Respublika fənn olimpiadalarının qalibləri məlum olub
21-23 aprel 2017-ci il tarixlərində Respublika fənn olimpiadalarının final mərhələsi keçirilib. IX-XI və xüsusi istedada malik aşağı sinif şagirdlərinin iştirak etdiyi olimpiadada 8 fənn üzrə 242 qalib müəyyən edilib. Belə ki, 43 nəfər şagird qızıl, 82 nəfər gümüş, 117 nəfər isə bürünc medala layiq görülüb. Olimpiadanın ümumi nəticələri barədə məlumatı www.olimp.istedad.edu.az saytından əldə etmək mümkündür. Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılma mərasiminin mayın sonunda keçirilməsi nəzərdə tutulur. Respublika fənn olimpiadalarının keçirilməsinə “Kapital Bank” tərəfindən dəstək göstərilir. “Kapital Bank” Təhsil Nazirliyi ilə bir sıra layihələrin birgə həyata keçirilməsində yaxından iştirak edib. Respublika fənn olimpiadaları qaliblərinin siyahısı
25/04/2017 14:23
Növbəti diaqnostik qiymətləndirməyə start verildi
Aprelin 25-də növbəti diaqnostik qiymətləndirməyə start verilib. Diaqnostik qiymətləndirmədə Mingəçevir və Naftalan şəhər, Yevlax, Ağdaş, Goranboy, Göyçay, eləcə də bu rayonlardakı Kəlbəcər, Ağdam, Xocalı və Laçın rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan 12 min nəfərə yaxın müəllim iştirak edəcək. Qiymətləndirməyə ilk peşə-ixtisas təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlər də cəlb olunub. Bərdə Olimpiya İdman Kompleksində keçirilən qiymətləndirmə 5 gün davam edəcək. Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər.
25/04/2017 10:51
Müəllim olmaq istəyənlər üçün elektron sınaq imtahanları davam edir
Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi müəllim olmaq istəyənlər üçün növbəti elektron sınaq imtahanı keçirib. İmtahanda respublikanın 20 bölgəsindən müəllim olmağa hazırlaşan 560 nəfər iştirak edib. Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi elektron sınaq imtahanlarına olan böyük marağı nəzərə alaraq, imtahanları hər həftə keçirməyi planlaşdırır. Gələcəkdə sınaq imtahanlarının regionlarda da təşkil olunması nəzərdə tutulub. Elektron sınaq imtahanının üstünlüyü ondan ibarətdir ki, iştirakçılar imtahan bitən zaman dərhal öz nəticələrini görə bilirlər. Növbəti elektron sınaq imtahanları aprelin 30-da Bakı şəhəri 220 nömrəli tam orta məktəbdəki elektron imtahan mərkəzində keçiriləcək. Elektron sınaq imtahanında iştirak üçün Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinə müraciət etmək olar.
24/04/2017 17:15
Məktəblilər arasında idman yarışları davam edir
IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri davam edir. Masallı Olimpiya İdman Kompleksində Yunan-Roma güləşi, Xocəvənd İdman Mərkəzində karate, İsmayıllı Olimpiya İdman Kompleksində basketbol, Şağan Olimpiya İdman Kompleksində cüdo, Balakən Olimpiya İdman Kompleksində stolüstü tennis idman növləri üzrə zona yarışları keçirilib. 500 nəfərdən çox məktəbli idmançının qatıldığı yarışlarda Yunan-Roma güləşi idman növü üzrə I yerə Lənkəran, II yerə Masallı, III yerə Cəlilabad, karate idman növü üzrə I yerə Xocəvənd, II yerə Beyləqan, III yerə Zərdab, basketbol idman növü üzrə I yerə İsmayıllı, II yerə Oğuz, III yerə Ağsu, cüdo idman növü üzrə I yerə Nizami, II yerə Nərimanov, III yerə Yasamal, stolüstü tennis idman növü üzrə I yerə Balakən, II yerə Qax, III yerə Oğuz rayon və şəhərlərin komandaları layiq görülüb. Qaliblər diplom və medallarla təltif edilib. Kütləvi idman tədbirlərinin keçirilməsində məqsəd IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliği, onların idmana marağının artırılması və məktəblilərin sağlam həyat tərzinə cəlb edilməsindən ibarətdir. Yarışlar aprelin 26-da başa çatacaq.
24/04/2017 14:34
Fənn olimpiadalarının final mərhələsi
Aprelin 22-də Fizika, riyaziyyat və informatika təmayüllü liseydə Respublika fənn olimpiadalarının final mərhələsi keçirilib. Final turuna qatılan 534 şagirddən 307-si texniki və təbiət fənləri, 227 şagird isə humanitar fənlər üzrə biliklərini sınayıblar. Şagirdlərdən 282 nəfəri paytaxt, 252 nəfəri isə bölgə məktəblərinin payına düşür. Bu turda şagirdlərə yazı işlərini təhvil verdikləri zaman sualların düzgün cavabları, izahları, həlləri və qiymətləndirmə meyarları təqdim edilib. Yazı işləri təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş fənlər üzrə münsiflər heyəti tərəfindən yoxlanılaraq qiymətləndirilir. Nəticələr elan olunduqdan sonra qiymətləndirmədən razı qalmayan şagirdlər üçün münsiflər heyəti ilə birgə yazı işlərinin müzakirə edilməsinə şərait yaradılır. Fizika, kimya, riyaziyyat, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı olmaqla 8 müxtəlif fənn üzrə keçirilən fənn olimpiadalarının birinci-rayon (şəhər) mərhələsində 30000 nəfərə yaxın, Respublika mərhələsinin yarımfinal turunda isə 5909 nəfər şagird iştirak edib. İlk iki mərhələdə şagirdlərə tapşırıqlar qapalı test formatında təqdim edilsə də, fənn olimpiadalarının final mərhələsində onlara açıq tipli, isbat, izahat, həll tələb edilən sual və tapşırıqlar təqdim olunub. Son mərhələdə iştirak edən bütün şagirdlərə olimpiadanın “İştirak” sertifikatı veriləcək. Yekunda hər fənndən şagirdlərin nəticələrinə əsasən təxminən 240 nəfər şagird müvafiq olaraq qızıl, gümüş, bürünc medal, diplom və müxtəlif hədiyyələrlə təltif olunacaq. Artıq ənənə halını almış məqamlardan biri kimi hər fənndən ölkə üzrə ən güclü şagird “Birincilərin birincisi” nominasiyası üzrə təltif ediləcək. İstedadlı şagirdlərin aşkar edilməsi, onların potensiallarının artırılması və nümayiş etdirmə imkanlarının, həmçinin şagirdlər arasında müsbət rəqabət şəraitinin yaradılması məqsədi ilə 2013-cü ildən olimpiadaların keçirilməsi və təşkili üzrə yeni qaydalar hazırlanıb. Respublika fənn olimpiadalarının keçirilməsinə “Kapital Bank” tərəfindən dəstək göstərilir. “Kapital Bank” Təhsil Nazirliyi ilə bir sıra layihələrin birgə həyata keçirilməsində yaxından iştirak edib.
22/04/2017 13:51
Azərbaycanlı doktorant ABŞ Milli Elm Fondunun mükafatına layiq görülüb
Texas A&M Universitetinin tətbiqi iqtisadiyyat fakültəsində doktorantura təhsili alan Samir Hüseynov Amerikanın Milli Elm Fondu tərəfindən tədqiqat mükafatına layiq görülüb. 42,6 min dollar həcmində olan bu mükafat Samir Hüseynova qurduğu nəzəri-iqtisadi davranış modelini universitetin İnsan Davranışları Laboratoriyasında sınaqdan keçirmək və yeni elmi nailiyyətlər əldə etmək imkanı verəcək. Milli Elm Fondu ABŞ federal hökuməti tərəfindən maliyyələşdirilir və hər il elmi inkişaf etdirəcək, əhalinin rifahını yüksəldəcək və sosial siyasət qərarlarını daha effektiv edəcək elmi araşdırmalara qrant şəklində mükafat verərək elm adamlarını dəstəkləyir. Fondun qrant mükafatları alimlər arasında olduqca nüfuza sahibdir və bir neçə mərhələdən ibarət olan bu mükafat referilərin rəyi və komissiyaların qərarları nəticəsində ən yüksək perspektivli elmi işlərə verilir. Samir Hüseynov Fondun “Qərarvermə, risk və idarəetmə” proqramı üzrə mükafatına layiq görülüb. O, son 5 ildə bu mükafata layiq görülən 10-cu, Texas ştatından isə ilk doktorantdır. 2007-ci ildə Amerikada qəbul olunan qanuna görə, bütün restoranlar menyularında təqdim olunan yeməklərin kalorisi ilə bağlı məlumat verməlidirlər. Bu qanunun əsas məqsədi insanları yüksək kalorili qidalardan çəkindirmək, əhalini az kalori istehlak etməyə sövq etmək və kökəlmənin qarşısını almaqdan ibarətdir. Amma qanunun tətbiqi gözlənilən nəticəni vermədi və əhalinin kalori istehlakında azalma müşahidə olunmadı. Samir Hüseynovun qurduğu nəzəri-davranış modelinə görə, yüksək kalorinin təqdim edildiyi mühitdə (restoranlarda və s.) insan beyni daha ləziz görünən, çox kalorili və sağlam olmayan qidaların pozitiv xüsusiyyətlərini önə çəkir, neqativ xüsusiyyətlərini isə görməzdən gəlir və bu yolla qeyri-sağlam qidalanmaya səbəb olur. S.Hüseynovun qurduğu model insanın emosiyalarını, beyin dalğalarını və göz hərəkətlərini də ölçməyi və bu yolla qida seçiminin neyro əsaslarını da araşdırmağı planlaşdırır. Samir Hüseynov Bakıdakı 1 saylı fizika-riyaziyyat təmayüllü liseydə oxuyub, Prezident təqaüdçüsü olub, İqtisad Universitetinin xüsusi istedadlar qrupunda təhsilini bitirdikdən sonra Macarıstanda Mərkəzi Avropa Universitetində magistratura təhsili alıb. O, hazırda xaricdə təhsil üzrə 2007-2015-ci illər üzrə Dövlət Proqramı çərçivəsində Texas A&M Universitetində doktorantura təhsili alır. AZƏRTAC
21/04/2017 17:08
Növbəti diaqnostik qiymətləndirmədə 12 minə yaxın müəllim iştirak edəcək
Aprelin 16-dan start verilən diaqnostik qiymətləndirmə bu gün başa çatıb. Bərdə Olimpiya İdman Kompleksində keçirilən qiymətləndirmə 5 gün davam edib. Diaqnostik qiymətləndirmədə Ağdam, Füzuli, Bərdə, Tərtər, Beyləqan, Laçın, Kəlbəcər, Xocavənd və Cəbrayıl rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan 10 min nəfərdən çox müəllim iştirak edib. Növbəti diaqnostik qiymətləndirmə 25-30 aprel 2017-ci il tarixlərində Bərdə Olimpiya İdman Kompleksində keçiriləcək. Qiymətləndirmədə 12 minə yaxın müəllim iştirak edəcək. 5 gün ərzində Mingəçevir və Naftalan şəhər, Yevlax, Ağdaş, Goranboy, Göyçay, eləcə də bu rayonlardakı Kəlbəcər, Ağdam, Xocalı və Laçın rayonlarının ümumi təhsil müəssisələri müəllimlərinin diaqnostik qiymətləndirilməsi aparılacaq. Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlər www.dq.edu.az saytına daxil olmaqla “Şəxsi səhifə” bölməsindən imtahanların keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilərlər. Eyni zamanda həmin səhifə vasitəsilə məlumatların dürüstlüyünü yoxlamaq mümkündür. Uyğunsuzluq aşkar edildiyi təqdirdə yerli təhsili idarəetmə orqanlarına müraciət edilə bilər. Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər.
21/04/2017 16:39
Respublika fənn olimpiadalarının final mərhələsi keçiriləcək
Aprelin 22-də Respublika fənn olimpiadalarının final mərhələsi keçiriləcək. Final turunda iştirak edəcək 534 nəfər şagirddən 307-si texniki və təbiət fənləri, 227 şagird isə humanitar fənlər üzrə biliklərini sınayacaq. Şagirdlərdən 282 nəfəri paytaxt, 252 nəfəri isə bölgə məktəblərinin payına düşür. Fizika, kimya, riyaziyyat, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı olmaqla 8 müxtəlif fənn üzrə keçirilən fənn olimpiadalarının birinci-rayon (şəhər) mərhələsində 30000 nəfərə yaxın, Respublika mərhələsinin yarımfinal turunda isə 5909 nəfər şagird iştirak edib. İlk iki mərhələdə şagirdlərə tapşırıqlar qapalı test formatında təqdim edilsə də, fənn olimpiadalarının final mərhələsində onlara açıq tipli, isbat, izahat, həll tələb edilən sual və tapşırıqlar təqdim olunacaq. Son mərhələdə iştirak edən bütün şagirdlərə olimpiadanın “İştirak” sertifikatı veriləcək. Yekunda hər fənndən şagirdlərin nəticələrinə əsasən təxminən 240 nəfər şagird müvafiq olaraq qızıl, gümüş, bürünc medal, diplom və müxtəlif hədiyyələrlə təltif olunacaq. Artıq ənənə halını almış məqamlardan biri kimi hər fənndən ölkə üzrə ən güclü şagird “Birincilərin birincisi” nominasiyası üzrə təltif ediləcək.
21/04/2017 12:45
IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri davam edir
Masallı Olimpiya İdman Kompleksində sərbəst güləş, Balakən Olimpiya İdman Kompleksində Yunan-Roma, Şirvan Olimpiya İdman Kompleksində atletika, Xaçmaz Olimpiya İdman Kompleksində karate, Sumqayıt Olimpiya İdman Kompleksində boks, Hövsan Olimpiya İdman Kompleksində taekvando, Şəmkir Olimpiya İdman Kompleksində stolüstü tennis idman növləri üzrə zona yarışları keçirilib. 900 nəfərdən çox məktəbli idmançının qatıldığı yarışlarda sərbəst güləş idman növü üzrə I yerə Cəlilabad, II yerə Masallı, III yerə Lənkəran, Yunan-Roma güləşi idman növü üzrə I yerə Balakən, II yerə Göyçay, III yerə Ağdaş, atletika idman növü üzrə I yerə Beyləqan, II yerə Füzuli, III yerə Hacıqabul, karate idman növü üzrə I yerə Sumqayıt, II yerə Xaçmaz, III yerə Xızı, boks idman növü üzrə I yerə Sumqayıt, II yerə Şabran, III yerə Abşeron, taekvando idman növü üzrə I yerə Nəsimi, II yerə Binəqədi, III yerə Nərimanov, stolüstü tennis idman növü üzrə I yerə Gəncə, II yerə Şəmkir, III yerə Samux rayon və şəhərlərin komandaları layiq görülüb. Qaliblər diplom və medallarla təltif edilib. Kütləvi idman tədbirlərinin keçirilməsində məqsəd IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliği, onların idmana marağının artırılması və məktəblilərin sağlam həyat tərzinə cəlb edilməsindən ibarətdir. Yarışlar ölkənin 76 şəhər və rayonu əhatə olunmaqla 6 zona və 11 idman növü - sərbəst güləş, Yunan-Roma güləşi, cüdo, taekvando, karate, boks, atletika, stolüstü tennis, basketbol, akrobatika gimnastikası, bədii gimnastika üzrə keçirilir. Kütləvi idman tədbirlərinə 6 mindən çox şagirdin qatılması gözlənilir. Yarışlar aprelin 26-da başa çatacaqdır.
20/04/2017 12:08
Tələbələr arasında bədii yaradıcılıq festivalı
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş ali, orta ixtisas və ilk-peşə ixtisas təhsili müəssisələrinin tələbə və şagirdləri arasında bədii yaradıcılıq festivalının II Respublika mərhələsi üzrə seçimlər başa çatıb. Seçimlər Bakı, Lənkəran və Gəncə şəhərlərində aparılıb. Respublika mərhələsinin nəticələri elan olunduqdan sonra qaliblərin iştirakı ilə konset proqramı keçiriləcək. Konsertdə incəsənətin müxtəlif janrları üzrə özfəaliyyət kollektivləri, dərnək və yaradıcılıq studiyalarında fəaliyyət göstərən ifaçılar, müğənnilər, rəqqaslar, bədii qiraətçilər, musiqiçilər çıxış edəcəklər. Hər il ənənəvi olaraq təşkil edilən ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalının keçirilməsində məqsəd tələbələri milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə və milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, eyni zamanda incəsənət sahəsindəki istedadlarını üzə çıxarmaq, inkişaf etdirməkdən ibarətdir. Seçimlər xalq artistləri, əməkdar mədəniyyət və incəsənət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən aparılıb. Müxtəlif nominasiyalar üzrə keçirilən festivalın qalibləri Təhsil Nazirliyinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin diplom və hədiyyələri ilə təltif olunacaqlar.
19/04/2017 18:12
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı