Kürdəmirdə müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılır
Dekabrın 8-də Kürdəmirdə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək. Diaqnostik qiymətləndirmə üç gün davam edəcək və 7000 nəfərdən çox müəllim imtahanlarda iştirak edəcək. İmtahanlar Kürdəmir Olimpiya İdman Kompleksində keçiriləcək. Kürdəmirlə yanaşı, Ağsu, Ucar, Ağcabədi və Zərdab rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər də imtahan verəcək. Ötən il İmişli və Saatlı rayonları üzrə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər bu imtahanlara qatılacaqlar. Həmçinin Şuşanın Mingəçevir şəhərində, Ağdam və Göyçay rayonlarında yerləşən ümumi təhsil müəssisələrinin müəllimləri Kürdəmirdə keçiriləcək diaqnostik qiymətləndirməyə cəlb ediləcəklər. Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlər dq.edu.az saytına daxil olmaqla “Şəxsi səhifə” bölməsindən imtahanların keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilərlər. Eyni zamanda həmin səhifə vasitəsilə məlumatların dürüstlüyünü yoxlamaq mümkündür. Uyğunsuzluq aşkar edildiyi təqdirdə yerli təhsili idarəetmə orqanlarına müraciət edilə bilər.
07/12/2016 11:22
“Parlaq Zəka” intellektual oyunu üzrə məktəblilərarası çempionatın qalibləri bəlli olub
“Parlaq Zəka” intellektual oyunu üzrə məktəblilərarası çempionat” layihəsinin final oyunu keçirilib. Təhsil Nazirliyinin dəstəyi, “Azərbaycan” İntellektual Oyunlar Klubunun (AİOK) təşkilatçılığı ilə keçirilən layihənin seçim turlarına Bakının 4 rayonunun məktəblərindən ümumilikdə 100 iştirakçı qatılıb. “Parlaq Zəka” intellekt şou formatında keçirilən oyunda Xəzər, Suraxanı, Sabunçu və Nizami rayonları üzrə seçim turlarında iştirak edən və 20 məktəbi təmsil edən şagirdlər tarix, coğrafiya, ümumi dünyagörüşü və məntiqi biliklərə dair sualları cavablandırıblar. Yarışda Nizami rayonunu təmsil edən 229 nömrəli tam orta məktəbin komandası 3-cü yeri, Sabunçu rayonu 67 nömrəli tam orta məktəbin komandası 2-ci yeri, Suraxanı rayonunu təmsil edən 278 nömrəli tam orta məktəbin komandası isə birinci yeri tutub. Qaliblər sertifikat, medal və kuboklarla təltif olunublar. Qeyd edək ki, “Azərbaycan” İntellektual Oyunlar Klubu Azərbaycanın bölgələrində də yeniyetmə və gənclərin marağını öz üzərində cəmləşdirir. 2012-ci ilin iyul ayında Siyəzən İntellektual Oyunlar Klubunun açılışı ilə bir sıra bölgələr bu hərəkata qoşulub. Eyni zamanda hər həftə AİOK-un təşkilatçılığı ilə Azərbaycan və rus dillərində “Nə? Harada? Nə zaman?”, “Fərdi oyun” və “Breyn Rinq” formatında yarışlar keçirilir.
07/12/2016 10:51
Dövlət mükafatı təqdim olundu
Dekabrın 6-da təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təhsil sahəsində uzun müddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif olunmuş Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevə ali mükafatı təqdim edib. Əhməd Vəliyevin təhsil sahəsindəki fəaliyyətindən danışan nazir ona uğurlar arzulayıb. Rektor əməyinə verilən yüksək qiymətə görə ölkə Prezidentinə dərin minnətdarlığını bildirib.
07/12/2016 09:19
Növbəti TOPs layihəsinə start verilir
Dekabrın 6-da Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və “British Council” arasında əməkdaşlığa dair niyyət protokolunun imzalanması mərasimi keçirilib. Mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov, akademiyanın rektoru Fuad Hacıyev, “British Council” təşkilatının Azərbaycan üzrə rəhbəri Elizabet Uayt, “İnkişaf Naminə İdman” İctimai Birliyinin sədri Mehman Kərimov və bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib. Tədbirdə ötən tədris ilini əhatə edən “TOPs proqramı - fiziki tərbiyə üzrə müasir təhsil texnologiyalarinin yaradılması” layihəsinin qiymətləndirilməsi hesabatına dair video təqdimat nümayiş olunub. Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, şagirdlərin fiziki sağlamlığı, psixoloji dayanıqlılığı, təlim nailiyyətlərinin bədən tərbiyəsi və idman vasitəsilə yüksəldilməsi müasir təhsil üçün prioritet istiqamətlərdəndir. Layihənin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq həyata keçirildiyini deyən nazir müavini qeyd edib ki, “TOPs proqramı” hər il əhatə dairəsini genişləndirir. 2016-2017-cı tədris ilində sözügedən layihədən 72 ümumtəhsil məktəbindən 320 nəfərdən artıq ibtidai sinif və fiziki tərbiyə müəllimi, 100 mindən çox şagird faydalanacaq. Akademiyanın rektoru Fuad Hacıyev bildirib ki, hazırda bu proqramdan, əsasən məzunlar istifadə etsələr də, növbəti illərdə TOPs metodikasını həm də akademiyanın tədris proqramına daxil etmək niyyətindədirlər. Təmsil etdiyi qurumun Təhsil Nazirliyi ilə yaranmış işgüzar əməkdaşlığından danışan “British Council” təşkilatının Azərbaycan üzrə rəhbəri Elizabet Uayt layihələr içərisində 2014-cü ildən start verilmiş “TOPs proqramı”nın xüsusi əhəmiyyəti olduğunu bildirib. Daha sonra ötən tədris ilində “Ən yaxşı açıq dərs” və “Ən yaxşı idman festivalı” nominasiyası üzrə qaliblərə diplom və hədiyyələr təqdim olunub. Tədbirin sonunda dövlət rəsmiləri və qonaqlar akademiya ilə tanış olublar. Qonaqlar, həmçinin akademiyada fəaliyyət göstərən IV İslam Həmrəylik Oyunları nəzdində könüllülük proqramının qeydiyyat düşərgəsini də ziyarət ediblər.
06/12/2016 16:31
Məntiq olimpiadasının qalibləri mükafatlandırılıb
Dekabrın 6-da Lütfi Zadə adına Məktəblilərarası I Məntiq Olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. “Nizami” Kino Mərkəzində keçirilən tədbirdə öncə olimpiadanın gedişi və qaliblərdən bəhs edən videoçarx nümayiş olunub, olimpiada haqqında qısa hesabat nəzərə çatdırılıb. Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, “İstək” liseyinin direktoru Anar Məmmədov, dövlət rəsmiləri, ali məktəblərin rektorları, millət vəkilləri, alimlər, təhsil ictimaiyyətinin nümayəndələri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, təhsil ekspertləri, valideynlər, şagirdlər və media təmsilçiləri iştirak ediblər. Bilik yarışının qaliblərini təbrik edən təhsil nazirinin müavini Ceyhun Bayramov məntiq olimpiadasının əhəmiyyətindən söhbət açıb, ölkəmizdə istedadlı gənclərin inkişafı ilə bağlı həyata keçirilən tədbirləri nəzərə çatdırıb. Təhsil Nazirliyinin istedadlı şagirdlərin seçilib inkişaf etdirilməsinə xüsusi diqqət ayırdığını qeyd edən nazir müavini bu məqsədlə yaradılmış Olimpiadalara Hazırlıq Mərkəzlərinin fəaliyyəti haqqında fikirlərini bildirib. Gələcəkdə məntiq olimpiadasının coğrafiyasının genişləndirməsinin mümkünlüyünü söyləyən C.Bayramov ölkənin digər şəhər və rayonları üzrə məktəblilərin də bu layihəyə cəlb edilməsinin əhəmiyyətindən söhbət açıb. BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva bildirib ki, Azərbaycanda istedadlı şagirdlərin bacarıqlarının erkən yaşda aşkarlanması istiqamətində mühüm addımlar atılır. İdarə müdiri qeyd edib ki, bununla bağlı müəyyən qaydalar hazırlanıb, istedadlı şagirdlərin xüsusi siniflərdə təhsil alması üçün müvafiq işlər görülüb. M.Vəliyeva böyük azərbaycanlı alim Lütfi Zadənin 95 illik yubileyinə həsr olunmuş məntiq olimpiadasında paytaxtın 292 məktəbindən 23 834 nəfər V-VI sinif şagirdinin iştirak etdiyini bildirib. Onlardan 2 375 nəfərin finalda iştirak hüququ qazandığını vurğulayan idarə müdiri yekun mərhələdə ən yüksək nəticə göstərən 83 şagirdin mükafatçılar sırasına daxil olduğunu söyləyib. İdarə müdiri qeyd edib ki, məktəblilərin marağı nəzərə alınaraq, olimpiadanın hər il keçirilməsi nəzərdə tutulub. “İstək” liseyinin direktoru Anar Məmmədov Məntiq Olimpiadasının istedadlı şagirdlərin seçilməsi və onların dünya olimpiadalarında ölkəmizi layiqincə təmsil etməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Daha sonra çıxış edənlər son illərdə məktəblilər arasında bilik yarışlarına və olimpiada hərəkatına artan marağın yüksək səviyyədə dəstəklənməsinin bu istiqamətdəki nailiyyətlərin daha da genişlənməsinə əsaslı zəmin yaratdığını söyləyiblər. Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “İstək” liseyinin birgə təşkilatçılığı ilə dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin 95 illik yubileyi ərəfəsində reallaşdırılmış olimpiada məktəblilər arasında məntiqə olan marağı artırmaq, onların məntiqi təfəkkür və düşüncə tərzinin, şəxsi keyfiyyətlərinin formalaşmasına, diqqət, qavrama, hafizə və nitq kimi vacib bacarıqlarının inkişafına müsbət təsir göstərmək məqsədilə təşkil olunub. Sonda olimpiadada yüksək nəticələr əldə etmiş şagirdlərə medal, diplom, sertifikat və qiymətli hədiyyələr təqdim olunub.
06/12/2016 16:01
Məktəbdənkənar müəssisələrin əməkdaşları üçün təlim keçirilib
Şamaxıda “Məktəbdənkənar müəssisələrin əməkdaşlarının müasir tələblərə uyğun bilik və bacarıqlarının artırılması” mövzusunda təlim keçirilib. Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ), Azərbaycan Turizm və Menecment Universiteti ilə birgə təşkil edilən təlim 3 gün davam edib. Təlimin məqsədi məktəbdənkənar müəssisələrin əməkdaşlarının bilik və bacarığını artırmaq, onların təlim və layihələrin idarə olunması üçün yeni forma və metodlarla işləmələrini təmin etmək olub. Təlim Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin əməkdaşları üçün təşkil edilib. GİZ təlimçiləri tərəfindən xüsusi ekoloji qruplar üçün ekosistem xidmətləri, Azərbaycan Turizm və Menecment Universitetinin əməkdaşları tərəfindən isə turizm qrupları üçün turizmin əsasları, yerli turizm və ekskursiya təlimləri keçirilib. Təlim iştirakçılarına layihələrin idarəolunması, özünü inkişaf etdirməyin yolları, ətraf mühit təlimçisinin rolu barədə məlumatlar verilib. Təlimin ikinci günü məktəblilərlə iş zamanı moderasiya metodlarından istifadə və rol oyunları öyrədilib. Sonuncu gün iştirakçılara ictimaiyyətin məlumatlandırılması üçün effektiv kampaniyalar, refleksiya metodları və təlimin qiymətləndirilməsi, müasir tələbata uyğun dərs proqramlarının tərtibi ilə bağlı biliklər aşılanıb.
05/12/2016 16:59
Tələbə-Könüllülərin 2-ci Forumu keçiriləcək
Dekabrın 9-da “BİR” Tələbə-Könüllü Proqramının təşkilatçılığı ilə Beynəlxalq Könüllülər Gününə həsr olunmuş Azərbaycan Tələbə-Könüllülərinin 2-ci Forumu keçiriləcək. Tədbir ötən il təşkil olunmuş 1-ci Forumun nəticələrinə, görülmüş işlərə və qarşıya qoyulan yeni məqsədlərə həsr olunacaq. Dövlət rəsmiləri, beynəlxalq qurumların təmsilçiləri və tələbə-gənclərin iştirakı ilə keçiriləcək Forumda könüllülük hərəkatının inkişafı və tələbələrin ictimai həyatda fəal iştirakının stimullaşdırılması istiqamətində fikir mübadiləsi aparılacaq. Təhsil Nazirliyinin “BİR” Tələbə-Könüllü Proqramı ölkəmizin inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılan uzunmüddətli proqramdır. Proqram tələbələrə yeni dostlar qazanmağa, tələbəlik həyatını rəngarəng və faydalı keçirməyə, onların həm fərdi, həm də ictimai həyatda inkişaf etməsinə imkan yaradır. Ölkəmizin 6 regionunda, 17 təhsil müəssisəsində təmsil olunan 7 mindən artıq könüllü 63 müxtəlif səviyyəli tədbirlərdə iştirak edib.
05/12/2016 15:19
Növbəti diaqnostik qiymətləndirmə Kürdəmirdə keçiriləcək
8-10 dekabr 2016-cı il tarixlərində Kürdəmirdə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək. Kürdəmir Olimpiya İdman Kompleksində keçiriləcək imtahanlarda bu rayonla yanaşı, Ağsu, Ucar, Ağcabədi və Zərdab rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər də imtahan verəcək. İmtahanlarda 7000 nəfərdən çox müəllim iştirak edəcək. Ötən il İmişli və Saatlı rayonları üzrə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər bu imtahanlara qatılacaqlar. Həmçinin Şuşanın Mingəçevir şəhərində, Ağdam və Göyçay rayonlarında yerləşən ümumi təhsil müəssisələrinin müəllimləri Kürdəmirdə keçiriləcək diaqnostik qiymətləndirməyə cəlb ediləcəklər.
05/12/2016 14:34
İnternat məktəbinin 80 illik yubileyi keçirilib
Dekabrın 3-də Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbinin 80 illik yubileyi qeyd olunub. Mərasimdə təhsil naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, millət vəkilləri, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər. Əvvəlcə qonaqlar məktəbin muzeyi ilə tanış olublar. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra məktəbin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Təhsil naziri Mikayıl Cabbarov 3 dekabr-Beynəlxalq Əlillər Gününün 80 illik tarixə malik internat məktəbində qeyd edilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirərək, burada tədris aparan müəllimlərin fədakar əməyindən danışıb. Nazir sağlamlıq imkanları məhdud uşaqların təlim-tərbiyəsi işində göstərdikləri peşəkarlığa, şagirdlərin əldə etdiyi uğurlu nəticələrə görə müəssisə rəhbərliyini, kollektivi təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Nazir dövlət tərəfindən internat məktəblərinə göstərilən qayğıdan danışıb. Bu sahədə Heydər Əliyev Fondunun müstəsna xidmətləri olduğunu qeyd edən nazir, fond tərəfindən belə müəssisələrin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü işlər görüldüyünü vurğulayıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əlamətdar yubiley münasibəti ilə kollektivi təbrik edib və əlilliyi olan şəxslərin əmək bazarına çıxış imkanlarının asanlaşdırılması yönündə görülən işlərdən danışıb. Məktəbin direktoru İradə Vəzirova rəhbərlik etdiyi təhsil müəssisəsi barədə məlumat verib. Bildirib ki, məktəb 2006-cı ildə Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə əsaslı təmir olunub. Müəssisə 2015-2016-cı ildə Təhsil Nazirliyi tərəfindən cari təmir olunub. İnternat məktəbində 311 nəfər gözdən əlil və zəif görən şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 94 nəfərdən ibarət pedaqoji heyət məşğul olur. Son 3 ildə internat məktəbinin məzunlarından 14 nəfəri ali, 11 nəfəri orta ixtisas müəssisələrinə qəbul olunub. Daha sonra internat məktəbinin bir qrup əməkdaşına “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı təqdim edilib. Tədbir şagirdlərin ifasında ədəbi-bədii kompozisiya ilə davam etdirilib.
03/12/2016 14:50
Təhsil naziri Dünya Skaut Hərəkatı Təşkilatının sədri ilə görüşüb
Dekabrın 2-də təhsil naziri Mikayıl Cabbarov Dünya Skaut Hərəkatı Təşkilatının sədri Joao Armando Qonsalves ilə görüşüb. Görüşdə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Dünya Skaut Hərəkatı Təşkilatı arasında müvafiq istiqamətlərdə əməkdaşlıq məsələləri müzakirə olunub.
02/12/2016 18:07
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı