Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Bakı məktəblisi dünyanın ən güclüləri sırasında

Paytaxt məktəblisi Avropa çempionu olub. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 220 nömrəli məktəb-liseyin VIII sinif şagirdi Rəsul Cəfərli karatenin kyokuşin növü üzrə XXXI Avropa çempionatında I yeri tutub. Məktəbli Polşanın Firinovski şəhərində çəkisi 50 kiloqramadək olan 12-13 yaşlı idmançı oğlanlar arasında təşkil edilən yarışda bütün rəqibləri üzərində qələbə qazanıb. R.Cəfərli kubok, medal və diplomla təltif olunub. Qeyd edək ki, R.Cəfərli karatenin kyokuşin növü üzrə 2016-cı ildə Macarıstanda keçirilən dünya çempionatında III, 2017-ci ildə Türkiyədə təşkil olunan beynəlxalq turnirdə I yerə layiq görülüb. R. Cəfərli karatenin kyokuşin növündə dünya üzrə 12-13 yaşlı 10 ən yaxşı idmançının yer aldığı sıyahıya daxil edilib.  

Ali təhsildən gözləntilər

Həm kəmiyyət, həm də keyfiyyətdə dinamik artım var   Artıq 4 ildir ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrində dinamik artım müşahidə olunur. Sadəcə keyfiyyət deyil, kəmiyyətdə də yüksəliş, Azərbaycan ali təhsil müəssisələrinin qarşısında duran əsas hədəflər, bir sözlə, “Ali təhsildən gözləntilər” Fransız-Azərbaycan Universitetində Təhsil Nazirliyinin və “Azərbaycan müəllimi” qəzetinin təşkilatçılığı ilə keçirilən seminarın mövzusu olub.Təhsil Nazirliyinin nümayəndələri, media kapitanları, təhsil ekspertləri, ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin rəhbərləri və KİV təmsilçiləri qəbul imtahanlarının nəticələrində müşahidə olunan müsbət dinamika fonunda ali təhsilin qarşısında duran vəzifələri müzakirə ediblər. Seminarda “Tələbə qəbulunun nəticələrinin təhlili” mövzusunda təqdimatla çıxış edən Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev son 4 tədris ili üzrə ali təhsil müəssisələrinə tələbə qəbulunun kəmiyyət və keyfiyyət göstəriciləri ilə bağlı məlumat verib. Həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinin artdığını deyib. Gösrəriciləri təhlil edən şöbə müdirinin sözlərinə görə, statistik təhlillər son 4 ildə ali təhsil müəssisələrinə tələbə qəbulu proqnozunun 14.6 faiz artdığını göstərib. Buna baxmayaraq, dövlət sifarişi 2.1 faiz azalıb. Y.Piriyev deyib ki, ötən illərdə tələbə qəbulu 32-34 min nəfər arasında dəyişirdi. 2017-2018-ci tədris ilində tələbə statusu qazananların sayı 37 min 624 nəfər təşkil edib. Üstəlik, imtahanlara qatılanların sayının 24.2 faiz azalmasına rəğmən. Y.Piriyev bu məqamı müşahidə edilən müsbət tendensiyalardan biri kimi xüsusi qeyd edib: “Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanlarda cari ilin məzunlarının 60-64 faizi iştirak etdiyi halda, qəbul olunanların payı 83-84 faiz arasında dəyişib. 2013-2014-cü tədris ilinin rəqəmlərinə baxsaq, orada məzunların 56.9 faizinin qatıldığı imtahanlarda qəbul göstəricisinin 78 faiz təşkil etdiyini görürük”. Son 4 ildə I-IV ixtisas qrupları üzrə tədrisin keyfiyyəti nəzərəçarpacaq dərəcədə artıb. Son illərdə minimum bal 200-dən aşağı olmayıb. Qəbul olunanların orta bal göstəricisində yüksəliş isə öz növbəsində ali təhsil müəssisələrinin orta balının artmasına gətirib çıxarıb. Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrinin 25 faizində orta bal 400-dən çox olub.   Keyfiyyət göstəriciləri dinamik olaraq artıb   2014-2015-ci tədris ilində qeydə alınan 34.7 faizlik keyfiyyət göstəricisi cari ildə 50.6 faiz olub. Bu da keyfiyyətdə nəzərəçarpacaq dərəcədə artım deməkdir. 2017-2018-ci tədris ili üçün keçirilən qəbul imtahanlarında 2475 nəfər 600 baldan yuxarı nəticə göstərib. Ötən il bu rəqəm 2281, 2015-ci ildə 2094, 2014-cü ildə isə 1725 nəfər təşkil edib. Təkcə 600-dən çox bal toplayanların sayında 1750 nəfər artım olub. Bu il 15 nəfər 700 bal toplayıb. Bu, sadəcə ötən illə müqayisədə 50 faiz artım deməkdir. 2015-2016-cı tədris ilində I-IV ixtisas qrupunda 600 baldan yuxarı yığanlar 21.4 faiz təşkil edibsə, bu göstərici indi 43.3 faizdir. Eyni zamanda, 200 baldan çox yığanlar da 3.2 faizdən 11.3 faizə qalxıb.   Prezident təqaüdçüləri UNEC və BDU-dadır   Ali təhsil müəssisələrində Prezident təqaüdçülərinin tədris illəri üzrə sayı və artım dinamikasından danışan Y.Piriyev deyib ki, Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində Prezident təqaüdçülərinin sayı təxminən 6 dəfə artıb. IV ixtisas qrupunda bütün yerləri Azərbaycan Tibb Universitetinin tələbələri tutub. II-III ixtisas qruplarında isə UNEC və BDU tələbələrinin qazandığı yerlər 66.6 faiz təşkil edib.   Özəl ali təhsil müəssisələrinə qəbulda da artım var   Bu tədris ilində tələbə statusu qazanaraq dövlət ali təhsil müəssisələrini seçənlərin sayı 33759 nəfərdir. Bu, abituriyentlərin 92.7 faizini təşkil edib. Ötən il həmin rəqəm 30391 idi və bütövlükdə abituriyentlərin 87.6 faizini təşkil edirdi. Rəqəmlər ötən illə müqayisədə dövlət ali təhsil müəssisələrinə qəbul olunanların sayının 10 faiz artdığını göstərir. Özəl ali təhsil müəssisələrinə qəbulda da artım müşahidə olunub. Belə ki, qəbul planının azalmasına baxmayaraq, qəbul olunanlar ötən illə müqayisədə 45 faizdən 61 faizə yüksəlib. Əmək bazarında rəqabətdə mütəxəssislərimizin dil biliklərinin böyük rolunu qeyd edən şöbə müdiri ali məktəblərin tədrisi ingilis dilində aparılan ixtisaslarına qəbul olunan tələbələrin sayının artdığını göstərib. Onun sözlərinə görə, ingilisdilli ixtisasların sayı təxminən 30 olduğu halda, qəbul planı 780 nəfər olub. 2017-2018-ci tədris ilində isə bu rəqəm iki dəfə artıb. Beləliklə, tədrisi ingilis dilində aparılan ixtisaslara tələbə qəbulu üzrə proqnoz 1615 nəfər olub. Onun 87 faizi dolub.   Magistraturaya qəbulda 36,3 faiz artım   Magistraturaya qəbul imtahanlarında bakalavrların ümumi nəticələri ötən tədris ilinə nisbətən 36,3 faiz artıb. Ötən illə müqayisədə sənəd verib imtahana gəlməyənlərin sayı 15 dəfə azalıb. Y.Piriyev magistraturaya sənəd verənlərin sayının azalmasının bir sıra səbəblərindən də danışıb: “İmtahanlar ödənişli olduğundan təsadüfi sənəd verənlərin sayı kəskin azalıb. Sadəcə magistratura səviyyəsində təhsil almaq istəyində qəti olanlar sənəd verib. Sənəd verənlər arasında oğlanların sayında da artım müşahidə olunub. Belə ki, ötən illə müqayisədə magistraturaya qəbul olunan oğlanların sayı 73,6 faiz artaraq 1193 nəfərdən 2771 nəfərə qalxıb. Bunu da daha çox hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə əlaqələndirmək olar”. Məlum olduğu kimi, bu il SABAH qruplarının ilk buraxılışı olub. 720 nəfər SABAH məzununun yarısı magistraturaya qəbul imtahanlarına qatılıb. İmtahanlarda iştirak edənlərin 80 faizi artıq magistrdir. 219 nəfər yerli, 115 nəfər isə xarici ali təhsil müəssisələrində təhsilini davam etdirəcək. Seminarda qeyd olunub ki, bu tədris ilində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan əcnəbilərin sayı ötən illərlə müqayisədə artaraq 5410 nəfər təşkil edib. Ali təhsil müəssisələrində Dövlət Proqramı ilə xaricdə təhsil almış 100-dən çox əməkdaş çalışır.   Orta ixtisas təhsilində ali təhsil proqramları   Sonra tədbir müzakirələrlə davam edib. Y.Piriyev müzakirə əsnasında qeyd edib ki, gələcəkdə ali təhsil proqramlarının orta ixtisas təhsilində (kollec) tətbiqi nəzərdə tutulur. Onun sözlərinə görə, hazırda ixtisasların təsnifatı hazırlanır: “Gələcəkdə ali təhsildə olan ixtisasların təsnifatı kolleclərdə olan ixtisasların təsnifatına transformasiya olunmalıdır. Təbii ki, hər iki təsnifat eyni olmalıdır. Məqsəd bakalavr ali təhsilinə rəvan keçidi təmin etməkdir. Gərək proqramlar elə uzlaşsın ki, orta ixtisas təhsilindən ali təhsilə keçid olduqda onların qazandıqları kreditlər ali təhsildə tanınsın və ali təhsildə onların normativ təhsil müddətləri azalsın”.   Təhsildə yeni anlayışlar   Y.Piriyev ali təhsildə kreditlərlə bağlı bəzi məqamlara da aydınlıq gətirib: “Tədrisə tam cəlb olunma yalnız dövlət sifarişli ixtisaslarda təhsil alan tələbələrə şamil olunacaq. Tədrisə cəlb olunan tələbələr hər semestrdə 30 kredit dərs, bundan əlavə də 10 kredit dərs götürə bilərlər”. Y.Piriyev deyib ki, tədrisə qismən cəlb olunan tələbələr oxuduğu müddətdə çalışmaq imkanına da malikdirlər: “Tədrisə qismən cəlb olunma qiyabi təhsil forması deyil. Qiyabi təhsil formasında təhsil alanlar ildə 1 dəfə bir ay müddətində sessiyada iştirak edirlər. Onlar imtahana qatılır, növbəti sessiyaya cəlb olunurlar. Qismən cəlb olunmada tələbələr ən azı 2 fənni dinləyərək tədris almalıdırlar. Belə təhsil alanlar 20 kreditdən çox olmamaq şərtilə müəyyən bir müddətdə ali məktəbdə tədrisi bitirə bilərlər. Bu da imkan yaradacaq ki, aztəminatlı tələbələr həm çalışıb, həm də təhsili davam etdirsin. Əgər tələbənin il ərzində təhsil haqqını ödəmək imkanı yoxdursa, onda tələbə 2 fənni seçə və fənlərə - kreditlərə müvafiq təhsil haqqını ödəyib universitetdə təhsil ala bilər”. Azərbaycanda bütün ali təhsil müəssisələrinə maliyyə muxtariyyətindən sonra akademik muxtariyyətin verilməsi istiqamətində də işlər görülür. Y.Piriyevin sözlərinə görə, universitetlər bu imkanlardan yararlana bilmək üçün hazırlıqlı olmalıdırlar. Bu baxımdan ali təhsil müəssisələrinin dekanları üçün “Tədrisin təşkili” mövzusunda təlimlərin keçirilməsinin əhəmiyyətinin böyük olduğunu da deyib.   8 ixtisasa bal məhdudiyyəti   Y.Piriyev 8 ixtisasa bal məhdudiyyəti tətbiqindən də danışıb: “Bunlardan 4-ü texniki və texnoloji, 4-ü isə təbiət ixtisasları qrupuna aiddir. Həmin ixtisaslar üzrə minimal keçid balı 250-dir”. Onun sözlərinə görə, gələcəkdə zərurət yarandığı halda bəzi ixtisaslar üzrə keçid balları qaldırıla bilər.   Ali təhsil müəssisələrindən 3 universitet...   Tədbirdə “Clarivate Analytics” təşkilatının Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadə də çıxış edib. O, 2015-ci ilin dekabr ayından başlanan dünyanın aparıcı elmi platforması olan “Web of Science” ilə əməkdaşlıqdan danışıb. Bu əməkdaşlığın nəticəsində Azərbaycan təhsil müəssisələrinin müəllim və tələbələrinin bu elmi bazada indekslənən məqalələrinin sayında 57 faiz artım müşahidə olunub. Beləliklə, son 3 ildə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrinin impakt faktorlu jurnallarda çap olunan məqalələrinin sayı 950-yə çatıb. Onun sözlərinə görə, təkcə 2016-cı ilin rəqəmləri ilə 2015-ci ilin göstəriciləri arasında 50 faiz artım qeydə alınıb. Bu artımı ayrı-ayrı universitetlərin fəallığının nəticəsi hesab edən çıxışçı Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universitetinin adını xüsusi qeyd edib. Azərbaycan təhsil müəssisələri tərəfindən təqdim olunan publikasiyalara ən çox istinad da məhz ötən il qeydə alınıb. Bu da alimlərimizin araşdırdığı mövzulara dünya alimlərinin marağının göstəricisidir. Araşdırmalar yenə də fundamental elmləri əhatə edib. Riyaziyyat, tətbiqi riyaziyyat, materialşünaslıq, fizika və kimya ən çox araşdırılan elm sahələri olub. Bazadan istifadə aktivliyində də artım dinamikası müşahidə olunub. İlin başa çatmamasına baxmayaraq, artıq 2017-ci ildə əvvəlki illə müqayisədə 75 faiz artım qeydə alınıb. Bazadan istifadəyə görə Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) fərqlənib. Beynəlxalq əməkdaşlıq layihələrində də fəallıq nümayiş etdirən Azərbaycan alimləri, xüsusən, qonşu ölkələrdən olan alimlərlə, o cümlədən Qərbi Avropadan Almaniya, Portuqaliya, İspaniya alimləri ilə birgə layihələrə imza atıblar.   Azərbaycan alimlərində yeni keyfiyyətlər   A.Babazadə təlimlər zamanı ölkənin aparıcı universitetlərində inkişaf etməkdə olan sahibkarlıq xüsusiyyətindən də danışıb: “BDU, UNEC, ADNSU, ATU artıq yalnız tədqiqat, elmlə deyil, həmin tədqiqatların iqtisadiyyata transformasiyasında da maraqlı görünürlər. Bunun da səbəbi indiki alimlərdə əlavə keyfiyyətlərin formalaşmasıdır. Belə ki, əvvəllər alimlər tədqiqatı elmi nəticə əldə edənə qədər aparırdı. İndiki alimlər isə əldə etdiyi elmi nəticənin iqtisadiyyata, sənayeyə transformasiyasında maraqlıdır”.   “Azərbaycan müəllimi” qəzeti

Strasburq Universitetində UFAZ-ın Rəhbər Komitəsinin iclası keçirilib

Strasburq Universitetində (Unistra) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) Rəhbər Komitəsinin ilk iclası keçirilib. İclasda Rəhbər Komitəsinə Unistra və ADNSU-nun hər birindən bir direktorun seçilməsi, komitənin daxili qaydalarının müəyyənləşdirilməsi, birinci tədris ilinin fəaliyyətinin nəticələri, 2018-ci tədris ili üçün xarici tələbələrin UFAZ-a qəbul şərtləri və başqa məsələlər müzakirə olunub. Noyabrın 23-də Unistrada keçirilən UFAZ-ın Rəhbər Komitəsinin ikinci iclasında Strasburq Universitetinin prezidenti Michel Deneken, ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev, bu qurumun beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Muxtar Məmmədov, Fransa Xarici İşlər Nazirliyinin ali təhsil və araşdırma üzrə direktoru Clelia Chevrier-Kolacko və başqaları iştirak ediblər. Görüşdə cari tədris ilinin rəqəmləri, UFAZ-ın birinci tədris ili üzrə qiymətləndirmə hesabatı, büdcənin idarə edilməsi, pedaqoji və elmi məsələlər, UFAZ-ın inkişaf strategiyası və bu kimi digər məsələlər müzakirə olunub. UFAZ-ın Rəhbər Komitəsinin növbəti iclasının 2018-ci ildə Bakıda keçirilməsi planlaşdırılır. AZƏRTAC

 Məktəblilər üçün ekskursiyalar təşkil edilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəbləri şagirdlərinin YARAT Müasir İncəsənət Mərkəzinə ekskursiyaları təşkil olunub. Bakı Şəhəri üzrə Təhsil İdarəsi və YARAT Müasir İncəsənət Məkanı İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən ekskusiya ümumi təhsil məktəbləri şagirdlərinin dünyagörüşünü, bilik və bacarıqlarını inkişaf etdirmək, şagirdlərin asudə vaxtlarının səmərəli keçməsinə şərait yaratmaq məqsədlərinə xidmət edib. Fərqli yaş qruplarının tələbatlarına uyğun olaraq hazırlanan ekskursiyalarda qısa mühazirələr oxunub və bir çox yaradıcı oyunlar keçirilib. Ekskursiyalar zamanı məktəblilərə YARAT Müasir İncəsənət Mərkəzində ustad dərsləri keçirilib. Mərkəzdə təlimçilər tərəfindən şagirdlərə daş üzərində boya ilə rəsm çəkmək də öyrədilib. Ekskursiya çərçivəsində şagirdlərin bədii qiraət ustaları, tanınmış idmançılar və digər ziyalı şəxslərlə görüşləri də təşkil olunub. YARAT Müasir İncəsənət Mərkəzinə ekskursiyaların yaxın zamanda davam etdirilməsi nəzərdə tutulur.

“SABAH” xaricdə təhsil sərgisi

Noyabrın 23-də Təhsil Nazirliyinin SABAH qrupları layihəsinin təşkilatçılığı ilə "SABAH" xaricdə təhsil sərgisi keçirilib. Sərgi iştirakçıları 10-dan artıq ölkənin 100-dən çox universitetində bakalavriatura, magistratura, doktorantura, MBA proqramları, yay kursları, qısamüddətli kurslar, təcrübə və xarici dil proqramları, həmçinin müxtəlif təqaüd və güzəştlər haqqında məlumat almaq imkanı əldə ediblər. Sərgidə ABŞ, Birləşmiş Krallıq, Almaniya, Fransa, İspaniya və digər ölkələrin universitetləri iştirak edib. Ziyarətçilər xarici universitetlərin nümayəndələri ilə birbaşa ünsiyyət qurmaq, sənədlərini təqdim etmək imkanı qazanıblar. Sərgiyə paralel olaraq gün ərzində xarici mütəxəssislər tərəfindən “İsveçrədə turizm təhsili”, “Almaniyada inkişaf imkanları”, “Polşada təhsil” mövzularında seminarlar keçirilib. SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə dövlət ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə yaradılmış savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət qruplardır. Layihənin məqsədi ali təhsil sistemində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması və qlobal kadr bazarının tələblərinə cavab verən savadlı və peşəkar mütəxəssislərin yetişdirilməsidir. SABAH qrupları 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə 7 ali təhsil müəssisəsində formalaşdırılıb. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsini, 6 ixtisas istiqaməti üzrə 40-dan artıq ixtisas və 2300-dən çox tələbəni əhatə edir. 2017-ci ildə SABAH qruplarının ilk məzun buraxılışı olub.

Təhsil naziri YUNİSEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru ilə görüşüb

Noyabrın 22-də təhsil naziri Mikayıl Cabbarov ölkəmizdə səfərdə olan YUNİSEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Əfşan Xan ilə görüşüb.   Görüşdə Azərbaycan və YUNİSEF arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Uşaq-Gənclər İnkişaf Mərkəzinin taekvondo komandası I yeri qazanıb

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin (RUGİM) taekvondo komandası Qəbələ Olimpiya İdman Kompleksində  keçirilən  “Qəbələ Open” beynəlxalq açıq birinciliyində I yeri qazanıb.   5 ölkədən 500-dən çox  idmançının qatıldığı yarışda RUGİM-in taekvondo komandası məşqçi Elməddin Vəliyevin rəhbərliyi ilə digər rəqib komandaları üstələyərək 6 qızıl, 6 gümüş, 3 bürünc olmaqla ümumilikdə15 medal əldə edib. Yarışa Türkiyə, Rusiya, İraq, Gürcüstan və eləcə də respublikanın regionlarında fəaliyyət göstərən  idman cəmiyyətləri, taekvondo bölmələri və klublardan 500-dən artıq  idmançı qatılıb.Turnirdə 2006-2007-ci il və 2008-2009-cu il təvəllüdlü uşaqlar, 2003-2005-ci il təvəllüdlü yeniyetmələr, 2000-2002-ci il təvəllüdlü gənc idmançılar mübarizə aparıblar. Üç gün davam edən yarışın təşkilində məqsəd ölkədə taekvondonun təbliği, bölgələrdə idmanın bu növünün inkişafına təkan vermək, idmançıların yarış təcrübəsinin və ustalığının artırılması olub. “Qəbələ Open” beynəlxalq açıq birinciliyi Azərbaycan Taekvondo Federasiyası, Gənclər və İdman Nazirliyi və "Qəbələ” idman klubunun təşkilati dəstəyi ilə keçirilib. 

Müəllimlər üçün mentor xidməti

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki (BŞTİ) ümumi təhsil məktəblərinin məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlər üçün mentor xidməti təşkil edilib. Mentor xidmətinin təşkilində əsas məqsəd məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlərə metodiki dəstək göstərməkdən ibarətdir. İlk dəfə olaraq paytaxt məktəblərinin məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlər üçün təşkil olunan mentor xidməti “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi tərəfindən həyata keçirilir. Xüsusi hazırlıq keçmiş mentorlar müəllimləri qrup məşğələlərində fərdi şəkildə dinləyir, onlara elmi-metodiki, təcrübi dəstək göstərir, həmçinin, müzakirə və seminarlar təşkil  edirlər. Eləcə də, mentorların iştirakı ilə məktəbəhazırlıq qruplarındakı uşaqlar məntiqi və riyazi təfəkkürün daha yüksək səviyyədə formalaşmasına dair tapşırıqlar yerinə yetirir, fiziki cəhətdən inkişafa xidmət edən oyunlar həyata keçirirlər. Cari ilin oktyabrından start verilən prosesin dekabrda yekunlaşdırılması nəzərdə tutulur.   Qeyd edək ki, 2017-2018-ci tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin məktəbəhazırlıq qruplarında dərs deyən ibtidai sinif müəllimləri ixtisasartırma təlimlərinə də qatılıblar. Təlimin sonunda imtahandan uğurlu nəticə əldə etmiş müəllimlərə ixtisasartırma təhsili haqqında sertifikat verilib. 

İlk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri mentorluq proqramında iştirak edib

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Baku Business Factory”  (BBF) biznes inkubasiya mərkəzinin birgə təşəbbüsü ilə ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan şagirdlər üçün mentorluq proqramı təşkil edilib. Proqrama Emal Sənayesi, Turizm və Sosial Xidmətlər, Texnika və Texnologiyalar, Sənaye və İnnovasiyalar, Rabitə və Texnologiyalar, Mədəniyyət və Sənətkarlıq, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil mərkəzlərində avtomobillərin təmiri çilingəri, avtomobil sürücüsü, planer və mühərrik üzrə mexanik, turizm agenti, aşpaz, mühasib, kompüter üzrə operator, dizayner, poliqrafiya üzrə dizayner, kompüter ustasi, interyer və eksteryerin bədii tərtibatçisi, səs operatoru ixtisasları üzrə təhsil alan 21 şagird cəlb olunub. Proqramın sonunda şagirdlərə sertifikat verilib. Tədbir ölkə Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planına əsasən, peşə təhsili sistemində sahibkar düşüncə tərzinin təşviqi, ixtisaslı kadrlara olan ehtiyacların təmin edilməsi üçün kiçik və orta sahibkarlıq üzrə subyektlərlə ilk peşə-ixtisas təhsili müəssisələri arasında əlaqələndirmənin yaxşılaşdırılması çərçivəsində təşkil olunub. "Baku Business Factory" (BBF) 2015-ci ilin aprel ayında təsis edilib. BBF-in əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək perspektivli biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərmək,  bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.  

Təhsil naziri Malayziyanın Perlis Universitetinin rektorunu qəbul edib

Noyabrın 21-də təhsil naziri Mikayıl Cabbarov Malayziyanın Perlis ştatının vəliəhd şahzadəsi və Perlis Universitetinin rektoru Tuanku Syed Faizuddin Putranın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan və Malayziya arasında ali təhsil sahəsində əlaqələrin cari vəziyyəti və inkişafı, o cümlədən Azərbaycanın ali təhsil müəssisələri ilə Perlis Universiteti arasında əməkdaşlıq perspespektivləri müzakirə olunub.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı