Bilik hərəkatı
Respublika fənn olimpiadaları məqsədinə çatır Başa vurduğumuz həftə ölkə əhəmiyyətli hadisə ilə yadda qaldı: Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. Təhsil naziri Ceyhun Bayramov, millət vəkilləri, bir sıra dövlət qurumları, qeyri-hökumət təşkilatları və təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalılar, münsiflər heyətinin sədrləri və üzvləri, olimpiada qalibləri, təhsil ictimaiyyətinin nümayəndələrinin qatıldığı tədbirdə unudulmaz anlar yaşandı. Xüsusən də onlar üçün. Uğura gedən yolu olimpiadalara hazırlıq və iştirak prosesindən keçən, qalib olaraq önə çıxan yeniyetmələr üçün. Hər biri uğurları ilə həm özünün, həm də təmsil etdiyi ölkənin parlaq gələcəyindən xəbər verir. Necə ki, Mübariz Qarayev Meksikada, Samir Babayev Amerikada, Məsud Əfəndiyev Kanadada və onlarla deyil, yüzlərlə azərbaycanlı olimpiada qalibi ölkəmizdə və onun hüdudlarından kənarda nailiyyətlərini davam etdirirlər. Olimpiada təcrübəsindən böyük qürurla danışan bu bilik qəhrəmanlarının builki davamçıları isə nə az, nə çox, düz 298 nəfərdir. Onlardan 45 nəfər qızıl, 89 nəfər gümüş, 142 nəfər bürünc medal qazanıb. Naxçıvan MR-dən isə builki olimpiadanın 22 qalibi var. Olimpiada bir elm yarışıdır Respublika fənn olimpiadaları ölkənin bütün şəhər və rayonlarının məktəblərini əhatə edən elm yarışıdır. Ümumtəhsil müəssisələrinin 9-11-ci sinif şagirdlərini əhatə edir. Ayrı-ayrı fənlər üzrə xüsusi istedadı olan şagirdlərin aşkarlanması, onların bilik və bacarıqlarının qiymətləndirilməsi, şagirdlərin həmin fənlərə olan maraqlarının artırılması, sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılması məqsədi daşıyır. Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix olmaqla 8 fənn üzrə IX, X və XI sinif şagirdlərinin iştirakı ilə keçirilsə də, yarışda xüsusi istedadı və hazırlığı ilə seçilən 7-8-ci sinif şagirdlərinə də tez-tez rast gəlinir. Ölkə ərzisində fənn olimpiadaları 3 mərhələdə keçirilir. Birinci - rayon (şəhər) mərhələsi yanvar ayında, respublika mərhələsinin yarımfinal turu mart ayında, final turu isə aprel ayında Təşkilat Komitəsi tərəfindən müəyyən edilmiş mərkəzlərdə keçirilir. Olimpiadaların respublika mərhələsinin yarımfinal turunun qalibləri yerli təşkilat komitələri, final turunun qalibləri isə respublika təşkilat komitəsi tərəfindən diplom, tərifnamə, qiymətli hədiyyələr ilə təltif olunurlar. Diplom və medallara final mərhələsinin iştirakçılarının təqribən 50 faizi layiq görülür. Bu mərhələyə yüksəlmiş digər şagirdlərə isə iştirakçı sertifikatı təqdim olunur. Həmçinin, hər fənn üzrə olimpiadaların ən uğurlu şagirdi seçilir və “Birincilərin birincisi” nominasiyası ilə təltif edilir. Artan dinamika Ölkəmizdə keçirilən olimpiadaların 4 ildir artan dinamika ilə inkişafı nəzərdən qaçmır. Belə ki, 4 il öncə bu yarışa 22 min şagird qatılmışdısa, bu il respublika fənn olimpiadalarının birinci-rayon (şəhər) mərhələsində 33 000 nəfərə yaxın şagird iştirak edib. İldən-ilə artan dinamika isə güclənən etimad və böyüyən maraqla izah oluna bilər. Belə ki, olimpiada 3 ildir fərqli qaydalarla müxtəlif formatda keçirilir. Hər il iştirakçıların sayının artması gərgin müsabiqə şəraiti yaradır və kifayət qədər böyük rəqabət mühiti formalaşır. Nəticədə müxtəlif yaş qruplarında olan məktəblilər hər növbəti mərhələyə daha çox hazırlaşır və olimpiadada iştiraka kifayət qədər məsuliyyətlə yanaşırlar. Artım dinamikasının ayrı-ayrı fənlər üzrə də müşahidə olunması olimpiadanın məqsədinə çatdığının göstəricisidir. Demək, şagirdlər arasında ayrı-ayrı fənlərə olan sevgi artır. Beynəlxalq fənn olimpiadalarındakı nəticələrimiz də yaxşılaşır Qeyd etməliyik ki, Respublika fənn olimpiadalarında fəal iştirak ölkəmizin beynəlxalq bilik yarışlarındakı nəticələrinə də təsir edib. 1959-cu ildən keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasında əsasən 100-110 ölkə iştirak edir. Bu yarışda şagirdlərimizin ən böyük qələbəsi 4 bürünc medal olub və bu nəticə ilə yarışa qatılan 104 ölkə arasında Azərbaycan 42-ci yerdə qərarlaşıb. 1967-ci ildən keçirilən Beynəlxalq Fizika Olimpiadasına 80-90 ölkə qatılır. 2017-ci ildə keçirilən yarışda məktəblimiz bir bürünc medal qazanıb. 1968-ci ildən keçirilən Beynəlxalq Kimya Olimpiadasına isə adətən 70-80 ölkə qatılır və onlardan biri, Azərbaycan bu yarışda 4 iştirakçı ilə təmsil olunur. Azərbaycanın sözügedən fənn üzrə ən böyük qələbəsi 2017-ci ildə olub. Kimyadan bilik yarışına qatılan Azərbaycan məktəblisi qızıl medal qazanaraq ölkəsinin 12 il əvvəlki uğurunu təkrarlayıb. 1989-cu ildən keçirilən Beynəlxalq İnformatika Olimpiadasına qatılan 75-80 ölkə arasında Azərbaycanın da adı var. Ölkəmiz bu yarışa 4 nəfər iştirakçı göndərir. Beynəlxalq Biologiya Olimpiadası 1990-cı ildən keçirilir. 65-75 ölkənin qatıldığı biologiya üzrə bilik yarışında da Azərbaycan 4 nəfər iştirakçı ilə təmsil olunur. Onu da qeyd edək ki, beynəlxalq olimpiadalarda təmsil olunan komandalarımız əksər hallarda ən gənc komandalar olur. Tərkibində 7-8-ci sinif şagirdləri də olan komandalarımız nümayiş etdirdikləri biliklə ölkəmizi fərqləndirirlər. Bunun nəticəsidir ki, beynəlxalq olimpiadalarda olan medal sayı ildən-ilə yaxşılaşır. Xatırladaq ki, Azərbaycan məktəbliləri 1994-cü ildən beynəlxalq olimpiadalarda 314 medal qazanıb. Son 5 il ərzində isə məktəblilər ölkəmizə 3 qızıl, 21 gümüş və 85 bürünc medal olmaqla, ümumilikdə 109 medal gətiriblər. Bu da müstəqillik dövründə qazanılan bütün medalların təxminən 35 faizidir. Təkcə fizikadan və kimyadan qızıl, gümüş və bürünc medallar qazanaraq 2017-ci ildə şagirdlərimiz ölkəmizin adının ilk 20 ölkə arasında yer almasına nail olub. Bu nəticə ilə Azərbaycan keçmiş sovet ölkələri arasında yalnız Rusiyadan geri qalıb. Olimpiada qalibləri: min nəfərdən biri “Respublika fənn olimpiadalarının qalibi olmaq hər min nəfərdən biri olmaq deməkdir”, - deyən Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Emin Əmrullayevin sözlərinə görə, onlar ali təhsil müəssisələrinə qəbul imtahanlarında da yüksək nəticə göstərirlər. Qəbul imtahanlarındakı göstəriciləri 2015-ci ildə orta hesabla 637 bal, 2016-cı ildə 643 bal, 2017-ci ildə isə 657 bal olub. Ötən ilin qəbul imtahanlarında olimpiada qaliblərinin bütün fənlər üzrə orta balı 600-dən yuxarı olub. Minimal bal 515 bal olmaqla, 3 nəfər maksimum 700 bal toplayıb. Elə builki qəbul imtahanlarında da olimpiada qalibi olan abituriyentlər arasında 700 bal toplayan şagirdlər var. Belə ki, bütün test suallarına düzgün cavab verərək 700 bal toplayan III ixtisas qrupu üzrə 45 nömrəli tam orta məktəbin şagirdi Elvin Kərimli, 89 nömrəli tam orta məktəbin şagirdi Şayxanım Həsənova, 214 nömrəli tam orta məktəbin şagirdi Leyli Əhmədova və Texniki-Humanitar Liseyin şagirdi Zeynəb Quluzadə olimpiada qalibidirlər. Qeyd edək ki, Elvin Kərimli 2017-2018-ci tədris ilində keçirilən Respublika fənn olimpiadalarında tarix fənni üzrə bürünc medalın, Leyli Əhmədova 2016-cı və 2017-ci illərdə Respublika fənn olimpiadalarında tarix fənni üzrə qızıl medalın sahibidir. Zeynəb Quluzadə isə bu il keçirilən Respublika Fənn Olimpiadasının qızıl medalçısıdır. Zeynəb 2016-cı və 2017-ci illərdə keçirilən fənn olimpiadalarında Azərbaycan dili və ədəbiyyatı fənni üzrə bürünc medal, 2017-ci və 2018-ci tədris ilində isə eyni fənn üzrə qızıl medal qazanıb. Qaliblərin seçimi E.Əmrullayevin sözlərinə görə, qaliblərin seçdiyi ali təhsil müəssisələri arasında Tibb Universiteti ilk sıradadır. Qaliblər tərəfindən Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Ali Neft Məktəbi də ən çox seçilənlərdəndir. İxtisaslara gəlincə, qaliblərin əksəriyyəti tibb ixtisaslarını seçir. Onların seçiminə daxil olan ixtisaslara müalicə işi, hüquqşünaslıq, proseslərin avtomatlaşdırılması mühəndisliyi, biznesin idarə edilməsi, neft-qaz mühəndisliyi ixtisasları başçılıq edir. Olimpiada qalibləri harada yetişir? Olimpiada qaliblərinin uğuru onları yetişdirən məktəblərin də uğurudur. Axı, o şagirdləri bu məktəblər yetişdirib. İlk beşlikdə Fizika, riyaziyyat və informatika təmayüllü lisey, akademik Zərifə Əliyeva adına lisey, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi, akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot sinifləri (İstək - Bakı), Kimya, biologiya təmayüllü lisey sıralanıb. Fizika, riyaziyyat və informatika təmayüllü lisey 6 qızıl, 7 gümüş və 11 bürünc olmaqla 24 medal, akademik Zərifə Əliyeva adına lisey 4 qızıl, 8 gümüş və 7 bürünc olmaqla 19 medal, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi 3 qızıl, 10 gümüş, 13 bürünc olmaqla 26 medal, akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot sinifləri (İstək - Bakı) 3 qızıl və 3 gümüş olmaqla 6 medal, Kimya, biologiya təmayüllü lisey 2 qızıl, 4 gümüş və 4 bürünc olmaqla 10 medal qazanıb. Ümumiyyətlə, Bakı şəhərində yerləşən məktəblər 10 qızıl, 14 gümüş və 28 bürünc olmaqla 52 medala sahib çıxıblar. Sumqayıt şəhərinin şagirdləri isə 2 qızıl, 10 gümüş, 10 bürünc olmaqla 22 medal qazanıblar. Beləliklə də, bu il medalların əksəriyyətini Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin şagirdləri əldə ediblər. Onlar 66 medal olmaqla 13 qızıl, 23 gümüş və 30 bürünc medal qazanıblar. Olimpiadaya regionlarımız çox aktiv şəkildə qoşulub. Gəncə, Şəki, Mingəçevir, Oğuz, Neftçala, Lənkəran, Bərdə, Qazax, Şabran, Zaqatala şəhər və rayonlarından olan şagirdlər də qaliblər cərgəsində yer ala biliblər. Olimpiada qaliblərinə müsabiqədənkənar tələbə olmaq şansı Heç kimə sirr deyil ki, beynəlxalq olimpiya qızılı dünyanın qabaqcıl universitetlərinə qəbul olunmaq deməkdir. Artıq Azərbaycanda da belə bir qayda tətbiq edilə bilər. Olimpiada qaliblərinin bir neçə ildir ki, öz nəticələrini ali təhsil müəssisələrinə qəbul imtahanlarında da doğrultması belə bir qərarın gündəmə gəlməsinə səbəb olub. Bu istiqamətdə nəzərdə tutulan yenilikləri, olimpiada qalibləri ilə bağlı yeni təşəbbüsü təhsil naziri Ceyhun Bayramov çatdırıb. O, mükafatlandırma mərasimindəki çıxışı zamanı açıqlayıb ki, beynəlxalq olimpiada qalibləri istənilən ixtisas üzrə, respublika fənn olimpiadaları qalibləri isə qalib olduqları fənlərə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul edilə bilər. Bu barədə qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi üçün Təhsil Nazirliyində təkliflər hazırlanıb. C.Bayramov bildirib ki, təkliflər artıq aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir. Hazırlanmış təkliflər Milli Məclisə də təqdim olunacaq: “Respublika fənn olimpiadalarının qalibləri çox yüksək hazırlığa malikdirlər. Hazırda dünya fənn olimpiadalarının qalibləri müvafiq ixtisaslara müsabiqədənkənar qəbul oluna bilirlər. Şagirdlərin olimpiadada iştirakını stimullaşdırmaq üçün dünya fənn olimpiadaları qaliblərinin istənilən ixtisas, respublika fənn olimpiadaları qaliblərinin isə qalib olduqları fənn üzrə ali məktəblərə müsabiqədənkənar qəbul olunması onlar üçün stimullaşdırıcı rol oynaya bilər. Buna görə də bu məsələ ilə bağlı təkliflər hazırladıq”. Təhsildə nəticələrin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışarkən, nazir xüsusi istedadlı şagirdlər üçün liseylərin sayının artırılması barədə planlarını da açıqlayıb. Respublika Fənn Olimpiadası bilik hərəkatına çevrildi İldən-ilə olimpiada qalibi olmaq istəyənlərin sayının artması, qalib olanların isə olimpiadadakı nəticələrini başqa imtahanlarda, xüsusən, ali təhsil müəssisələrinə qəbul imtahanlarında da təsdiqləməsi ölkəmizdə keçirilən respublika fənn olimpiadalarına etimadı gücləndirib. Təhsil naziri Ceyhun Bayramovun fikrincə, Prezident İlham Əliyevin bu tədris ilinin əvvəlində Bakı şəhəri 20 nömrəli məktəb-liseyin açılışında etdiyi çıxış zamanı olimpiada nəticələrini xüsusi vurğulaması, bu nəticələri təhsilin keyfiyyətinin vacib amili kimi qeyd etməsi müvafiq sahənin ölkə rəhbərliyi üçün prioritet istiqamət olduğunun bariz göstəricisidir. Təhsil naziri 33 mindən çox şagirdin iştirak etdiyi Respublika fənn olimpiadalarının artıq adi yarış deyil, elm və bilik hərəkatına çevrildiyini vurğulayıb. Nazir bu il Respublika fənn olimpiadalarında əldə edilən 298 medalın 141-nin bölgələrin payına düşdüyünə diqqət çəkərək, Azərbaycanın 50 müxtəlif bölgəsində təhsil alan şagirdlərin olimpiada qalibləri sırasında olduğunu qeyd edib: “Bu göstərici sübut edir ki, Respublika fənn olimpiadaları hər hansı fənn biliyi müsabiqəsi deyil, sözün əsl mənasında, bilik hərəkatıdır”. www.muallim.edu.az
18/05/2018 10:56
Prezident İlham Əliyev Naxçıvan şəhər Qaraxanbəyli inzibati ərazi dairəsində 6 saylı tam orta məktəbin açılışını edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Naxçıvan şəhər Qaraxanbəyli inzibati ərazi dairəsində 480 şagird yerlik 6 saylı tam orta məktəbin açılışında iştirak edib. Dövlətimizin başçısı məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin “Neft Azərbaycanın milli sərvətidir” deyimi yeni yüzillikdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tarixində başqa bir modeldə həqiqətə çevrildi. Azərbaycan Prezidentinin dünya ictimaiyyətinə ünvanladığı “Qara qızılı insan kapitalına çevirmək” mesajı 2003-cü ildən başlayaraq dövlət siyasətinin mühüm tərkib hissəsi oldu. Çünki müasir dünyada hər bir ölkənin gələcəyi təhsilin səviyyəsi ilə ölçülür. Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da təhsildəki nailiyyətlər göz qabağındadır. Bu nailiyyətlər istər bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsində, istərsə də yeni təhsil müəssisələrinin inşasında özünü daha aydın göstərir. Təhsil sahəsi hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycan da bu ölkələr sırasındadır. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək istəyir. Bundan başqa, zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca amil seçib. Prezident İlham Əliyev məktəbdə yaradılan şəraitlə tanış oldu. Məktəbin binası üçmərtəbəlidir. Binada iki kompüter sinfi, 3 elektron lövhəli sinif, fizika, kimya və biologiya laboratoriyaları, 2 şahmat sinfi, hərbi kabinet, 24 ümumi sinif otağı, müəllimlər otağı və idman zalı var. Məktəbin həyətində qazanxana və bufet binası tikilib. Bir sözlə, burada şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olmaq üçün hərtərəfli imkanlar mövcuddur. Son illərdə Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da yeni-yeni təhsil ocaqlarının yaradılması, mövcudlarının əsaslı şəkildə müasir səviyyədə yenidən qurulması dövlət səviyyəsində təhsil sahəsinə olan diqqətin təzahürüdür. Bütün bunlar gələcək nəslin bilikli, savadlı və intellektual səviyyəyə malik bir vətəndaş kimi yetişməsində mühüm rol oynayır. Ümumilikdə, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda təhsilin, elmin inkişafına istiqamətlənən çox mühüm layihələr icra olunub. Təsadüfi deyil ki, son illərdə ölkə ərazisində 3 mindən çox məktəb tikilib, bir çox məktəb binaları üçün yeni korpuslar inşa olunub. Bununla da təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. Bütün bunlar isə Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da təhsilin keyfiyyətinə müsbət təsir göstərib. www.president.az
17/05/2018 09:42
“100 illik tariximiz” adlı rəsm layihəsi
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “100 illik tariximiz” adlı rəsm layihəsi təqdim olunub. Tədbir Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, onun qurucularının dövlətçilik tarixində göstərdikləri misilsiz xidmətlər barədə uşaqların əldə etdikləri bilikləri təkmilləşdirmək, gənc nəsli vətənpərvər ruhda tərbiyə etmək, istedadlı uşaq və gəncləri üzə çıxarmaq məqsədi daşıyıb. Tədbirdə mərkəzin əməkdaşları Nərmin Abdullayevanın rəhbərlik etdiyi “Palitra” və Könül Orucovanın rəhbərlik etdiyi “Buta” dizayn studiyasının gənc rəssamları taxtadan hazırlanmış “Nar” fiqurlarının və böyük “Nar” maketinin üzərində Azərbaycanın 100 il ərzində keçdiyi şərəfli tarixi yolu, ölkəmizin əldə etdiyi nailiyyətləri əks etdirən rəsmlər çəkiblər. Rəna Kərimovanın rəhbərlik etdiyi “Gənc dizayner” dərnəyinin üzvləri isə milli üslubda taxtadan hazırlanmış şəbəkələri rənglərlə bəzəyiblər. Sonda mərkəzin dərnək üzvləri mahnı və rəqs ifa ediblər.
16/05/2018 18:02
Prezident İlham Əliyev Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının açılışında iştirak edib
Prezident İlham Əliyev Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının açılışında iştirak edib. Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi. Azərbaycanda ali təhsilin inkişafı da diqqətdə saxlanılır. Prezident İlham Əliyev ali təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə ciddi tədbirlər həyata keçirir. Ölkədə mövcud olan ali məktəblərin sırası genişləndirilir. Bu sırada Naxçıvan Müəllimlər İnstitutu da mühüm yer tutur. Belə ki, 2003-cü il avqustun 26-da Naxçıvan Müəllimlər İnstitutu kimi fəaliyyətə başlayan bu təhsil ocağı ötən dövrdə öz fəaliyyətini genişləndirib, ali təhsilli kadrların hazırlanması sahəsində bir sıra nailiyyətlər əldə edib. Ötən dövrdə institut ixtisaslı müəllim kadrları ilə də təmin olunub, lazımi tədris şəraiti yaradılıb, maddi-texniki baza gücləndirilib, yeni ixtisaslar açılıb. Bütün bunlar Azərbaycan ali təhsilinin yeni inkişaf mərhələsinin göstəriciləridir. Dövlətimizin başçısının Azərbaycanın ali təhsil müəssisələrinin dünyanın inkişaf etmiş ali təhsil məkanına inteqrasiyasının təmin olunması ilə bağlı tədbirləri bu sahədə yeni keyfiyyət dəyişikliyinin əldə olunmasına şərait yaradıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına məlumat verdi ki, altı mərtəbədən ibarət olan bu ali təhsil ocağında ümumilikdə 23 auditoriya var. Binada 4 kompüter otağı, 16 elektron lövhəli auditoriya, kitabxana və oxu, eləcə də elektron oxu zalları, rəngkarlıq və heykəltəraşlıq emalatxanaları var. Təsviri incəsənət, coğrafiya, musiqi, hərbi, tibb, Azərbaycan dili, ali riyaziyyat və informatika otaqları tələbələrin biliklərinin artırılması üçün bütün zəruri inventarla təchiz edilib. Binada psixologiya laboratoriyası, müəllim və tələbələr üçün bufet də yaradılıb. Tələbələrin ixtiyarına verilən idman zalında müasir qurğular quraşdırılıb. Binada 132 və 20 yerlik iclas zalları da var. Bu zallarda təhsil müəssisəsinin həyatında baş verən əlamətdar hadisələrlə bağlı müxtəlif tədbirlər keçirmək mümkündür. Naxçıvan Müəllimlər İnstitutunun yeni binasında yaradılan şərait bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsil sahəsinin inkişafı istiqamətində atılan addımların nəticəsində muxtar respublikada da böyük işlər görülüb. Bütün bunlar Azərbaycanda insan kapitalının inkişafı istiqamətində dövlətimizin həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir. Bina ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Naxçıvan ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Dövlətimizin başçısı görüşdə çıxış etdi. Prezident İlham Əliyevin çıxışı - İlk növbədə, sizi Müəllimlər İnstitutunun yeni binasının açılışı münasibətilə təbrik etmək istəyirəm. Gözəl binadır, çox gözəl şərait yaradılıb. Memarlıq baxımından da Naxçıvan şəhərini daha da gözəlləşdirir. Bu binanın tikilməsi onu göstərir ki, Naxçıvan uğurla, sürətlə inkişaf edir. Son illər ərzində muxtar respublikada böyük abadlıq-quruculuq işləri görülmüşdür. Naxçıvan Muxtar Respublikası bütün iqtisadi göstəricilərinə görə çox sürətlə inkişaf edən respublikadır. Son 15 il ərzində respublikanın ümumi daxili məhsulu on dəfəyə yaxın artıbdır. Bu, məncə, dünya miqyasında rekord göstəricidir. Bütün uğurlar münasibətilə Naxçıvan Muxtar Respublikasının rəhbərliyini, bütün sakinlərini ürəkdən təbrik etmək istəyirəm. Naxçıvan şəhəri, bütün şəhərlər abadlaşır, gözəlləşir, çox böyük quruculuq, yaşıllaşdırma işləri aparılır. Yol boyunca vaxtilə əkilmiş ağaclar indi böyüyüb, çox gözəl mənzərə yaradır. Binalar təmir olunur, yeni gözəl binalar tikilir. Bir sözlə, Naxçıvanın uğurlu inkişafı hər bir Azərbaycan vətəndaşının istəyinə bağlı olan məsələdir. Çünki Naxçıvan bizim tarixi diyarımızdır, qədim Azərbaycan torpağıdır, tarixi yerdir. Burada yerləşən tarixi abidələr Azərbaycan xalqının istedadını göstərir. Onu göstərir ki, Azərbaycan xalqı əsrlər boyu bu diyarda yaşayıb-yaratmışdır. Naxçıvan strateji yerdə yerləşir, ölkəmizin təhlükəsizliyi, inkişafı üçün xüsusi rol oynayır. Naxçıvanın uğurlu inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər sovet dövründə də daim Naxçıvana böyük diqqət göstərmişdir və o vaxt respublikanın inkişafı üçün çox böyük işlər görülmüşdür. 1990-cı illərin əvvəllərində - Naxçıvan üçün ən ağır illərdə Ulu Öndər naxçıvanlılarla birlikdə burada çox ağır şəraitdə Naxçıvanı böyük bəlalardan qurtara bilmişdir. Biz hamımız o illəri yaxşı xatırlayırıq, bilirik ki, bizim mənfur düşmənlərimizin niyyəti, eyni zamanda, Naxçıvanı da işğal etməkdən ibarət idi. Naxçıvana qarşı onlar silahlı hücumlar təşkil edirdilər. Ancaq naxçıvanlılar Ulu Öndərin ətrafında sıx birləşərək düşmənə layiqli cavab verib onları yerinə oturtmuşlar. O illərdə Naxçıvan üçün və ümumiyyətlə Azərbaycan üçün həlledici məsələlər öz həllini tapmışdır. Ulu Öndərin rəhbərliyi ilə Naxçıvan o ağır illərdən şərəflə çıxa bilmişdir. Ölkəmizin müstəqilliyi işində Naxçıvanın çox böyük rolu olmuşdur. Məhz o illərdə ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin bayrağını Naxçıvanda rəsmi bayraq kimi təsdiq etdi və Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırılmışdı ki, bu bayraq dövlət bayrağı kimi qəbul edilsin. Ancaq o vaxt Azərbaycan rəhbərliyi buna imkan vermədi. O vaxt Naxçıvan “Naxçıvan Muxtar Sovet Sosialist Respublikası” adlanırdı və Ulu Öndərin təklifi ilə bu addan sovet, sosialist sözləri çıxarıldı. Bu, sovet dövründə baş vermişdir. Sovet İttifaqının saxlanmasına dair referendum Naxçıvanda keçirilmədi. Bütün bu işlər böyük cəsarət tələb edirdi. Bütün bu işlər onu göstərirdi ki, Ulu Öndər həmişə müstəqillik arzuları ilə yaşayırdı. Azərbaycanın dövlət müstəqilliyinin təmin edilməsində Ulu Öndərin və naxçıvanlıların çox böyük rolu vardır. Ondan sonrakı dövrdə də Ulu Öndər Azərbaycan Prezidenti kimi həmişə Naxçıvana diqqət, qayğı göstərirdi. Naxçıvana tez-tez səfərlər edirdi. Bu yaxınlarda Ulu Öndərin 95 illiyinə həsr edilmiş təntənəli mərasimdə çıxış edərkən, o cümlədən onun Naxçıvan dövrü haqqında söz açmışdım. Bildirmişdim ki, Heydər Əliyev siyasəti bu gün də Azərbaycanda yaşayır, davam edir, əbədi yaşamalıdır və yaşayacaqdır. Biz bu siyasətin gözəl nəticələrini ölkəmizin hər bir yerində görürük, o cümlədən Naxçıvan Muxtar Respublikasında. Bir daha demək istəyirəm ki, burada aparılan işlər çox yüksək qiymətə layiqdir, çox böyük zəhmət, çox böyük məhəbbət tələb edir. Görürəm ki, bütün işlər böyük məhəbbətlə, böyük zövqlə görülür ki, insanlar üçün yaxşı şərait yaradılsın, Naxçıvan Muxtar Respublikası bundan sonra da uğurla inkişaf etsin. Mən də Ulu Öndərin siyasi xəttinə sadiq qalaraq bütün sahələrdə, o cümlədən Naxçıvana qayğı, diqqət məsələlərində o yolu davam etdirirəm. Bu səfər mənim Prezident kimi Naxçıvana sayca 14-cü səfərimdir. Prezident kimi ilk dəfə Naxçıvana düz 14 il bundan əvvəl – 2004-cü ilin may ayında gəlmişdim. Bu 14 il ərzində Naxçıvanda gedən işləri daim diqqətdə saxlamışam və respublikanın uğurlu inkişafı üçün nə lazımdırsa biz onu da edirik. İlk növbədə, Naxçıvanın təhlükəsizliyi məsələləri ilə bağlı çox böyük işlər görülüb. Siz burada düşmənlə üz-üzə yaşayırsınız, yaradırsınız. Əlbəttə ki, ilk növbədə, Naxçıvan Muxtar Respublikasının uğurlu inkişafı üçün təhlükəsizlik tədbirləri ön planda və prioritet məsələ olmalıdır. Biz bunu belə də qəbul edirik. Naxçıvanın hərbi potensialının gücləndirilməsində böyük işlər görülüb. Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi olan Naxçıvan Ordusu ən müasir silahlar, texnika ilə təchiz edilmişdir. Biz son illər ərzində Azərbaycan Ordusunu böyük dərəcədə gücləndirə bilmişik. Alınan müasir texnikanın demək olar ki, bütün növləri, yaxud da ki, əksər növləri Naxçıvana göndərilir. Naxçıvanın coğrafi yerləşməsinə, relyefinə uyğun şəkildə bütün müasir texnikalar göndərilir. Bu gün Naxçıvan Ordusu böyük qüvvəyə malikdir və düşmənin istənilən təxribatının qarşısını ala bilər və eyni zamanda, uğurlu əks-hücum əməliyyatı keçirə bilər. Naxçıvanda yerləşdirilmiş müasir silahlar, o cümlədən uzaqmənzilli raketlər düşmənin istənilən hərbi hədəfini məhv edə bilər. Yəni, təhlükəsizlik məsələləri tam təmin olunub. Bu məsələ daim diqqət mərkəzindədir. Əlbəttə, bu, imkan verir ki, Naxçıvan uğurla, sürətlə inkişaf etsin. Burada böyük infrastruktur layihələri icra edilibdir. On ildən çoxdur ki, Naxçıvan Muxtar Respublikasının qazlaşdırılması ilə bağlı məsələlər öz həllini tapıb. Qazlaşdırma 100 faiz təmin edilibdir. Biz hələ Azərbaycanın ümumi qazlaşdırılmasını təqribən 93-94 faiz səviyyəsində təmin edə bilmişik, bu ilin sonuna qədər 95 faizə çatacaq. Ancaq Naxçıvan Muxtar Respublikasında artıq on ildən çoxdur ki, qazlaşdırma 100 faiz təmin edilibdir. Elektrik enerjisi ilə bağlı məsələlər öz həllini tapıb. Mənim yadımdadır, 1990-cı illərin əvvəllərində atamın yanına gələrkən qaranlıq içində yaşayırdıq, biz özümüzü şam işığı ilə təmin edirdik. Ulu öndər Heydər Əliyev iş kabinetində neft lampasının işığında işləyirdi. Yəni, biz o günləri yaxşı xatırlayırıq. Bu gün elektrik enerjisi ilə bağlı bütün problemlər həll olunub. Son illərdə 8 elektrik stansiyası tikilib. Hazırda tikilməkdə olan 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyası işə düşəndən sonra Naxçıvan Muxtar Respublikası öz enerji tələbatının 100 faizini bərpaolunan enerji hesabına təmin edəcək. Bu, dünya miqyasında bəlkə də yeganə belə bir hal olacaqdır. Bu gün Naxçıvan elektrik enerjisini ixrac edə bilər. Şadam ki, o cümlədən günəş elektrik stansiyası tikilib, su elektrik stansiyaları tikilir və Naxçıvanın artan sənaye potensialını təmin edəcək güclü elektrik təsərrüfatı yaradılır. Naxçıvanın əhalisi artır, sənaye istehsalı bundan sonra da artacaq. Ona görə bu məsələyə biz daim diqqət göstərməliyik. İçməli su layihələri uğurla icra edilir. Bu gün biz Şərur şəhərinin içməli su layihəsini rəsmi olaraq açdıq. Ondan əvvəl Naxçıvan, Şahbuz, Culfa şəhərlərinin içməli su layihələri başa çatıb. Digər şəhərlərdə işlər gedir və bütün şəhərlərin içməli su-kanalizasiya problemləri həll olunacaqdır. Avtomobil yolları salınır. Hazırda Culfa-Ordubad avtomobil yolu salınır və bu yol şəhərlərarası yollar arasında sonuncu layihədir. Bundan əvvəl bütün digər şəhərlərarası yollar – Naxçıvan-Sədərək, Naxçıvan-Şahbuz, Naxçıvan-Culfa yolları tam təmir olunub, salınıb və istifadəyə verilib. Yəni, bütün bu infrastruktur artıq Naxçıvanın güclü potensialını təmin edir. Sosial məsələlərin həlli, tikilən xəstəxanalar, məktəblər, Olimpiya mərkəzləri, mədəniyyət ocaqları - son illər ərzində görülən bütün bu işlər, əlbəttə ki, respublikanın potensialını artırır. Naxçıvan şəhər xəstəxanası, doğum mərkəzi, müalicə-diaqnostika mərkəzi, bütün şəhərlərin mərkəzi rayon xəstəxanaları tikilib. Yəni, böyük quruculuq işləri aparılır. Əlbəttə, iqtisadiyyatın real sektorunun inkişafına da böyük diqqət göstərilir. Sənaye müəssisələri yaradılır, ixrac imkanları artır, kənd təsərrüfatı uğurla inkişaf edir. Naxçıvan özünü taxılla təmin edir. Qəbul edilmiş son qərarlar kənd təsərrüfatının inkişafına daha da böyük təkan verəcək. Bitkiçiliklə bağlı pivot suvarma sistemlərinin quraşdırılması nəzərdə tutulur. Heyvandarlıqla bağlı süni mayalanma mərkəzi yaradılır ki, potensial daha da böyük olsun. Bildiyiniz kimi, Azərbaycan hazırda Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə ciddi məşğuldur. Azərbaycan ərazisində bu layihə ilə bağlı bütün işlər görülüb. Biz bu layihənin tam başa çatması üçün böyük maliyyə vəsaiti ayırmışıq. Ümid edirəm ki, gələcək üç il ərzində bu layihə tam istifadəyə veriləcəkdir. Hər halda planımız bundan ibarətdir. Belə olan halda Naxçıvan dəmir yolu ilə Azərbaycanın əsas hissəsi ilə birləşəcək və beləliklə, blokadadan, mühasirədən canını qurtaracaqdır. Yəni, bu mühüm işlərin görülməsi bir daha onu göstərir ki, Naxçıvanın çox böyük potensialı var. Bir daha demək istəyirəm ki, burada görülən işlər çox böyük qiymətə layiqdir. Onu da bildirmək istəyirəm ki, bu il Naxçıvan bütün İslam dünyasında artıq özünü göstərəcək. Çünki bu il Naxçıvan “İslam Mədəniyyətinin Paytaxtı” kimi şərəfli adı daşıyır. Bir neçə il bundan əvvəl Bakı bu ada layiq görülmüşdür və biz o vaxt ISESCO-ya müraciət etmişdik ki, biz istəyirik ikinci Azərbaycan şəhəri – məhz Naxçıvan şəhəri bu ada layiq görülsün. Çünki Naxçıvan buna layiqdir. Bilirəm ki, bu gözəl hadisə ilə bağlı təntənəli tədbirlər keçiriləcəkdir, çoxlu qonaqlar gələcəklər, bir daha görəcəklər ki, dünyada belə gözəl məkan var. Gözəl təbiəti, iqlimi, havası, mənzərəsi, binaları və ən önəmlisi, gözəl insanları olan gözəl məkan var - bu məkanın adı Naxçıvandır. Sizi bir daha salamlayıram, bütün uğurlar münasibətilə təbrik edirəm, yeni uğurlar arzulayıram. Sağ olun. X X X İctimaiyyətin nümayəndələri adından çıxış edən Xəzər HÜSEYNOV dedi: -Möhtərəm Prezident. Ötən ilin əvvəlində Naxçıvan Muxtar Respublikasına səfəriniz zamanı qeyd etmişdiniz: “Ulu öndər Heydər Əliyev həmişə Naxçıvana diqqətlə yanaşırdı, problemlərin həlli üçün müvafiq göstərişlər verirdi və böyük qayğı göstərirdi. Mən də bu siyasəti davam etdirirəm”. 2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə Prezident İlham Əliyevi Naxçıvan ictimaiyyəti adından təbrik edən Xəzər Hüseynov bildirdi ki, dövlətimizin başçısının ötən 15 il ərzində muxtar respublikaya 14 dəfə səfər etməsi, 135-dən çox obyektin açılışında iştirakı naxçıvanlıların quruculuq əzmini daha da artırıb. O qeyd etdi ki, hazırda Naxçıvan Muxtar Respublikası Ulu Öndərin arzuladığı kimi uğurlu və hərtərəfli sosial-iqtisadi inkişafını davam etdirir. Xəzər Hüseynov doğma Azərbaycanımızın tərəqqisi naminə müəyyənləşdirilən dövlət siyasətinin həyata keçirilməsində naxçıvanlıların bundan sonra da fəal iştirak edəcəklərini vurğuladı, Naxçıvan Muxtar Respublikasının inkişafına hərtərəfli qayğısına görə Prezident İlham Əliyevə bir daha minnətdarlıqlarını çatdırdı. X X X Sonda xatirə şəkli çəkdirildi. www.president.az
16/05/2018 16:24
“Birincilərin birincisi”
33 minə yaxın şagirdin iştirak etdiyi Respublika fənn olimpiadalarında 298 nəfər qalib elan olunub. Artıq ənənə halını almış məqamlardan biri kimi hər fənndən ölkə üzrə ən güclü şagird “Birincilərin birincisi” nominasiyası üzrə təltif edilib. Riyaziyyat fənni üzrə Emil Qasımov, coğrafiya fənni üzrə Zahir Məmmədzadə, tarix fənni üzrə Vüqar Rufulla, kimya fənni üzrə Ramil Babazadə, Azərbaycan dili və ədəbiyyat fənni üzrə Günay Quliyeva, biologiya fənni üzrə Günel Mahmudova, fizika fənni üzrə Məhəmməd Yusifov, informatika fənni üzrə Ziya Muxtarov “Birincilərin birincisi” nominasiyası üzrə qalib olublar. Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix olmaqla 8 fənn üzrə IX, X və XI sinif şagirdlərin iştirakı ilə keçirilib. Bu mötəbər yarışda xüsusi istedadı və hazırlığı ilə seçilən 7-8-ci sinif şagirdlərindən də IX siniflərlə bərabər öz bilik və bacarığını nümayiş etdirən şagirdlər olub. Respublika fənn olimpiadası Kapital Bankın baş sponsorluğu ilə həyata keçirilir.
16/05/2018 16:13
“eTwinning Plus” layihəsi çərçivəsində seminar
23-25 may 2018-ci il tarixlərində Bakıda “eTwinning Plus” layihəsi çərçivəsində “Təhsildə İKT” mövzusunda seminar keçiriləcək. Seminarda 8 ölkədən - Bolqarıstan, Finlandiya, Fransa, Gürcüstan, Latviya, Malta, Çexiya və Slovakiyadan, həmçinin Azərbaycandan müəllimlər və “eTwinning” layihəsi üzrə nümayəndələr iştirak edəcəklər. Seminar layihədə iştirak edən müəllimlərin bilik və bacarıqlarının artırılması və layihənin Azərbaycanda genişləndirilməsini təmin etmək məqsədi daşıyır. Üç gün davam edəcək seminar çərçivəsində həm xarici, həm də yerli mütəxəssislərin rəhbərliyi ilə İKT-nin təhsilə tətbiqi, layihə əsaslı təhsil və müəllimlərin XXI əsr bacarıqlarını inkişaf etdirəcək müxtəlif təlim və müzakirələr təşkil olunacaq. Qeyd edək ki, “eTwinning Plus” layihəsi çərçivəsində Azərbaycandan indiyədək 244 məktəbdən 660 müəllimin iştirakı ilə 735 təhsil layihəsi həyata keçirilib. Eyni zamanda “eTwinning Plus” layihəsində iştirak edən müəllimlərin pedaqoji bilik və bacarıqlarının artırılması məqsədi ilə onlayn təlimlər, Avropanın müxtəlif ölkələrində seminar və konfranslar təşkil olunur və layihəyə üzv müəllimlər burada iştirak edir. Bu layihə Azərbaycanda 2016-cı ildən etibarən Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən reallaşdırılır.
16/05/2018 15:48
Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi
Mayın 15-də Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə təhsil naziri Ceyhun Bayramov, millət vəkilləri, bir sıra dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalılar, münsiflər heyətinin sədrləri və üzvləri, olimpiada qalibləri, təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Emin Əmrullayev Respublika fənn olimpiadaları nəticələrinin analitik təhlilinə dair təqdimatla çıxış edib. Bildirib ki, olimpiadanın nəticələrinə görə 45 nəfər qızıl, 89 nəfər gümüş, 142 nəfər bürünc olmaqla 276, Naxçıvan MR daxil olmaqla isə 298 nəfər qalib elan edilib. Olimpiada qaliblərini təbrik edən təhsil naziri Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu tədris ilinin əvvəlində Bakı şəhəri 20 nömrəli məktəb-liseyin açılışında etdiyi çıxış zamanı olimpiada nəticələrini xüsusi vurğulaması, bu nəticələri təhsilin keyfiyyətinin vacib amili kimi qeyd etməsi müvafiq sahənin ölkə rəhbərliyi üçün prioritet istiqamət olduğunun bariz göstəricisidir. Təhsil naziri 33 mindən çox şagirdin iştirak etdiyi Respublika fənn olimpiadalarının artıq adi yarış deyil, elm və bilik hərəkatına çevrildiyini vurğulayıb. Nazir qeyd edib ki, bu il Respublika fənn olimpiadalarında əldə edilən 298 medalın 157-si Bakı, 141-i isə digər bölgələrin payına düşür. Ümumilikdə, Azərbaycanın 50 müxtəlif bölgəsində təhsil alan şagirdlər olimpiadanın qalibləri sırasına düşüb. Beynəlxalq olimpiadalarda nəticələrin ildən-ilə yaxşılaşdığını və qısa müddətdə böyük nailiyyətlərin əldə edildiyini vurğulayan təhsil naziri bildirib ki, Azərbaycan məktəbliləri 1994-cü ildən beynəlxalq olimpiadalarda 314 medal qazanıb. Son 5 il ərzində isə məktəblilər 3 qızıl, 21 gümüş və 85 bürünc medal olmaqla ümumilikdə 109 medal qazanıblar ki, bu da müstəqillik dövründə qazanılmış bütün medalların təxminən 35 faizini edir. Olimpiada qalibləri ilə bağlı yeni təşəbbüsün olduğunu diqqətə çatdıran Ceyhun Bayramov bildirib ki, beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, Respublika fənn olimpiadaları qaliblərinin isə qalib olduqları fənlərə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul edilməsinə dair qanunvericilikdə müvafiq dəyişiklik təklifi Təhsil Nazirliyi tərəfindən aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir. Sonra Respublika fənn olimpiadaları iştirakçılarının fikirlərinin və vaxtilə olimpiadalarda iştirak edən, hazırda dünyanın müxtəlif ölkələrində elmi fəaliyyətlə məşğul olan həmyerlilərimizin təbriklərinin yer aldığı videoçarx nümayiş olunub. Sonra Azərbaycan dili və ədəbiyyat fənni üzrə qızıl medalın sahibi, ali məktəblərə qəbul imtahanlarında 700 bal toplayan Bakı şəhəri Texniki-humanitar liseyin 11-ci sinif şagirdi Zeynəb Quluzadə qazandığı uğurlarla bağlı fikirlərini bölüşüb. Tədbirin sonunda olimpiada qaliblərinə mükafatlar təqdim edlib. Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir. Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix olmaqla 8 fənn üzrə IX, X və XI sinif şagirdlərin iştirakı ilə keçirilib. Bu mötəbər yarışda xüsusi istedadı və hazırlığı ilə seçilən 7-8-ci sinif şagirdlərindən də IX siniflərlə bərabər öz bilik və bacarığını nümayiş etdirən şagirdlər olub. Respublika fənn olimpiadaları Kapital Bankın baş sponsorluğu ilə həyata keçirilir.
15/05/2018 18:58
500-ə yaxın tələbə-könüllü “Bakı Marafonu 2018”-ə dəstək verib
Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu-2018”ə öz dəstəyini göstərib. Mart-aprel aylarında “Bakı Marafonu – 2018”-in icraçıları və tərəfdaşları ilə 10 ali təhsil müəssisəsində təqdimatlar keçirilib, 3000-ə yaxın müəllim və tələbəyə marafonun tarixi, qaydaları, qeydiyyat prosesi, marşrutu barədə məlumat verilib. Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının əhatə etdiyi 37 ali və orta ixtisas təhsil müəssisəsindən marafonda iştirak etmək istəyən tələbələr üçün BİR könüllü-koordinatorları vasitəsilə birbaşa çıxış imkanı yaradılıb. Beləliklə, “Bakı Marafonu-2018”də “Bir” Tələbə-Könüllü proqramının 500-ə yaxın tələbə-könüllüsü iştirak edib. Dövlət Bayrağı Meydanından başlayan və Bakı Olimpiya Stadionunda bitən Bakı Marafonunun bütün iştirakçıları tələbə-könüllülərin dəstəyindən faydalanıb. Qeyd edək ki, hazırda 21 ali və 16 orta ixtisas təhsili müəssisələrini əhatə edən proqram 16.000-dən artıq könüllü bazasına sahibdir. Fəaliyyət göstərdikləri iki il ərzində 150-dən çox müxtəlif səviyyəli tədbirləri müşayiət edən könüllülər ölkəmizin 7 regionunda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Lənkəran, Masallı) təmsil olunublar. Proqram tələbələrin karyera imkanlarını qazanmasında, dərsdənkənar asudə vaxtlarının dəyərləndirilməsində, vətəndaş məsuliyyətinin formalaşmasında mühüm rol oynayır.
15/05/2018 14:44
“Yaşıl şəbəkə” - III Ekoloji Forumu keçirilib
Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən “Yaşıl şəbəkə”- “Ekoklub” üzvlərinin III Ekoloji Forumu keçirilib. Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin dəstəyi ilə universitetin akt zalında keçirilmiş forumda Bakı şəhəri üzrə 40 ümumi təhsil müəssisəsində fəaliyyət göstərən 2000 “Ekoklub” üzvü arasından seçilmiş 400 məktəbli iştirak edib. “Yaşıl şəbəkə” devizi altında keçirilən III Ekoloji Forumun əsas məqsədi gənclərin ekoloji hərəkatının və “Ekoklub”lar şəbəkəsinin genişləndirilməsi, məktəblilərin ekoloji biliklərinin artırılması, onlarda ekoloji mədəniyyətin və ətraf mühitin qorunması sahəsində xüsusi bacarıqların formalaşmasından ibarət olub. Forum çərçivəsində “Ekoklub” liderlərinin illik hesabatı dinlənilib, yeni fəaliyyət planları müzakirə edilib və flashmob təşkil olunub. Qeyd edək ki, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər Mərkəzinin təşəbbüsü ilə 2016-cı ildən etibarən hər il “Ekoklub” üzvlərinin ekoloji forumları keçirilir. III Ekoloji Forum, ilk dəfə 1923-cu ildə Bakıda “Təbiəti sevənlər” dərnəyinin yaradılması ilə başlanan gənc təbiətçilər hərəkatının 95 illiyinə həsr olunub. Təhsil Nazirliyinin Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin təşəbbüsü ilə 2015-ci ilin sentyabr ayından Bakı şəhərinin ümumtəhsil məktəblərində yaradılan ekoloji klublarda müasir innovativ təlim texnologiyaları tətbiq olunmaqla yeni ekoloji modul təhsil proqramları tədris edilib. “Ekoklub” üzvləri ekologiyanın əsaslarını öyrənərək, ətraf mühitin qorunması və təbii resursların davamlı istifadəsi sahəsində xüsusi bilik və bacarıqlara yiyələniblər.
15/05/2018 14:11
Prezident İlham Əliyev Bakıda Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binasının açılışında iştirak edib
Bakıda Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binasının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər. Dövlət başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsdilər. Təhsil naziri Ceyhun Bayramov Prezident İlham Əliyevə görülən işlər barədə ətraflı məlumat verdi. Qeyd edildi ki, 2001-ci ildən fəaliyyət göstərən Müasir Təhsil Kompleksi Azərbaycanın ilk özəl təhsil müəssisələrindən biridir. Son illərdə bu təhsil ocağına maraq artıb və nəticədə məktəbə gələn şagirdlərin sayında da böyük artım olub. Bu da təbii ki, təhsilin keyfiyyətinə təsirsiz ötüşməyib və məktəb üçün yeni binanın tikintisi artıq zərurətə çevrilib. Buna görə də məktəb üçün əvvəlkindən daha böyük, müasir və dünya standartlarına uyğun yeni bina inşa edilib. Kompleksdə müasir tələblərə cavab verən yüksək keyfiyyətli maddi-texniki baza yaradılıb. Heydər Əliyev adına Müasir Təhsil Kompleksi indi paytaxtımızın memarlıq baxımından zövq oxşayan ən yaraşıqlı binalarından biridir. Dövlət başçısı və birinci xanım təhsil ocağında yaradılan şəraitlə tanış oldular. Müasir Təhsil Kompleksi şagirdlərin milli dəyərlərə sadiq, yüksək təhsilli, dövrün tələblərinə uyğun bilik və bacarıqlara sahib şəxsiyyət kimi yetişmələri üçün hər cür şərait yaradır. Məktəbin foyesində ümummilli lider Heydər Əliyevin abidəsi qoyulub. Məlumat üçün qeyd edək ki, xalqımızın ümummilli lideri Heydər Əliyev 2001-ci il sentyabrın 1-də bu kompleksin təntənəli açılışında iştirak edib. Elə o vaxtdan bu təhsil ocağı Ulu Öndərin açılış mərasimində verdiyi tövsiyələrə əsaslanaraq uğurla çalışır. Məktəbdə Heydər Əliyev guşəsi də yaradılıb. Müxtəlif fotostendlər, əyani vəsaitlər ulu öndər Heydər Əliyevin siyasi irsinin və zəngin dövlətçilik fəaliyyətinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Kompleksdə Prezident İlham Əliyevin təhsilə diqqət və qayğısını əks etdirən guşə də yaradılıb. Təhsil ocağı üç hissədən - uşaq bağçası, orta ümumtəhsil məktəbi və orta məktəbdən ibarətdir və onların hər birində üç bölmə - Azərbaycan, rus və ingilis bölmələri fəaliyyət göstərir. Ən müasir avadanlıqla təchiz olunan funksional bina tədrisin keyfiyyətli təşkili üçün hər cür şəraitə malikdir. Kompleksin akt zalında isə təhsillə bağlı müxtəlif tədbirlərin keçirilməsi üçün bütün imkanlar var. Sinif otaqlarının, fənn kabinetlərinin hamısı ən müasir tələblər səviyyəsində qurulub. Şagirdlərin nəzəri biliklərinin fizika, kimya və biologiya laboratoriyalarında tətbiqi üçün də zəruri avadanlıq quraşdırılıb. Kompleksin əsas məqsədlərindən biri sağlam təhsil mühiti yaratmaq və şagirdlərin hərtərəfli inkişafını təmin etməkdir. Məktəbdə dərslər şagirdlərin mükəmməl təhsili ilə yanaşı, həmçinin onların sosial və mənəvi inkişafına da yönəldilib. Qarşıya qoyulan məqsədlərdən biri də təhsil sistemində bilikli şagird yetişdirməklə yanaşı, onların həm də sosial həyata hazırlanmasını təmin etməkdir. Elə bu məqsədlə də “Sosial-fəal məktəb” konsepsiyasını əsas götürən Heydər Əliyev adına Müasir Təhsil Kompleksində sosialyönümlü şəxsin yetişdirilməsi üçün lazımi mühit yaradılıb. Bu model şagirdlərin istənilən şəraitə sərbəst və tez uyğunlaşması, sosial həyatlarının daha maraqlı və zəngin olmasına imkan yaratmaqla yanaşı, hər bir şagirdin fərdi qabiliyyətinin və potensialının üzə çıxarılmasına kömək edir. Məktəbdə Olimpiada qrupları, Şagird Elmi Cəmiyyəti, Şagird Parlamenti fəaliyyət göstərir. Şagirdlər olimpiadalarda, bilik yarışlarında yüksək yerlər qazanırlar, konfranslarda uğurla çıxış edirlər. Bu təhsil ocağında ən qabaqcıl, yüksəkixtisaslı müəllimlər fəaliyyət göstərirlər. İngilis bölməsində dərslər “Cambridge” proqramı əsasında keçirilir. “Cambridge” Checkpoint vasitəsilə müəllimlər şagirdlərin davamlı inkişafını qiymətləndirir, onların güclü və ya zəif cəhətlərini müəyyən edirlər. Proqramı bitirən şagirdlərə dünyanın bütün ölkələrində tanınan və yüksək səviyyədə qiymətləndirilən IGCSE sertifikatları verilir. Məktəbdə zəngin kitabxana da fəaliyyət göstərir. Kompleksin açıq idman meydançaları isə yüksək standartlara uyğun şəkildə qurulub. Müasir dünyada hər bir ölkənin gələcəyi təhsilin səviyyəsi ilə ölçülür. Təhsildəki nailiyyətlər hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycanda son illər təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər bu sahəyə dövlətin böyük önəm verdiyini göstərir. Təbii sərvətlərlə zəngin olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə etməklə insan kapitalının yaradılması və daha da inkişaf etdirilməsini başlıca hədəf seçib. Buna görə də neft gəlirləri Azərbaycanda həm də təhsilin, elmin inkişafına yönəldilib. Heydər Əliyev adına Müasir Təhsil Kompleksində yaradılan şərait isə bir daha təsdiqləyir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təhsil islahatları uğurlu nəticələr verir. Bu da şagirdlərin yüksək səviyyədə təhsil almalarına, onların elmin sirlərinə daha dərindən yiyələnmələrinə hərtərəfli imkanlar açır. Dövlətimizin başçısı və birinci xanım kompleksin bağçasında yaradılan şəraitlə də tanış oldular. 112 yerlik bağçada uşaqların gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hərtərəfli şərait yaradılıb. Burada qruplar yaradılarkən müasir təlim-tərbiyə qaydaları rəhbər tutulub. Uşaqların istirahəti və əyləncəsi üçün geniş imkanlar açılıb. Bağçada balacaların intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanacaq. Qeyd edək ki, ölkəmizdə təhsilin inkişafında, onun maddi-texniki bazasının möhkəmlənməsində Heydər Əliyev Fondunun da müstəsna xidmətləri var. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramları və digər layihələri bu sahənin inkişafında mühüm rol oynayıb. Həmin proqram və layihələrin uğurlu olmasını şərtləndirən əsas amillərdən biri də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu məsələləri daim diqqətdə saxlamasıdır. Müasir Təhsil Kompleksində yaradılan şərait həm də onu göstərir ki, Azərbaycanda təhsilin və elmin inkişafına ən yüksək səviyyədə dövlət qayğısı var. Çünki dövlətin yürütdüyü siyasətin prioritetlərindən biri də insan kapitalının daha da inkişaf etdirilməsidir. Bu baxımdan təhsil sahəsinə qoyulan investisiyalar mühüm əhəmiyyət kəsb edir. www.president.az
15/05/2018 12:49
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı