Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil nazirinin müavini Rusiya Federasiyası Başqırdıstan Respublikasının Ufa şəhərində səfərdə olub

Təhsil nazirinin müavini Mətin Eynullayevin rəhbərliyi ilə 16 ali təhsil müəssisəsini təmsil edən nümayəndə heyəti 17-19 may 2017-ci il tarixlərində Azərbaycan - Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının II Forumunda iştirak etmək məqsədilə Rusiya Federasiyası Başqırdıstan Respublikasının Ufa şəhərində səfərdə olub. Forumun açılış mərasimində təhsil nazirinin müavini Mətin Eynullayev, Başqırdıstan Respublikası Baş nazirinin müavini Salavat Saqitov, habelə assosiasiyanın həmsədrləri olan Sumqayıt Dövlət Universiteti və Ufa Dövlət Neft Texniki Universitetinin rektorları çıxış ediblər. Açılış mərasimindən sonra assosiasiya çərçivəsində görülən işlər və əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Forum çərçivəsində Azərbaycan Respublikası və Rusiya Federasiyası ali təhsil müəssisələri arasında əməkdaşlıq müqavilələri imzalanıb, nümayəndə heyəti Başqırdıstan Respublikasının ali təhsil müəssisələrinin imkanları ilə tanış olub. Səfər zamanı təhsil nazirinin müavini Mətin Eynullayev Başqırdıstan Respublikasının rəhbəri Rustem Xamitovla görüşüb. Görüşdə, həmçinin Başqırdıstan Respublikası Baş nazirinin müavini Salavat Saqitov, Başqırdıstan Respublikasının təhsil naziri Gulnaz Şafikova iştirak edib. Görüşdə Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında təhsil sahəsində əməkdaşlıq, Başqırdıstan və Azərbaycan ali təhsil müəsisələri arasında ikitərəfli əlaqələrin hazırkı vəziyyəti müzakirə olunub. Başqırdıstan tərəfi Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlarla yaxından tanış olmaq arzusunu ifadə edib. Nümayəndə heyəti Ufa Dövlət Neft Texniki Universitetinin fəaliyyəti ilə tanış olub. Daha sonra Başqırdıstan Respublikasında təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib.

İbtidai sinif müəllimləri üçün təlim kursu

Təhsil İnstitutunun təşəbbüsü və YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə Sinqapurun Milli Təhsil İnstitutu tərəfindən Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda “İbtidai sinif müəllimi” adlı təlim kursu keçirilir.  Təlim kursunun əsas məqsədi ibtidai sinif müəllimlərinə qabaqcıl təhsil sistemi və effektiv sinif idarəetməsi haqqında məlumat vermək, yeni qiymətləndirmə metodları ilə müəllimləri tanış etmək və onların liderlik potensialını inkişaf etdirməkdir. Təlim kursu Sinqapurun Milli Təhsil İnstitutunun nümayəndəsi, xüsusi dəvət olunmuş Çan Vi Bun tərəfindən keçirilir. Kurs çərçivəsində şagirdlər ilə ünsiyyət bacarıqlarının inkişafı, dərslərin təşkili və digər mövzularda interaktiv sessiyalar da  təşkil olunur. Təlim kursunda iştirak etmək məqsədilə 28 nəfər ibtidai sinif müəllimi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və bu təhsil müəssisəsinin nəzdində Pedaqoji Kollecin əməkdaşları seçilib. Qeyd edək ki, Sinqapurun Milli Təhsil İnstitutu məktəb rəhbərlərinin və müəllimlərin hazırlığı, ixtisasartırma fəaliyyətinin inkişafı ilə məşğul olan təhsil qurumudur. Təhsildə geniş tədqiqat fəaliyyəti həyata keçirən bu qurum Sinqapurun regional təhsil mərkəzinə çevrilməsində əhəmiyyətli rol oynayıb. Milli Təhsil İnstitutunun fəaliyyətinin əsas nailiyyətlərindən biri Sinqapurun 2015-ci ildə keçirilmiş PİSA (Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı) tədqiqatında dünya üzrə ilk pillədə qərarlaşmasıdır.

Ali məktəb müəllimlərinin I Forumu

Mayın 19-da “SABAHın müəllimi” adlı ali məktəb müəllimlərinin I Forumu keçirilib. Forumun keçirilməsinin əsas məqsədi ali təhsil müəssisələri müəllimlərinin bilik, bacarıq və metodika ilə bağlı fikir mübadiləsi aparması və ali təhsilin müasir trendlərinin müzakirə olunmasıdır. Forum Təhsil Nazirliyinin SABAH qrupları, Azərbaycan Dövlət Pedaqoji Universiteti“Microsoft” şirkətinin birgə təşkilatçılığı ilə keçirilib. Forumda təhsil nazirinin müavini Ceyhun Bayramov, ali təhsil müəssisələrinin rektor və prorektorları, eləcə də İsrailin Təhsil Nazirliyinin, “Microsoft”, “British Council”, Alman Akademik Mübadilə Xidməti təşkilatlarının (DAAD) rəsmiləri iştirak edib.  Tədbirdə əvvəlcə SABAH müəllimlərinin fəaliyyəti haqqında film nümayiş olunub. SABAH İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə tədbiri açaraq SABAH qrupları barədə məlumat verib və forumun işinə uğurlar arzulayıb. Təhsil nazirinin müavini Ceyhun Bayramov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, müasir dünyanın yeni çağırışlarına və yüksək biliyə malik cəmiyyətin qurulması məqsədilə ali təhsil müəssisələrində yaradılmış SABAH qruplarının gənclər üçün yeni imkanlar açdığını bildirib. Nazir müavini forumun “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ni rəhbər tutmaqla, müəllimləri qlobal meyillərə uyğun şəkildə yeni texnologiyaların inkişafına töhfə verməyə təşviq etmək, müəllimlərə dəstək olmaq məqsədi ilə keçirildiyini nəzərə çatdırıb. SABAH qruplarında təhsilin inkişafı üçün görülən tədbirlərin əhəmiyyətindən, müəllimlərin davamlı elmi inkişafının aktuallığından danışan Ceyhun Bayramov bildirib ki, son üç il ərzində SABAH qruplarında tədris aparmaq üçün müraciət etmiş namizədlərin sayı 4 dəfə artıb. 2014-2015-ci tədris ilində tədris aparmaq üçün müraciət etmiş müəllimlərin sayı 450 olduğu halda, 2016-2017-ci tədris il üçün bu rəqəm 1790 olub. Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, “Microsoft” Korporasiyasının MDB ölkələri üzrə baş direktoru Ronald Binkofski, İsrailin Təhsil Nazirliyinin rəsmisi İris Zur çıxış ediblər. Forum işini “Təhsildə beynəlxalq trendlər və imkanlar” paneli üzrə davam etdirib. Panel sessiyada “Microsoft Azərbaycan” şirkətinin təhsil proqramları üzrə meneceri Emin Axundov, “British Council” təşkilatının Azərbaycan üzrə rəhbəri Elizabet Uayt, “ADA” Universitetinin təhsil fakültəsinin dekanı Vəfa Kazdal, DAAD-nin təhsil üzrə müşaviri Hikmət Kamallı və “Thomson Reuters” agentliyinin Azərbaycanda elmi informasiya resursları üzrə eksperti Aygün Babazadə çıxış ediblər. Daha sonra isə “Müasir trend və çağırışlar” adlı növbəti panel sessiya üzrə müzakirələr aparılıb. SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilində 7 ali təhsil müəssisəsində yaradılıb. SABAH layihəsinin əsas məqsədi ali təhsildə  keyfiyyətin yüksəldilməsi,  yeni və fərqli mühitin yaradılması, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsidir. Hazırda SABAH qrupları 11 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 45 ixtisas və 2300-dən artıq tələbəni və 600-dən artıq professor-müəllim heyətini əhatə edir. Bu tədris ilində 740-dan artıq SABAH tələbəsi məzun olacaq.

Təhsil naziri Böyük Britaniyada səfərdə olub

Təhsil naziri Mikayıl Cabbarov 15-17 may 2017-ci il tarixlərində ölkə başçısının göstərişinə uyğun olaraq Oksford İslam Araşdırmaları Mərkəzinin (OİAM) yeni tədris binasının təntənəli açılış mərasimində iştirak etmək məqsədilə Böyük Britaniyada işgüzar səfərdə olub. Mayın 16-da  keçirilən  tədbirdə Birləşmiş Krallığın vəliəhdi Uels Şahzadəsi Çarlz, Səudiyyə Ərəbistanının Kral ailəsindən Şahzadə Türki əl-Feysal və Mərkəzin direktoru Fərhan Nizami açılış nitqi ilə çıxış edib. Mərasimdə eyni zamanda Malayziyadan Sultan V Məhəmməd, Bəhreyn Krallığının vəliəhdi Şahzadə Salman bin Həməd, Küveytin keçmiş baş naziri və xarici işlər naziri Məhəmməd Sabah əl-Salem, İordaniya Kralının nümayəndəsi Şahzadə Qazi bin Məhəmməd və digər rəsmilər iştirak edib. Çıxışlarda Mərkəzin dinlərarası dialoqun inkişafında oynadığı əhəmiyyətli roldan söz açılıb, islam araşdırmaları sahəsində görülmüş işlər və Mərkəzin yaranmış yeni imkanlar hesabına gələcəkdə daha da inkişaf edəcəyinə dair fikirlər səslənib. Tədbir çərçivəsində keçirilən rəsmi qəbul zamanı Mikayıl Cabbarov Mərkəzin rəhbərliyinə Azərbaycan Respublikasının Prezidentinin təbrik və salamlarını çatdırıb. Səfər çərçivəsində Mikayıl Cabbarov eyni zamanda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın həqiqi üzvü, professor  Nərgiz Paşayevanın təşəbbüsü əsasında  2013-cü ildə Oksford Universiteti nəzdində yaradılmış Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzinin akademik heyəti ilə görüş keçirib. Oksford Universitetinin qədim Bodleian Kitabxanasında professor Nərgiz Paşayevanın iştirakı ilə baş tutan görüş zamanı iştirakçılar burada Azərbaycan dili, tarixi, və mədəniyyəti sahəsində aparılan araşdırmalar və eləcə də orta əsrlərdə Azərbaycana səfər edən səyyahların nadir əsərləri ilə tanış olublar. Səfər zamanı təhsil naziri Mikayıl Cabbarov Böyük Britaniyanın Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin rektoru Dr. Xalid Azzam ilə görüşüb. Görüşdə 2012-ci ildən etibarən bu məktəblə əməkdaşlıq çərçivəsində Bakıda fəaliyyət göstərən İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin ölkəmizin zəngin mədəni irsinin qorunması sahəsində həyata keçirdiyi layihələrin spektrinin genişləndirilməsi, eləcə də mərkəz tərəfindən Azərbaycan universitetləri ilə birgə proqramların reallaşdırılması imkanları ətrafında fikir mübadiləsi aparılıb. Səfərin yekununda isə təhsil naziri ölkəmizin Böyük Britaniyadakı səfirliyində xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb. Təhsil naziri görüşdə iştirak edən tələbələrin hər biri ilə ayrı-ayrılıqda tanış olub, onların problemləri ilə maraqlanıb və suallarını cavablandırıb. Oksford İslam Araşdırmaları Mərkəzi (OİAM) 1985-ci ildə islam dünyasında elmi tədqiqatların və dinlərarası dialoqun inkişaf etdirilməsi məqsədi ilə yaranmış müstəqil mərkəzdir. Birləşmiş Krallığın vəliəhdi Uels Şahzadəsi Çarlz Mərkəzin himayədarıdır. OİAM Böyük Britaniyada rəmzi məna daşıyan “Kral Nizamnaməsi” əldə etmiş yeganə İslam Araşdırmaları Mərkəzidir. Mərkəzin yeni binası Oksford Universitetinin ənənəvi və islam memarlığının vəhdəti üslubunda inşa olunub.

İnternat məktəbində “Beynəlxalq ailə günü”

Mayın 18-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə 11 nömrəli İnteqrasiya təlimli internat  məktəbində “Beynəlxalq ailə günü” ilə bağlı tədbir keçirilib. Mərasimdə Azərbaycan Dövlət  Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecinin könüllü tələbələri uşaqlarla birlikdə “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş rəsmlər çəkiblər. 10 nömrəli Sanatoriya tipli, 11 nömrəli İnteqrasiya təlimli və Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli internat məktəblərinin şagird kollektivi həyətyanı sahədə tələbələrlə birgə güllər əkiblər. Tədbirdə,  həmçinin hər üç müəssisə üzrə may ayında anadan olmuş şagirdlərin doğum günləri qeyd olunub. Daha sonra media nümayəndələri 11 nömrəli İnteqrasiya təlimli internat məktəbi ilə tanış olub. Qonaqlara məlumat verilib ki, məktəb 2016-cı ildə Təhsil Nazirliyi tərəfindən əsaslı təmir olunub. Hazırda internat məktəbində 1108 nəfər şagird təlim-tərbiyə alır. Ümumtəhsil siniflərində 796, xüsusi siniflərdə isə 163 nəfər şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 142 nəfər pedaqoji işçi məşğul olur. 2015-2016-cı tədris ilində internat məktəbini bitirən 39 nəfər məzundan 10 nəfəri sağlamlıq imkanları məhdud şagirddir. Ümumtəhsil siniflərindən məzun olan 29 nəfər şagirddən 9-u ali təhsil müəssisələrinə, 1 nəfəri isə kollecə qəbul  olunub.

II Məntiq Olimpiadasının nəticələri açıqlanıb

Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadasının nəticələri açıqlanıb. Olimpiadanın final mərhələsində Bakı şəhəri üzrə 1859 şagird iştirak edib. Nəticələrə əsasən, 59 şagird finalda 80 faiz həddi keçərək mükafatçılar siyahısına düşüb. 842 şagird isə 50-80 faiz aralığında nəticə göstərərək olimpiadanın final turunda aktiv iştirakına görə, sertifikata layiq görülüb. Qeyd edək ki, olimpiadanın final turunun nəticələri artıq məktəblərə göndərilib. Nəticələr ilə bağlı narazılığı olan şagirdlər BŞTİ-də mayın 20-nə kimi fəaliyyət göstərən Apelyasiya Komissiyasına müraciət edə bilərlər. Bakı Şəhəri üzrə Təhsil İdarəsiİstək liseyinin birgə təşkilatçılığı ilə keçirilən olimpiada zamanı şagirdlərin bədii, mücərrəd və verbal məntiqi təfəkkürü qiymətləndirilib. Olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir.

Samux müəllimləri “Bizim müəllim” layihəsində

Azərbaycanın bütün bölgələrində fəaliyyət göstərən, peşəkarlığı ilə seçilən müəllimlərin media təqdimatı davam edir. “Bizim müəllim” layihəsinin növbəti təqdimatı Samux rayonunda fəaliyyət göstərən müəllimlərə həsr olunur.

“Yeniyetmə və gənclərin həyati bacarıqlarının artırılması” üzrə təlim

“Yeniyetmə və gənclərin həyati bacarıqlarının artırılması” mövzusunda məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyətinə təlimçilər üçün təlim keçirilir. Təlim proqramına “Özünüdərk”, “Hüquqlarım və öhdəliklərim”, “Gender və sosial inklüzivlik”, “Faydalı vərdişlərin formalaşması”, “Qidalanma”, “İlk tibbi yadım”, “Fəlakət riskinin azaldılması – iqlim dəyişikliyi və fəlakət zamanı adaptasiya təminatı”,“Yaşam şərtləri - peşələr, peşə təhsili, planlama və büdcənin qurulması, sahibkarlıq”, “Reproduktiv sağlamlıq”, “Gender mənşəli zorakılıq-erkən nikah, məişət zorakılığı, insan alveri” kimi mövzular daxil edilib. Bakı şəhəri üzrə məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyəti üçün təşkil edilmiş təlimlər başa çatdıqdan sonra müəllimlərin Bərdə, Mingəçevir, Masallı, Quba, Qazax, İsmayıllı, Şirvan, Qax şəhərlərinə ezamiyyələri baş tutacaq. Bu zaman hazırlanmış proqram üzrə 1500-dək VI və IX sinif şagirdinin maarifləndirilməsi həyata keçiriləcək.   Avropa Komissiyasının DİPECHO fondu tərəfindən maliyyələşdirilən və Təhsil NazirliyiFövqəladə Hallar NazirliyiUNİCEF arasında 2016-2017-ci illəri əhatə edən “Azərbaycan Respublikasında Həssas Uşaqların və İcmaların Fəlakət Riskinə Davamlılığının Artırılması” layihəsi üzrə Fəaliyyət Planının müvafiq bəndi çərçivəsində keçirilən təlimlər mayın 21-dək davam edəcək.

Müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi ilə bağlı yeni qaydalar təsdiq edilib

Təhsil Nazirliyinin “Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi barədə” əmri ilə yeni qaydalar təsdiq edilib. Ötən ilki qaydalardan fərqli olaraq, cari ildə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində yerdəyişməsi proqram təminatı tətbiq olunmaqla Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək. Yeni qaydalara əlavə edilmiş dəyişikliyə əsasən, işə qəbul müsabiqəsi nəticəsində namizədin topladığı bal 1 il qüvvədə saxlanılır və növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak etmək hüququ verir. Belə ki, ötən tədris ili üzrə keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində namizədlərin topladıqları bal 2017-2018-ci tədris ili üçün keçiriləcək müsabiqədə də qüvvədə saxlanılır. Müvafiq keçid balını toplamış namizədlər öz istəyi əsasında növbəti müsabiqənin birbaşa üçüncü mərhələsində iştirak etmək imkanına mailkdir. Yerləşdirilmə zamanı namizədin ən son iştirak etdiyi test imtahanının nəticəsi əsas götürülür. Ötən ildən fərqli olaraq, cari ildə Təhsil Nazirliyinin birbaşa tabeliyində olan 10 ümumi təhsil müəssisəsinə müsabiqədənkənar qaydada müəllimləri işə qəbul etmək hüququ verilib. Həmin müəssisələrə müəllimlərin işə qəbulu Təhsil Nazirliyi ilə razılaşdırılmaqla həyata keçiriləcək. Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində, bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi proqram təminatı tətbiq olunmaqla 25 may – 15 iyun 2017-ci il tarixlərində keçiriləcək. 1-14 iyul 2017-ci il tarixlərində isə ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron ərizələrin qəbulu aparılacaq. Aşağıdakı keçidlərdən daha ətraflı məlumat almaq mümkündür.   Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri   Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları

NİZAMİ layihəsi üzrə müzakirələr aparılır

“Azərbaycanda doktorantura təhsilinin təkmilləşdirilməsi və Vahid Avropa Ali Təhsil Məkanının tələblərinə uyğun strukturlaşdırılması” layihəsi üzrə (NİZAMİ layihəsi) növbəti görüş keçirilir. Naxçıvan Dövlət Universitetində keçirilən görüşün əsas məqsədi layihə üzrə görülmüş işlərin təhlili və yekunlaşdırılmasına dair müzakirələrin aparılmasıdır. Mayın 20-dək keçiriləcək görüşlərdə Azərbaycanda doktorantura təhsilinin gələcək modelinin yaradılması, bu təhsil üzrə Milli İdarəetmə Portalının hazırlanması, ali təhsil standartlarının müəyyənləşdirilməsi, professional biliklərin inkişafı, beynəlxalq əməkdaşlığın qurulması, şəbəkələşmə və keyfiyyət məsələləri müzakirə olunacaq. Layihə 2014-cü ildə Azərbaycanın bir sıra ali təhsil müəssisələri, Təhsil NazirliyiAzərbaycan Milli Elmlər Akademiyası, Fransanın Monpelye Universitetinin rəhbərliyi, İsveç, Çexiya, Almaniya və İspaniyanın bir sıra ali təhsil müəssisələrinin əməkdaşlığı ilə Avropa İttifaqının Təhsil, Audiovizual və Mədəniyyət üzrə İcraçı Agentliyinin Erasmus+ proqramı çərçivəsində həyata keçirilir. Layihənin icrasına 2015-ci ildə başlanılıb, 2018-ci ildə isə yekunlaşdırılması nəzərdə tutulub. Layihənin ölkə üzrə koordinatoru  Təhsil Nazirliyidir. Layihənin əsas məqsədi Azərbaycanda doktorantura təhsilinin mövcud vəziyyəti və Avropanın doktorantura təhsili ilə müqayisəli təhlilinin müəyyənləşdirməsi, Azərbaycanda doktorantura təhsilinin təşkili qaydalarının yenidən hazırlanması, ixtisas təsnifatının Avropada mövcud olan təsnifata uyğunlaşdırılmasıdır. Bu təhsil səviyyəsində keyfiyyətin təminatı və beynəlmilləşməyə nail olunması, doktorantura təhsil standartlarının müəyyənləşdirilməsi və ölkə üzrə doktorantura təhsili aparan təhsil müəssisələrini birləşdirən portalın yaradılması da layihəsinin əsas məqsədlərinə aiddir.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı