I sinfə qəbul üzrə 57 minə yaxın sorğu yerləşdirilib
2018-2019-cu tədris ili üçün Bakı, Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonunun ümumi təhsil müəssisələrinin I sinfinə elektron sistem vasitəsi ilə şagird qəbulu davam edir. Mayın 23-nə olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsi ilə I sinfə qəbul üçün ümumilikdə 57 minə yaxın sorğu yerləşdirilib. Belə ki, Abşeron rayonu üzrə 5589, Gəncə şəhəri üzrə 3752, Sumqayıt şəhəri üzrə 5227 nəfərin sorğusu qeydə alınıb. Həmin bölgələr üzrə I sinfə gedəcək şagirdlərin sayının 17 873 nəfər olacağı proqnozlaşdırılır. Elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 41 701 sorğu yerləşdirilib. Onlardan 38263-ü ümumi təhsil məktəblərini, 3438-i isə lisey və gimnaziyaları seçib. I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin www.mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. Məktəbəhazırlıq qrupunda təhsil alan uşaqlar üçün sistem tərəfindən təhsil aldığı məktəb və müəllim avtomatik seçilib. Belə ki, məktəbəhazırlıq qruplarındakı 8000-dən çox uşaq avtomatik I sinfə qəbul üzrə qeydə alınıb. Bu da həmin şəhər və rayonlar üzrə I sinfə gedəcək şagirdlərin 60 faizi deməkdir. Bakı şəhəri üzrə isə məktəbəhazırlıq qruplarındakı 24 000-dən çox uşaq avtomatik I sinfə qəbul üzrə qeydə alınıb. Bakı, Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonu üzrə ərizələrin onlayn qeydiyyatı 15 sentyabr 2018-ci il tarixədək davam edəcək. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhərinin hər inzibati rayonunda, Gəncə şəhəri üzrə 5, Sumqayıt şəhəri üzrə 4, Abşeron rayonu üzrə 6 məktəbdə I sinfə elektron sistem vasitəsi ilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək üçün yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə (http://baku.edu.gov.az/az/page/276) müraciət edə bilərlər. Həmçinin I sinfə şagird qəbulu prosesində qeydiyyat və sənəd qəbulu prosesində araşdırmaya ehtiyac olan məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə 6, Gəncə və Sumqayıt şəhərinin, Abşeron rayonunun hər biri üzrə 1 ümumi təhsil müəssisəsində Apelyasiya komissiyaları fəaliyyət göstərir. Qeyd edək ki, fevralın 22-dən Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların, eləcə də Bakı şəhərindəki dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start verilib. 2018-2019-cu tədris ilində elektron sistem vasitəsilə uşaqların I sinfə qəbulu barədə ətraflı məlumatı videotəlimatdan almaq mümkündür (https://www.youtube.com/watch?v=KRMGV9hTHq8). I sinfə elektron sistem vasitəsi ilə şagird qəbulu haqqında məlumatlar: http://edu.gov.az/az/page/522
23/05/2018 16:09
Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsinin qalibləri açıqlanıb
Mayın 23-də Təhsil Nazirliyi tərəfindən elan olunan təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsinin yekunu ilə bağlı brifinq keçirilib. Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev brifinq iştirakçılarına məlumat verərək bildirib ki, müsabiqə dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilib. Müsabiqəyə ümumi təhsil müəssisələri və fərdi kateqoriya üzrə ümumilikdə 850 layihə təklifi daxil olub. Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında ümumi təhsil müəssisələri kateqoriyası üzrə 41, fərdi kateqoriya üzrə 125 layihənin dəstəklənməsini məqsədəuyğun sayıb. Müsbət qərar verilən 166 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib. Ümumilikdə 45 rayon və şəhər üzrə ümumi təhsil müəssisəsi və müəllim qalib gəlib. Qalib layihələri olan ən fəal rayon və şəhərlər Bakı, Gəncə, Sumqayıt, Beyləqan, Quba, Balakən, İsmayıllı, Lənkəran və Şəmkirdir. Brifinqdə bildirilib ki, müsabiqə üzrə layihə təklifləri fevralın 14-dən martın 16-dək qəbul edilib. Müsabiqədə layihəsi qalib olmayan şəxslər 25 may 2018-ci il saat 18:00-dək grants@edu.gov.az elektron poçt ünvanına layihənin kateroqiyası, adı, layihə rəhbərinin adı və əlaqə nömrələrini göndərərək apellyasiya müraciəti edə bilərlər. Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir. Müsabiqə müasir təhsil müəssisələrinin dövlət-ictimai uğurlu idarəetmə modellərinin aşkarlanması, dəstək verilməsi, pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, zəruri tədris-metodiki bazanın, məktəbdə metodik xidmət sisteminin təkmilləşdirilməsi, müasir texnoloji infrastukturun formalaşması və inkişafı, istedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi, eləcə də sağlamlıq imkanları məhdud uşaqların təhsil alması üçün xüsusi imkanların və şəraitin yaradılması, psixoloji xidmətin təşkili və effektivliyinin artırılması, tədrisin keyfiyyətinin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq edilməsi, tədrisdə xüsusi distant texnologiyaların istifadə sistemlərinin inkişafı və ümumi təhsilin yeni məzmununu ehtiva edən kurikulumlarla (təhsil proqramları) iş prosesində müasir təlim texnologiyalarının tətbiqi, təhsil və maarifçilik xarakterli tədbirlərin təşkili ilə bağlı mövzular üzrə keçirilib. Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb. Hər iki kateqoriya üzrə müsabiqə qaliblərinin siyahısı: Ümumi təhsil müəssisələri kateqoriyası üzrə müsabiqə çərçivəsində qalib gəlmiş layihələr haqqında məlumat Fərdi kateqoriya üzrə müsabiqə çərçivəsində qalib gəlmiş layihələr haqqında məlumat
23/05/2018 15:40
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş bilik yarışması
Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Keçmişimiz, bugünümüz, gələcəyimiz!” mövzusunda intellektual bilik yarışmasının üçüncü – final mərhələsi keçirilib. Bilik yarışmasında məcburi köçkün rayonlarının Bakıda yerləşən ümumi təhsil müəssisələrinin məktəbliləri iştirak edib. Final mərhələsinə rayon mərhələsinin 64 komandası arasından seçilmiş 90 şagirddən ibarət 15 komanda qatılıb. Hər bir raundda 5 komanda olmaqla 15 komanda arasında 3 oyun keçirilib. Hər oyunda “Azərbaycan tarixi”, “Azərbaycan coğrafiyası” və “Həyat bilgisi” fənlərindən 4 sual olmaqla 12 sual təqdim edilib. Qiymətləndirmə 1 bal sistemi ilə aparılıb. Yarışın nəticəsinə görə Şuşa rayon Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin “Qartal” komandası III, Şuşa rayon 6 nömrəli tam orta məktəbin “Pənahabad” komandası II, Xocavənd rayon 2 nömrəli tam orta məktəbin “Mübariz” komandası I yerə layiq görülüb. Qalib komandaların hər bir üzvü diplom və medallarla təltif olunub. I, II və III yerləri tutan komandalara isə diplom və yarışın kuboku təqdim edilib. Yarışın keçirilməsində məqsəd gənc nəslin xalqımızın tarixi, mədəniyyəti, incəsənəti, təbii sərvətləri haqqında biliklərini artırmaq, bu sahədə uşaqları elmi axtarışlara sövq etmək, istedadlı uşaq və gəncləri aşkar etmək, məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.
23/05/2018 11:18
Təhsil naziri BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəsi ilə görüşüb
Mayın 22-də təhsil naziri Ceyhun Bayramov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycan Respublikasındakı Nümayəndəsi Furio de Angelislə görüşüb. Görüşdə Azərbaycanda məskunlaşmış qaçqınların cari vəziyyəti, onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlər və təhsil sahəsində gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
22/05/2018 19:10
Tvinninq layihəsi çərçivəsində görüş
14-18 may 2018-ci il tarixlərində avropalı ekspertlər Avropa Komissiyasının Tvinninq proqramının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində Azərbaycana səfər edib. Tvinninq layihəsinin “Səriştəyə əsaslanan yanaşmanın əhatə olunması məqsədi ilə seçilmiş Milli Təhsil Standartlarının yenidən müəyyənləşdirilməsi” adlı birinci komponenti çərçivəsində ölkəmizə səfər edən nümayəndə heyətinin tərkibində Avropa İttifaqı üzv ölkəsi üzrə layihə rəhbəri Bruno Kurval, qısamüddətli ekspertlər Jan-Lyuk Lambole, İnqa Yuknite-Petreykiyene və Qunta Kinta olublar. Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin əməkdaşları ilə keçirilmiş görüşlərdə ekspertlər öz ölkələrinin səriştə əsaslı təhsil proqramlarının hazırlanması və təlim nəticələrinin müəyyən edilməsi sahələrindəki təcrübələrini bölüşüblər. Ekspertlər Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Dövlət Universitetində olub, hər iki ali təhsil müəssisəsinin rəhbərliyi ilə görüşüb, həmin universitetlərdə müvafiq təhsil proqramlarının hazırlanmasında iştirak edən əməkdaşlarla geniş fikir mübadiləsi aparıblar. Qeyd edək ki, layihənin əsas məqsədi Azərbaycanın ali təhsil sistemini səriştəyə əsaslanan təhsil yanaşmasına uyğunlaşdırmaqla daha da inkişaf etdirməkdən, eləcə də tələbəyönümlü təhsil sisteminə və təlim nəticələrinə əsaslanan yanaşmaya keçidi dəstəkləməkdən ibarətdir. İki il ərzində həyata keçiriləcək layihənin icrasına cari ilin aprel ayında başlanılıb. Layihənin icrasına Fransa, Latviya və Litvanın müvafiq qurumları və ekspertləri cəlb olunub.
22/05/2018 15:40
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş yarış
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş 14-16 yaşlı idmançılar arasında cüdo idman növü üzrə “Təhsil” Respublika İdman Mərkəzinin respublika birinciliyi keçirilib. Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən yarışa 9 çəki dərəcəsi üzrə 200-ə yaxın idmançı qatılıb. Yarışların açılış mərasimində idman ictimaiyyətinin nümayəndələri iştirak edib, Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri konsert proqramları ilə çıxış ediblər. Birincilikdə I yeri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin, II yeri Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin və III yeri “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin komandaları tutub. Qaliblər kubok və diplomla təltif edilib. Yarışın keçirilməsində məqsəd milli dövlətçilik ənənələri barədə şagirdləri məlumatlandırmaq, perspektivli idmançıları aşkar etmək, müvafiq yaş qrupları üzrə yığma komandaları formalaşdırmaq və idmançıların oyun təcrübəsini artırmaqdan ibarət olub.
22/05/2018 12:10
Salyan müəllimləri “Bizim müəllim” layihəsində
Təhsil Nazirliyi Azərbaycanın bütün bölgələrində fəaliyyət göstərən, peşəkarlığı ilə seçilən müəllimlərin media təqdimatını davam etdirir. “Bizim müəllim” layihəsinin növbəti təqdimatı Salyan rayonunda fəaliyyət göstərən müəllimlərə həsr olunur.
22/05/2018 11:22
“Davamlı inkişaf: problemlər və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans
Mayın 21-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünə həsr olunan “Davamlı inkişaf: problemlər və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. Təhsil Nazirliyi və UNEC-in birgə təşkilatçılığı ilə keçirilən konfransda çıxış edən universitetin rektoru Ədalət Muradov SABAH qruplarının Azərbaycanın ali təhsil sistemində insan kapitalının formalaşdırılması baxımından uğurla həyata keçirən bir model olduğunu bildirib. Konfransın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmasının əhəmiyyətini vurğulayan rektor həmin dövrün bütün sahələrinin məhz ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə geniş tədqiq olunduğunu bildirib. Təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünün dövlət səviyyəsində qeyd edilməsinin əhəmiyyətindən danışıb. Ölkənin davamlı sosial-iqtisadi inkişafının təmin edilməsinin dövlətin qarşıya qoyduğu prioritetlərdən biri olduğuna diqqət çəkən nazir müavini bu sahədə əldə olunan uğurlardan söz açıb, bir çox göstəricilər üzrə Azərbaycanda davamlı inkişafın təmin edildiyini bildirib. Firudin Qurbanov yeni təhsil modellərinin yaranmasının zəruriliyini vurğulayaraq “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”da qeyd olunan məqsədlərin SABAH qrupları layihəsinin fəaliyyətində əks olunduğunu bildirib. SABAH qrupları İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə UNEC-in SABAH qruplarının tələbələrinin uğurlarından danışıb. Bu universitetin SABAH qruplarının ilk məzunlarının 56 faizinin yerli və xarici universitetlərdə magistraturaya qəbul olunduğunu qeyd edən Şahin Seyidzadə bunun yüksək göstərici olduğunu vurğulayıb. Konfransda UNEC-in SABAH qruplarının gənc müəllimləri Aqil Əzizov və Qənirə İbrahimova “SDG in Azerbaijan”, IV kurs tələbəsi İlkin Rüstəmzadə isə “İmpact of institutions on economic behaviour” movzularında çıxış ediblər. Konfrans işini plenar iclaslarda davam etdirib.
21/05/2018 15:42
Təhsil naziri Xızı şəhərində vətəndaşları qəbul edib
Mayın 21-də təhsil naziri Ceyhun Bayramov Xızı şəhərindəki Heydər Əliyev Mərkəzində Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayon sakinlərini qəbul edib. Qəbuldan əvvəl təhsil naziri Ceyhun Bayramov və Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov Heydər Əliyev Mərkəzində ümummilli liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. Qəbulda vətəndaşlar müəllimlərin işə qəbulu və yerdəyişməsi, müddətli əmək müqaviləsi əsasında çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması və digər məsələlərlə əlaqədar müraciət ediblər. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq struktur bölmələrinə və yerli təhsili idarəetmə qurumlarına tapşırıqlar verilib, əksər məsələlər isə yerindəcə həllini tapıb.
21/05/2018 14:48
Şagirdlərimizin 2 elmi layihəsi ABŞ-da xüsusi mükafata layiq görülüb
13-18 may 2018-ci il tarixlərində Amerika Birləşmiş Ştatlarının Pittsburq şəhərində Intel Fondunun təşkil etdiyi Beynəlxalq Elm və Mühəndislik Sərgisi keçirilib. Beynəlxalq sərgiyə dünyanın 75 ölkəsindən 1800-dən çox məktəbli qatılıb. Azərbaycanı bu nüfuzlu müsabiqədə cari ilin fevral ayında ölkə üzrə keçirilən “Sabahın alimləri” müsabiqəsinin qalibləri - akademik Zərifə Əliyeva adına liseyin şagirdləri Əliağa Abdullayev və Adnan Bünyatov fizika-astronomiya bölməsi üzrə, Cavid Hüseynzadə və Ceyla Hüseynzadə kompüter elmləri, Fidan İbrahimova biologiya, Bakı şəhəri 238 nömrəli tam orta məktəbin şagirdi Məhəmməd Hacıyev ekologiya və ətraf mühitin idarə olunması bölmələri üzrə layihələrlə təmsil ediblər. Layihələrdən ikisi - akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi Cavid Hüseynzadə və həmin liseyin IX sinif şagirdi Ceyla Hüseynzadənin “TreLop” layihəsi proqramlaşdırma sahəsində mükəmməl layihə kimi Oracle Akademiyasının 5000 ABŞ dolları məbləğində mükafatına, liseyin X sinif şagirdləri Əliağa Abdullayev və Adnan Bünyatovun “Neftin fiziki-kimyəvi xassələrinin dəyişdirilməsində elektromaqnit sahəsinin rolu” mövzusunda elmi layihəsi “BMT-nin dayanıqlı inkişaf hədəfi” nominasiyasında YUNESCO-nun nəzdində Ukrayna Milli Mərkəzi - Kiçik Elmi Akademiyası tərəfindən 1000 ABŞ dolları məbləğində mükafata layiq görülüb. Dünyanın ən böyük şagird elmi müsabiqəsi hesab olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisini adətən “Kiçik Nobel mükafatı” müsabiqəsi də adlandırırlar. Təsadüfi deyil ki, 20-dən çox Nobel mükafatı laureatı hələ məktəb illərində bu müsabiqədə iştirak edib və qalib olublar. Qeyd edək ki, müsabiqənin ən böyük mükafatı olan 75 min ABŞ dolları məbləğində “Qordon Mur” mükafatının sahibi avstraliyalı məktəbli Oliver Nikols olub. 1997-ci ildən keçirilən sərgiyə qatılmaq üçün hər il müxtəlif ölkələrdən 7 milyona yaxın məktəbli müraciət edir. Ölkəmizi bu sərgidə təmsil edən məktəblilər “Sabahın alimləri” müsabiqəsində seçilir. Cari ilin fevral ayında təşkil olunan müsabiqənin ölkə turunda ümumtəhsil məktəblərində təhsil alan 528 şagird 336 layihə ilə iştirak edib. İştirakçıların 40 faizini region məktəbliləri təşkil edib, 150 layihə sırasında fərdi layihələrin sayı 41, kollektiv layihələrin sayı isə 109 olub. Bu il münsiflər heyəti tərəfindən 79 şagirdin hazırladığı 46 layihə 8 kateqoriya üzrə seçilib. I yerə 12 şagird (7 layihə), II yerə 28 şagird (15 layihə), III yerə 39 şagird (24 layihə) layiq görülüb. Əvvəlki illərdən fərqli olaraq, bu il münsiflər heyətinin tərkibinə fransalı mütəxəssis də cəlb olunub.
21/05/2018 11:03
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı