Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin taekvondo komandası qalib olub
Azərbaycan Taekvondo Federasiyasının dəstəyi və "Ümid" taekvondo klubunun təşkilatçılığı ilə "İlk liqa kuboku" keçirilib. Təhsil Nazirliyinin tabeliyində olan Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin uşaq, yeniyetmə və gənclərdən ibarət 111 nəfərlik taekvondo komandası məşqçi Elməddin Vəliyevin rəhbərliyi ilə "Daedo international" elektron sistemlə təchiz edilən yarışda iştirak edib. Komanda Azərbaycan taekvondo tarixində ilk dəfə olaraq 13 qızıl medal ilə l yeri qazanmaqla "İlk liqa kuboku” və “İlk komanda kuboku”nun sahibi olub. Yarışın keçirilməsində əsas məqsəd taekvondo idman növünün təbliği və inkişaf etdirilməsi, idmançıların yarış təcrübəsinin və ustalıqlarının artırılmasından ibarət olub. İki gün davam edən turnirdə 37 komandadan 625 uşaq, yeniyetmə və gənc taekvondoçu qüvvələrini sınayıb. Yarışlar Azərbaycan Boks Federasiyasının idman zalında keçirilib.
19/04/2018 17:25
Məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər üçün təlimlər
Məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər üçün ixtisasartırma təlimlərinə start verilir. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən keçiriləcək növbəti təlimlər 2018-2019-cu dərs ilində məktəbəhazırlıq qruplarında məşğələlər keçəcək müəllimlər üçün nəzərdə tutulur. İlk təlim 27 aprel və 1-5 may tarixlərini əhatə edəcək. İxtisasartırma təlimlərinin təşkil olunmasında əsas məqsəd uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixoloji inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətlərinin üzə çıxarılmasını, sağlamlıqlarının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin etmək üçün məktəbəhazırlıq qruplarında məşğələlər keçəcək müəllimlərdə zəruri bacarıqlar formalaşdırmaqdır. Təlimlər zamanı müəllimlərə nəzəri biliklər veriləcək və onlarda praktiki bacarıqlar formalaşdırılacaq. Məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər üçün ixtisasartırma təlimlərinin mərhələli şəkildə növbəti tədris ilinədək davam etdirilməsi nəzərdə tutulur. Təlimləri uğurla başa vuran müəllimlərə ixtisasartırma təhsili haqqında dövlət nümunəli sertifikat veriləcək.
19/04/2018 14:20
"Qloballaşma və ali təhsildə yeni meyarlar" adlı konfrans keçirilir
Aprelin 19-da Universitet Prezidentləri Beynəlxalq Assosiasiyasının (UPBA) ikigünlük “Qloballaşma və ali təhsildə yeni meyarlar” adlı konfransı işinə başlayıb. Tədbirə ev sahibliyi edən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı çıxış edərək konfransda təhsilin gündəmində olan məsələlər, qarşıda duran problemlərin həlli yolları ətrafında müzakirələrin aparılacağını bildirib. Rektor konfransın universitetlər arasında əməkdaşlığın genişlənməsinə və yeni əlaqələrin qurulmasına şərait yaradacağına inandığını bildirib. Təhsil naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Ceyhun Bayramov müasir qloballaşma dövründə həyatın müxtəlif sahələri kimi təhsil sferasının da çağırışlarla üzləşdiyini qeyd edib, konfransın çağırışlara qarşı mübarizəyə töhfə verəcəyini vurğulayıb, həmçinin tədbir iştirakçılarına uğurlar arzulayıb. UPBA-nın prezidenti Kaxa Şengeliya konfransda iştirak edən universitet rektorlarını, Azərbaycan və Gürcüstanın təhsil sahəsinə rəhbərlik edən qonaqları salamlayıb, tədbirin məhsuldar və səmərəli olacağına əminliyini ifadə edib. Gürcüstanın təhsil və elm naziri Mixail Çxenkeli təhsilin həyatın digər sahələrindən daha artıq dərəcədə əməkdaşlıq tələb edən sahə olduğunu deyib. Mixail Çxenkeli bu konfransın təcrübə mübadiləsi və yeni əməkdaşlıq münasibətlərinin qurulması üçün əlverişli platforma olduğunu bildirib. Konfransda “Bilik transferinə müasir yanaşma: fənlərarası tədqiqat, təşəbbüskar və sahibkarlıq düşüncəsinin yüksəldilməsi”, “Sosial məsuliyyət və bilik transferi”, “Universitet və sənaye əməkdaşlığı”, “Ali təhsildə bərabərlik: təkliflər və imkanlar” kimi mövzularda müzakirələr aparılacaq. Konfransda 20-dək ölkədən, o cümlədən Azərbaycan, Rusiya, ABŞ, İran, Gürcüstan, Hindistan, Polşa, Çin, Fransa, Meksika, Avstriya, Danimarka, Ukrayna və digər ölkələrdən olan 60-dək rektor və digər mötəbər qonaqlar iştirak edir. Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyası (UPBA) ali təhsil müəssisələrinin yüksək vəzifəli icraçılarının daxil olduğu beynəlxalq qurumdur. UPBA 1965-ci ildə yaradılıb. Təşkilata üzvlük məhdud olub regional akkreditasiyaya malik universitetlərin prezidentləri, rektorları və rektor müavinlərinə şamil edilir. Birlik qeyri-hökumət təşkilatı olaraq Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasında (ECOSOC) məsləhətçi hüququna malikdir.
19/04/2018 12:32
Ağstafa müəllimləri “Bizim müəllim” layihəsində
Təhsil Nazirliyi Azərbaycanın bütün bölgələrində fəaliyyət göstərən, peşəkarlığı ilə seçilən müəllimlərin media təqdimatını davam etdirir. “Bizim müəllim” layihəsinin növbəti təqdimatı Ağstafa rayonunda fəaliyyət göstərən müəllimlərə həsr olunur.
19/04/2018 11:08
V Moskva Beynəlxalq Təhsil Salonu çərçivəsində forum öz işinə başlayıb
Aprelin 18-də Moskvada V Moskva Beynəlxalq Təhsil Salonu çərçivəsində forum öz işinə başlayıb. Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyi və YUNESKO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkil etdiyi “Dayanıqlı inkişaf məqsədləri 4: təhsildə İKT tətbiqi məsələlərinə dair qlobal dialoq” mövzusunda keçirilən nazirlərin forumunda təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edib. Foruma Rusiya Federasiyası Hökumətinin sədr müavini Olqa Qolodets, Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyeva, təhsil və elm nazirinin müavini Pavel Zenkoviç, YUNESKO-nun Təhsildə İKT-nin tətbiqi üzrə bölməsinin rəhbəri Fenqçun Miao, bir sıra dövlətlərin və beynəlxalq təşkilatların təhsil üzrə rəhbər şəxsləri, pedaqoqlar və metodistlər qatılıblar. Azərbaycan təhsil nazirinin müavini Firudin Qurbanov mərasimdə çıxış edərək bildirib ki, salon çərçivəsində təşkil olunan forum təhsil sahəsindəki son nailiyyətlərlə tanış olmaq və bu sahədə fikir mübadiləsi aparmaq üçün əlverişli şərait yaradır. Son illər ərzində Azərbaycanda təhsil sahəsində əldə olunan uğurlardan danışan Firudin Qurbanov İKT-nin nailiyyətlərindən geniş istifadənin təhsil sahəsində dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Nazir müavini bildirib ki, beynəlxalq təcrübədən istifadə edilməklə tədris prosesində müasir informasiya texnologiyalarının sürətləndirilmiş tətbiqi "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda öz əksini tapıb. Nazir müavininin sözlərinə görə, strategiyanın reallaşdırılmasında xüsusi rol informasiya resursları mərkəzinə ayrılır. Bu məqsədlə nazirlik yanında müasir səviyyədə təchiz edilmiş Data Mərkəz yaradılıb. Mərkəz nazirliyə tabe olan bütün təhsil müəssisələrini, təşkilatları və strukturları birləşdirən Azərbaycan Təhsil Şəbəkəsini yaratmağa, həmçinin elektron dərsliklərin və digər tədris resurslarının mərkəzləşdirilmiş qaydada yerləşdirilməsinə imkan verib. Hazırda bütün ölkə şagirdlərinin təxminən 82 faizinin təhsil aldığı və müəllimlərin 72 faizinin dərs dediyi 2500 təhsil müəssisəsi bu şəbəkəyə qoşulub. Azərbaycanda "İnformatika" fənninin tədrisinə və bu fənn üzrə olimpiadaların keçirilməsinə diqqət yetirildiyini bildirən nazir müavini qeyd edib ki, Azərbaycanın Təhsil Nazirliyi Rusiyanın İT sistemlərinin istehsalçısı və şagirdlərə proqramlaşdırma modulunu tədris edən "Alqoritmika" təhsil şirkəti ilə birlikdə Bakının 45 məktəbində "Rəqəmsal bacarıqlar" pilot layihəsinə başlayıb. Layihəyə əsasən, "İnformatika" fənninin tədrisi məktəblilərə yeni texnologiyalar və rəqəmsal bacarıqları təcrübədə öyrətməyə imkan verən yeni formatda aparılır. Nazir müavini Təhsil Nazirliyi tərəfindən elektron dərsliklər (www.e-derslik.edu.az) portalının fəaliyyətindən, distant təhsil çərçivəsində görülmüş işlərdən danışıb. Firudin Qurbanov çıxışının sonunda qeyd edib ki, Azərbaycan “Bakı Ekspo 2025” Beynəlxalq sərgisinin Bakıda keçirilməsi üzrə əsas iddiaçılardan biridir. Sərginin üç alt mövzularından biri "Gələcəyin təhsili"dir. Təhsil nazirinin müavini panel müzakirəsi zamanı tədbir iştirakçılarının suallarını cavablandırıb. Sonra tədbir iştirakçıları salon çərçivəsində sərgi ilə tanış olublar. Aprelin 18-də Firudin Qurbanov həmçinin Moskva şəhərində təşkil olunmuş “Rus inqilabı və Azərbaycan Xalq Cümhuriyyətinin tarixi: bir əsrdən sonra baxış” adlı beynəlxalq xarakterli tədbirdə çıxış edib. Firudin Qurbanov iki ölkə arasında təhsil sahəsində əlaqələrin yüksək səviyyədə olmasını qeyd edib, birgə həyata keçirilən layihələr haqqında məlumat verib. M.V.Lomonosov adına Moskva Dövlət Universitetində keçirilmiş tədbirə Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu da qatılıb. Ümumilikdə V Moskva Beynəlxalq Təhsil Salonu çərçivəsində təxminən 1000 tədbir keçiriləcək. Bu tədbirlərdə 1000-dən çox ekspertin, 400 eksponentin və 60 mindən çox ziyarətçinin iştirakı nəzərdə tutulub. Qeyd edək ki, aprelin 20-də salon çərçivəsində son 13 il ərzində ilk dəfə olaraq Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin təhsil nazirlərinin görüşü keçiriləcək. Görüşdə təhsil nazirinin müavini Firudin Qurbanovun çıxışı gözlənilir. V Moskva Beynəlxalq Təhsil Salonu çərçivəsində tədbirlər aprelin 21-nə qədər davam edəcək.
19/04/2018 10:10
Məktəbli şahmatçılar üçün ustad dərsləri keçirilib
Təhsil Nazirliyinin tabeliyində olan idman-şahmat məktəblərinin şahmatçılarından ibarət "Təhsil" Respublika idman Mərkəzinin yığma komandasının üzvlərinin dünya çempionatına hazırlığı ilə əlaqədar “Zuğulba” Tədris İdman Bazasında təlim-məşq toplanışı keçirilib. Təlim-məşq toplanışı çərçivəsində komanda üzvləri üçün beynəlxalq qrossmeysterlər Şəhriyar Məmmədyarov və Rauf Məmmədov tərəfindən ustad dərsləri təşkil edilib. Qrossmeysterlər məktəbli şahmatçılara 2 saat ərzində “eyni vaxtda oyun seansı” keçirib, beynəlxalq yarış təcrübələri barədə məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar. Sonda xatirə şəkilləri çəkilib, məktəbli şahmatçılara dünya çempionatında uğurlar arzu edilib.
18/04/2018 10:30
III respublika müsabiqəsinə start verilib
Aprelin 16-da Təhsil Nazirliyinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş ümumtəhsil və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında gənc ifaçıların III respublika müsabiqəsinə start verilib. Müsabiqənin məqsədi şagird və tələbələr arasında ümummilli lider Heydər Əliyev irsini təbliğ etmək, istedadlı, yaradıcı gəncləri üzə çıxarmaqdır. Bülbül adına orta ixtisas musiqi məktəbinin direktoru, xalq artisti Teymur Göyçayev müsabiqəni giriş sözü ilə açaraq iştirakçılara uğurlar arzulayıb. Daha sonra Təhsil Nazirliyinin Uşaq və gənclərin yaradıcılığı sektorunun müdiri Ayla Həsənova ümummilli lider Heydər Əliyevin mədəni irsimizin qorunub saxlanılmasında, inkişaf etdirilməsində, onun geniş təbliğində və dünya miqyasında şöhrət tapmasında əvəzsiz xidmətlərindən danışıb. Müsabiqənin rəsmi açılış mərasimindən sonra iştirakçıların çıxışları dinlənilib. Xalq artistlərindən ibarət Münsiflər Heyəti bir neçə gün ərzində məktəblilərin çıxışlarını dəyərləndirəcək. Müsabiqənin təşkilati işləri Bülbül adına orta ixtisas musiqi məktəbi tərəfindən həyata keçirilir. Müxtəlif ixtisaslar üzrə üç yaş qrupu olmaqla iki mərhələdə təşkil ediləcək müsabiqə çərçivəsində şagird və ifaçıların “Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti” adlı ilk elmi-praktik konfransı da keçiriləcək. 600 nəfərdən çox iştirakçının sənəd təqdim etdiyi müsabiqəyə mayın 3-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında yekun vurulacaq.
17/04/2018 17:57
Respublika fənn olimpiadalarının yarımfinal turunun nəticələri elan olunub
7-8 aprel 2018-ci il tarixlərində keçirilən fənn olimpiadalarının respublika mərhəsinin yarımfinal turunun nəticələri www.olimpiada.edu.az saytında elan olunub. “Respublika fənn olimpiadalarının təşkili və keçirilməsi qaydaları”na əsasən, olimpiadaların respublika mərhəsinin final turuna müvafiq fənn və sinif üzrə ən yaxşı nəticə göstərən 20 şagird və siyahı üzrə 20-ci şəxslə eyni bal toplayan məktəblilər dəvət olunurlar. Respublika fənn olimpiadalarının final turunda iştirak hüququ qazanan şagirdlərin 23-27 aprel 2018-ci il tarixlərində www.olimpiada.edu.az saytında qeydiyyatdan keçmələləri xahiş olunur. Respublika fənn olimpiadalarının final turu 4-6 may 2018-ci il tarixlərində Bakı şəhərində keçiriləcək. Qeyd edək ki, Respublika fənn olimpiadaları Kapital Bankın baş sponsorluğu ilə həyata keçirilir.
17/04/2018 16:22
“Oxu Günü” keçiriləcək
Aprelin 21-də Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçiriləcək. “Oxu Günü” uşaq, yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişinin inkişafı, kitaba marağın artırılması məqsədilə təşkil olunur. “Gəlin birgə oxuyaq!” şüarı altında keçirilən tədbirdə paytaxtın 40 ümumtəhsil məktəb və liseyinin şagirdləri müxtəlif təqdimatlarla çıxış edəcəklər. Məktəblilər bədii əsərlər əsasında hazırlanmış səhnəciklər, pantomim tamaşalar və s. təqdim edəcəklər. Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı, “Hədəf Nəşrləri”nin tərəfdaşlığı ilə reallaşdırılacaq tədbir çərçivəsində, həmçinin 30-dək nəşriyyat və kitabxana kitab sərgi-yarmarkası təqdim edəcək. Tədbirə giriş sərbəstdir.
17/04/2018 11:08
Velosiped idman növünə həsr olunmuş kütləvi idman tədbiri keçirilib
Aprelin 16-da velosiped idman növünün məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirlərinin rayondaxili mərhələsinə start verilib. Bakı şəhəri Xətai rayonu 17 nömrəli tam orta məktəbin idman meydançasında keçirilən yarışlara bu rayon üzrə 32 məktəbdən 200-ə yaxın şagird qatılıb. Yarışın nəticəsinə əsasən I yerə 29, II yerə 138 və III yerə 17 nömrəli tam orta məktəblərin komandaları layiq görülüb. Qaliblər kubok və diplomlarlarla təltif edilib. Kütləvi idman tədbirlərinin keçirilməsində məqsəd velosiped idman növünü məktəblilər arasında təbliğ etmək, onların idmana marağını artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdən ibarətdir. Yarışlar Bakı, Gəncə, Sumqayıt, Mingəçevir şəhərləri, Abşeron, İsmayıllı, Zaqatala rayonları əhatə olunmaqla Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə keçirilir. İyunun 2-dək davam edəcək kütləvi idman tədbirlərinə 4 mindən çox məktəblinin qatılacağı gözlənilir. Yarışlar Təhsil Nazirliyinin müvafiq əmri ilə 2018-ci ilin 5-9 iyun tarixlərində Bakı şəhərində velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının keçirilməsi ilə əlaqədar təşkil olunub.
17/04/2018 09:47
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı