin yekun sərgisi keçirilib. Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda keçirilən sərgidə Təhsil Nazirliyinin əməkdaşları, tanınmış rəssamlar və müsabiqə iştirakçıları iştirak edib. Müsabiqəyə Azərbaycanın 35 bölgəsinin, Bakı şəhərinin ümumtəhsil məktəblərinin və məktəbdənkənar təhsil müəssisələrinin gənc rəssamları qatılıb. Müsabiqənin respublika mərhələsinə bölgələrdən 125, Bakı şəhərindən 55 rəsm əsəri olmaqla 180 iş təqdim olunub. Nəticələrə əsasən, 18 rəsm işi I, II və III yerlərə layiq görülüb. Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbindən olan gənc rəssamın işi münsiflər heyətinin xüsusi mükafatı ilə təltif olunub.
13/12/2016 16:24
Azərbaycanlı məktəblilər beynəlxalq olimpiadadan 5 medalla qayıdıblar
İndoneziyanın Bali şəhərində yeniyetmələrin 13-cü Beynəlxalq Elm olimpiadası (İJSO) keçirilib. Dünyanın 48 ölkəsindən məktəblilərin iştirak etdiyi olimpiadaya Azərbaycandan 6 şagird qatılıb. Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın şagirdi Günel Həsənova, “İstedad” liseyinin şagirdi Şəbnəm Nəbizadə, Bakı şəhəri 291 nömrəli Ekologiya liseyinin şagirdi Turan Bayramlı, “İstək” liseyinin şagirdləri Turan Məmmədli və Ramil Babazadə bürünc medal qazanıblar. Fizika, kimya və biologiya fənləri üzrə təşkil edilən olimpiada 3 mərhələdə keçirilib. İştirakçıların ilk iki mərhələdə nəzəri bilikləri, 3-cü mərhələdə isə praktiki bacarıqları yoxlanılıb. Cari ilin noyabrında Olimpiadalara hazırlıq mərkəzlərində keçirilən seçim imtahanının nəticələrinə əsasən, Azərbaycanı təmsil edən şagirdlər müəyyən olunub və onlar üçün intensiv hazırlıq məşğələləri təşkil edilib.
13/12/2016 13:58
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı