#9noyabr kampaniyasına start verilib
"ASAN Könüllüləri" Təşkilatı və Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının birgə təşəbbüsü ilə 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə #9noyabr həştəq kampaniyasına start verilib. Sosial kampaniyanın məqsədi Azərbaycan Respublikası Prezidentinin 16 may 2017-ci il tarixli “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncamına uyğun olaraq müstəqil Azərbaycanın keçdiyi tarixi yolda qazandığı dəyərlərin, dövlət bayrağının, onun milli simvollarının, eyni zamanda azərbaycançılıq, vətənpərvərlik və dövlətçilik ideyalarının təbliğidir. Kampaniya sosial şəbəkələr üzərindən həyata keçiriləcək. Sosial şəbəkədə istifadəçilər #9noyabr həştəqi ilə Azərbaycan bayrağı məzmunlu paylaşım etməklə (foto, video, bloq və s.) vətənpərvərlik hisslərinin və milli tariximizin təbliğinə töhfə vermiş olacaqlar.
01/11/2017 17:24
Uşaq hüquqları mövzusu müzakirə olunur
Paytaxt məktəblərində “Uşaq hüquqları aylığı” ilə əlaqədar silsilə tədbirlər keçirilir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində ölkə üzrə elan edilən aylıq çərçivəsində uşaq hüquqları mövzusunda maarifləndirici tədbir, “Dəyirmi masa”, treninq-seminar, müsabiqə və sərgilər təşkil olunur. 20 oktyabr-20 noyabr tarixlərini əhatə edən “Uşaq hüquqları aylığı”nın təşkilində əsas məqsəd BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının ildönümü və 20 noyabr- Ümumdünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması vəziyyətinin daha da yaxşılaşdırılmasından ibarətdir. Məktəblərdə keçirilən tədbirlərdə şagirdlərə məlumat verilir ki, ölkəmizdə hər il “Uşaq hüquqları aylığı” qeyd olunur. BMT-nin Uşaq Hüquqları Konvensiyasının icrasının təmin edilməsi istiqamətində respublikamızda bir sıra tədbirlər həyata keçirilir. Bundan başqa, Prezident İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda əhalinin müxtəlif qruplarının, o cümlədən də uşaq hüquqlarının müdafiəsi ilə bağlı təsbit olunan müddəalar uğurla həyata keçirilməkdədir. Ümumi təhsil müəssisələrində “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlərin noyabrın 20-dək davam etdirilməsi nəzərdə tutulur.
01/11/2017 12:12
"SABAH" xaricdə təhsil sərgisi keçiriləcək
Noyabrın 23-də Təhsil Nazirliyinin SABAH qrupları layihəsinin təşkilatçılığı ilə "SABAH" xaricdə təhsil sərgisi keçiriləcək. Sərgidə ABŞ, Birləşmiş Krallıq, Almaniya, Fransa, İspaniya və digər ölkələrin universitetləri iştirak edəcək. Sərgi iştirakçıları bakalavriatura, magistratura, doktorantura, MBA proqramları, yay kursları, qısamüddətli kurslar, təcrübə və xarici dil proqramları, həmçinin müxtəlif təqaüd və güzəşt imkanları haqqında məlumat və məsləhət almaq imkanı əldə edəcəklər. Sərgi çərçivəsində müxtəlif təhsil pillələri, universitetlərə müraciət, uğurlu viza sənədləşməsi mövzularında seminarlar təşkil olunacaq. "SABAH" xaricdə təhsil sərgisində iştirak etmək istəyənlər www.sabahsergisi.eventbrite.com saytından qeydiyyatdan keçə bilərlər.
01/11/2017 11:24
Azərbaycan-Türkiyə sənədləri imzalanıb
Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasının Protokolu”nu imzaladılar. “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında ali təhsil sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov və Türkiyə Respublikasının Ali Təhsil Şurasının rəhbəri Yekta Saraç imzaladılar. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov və Türkiyə Respublikasının təhsil naziri İsmet Yılmaz imzaladılar. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında preferensial ticarət sazişinin imzalanmasına dair Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev və Türkiyə Respublikasının iqtisadiyyat naziri Nihat Zeybekci imzaladılar. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov və Türkiyə Respublikasının milli müdafiə naziri Nurettin Canikli imzaladılar. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında yem bitkiləri toxumu istehsalı və sertifikatlaşdırılması sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu imzaladılar. www.president.az
01/11/2017 09:57
“Sabahın alimləri” VII Respublika Müsabiqəsi üzrə qeydiyyat davam edir
“Sabahın alimləri” VII Respublika Müsabiqəsi üzrə qeydiyyat davam edir. Müsabiqədə iştirak edəcək ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin mövzuları www.sabahinalimleri.edu.az internet səhifəsində online rejimdə qeydiyyatdan keçirilir. Məktəblilər tərəfindən təsdiqlənmiş mövzular üzrə aparılan tədqiqatların dekabrın 25-dək başa çatdırılması və müsabiqənin tələblərinə uyğun olan sənədlərin hazırlanmasının təmin edilməsi nəzərdə tutulur. Müsabiqənin əsas məqsədi şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar olunmasıdır. Müsabiqədə yüksək elmi tədqiqat nəticələri əldə etmiş məktəblilər ABŞ-da keçirilən İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək. “Sabahın alimləri” müsabiqəsinin təşkilatçıları Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondudur. Müsabiqə keçirilən müddətdə şagirdlərin elmi fəaliyyəti ilə məşğul olan müəllimlər, onların elmi rəhbərləri və direktorlar üçün İntel Təlim Akademiyası fəaliyyət göstərəcəkdir. Həmin akademiyada keçiriləcək treninqlərdə iştirak etmək istəyən müəllimlər sabahinalimleri.edu.az saytından qeydiyyatdan keçə bilərlər. Müsabiqə riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter kateqoriyaları üzrə təşkil olunur. 2012-ci ildən keçirilən müsabiqəyə bu günədək 928 nəfər şagird qatılıb, onlardan 35 şagird ABŞ-da keçirilən Intel İSEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak etmək hüququ qazanıb.
31/10/2017 14:55
Pedaqoji mühazirələr keçiriləcək
“Təhsildə keyfiyyət ili” çərçivəsində pedaqoji mühazirələr təşkil ediləcək. Pedaqoji mühazirələrin 2017-ci ilin dekabrında rayon, 2018-ci ilin fevral-martında şəhər, aprel və ya mayında ölkə mərhələsinin keçirilməsi nəzərdə tutulur. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən pedaqoji mühazirələrin təşkili, keçirilməsi və ən uğurlu mühazirələrin ölkə mərhələsinə təqdim edilməsi üçün fəaliyyətləri tənzimləmək məqsədilə 2 mərhələ üzrə ictimai əsaslarla Təşkilat Komitəsi yaradılıb. Pedaqoji mühazirələrdə məktəb rəhbərləri, müəllim, metodist, məsləhətçi, psixoloq, kitabxanaçı və uşaq birliyi rəhbərləri iştirak edə bilərlər. 2017-2018-ci dərs ilində təşkil olunacaq pedaqoji mühazirələrin əsas məqsədi ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübə nümunələrini təbliğ etmək və perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaqdan ibarətdir. Pedaqoji mühazirələr ümumi təhsildə keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı fəaliyyətlərə dair mövzular üzrə keçiriləcək. Pedaqoji mühazirələrin rayon (şəhər) mərhələsi üzrə Təşkilat Komitəsinə təqdim edilən məruzələr mövzunun uyğunluğu və aktuallığı, təcrübi əhəmiyyəti, orijinallığı baxımından qiymətləndiriləcək. Pedaqoji mühazirələrin rayon (şəhər) mərhələsində ən yaxşı məruzələr müəyyənləşdiriləcək. Həmin məruzələrdən innovativ xarakterə, səmərəli təcrübəyə əsaslananları ölkə üzrə Təşkilat Komitəsinə təqdim ediləcək. Pedaqoji mühazirələrin ölkə mərhələsinin qalibləri müvafiq qaydada mükafatlandırılacaqlar.
31/10/2017 13:54
Təhsil işçilərinə dövlət təltifləri təqdim olunub
Oktyabrın 27-də dövlət təltiflərinə layiq görülən təhsil işçilərinə mükafatların təqdim olunması mərasimi keçirilib. Tədbirdən əvvəl təhsil naziri Mikayıl Cabbarov, rəhbər təhsil işçiləri və dövlət təltiflərinə layiq görülən müəllimlər Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edib, məzarları önünə gül dəstələri qoyublar. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Təhsil naziri Mikayıl Cabbarov çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə təhsilin inkişafındakı xidmətlərinə görə fəxri adlara layiq görülən təhsil işçilərini təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Nazir son illərdə dövlət başçısının rəhbərliyi ilə təhsil sahəsində həyata keçirilən islahatlardan danışıb, müəllimlərin əmək haqqının artırılması və peşə nüfuzunun qaldırılması ilə bağlı görülən tədbirlərin müsbət nəticələrin daha da yüksəlməsinə şərait yaratdığını nəzərə çatdırıb. Müəllim əməyinin insanların həyatında, peşə fəaliyyətində böyük iz qoyduğunu qeyd edən təhsil naziri bildirib ki, müəllimlərin fəaliyyət sahəsi həm də təhsildə baş verən dəyişikliklərin əsas güc qaynağı və islahatların dinamikasını müəyyənləşdirən sferadır. Buraxılış və qəbul imtahanlarının nəticələrini, beynəlxalq olimpiadalarda əldə edilən uğurları, bir sıra digər istiqamətlər üzrə qazanılan nailiyyətləri diqqətə çatdıran nazir təhsil sahəsində müsbət tendensiyaların davam etdiyini deyib. Mikayıl Cabbarov Müstəqil Azərbaycan gəncinin dövlətçilik ideyalarına bağlı, milli təfəkkür daşıyıcısı kimi əsl vətəndaş olaraq yetişməsində müəllimin və məktəbin üzərinə düşən vəzifələri qeyd edib, vətəndaş tərbiyəsinin qarşıda duran əsas məqsəd olduğunu vurğulayıb. Mərasimdə təltif olunan müəllimlər göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirib, şagirdlərin hərtərəfli bilik və bacarıqlara malik şəxsiyyət kimi yetişdirilməsi işində yüksək əzmlə çalışacaqlarını qeyd ediblər. Tədbirin sonunda təltif edilən təhsil işçilərinə medal və vəsiqələr təqdim olunub. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 oktyabr 2017-ci il tarixli sərəncamları ilə təhsilin inkişafındakı xidmətlərinə görə 58 nəfər “Tərəqqi” medalı ilə təltif edilib, 57 nəfər “Əməkdar müəllim”, 1 nəfər “Əməkdar mədəniyyət işçisi”, 1 nəfər “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adlarına, 1 nəfər “Azərbaycan Respublikasının fəxri diplomu”na, 1 nəfər isə “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü”nə layiq görülüb.
27/10/2017 17:59
“Şanlı bayrağım” adlı fotomüsabiqə
Məktəblilər arasında “Şanlı bayrağım” adlı fotomüsabiqəyə start verilib. Müsabiqə paytaxt üzrə "Məktəblinin dostu" layihəsinin həyata keçirildiyi 31 ümumi təhsil məktəbini əhatə edir. Müsabiqə "Məktəblinin dostu" layihəsi tərəfindən “ASAN xidmət”lə birgə təşkil olunub. Müsabiqənin keçirilməsində əsas məqsəd 9 Noyabr-Dövlət Bayrağı Gününü təbliğ etmək, şagirdlərdə bayrağa hörmət və sevgi hissini aşılamaq, həmçinin, onların istedadını üzə çıxarmaq, vətənpərvərlik duyğularını yaradıcı formada ifadə etmələrinə şərait yaratmaqdan ibarətdir. Müsabiqə çərçivəsində şagirdlər əvvəlcə mövzuya aid fotoları təhsil aldıqları məktəbdəki "Məktəblinin dostu"na təqdim etməlidirlər. Bir şagird müsabiqədə 1 foto ilə iştirak edə bilər. Həmin fotolardan məktəbdaxili qiymətləndirmədən keçənləri noyabrın 1-i saat 24:00-dək office@mdx.edu.az elektron poçt ünvanına göndərilməlidir. Bir məktəb müsabiqəyə 3-7 aralığında foto təqdim edə bilər. Hər bir fotonun qeydə alınması üçün Feysbukda #9noyabr haştaqı ilə minimum 5 paylaşma olmalıdır. office@mdx.edu.az elektron poçt ünvanına göndərilmiş fotolardan müvafiq meyarlara cavab verənləri “Məktəblinin dostu”nun rəsmi internet səhifəsində yerləşdiriləcək. Noyabrın 6-da peşəkar heyət tərəfindən hər məktəb üzrə bir foto növbəti mərhələ üçün seçiləcək. Müsabiqənin sonunda 3 ən yaxşı foto müəyyənləşdiriləcək. Həmin fotoların müəllifləri xüsusi hədiyyələrlə mükafatlandırılacaqlar. Bununla yanaşı, müsabiqənin sonuncu mərhələsinə qatılmış digər iştirakçıların da təltif olunması nəzərdə tutulur. Qeyd edək ki, müsabiqəyə təqdim olunmuş fotoşəkillərdən ibarət sərgi də təşkil ediləcək. Fotosərgi ölkə üzrə bütün “ASAN xidmət” mərkəzlərində nümayiş olunacaq.
26/10/2017 14:20
Doktorantların və gənc tədqiqatçıların XXI Respublika elmi konfransı
Oktyabrın 24-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə doktorantların və gənc tədqiqatçıların XXI Respublika elmi konfransının açılış mərasimi keçirilib. Mərasimdə təhsil naziri Mikayıl Cabbarov, ali təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalılar, doktorantlar və gənc tədqiqatçılar iştirak edib. Tədbiri giriş sözü ilə açan Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə iqtisadi potensialın intellekt kapitalına çevrilməsi istiqamətində aparılan islahatlardan bəhs edib və təhsil sahəsində görülən işlərin müasir düşüncəli gənclərin hazırlanması məqsədlərinə yönəldiyinə diqqət çəkib. Təhsil naziri Mikayıl Cabbarov gənclərin tədqiqat işlərinə marağının və bu sahədə fəallığının artırılması istiqamətində görülən işlərdən danışıb, müasir elmi biliklərin təbliği baxımından hər il ənənəvi olaraq keçirilən bu tədbirin əhəmiyyətini qeyd edib. Təhsil naziri ölkə Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı, “Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi”, “Gənclər üçün Prezident Mükafatının təsis edilməsi” və digər mühüm sənədlərin gənclərin yüksək qayğı ilə əhatə edilməsinə bariz nümunə olduğunu bildirib. Nazir yüksək səviyyəli mütəxəssis hazırlığının beynəlxalq standartlara və dövrün tələblərinə uyğunlaşdırılmasının zəruriliyini vurğulayıb, bununla bağlı ölkəmizin ali təhsil müəssisələrində elmi potensialın mövcudluğunu qeyd edib. "Elm haqqında" qanunun qəbul edilməsi ilə qanunvericiliyə tədqiqat universitetlərinin yaradılmasının daxil edildiyini deyən təhsil naziri bu statusu qazanan universitetlərə dövlət tərəfindən müvafiq maddi dəstək göstəriləcəyini diqqətə çatdırıb. Mikayıl Cabbarov bildirib ki, tədqiqat universitetlərində fundamental tədqiqatlar aparılmaqla yanaşı yüksək texnologiyalara əsaslanan elm tutumlu sahələrin kadr və informasiya təminatının həyata keçirilməsi nəzərdə tutulur. Tədqiqat fəaliyyətinin təşkili işi ilə bağlı təhsil naziri nəzərə çatdırıb ki, bu, universitetlər üçün davamlı şəkildə güclənməkdə olan rəqabət mübarizəsinin həlledici amillərindən birinə çevrilir. Mikayıl Cabbarov "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində ayrılan 3558 təqaüddən 63 faizinin magistratura və doktorantura səviyyəsində təhsilə yönəldiyini deyib, Azərbaycanda elmi kadrların yetişdirilməsində bu proqramın mühüm rolunu, ikinci dövlət proqramının dünyanın tanınmış universitetlərinin nüfuzlu professor-müəllim heyətini cəlb etməklə Azərbaycanın ali təhsil müəssisələrində həyata keçirilməsinin məqsədəuyğun olduğunu vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, Azərbaycan Dövlət Neft Sənaye Universitetinin (ADNSU) rektoru Mustafa Babanlı çıxış edərək gənclərin elmi tədqiqatlara cəlb olunmasının vacibliyini söyləyib, son illərdə bu istiqamətdə atılan addımların təqdirəlayiq olduğunu bildiriblər. Sonra gənc doktorantlar müxtəlif mövzularda təqdimat ediblər. Qeyd edək ki, iki gün davam edəcək kоnfransa 18 ali təhsil müəssisəsindən və AMEA-dan 400-ə yaxın tezis təqdim olunub. Doktorantların və gənc tədqiqatçıların məruzələrinin dinlənilməsi və müzakirəsi üçün nüfuzlu alimlərin rəhbərliyi ilə 14 bölmə yaradılıb. Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransının materialları Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dissertasiyaların əsas elmi nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlər siyahısına daxildir. Plenar iclasdan sonra konfrans öz işini bölmələrdə davam etdirib. Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransı 1991-ci ildən keçirilir. Konfransın keçirilməsində əsas məqsəd elm və təhsilin inteqrasiyası, gənc alimlərin yüksək ixtisaslı kadr kimi yetişməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsi və gənclərin elmi fəaliyyətə daha geniş miqyasda cəlb edilməsidir.
24/10/2017 14:59
Koreyanın Azərbaycandakı səfirliyi Uşaq-Gənclər İnkişaf Mərkəzinə milli geyimlər hədiyyə edib
Oktyabrın 23-də Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-Qyu 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində olub. Mərkəzin direktoru Lalə Qəti qonaqları uşaqlar üçün yaradılmış şəraitlə tanış edib. Təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycanda təhsil sahəsinə göstərilən dövlət qayğısından danışıb, mərkəzin yeni istifadəyə verilən bazasında uşaq və yeniyetmələrin yaradıcı təxəyyülünün, bacarıqlarının inkişaf etdirilməsi baxımından hər cür şərait yaradıldığını qeyd edib. Azərbaycan ilə Koreya Respublikası arasında əlaqələrin dinamik inkişaf etdiyini, xüsusilə, təhsil sahəsində əməkdaşlığın genişləndiyini diqqətə çatdıran nazir müavini azərbaycanlı gənclərin Koreya Respublikasının bir sıra nüfuzlu universitetlərində təhsil aldıqlarını bildirib. Səfir Kim Çanq-Qyu səmərəli əməkdaşlıq üçün təşəkkür edib, Koreya Respublikası ilə Azərbaycan arasında təhsil münasibətlərinin daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb. Daha sonra səfirlik tərəfindən mərkəzə Koreya Respublikasının milli geyimi, müxtəlif hədiyyələr və Qış Olimpiya Oyunlarının simvolu təqdim olunub. Mərkəzin “Azəri inciləri” uşaq qrupu Koreya Respublikasının milli rəqslərini ifa ediblər.
23/10/2017 18:24
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı