Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Dərnək rəhbərləri və müəllimlər üçün təlimlər

“Təhsildə İnnovativ Texnologiyalar” (İTE) əlavə təhsil mərkəzi məktəbdənkənar təhsil müəssisələrinin dərnək rəhbərləri və müəllimləri üçün ixtisasartırma təlimləri keçirib. Təlimlər “Tədris prosesində interaktiv texnologiyalardan və elektron məzmundan istifadə”, “Müasir tədris strategiyaları və layihə metodikasının istifadəsi” üzrə təşkil edilib. Təlimlərin keçirilməsində əsas məqsəd dərnək rəhbərlərinə, müəllimlərə texnologiyanın tətbiqi və layihə üsulu vasitəsilə şagirdyönümlü təlimin təşkilinə dəstək olmaq, XXI əsr bacarıqlarının inkişafı üçün texnologiyanın təhsildə səmərəli istifadəsini aşılamaq, İKT alətlərindən məqsədyönlü istifadə üzrə praktik bacarıqlar formalaşdırmaqdır. “Tədris prosesində interaktiv texnologiyalardan və elektron məzmundan istifadə" üzrə ixtisasartırma xidmətindən 156 nəfər müəllim və dərnək rəhbəri artıq təlimdən keçib. “Müasir tədris strategiyaları və layihə metodikasının istifadəsi” üzrə ixtisasartırma xidməti isə hazırda davam edir. Bu layihə çərçivəsində 150 nəfər heyətin təlimdə iştirakı gözlənilir.

Azərbaycanlı məktəblilər İstanbulda beynəlxalq rəqs festivalında iştirak ediblər

Türkiyənin Milli Suverenlik və Uşaqlar Günü münasibəti ilə keçirilən bayram mərasimləri çərçivəsində İstanbuldakı “Miniatürk” Mərkəzində 9-cu Gökcan Kolleci Uşaq Xalq beynəlxalq folklor rəqsləri festivalı təşkil olunub. On iki ölkənin iştirak etdiyi festivalda ölkəmizi Bakıdakı Tahir Həsənov adına 23 nömrəli tam orta məktəb təmsil edib. Bu təhsil ocağında fəaliyyət göstərən “Milli rəqs” dərnəyi 4 müəllim və 20 şagirddən ibarət qrupla festivalda iştirak edib. Mərasim Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb. Sonra Türkiyənin dövlət himni səsləndirilib. Şagirdlərimiz bədii gimnastika, milli rəqs və xalq mahnılarımızın ifası ilə çıxış ediblər. Tədbirdə ümummilli lider Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” ifadəsinin səsləndirilməsi alqışlarla qarşılanıb. Sonra şagirdlər “Azərbaycanlıyam!” mahnısını ifa ediblər. Tahir Həsənov adına məktəbin direktoru Yuliya Kərimova şagirdlərin festivalda iştirakının bir çox cəhətdən əhəmiyyətli olduğunu qeyd edib: “Şagirdlərin istedadları ilə Azərbaycanı təmsil etmələri onlarda Vətənimizi təbliğ etməkdə böyük qürur və həvəs yaradır. Digər mühüm cəhət layihənin şərtlərinə görə, qrupda təmsil olunan şagirdlərin səfər çərçivəsində Türkiyədəki şagirdlərin evlərində qalmalarıdır. Bu, özlüyündə Azərbaycan-Türkiyə qardaşlığını məktəblilər arasında tərənnümdür”.   AZƏRTAC

Müddətsiz əmək müqaviləsi əsasında işə qəbul olunmaq istəyən 763 müəllimin müsahibəsinə başlanılır

Ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması üzrə elektron sənədlərin qeydiyyatı başa çatıb. Elektron qeydiyyat http://www.miq.edu.az/muqavile/ saytı vasitəsi ilə həyata keçirilib. Müsahibədə iştirak etmək üçün qeydiyyatdan keçən ümumilikdə 2282 nəfər müəllimdən 763 nəfərinin elektron ərizəsi təsdiq edilib. Müddətsiz əmək müqaviləsi əsasında işə qəbul olunmaq istəyən müəllimlər üçün müsahibələr Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən keçiriləcək. Müsahibələrdə 2016-2017-ci və 2017-2018-ci tədris illəri üçün  keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək zəruri keçid balını toplayan və vakant yerlərdə mövcud qaydalar çərçivəsində müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edə bilər. Elektron ərizəsi imtina edilmiş müəllimlərin imtina səbəbləri, ərizəsi təsdiq edilən namizədlərin isə müsahibələrinin keçirilmə yeri və tarixi barədə məlumat şəxsi səhifələrinə göndərilib. Müsahibələr 26-27 aprel 2018-ci il tarixlərində təşkil olunacaq. Müsahibə proqramı və materialları barədə məlumatlar http://www.miq.edu.az/muqavile/ saytında yerləşdirilib.

Bakıda müasir peşə təhsil kompleksi

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Koreya modeli tətbiq ediləcək   Koreya Respublikasının mütəxəssislərinin iştirakı ilə Bakıda müasir standartlara uyğun təhsil müəssisəsi - Sənaye və İnnovasiyalar üzrə Dövlət Peşə Təhsil Mərkəzi yaradılacaq. Yeni mərkəz tamamilə Koreya təhsil standartları əsasında qurulacaq. Azərbaycan və Koreya hökumətləri arasında əldə edilən razılaşmaya uyğun olaraq bu peşə təhsil müəssisəsi bütün növ zəruri avadanlıqlar, təlim və tədris vəsaitləri ilə təchiz olunacaq. Nümunəvi təhsil müəssisəsi olan Peşə Tədris Mərkəzində təhsilalanların bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün əlverişli şərait yaradılacaq. Layihəyə uyğun olaraq Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi mexanika, elektronika, elektrik mühəndisliyi, sənayedə quraşdırma işləri, tikinti, informasiya texnologiyaları, avtomobil və avtomatlaşdırma istiqamətləri üzrə ən müasir maddi-texniki bazaya sahib olacaq.   Müasir peşə təhsil kompleksi     Peşə Təhsili üzrə Dövlət Agentliyinin təhsil standartları və tədris resursları şöbəsinin müdiri Məcid Bayramlının sözlərinə görə, Koreya hökuməti ilə birgə həyata keçirilən layihəyə artıq start verilib: “Müqavilə bağlandıqdan sonra tikinti başlayıb. Binəqədi rayonunda 6 nömrəli peşə liseyinin yerində yeni Peşə Mərkəzi yaradılır. İnfrastruktur tamamilə yenidən qurulur. Tikinti başa çatdıqdan sonra Mərkəzdə qurulacaq avadanlıqlar da Koreyadan gətiriləcək. Bütün proses koreyalı mütəxəssislərin birbaşa rəhbərliyi və iştirakı ilə həyata keçiriləcək. Peşə Təhsil Mərkəzində tam yeni formatda, müasir standartlara uyğun tədrisin həyata keçirilməsi nəzərdə tutulub”. Layihə meneceri, professor Ho Yo deyir ki, tikinti Koreyanın inkişaf etməkdə olan ölkələr üçün nəzərdə tutulan krediti əsasında həyata keçirilir. Azərbaycanda bu layihənin gerçəkləşməsi üçün müəyyən vəsait ayrılıb. 6430 kvadratmetr ərazidə tamamilə yeni binanın tikintisinə başlanılıb. 4232 kvadratmetr ərazidə mövcud olan bina isə tam müasir standartlara uyğun təmir ediləcək. 18 ay çəkən bu işin sonunda Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi böyük bir kompleks olacaq. Burada 2 əsas korpus, 2 emalatxana binası və 2 tələbə yataqxanası tikiləcək. Tikinti və təchizatın 2019-cu ilin iyun ayında başa çatacağı nəzərdə tutulub.   Koreya Təhsil Proqramı Azərbaycanda mövcud inkişaf səviyyəsinə uyğunlaşdırılacaq   Peşə Təhsil Mərkəzində tədris 2019-2020-ci təhsil ilindən başlayacaq. Tədris olunacaq proqramdan tutmuş dərs deyəcək müəllimə qədər hər məqam düşünülüb. Kurikulumlar üzrə müəllimlərin təkmilləşdirilməsi və dərsliklərin təkmilləşdirilməsi üzrə işçi qrupun rəhbəri professor Pan Donq Çanqın fikrincə, peşə təhsilində 3 əsas şərt var və bunlar mütləq ödənməlidir: avadanlıq, dərslik, müəllim. Bakı Dövlət Peşə Təhsil Mərkəzinin infrastrukturu ilə yanaşı, bu 3 şərtin ödənməsi üçün artıq işə başlanılıb.   Avadanlıq   Belə ki, bir yandan bina tikilir, digər yandan da kompleksin fəaliyyəti üçün önəmli olan bu 3 amilin təmin edilməsi istiqamətində fəaliyyət həyata keçirilir. Artıq qeyd etdiyimiz kimi, kompleksdə 2 emalatxana qurulacaq. Emalatxanalar üçün Koreyadan 802 növ 4202 ədəd avadanlıq gətiriləcək. İşçi Qrupun üzvü professor Pan Vuk Kim deyir ki, Peşə Təhsil Mərkəzində tədrisi nəzərdə tutulan 8 ixtisas üzrə ilkin araşdırma aparırlar. Burada ayrı-ayrı peşələrə dair nəzəri biliklərin verilməsi nəzərdə tutulsa da, təcrübəyə daha çox üstünlük veriləcək: “Azərbaycanda əvvəlki peşə təhsilində nəzəri biliklər əsas təşkil edən sistem tətbiq edilirdi. Hesab edirik ki, bu sistemdə tələbə vaxtının çoxunu emalatxanada deyil, auditoriyada keçirirdi. Bu zaman nəticələr uğursuz alınır. Koreyada tətbiq edilən sistemdə isə təcrübəyə daha çox üstünlük verilir. Biz Azərbaycanda bu sistemi tətbiq edəcəyik”. Belə görünür ki, məzunlar ixtisasına aid bütün bacarıqlara məhz Sənaye və İnnovasiyalar üzrə Dövlət Peşə Təhsil Mərkəzinin emalatxanalarında yiyələnəcəklər. Təhsil İnstitutunun baş mütəxəssisi Nicat Hüseynov bildirib ki, tələbələr Peşə Təhsil Mərkəzinin emalatxanaları ilə yanaşı, müəssisələrdə də təcrübə qazana biləcəklər: “Bu günlərdə 8-ə yaxın müəssisədə görüşlər keçiriləcək. Ümumiyyətlə, hər ixtisas üzrə 3 müəssisə ilə görüş nəzərdə tutulub. Həmin müəssisələr Peşə Agentliyinin əməkdaşlıq etdiyi şirkətlər arasından seçiləcək”.   Təhsil proqramı və dərslik   Beləliklə, Bakıda 8 ixtisas üzrə Koreya standartlarına uyğun mütəxəssis yetişdiriləcək. Təhsilin məzmununu  koreyalı mütəxəssislər hazırlayacaq. Artıq bu istiqamətdə də işlərə başlanılıb. Koreyadan gələn İşçi Qrupun tərkibində yer alan mütəxəssislər nəzərdə tutulan ixtisaslar üzrə təhsil proqramlarını hazırlaya bilmək üçün araşdırmalara başlayıblar. Onlar ölkəmizdə tətbiq edilməkdə olan və Koreya təhsil proqramları arasında fərqləri, iki təhsil sistemi arasında uyğunsuzluğu nəzərə almaqla Bakı Dövlət Peşə Təhsil Mərkəzində tətbiqi nəzərdə tutulan proqramı hazırlayacaqlar. Professor Kimin fikrincə, Azərbaycanda tətbiq ediləcək proqram ölkədə sənaye və texniki tərəqqi nəzərə alınmaqla hazırlanmalıdır: “Koreyada tətbiq edilən proqramın olduğu kimi tətbiqi uğursuz nəticələnə bilər. Azərbaycandan əvvəl kurikulum təkmilləşdirmə təcrübəsini yaşamışıq və Koreya təcrübəsinin olduğu kimi tətbiqi ciddi çətinliklərlə müşayiət olunub. Odur ki, proqramın Azərbaycanda mövcud olanla ciddi ziddiyyət təşkil etməməsi üçün tətbiq ediləcək tədris metodologiyası azərbaycanlı müəllimlərlə də müzakirə olunacaq”. Təhsil İnstitutunun mütəxəssisi N.Hüseynov vurğulayıb ki, kurikulumla bağlı hər ixtisas üzrə 3 mütəxəssis Azərbaycandan, bir mütəxəssis isə koreyalı olacaq. Onlar ehtiyacları öyrənəcək, tədris materiallarını araşdıracaq, fikir mübadiləsi aparacaqlar. Bu araşdırma və təhlillərin nəticəsi olaraq Bakı Dövlət Peşə Təhsil Mərkəzində tətbiqi nəzərdə tutulan proqram üzrə koreyalı mütəxəssislər tərəfindən dərs vəsaitləri də hazırlanacaq. Mərkəzin tələbələrinin qiymətləndirilməsi də Koreya standartları əsasında həyata keçiriləcək.   3 əsas şərtdən biri - müəllim   Koreyalılar düşünür ki, Peşə Təhsil Mərkəzində ortaya çıxa biləcək hər cür çətinliyi aradan qaldıracaq şəxslər məhz yerli müəllimlərdir. Ona görə də azərbaycanlı müəllimlərin hazırlığı, avadanlıqlarla işləməsi mühüm əhəmiyyət kəsb edir. Bu əhəmiyyəti nəzərə alaraq, əvvəlcə onlar təcrübə keçmək üçün Koreyaya göndəriləcək, daha sonra Bakıda koreyalı mütəxəssislərin nəzarəti altında işləyəcək. 3 ay Koreyada treninq keçən müəllimlər həmin avadanlıqlarla işləməyi bacaracaq, yeni təhsil proqramını öyrənəcəklər. Koreyaya hər ixtisas üzrə 3 müəllim göndəriləcək. Həmin 24 müəllim Koreyada öyrəndiklərini növbəti mərhələdə hər ixtisas üzrə əlavə olaraq seçilən 2 müəllimə öyrədəcək.   2 ilə ixtisaslı kadr   Dövlət Peşə Təhsil Mərkəzində yaş məhdudiyyəti olmayacaq. İstər 9 illik, istər tam orta təhsil bazasından, istərsə də ali məktəb bitirənlər, hətta  məktəb partasından uzun illər öncə ayrılanlar belə, Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi ola bilər. Hər ixtisas üzrə təhsil müddəti 2 il nəzərdə tutulub. Ancaq sürətləndirilmiş proqram əsasında 1 illik təhsil müddəti də nəzərdən keçirilir. Koreyalı mütəxəssislərin fikrincə, avtomatlaşdırma, elektronika kimi ixtisaslar üzrə 1 illik sürətləndirilmiş təhsil proqramı ilə təhsil vermək mümkündür. Ümumiyyətlə, tam orta təhsil bazasından bu ixtisaslara qəbul olunanlara 1 il müddətində təhsil verilə bilər.   Müasir peşə məktəbi Azərbaycan iqtisadiyyatına nə verəcək?   Layihə meneceri Edvard Çonun fikrincə, iqtisadiyyatın inkişafı üçün peşə təhsil müəssisələrinin yaradılmasının əhəmiyyəti çox böyükdür.  Əmək bazarının dəyişən tələblərinə uyğun rəqabətqabiliyyətli kadr hazırlığı üçün belə mərkəzlər istifadəyə verilməlidir: “Koreyanın əldə etdiyi iqtisadi inkişafda peşə təhsilinin payı çox böyükdür. Məqsədimiz Koreyanın inkişafında çox böyük rolu olan peşə təhsili təcrübəsini Azərbaycana da gətirmək, peşə təhsilində funksional inkişafın Koreya modelini burada tətbiq etməkdir”.   “Azərbaycan müəllimi” qəzeti

Gürcüstanın təhsil və elm naziri ilə görüş

Aprelin 20-də təhsil naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Ceyhun Bayramov Bakıda işgüzar səfərdə olan Gürcüstanın təhsil və elm naziri Mixail Çxenkelinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın hazırkı vəziyyəti, həmçinin gələcək əməkdaşlıq imkanları müzakirə edilib. İki ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb. Görüş zamanı Azərbaycan və Gürcüstanda təhsil sahəsində aparılan islahatlar barədə məlumat verilərək bu sahənin inkişafı üçün ölkələrimiz arasında təcrübə mübadiləsinin həyata keçirilməsinin zəruriliyi vurğulanıb.   Mixail Çxenkeli 18-20 aprel 2018-ci il tarixlərində Universitet Prezidentləri Beynəlxalq Assosiasiyasının Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ev sahibliyi etdiyi ikigünlük “Qloballaşma və ali təhsildə yeni meyarlar” adlı yarımillik konfransında iştirak etmək üçün Bakıda işgüzar səfərdədir.

Təhsil nazirinin müavini Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin təhsil nazirlərinin görüşündə iştirak edib

Aprelin 20-də təhsil nazirinin müavini Firudin Qurbanov Moskvada təşkil olunan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv dövlətlərin təhsil nazirlərinin görüşündə iştirak edib. Tədbirin açılış mərasimində Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyeva və QDİƏT-in baş katibi Mixael Kristides çıxış ediblər. Daha sonra görüşdə iştirak edən üzv dövlətlərin nümayəndələrinə söz verilib. Firudin Qurbanov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində təhsil sahəsində aparılan islahatlar və onların müsbət tendensiyaları haqqında tədbir iştirakçılarına məlumat verib. Nazir müavini həmçinin, ölkəmizin QDİƏT üzv dövlətləri ilə təhsil sahəsində ikitərəfli əsasda həyata keçirilən əməkdaşlığı, xüsusilə ali təhsil müəssisələri arasında mövcud əlaqələri qeyd edib.

“Azərbaycan Xalq Cümhuriyyəti və təhsil” mövzusunda yazı müsabiqəsi keçirilir

Ümumi təhsil müəssisələrində çalışan müəllimlər üçün “Azərbaycan Xalq Cümhuriyyəti və təhsil” mövzusunda yazı müsabiqəsi keçirilir. “Azərbaycan müəllimi” qəzetinin və “Bank of Baku”nun  təşkil etdiyi müsabiqə Azərbaycan təhsilinin Cümhuriyyət dövrü mərhələsinin təbliği məqsədini daşıyır. Təqdim olunan yazılar tanınmış pedaqoq, alim və Cümhuriyyət dövrü tədqiqatçılarından  ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Müsabiqənin şərtlərinə əsasən, hər iştirakçı müsabiqəyə yalnız bir yazı tədqim edə bilər. Təqdim olunan yazıların sonunda zəruri məlumatlar (ad, soyad, əlaqə telefonu, çalışdığı müəssisənin adı və tutduğu vəzifə), müsabiqə üçün hazırlandığı qeyd olunmalıdır. Yazının həcmi 8-10 min işarədən ibarət olmalıdır. Yazılar 20 aprel 2018-ci il tarixindən 20 may 2018-ci il tarixinədək muallim@edu.gov.az elektron poçt ünvanına göndərilməlidir. Qaliblərə diplom və  pul mükafatının təqdim olunması nəzərdə tutulur.

I sinfə qəbul üzrə 55 minə yaxın sorğu yerləşdirilib

2018-2019-cu tədris ili üçün Bakı, Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonunun ümumi təhsil müəssisələrinin I sinfinə elektron sistem vasitəsi ilə şagird  qəbulu davam edir. Aprelin 20-nə olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsi ilə I sinfə qəbul üçün  ümumilikdə 55 minə yaxın sorğu yerləşdirilib. Belə ki, Abşeron rayonu üzrə 5283, Gəncə şəhəri üzrə 3645, Sumqayıt şəhəri üzrə 5032 nəfərin sorğusu qeydə alınıb. Həmin bölgələr üzrə I sinfə gedəcək şagirdlərin sayının 17 873 nəfər olacağı proqnozlaşdırılır. Elektron sistem vasitəsi ilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 40 315 sorğu yerləşdirilib. Onlardan 37 082-si ümumi təhsil məktəblərini, 3 233-ü isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 80 faizinə yaxındır. I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin www.mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. Məktəbəhazırlıq qrupunda təhsil alan uşaqlar üçün sistem tərəfindən təhsil aldığı məktəb və müəllim avtomatik seçilib. Belə ki, məktəbəhazırlıq qruplarındakı 8000-dən çox uşaq avtomatik I sinfə qəbul üzrə qeydə alınıb. Bu da həmin şəhər və rayonlar üzrə I sinfə gedəcək şagirdlərin 60 faizi deməkdir. Bakı şəhəri üzrə isə məktəbəhazırlıq qruplarındakı 24 000-dən çox uşaq avtomatik I sinfə qəbul üzrə qeydə alınıb. Bakı, Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonu üzrə ərizələrin onlayn qeydiyyatı 15 sentyabr 2018-ci il tarixədək davam edəcək. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhərinin hər inzibati rayonunda, Gəncə şəhəri üzrə 5, Sumqayıt şəhəri üzrə 4, Abşeron rayonu üzrə 6 məktəbdə  I sinfə elektron sistem vasitəsi ilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək üçün yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə (http://baku.edu.gov.az/az/page/276) müraciət edə bilərlər. Həmçinin I sinfə şagird qəbulu prosesində qeydiyyat və sənəd qəbulu prosesində araşdırmaya ehtiyac olan məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə 6, Gəncə və Sumqayıt şəhərinin, Abşeron rayonunun hər biri üzrə 1 ümumi təhsil müəssisəsində Apelyasiya komissiyaları fəaliyyət göstərir. Qeyd edək ki, fevralın 22-dən Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların, eləcə də Bakı şəhərindəki dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start verilib. 2018-2019-cu tədris ilində elektron sistem vasitəsilə uşaqların I sinfə qəbulu barədə ətraflı məlumatı videotəlimatdan almaq mümkündür (https://www.youtube.com/watch?v=KRMGV9hTHq8). I sinfə elektron sistem vasitəsi ilə şagird qəbulu haqqında məlumatlar: http://edu.gov.az/az/page/522

“Mənim üçün bundan daha böyük qürur ola bilməz”

Fərahim Hüseynzadə: “Renmin Universitetində birinci olan tələbəni, mənim timsalımda isə Azərbaycanı tanıdılar”   Bu günlərdə Çin Xalq Respubikasından (ÇXR) aldığımız xoş xəbər növbəti dəfə  təhsil ictimaiyyətimizi sevindirdi.   Azərbaycan təhsilinin  daha bir yetirməsi  Asiyanın inkişaf etmiş  təhsil sistemi ilə  seçilən Çində  növbəti uğura imza atmaqla gənclərimizin istedadı, qabiliyyəti ilə zirvələr fəth edə bilmək gücündə olduğunu bir daha dünyaya göstərdi.  Bu uğurun sahibi  dünyanın reytinqli universitetləri arasında təmsil olunan Çinin Renmin Universitetində magistratura təhsili alan Fərahim Hüseynzadədir.  F.Hüseynzadə adıçəkilən universitetin daxili təqaüdünə və ən yüksək elmi mükafatına layiq görülüb. Ortalama elmi göstəricisi (GPA) 3.95/4.00 təşkil edən  azərbaycanlı tələbə “Academic performance”  kateqoriyası üzrə Renmin Universitetində fakültə, ümumilikdə isə universitet üzrə birinci yerə yüksəlib. Bu kateqoriyada o, ABŞ, Böyük Britaniya, Almaniya və Fransadan olan həmkarlarını geridə qoyub.  “Azərbaycan müəllimi” qəzetinə verdiyi müsahibəsində  F.Hüseynzadə  təhsil aldığı ali məktəb, ona qürur gətirmiş birincilik və  gələcək planlarından danışdı. Tanıtım. Fərahim Pərviz oğlu Hüseynzadə  1994-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Əslən Qarabağdan-Cəbrayıl rayonundan olan  gənc  2000-ci ildə Cəbrayıl rayonu M.Mehdizadə adına məktəbdə ibtidai təhsilinə başlayıb,  2011-ci ildə isə  Bakının  Xətai rayonundakı  55 nömrəli tam  orta məktəbi bitirib. Elə həmin il 642 balla Bakı Dövlət Universitetinin hüquq  fakültəsinin ingilis bölməsinə daxil olub.  2015-ci ildə həmin fakültədən məzun olaraq hərbi xidmətə yollanıb,  2016-cı ildə nümunəvi xidmətə görə “Vətənə məktub” mükafatı ilə təltif olunub  və ordu sıralarından ehtiyata buraxılıb.  2016-cı ildə yaxın bir dostu ilə  öz şirkətini qurmuş, 2017-ci ilin sentyabrından isə Təhsil Nazirliyi ilə Çin Xalq Respublikası Hökuməti arasında qarşılıqlı müqaviləyə əsasən “Çinin biznes hüququ”  ixtisası üzrə magistr təhsilini  davam etdirmək üçün Çinə yollanıb.  Hazırda, Pekində, Renmin Universitetində təhsil alır.   İki dəfə “İlin tələbəsi”   - Orta məktəbdə daha çox hansı fənlərə maraq göstərirdiniz? Azərbaycanda orta və ali təhsil illərində hansı uğurlarınızı qeyd edə bilərsiniz? - Uşaq yaşlarımdan valideynlərimin dəstəyi ilə həmişə aktiv həyat tərzi keçirmişəm.  7 illik fortepiano məktəbini bitirmişəm, bundan başqa,  iki şeirlər kitabım çapdan çıxıb və hazırda Milli Kitabxanada saxlanılır.  Şeirlər yazmaqda və mütəmadi  olaraq sosial mediada paylaşmaqda davam edirəm.  Şahmat üzrə 4-cü dərəcəli usta adına layiq görülmüşəm. Tarix hər zaman  ən sevimli fənnim olub. İndi də bacardığım qədər tarixi kitablar oxumağa üstünlük verirəm. Bu marağı məndə ibtidai sinif müəllimim Nailə  xanımın  fənnə yaratdığı maraqla əlaqələndirirəm.  Uğurlarıma gəldikdə isə, 10-cu sinifdə oxuyarkən tarix fənni üzrə olimpiadada Bakı və Respublika birincisi olmağı bacarmışam. 2010-cu ildə “Xəmsə” Milli İntellektual Oyununun “Məktəb” liqasında ölkə ikincisi, “Ağıl dəryası” intellektual yarışmasında isə yarımfinalçı olmuşam. Ali təhsil illərimdəki uğurlar, əsasən Tələbə Gənclər Təşkilatı  ilə bağlıdır. İki il təşkilatın sədri vəzifəsini icra etmişəm. BDU İntellektual Komandasının kapitanı olmağımla isə, belə desək,  uğurlar bir-birini əvəzləyib. Belə ki, 4 il ərzində “Mən Azərbaycanlıyam” İntellektual Oyunu üzrə ilin qalibi, “Xəmsə” Milli İntellektual Oyunu üzrə Universitet liqasının qalibi, “Nə? Harada? Nə Zaman?” İntellektual Oyunu üzrə Çağırış, Konfederasiyalar, Universiada kuboklarının sahibi, “Parlaq Zəka”  intellektual oyunun  yarımfinalçısı olmuşam. Bütün bu uğurlarıma görə də BDU-da iki dəfə “İlin tələbəsi” fəxri adına layiq görülmüşəm. Xarici ölkələrdə keçirilən bir çox konfranslarda, seminarlarda Azərbaycan nümayəndə  heyətinin tərkibində iştirak etmiş, sertifikatlara layiq görülmüşəm.   Araşdırmalar aparmaq artıq həyat tərzimə çevrilib   - Sizdə elmə, tədqiqatçılığa nə vaxtdan maraq yaranıb? - Elm belə bir məfhumdur ki,  bunu paylaşmasan, inkişaf etdirməsən, hər gün yeni bir nəsə əlavə etməsən artım olmaz və geriləməyə gətirib çıxarar. Buna  görə də bacardığım qədər nələrisə araşdırmaq, hər gün nələrisə öyrənmək artıq həyat tərzimə çevrilib deyə bilərəm. Söhbət təkcə hüquqdan, beynəlxalq əlaqələrdən getmir. Burada sözü keçən araşdırmaçılıq istənilən sferaya və elm sahəsinə aiddir. Artıq müəllimlərimin dəstəyi ilə  və belə desək,  onların göstərdikləri yolla gedərək nələrisə tədqiq edib bir nəticəyə gəlməyi bacarıram. Bir məsələni də qeyd edim ki, Bakı Dövlət Universitetində təhsil alarkən hörmətli rektorumuz akademik Abel Məhərrəmovun və fakültəmizin dekanı Əmir Əliyevin hər zaman müəllim, bir böyük kimi dəstəyini hiss etmişəm. İnanın səmimiyyətimə, istər xarici universitetlərə müraciət olsun, istər ictimai fəaliyyət, elmi araşdırmalar, bütün məsələlərdə həmişə əllərindən gələn köməkliyi göstəriblər mənə. Uğurlarımda verdikləri töhfə əvəzsizdir. Buna görə də onların hər birinə öz təşəkkürümü bildirirəm.   Azərbaycan adına bunu reallaşdırdığım üçün çox sevinirəm   -  Necə oldu ki, Renmin Universitetinin  birincisi oldunuz.   Bu barədə ətraflı məlumat verərdiniz.  Kimlər birinci ola bilər və kimləri  arxada qoydunuz? - Renmin Universiteti Çində hüquq, sosial elmlər və humanitar fənlər sahəsində bir nömrəli universitet hesab edilir, eləcə də dünya reytinqində top 50-likdə qərarlaşıb. Burada təhsilə, elmə xüsusi önəm verilir və universitet də bunların məntiqi nəticəsi kimi daxili təqaüd və mükafatlarını elan edir. Mən də təhsil göstəricim yuxarı olduğu  üçün müraciət etmək qərarına gəldim. Adətən ötən illərdə Çin Hökumətinin təqaüdlərinə layiq görülən tələbələrə daxili təqaüd verilməyib. Son illərdə ilk dəfə idi ki, hansısa tələbə hər iki mükafata və daxili təqaüdə layiq görülürdü. Azərbaycan adına bunu reallaşdırdığım üçün çox sevinirəm. Ən yüksək elmi mükafat hesab olunan bu mükafatı əldə etdiyim üçün müəllimlərimə minnətdaram. Təbii ki, burada təhsilin səviyyəsi nə qədər yüksək olsa da, bu,  bir  il ərzində qazanılan uğur deyil.  Bu iş illər, pillələr, addımlarla  olur və sonda belə uğura gətirib çıxarır.   Bir vətəndaş kimi hər məqamda ölkəmizə töhfələr verməliyik   -  Birincilik sizə ali təhsilinizdə  hansı üstünlükləri verir?  Universitet müəllimləriniz və akademik heyət sizin birinci olmağınıza necə münasibət  bildirdi?  - Mənim ən çox sevindiyim məqam da məhz elə bu idi. Belə ki, Azərbaycanın Çin ilə nə qədər də artan tempə malik əlaqələri  olsa da, əksər çinlilərin ölkəmiz  barədə məlumatları azdır.   Bu işin aparılması təkcə dövlət qurumlarının, səfirliyimizin üzərinə düşməməlidir. Biz də vətəndaş kimi, hər məqamda ölkəmiz adına  hansısa   töhfələr verməliyik.  Uğur qazanandan sonra, nəticələr açıqlanan kimi elə müəllimlər, tələbələr, hər kəs xəbər tutdu.   Bəzi universitet tələbələri məni artıq tanıyırdı,  özümü  ali məktəbdə intellektual oyunlar təşkil edən tələbə  kimi tanıtdıra bilmişdim.    Amma bu uğur elə-belə hesab edilmirdi.  Onlar artıq minlərlə tələbə, elmi işçi kontingenti olan bir universitetdə birinci olan tələbəni, mənim timsalımda isə Azərbaycanı tanıdılar. Mənim üçün bundan daha böyük qürur ola bilməz.       Elmin burada açmadığı qapılar yoxdur   - Bir qədər universitet,  təhsiliniz və ixtisasınız barədə məlumat verərdiniz. - Renmin Universiteti barədə yuxarıda qısaca arayış vermişəm. Renmin sözünün mənası elə Çin dilindən “Xalq” anlamına gəldiyi üçün,  bu ali məktəbi  alternativ olaraq Çin  Xalq Universiteti də adlandırırlar.  Bu universitet  özünün beynəlxalq istiqamətləri ilə məşhurdir.  Ali məktəb  dünyanın 32 ölkə və regionlarından 125-dən  artıq universitet və tədqiqat müəssisələri ilə əməkdaşlıq edir. Universitetin beynəlxalq tədqiqtlar məktəbi Asiya və Böyük Britaniyanın London Kral Kolleci ilə magistratura sahəsində ikili diplom   təklif edir.  Universitet Asiya və Avropanın bir sıra nüfuzlu ali məktəbləri üçün  bir növ əməkdaşlıq körpüsü rolunu oynayır. Böyük qürur hissi ilə qeyd etməliyəm ki,  2015-ci ildə  Çinə rəsmi səfəri  çərçivəsində möhtərəm Prezidentimiz İlham Əliyev bizim universitetdə olub və ona  Fəxri professor diplomu təqdim olunub.  Dövlət başçımız universitetin tələbələri və müəllim heyəti qarşısında çıxış edib.   Bu çıxış universitetin xarici əlaqələr kitabına da daxil olunub. Bu görüşü indi də xatırlayırlar. İxtisasıma gəlincə,  Çin hüququ, daha dəqiq,  biznes və korporativ hüquq sahəsi üzrə magistr təhsili alıram.  Təhsilim iki illikdir. Universitetin illik təhsil haqqı, yaşayış yeri, dolanışıq üçün aylıq təqaüd, tibbi sığorta, ölkəyə gediş-dönüş bileti və laboratoriya xərcləri qarşılıqlı müqaviləyə əsasən qarşılanır. Bu il artıq bütün vacib kursları götürdüyümdən gələn il ancaq elmi işi yazmaq və müdafiə etmək öhdəliyi qalacaq üzərimdə. - Ümumiyyətlə, Çinin ali təhsil sistemində hansı meyilləri qeyd edə bilərsiniz? Məsələn, ali məktəblər daha çox akademik  təhsilə, yoxsa tədqiqatçılığa üstünlük verir? - Tədqiqat burada hər şey deməkdir. Elmin burada açmadığı qapılar yoxdur. Çünki universitetlər həm xarici tələbə qəbulunda, ələlxüsus da çinli tələbələrin qəbul prosesində çox seçici davranır. Belə ki, hər şəhərdən müəyyən kvota qoyulub və o kvotaya əsasən qəbul həyata keçirilir. Məqsəd, ən yaxşıları cəlb etməkdir. Tədqiqatçılar üçün müxtəlif qrant layihələr elan edilir, bundan başqa,  demək olar  ki, bütün universitetlərin xarici online bazalara çıxış imkanı var. Bu, özü belə, burada  akademik təhsilə nə qədər önəm verildiyini göstərir.   Yeniliklər gözlə görülür   -  Çindən baxanda Azərbaycanda  təhsil sahəsində  həyata keçirilən yenilikləri necə  qiymətləndirirsiniz? - Yeniliklər gözlə görülür. Cənab Prezident İlham Əliyevin seçkilərdən dərhal sonrakı çıxışında gəncləri daha böyük uğurlara səsləməsi, ölkənin birinci şəxsinin gənclərə daha da inamlı və əzmli olmaları üçün səslənməsi, ümumilikdə dövlətin təhsilə diqqəti, xüsusən də gənclər siyasətini prioritet sahəyə çevirməsi təhsilə, elmə və gənclərə olan qayğını göstərir. Amma qət ediləsi çox yol, görüləsi çox iş var. Bu işin də əsas aparıcı qüvvəsi məhz xaricdə təhsil alan, yeniliklərin içərisində olan, belə desək,  onları əyani şəkildə sınaqdan keçirən gənclər olmalıdır. Düşünürəm ki, ən vacib məsələlərdən biri universitetlərimizin xarici ölkə universitetləri ilə əməkdaşlığının artırılmasıdır. - Renmin Universitetində gördüyünüz hansı müsbət tendensiyaları  bizim ali təhsil sistemimizdə görmək istərdiniz? - Tələbələrə yüksək səviyyədə hörmət, müəllimlərin tələbə ilə birgə həyatı yaşaması, daha çox vaxt keçirməsi, dərsdən kənar fəaliyyətlərə cəlb edilmələri və adicə yeməkxanadan başlayan və yataqxanaların tikilməsi, təchizatına qədər məişət məsələləri diqqətə alınmalıdır zənnimcə. Bunun üçün ölkəmizin yetəri qədər potensialı və iqtisadi gücü olduğu qənaətindəyəm.   - Gələcək planlarınız barədə.   - Gələcək planlarıma təhsili uğurla və fərqlənmə ilə başa vurub ölkəmə dönmək və ölkəmin inkişafı, rifahı naminə bacarığımı sərf etməkdir. Bu, mənim üçün ən ümdə məsələ və ali məqsəddir. Biz Azərbaycanlıyıq, bu millətə, ölkəyə mənsubuq və bu xalqa xidmət etmək bizim mənəvi və eləcə də vətəndaşlıq borcumuzdur. - Cavablarınıza görə minnətdarıq.  Sizə təhsilinizdə daha yüksək zirvələrə çatmağı arzulayırıq.  -  Son olaraq, “Azərbaycan müəllimi”nə   uğurumu paylaşıb, insanlara çatdırdıqları üçün dərin minnətdarlığımı bildirirəm. Bunlar məni daha da böyük uğurlara səsləyir.   “Azərbaycan müəllimi” qəzeti

Peşə Təhsili üzrə Dövlət Agentliyində görüş

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində Asiya İnkişaf Bankının (AİB) Azərbaycanda ölkə üzrə diaqnostik tədqiqatla bağlı araşdırma missiyası ilə görüş keçirilib. Görüşün keçirilməsində məqsəd 2016-cı ildə qəbul olunmuş strateji yol xəritələrində Azərbaycanın inklüziv və dayanıqlı inkişafı üzrə maneələrin müəyyən olunması istiqamətində həyata keçirilən ölkə üzrə diaqnostik tədqiqatın ilkin nəticələri barədə müzakirələrin aparılması olub. Görüşdə Azərbaycan və Asiya İnkişaf Bankı arasında əməkdaşlığın çoxşaxəli olduğunu vurğulayan Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev ölkədə peşə təhsilinin vəziyyəti, mövcud problemlər və bu istiqamətdə aparılan islahatlar haqqında geniş məlumat verib, peşə təhsilinin inkişafı üçün birgə əməkdaşlığın həyata keçirilməsinin məqsədəuyğunluğunu vurğulayıb. Görüş zamanı AİB-in ölkə üzrə diaqnostik tədqiqatla bağlı araşdırma missiyası Azərbaycanda apardıqları ölkə iqtisadiyyatının diaqnostik tədqiqat layihəsi, ilkin nəticələri, eləcə də hərtərəfli tədqiqat üçün müəyyən edilən əsas sektor və mövzular barədə ətraflı məlumat veriblər. Diqqətə çatdırılıb ki, ölkə üzrə diaqnostik tədqiqat AİB-in 2019-2023-cü illəri əhatə edən Azərbaycan üzrə yeni Ölkə Tərəfdaşlıq Strategiyasının hazırlanması üçün mühüm məlumatları əks etdirəcək. Daha sonra ölkə üzrə diaqnostik tədqiqatın ilkin nəticələrinə dair fikir mübadiləsi aparılıb.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı