“İcma əsaslı məktəbəqədər təhsil” pilot layihəsinin təqdimatı
Dekabrın 19-da UNİCEF-in maliyyə dəstəyi ilə Təhsil İnstitutu tərəfindən icra olunan “İcma əsaslı məktəbəqədər təhsil” pilot layihəsinə dair hesabat tədbiri keçirilib. Tədbirin keçirilməsində məqsəd məktəbəqədər təhsilin vacibliyini və bu sahədə ötən 8 ay ərzində görülən işləri ictimaiyyətin diqqətinə çatdırmaq olub. Tədbirdə təhsil naziri vəzifəsini icra edən, nazir müavini Ceyhun Bayramov, millət vəkilləri, UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin, Təhsil İnstitutunun, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, təhsil ekspertləri və məktəb direktorları iştirak edib. Hesabat tədbirini giriş sözü ilə açan Emin Əmrullayev həyata keçirilən layihə ilə bağlı ətraflı məlumat təqdim edib. Emin Əmrullayev bildirib ki, layihə çərçivəsində Bakı şəhərində və 10 rayonda 50 icma seçilib, hər icmaya orta hesabla 20 nəfər 3 və 4 yaşlı uşaq layihəyə cəlb olunub. İcmada iştirak edən valideyn məktəbəqədər təhsil qruplarında övladını könüllü şəkildə qeydiyyatdan keçirir və razılığa əsasən həftədə bir neçə gün 2-4 saat ərzində uşaqlara hazırlıq təşkil olunur. İcmalarda dərslər könüllü müəllimlər, məktəb işçiləri və ya valideynlər tərəfindən aparılır. Keçirilən dərslər mütəxəssislərdən ibarət işçi qrupu tərəfindən hazırlanmış “İcma əsaslı məktəbəqədər təhsil proqramı” vəsaitinə əsaslanır. UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin isə “İcma əsaslı məktəbəqədər təhsil” pilot layihəsinin uğurla həyata keçirilməsini diqqətə çatdıraraq bu cür təşəbbüslərə dəstək verməkdən məmnun olduqlarını qeyd edib. Daha sonra təhsil naziri vəzifəsini icra edən, nazir müavini Ceyhun Bayramov çıxış edərək Azərbaycan Respublikasının dövlət təhsil siyasətinin strateji istiqamətlərindən biri olan məktəbəqədər təhsilin əhəmiyyətindən və bu sahədə əldə edilmiş nailiyyətlərdən danışıb. Erkən uşaqlıq dövrünü uşaqların potensial imkanlarının inkişafı dövrü hesab edən Ceyhun Bayramov bu yaş dövründə təhsilin uşağa ətraf mühitin kəşf olunmasına, baş verən dəyişiklikləri şüurlu şəkildə dərk etməsinə, sosiallaşmasına, digər uşaq və böyüklərlə əməkdaşlıq etməsinə imkan yaradan bir vasitə olduğunu, öyrənilən hər bir bacarıq və vərdişin uşağın məktəbdə oxumasına, eləcə də sonrakı həyatı boyu necə öyrənməsinə böyük təsir göstərdiyini vurğulayıb. Ceyhun Bayramov Təhsil Nazirliyi ilə UNİCEF-lə səmərəli və islahatyönümlü əməkdaşlığı yüksək qiymətləndirib və bu əməkdaşlığa görə təşkilatın Azərbaycandakı nümayəndəliyinə təşəkkürünü bildirib. UNİCEF ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında imzalanmış “2016-2017-ci illərə dair Dövri Fəaliyyət Planı”nına uyğun olaraq “Təhsil Nazirliyinə ailələrin maarifləndirilməsi proqramı əsasında valideynlərin maarifləndirilməsi proqramının və 3-4 yaşlı uşaqlar üçün təlim modullarının hazırlanmasına, Bakı şəhəri və 10 rayonda pilotdan keçirilməsinə texniki dəstək” layihəsinin icrası Təhsil İnstitutuna həvalə olunub. Layihə istiqamətində hər rayondan bir neçə nəfər olmaqla, 20 icma rəhbəri cari ilin sentyabr ayında təlimdən keçib, vəsaitlə tanış olub və icmalara qayıdaraq valideynlərlə layihə, uşaq inkişafı və mərhələləri, həmçinin, uşaqlarla düzgün davranış qaydaları barədə fikirlərini bölüşüb, proqram vəsaitini valideynlərə paylayaraq ondan istifadə qaydaları ilə bağlı məlumat veriblər.
19/12/2017 13:06
Bakıda ikinci milli BMT modeli konfransının açılış mərasimi keçirilib
Dekabrın 18-də Bakıda ikinci milli BMT modeli konfransı (Milli MUN) işə başlayıb. Konfransda diplomat qismində 20-dən çox ali təhsil müəssisəsindən və orta məktəbdən 250-dən çox gənc iştirak edib. Konfransın açılışında çıxış edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib ki, ölkəmizdə BMT modeli hərəkatı Prezident İlham Əliyevin 2014-cü il 19 mart tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Hökuməti ilə BMT-nin İnkişaf Proqramı arasında “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni platformalar yaradılması haqqında” imzalanmış layihə çərçivəsində formalaşıb. Konfrans Gənclər və İdman Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının birgə layihəsi çərçivəsində reallaşdırılır. Nazir vurğulayıb ki, tədbirin və layihənin əsas məqsədlərindən biri Azərbaycanda BMT modeli (MUN) hərəkatının institutlaşdırılması, ali təhsil müəssisələrində MUN klublarının təsis edilməsi və onları birləşdirəcək şəbəkəsinin (Model UN Network) yaradılmasıdır. Eyni zamanda, gənclərin qlobal siyasi müzakirələrdə fəallıqlarını dəstəkləmək üçün yeni platformaların yaradılması da tədbirin əsas hədəflərindəndir. Azərbaycanda BMT modeli hərəkatının əsası 2013-cü ildə qoyulub. İlk dəfə Azərbaycanda Milli MUN konfransı ötən il fevralın 20-23-də 350 gəncin iştirakı ilə keçirilib. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 30 gənc dünyanın müxtəlif ölkələrində bu Milli MUN Modeli çərçivəsində konfranslarda iştirak ediblər. Azad Rəhimov bildirib ki, əvvəllər Daşkəsəndə, Naxçıvanda, İsmayıllıda keçirilmiş BMT modeli üzrə konfranslar və yay məktəbləri gənclərin bir araya gəlməsində böyük rol oynayıb. Bu model gənclərə fərdi bilik və bacarıqlarını inkişaf etdirmələri üçün böyük dəstəkdir. Gənclər burada BMT ilə bağlı biliklərini artırmaq imkanı əldə edirlər. Növbəti dörd gün ərzində gənclər aparılan müzakirələrdə və qaldırılan problemlərin həllində fəal olacaq, təkliflərini verəcəklər. Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev tədbirdə çıxış edərək bildirib ki, Bakıda keçirilən ikinci milli BMT modeli konfransı və ümumiyyətlə təşkilatın keçirdiyi belə simulyasiya oyunları layihələri böyük əhəmiyyət kəsb edir. Dünya ölkələrini sülh və dialoqdan yayındırmağa çalışan nifrət və zorakı amillərin geniş vüsət aldığı dövrdə ölkəmizin gələcək liderləri və öz sahəsinin peşəkarları həm çox yaxşı hazırlıqlı, həm də savadlı olmalıdırlar. Şöbə müdiri deyib ki, BMT modeli konfransının və simulyasiya oyunlarının Azərbaycan gənclərinə və ümumiyyətlə dünyaya verəcəyi əsas töhfə belə beynəlxalq platformada bütün dünyanı narahat edən aktual problemləri müzakirə etmək, ortaq prinsiplər axtarışında olmaq, dözümlülük qabiliyyətinə yiyələnmək kimi dəyərlərdir. BMT Modeli simulyasiya oyunu dünyada baş verən problemlərlə yaxından tanış olmaqda gənclərə kömək göstərir və onları bu problemlərlə mübarizədə daha əzmkar olmağa sövq edir. Bunun nəticəsində ölkəmizin gənc liderləri yaşadığımız planeti daha yaxşı məkana çevirmək üçün səylərini daha ustalıqla və həvəslə yerinə yetirmək bacarığına sahib olurlar. Konfransın müzakirə ediləcək əsas mövzuların dünyanı narahat edən siyasi, sosial-iqtisadi və ətraf mühitlə bağlı problemlərə dair olduğunu vurğulayan Yusuf Məmmədəliyev bildirib: “Dünya liderlərinin təsdiq etdikləri 2030-ci ilə qədər davamlı inkişaf gündəliyi təşəbbüsü bəşəriyyət qarşısında duran mövcud problemlərin həlli baxımından dünya dövlətləri tərəfindən irəli sürülmüş böyük irəliləyişdir. Gənclər bu layihənin fəal iştirakçıları olduğundan 2030-cü ilə qədər davamlı inkişaf gündəliyini həm də gənclərin gündəliyi adlandırıla bilər. Bu gün dünyada əvvəlki illərdən fərqli olaraq, gənclərin sayının çox olması gələcək inkişaf üçün misilsiz imkanlar yaradır. Biz gənclərin ideyaları və innovasiyaları sayəsində gələcəyimizi dəyişmək iqtidarındayıq. Belə tədbirlər gənclərin bilik və bacarıqlarını ortaya qoymaq, təcrübə mübadiləsi aparmaq onların qabiliyyətlərini nümayiş etdirmək və birgə səylərini ortaq problemlərin həllinə yönəltmək baxımından çox əhəmiyyətlidir”. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və təşkilatın İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai, Azərbaycanın təhsil naziri vəzifəsini icra edən Ceyhun Bayramov, Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov və başqaları ölkəmizdə ikinci dəfə keçirilən bu tədbirin gənclərin inkişafı, onların qlobal müzakirələrdə iştirakı, öz fikirlərini çatdırmaq və mövqelərini əsaslandırmaq baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər. Konfransın gənclərin həm milli, həm də beynəlxalq səviyyədə ölkə ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmalarına mühüm töhfə verəcəyinə əminlik ifadə olunub. Çıxış edənlər Prezident İlham Əliyev tərəfindən ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan, həyata keçirilən gənclər siyasətinin uğurlarından danışıblar. Qeyd edilib ki, indiyədək BMT modeli hərəkatının genişlənməsi istiqamətində bir sıra işlər görülüb. Ali təhsil müəssisələrində BMT modeli haqqında təqdimatlar keçirilib, MUN klubları yaradılıb, universitet səviyyəsində və universitetlərarası konfranslar təşkil edilib, sosial media və kütləvi informasiya vasitələrində təbliğat işi aparılıb. Çıxışlardan sonra konfransla bağlı “BMT modeli” adlı videoçarx nümayiş etdirilib. Dekabrın 21-də başa çatacaq konfrans işini panel iclaslarla davam etdirib. Qeyd edək ki, konfransın bütün iştirakçıları seçim, müsahibə və təlim mərhələlərindən keçiblər. Həmçinin BMT modeli hərəkatının dəstəklənməsi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına daxil edilib. Konfrans çərçivəsində BMT-nin üç komitəsinin işi simulyasiya ediləcək, “BMT Təhlükəsizlik Şurası – Myanmadakı vəziyyət”, “Dünya Bankı – Kriptoməzənnənin statusu: perspektivlər və risklər” və “Dünya Səhiyyə Təşkilatı – iqlim dəyişikliyinin insan sağlamlığına təsiri” mövzularında müzakirələr aparılacaq. Azərbaycanın ali təhsil müəssisələrindən gənclərin qatıdıqları müzakirələrdə komitənin “Ən yaxşı nümayəndəsi”, “Ən yaxşı nümayəndə heyəti”, “Ən yaxşı mövqe sənədi” və “Ən yaxşı debatçısı” seçiləcək, qaliblərə sertifikatlar təqdim ediləcək. BMT modeli gənclərə diplomatiya və əməkdaşlıq dünyasını təsvir edən BMT Baş Məclisi, BMT Təhlükəsizlik Şurası və bu təşkilatın digər qurumlarının işinin real həyatda simulyasiyasıdır. Bu modeldə gənclər təşkilatın gündəliyindəki cari məsələlər üzrə müzakirələr aparır və seçilən mövzu üzrə mövcud problemləri həll etmək üçün tərəfdaşlar və rəqiblərlə danışıqlar aparır, qətnamə qəbul etməyə çalışırlar. BMT modeli iştirakçılara öz şəxsi və iş bacarıqlarını artırmağa imkan verən bir vasitədir. BMT modeli ilə məşğul olan zaman gənclər xarici dil, danışıq, təqdimat, əməkdaşlıq, rəsmi yazı və ünsiyyət bacarıqlarını inkişaf etdirir, BMT-yə daxil olan qurumlar və ölkələr haqqında, həmçinin müzakirə edilən mövzular barədə biliklərini təkmilləşdirirlər. AZƏRTAC
18/12/2017 18:26
“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” respublika müsabiqəsi başa çatıb
“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin II Respublika müsabiqəsinin final mərhələsi keçirilib. Müsabiqənin keçirilməsində əsas məqsəd aqrobiomüxtəlifliyin qorunması, ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı məhsullarının əldə edilməsində məktəblilərin fəal iştirakını təmin etmək, ekoloji təmiz bitki sortlarının becərilməsi, yerli heyvan cinslərinin qorunub saxlanılması, kənd təsərrüfatı məhsullarının öyrənilməsi və mühafizəsinə dair şagirdlərin maarifləndirilməsindən ibarətdir. İl ərzində keçirilən müsabiqədə “Meyvəçilik”, “Arıçılıq”, “Heyvandarlıq”, “Meşə məhsulları”, “Tərəvəzçilik”, “Subtropik bitkilər”, “Gülçülük”, “Dənli bitkilər”, “Balaca fermer” nominasiyaları üzrə ümumtəhsil məktəblərindən 2000-ə qədər IV-XI sinif şagirdi fərdi, kollektiv, siniflə və ya ailəvi olaraq iştirak ediblər. Gənc ekoloqlar milli sərvətimiz olan aqrobiomüxtəlifliyin qorunması və artırılması işinə öz töhfələrini veriblər. Müsabiqənin final mərhələsində Azərbaycanın müxtəlif regionlarından 100-ə yaxın şagird il ərzində yetişdirdikləri ekoloji təmiz məhsul nümunələrini, arıçılıq, tərəvəzçilik, gülçülük, meyvəçilik, meşə məhsulları, quşçuluq və heyvandarlıq nominasiyaları üzrə təcrübə işlərinin nəticələrini yekun sərgidə nümayiş etdiriblər. Sərgidə iqtisadiyyat naziri Şahin Mustafayev, təhsil naziri vəzifəsini icra edən, nazir müavini Ceyhun Bayramov, Böyük Britaniyanın Ticarət və İxracın Təşviqi üzrə dövlət naziri Baronessa Rona Ferhed iştirak edib. Qonaqlar “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin II Respublika müsabiqəsinin iştirakçılarının stendləri və məktəblilər tərəfindən yetişdirilmiş məhsullar ilə tanış olublar. Məlumat verilib ki, ekoloji təmiz məhsullar yeni yaradılan Respublika Uşaq Gənclər İnkişaf Mərkəzinin “Yaşıl şəbəkə” brendi ilə təqdim olunub. Tədbirin ikinci günü Milli Məclisin Təbii ehtiyatlar, ekologiya və energetika şöbəsinin sektor müdiri Şamil Hüseynov, Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov, Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilk şöbəsinin müdiri İmran Cümşüdov, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin İBİS proqramının rəhbəri Patrik Şlager, Respublika Uşaq Gənclər İnkişaf Mərkəzinin (RUGİM) direktoru Firuzə Sultanzadə çıxış edәrәk ölkәmizdә aqrar sektorun inkişafının vә gәnc nәslin bu istiqamәtә yönlәndirilməsinin vacibliyindən danışıblar. Təhsil Nazirliyi, Kənd Təsərrüfat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, AMEA-nın Botanika, Genetika, Əkinçilik Elmi-tədqiqat institutlarının, BDU-nun əməkdaşlarının daxil olduğu münsiflər heyəti tərəfindən seçilmiş ən yaxşı təcrübəçilik işlərinın müəllifləri RUGİM-in təsis etdiyi medallar, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
18/12/2017 16:52
Azərbaycan gənc alimlərinin I qurultayı keçirilib
Dekabrın 15-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan gənc alimlərinin I qurultayı keçirilib. Tədbir iştirakçıları öncə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. AMEA-da davam etdirilən tədbirdə Azərbaycanın gənc alimlərinin son illər əldə etdiyi nailiyyətlərdən ibarət sərgiyə baxış keçirilib. Sərgini ziyarət edən tədbir iştirakçılarına AMEA-nın institut və təşkilatları, regional elmi bölmə və mərkəzləri, eləcə də ali təhsil müəssisələri üçün ayrılmış guşələrdə gənc alimlərin tədqiqatları, həyata keçirdiyi innovativ layihələr və əldə etdikləri elmi nəticələr barədə ətraflı məlumat verilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ölkə Prezidenti cənab İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub. Sonra çıxış edən AMEA-nın prezidenti Akif Əlizadə tədbirin "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına əsasən təşkil olunduğunu bildirib. Akif Əlizadə tədbirin əhəmiyyətindən danışaraq qurultayın intellektual gəncliklə bağlı proqramda nəzərdə tutulan vəzifələrin icrasına töhfə verəcəyinə əminliyini ifadə edib. AMEA rəhbəri müasir dövrün sosial-siyasi reallıqlarının, dünyanın yeni çağırışlarının intellektual gənclik qarşısında bir sıra mühüm vəzifələr müəyyənləşdirdiyini söyləyib. Akif Əlizadə qeyd edib ki, akademiyada gənclərin intellektual potensialının inkişafı, biliklər cəmiyyətinin qurulmasında onların rolunun artırılması, gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülüb. Son illər AMEA-nın 100-ə yaxın gənc aliminin dünyanın nüfuzlu elmi mərkəzlərinə ezam olunduğunu deyən akademik bu prosesin hazırda da davam etdiyini vurğulayıb. Təhsil naziri vəzifəsini icra edən Ceyhun Bayramov elm və təhsilin inkişafı üçün ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyevin bir çox fərman və sərəncamlar imzaladığını qeyd edərək bu gün ölkə iqtisadiyyatının tələblərini ödəmək məqsədilə yüksək ixtisaslı mütəxəssis və alimlərin hazırlandığını vurğulayıb. XXI əsrin milli təhsil quruculuğunun "yol xəritəsi" sayılan "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihələrdən söz açan Ceyhun Bayramov ali təhsil sisteminin yeni inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və formalaşdırılması üzrə görülən işlərin ali təhsil müəssisələri qarşısında yeni vəzifələr qoyduğunu söyləyib. Ceyhun Bayramov təhsilin keyfiyyətinin yüksəldilməsi və kadr hazırlığının təmin edilməsindən danışaraq 2014-cü ildə SABAH qruplarının yaradılması, "Sabahın alimləri" respublika müsabiqəsinin keçirilməsi, respublika və beynəlxalq fənn olimpiadalarının təşkili, "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemilə tədrisin təşkili Qaydaları"na dəyişikliklər edilməsi və tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsinin onların təhsilalma imkanlarının genişləndirilməsi məqsədilə atılan addımlardan olduğunu deyib. Gənclər və idman naziri Azad Rəhimov ölkədə həyata keçirilən gənclər siyasətindən danışıb, həmçinin rəhbərlik etdiyi qurum tərəfindən yeniyetmə və gənclərin elmə marağının artırılması istiqamətində həyata keçirilən layihələr haqqında məlumat verib. Sonra qurultayın bəyannamə layihəsinin hazırlanması məqsədilə işçi orqanının yaradılması təklif olunub. Tədbirdə qurultay nümayəndələri tərəfindən qurultayın mandat komissiyası və katibliyinin tərkibi təsdiq edilib. Daha sonra Azərbaycan gənc alimlərinin I qurultayının bəyannaməsi qəbul olunub. Sonda qurultay iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti səsləndirilib.
15/12/2017 16:25
“Milli Kurikulum Çərçivəsi: tədqiqatlar və perspektivlər”
Dekabrın 15-də “Milli Kurikulum Çərçivəsi: tədqiqatlar və perspektivlər” mövzusunda hesabat tədbiri keçirilib. UNİCEF-in maliyyə dəstəyi ilə Təhsil İnstitutunun hazırladığı Milli Kurikulum Çərçivəsinə dair keçirilən tədbirin məqsədi bu sahədə aparılan tədqiqatları və gələcək perspektivləri müzakirə etmək olub. Tədbirdə təhsil nazirinin müşaviri Həsən Həsənli, Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Emin Əmrullayev, UNİCEF -in, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, təhsil ekspertləri, müxtəlif fənlər üzrə ekspertlər və məktəb direktorları iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Emin Əmrullayev cari ildə təhsil sahəsində əldə edilmiş nailiyyətlərdən, UNİCEF-lə səmərəli əməkdaşlıqdan danışıb və bu əməkdaşlığa görə təşkilatın Azərbaycandakı nümayəndəliyinə təşəkkürünü bildirib. UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Min Yuan “Alternativ tədris proqramlarının təbliği” layihəsinin uğurla həyata keçirilməsini diqqətə çatdıraraq bu cür təşəbbüslərə dəstək verməkdən məmnun olduqlarını bildirib. Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov, təhsil eksperti Zülfiyyə Veysova və Milli Təhsil Texnologiyaları Mərkəzi İctimai Birliyinin sədri Şamil Suleymanlı Milli Kurikulum Çərçivəsinə dair təqdimatlarla çıxış ediblər. Tədbirdə layihəyə əsasən görülən işlərlə bağlı müzakirələr aparılıb, təkliflər səsləndirilib. Milli Kurikulum Çərçivəsinin ilkin versiyası UNİCEF-in maliyyələşdirdiyi “Alternativ tədris proqramlarının təbliği” layihəsinə əsasən hazırlanıb. UNİCEF Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə imzalanmış “2016-2017-ci illərə dair Dövri Fəaliyyət Planı”nına uyğun olaraq Təhsil İnstitutuna beynəlxalq təcrübənin yerli mühitə uyğunlaşdırılması, onun əsasında alternativ və variativ kurikulumlarının hazırlanması işlərində maliyyə dəstəyi göstərib. Layihə çərçivəsində təmayüllər üzrə təhsil alan 10-cu siniflər üçün 7 istiqamət üzrə tədris proqramları tərtib edilərək çap olunub. Xarici ölkələrin Milli Kurikulum çərçivələri araşdırılıb və Azərbaycan Respublikası Milli Kurikulum Çərçivəsi üçün təlimat hazırlanıb. Milli Kurikulum Çərçivəsi 10-dan çox xarici ölkənin kurikulum çərçivəsi ilə müqayisə edilib.
15/12/2017 15:42
TOPs layihəsi çərçivəsində “Açıq dərs”
“TOPs – fiziki tərbiyə sahəsində müasir təhsil texnologiyasının yaradılması” layihəsi çərçivəsində Bakı şəhəri 220 nömrəli məktəb-liseyin 3-cü sinif şagirdləri üçün “Açıq dərs” keçirilib. “Çeviklik qabiliyyətinin inkişaf etdirilməsi” mövzusunda təşkil olunan “Açıq dərs”in məqsədi TOPs metodikasının inkluziv sinifdə tətbiqi, bu təcrübənin digər məktəblərdən olan fiziki tərbiyə müəllimlərinə nümayiş etdirilməsi olub. Tədbirdə tərəfdaş təşkilatların nümayəndələri, TOPs proqramı tətbiq edilən məktəblərin fiziki tərbiyə müəllimləri, valideynlər ilə yanaşı ölkəmizdə səfərdə olan “British Council” təşkilatının Təhsil və cəmiyyət məsələləri üzrə regional direktoru Riçard Everit də iştirak edib. “Açıq dərs”dən sonra R.Everitin layihə iştirakçıları, məktəb rəhbərliyi, fiziki tərbiyə müəllimləri ilə görüşü keçirilib, qonağa ümumi təhsil müəssisələrində proqramın tətbiqi, bu istiqamətdə görülən işlər barədə ətraflı məlumat verilib, fikir mübadiləsi aparılıb. Təhsil Nazirliyi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, “British Council” və “İnkişaf naminə idman” ictimai birliyinin tərəfdaşlığı ilə həyata keçirilən TOPs layihəsinin əsas məqsədi ümumi təhsil məktəblərinin fiziki tərbiyə və ibtidai sinif müəllimlərini fiziki tərbiyə fənni üzrə müasir təhsil texnologiyası ilə təmin etməkdir. Cari tədris ilində TOPs proqramına əlavə olaraq Bakı və Sumqayıt şəhərləri ilə yanaşı Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Laçın və Qubadlı rayonlarından 78 ümumtəhsil məktəbi qoşulub və layihə üzrə məktəblərin ümumi sayı 150-yə çatdırılıb.
14/12/2017 10:56
Anım mərasimi keçirilib
Dekabrın 12-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Mərasimdən öncə Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin kollektivi Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Təhsil Nazirliyi rəhbərliyinin, ali təhsil müəssisələri rektorlarının və təhsil ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi mərasimdə Azərbaycan Milli Konservatoriyası tələbələrinin ifasında ümummilli lider Heydər Əliyevin sevdiyi mahnılar, musiqilər səsləndirilib.
12/12/2017 17:46
Məktəblilərimiz beynəlxalq olimpiadadan 5 medal qazanıb
Niderlandın Neymeqen şəhərində yeniyetmələrin 14-cü Beynəlxalq Elm Olimpiadası (IJSO) keçirilib. 50-dən çox ölkənin qatıldığı bu mötəbər elm yarışında Azərbaycan məktəbliləri də iştirak edib. Fizika, kimya və biologiya fənləri üzrə biliklərini nümayiş etdirən şagirdlərimiz 5 bürünc medal qazanıblar. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü Respublika liseyinin X sinif şagirdləri Kənan Ağayev və Əli Əliyev, Bakı şəhəri 291 nömrəli Ekologiya liseyinin X sinif şagirdi Turan Bayramlı, Lənkəran şəhəri 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin eksperimental pilot siniflərinin XI sinif şagirdi Turan Məmmədli və Ağdaş şəhəri M.Şeyxzadə adına texniki, humanitar və təbiət fənləri təmayüllü gimnaziyanın eksperimental pilot siniflərinin X sinif şagirdi Fərid Əliyev olimpiadanın bürünc medalına layiq görülüblər. Yeniyetmələrin beynəlxalq elm olimpiadası iki nəzəri və bir praktiki tur olmaqla ümumilikdə 3 mərhələdə keçirilir. 2004-cü ildən etibarən Azərbaycan məktəbliləri bu olimpiadada iştirak edib, 4 gümüş, 33 bürünc olmaqla 37 medal qazanıblar.
12/12/2017 16:17
Təhsil müəssisələrində anım tədbirləri
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar konfrans, “Dəyirmi masa”, mühazirə və seminarlar təşkil olunub. Tədbirlərdə BŞTİ, rayon icra hakimiyyətləri, müxtəlif idarə və təşkilatların nümayəndələri, təhsil müəssisələrinin pedaqoji kollektivləri, şagirdlər, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Anım tədbirlərində ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Dünya şöhrətli siyasi xadim, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin zəngin həyat və fəaliyyəti, xalqımızın tarixindəki misilsiz xidmətləri haqqında danışılıb. Dahi şəxsiyyətin diqqət və qayğısı sayəsində digər sahələr kimi, elm və təhsildə də böyük nailiyyətlərin əldə olunduğu vurğulanıb. Həmçinin, ümummilli liderin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ulu öndərin anım gününün ümumxalq məhəbbətinin təzahürünə çevrildiyi və dahi şəxsiyyətin Azərbaycan xalqının qəlbində daim yaşayacağı vurğulanıb. “Unudulmaz dahi”, “Xalqa bağışlanan ömür”, “Mən azərbaycanlıyam”, “Şəxsiyyətin zirvəsi”, “Heydər Əliyev irsini öyrənirik” və digər mövzularda keçirilən tədbirləridə məktəblilər ulu öndərə həsr olunan şeirlər söyləyib, mahnılar ifa edib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirib, Heydər Əliyevin müdrik kəlamlarından sitatlar səsləndiriblər. Ulu öndərin həyat və fəaliyyətinə dair videoçarxlar, filmlər izlənilib. Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar təhsil müəssisələrində fotostend, sərgi, müsabiqə və idman yarışları da təşkil olunub. Müsabiqə və idman yarışlarının qaliblərinə Fəxri fərmanlar təqdim edilib. Paytaxt məktəblərinin müəllim və şagird kollektivlərinin Heydər Əliyevin anım günü ilə bağlı Fəxri xiyabana ziyarətləri təşkil olunub. Qeyd edək ki, dekabrın 12-də BŞTİ-nin kollektivi də Fəxri xiyabanı ziyarət edib.
12/12/2017 16:08
815 şagird fənn müsabiqələrinin final mərhələsində
Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin VI və VII sinif şagirdləri arasında fənn müsabiqələrinin final mərhələsi keçirilib. Fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə keçirilən fənn müsabiqələrinin final mərhələsində Bakı şəhəri üzrə 815 şagird qatılıb. Onlardan 196 nəfəri riyaziyyat, 140 nəfəri kimya, 175 nəfəri fizika, 159 nəfəri biologiya, 145 nəfəri isə informatika fənni üzrə müsabiqədə iştirak edib. Müsabiqədə VI sinif şagirdləri riyaziyyat fənni, VII sinif şagirdləri digər fənlər üzrə biliklərini nümayiş etdiriblər. Fənn müsabiqələrinin finalı fizika, riyaziyyat və informatika fənləri üzrə Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Respublika Liseyində, kimya və biologiya fənləri üzrə isə Kimya-Biologiya Təmayüllü Respublika Liseyində təşkil edilib. Fənn müsabiqələrinin ilkin mərhələsində şagirdlərə fənlər üzrə müsabiqə tarixinədək keçdikləri məktəb proqramına uyğun tapşırıqlarla yanaşı, məntiqi təfəkkürü, analiz qabiliyyətini və qeyri-standart düşünməni tələb edən suallar təqdim edilib. 40 sualın cavablandırılması üçün şagirdlərə 2 saat yarım vaxt verilib. Qeyd edək ki, fənn müsabiqələrinin keçirilməsində əsas məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması və onlarla məqsədyönlü işlərin aparılmasıdır.
11/12/2017 12:38
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı