Təhsil Texnologiyaları Mərkəzində elekton sınaq imtahanları keçiriləcək
Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi müəllim və direktor olmaq istəyənlər üçün növbəti elektron sınaq imtahanları keçirəcək. Direktor vəzifəsində çalışmaq istəyən şəxslər aprelin 22-də, müəllimlər olmağa hazırlaşanlar isə aprelin 23-də elektron sınaq imtahanlarında iştirak edə bilərlər. Sınaq imtahanları Bakı şəhəri 220 nömrəli tam orta məktəbdəki elektron imtahan mərkəzində kompüter vasitəsilə keçiriləcək. Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi elektron sınaq imtahanlarına olan böyük marağı nəzərə alaraq, imtahanları hər həftə keçirməyi planlaşdırır. Gələcəkdə sınaq imtahanlarının regionlarda da təşkil olunması nəzərdə tutulub. Elektron sınaq imtahanında iştirak üçün Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinə müraciət etmək olar.
19/04/2017 12:54
TOPs proqramı çərçivəsində növbəti “Açıq dərs”
Bakı şəhəri 138 nömrəli tam orta məktəbin inklüziv təhsil tətbiq olunan 2-ci sinfində “TOPs – fiziki tərbiyə sahəsində müasir təhsil texnologiyasının yaradılması” layihəsi çərçivəsində “Açıq dərs” keçirilib. TOPs təlimlərindən keçmiş ibtidai sinif müəllimləri Gülər Abdullayeva və Səbinə Əliyeva şagirdlərə innovativ tədris vəsaiti olan TOP oyun tədris kartlarından istifadə edərək ilkin hərəki bacarıq və vərdişlər öyrədiblər. “Açıq dərs”i Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, “British Council” təşkilatının Azərbaycandakı nümayəndəliyinin, “İnkişaf Naminə İdman” İctimai Birliyinin məsul şəxsləri, müəllim və valideynlər izləyiblər. Təhsil Nazirliyi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, “British Council” və “İnkişaf Naminə İdman” İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilən TOPs layihəsinin əsas məqsədi ümumi təhsil məktəblərinin fiziki tərbiyə və ibtidai sinif müəllimlərini fiziki tərbiyə fənni üzrə müasir təhsil texnologiyası ilə təmin etməkdir. Hazırda layihə Bakı və Sumqayıt şəhərlərinin 72 ümumi təhsil məktəbində tətbiq edilir. 2014-cü ildən start verilən layihədən 100 000 nəfərdən artıq şagird daha keyfiyyətli və maraqlı fiziki tərbiyə dərsindən, eləcə də dərsdənkənar fəaliyyətdən faydalanıb, 200-ə yaxın ibtidai sinif və 500-dən artıq fiziki tərbiyə müəllimi TOPs təlimlərində iştirak edərək sertifikatla təltif edilib.
18/04/2017 17:05
“Sağlam təhsil –sağlam millət”: görülən işlər, nailiyyətlər, perspektivlər”
Aprelin 18-də Azərbaycan Tibb Universitetində (ATU) “Sağlam təhsil-sağlam millət: görülən işlər, nailiyyətlər və perspektivlər” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransın əsas məqsədi “Sağlam təhsil - sağlam millət” layihəsi çərçivəsində uşaq və yeniyetmələrin sağlamlığının qorunması, təhsil nailiyyətlərinin yüksəldilməsinə dair 4 il ərzində görülmüş işlərin və nəticələrin təhlil olunması, qarşıda duran vəzifələri müzakirə edilməsindən ibarət olub. Tədbirdə ATU-nun rektoru Gəray Gəraybəyli bildirib ki, “Sağlam təhsil - sağlam millət” layihəsi məktəbyaşlı uşaqların inkişafı, maarifləndirilməsi, təhsili və sağlamlığının qorunması kimi mühüm vəzifələrin həllinə yönəldilib. Təhsil nazirinin müşaviri Həsən Həsənli “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində hazırlanan “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində şagirdlərin təhsil şəraitindən irəli gələn hərəkət məhdudluğu amilinin aradan qaldırılması və məktəbyaşlı uşaqların sağlamlığının qorunmasının təmin edildiyini bildirib. Həsən Həsənli sağlam təhsil texnologiyalarının təhsil alanların fiziki-psixi sağlamlığına və təlim nailiyyətlərinə təsirini öyrənmək məqsədi ilə tibbi-gigiyenik, psixoloji-sosioloji, pedaqoji monitorinqlər həyata keçirildiyini vurğulayıb. Mütəxəssislər tərəfindən aparılmış monitorinqlərin statistik təhlilləri göstərir ki, ənənəvi siniflərlə müqayisədə sağlam təhsil siniflərində şagirdlərin hər bir istiqamət üzrə nəticələri əhəmiyyətli dərəcədə yüksəkdir. Uşaq və yeniyetmələrin sağlamlığının mühafizəsi və gigiyenası Elmi-Tədqiqat İnstitutunun direktoru, Rusiya Federasiyası Elmlər Akademiyasının müxbir üzvü V.Kuçma məktəblərdə sağlamlığın təşviq olunmasının əhəmiyyətindən bəhs edib, həmçinin sağlam həyat tərzinin şagirdlərə aşılanmasının vacibliyini vurğulayıb. Digər çıxış edən qonaqlar əldə olunmuş təhlillərə əsasən, layihənin məktəblilərin sağlamlığının qorunmasına xidmət etdiyini bildirib və onun gələcəkdə daha da genişlənməsinə ümid etdiklərini vurğulayıblar. Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən “Sağlam təhsil-sağlam millət” layihəsinin pilot olaraq tətbiqinə 2014-cü ildə Milli Təhsil Texnologiyaları Mərkəzi ilə əməkdaşlıq çərçivəsində başlanılıb. Layihənin əsas məqsədi fiziki-psixi və mənəvi sağlam, yüksək təlim və yaradıcılıq nailiyyətlərinə malik vətəndaş yetişdirməkdən ibarətdir. Hazırda “Sağlam təhsil” sinifləri Bakı və Sumqayıt şəhərlərində yerləşən 35 ümumi təhsil müəssisəsində fəaliyyət göstərir. Tədbirin təşəbbüskarı Təhsil Nazirliyi, əsas təşkilatçıları isə Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Tibb Universitetidir. Tədbirdə Səhiyyə Nazirliyi və Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətli nümayəndələri, layihənin tətbiq olunduğu ümumi təhsil müəssisələrinin rəhbər və müəllim heyəti, Milli Təhsil Texnologiyaları Mərkəzinin əməkdaşları iştirak edib.
18/04/2017 15:28
Təhsil nazirinin müavini Moskvada səfərdə olub
Təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Moskvada işgüzar səfərdə olub. Təhsil nazirinin müavini Firudin Qurbanov Rusiya Federasiyasının təhsil və elm nazirinin müavini Pavel Zenkoviçlə görüşüb, təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Səfər çərçivəsində nümayəndə heyəti Beynəlxalq Təhsil Salonunu gəzərək təhsil sahəsində aparıcı texnologiyaların və təcrübələrin nümayiş edildiyi stendlərlə tanış olub. Salonu ziyarət zamanı nazir müavini Firudin Qurbanov YUNESKO-nun Baş direktorunun təhsil üzrə müavini Qian Tanqla işçi görüş keçirib. Sərgi çərçivəsində Azərbaycan Texnologiya Universiteti ilə Rusiya Xalqlar Dostluğu Universitetinin birgə təşkil etdiyi stendə də baxış keçirilib. Nümayəndə heyəti həmçinin, Azərbaycan diasporasının Rusiyadakı nümayəndələri ilə görüşüb. Görüşdə Azərbaycan Texnologiya Universiteti ilə Rusiya Xalqlar Dostluğu Universitetinin əməkdaşlığının əsas məqsədləri və bundan yaranan yeni imkanlar barəsində məlumat verilib.
18/04/2017 10:59
İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş tədbir
IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri davam edir. Kütləvi idman tədbirlərinin keçirilməsində məqsəd IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliği, onların idmana marağının artırılması və məktəblilərin sağlam həyat tərzinə cəlb edilməsindən ibarətdir. Balakən Olimpiya İdman Kompleksində sərbəst güləş, İsmayıllı Olimpiya İdman Kompleksində atletika, Şəmkir Olimpiya İdman Kompleksində karate və cüdo, Xaçmaz Olimpiya İdman Kompleksində basketbol, Şağan Olimpiya İdman Kompleksində boks, Sumqayıt Olimpiya İdman Kompleksində taekvando, Şirvan Olimpiya İdman Kompleksində stolüstü tennis, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbində bədii gimnastika idman növləri üzrə zona yarışları keçirilib. 1300 nəfərə yaxın məktəbli idmançının qatıldığı yarışlarda sərbəst güləş idman növü üzrə I yerə Balakən, II yerə Qax, III yerə Zaqatala, atletika idman növü üzrə I yerə İsmayıllı, II yerə Göyçay, III yerə Ağsu, karate idman növü üzrə I yerə Gəncə, II yerə Ağstafa, III yerə Bərdə, cüdo idman növü üzrə I yerə Gəncə, II yerə Şəmkir, III yerə Yevlax, basketbol idman növü üzrə I yerə Abşeron, II yerə Xaçmaz, III yerə Sumqayıt, boks idman növü üzrə I yerə Binəqədi, II yerə Yasamal, III yerə Nizami, taekvando idman növü üzrə I yerə Sumqayıt, II yerə Quba, III yerə Qusar, stolüstü tennis idman növü üzrə I yerə Şirvan, II yerə Sabirabad, III yerə Hacıqabul, bədii gimnastika idman növü üzrə I yerə Yasamal, II yerə Səbail, III yerə Sabunçu rayon və şəhərlərin komandaları layiq görülüb. Qaliblər diplom və medallarla təltif edilib. Yarışlar ölkənin 76 şəhər və rayonu əhatə olunmaqla 6 zona və 11 idman növü - sərbəst güləş, Yunan-Roma güləşi, cüdo, taekvando, karate, boks, atletika, stolüstü tennis, basketbol, akrobatika gimnastikası, bədii gimnastika üzrə keçirilir. Kütləvi idman tədbirlərinə 6 mindən çox şagirdin qatılması gözlənilir. Yarışlar aprelin 26-da başa çatacaq.
17/04/2017 15:47
Təhsil naziri Yardımlı şəhərində vətəndaşları qəbul edib
Aprelin 17-də təhsil naziri Mikayıl Cabbarov Yardımlı şəhərindəki Heydər Əliyev Mərkəzində Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayon sakinlərini qəbul edib. Qəbuldan əvvəl təhsil naziri Mikayıl Cabbarov və Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin bir rayondan digərinə dəyişdirilməsi, gənc müəlimlər üçün həvəsləndirmə tədbirlərinin tətbiqi, təhsil haqqından azad olunma, müəllim əməyinin qiymətləndirilməsi və digər məsələlərlə əlaqədar müraciət ediblər. Qəbulda vətəndaşların müraciəti dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
17/04/2017 14:58
IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş Respublika təsviri sənət müsabiqəsinə start verilib
IV İslam Həmrəyliyi Oyunlarının məktəblilər arasında təbliğ edilməsi məqsədilə Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzi tərəfindən ölkəmizin bütün bölgələrini əhatə edən Respublika təsviri sənət müsabiqəsinə start verilib. Müsabiqə 6–17 yaş arası məktəblilər olmaqla, 6-9, 10-13, 14-17 yaş kateqoriyaları üzrə təşkil edilib. Musabiqə 2 mərhələdə təşkil olunacaq. I mərhələ 24–27 aprel 2017-ci il tarixlərində zonalar üzrə təhsil şöbə və idarələrində keçiriləcək. Hər zona üzrə bütün yaş kateqoriyalarında ilk üç yeri tutan əsərlər növbəti mərhələyə vəsiqə qazanacaq. Müsabiqənin I mərhələsinin qalibləri yerli təhsili idarəetmə qurumlarında yaradılmış münsiflər heyəti və mərkəzin əməkdaşlarının iştirakı ilə müəyyən edilərək II mərhələyə vəsiqə qazanacaqlar. Zonalar üzrə sərgilər təşkil ediləcək və hər yaş kateqoriyası üzrə qaliblər diplomlarla mükafatlandırılacaqlar. II mərhələyə təqdim olunan rəsm əsərləri 8-10 may 2017-ci il tarixlərində Təsviri Sənət Qalereyasında qiymətləndiriləcək. Qiymətləndirmə Təhsil Nazirliyinin, Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin, “Təhsil” Respublika İdman Mərkəzinin və Azərbaycan Rəssamlar İttifaqının mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən aparılacaq. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.
17/04/2017 14:22
Məktəblərdə “Xocalıya ədalət!” kampaniyası davam edir
Bakı şəhəri 258 nömrəli tam orta məktəbdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görüş keçirilib. Görüşdə jurnalist Vüsalə Məmmədova Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri barədə danışıb. Şagirdlərə Ermənistan silahlı birləşmələrinin və onların havadarlarının köməyi ilə işğal olunmuş Dağlıq Qarabağ ərazisində, o cümlədən Xocalı şəhərində törədilən kütləvi qırğın, vəhşilik və soyqırımı barədə məlumat verilib. 1988-ci ildə azərbaycanlıların yaşadıqları tarixən Azərbaycan torpaqları olan Ermənistanın ərasisindən qovulduğu və Dağlıq Qarabağ hadisələrində xalqımıza qarşı soyqırımı aktlarının davam etdirildiyi, ermənilərin Xocalıya qarşı hərbi təcavüzünin isə məqsədyönlü xarakter daşıdığı bildirilib. Görüşdə 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində görülən işlər haqqında da məlumat verilib. Bakı şəhərinin ümumi təhsil müəssisələrində belə görüşlər davam etdirilir.
17/04/2017 12:12
“Bizim müəllim” layihəsi fotolarda
Təhsil Nazirliyi Azərbaycanın bütün bölgələrində fəaliyyət göstərən, peşəkarlığı ilə seçilən müəllimlərin media təqdimatına başlayır. “Bizim müəllim” layihəsinin ilk belə təqdimatı Abşeron və Şabran rayonlarından olan müəllimlərə həsr olunur.
17/04/2017 11:36
Müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılır
Aprelin 16-da Ağdam, Füzuli, Bərdə, Tərtər, Beyləqan, Laçın, Kəlbəcər, Xocavənd və Cəbrayıl rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılır. Qiymətləndirmə 5 gün davam edəcək. 10 min nəfərdən çox müəllimin iştirak edəcəyi diaqnostik qiymətləndirmə Bərdə Olimpiya İdman Kompleksində keçiriləcək. Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlər dq.edu.az saytına daxil olmaqla “Şəxsi səhifə” bölməsindən imtahanların keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilərlər. Eyni zamanda həmin səhifə vasitəsilə məlumatların dürüstlüyünü yoxlamaq mümkündür. Uyğunsuzluq aşkar edildiyi təqdirdə yerli təhsili idarəetmə orqanlarına müraciət edilə bilər. Qeyd edək ki, cari ilin aprel-may aylarında ölkəmizin 26 şəhər və rayonunun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.
15/04/2017 12:29
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı