Təhsil işçilərinə dövlət təltifləri təqdim olunub
Oktyabrın 27-də dövlət təltiflərinə layiq görülən təhsil işçilərinə mükafatların təqdim olunması mərasimi keçirilib.
Tədbirdən əvvəl təhsil naziri Mikayıl Cabbarov, rəhbər təhsil işçiləri və dövlət təltiflərinə layiq görülən müəllimlər Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edib, məzarları önünə gül dəstələri qoyublar.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Təhsil naziri Mikayıl Cabbarov çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə təhsilin inkişafındakı xidmətlərinə görə fəxri adlara layiq görülən təhsil işçilərini təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Nazir son illərdə dövlət başçısının rəhbərliyi ilə təhsil sahəsində həyata keçirilən islahatlardan danışıb, müəllimlərin əmək haqqının artırılması və peşə nüfuzunun qaldırılması ilə bağlı görülən tədbirlərin müsbət nəticələrin daha da yüksəlməsinə şərait yaratdığını nəzərə çatdırıb.
Müəllim əməyinin insanların həyatında, peşə fəaliyyətində böyük iz qoyduğunu qeyd edən təhsil naziri bildirib ki, müəllimlərin fəaliyyət sahəsi həm də təhsildə baş verən dəyişikliklərin əsas güc qaynağı və islahatların dinamikasını müəyyənləşdirən sferadır. Buraxılış və qəbul imtahanlarının nəticələrini, beynəlxalq olimpiadalarda əldə edilən uğurları, bir sıra digər istiqamətlər üzrə qazanılan nailiyyətləri diqqətə çatdıran nazir təhsil sahəsində müsbət tendensiyaların davam etdiyini deyib.
Mikayıl Cabbarov Müstəqil Azərbaycan gəncinin dövlətçilik ideyalarına bağlı, milli təfəkkür daşıyıcısı kimi əsl vətəndaş olaraq yetişməsində müəllimin və məktəbin üzərinə düşən vəzifələri qeyd edib, vətəndaş tərbiyəsinin qarşıda duran əsas məqsəd olduğunu vurğulayıb.
Mərasimdə təltif olunan müəllimlər göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirib, şagirdlərin hərtərəfli bilik və bacarıqlara malik şəxsiyyət kimi yetişdirilməsi işində yüksək əzmlə çalışacaqlarını qeyd ediblər.
Tədbirin sonunda təltif edilən təhsil işçilərinə medal və vəsiqələr təqdim olunub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 oktyabr 2017-ci il tarixli sərəncamları ilə təhsilin inkişafındakı xidmətlərinə görə 58 nəfər “Tərəqqi” medalı ilə təltif edilib, 57 nəfər “Əməkdar müəllim”, 1 nəfər “Əməkdar mədəniyyət işçisi”, 1 nəfər “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adlarına, 1 nəfər “Azərbaycan Respublikasının fəxri diplomu”na, 1 nəfər isə “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü”nə layiq görülüb.
7 il əvvəl
Digər xəbərlər
-
Apellyasiya Şurasının növbəti iclası keçirilib
24.12.2024 - 17:00 -
“Müəllimliyin insanlıq fəlsəfəsi” esse müsabiqəsinin qalibləri mükafatlandırılıb
23.12.2024 - 17:55 -
Nazir müavini Azərbaycan din xadimlərinin Forumunda iştirak edib
23.12.2024 - 17:00 -
Nazir Sabunçu rayonunun məktəb direktorları ilə görüşüb
23.12.2024 - 12:55 -
Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinə start verilib
23.12.2024 - 11:02