Təhsil naziri Böyük Britaniyada səfərdə olub
Təhsil naziri Mikayıl Cabbarov 15-17 may 2017-ci il tarixlərində ölkə başçısının göstərişinə uyğun olaraq Oksford İslam Araşdırmaları Mərkəzinin (OİAM) yeni tədris binasının təntənəli açılış mərasimində iştirak etmək məqsədilə Böyük Britaniyada işgüzar səfərdə olub.
Mayın 16-da keçirilən tədbirdə Birləşmiş Krallığın vəliəhdi Uels Şahzadəsi Çarlz, Səudiyyə Ərəbistanının Kral ailəsindən Şahzadə Türki əl-Feysal və Mərkəzin direktoru Fərhan Nizami açılış nitqi ilə çıxış edib. Mərasimdə eyni zamanda Malayziyadan Sultan V Məhəmməd, Bəhreyn Krallığının vəliəhdi Şahzadə Salman bin Həməd, Küveytin keçmiş baş naziri və xarici işlər naziri Məhəmməd Sabah əl-Salem, İordaniya Kralının nümayəndəsi Şahzadə Qazi bin Məhəmməd və digər rəsmilər iştirak edib. Çıxışlarda Mərkəzin dinlərarası dialoqun inkişafında oynadığı əhəmiyyətli roldan söz açılıb, islam araşdırmaları sahəsində görülmüş işlər və Mərkəzin yaranmış yeni imkanlar hesabına gələcəkdə daha da inkişaf edəcəyinə dair fikirlər səslənib.
Tədbir çərçivəsində keçirilən rəsmi qəbul zamanı Mikayıl Cabbarov Mərkəzin rəhbərliyinə Azərbaycan Respublikasının Prezidentinin təbrik və salamlarını çatdırıb.
Səfər çərçivəsində Mikayıl Cabbarov eyni zamanda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın həqiqi üzvü, professor Nərgiz Paşayevanın təşəbbüsü əsasında 2013-cü ildə Oksford Universiteti nəzdində yaradılmış Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzinin akademik heyəti ilə görüş keçirib. Oksford Universitetinin qədim Bodleian Kitabxanasında professor Nərgiz Paşayevanın iştirakı ilə baş tutan görüş zamanı iştirakçılar burada Azərbaycan dili, tarixi, və mədəniyyəti sahəsində aparılan araşdırmalar və eləcə də orta əsrlərdə Azərbaycana səfər edən səyyahların nadir əsərləri ilə tanış olublar.
Səfər zamanı təhsil naziri Mikayıl Cabbarov Böyük Britaniyanın Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin rektoru Dr. Xalid Azzam ilə görüşüb. Görüşdə 2012-ci ildən etibarən bu məktəblə əməkdaşlıq çərçivəsində Bakıda fəaliyyət göstərən İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin ölkəmizin zəngin mədəni irsinin qorunması sahəsində həyata keçirdiyi layihələrin spektrinin genişləndirilməsi, eləcə də mərkəz tərəfindən Azərbaycan universitetləri ilə birgə proqramların reallaşdırılması imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Səfərin yekununda isə təhsil naziri ölkəmizin Böyük Britaniyadakı səfirliyində xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb. Təhsil naziri görüşdə iştirak edən tələbələrin hər biri ilə ayrı-ayrılıqda tanış olub, onların problemləri ilə maraqlanıb və suallarını cavablandırıb.
Oksford İslam Araşdırmaları Mərkəzi (OİAM) 1985-ci ildə islam dünyasında elmi tədqiqatların və dinlərarası dialoqun inkişaf etdirilməsi məqsədi ilə yaranmış müstəqil mərkəzdir. Birləşmiş Krallığın vəliəhdi Uels Şahzadəsi Çarlz Mərkəzin himayədarıdır. OİAM Böyük Britaniyada rəmzi məna daşıyan “Kral Nizamnaməsi” əldə etmiş yeganə İslam Araşdırmaları Mərkəzidir. Mərkəzin yeni binası Oksford Universitetinin ənənəvi və islam memarlığının vəhdəti üslubunda inşa olunub.
7 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri Balakəndə vətəndaşları qəbul edəcək
21.11.2024 - 11:44 -
“QS Quacquarelli Symonds” Beynəlxalq Reytinq Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
20.11.2024 - 10:38 -
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru ilə görüş keçirilib
19.11.2024 - 18:15 -
Elm və təhsil naziri “TikTok” şirkətinin nümayəndələri ilə görüşüb
19.11.2024 - 17:53 -
Emin Əmrullayev Dünya Bankının Təhsil üzrə Qlobal Direktoru ilə görüşüb
19.11.2024 - 16:30