Yaşıl SAF 2024 komandaları üçün iqlim dəyişmələri ilə bağlı vebinarlar keçirilib
17-18 oktyabr 2024-cü il tarixlərində Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalının final mərhələsində iştirak edəcək yerli və xarici komandalar üçün “Yaşıl gələcəyə doğru dayanıqlı addımlar”, "Daha yaşıl gələcək üçün davamlı yollar" mövzularında vebinarlar keçirilib. Vebinarlar BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi ilə əlaqədar Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalına hazırlıq mərhələsində təşkil edilib. Azərbaycan və ingilis dillərində keçirilən vebinarlara Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Amerika Birləşmiş Ştatları, Çex Respublikası, Belarus Respublikası, Pakistan da daxil olmaqla, ümumilikdə 200-dən çox iştirakçı qatılıb. Vebinarlar çərçivəsində Bakı Dövlət Universitetinin dosenti Lalə Bayramova tərəfindən iştirakçılara iqlim dəyişikliyi, qlobal istiləşmə, yaşıl texnologiya, meşə ekosistemləri, nəqliyyat sektoru tullantılarının ətraf mühitə təsiri və digər iqlim dəyişikliklərinə səbəb olan amillər barədə məlumat verilib. Eyni zamanda, iqlim dəyişikliklərinin insan həyatına zərərləri barədə danışılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
18/10/2024 16:00
Elm və təhsil naziri Tovuzda vətəndaşları qəbul edib
Oktyabrın 18-də elm və təhsil naziri Emin Əmrullayev Tovuz şəhərində vətəndaş qəbulu keçirib. Qəbulda Ağstafa, Qazax, Şəmkir, Gədəbəy və Tovuz sakinləri iştirak ediblər. Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Qəbul zamanı vətəndaşlar müəllimlərin yerdəyişməsi, tələbələrin köçürülməsi, peşə təhsili, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər. Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.
18/10/2024 12:55
Emin Əmrullayev Uşaq Səfirlər Məclisinin üzvləri ilə görüşüb
Oktyabrın 17-də Uşaq Səfirlər Məclisinin üzvləri Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumuna hazırlıq çərçivəsində elm və təhsil naziri Emin Əmrullayevlə görüşüblər. Görüş zamanı Emin Əmrullayev artıq ənənə halını almış Ümumrespublika Uşaq Forumlarının əhəmiyyətinə toxunub, uşaqların inkişafında təhsilin önəmindən danışıb. Görüşdə uşaqların təhsil hüquqları, məktəblərdə “STEAM” fənninin tədrisi, məktəb kitabxanaları, olimpiadalar, elektron dərsliklər və digər mövzularda müzakirələr aparılıb. Nazir görüş çərçivəsində iştirakçıları maraqlandıran sualları da cavablandırıb. Uşaq Səfirlər Məclisinin üzvləri də öz növbələrində faydalı görüşə görə elm və təhsil nazirinə təşəkkürlərini bildiriblər. Qeyd edək ki, uşaqların ictimai fəallığının artırılması və bu istiqamətdə dövlət siyasətinin həyata keçirilməsində onların aktiv iştirakının təmin edilməsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2009-cu ildən etibarən beş dəfə Ümumrespublika Uşaq Forumu təşkil edilib. Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda ölkəmizdən 300-dən çox uşağın, qardaş Türkiyədən isə 10 uşağın iştirakı nəzərdə tutulub.
17/10/2024 17:30
Nazir müavini Kənan Kərimzadə Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində olub
Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə oktyabrın 17-də Cəlilabad rayonuna səfəri çərçivəsində Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti ilə tanış olub, tələbə və müəllim heyəti ilə görüşüb. Kənan Kərimzadə Mərkəzə infoturların təşkil olunması, ümumi təhsil müəssisələrində fəaliyyət göstərən peşə təmayüllü siniflərlə qarşılıqlı əlaqələrin genişləndirilməsi, hazırlanan və ya istehsal olunan məhsulların satış bazarlarına çıxışının təmin edilməsi üzrə tövsiyələrini verib, təhsil işçiləri ilə söhbət aparıb, onların təkliflərini dinləyib. Qeyd edək ki, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin istifadəyə verilməsi bölgələrdə gənclərin müasir tələblərə uyğun bilik və bacarıqlara yiyələnməsinə, eləcə də məşğulluq məsələlərinin həllinə xidmət edir.
17/10/2024 16:55
Nazir müavini Kənan Kərimzadə Cəlilabadda vətəndaşları qəbul edib
Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə oktyabrın 17-də Cəlilabad rayonunda vətəndaşları qəbul edib. Qəbuldan əvvəl Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovla birgə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Cəlilabad sakinlərinin iştirak etdiyi qəbulda vətəndaşlar daha çox şəhid adlarının təhsil aldıqları məktəblərə verilməsi, yeni məktəb binasının tikintisi, tələbələrin köçürülməsi və işlə təmin olunma məsələləri ilə bağlı müraciətlər ediblər. Nazir müavini Kənan Kərimzadə qəbula yazılmış vətəndaşları dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində tapşırıqlar verib.
17/10/2024 15:57
“Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində” adlı konfrans öz işinə başlayıb
Oktyabrın 16-da “Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində” adlı respublika elmi-praktik konfrans öz işinə başlayıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə keçirilən konfransın təşkilində məqsəd ölkəmizdə dini təhsil sahəsində mövcud vəziyyətin müzakirə olunması, qarşıya çıxan problemlərin həlli ilə bağlı təkliflərin irəli sürülməsi, bu istiqamətdə fəaliyyət göstərən alim və mütəxəssislər arasında təcrübə mübadiləsinin aparılmasıdır. Konfransda dövlət orqanlarının rəhbər şəxsləri, elm adamları, ziyalılar, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Konfransın rəsmi açılış mərasimində çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, müasir dövrdə cəmiyyət xurafatın və mifologiyanın təlqin etdiyi tezislər əsasında deyil, elmi-texniki nailiyyətlər, tədqiqatlar, araşdırmalar əsasında əldə olunmuş nəticələrlə idarə olunur. Komitə sədrinin sözlərinə görə, ilahiyyat elminin meydana gəlməsi məhz dinə elmi yanaşmanın məntiqi yekunudur. Ramin Məmmədov qeyd edib ki, Azərbaycan dövlətinin siyasətinin əsas məqsədlərindən biri də bundan ibarətdir ki, din haqqında təsəvvürlər elmi biliklər əsasında formalaşmalıdır. Dini tədris etməyin özü də xüsusi biliklər, elmi düşüncə və pedaqoji bacarıq tələb edir. Dini təhsilin əhəmiyyətini artıran, müasir dövrümüzdə yeni dini təhsil modelləri axtarışını zəruri edən amillərdən biri də məhz bundan ibarətdir. Azərbaycan İlahiyyat İnstitutu və Bakı İlahiyyat Kollecinin yaradılması da bu məqsədə xidmət edir. Komitə sədri çıxışının sonunda dini təhsilin ən uğurlu modellərindən birinin də məhz multikulturalizmin, tolerantlıq ənənələrinin həyat tərzinə çevrildiyi Azərbaycanda yaradıla biləcəyinə əminliyini ifadə edib. Açılış mərasimində iştirak edən elm və təhsil naziri Emin Əmrullayev konfransın vacibliyindən bəhs edərək sözügedən mövzu ilə bağlı ixtisaslaşmış mütəxəssislərin rəy və təkliflərinin böyük əhəmiyyət daşıdığını, onların tövsiyələrinin gələcəkdə dini təhsil sisteminin təkmilləşdirilməsində həlledici rol oynaya biləcəyini qeyd edib. Nazirin sözlərinə görə, müxtəlif dinlərin əsaslarına dair biliklərin ötürülməsi zamanı dinlərarası tolerantlıq və qarşılıqlı anlaşma ön planda olmalıdır. “Həyat bilgisi” fənni bu biliklərin bir hissəsi kimi dövlət tədris planına daxildir, dərsliklərin məzmunu və müəllimlərin hazırlığı diqqətlə izlənməlidir. Emin Əmrullayev sinif otaqlarında dini tədrisin dövlətin müəyyən etdiyi standartlar əsasında aparılmalı olduğunu, məktəblərdə dini təhsilin tədrisində isə yalnız dövlət standartlarına uyğun proqramların həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Nazir bildirib ki, dini təhsil sahəsində kadr hazırlığı da xüsusi diqqət tələb edir və bu istiqamətdə ixtisasların daha dəqiq müəyyənləşdirilməsinə ehtiyac var. Həmçinin dini tədqiqatların və araşdırma məqalələrinin hazırlanması üçün daha geniş imkanlar yaradılmalı və bu məqsədlə tədqiqatlar aparılmalıdır. Nazir bu istiqamətdə aparılacaq tədqiqatların və mütəxəssis hazırlığının Azərbaycanda dini təhsilin keyfiyyətinin yüksəldilməsinə, həm də qlobal çağırışlara cavab verən təhsil modellərinin formalaşmasına xidmət edəcəyini vurğulayıb. Çıxışının sonunda konfransın işinə uğurlar arzulayan Emin Əmrullayev konfransın həm elmi, həm də praktik cəhətdən dini təhsil sahəsinə yeni yanaşmaların ortaya çıxmasına töhfə verəcəyinə inandığını söyləyib. Çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov bildirib ki, Azərbaycan İlahiyyat İnstitutunda və onun yanında fəaliyyət göstərən Bakı İlahiyyat Kollecində din tədrisi din haqqında və dindən öyrənmə modellərinə uyğun şəkildə aparılır. Rektorun sözlərinə görə, dini biliklər doğru mənbələrə əsaslanaraq şərh olunmalı, həmçinin müasir dövrün reallıqları da nəzərə alınıb cəmiyyətə çatdırılmalıdır. Dini təhsilin düzgün aşılanması dinin özünü təhriflərdən qoruyur, milli-mənəvi vəhdətin təmin edilməsinə töhfə verib, cəmiyyəti radikal dini tendensiyalardan sığortalayır. Rəsmi açılış mərasimindən sonra elmi-praktik konfrans işini panellərlə davam etdirib. “Azərbaycanda dini təhsil: keçmişdən bu günə”, “Dünyəvi dövlətdə dini təhsilin aktual məsələləri”, “İslam coğrafiyasında dini təhsil: ənənə və müasir çağırışlar”, “Dini tərbiyə, dini təhsil və din tədrisi” mövzularında keçiriləcək panellərdə cari mövzularla bağlı çıxışlar ediləcək, müzakirələr aparılacaq.
16/10/2024 13:00
Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı keçiriləcək
10-11 dekabr 2024-cü il tarixlərində Sumqayıt Dövlət Universitetində Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı (NASCO XXVII) keçiriləcək. Konfransın keçirilməsində məqsəd doktorant və gənc tədqiqatçıların apardığı elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır. “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilən konfrans təbiət elmləri, İKT və mühəndislik, sosial-humanitar elmlər istiqamətləri üzrə təşkil ediləcək. Konfransda təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan vətəndaşı olan, respublikada və xaricdə ali təhsil müəssisələrində və elmi-tədqiqat institutlarında fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorantlar və dissertantlar, doktorantura/dissertantura təhsilini bitirmiş müdafiə ərəfəsində olan şəxslər, həmçinin fəlsəfə doktoru elmi dərəcəsi almış 35 yaşa qədər gənc tədqiqatçılar iştirak edə bilərlər. Konfransda iştirak üçün ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz: Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika Elmi Konfransının (NASCO XXVII) keçirilməsi barədə Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri
16/10/2024 10:00
Vətəndaş müraciətlərinin statistikası
Oktyabrın 1-dən 14-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 28 672 vətəndaş müraciəti daxil olub. Müraciətlərin 18 659-u çağrı mərkəzləri, 561-i sosial media, 3 428-i "WhatsApp" vasitəsilə olduğu halda, 1 079-u elektron, 1 341-i isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 3 604 müraciət qeydə alınıb. Müraciətlər müəllimlərin qarşılıqlı yerdəyişməsi, şagird yerdəyişməsi, xarici diplomların təsdiqi, təhsil haqqı və güzəştlər, müddətli müqavilə ilə işə təyinat, texniki işlə təmin olunma və digər məsələlərlə bağlı olub.
15/10/2024 17:20
“BilBacar” müsabiqəsinə onlayn qeydiyyat başlayıb
Oktyabrın 15-də ümumi təhsil müəssisələrinin VIII, IX və X sinif şagirdlərini əhatə edən “BilBacar” müsabiqəsində iştirak üçün onlayn qeydiyyata start verilib. Qeydiyyat prosesi bilbacar.edu.az saytı üzərindən aparılır. Şagirdlər iştirak üçün sözügedən sayt vasitəsilə və ya məktəb koordinatoruna müraciət edərək qeydiyyatdan keçə bilərlər. Müsabiqənin onlayn mərhələsini hər sinif üzrə uğurla tamamlayan ilk 150 şagird gələn ilin iyun ayında keçiriləcək canlı final mərhələsinə dəvət alacaq. Final mərhələsinə vəsiqə qazanan şagirdlər arasından hər sinif üzrə 3 nəfər I, 6 nəfər II və 9 nəfər III yerin qalibi təyin olunacaq. Qeyd edək ki, Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqənin məqsədi şagirdlərin səriştə əsaslı tapşırıqlarla işləmə vərdişlərini inkişaf etdirmək, rəqəmsal platformada imtahan vermə bacarıqlarını formalaşdırmaq, xüsusi istedadlı şagirdləri və qabaqcıl məktəbləri müəyyən etməkdir. Müsabiqə çərçivəsində VIII, IX və X sinif şagirdlərinin məktəbdə qazandıqları bilik və bacarıqları həyatda tətbiqetmə qabiliyyətinin artırılması hədəflənir.
15/10/2024 12:13
“Gənc qızların təhsilinə dəstək” layihəsi üzrə təqaüd qazanan qızlar mükafatlandırılıb
Oktyabrın 14-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun əməkdaşlığı ilə “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova artıq 4 ildir ki uğurla həyata keçirilən layihənin böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Bakıda fəaliyyətə başlayan qızlar məktəbinin yaranmasının 100 illiyi ərəfəsindən başlanıldığını xatırladıb. Bahar Muradova əlavə edib ki, bu gün ölkə başçısının rəhbərliyi, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə elmə, təhsilə, qızların inkişafına, qadınların bərabər hüquqlarının təmin olunmasına xüsusi diqqət göstərilir. Sözügedən layihənin “Hənifə Məlikova – Zərdabi adına təqaüd proqramı”nın iştirakçısı olan qızların sayının ilbəil daha da artdığını vurğulayan komitə sədri ümumilikdə 265 gənc qızın proqramdan yararlandığını bildirib. Qeyd edib ki, artıq bu layihə 58 rayonu əhatə edir və getdikcə bu layihəyə dəstək vermək istəyənlərin sayı artır. Elm və təhsil naziri Emin Əmrullayev layihə təşəbbüskarı olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, eləcə də təqaüd proqramının dəstəkçilərinə təşəkkürünü bildirb. Bu layihənin böyük geridönüşü olan investisiya rolunu oynayacağını bildirən nazir layihə çərçivəsində təhsilinə dəstək göstərilən qızların gələcəkdə öz sahələrində seçilən mütəxəssislərə çevriləcəklərinə inamını ifadə edib. Çıxışının davamında Emin Əmrullayev təhsilə əlçatanlığın təmin olunması istiqamətində bir sıra müsbət rəqəmləri diqqətə çatdırıb. Nazir 15 il bundan əvvəlki dövrlə müqayisədə təhsilalanların sayının ikiqat artdığını qeyd edib. Daha sonra sözügedən layihəyə həsr olunmuş videoçarx nümayiş etdirilib. Tədbirdə iştirak edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov adıçəkilən layihənin uzun və uğurlu yol keçdiyini vurğulayıb. Elnur Nəsibov layihə çərçivəsində qızların təqaüd əldə etmələri ilə yanaşı, həm də mentorluq, təcrübə və müxtəlif işlərlə təmin olunduqlarını da qeyd edib. Elnur Nəsibov şəhid və qazi övladları, xanımlarının təhsili ilə bağlı gələcəkdə dövlət və özəl sektorun tərəfdaşlığı sayəsində yeni bir layihənin başladılmasının nəzərdə tutulduğunu da diqqətə çatdırıb. Çıxışlardan sonra təqaüd qazanan 50 gənc qıza sertifikatlar təqdim edilib. Tədbir bədii hissə ilə yekunlaşıb.
14/10/2024 18:00
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
Ulu öndərin məzarı ziyarət edilib Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıb. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.
ƏtraflıBu gün Azərbaycan xalqının Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin doğum günüdür. Ulu öndər bütün fəaliyyəti boyunca təhsili dövlət siyasətinin ən prioritet istiqamətlərindən biri hesab etmiş, gənclərin savadlı, vətənpərvər və milli dəyərlərə bağlı şəkildə yetişməsinə xüsusi önəm vermişdir. Heydər Əliyevin söylədiyi kimi:“Təhsil sahəsi xalqımızın bu günü, millətimizin və dövlətimizin gələcəyi üçün ən vacib sahədir”. Bu dəyərli fikir bu gün də ölkəmizdə təhsil siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır. #HeydərƏliyev #ÜmummilliLider #UluÖndər #103İl #10May
ƏtraflıBu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonuna səfər çərçivəsində Şükürbəyli kəndində inşa edilmiş 360 şagird yerlik məktəb binasının açılışını ediblər. Məktəbdə tədrisin yüksək səviyyədə aparılması üçün zəruri fənn kabinetləri, həmçinin fizika, kimya, biologiya laboratoriyaları, informatika, texnologiya, ibtidai hərbi hazırlıq sinifləri var. Bundan başqa, məktəbdə kitabxana, akt və idman zalları, yeməkxana müəllim və şagirdlərin ixtiyarına verilib. Ərazidə, eyni zamanda, futbol və basketbol meydançaları da yaradılıb. Qeyd edək ki, müasir təhsil ocaqlarının qurulması işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin mühüm tərkib hissəsidir. Ən yüksək standartlara cavab verən təhsil müəssisələri yeni texnologiyalarla, zəruri maddi-texniki baza ilə təchiz olunur. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23032-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı