Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məktəblilər dünya şahmat çempionatından medallarla qayıdıb

Albaniyanın Durres şəhərində şahmat üzrə məktəblilərin dünya çempionatı keçirilib. 40 ölkədən 387 şahmatçının mübarizə apardığı çempionatda 6 yaş qrupu üzrə 12 nəfər şahmatçı ilə təmsil olunan “Təhsil” Respublika İdman Mərkəzinin komandası uğurlu nəticə əldə edib. Komanda üzvlərindən  Murad İbrahimli qızıl, Aytac Heydərova, Yusif Kərimli gümüş, İsmayıl Süleymanlı bürünc medal qazanıb. Qeyd edək ki, dünya çempionatında iştirak edən komandanın formalaşması üçün “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən müvafiq yaş qrupları üzrə respublika çempionatının zona və final mərhələləri keçirilib və hər yaş qrupu üzrə birinci yeri tutan şahmatçılar komandanın tərkibinə daxil edilib. Çempionatdan əvvəl mərkəzin yığma komandasının üzvlərinin dünya çempionatına hazırlığı ilə əlaqədar “Zuğulba” Tədris İdman Bazasında təlim-məşq toplanışı keçirilib, onların yüksək nəticələr əldə etməsinə həvəsləndirilməsi üçün beynəlxalq qrossmeysterlər Şəhriyar Məmmədyarov və Rauf Məmmədov tərəfindən ustad dərsləri təşkil edilib.

SABAH tələbələri MDB ölkələrinin teatr festivalında

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qruplarında aktyor sənəti ixtisası üzrə təhsil alan IV kurs tələbələri Moskvada MDB ölkələri tələbələrinin “Rusiya Teatr Sənəti İnstitutunun ustad dərsləri” ("QİTİS-master-klass") teatr festivalında iştrak ediblər. SABAH mərkəzinin rəhbəri Böyükxanım Məmmədbəyova, kursun rəhbəri Nöfəl Vəliyev və müəllim Ruslan İsmayılov, tələbələr - Corc Qafarov, Xədicə Məmmədova, Hilal Dəmirov, Sevgin Rzayeva, Könül Ələkbərova, Qönçə Vəliyeva, Orxan İsgəndərov, Məhəmməd Musayev, Hüseynağa Aslanov beş gün müddətində müxtəlif tanınmış mütəxəssislərin ustad dərslərində, tələbə tamaşalarında iştirak ediblər. Səfər çərçivəsində tələbələr Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyo Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli şah cadükuni Məşhur” tamaşasını nümayiş etdiriblər.

Akademik Zərifə xanım Əliyevanın 95 illiyinə həsr olunmuş tədbir

Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi münasibətilə “Ana – müqəddəslik zirvəsi” adlı tədbir keçirilib. Mərkəzin rəhbəri Lalə Qəti akademik Zərifə xanım Əliyevanın zəngin elmi yaradıcılığı, mənalı ömür yolu haqqında məlumat verib.  Tədbirdə “Böyük insan, unudulmaz alim” adlı məruzə dinlənilib, görkəmli alim Zərifə xanım Əliyevaya həsr olunan film nümayiş olunub. Rəsmi hissə bəstəkar Sevinc Tofiqqızının Leyla xanım Əliyevanın sözlərinə bəstələdiyi və mərkəzin gənc vokalçılarının ifa etdiyi "Getmə, ana!" (“Мама, не уходи!”) mahnısının klipinə baxış ilə başa çatıb. Tədbirin bədii hissəsi mərkəzin foyesində Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş “Ana – müqəddəslik zirvəsi” adlı sərginin nümayişi ilə başlayıb. Bədii qiraətçilərin ifasında Zərifə xanıma həsr olunmuş şeirlər, gənc vokalçıların ifasında isə “Ana” mövzusunda mahnılar səslənib. Sonda “Ana” mövzusunda ən maraqlı və orijinal rəsm əsərləri çəkən gənc rəssamlar Fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar. Tədbirdə millət vəkili Sədaqət Vəliyeva, Nizami və Nəsimi Rayon İcra hakimiyyətlərinin əməkdaşları, Zərifə Əliyeva adına Azərbaycan Milli Oftalmologiya Mərkəzinin oftalmoloq həkimləri və digər qonaqlar iştirak edib.

Futzal üzrə keçirilən II respublika birinciliyinin qrup mərhələsi başa çatıb

Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal üzrə II respublika birinciliyinin qrup mərhələsinə yekun vurulub. Qrup mərhələsində  ümumilikdə 31 ali və orta ixtisas təhsili müəssisələrinin komandaları iştirak edib. Komandalardan 21-i Bakı şəhərini, 10-u isə regionları təmsil edib. 6 qrupa bölünərək mübarizə aparan komandaların oyunları Milli olimpiya komandalarının təlim-məşq bazasının, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Şirvan Dövlət İqtisad və Humanitar Kollecinin, Göygöl rayon Olimpiya İdman Kompleksinin idman zallarında keçirilib. Gərgin mübarizə şəraitində keçən  yarışda hər qrup üzrə birinci və ikinci yerləri tutan 10 ali və  iki orta ixtisas təhsili müəssisəsinin  komandaları pley-off mərhələsinə vəsiqə qazanıb. Qrup mərhələsi üzrə 51 oyun keçirilib. Növbəti mərhələ üzrə oyunlar mayın 5-də start götürəcək.   Yarışda  I, II və III yeri tutan komandalar diplom, kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Bundan başqa təsis edilmiş 5 nominasya üzrə seçiləcək tələbə futzalçılar da xüsusi  mükafatlarla təltif olunacaq.  Birinciliyin keçirilməsində əsas məqsəd ali və orta ixtisas təhsili müəssisələri tələbələri arasında futzal idman növünün  kütləviliyinin  təmin edilməsi, beynəlxalq yarışlarda iştirak etmək üçün respublikanın tələbələrdən ibarət yığma komandasına namizədlərin müəyyənləşdirilməsi, ölkənin yeniyetmələrdən, gənclərdən ibarət yığma komandalarına perspektivli tələbə futzalçuların seçilməsinin təmin edilməsi və tələbələr arasında dostluq əlaqələrinin yaradılmasından ibarətdir. Birincilik Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşkilatçılığı, Təhsil NazirliyiAzərbaycan Futzal Federasiyasının dəstəyi ilə keçirilir.      

“Peşəyönümü işinin təşkili: peşə təhsilinin təbliği” mövzusunda konfrans

Aprelin 30-da Təhsil Nazirliyi, Avropa İttifaqı və “Hyatt Regency Baku” otelinin birgə təşkilatçılığı ilə “Peşəyönümü işinin təşkili: peşə təhsilinin təbliği” mövzusunda konfrans keçirilib. “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planına uyğun olaraq keçirilən konfransda Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, peşə təhsili və ümumi təhsil müəssisələrinin peşəyönümü işinə məsul müəllimləri ilə yanaşı, bir sıra işəgötürən təşkilatların nümayəndələri də iştirak edib. Tədbirin məqsədi Azərbaycanda peşə təhsilinin əhəmiyyətini, cəmiyyətdə rolunu, məzunlar üçün yaratdığı iş imkanlarını əsas hədəf kütləsi olan şagirdlərə təlqin edilməsi, qurumlar arasında bu istiqamətdə əməkdaşlığın təşviqi və genişləndirilməsidir. Tədbiri giriş sözü ilə açan Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev son illərdə ölkədə peşə təhsilinin əsas prioritet istiqamətlərdən biri kimi müəyyən olunduğunu qeyd edərək, bu sahədə aparılan islahatlar, həyata keçirilən layihələr, işəgötürən və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri  barədə məlumat verib, peşə təhsilində bacarıq və səriştə əsaslı təhsilin əhəmiyyətini diqqətə çatdırıb. Bildirilib ki, bugünkü tədbir peşə təhsilinin təbliğ olunmasında xüsusi önəm kəsb edir.     Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva çıxış edərək peşə təhsili barəsində ictimai məlumatlılığın artırılması istiqamətində ümumtəhsil məktəblərinin rolundan danışıb, bu istiqamətdə qarşıda duran vəzifələr və görüləcək işlər barədə tədbir iştirakçılarına məlumat verib. Daha sonra peşəyönümü işinin aparılması strategiyası, peşəyönümü işinin təbliği, peşə təhsilində dövlət-özəl əməkdaşlığı mövzularında təqdimatlar və peşə təhsili müəssisələrinin məzunlarının uğur hekayələrinə  dair videoçarxlar nümayiş olunub. Tədbirin sonunda Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Hyatt Regency Baku” oteli arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə anlaşma memorandumu imzalanıb.  

Elmi nəşrlərdə tarixi rekord

2017-ci ildə “Web of Science” elmi bazasında Azərbaycan üzrə 1118 elmi tədqiqat işi qeydə alınıb. Bu, son 25 ildə Azərbaycan üzrə publikasiya sayının rekord həddi deməkdir. Ötən il Azərbaycan “Web of Science” elmi bazasında nəşr aktivliyinin son 3 il üzrə artım dinamikasına görə regionda birinci yerə çıxıb.  2017-ci ildə respublika üzrə ümumi publikasiya çəkisinin təxminən 43 faizi məhz ali  təhsil müəssisələrinin payına düşüb. 2013-cü ildə AMEA-nın ümumi nəşrlərinin sayı ali təhsil müəssisələrinin ümumi nəşrlərinin sayını 2 dəfədən çox üstələyirdisə, 2017-ci ilin ötən dövründə bu sayda ciddi yaxınlaşma müşahidə olunur. Qeyd edək ki, Təhsil Nazirliyi ilə “Thomson Reuters” şirkəti (“Clarivate Analytics”) arasında 22 dekabr 2015-ci ildə əməkdaşlıq haqqında müqavilə imzalanıb, ölkəmizin elm və təhsil müəssisələrinin dünyanın aparıcı elmimetrik bazası olan “Web of Science”-ə çıxışı, yerli alim və tədqiqatçıların əzmi və zəhməti nəticəsində elmi məhsuldarlıq nəzərəçarpacaq dərəcədə artıb, elmi tədqiqat işlərinin effektivliyi xeyli yüksəlib. 

Azərbaycanlı məktəblilərin növbəti olimpiada uğuru 

22-28 aprel tarixlərində Belarusun paytaxtı Minsk şəhərində 52-ci Beynəlxalq Mendeleyev Kimya olimpiadası keçirilib.  5 nəfərdən ibarət komanda ilə olimpiadada iştirak edən məktəblilərimiz medalla qayıdıblar. Belə ki, 160 nömrəli Klassik gimnaziyanın 11-ci sinif şagirdi Nəriman Mirişov və Lənkəran şəhəri 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin eksperimental pilot siniflərinin XI sinif şagirdi Turan Məmmədli  olimpiadanın gümüş medalına layiq görülüblər. Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin dinləyiciləri olan şagirdlərimiz tədris ili boyunca bu olimpiadalara hazırlaşıb, Moskva Dövlət Universitetinin Bakı filialında həm nəzəri, həm də praktiki hazırlıq dərslərinə qatılıblar. Təhsil Nazirliyinin beynəlxalq olimpiadalara hazırlıq prosesinin təkmilləşdirilməsi və diqqət mərkəzində saxlaması şagirdlərin müvəffəqiyyətli çıxışlarına səbəb olub. Nazirlik tərəfindən Fizika, riyaziyyat və informatika təmayüllü, Kimya-biologiya təmayüllü liseylərdə yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərində 200-ə yaxın şagird il ərzində olimpiadalara hazırlıq prosesinə cəlb edilib.

763 müəllim müsahibə mərhələsində

Nəticələr gələn həftə elan olunacaq   Müddətsiz əmək müqaviləsi əsasında işə qəbul olunmaq istəyən müəllimlər dünəndən başlayaraq müsahibələrə cəlb edilib. Bu gün də davam edəcək prosesdə 763  nəfər iştirak edir. Müsahibələr Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (TİPİİ) nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən keçirilir. Prosesə 2016-2017-ci və 2017-2018-ci tədris illəri üçün  keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək zəruri keçid balını toplayan və vakant yerlərdə mövcud qaydalar çərçivəsində müddətli əmək müqaviləsi ilə işə qəbul edilən müəllimlər qatılırlar. Müsahibənin təşkil olunduğu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda həyəcanlı bir gün başlayıb. Namizədlər əvvəlcə qeydiyyatdan keçir, sonra sənədləri yoxlanılır və nəhayət, müsahibələrin keçirildiyi zala daxil olur.  Əksəriyyəti dəvət olunduqları saatda gəlməyib. Biri gecikib, biri tələsib. Ancaq bu, təşkilatçıları narahat etmir. 20 komissiya iş başındadır. Hər komissiyanın tərkibində aparıcı təhsil müəssisələrindən birinin direktoru, bir fənn müəllimi və Təhsil Nazirliyinin nümayəndəsi təmsil olunur. Gecikəni də, tələsəni də gözlətmirlər. Namizədlərə həyəcanlanıb stress keçirməyə imkan vermədən, operativ şəkildə komissiyaların qarşısına ötürürlər. Burada da vəziyyət yaxşı görünür. Hamı gülümsünür. Hətta namizədlə qızğın müzakirəyə dalan komissiya üzvləri belə var. Görünür, namizəd ürəklərincə olub. Komissiya üzvlərindən ayrılan namizədlər istər-istəməz gəldikləri səmtə yönəlir. Onları doğru istiqamətləndirmək üçün qapıda gözləyən TİPİİ əməkdaşları namizədlərə yolu göstərir. Arada “Mən bu tərəfdən gəlmişdim” deyib göstərilən yolun doğru olduğuna şübhə edənlərə də rast gəlinir. Ancaq gəldiyi yolla gedə bilməyəcəyini, qarşısında yeni yol olduğunu anlayanlar daha çoxdur.   Qeydiyyatdan keçənlərin hər biri məlumatlandırılacaq   Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, 2017-ci ildə müəllimlərin işə qəbulu ilə bağlı test imtahanı mərhələsində müvafiq keçid balı toplayan, lakin vakant yerə qəbul ola bilməyən müəllimlər bu tədris ili ərzində yeni yaranan, yaxud müsabiqədə tutulmayan vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə cəlb olunublar. Ölkə üzrə belə müəllimlərin sayının 2 mindən çox olduğunu deyən nazirlik rəsmisinin sözlərinə görə, həmin müəllimlərin işə qəbulu prosesinin mərkəzləşmiş qaydada həyata keçirilməsi məqsədilə onların proqram təminatı vasitəsilə elektron qeydiyyatı aparılıb və müraciət edənlərin daimi əsaslarla işə qəbulu məsələsinə baxılması qərara alınıb: “Martın 29-dan aprelin 4-dək elektron qeydiyyat keçirilib. 2800-ə yaxın müəllim qeydiyyatdan keçib. Onlardan cəmi 763 nəfəri müsahibəyə dəvət olunub”. Müsahibələrin nəticələri gələn həftənin əvvəlində açıqlanacaq. Bu barədə hər bir namizədin şəxsi səhifəsinə məlumat yerləşdiriləcək. E.Bağırovun sözlərinə görə, elektron qeydiyyatdan keçən, lakin müsahibə mərhələsinə dəvət olunmayan müəllimlərin də şəxsi səhifələrinə müsabiqənin bu mərhələsinə qatıla bilməmələrinin səbəbləri barədə məlumat yerləşdiriləcək. Həmin səbəblər nə ola bilər? E.Bağırovun sözlərinə görə, namizədin keçid balını toplamaması,  çalışdığı müəssisələrdə kifayət qədər dərs yükünün olmaması həmin səbəblərdəndir.   10 nəfər müsahibəyə buraxılmadı   Müsahibənin ilk günündə dəvət olunan 450 müəllimdən 10 nəfəri müsahibəyə buraxılmayıb. E.Bağırov bunu belə izah edib: “Müəllimlərin işə qəbulu imtahanlarında iştirak edən namizədlərin təhsil sənədlərini sadəcə müsahibə mərhələsində əyani surətdə görə bilirik. Yəni, bu mərhələdə diplomların dövlət nümunəli olub-olmadığını, namizədlərin imtahan verdikləri fənlə ixtisasının uyğunluğunu  müəyyənləşdiririk. Ona görə də bəzi namizədlərin qeyri-pedaqoji ixtisaslı olduğu, yaxud ixtisası üzrə deyil, başqa fəndən test imtahanına qatıldığı məhz bu mərhələdə üzə çıxır. Müsahibə mərhələsində hətta dövlət nümunəli olmayan təhsil sənədlərinə də rast gəlinir. Aşkar olunan belə namizədlər müsabiqədən kənarlaşdırılır”. Müddətsiz əmək müqaviləsi əsasında işə qəbul olunmaq istəyən müəllimlərin müsahibəsində də müsabiqədən kənarlaşdırılanlar olub: “10 nəfər artıq müsabiqədən kənarlaşdırılıb. Müəyyən edilib ki, ya test mərhələsində öz ixtisası üzrə iştirak etməyib, ya da təhsil sənədi pedaqoji ixtisaslı deyil. Bu da çox vaxt zərurətdən irəli gəlir. Məsələn, musiqi müəllimi çatışmayan rayonlarda təhsil şöbələri, tutaq ki, xalq çalğı alətləri ixtisası üzrə bitirən şəxsi məktəbə musiqi müəllimi kimi dəvət edirlər. Amma bu, o demək deyil ki, biz həmin şəxsi daimi işə götürə bilərik. Başa düşürük, kadr çatışmazlığı var. Zəruri ehtiyac olan müəssisələrdə eyni qrupa daxil olan ixtisaslar üzrə təhsil alan şəxslərin müddətli müqavilə ilə işə dəvət edilmələrinə icazə verilir. Amma belə şəxslərin iş yeri ümumtəhsil məktəbi yox, musiqi məktəbidir”.     Namizədlər həyəcanlı... Vüsal Babayev Cəlilabad rayonunun Gülməmmədli kənd orta məktəbində 3 ildir ibtidai siniflərdə dərs keçir. Sinfində müasir dərsin bütün qaydalarına əməl etməyə çalışır. Dediyinə görə, buna nail olur da. Müsahibədə isə sadəcə pedaqoji fəaliyyətinə görə, ümumi dünyagörüşündən tutmuş psixoloji durumuna qədər bir çox meyarlar üzrə komissiya üzvlərinin süzgəcindən keçməli oldu. Dediyinə görə, sualların cavabını verib. Amma o, cavabların komissiya üzvlərini nə dərəcədə qane etdiyini gələn həftə nəticələr elan olunanda biləcək. İradə Məmmədova Bərdə Mollalı kənd orta məktəbində 1 ildir müddətli müqavilə ilə çalışır. Fiziki tərbiyə müəllimidir. Müsahibədəki həyəcanı gözlərindən oxunur. Ancaq özünü itirənə də oxşamır. Komissiya üzvlərinin diqqətini pozitivliyi ilə cəlb edib. İlhamə Tanrıverdiyeva artıq 4 ildir ki, müəllim olmaq uğrunda mübarizə aparır. Hazırda Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki 314 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimidir: “4 ildir ki, imtahan verirəm. Nəhayət, ötən il yaxşı nəticə göstərdim. Amma vakant yerlər şəraitimə uyğun olmadığına görə gedə bilmirdim. 314 nömrəli məktəb yaxınlığımızdadır. Ona görə müvəqqəti çalışdığım bu məktəbdə daimi əsaslarla işləmək istəyirəm. Düşünürəm ki, bu müsahibə də mənim üçün uğursuz nəticələnə bilər. Ancaq nəticədən asılı olmayaraq, mənim müsabiqənin təşkilinə olan münasibətim dəyişməyəcək. Müsahibə mərhələsində də, test mərhələsində olduğu kimi, hər hansı neqativ halla qarşılaşmadım. 4 ildir istəyimə çata bilmirəm. Ancaq bu, mənim öz günahımdır. İstədiyim yer üçün yetərli nəticə göstərə bilmirəm. Odur ki, namizədlərin heç kimə qulaq asmadan, ümidini itirmədən hazırlaşmalarını tövsiyə edirəm. Əmin olsunlar ki, əziyyətləri hədər getməyəcək”. Musiqi müəllimi Ayşə Zeynalova isə Goranboy rayonunda Sərxan Ocaqverdiyev adına Tatarlı kənd orta məktəbində bu tədris ilinin əvvəlindən dərs deyir: “Azərbaycanın musiqi mədəniyyətinə aid suallar verdilər. Üzeyir Hacıbəylinin yaradıcılığından soruşdular. Bacardığım qədər bütün suallara cavab verdim. Ümid edirəm cavablarım komissiyanı da qane edəcək”.                   Komissiya üzvləri razıdır   Təhsil Nazirliyinin sektor müdiri Hilal Salmanov müsahibəyə dəvət edilən namizədlərin ümumi səviyyəsinin qaneedici olduğunu söyləyib. Onun sözlərinə görə, müəllim olmaq arzusunda olanlar komissiya tərəfindən 5 meyar üzrə qiymətləndirilir. Onların psixoloji durumu, ixtisas bilikləri, ünsiyyət bacarığı komissiya üzvlərinin verdiyi suallar əsasında qiymətləndirilir. Namizədlərin suallara rahat, həyəcansız cavab verməsi, müsahibənin şəffaf keçirilməsi üçün hər şərait yaradılıb: “Müşahidələrimiz göstərir ki, namizədlər hazırlıqlıdırlar. Xüsusən, ixtisasları ilə bağlı suallara daha yaxşı cavablar verirlər. Ucqar rayonlardan, hətta sərhəd bölgələrində yerləşən kənd məktəblərindən müsahibələrə qatılanlar oldu. Nəinki hazırlıqlı, həm də yenilikçi, pozitivliyi ilə seçilən gənclər diqqətimizi çəkdi. Fiziki tərbiyə müəllimlərindən birinin qızların idmana marağını artırmaq üçün məktəbdə həyata keçirdiyi tədbirləri təqdir etdik. Belə təşəbbüskar gənclərin sayı az  deyil. Düşünürəm ki, getdikcə daha da artacaq”.   "Azərbaycan müəllimi" qəzeti

Peşə təhsili ilə bağlı koreyalı ekspertlərlə görüş keçirilib

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində Koreya İnsan Resursları İnkişafı Xidmətinin nümayəndələri ilə görüş keçirilib. Görüşün əsas məqsədi Azərbaycan və Koreya hökumətləri arasındakı razılaşmaya uyğun olaraq, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında yaradılacaq “Peşə Təhsil Mərkəzi” layihəsi çərçivəsində tədris olunacaq peşə istiqamətləri üzrə təhsil proqramlarının (kurikulumların) hazırlanması və müəllimlərin seçilməsinə dair müzakirələrin aparılması olub. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev müxtəlif zəruri avadanlıqlar, təlim və tədris vəsaitləri ilə təchiz olunmaqla yaradılacaq nümunəvi peşə təhsil müəssisəsinin peşə təhsilinin, eləcə də təhsilalanların bilik və bacarıqların inkişaf etdirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Görüşdə koreyalı mütəxəssislər mərkəzdə həyata keçiriləcək təhsil proqramları (kurikulumları), modulların ilkin formatı və dərs saatlarının bölgüsü, seçiləcək müəllimlərə qoyulan tələblər barədə ətraflı məlumat veriblər. Bildirilib ki, Peşə Təhsil Mərkəzində tədris olunacaq 8 ixtisasın hər biri üzrə 3 müəllim seçilərək Cənubi Koreya Respublikasında 3 aylıq təcrübə proqramında iştirak edəcək, mərkəzdəki avadanlıqlarla işləməyi və yeni təhsil proqramını öyrənəcəklər. Koreyalı mütəxəssislər yeni mərkəzin əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasında və işlək peşə təhsili modelinin qurulmasında əhəmiyyətli rol oynayacağına  əmin olduqlarını bildiriblər.

Azərbaycanlı məktəblilər 23 aprel – Beynəlxalq Uşaq Festivalında

Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvləri Türkiyə Respublikasında keçirilmiş 40-cı TRT Beynəlxalq 23 aprel Uşaq Şənliyinə qatılıb. Tədbirdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. 40 ölkənin qatıldığı festivalda mərkəz üzvləri milli rəqslərimizi nümayiş etdiriblər. Səfər çərçivəsində uşaqlar Türkiyənin baş naziri Binəli Yıldırımla görüşüb. Görüş zamanı baş nazir uşaqlarla söhbət edib, xatirə şəkili çəkdirib. Bu il Türkiyə Respublikasının Bursa şəhərində keçirilmiş 40-cı TRT Beynəlxalq 23 aprel Uşaq Şənliyində 40 ölkədən 800-ə yaxın uşaq iştirak edib. Tədbirdə Azərbaycanı 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Təbəssüm” rəqs qrupu 20 nəfər uşaq və 2 nəfər rəhbər heyətlə təmsil edib. Aprelin 27-dək davam edən səfər müddətində uşaqlar müxtəlif sərgilərdə iştirak edib, bayram yürüşünə qatılıblar. Eyni zamanda dərnək üzvləri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Azərbaycanı tanıdaq” adlı tədbirdə iştirak ediblər. 23 aprel münasibəti ilə 3 nömrəli və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Sumqayıt şəhər 1 nömrəli, Quba rayonu, eləcə də Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvləri Türkiyənin müxtəlif şəhərlərində keçirilən şənliklərə qatılıblar.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı