Təhsil naziri Rumıniyanın milli təhsil nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Mayın 25-də təhsil naziri Mikayıl Cabbarov Rumıniyanın milli təhsil nazirinin müavini Gigel Paraskivin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Rumıniyanın milli təhsil nazirinin müavini Gigel Paraskiv Azərbaycan-Rumıniya Universitetlərarası Forumunun keçirilməsinə görə təhsil nazirinə təşəkkürünü bildirib. Görüş zamanı ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.
25/05/2017 20:09
Təhsil naziri Göyçay şəhərində vətəndaşları qəbul edəcək
Ucar, Zərdab, Göyçay və Ağcabədi rayon sakinlərinin nəzərinə! Təhsil naziri Mikayıl Cabbarov 5 iyun 2017-ci il tarixində saat 11:00-da Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Ucar, Zərdab, Göyçay və Ağcabədi rayon sakinlərini qəbul edəcək. Qəbulda Ucar, Zərdab, Göyçay və Ağcabədi rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 25, 26, 30, 31 may və 1 iyun 2017-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
25/05/2017 10:17
“Gücümüz həmrəylikdədir” adlı tədbir keçirilib
Təhsil Nazirliyi Respublika Uşaq Yaradıcılıq Mərkəzinin, Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev adına parkda “Gücümüz həmrəylikdədir” adlı tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi ilə əlaqədar uşaqlarda dini tolerantlıq, əməkdaşlıq, dostluq, əmin-amanlıq hisslərini aşılamaq, islam mədəniyyətini, incəsənətini və tarixini təbliğ etməkdir. Tədbirdə Respublika Uşaq Yaradıcılıq Mərkəzinin dərnək üzvləri 13 ölkənin mədəniyyətini, incəsənətini, tarixini əks etdirən dekorativ tətbiqi sənət nümunələrini, milli rəqslərini, geyimlərini və mətbəxini nümayiş etdirib.
24/05/2017 17:37
Azərbaycan-Rumıniya Universitetlərarası Forumu işə başlayıb
Mayın 24-də “ADA” Universitetində Azərbaycan-Rumıniya Universitetlərarası Forumu işə başlayıb. Forumda iştirak etmək üçün Rumıniya milli təhsil nazirinin müavini Gigel Paraskivin rəhbərliyi ilə Rumıniya Təhsil Nazirliyinin rəsmiləri, 10 ali təhsil müəssisəsinin rəhbər şəxsləri və səlahiyyətli nümayəndələri ölkəmizə səfər edib. Təhsil nazirinin müavini Firudin Qurbanovun iştirakı ilə keçirilən foruma Azərbaycanın 16 ali təhsil müəssisəsinin rəhbərləri və nümayəndələri qatılıb. Azərbaycan ilə Rumıniyanın ali təhsil müəssisələrini bu miqyasda ilk dəfə bir araya gətirən forumda Rumıniya ali təhsil müəssisələrinin məzunları olan azərbaycanlı gənclər də iştirak edib. Açılış mərasimindən sonra forum panel müzakirələr ilə öz işini davam etdirib. Forum çərçivəsində ali təhsil müəssisələri arasında əməkdaşlıq sənədləri imzalanıb. Forumun növbəti günü ixtisaslaşmaya uyğun olaraq Rumıniya ali təhsil müəssisələrinin nümayəndələri Azərbaycan universitetlərini ziyarət edəcək və həmin təhsil müəssisələrinin mövcud resursları ilə tanış olacaqlar. Forum çərçivəsində Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov və Rumıniya milli təhsil nazirinin müavini Gigel Paraskiv arasında görüş keçirilib. Görüşdə iki ölkənin ali təhsil müəssisələri arasında ikili proqramlar, tələbə və müəllim mübadiləsi və digər əməkdaşlıq perspektivləri müzakirə edilib.
24/05/2017 12:31
Balakən müəllimləri “Bizim müəllim” layihəsində
Azərbaycanın bütün bölgələrində fəaliyyət göstərən, peşəkarlığı ilə seçilən müəllimlərin media təqdimatı davam edir. “Bizim müəllim” layihəsinin növbəti təqdimatı Balakən rayonunda fəaliyyət göstərən müəllimlərə həsr olunur.
24/05/2017 11:25
Müəllimlərin diaqnostik qiymətləndirilməsi davam edir
Mayın 25-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda yerləşən Zəngilan, Xocavənd, Cəbrayıl, Xocalı, Kəlbəcər, Ağdam, Füzuli və Laçın rayonlarının ümumi təhsil müəssisələri müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək. Üç gün davam edəcək qiymətləndirməyə ilk peşə-ixtisas təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlər də qatılacaq. 4500-dən çox müəllimin iştirak edəcəyi diaqnostik qiymətləndirmə Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman zalında keçiriləcək. Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlər dq.edu.az saytına daxil olmaqla “Şəxsi səhifə” bölməsindən imtahanların keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilərlər. Eyni zamanda həmin səhifə vasitəsilə məlumatların dürüstlüyünü yoxlamaq mümkündür. Uyğunsuzluq aşkar edildiyi təqdirdə yerli təhsili idarəetmə orqanlarına müraciət edilə bilər. Qeyd edək ki, ölkəmizin 26 şəhər və rayonunun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə cari ilin aprel ayından başlanılıb.
24/05/2017 10:05
Bilik yarışının qalibləri bəlli olub
Məktəblilər arasında www.e-test.edu.az portalı vasitəsilə keçirilən bilik yarışının qalibləri bəlli olub. Təhsil Nazirliyi tərəfindən keçirilən bilik yarışı şagirdlərin istedadının, intellektual səviyyəsinin, nitq, təqdimat qabiliyyətinin və İKT-dən istifadə bacarıqlarının üzə çıxarılması məqsədilə təşkil edilib. Nəticələrə görə, 35 məktəbli bilik yarışında yüksək bal toplayaraq qalib adını qazanıb. Artıq paytaxtın 283 və 83 nömrəli məktəblərinin bilik yarışında uğur qazanan şagirdləri təltif olunublar. Digər qaliblər dərs ilinin sonuna qədər Təhsil Nazirliyi tərəfindən sertifikat, medal və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Qeyd edək ki, portal vasitəsilə elektron qeydiyyatdan keçən şagirdlər 8 fənn üzrə 30 000-dən artıq test çalışmasını həll edərək bilik yarışının iştirakçısı olurlar. Çalışmaları həll etdikcə hər bir şagird müvafiq ballar qazanır. Toplanan ballar artdıqca şagirdlərə virtual simvolik həvəsləndirici medallar verilir. Cavabların düz və ya səhv olması barədə məlumat interaktiv şəkildə dərhal ekranda görünür. Portala digər fənlər üzrə də yeni test tapşırıqlarının əlavə olunması nəzərdə tutulur.
23/05/2017 16:55
Tələbə-könüllülər IV İslam Həmrəyliyi Oyunlarında fəal iştirak edib
Mayın 23-də Təhsil Nazirliyində IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən könüllülərlə bağlı brifinq keçirilib. Brifinqdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycanın növbəti dəfə dünyaya sülhsevərliyini və yüksək təşkilatçılıq qabiliyyətini nümayiş etdirdiyini qeyd edib. Nazir müavini IV İslam Həmrəyliyi Oyunlarına Azərbaycanın ev sahibliyi etməsinin hər kəsdə qürur hissi doğurduğunu söyləyib və bildirib ki, oyunlarda yüksək nəticə göstərən idmançılarımız arasında Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin 18 nəfər idmançısı da var. Onlar 8 idman növü üzrə milli yığma komandaların tərkibində iştirak edib. Həmin idmançıların 6 nəfəri bu oyunların mükafatçısı olub, 4 qızıl, 4 bürünc olmaqla, ümumilikdə 8 medal qazanılıb. “Bakı 2017” IV İslam Həmrəylik Oyunlarının keçirilməsinin həm də böyük insan resursları hesabına başa gəldiyini qeyd edən nazir müavini bu işdə tələbə-könüllülərin xüsusi rolu olduğunu qeyd edib. Könüllülərin fəaliyyətinə IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin rəhbəri Mehriban xanım Əliyeva tərəfindən yüksək qiymət verildiyini diqqətə çatdıran təhsil nazirinin müavini oyunların bağlanış mərasimində Birinci Vitse-prezidentin könüllülərə təşəkkür nitqini xatırladıb. Firudin Qurbanov bildirib ki, könüllülər oyunların keçirildiyi müddətdə idmançılara və rəsmi şəxslərə kömək edib, tamaşaçılara, ictimaiyyətə, əcnəbi qonaqlara, turistlərə və media nümayəndələrinə dəstək göstəriblər. Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılmış “BİR” Tələbə-Könüllü Proqramının könüllülərin məlumatlandırılmasında və toplanmasında mühüm rol oynadığını vurğulayan nazir müavini İslam Oyunlarında könüllülük fəaliyyəti ilə bağlı Azərbaycanın 6 şəhərinin 20 ali təhsil və 16 orta ixtisas təhsili müəssisələrində 20290 tələbənin iştirakı ilə 100-dən artıq görüş keçirildiyini diqqətə çatdırıb. Nazir müavini bildirib ki, könüllülər indiyədək ölkəmizdə keçirilmiş mötəbər tədbirlərdə fəal iştirak ediblər. “Bakı 2015” Birinci Avropa Oyunlarına 12 min, “Bakı Marafonu-2017”yə 350, “Formula 1” Avropa Qran Prisinin təşkilinə 3000-dən artıq, IV İslam Həmrəyliyi Oyunlarına isə 11 mindən çox tələbə-könüllü cəlb olunub. 23-25 iyun tarixlərində keçiriləcək “Formula 1” Azərbaycan Qran Prisində isə 3500-ə yaxın tələbə-könüllü iştirak edəcək. Brifinqdə qeyd olunub ki, Təhsil Nazirliyi tərəfindən cari ilin mart-aprel aylarında IV İslam Həmrəyliyi Oyunlarının Proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri keçirilib. Kütləvi idman tədbirlərinin keçirilməsində məqsəd IV İslam Həmrəyliyi Oyunlarının Proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliği, onların idmana marağının artırılması, məktəblilərin sağlam həyat tərzinə cəlb edilməsindən ibarət olub. Bu müddət ərzində ölkənin 76 şəhər və rayonu əhatə olunmaqla sərbəst güləş, Yunan-Roma güləşi, cüdo, taekvando, karate, boks, atletika, stolüstü tennis, basketbol, akrobatika gimnastikası, bədii gimnastika idman növləri üzrə 50 zona yarışları təşkil olunub. Həmin yarışlara 70 minə yaxın məktəbli qatılıb, 600-dən çox fiziki tərbiyə müəllimi cəlb olunub, oyunları 100-ə yaxın hakim idarə edib. Dənizkənarı Milli Park ərazisində IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş məktəblilərin iştirakı ilə yürüş, fləşmob və konsert keçirilib.1500 nəfərə yaxın məktəblinin qoşulduğu yürüşün ardınca 350 nəfər məktəblinin iştirakı ilə IV İslam Həmrəyliyi Oyunlarının loqotipi qurulub. Eyni zamanda yürüş zamanı oyunlarda iştirak edəcək islam dövlətlərinin bayraqları nümayiş olunub. IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş respublika təsviri sənət müsabiqəsi keçirilib. Daha sonra könüllülər öz təəssüratlarını bölüşüblər.
23/05/2017 15:35
“eTwinning Plus” layihəsi üzrə təltifetmə mərasimi
Mayın 23-də Təhsil Nazirliyində “eTwinning Plus” layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib. Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, nazirliyin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun, nümayəndələri məktəb direktorları və müəllimlər iştirak edib. Tədbiri giriş sözü ilə açan Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Monitorinq və treninq şöbəsinin müdiri Vüsal Xanlarov 2005-ci ildə yaradılan layihənin Avropa İttifaqının Təhsil Proqramının tərkib hissəsi olduğunu qeyd edib və bildirib ki, Azərbaycan 2013-cü ildə qonşuluq siyasəti əsasında bu layihəyə qoşulub. “eTwinning Plus” layihəsi çərçivəsində indiyədək 113 məktəbdən 282 müəllimin iştirakı ilə 315 layihə həyata keçirilib. Təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılıb, təhsilin normativ hüquqi bazası təkmilləşdirilib, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilib. Nazir müavini “Azərbaycan Respublikasında təhsilin inkişafı ilə bağlı Dövlət Strategiyası”na uyğun olaraq beynəlxalq təcrübədən istifadə etməklə təhsil prosesində müasir informasiya texnologiyalarının sürətli tətbiqi ilə əlaqədar “eTwinning Plus” layihəsinin həyata keçirildiyini vurğulayıb. Layihə çərçivəsində Azərbaycan şagirdləri Avropadan olan həmyaşıdları ilə təcrübə və fikir mübadiləsi aparmaq və onların adət-ənənələri, həyat tərzləri, mədəniyyətləri ilə tanış olmaq fürsəti qazanıblar. “eTwinning Plus” layihəsi çərçivəsində müəllim və şagirdlər XXI əsr bacarıqlarının artırılması istiqamətində beynəlxalq səviyyəli təlim və kurslarda iştirak edirlər. Daha sonra müsabiqə qaliblərinə diplomlar təqdim olunub. Qeyd edək ki, “eTwinning Plus” layihəsi üzrə keçirilmiş müsabiqələrin nəticələrinə əsasən 2016-cı ilin 6 ayı üzrə layihədə iştirak edən 18 müəllim mükafat əldə edib.
23/05/2017 12:52
IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş müsabiqəyə yekun vurulub
Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzi tərəfindən IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş respublika təsviri sənət müsabiqəsinə yekun vurulub. Azərbaycanın bütün bölgələrindən məktəblilərin iştirak etdiyi müsabiqənin təşkil edilməsində məqsəd IV İslam Həmrəyliyi Oyunlarını təbliğ etmək, şagirdlərdə dini tolerantlıq, islam xalqları arasında sülh, həmrəylik, əməkdaşlıq, dostluq, əmin-amanlıq hisslərini aşılamaqdır. İki mərhələ üzrə keçirilən müsabiqədə ümumilikdə 753 rəsm əsəri qiymətləndirilib. I zona üzrə müsabiqəyə 83 ümumtəhsil müəssisəsindən 270 rəsm əsəri təqdim edilib. Əsərlər Təhsil Nazirliyinin, Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin, “Təhsil” Respublika İdman Mərkəzinin və Azərbaycan Rəssamlar İttifaqının mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qaliblər Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin Təsviri Sənət Qalereyasına dəvət olunub, diplom və hədiyyələrlə mükafatlandırılıb.
22/05/2017 13:18
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı