“Azərbaycan Xalq Cümhuriyyəti və təhsil” müsabiqəsinin qalibləri mükafatlandırılıb
İyunun 28-də “Azərbaycan müəllimi” qəzeti və “Bank of Baku”nun birgə təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti və təhsil” mövzusunda ümumtəhsil məktəblərinin müəllimləri arasında keçirilən yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olub. Mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov, “Bank of Baku”nun İdarə Heyətinin sədri Eldar Həmidov, münsiflər heyətinin üzvləri, qaliblər və KİV təmsilçiləri iştirak edib. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, yazı müsabiqəsinin keçirilməsində məqsəd Azərbaycan Xalq Cümhuriyyətinin əldə etdiyi uğurlar, Azərbaycanın dövlətçilik və müstəqillik tarixində oynadığı müstəsna rol, həyata keçirilən böyük islahatları göstərməkdir. Müsabiqənin Azərbaycan Xalq Cümhuriyyətinin təhsil sahəsindəki fəaliyyətinə həsr olunduğunu qeyd edən nazir müavini tədbirin ilk müstəqil respublikamızın bu sahədə atdığı addımların öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Bildirilib ki, yazıların təqdim edilməsi üçün ayrılmış bir ay müddətində Təşkilat Komitəsinə 305 yazı daxil olub. Müsabiqəyə 47 şəhər və rayonun müəllimləri qatılıb. Seçimin nəticələrinə əsasən iki yazı I, iki yazı II, üç yazı III yerlərə layiq görülüb, 8 yazı həvəsləndirici mükafat alıb. Nazir müavini qalibləri təbrik edib, onlara gələcək fəaliyyətində uğurlar arzulayıb. “Bank of Baku”nun İdarə Heyətinin sədri Eldar Həmidov Cümhuriyyət dəyərlərinin öyrənilməsi və təbliğ olunması baxımından müsabiqənin əhəmiyyətindən danışıb, qalibləri təbrik edib, bankın Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində icra etdiyi onlarla layihə arasında bu layihənin xüsusi yer tutduğunu, cəmiyyətimiz üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bank rəsmisi qurumun sosial yönümlü layihələrə hər zaman həvəslə maliyyə dəstəyi verdiyini də xüsusilə diqqətə çatdırıb. Daha sonra çıxış edənlər müsabiqənin Azərbaycan Xalq Cümhuriyyəti dövründə aparılan təhsil islahatlarına öz münasibətlərini, təhsilimizin bugünkü inkişafı ilə bağlı rəy və mülahizələrini bildirmələrinə imkan yaratdığını bildiriblər. Sonda qaliblərə və münsiflər heyətinə müsabiqə təşkilatçıları tərəfindən diplom, hədiyyə və pul mükafatları təqdim olunub.
28/06/2018 17:54
Təhsil naziri Britaniya Şurasının Azərbaycan Nümayəndəliyinin rəhbərliyi ilə görüşüb
İyunun 28-də təhsil naziri Ceyhun Bayramov fəaliyyətinin başa çatması münasibətilə Britaniya Şurasının Azərbaycan Nümayəndəliyinin direktoru xanım Elizabet Uayt və Azərbaycan Nümayəndəliyinin yeni təyin olunmuş direktoru Samr Şah ilə görüşüb. Görüşdə Təhsil Nazirliyi və Britaniya Şurası arasında təhsil sahəsində mövcud olan əlaqələrin cari vəziyyəti və yüksək inkişafı haqqında danışılıb. Nazir, xanım direktorun ölkəmizdəki fəaliyyətini yüksək qiymətləndirib və ona öz təşəkkürünü bildirib. Xanım Uayta Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə və Azərbaycan – Böyük Britaniya təhsil əlaqələrinin genişləndirilməsinə verdiyi töhfələrə görə Təhsil Nazirliyinin Fəxri fərmanı təqdim edilib. Öz növbəsində Elizabet Uayt Azərbaycandan xoş təəssüratlarla ayrıldığını qeyd edib və ölkəmizdəki fəaliyyəti dövründə ona göstərdiyi dəstəyə görə nazir Ceyhun Bayramova minnətdarlığını bildirib. Sonda nazir Samr Şaha ölkəmizdəki və Elizabet Uayta gələcək fəaliyyətində uğurlar arzu edib.
28/06/2018 16:00
Təhsil Nazirliyi sualları canlı yayım vasitəsi ilə cavablandıracaq
İyunun 29-da saat 11:00-da “Təhsil” televiziyasının “Həftənin sualı” verilişi Təhsil Nazirliyinin “Facebook” sosial şəbəkəsindəki səhifəsi üzərindən canlı olaraq yayımlanacaq. Canlı yayımda Cəsarət Valehovun qonağı Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə olacaq. Verilişdə iyulun 2-dən müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilməsindən danışılacaq, müsabiqənin mərhələləri, vakant yerlərin seçimi və bu mövzuda digər suallara aydınlıq gətiriləcək. Mövzuya uyğun sualları canlı yayım zamanı şərhlər bölməsinə yaza bilərsiniz.
28/06/2018 13:27
"Sağlam təhsil-sağlam millət" layihəsi üzrə mükafatlandırılma mərasimi
İyunun 28-də Təhsil Nazirliyində "Sağlam təhsil - sağlam millət" layihəsi üzrə fəaliyyət göstərən müəllimlərin və bir qrup əməkdaşın mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, layihənin rəhbəri Şamil Süleymanlı və KİV nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə açan "Sağlam təhsil - sağlam millət" layihəsinin rəhbəri Şamil Süleymanov layihənin əhəmiyyətindən danışıb, bu istiqamətdə görülən işləri vurğulayıb. Bildirilib ki, hazırda Bakı və Sumqayıt şəhərlərində 38 məktəbin 168 sinfində “Sağlam təhsil - sağlam millət" layihəsi tətbiq edilir. İl ərzində 3 dəfə olmaqla “Sağlam təhsil” siniflərinin müəllimlərinə tibbi-gigiyenik, pedaqoji, psixoloji, sosioloji təlimlər keçirilib. Şagirdlərin sosiallaşma bacarıqlarının artırılması məqsədi ilə müxtəlif tədbirlər təşkil edilib. Eyni zamanda Təhsil İnstitutunun və Azərbaycan Tibb Universitetinin mütəxəssis heyəti tərəfindən “Sağlam təhsil” siniflərində monitorinqlər aparılıb. Təhsil nazirinin müavini Firudin Qurbanov layihə iştirakçılarını təbrik edib, layihənin məqsədinin fiziki-psixi və mənəvi sağlam, yüksək təlim və yaradıcılıq nailiyyətlərinə malik Azərbaycan vətəndaşının, qlobal dünyaya hazır olan nəslin yetişdirilməsi olduğunu diqqətə çatdırıb. Təhsil Nazirliyinin müvafiq layihə çərçivəsində əhəmiyyətli işlər həyata keçirdiyindən danışan nazir müavini qeyd edib ki, tədris prosesində akademik biliklərin əldə edilməsi heç bir şəkildə gənc nəslin, şagirdlərin sağlamlığı hesabına baş verməməlidir. Bu isə layihənin kökündə duran əsas məramdır. Firudin Qurbanov bildirib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsilin keyfiyyətinə və əhatəliliyinə qoyulan yeni tələblər təhsil sistemi anlayışına baxışı da yeniləyib. Dəyişən dünyada tədris prosesi də dəyişilməli və inkişaf etməlidir. “Sağlam təhsil-sağlam millət” layihəsi də gənc nəslin bu dəyişikliklərə daha hazırlıqlı olması zərurətindən irəli gəlib. Tədbirin sonunda 16 nəfər ibtidai sinif müəlliminə, layihənin pedaqoji, tibbi-gigiyena, psixologiya, sosiologiya blokunun nümayəndələrinə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təşəkkürnaməsi” təqdim edilib.
28/06/2018 13:17
"Bəbirləri mühafizə edək!" ekoloji yay düşərgəsi
20-22 iyun tarixlərində Lerik rayonunda "Bəbirləri mühafizə edək!" adlı ekoloji yay düşərgəsi təşkil edilib. Düşərgədə Lerik rayonunun Hamarmeşə, Günəşli, Qosmalian, Rvarud, Tikəband, Çayrud, Vistən, Nuravud və digər kəndlərindən 30 məktəbli iştirak edib. Yay düşərgəsinin əsas məqsədi Qafqaz bəbirinin məskunlaşdığı təbii areallara yaxın yerlərdə yaşayan gənclərin bu nadir növ haqqında məlumatlandırılması və onun mühafizəsi işinin təbliği, şagirdlərin məktəb yaşlarından ətraf mühit sahəsində maarifləndirilməsi, təbiətə qarşı rəğbət və qayğı hissinin formalaşdırılmasıdır. Düşərgədə məktəblilər bəbirlərin həyat tərzi, yayıldığı ərazilər və təbiətdəki rolu haqqında geniş məlumatlar əldə edib, bu nadir canlı növünün qorunması mövzusunda seminarlarda, müxtəlif ekoloji tədqiqat və müsabiqələrdə, ekosistem və biomüxtəlifliklə əlaqədar bilik yarışlarında iştirak ediblər. Layihə IDEA İctimai Birliyi, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Respublikası Gənclər Fondu və Ümumdünya Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə keçirilib. Qeyd edək ki, IDEA İctimai Birliyinin təşəbbüsü ilə ətraf mühit və biomüxtəliflik mövzusunda düşərgələr 2014-cü ildən etibarən hər il təşkil edilir. Bu müddət ərzində düşərgələrdə Salyan, Neftçala, Goranboy, Samux, Qax, Şəki, Masallı, Cəlilabad, Yardımlı, Lənkəran, Astara, Göygöl və Lerik rayonlarından ümumilikdə 400-ə yaxın məktəbli iştirak edib.
25/06/2018 15:33
Şagirdlərimiz beynəlxalq olimpiadadan 6 medal qazanıblar
19-24 iyun tarixlərində Yunanıstanın Rodos adasında keçirilən yeniyetmələrin 22-ci Balkan Riyaziyyat Olimpiadasında (JBMO) məktəblilərimiz 3 gümüş və 3 bürünc medal qazanaraq növbəti uğura imza atıblar. Bununla da azərbaycanlı şagirdlər 6 medal qazanaraq 100 faizlik nəticə göstəriblər. Komanda hesabında 113 bal toplayan şagirdlərimiz 2010-cu ildən bəri ən yaxşı ümumi nəticə nümayiş etdiriblər. Olimpiadada “İstək” liseyinin şagirdi Murad Ağayev, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri Abutalıb Namazov, Fərid İsmayılov gümüş, 220 nömrəli tam orta məktəbinin şagirdi Yusif Qasımov, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri Fidan Babayeva, Rəşad Musayev bürünc medal qazanıblar.
25/06/2018 11:00
Olimpiadada fərqlənənlərin fərqləndirilməsi
Onların ali məktəblərə müsabiqədənkənar qəbulu təhsildə keyfiyyətin yüksəldilməsinə yönəlib Respublika Fənn Olimpiadaları qalibləri növbəti dərs ilindən ali məktəblərə müsabiqədənkənar qəbul ediləcək. Bu, “Təhsil haqqında” Qanuna edilən dəyişiklikdən sonra mümkün olacaq. İyunun 12-də Milli Məclisin plenar iclasında qəbul edilən dəyişikliklər paketi Prezidentin təsdiqindən sonra qüvvəyə minəcək. Sözügedən dəyişiklik qanunun 29.0.45.-ci maddəsinə əsasən həyata keçiriləcək. Qanunun həmin maddəsində təhsil sisteminin işçiləri üçün dövlət təltiflərini, fəxri adları müəyyənləşdirmək, elmi, pedaqoji fəaliyyəti və yaradıcılığı ilə seçilən təhsilverənlər və yüksək akademik nailiyyətləri ilə fərqlənən təhsilalanlar, o cümlədən Respublika Fənn Olimpiadalarının qalibləri üçün təltiflər, mükafatlar təsis etmək və digər həvəsləndirici tədbirlər görmək nəzərdə tutulub. Deputatlar nəyə etiraz edir? Qanun layihəsinin müzakirəsi zamanı deputatlar arasında ciddi fikir ayrılığı müşahidə edilib. Hətta sözügedən dəyişiklik deputatların etirazına da səbəb olub. Etiraz edənlər fikrini bu dəyişikliyin ayrı-seçkiliyə səbəb olacağı, şəffaflığın pozulmasına gətirib çıxaracağı, hətta xoşagəlməz hadisələrə meydan açacağı ilə izah ediblər. Məsələn, Milli Məclisin deputatı Qənirə Paşayeva Respublika Fənn Olimpiadaları qaliblərinin tamamilə imtahandankənar ali məktəbə qəbul olunması ilə bağlı müddəaya yenidən baxmağı zəruri sayıb. O, bunu qəbulla bağlı məktəblilər arasında ayrı-seçkilik kimi qiymətləndirib. Qənirə Paşayevaya Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə də dəstək verib: “İmkanlı ailələr övladlarını hər yerdə oxutmağa vəsait tapa bilərlər, amma imkansız ailələrin savadlı uşaqlarının təhsil almasına gedən yol qəbul imtahanlarından keçir”. O qeyd edib ki, olimpiadada qalib gələnlər elə imtahanı da verib universitetə qəbul oluna bilərlər: “Mənə elə gəlir ki, biz bu sistemi pozmaqla hansısa xoşagəlməz hadisələr üçün imkanlar yaradırıq. Ya sistemdə köklü dəyişikliklər etməliyik, ya da buna toxunmamalıyıq. İmkan verməliyik ki, hamı ədalətli prinsiplərlə imtahanları verib, öz biliyi ilə universitetə daxil olsun”. Maraqlıdır, “ədalət prinsipi”nin pozulacağına dair bu narahatlıq hardan və nədən qaynaqlanır? Ümumiyyətlə, narahatlığa əsas varmı? Ən önəmlisi, bu dəyişikliyi zərurətə çevirən nədir? Təhsil Nazirliyi təşəbbüs göstərib Sözügedən dəyişiklik Təhsil Nazirliyinin təşəbbüsüdür. Qurum beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas, respublika fənn olimpiadaları qaliblərinin isə qalib olduqları fənlərə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul edilməsinə dair qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi üçün təkliflər hazırlayıb. Təhsil naziri Ceyhun Bayramov nazirliyin qərarını belə izah edib: “Mövcud qanunvericiliyə əsasən, beynəlxalq fənn olimpiadalarının qalibləri Azərbaycan ali təhsil müəssisələrinə öz ixtisaslarına uyğun qəbul olunmaq imkanı əldə edirlər. Halbuki beynəlxalq fənn olimpiadalarında qalib olmaq çox yüksək göstəricidir. Ona görə də bu nailiyyəti göstərən gəncə istənilən universiteti və ixtisası seçməkdə məhdudiyyət qoymağı ədalətli hesab etmədik. Bununla həm də istedadlı gənclərin olimpiadalara olan marağını artıracağımızı düşündük. İkinci bir məsələ, “Təhsil haqqında” qanunda Respublika Fənn Olimpiadaları ilə bağlı norma nəzərdə tutulmurdu. Bu dəyişiklik də uzun təhlillərə əsaslanır. Belə ki, 2015, 2016 və 2017-ci illərin olimpiada qaliblərinin ali təhsil müəssisələrinə qəbul zamanı göstərdikləri statistik rəqəmləri araşdırdıq. Gördük ki, 8 fəndən minimum orta bal coğrafiya olimpiadasında qalib yer tutanların nəticəsində özünü göstərib. 2017-ci ildə onların orta balı 648 bal, riyaziyyat üzrə yer tutanların isə 676 bal olub. Olimpiada qaliblərinin orta göstəriciləri 656 bal civarındadır. Bu da ona dəlalət edir ki, Respublika Fənn Olimpiadalarında təsadüfi şagird yer tutmayıb. Bu, çox ciddi yarışdır və ancaq yaxşıların yaxşısı seçilir”. C.Bayramov olimpiadaların təşkilində həyata keçirilən islahatlardan da danışıb: “2014-cü ildən başlayaraq, beynəlxalq formata uyğun kifayət qədər əsaslı dəyişikliklər etdik. Qeyd edim ki, bizdə fənlərin sayı daha genişdir, nəinki Azərbaycanın da iştirak etdiyi dünya fənn olimpiadalarında”. Təhsil naziri bu təşəbbüsdə nazirliyin məqsədini açıqlayaraq deyib: “Ancaq biz də onları motivasiya etməliyik. Çünki bir çox halda belə faktların da şahidi oluruq ki, IX sinifdə olimpiadada iştirak edənlər yuxarı siniflərdə bilik yarışlarına qatılmaqda maraqlı olmurlar. Ali təhsil müəssisələrinə hazırlığa üstünlük verirlər. Ancaq olimpiadada qazandıqları uğurların da nəzərə alınacağından əmin olsalar, qatılmaqda tərəddüd etməzlər. Bunu nəzərə alaraq Respublika Fənn Olimpiadalarının qaliblərinə də ali təhsil sisteminə müsabiqədənkənar qəbul olunmaq şansı verməyi qərara aldıq. Ancaq Respublika Fənn Olimpiadalarının mükafatçıları dünya fənn olimpiadaları qaliblərindən fərqli olaraq, qalib olduqları fənnə uyğun ixtisas seçə biləcəklər. Ölkə başçısı təsdiq etdikdən və qanun qüvvəyə mindikdən sonra qaydalar hazırlanacaq. Həmin qaydalarda hər xırda ayrıntı müəyyən ediləcək. Məsələn, fizikadan Respublika Fənn Olimpiadası qaliblərinin hansı ixtisaslara imtahansız qəbul oluna biləcəyi dəqiq göstəriləcək. Həmin ixtisaslardan heç biri olimpiada qalibinin istəyinə uyğun deyilsə, imtahanlara qatılaraq arzuladığı ixtisas uğrunda mübarizəyə qatıla biləcək”. DİM də dəstəkləyib Təhsil Nazirliyinin qanun layihəsində əksini tapan həmin dəyişikliyini Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə də dəstəkləyib. O bildirib ki, DİM Təhsil Nazirliyinin olimpiada qaliblərinin ali məktəblərə müsabiqədənkənar qəbuluna dair qanunvericiliyə dəyişiklik təklifinə müsbət rəy verib: “Olimpiadaların qalibləri qəbul imtahanlarında yüksək nəticə göstərirlər. Bunu nəzərə alaraq qanunvericilikdə nəzərdə tutulan dəyişikliklərə müsbət yanaşırıq”. Olimpiada hərəkatında artan dinamika Respublika Fənn Olimpiadaları sadəcə statistik nəticələri ilə dövlət qurumları arasında etimad qazanmayıb. Ölkəmizdə böyük olimpiada təcrübəsi olub. Ancaq son bir neçə ildə olimpiada hərəkatında ildən-ilə artan dinamika müşahidə edilir. Bu isə güclənən etimad və böyüyən maraqla izah oluna bilər. Bəs, bu etimadı yaradan səbəb nədir? Təbii ki, olimpiadaların təşkilində təhsil naziri C.Bayramovun da vurğuladığı dəyişiklik və ədalət prinsipinin pozulmaması. 3 ildir fərqli qaydalarla müxtəlif formatda Respublika Fənn Olimpiadaları şəffaf və ədalətli keçirildiyi üçün, sözün əsl mənasında, böyük hərəkata çevrilib. İldən-ilə nüfuzu artdıqca da iştirakçılarının sayı çoxalır. Nəticədə artan iştirakçı sayı gərgin müsabiqə şəraiti yaradır və kifayət qədər böyük rəqabət mühiti formalaşır. Beləliklə, müxtəlif yaş qruplarında olan məktəblilər hər növbəti mərhələyə daha çox hazırlaşır və olimpiadada iştiraka kifayət qədər məsuliyyətlə yanaşırlar. Artım dinamikasının ayrı-ayrı fənlər üzrə də müşahidə olunması olimpiadanın məqsədinə çatdığını göstərir. Demək, şagirdlər arasında ayrı-ayrı fənlərə olan sevgi artır. Dəyişiklik təhsilimizə nə verəcək? Beləliklə, dəyişikliklərin əksini tapdığı qanun qüvvəyə mindikdən sonra olimpiadaların təşkili daha da canlanacaq. Bu dəyişiklik ayrı-seçkiliyə deyil, əksinə, güclü rəqabət mühitinin formalaşmasına səbəb olacaq. Hansısa xoşagəlməz hadisələr üçün imkanlar yaradacağı barədə narahatlığa, ümumiyyətlə, əsas yoxdur. Bunu indiyədək aparılan müşahidələr də təsdiq edir. Olimpiada qaliblərinin öz nəticələrini ali təhsil müəssisələrinə qəbul imtahanlarında da doğrultması hər hansı ədalətsiz qərar ehtimalını aradan qaldırır. “Təhsil haqqında” qanunda edilən dəyişikliyin olimpiadalara marağı artıracağı şagirdlər arasında da şübhə doğurmur. Olimpiada qalibi, Təhsil Nazirliyinin tabeliyindəki fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunu Şəmistan Lətifov deyir: “Qanunda edilən dəyişiklik olimpiadalarda “partlayış” yaradacaq. Bir neçə il əvvəl 22 min nəfərə qədər şagird olimpiadada iştirak etmişdi. Bu il 33 min nəfər qatıldı. Qanunda edilən bu dəyişiklikdən sonra olimpiadalarda iştirak faizi sürətlə yüksələcək”. Təhsildə keyfiyyət artacaq Həvəslənib olimpiada hərəkatına qoşulan şagirdlərin sayının çoxalması təhsildə keyfiyyətin artmasında mühüm rol oynayacaq. Axı, olimpiadalar, sadəcə fənlərə sevgi yaratmır. Şagirdlərdə dərs prosesində, ya da qəbul imtahanlarına hazırlaşarkən formalaşmayan bəzi vərdişlər formalaşdırır. Elə götürək test üsuluna münasibətdə irəli sürülən iddiaları. İndiyə qədər ali təhsil müəssisələrinin rəhbərləri, müəllimləri müsahibələrində bir məqamı xüsusi vurğulayırlar ki, ali məktəbə qəbul olunanlar fikrini ifadə etməkdə çətinlik çəkir, yazılı və şifahi cavablar verərkən axsayırlar. Test üsulu ilə qəbul imtahanları onları əzbərçiliyə alışdırır və fənni mənimsəmək yerinə suallara cavabları əzbərləməklə qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanırlar. Tələbə adını ən yüksək bal toplayaraq qazananların çox olmasına baxmayaraq, indiyədək magistraturaya qəbulda yüksək göstərici müşahidə edilməməsini də abituriyentlərin əzbərçiliyinin təsdiqi kimi qiymətləndirənlər çoxdur. Tələbələrin semestr imtahanlarını belə test üsulu ilə verməkdə israrlı olmaları da məhz bununla izah edilir ki, onlar qəbula hazırlaşarkən fənləri mənimsəmir, sadəcə, sualların cavablarını əzbərləyirlər. Bütün bu iddialar təhsil ictimaiyyətinin tez-tez müzakirəyə çıxardığı fikirlərdir. Respublika Fənn və Beynəlxalq olimpiadaların iştirakçısı və qalibi olan, fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunu Mehdi Ağacanov da deyilənlərlə razıdır: “Müəllim məsələ verdi. Məsələni dərhal həll etdim. Ancaq sinifdəki başqa uşaqlardan heç kim həll edə bilmədi. Nəticədə müəllim onlara düstur verdi və həmin düsturu əzbərləmələrini tapşırdı”. M.Ağacanov olimpiadalara hazırlığın qəbul imtahanlarına hazırlıqdan fərqləndiyini deyir: “Bu ikisi tamamilə fərqlidir. Qəbul imtahanı olimpiadadan fərqləndiyi kimi, hazırlıq da fərqlənir. Hətta müəllimlər də iki qrupa bölünür. DİM-in proqramı əsasında ali təhsil müəssisələrinə qəbul imtahanlarına hazırlaşdıran müəllimlər və fənni mənimsədən müəllimlər ayrılır. Fənni öyrədən müəllimlərin yanına heç kim getmir. İndiki vəziyyətdə qəbul imtahanlarına hazırlaşdıran müəllimlər daha çox şöhrət qazanıblar. Məsələn, fizika üzrə şagird hazırlayan müəllimin yanına heç kim getmir. Çünki o, fizikanı öyrədir, məsələlər həll etdirir”. Dəfələrlə olimpiada qalibi Ağacan Mehdiyev fərqi belə izah edir: “Qəbul imtahanında əsas məsələ cavab kartında səhv etməməkdir. Bir də yaxşı əzbərləmək lazımdır. Olimpiadaya hazırlaşmaq isə həll yolları öyrənməkdir. Bəzən olimpiadada qarşına elə məsələlər çıxır ki, bildiyin, sınaqdan çıxardığın yollar işə yaramır. Onda o məsələnin həlli yolunu özün tapmalı olursan. Ona görə də, həmin çətinliklə qarşılaşana qədər çoxlu məsələ həll etməlisən. Məsələ həll etməyin yollarını mənimsəməlisən”. Olimpiadalarda qərar verməyi bacaran nəsil yetişəcək Beləliklə, olimpiadalara hazırlıq şagirdlərin sadəcə fənlərə olan marağını artırmayacaq, məktəblilər fənni daha yaxşı mənimsəyəcək, ayrı-ayrı mövzular üzərində çalışmağı, tədqiqat aparmağı, ən çətin vəziyyətlərdən çıxmağı öyrənəcəklər. Bunları olimpiadaya hazırlaşan hər şagirdin öyrənməsi təhsildə keyfiyyətə xidmət edəcək. Ayrı-ayrı ixtisas sahələri üzrə məntiqli, dünyagörüşlü, çətin vəziyyətlərdən çıxmağı bacaran şagirdlər ortaya çıxacaq. Yəni, təhsil məqsədinə, müasir təhsil proqramı hədəfinə çatacaq. Məktəblərimizdə bacarıqlı, nəzəriyyəni təcrübədən keçirmiş, məsələlər üzərində düşünməyi, qərar verməyi, hətta risk etməyi bacaran idarəedici şagirdlər yetişəcək. İstədiyimiz də bu deyilmi? “Azərbaycan müəllimi” qəzeti
22/06/2018 17:55
Azərbaycan elm və təhsilinin Avropaya inteqrasiyası müzakirə olunub
İyunun 22-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda “Azərbaycan elm və təhsilinin Avropaya inteqrasiya olunmasında GEANT şəbəkəsinin rolu” mövzusunda tədbir keçirilib. AMEA, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi “EaPConnect” layihəsini, onun imkanlarını və Azərbaycanda elm və təhsilin inteqrasiyasına töhfəsini təqdim etmək, eyni zamanda, AzScienceNet ilə Azərbaycan Təhsil Şəbəkəsi (AzEduNet) arasında əməkdaşlıq haqqında müqavilə imzalamaqdır. AMEA-nın prezidenti Akif Əlizadə çıxış edərək tədbirin Azərbaycan elm və təhsili üçün böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb, dünyada davam edən ümumi inkişaf tendensiyalarına uyğun olaraq, ölkəmizdə də yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşdırılmasının qarşıya məqsəd qoyulduğunu vurğulayıb. Akademik ölkəmizin yaxın gələcək üçün inkişaf istiqamətlərini müəyyənləşdirən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da bu məsələlərin prioritetlər sırasında əksini tapdığını qeyd edib. AzScienceNet ilə AzEduNet arasındakı işgüzar əlaqələrdən söz açan akademik bu əməkdaşlıq çərçivəsində artıq ölkəmizin 13 ali məktəbinin AzScienceNet şəbəkəsinə qoşulduğunu, hazırda digər ali məktəblərdə bu istiqamətdə işlərin davam etdirildiyini bildirib. Təhsil naziri Ceyhun Bayramovun “Təhsildə İKT və Azərbaycan təhsil şəbəkəsi” mövzusunda məruzəsi dinlənilib. Nazir qeyd edib ki, biliklər iqtisadiyyatı və innovasiyalar dövründə təhsilin inkişafı ölkənin rəqabət qabiliyyətliliyinin vacib göstəricilərindən birinə çevrilir. Nazir təhsil sahəsində informasiya texnologiyalarının zəruriliyini şərtləndirən əsas amillərdən birinin İKT vasitələri ilə tədrisin keyfiyyətinin yüksəldilməsi olduğunu bildirib. Qeyd olunub ki, təhsildə İKT-nin tətbiqinə dair ölkə rəhbərliyi tərəfindən müvafiq proqramlar qəbul olunub və uğurla həyata keçirilir. Nazir çıxışında ölkəmizdə təhsil sisteminin informatlaşdırılması, elektron dərslik, vasitə və resursların geniş tətbiq sahələrindən, təhsil müəssisələrinin kompüter avadanlığı ilə təmin olunmasından danışıb. Ölkəmizdə son illər uğurla həyata keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsi, yerdəyişməsi, tələbə transferi, birinci siniflərə qəbul kimi layihələr məhz İKT-nin geniş tətbiqinə əsaslanır. Nazir İKT sahəsində kadr hazırlığından danışıb, son illər bu sahəyə müraciət edənlərin sayında artım olduğunu diqqətə çatdırıb. Daha sonra çıxış edənlər, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev İKT sahəsində Avropa ölkələri ilə əməkdaşlıqdan, bu sahədəki perspektivlərdən, Azərbaycanda elm və təhsilin inteqrasiyası istiqamətində görülən işlərdən danışıblar. Avropa Birliyinin EaPConnect layihəsinin rəhbəri Mariya Minarikova tədbirdə GEANT və EaPConnect layihəsi barədə geniş təqdimat edib. AMEA-nın akademik-katibi Rasim Əliquliyev rəhbərlik etdiyi qurumun AzScienceNet elm kompüter şəbəkəsinin inkişaf tarixi, qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Çıxışlardan sonra AMEA İnformasiya Texnologiyaları İnstitutu ilə Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Sənədi AMEA-nın prezidenti Akif Əlizadə və təhsil naziri Ceyhun Bayramov imzalayıblar. Müqavilədə Avropa Birliyinin EaPConnect layihəsi çərçivəsində göstərdiyi dəstəyin Azərbaycanın elm və təhsil müəssisələri tərəfindən səmərəli istifadəsinin təmin edilməsi, ölkənin ali təhsil müəssisələrinin Avropanın elm və təhsil qurumları ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, Azərbaycanda elm və təhsilin inteqrasiyasının təmin edilməsi, EaPConnect layihəsi çərçivəsində GEANT Şəbəkəsinə qoşularaq institutun əldə etdiyi genişzolaqlı şəbəkə xidmətlərinin ölkənin ali təhsil müəssisələrinin istifadəsinə təqdim edilməsi məsələləri əksini tapıb.
22/06/2018 16:32
Təhsil naziri Asiya İnkişaf Bankının Direktorlar Şurasının nümayəndə heyəti ilə görüşüb
İyunun 21-də təhsil naziri Ceyhun Bayramov Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurasının nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan və AİB arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, ölkəmizdə təhsil sahəsində aparılan islahatlar barədə qonaqlara ətraflı məlumat verilib.
22/06/2018 10:59
Əhəmiyyətli dəyişikliklər ili
Təhsil Nazirliyi hesabat verərək hədəflərini açıqladı Təhsil Nazirliyi 2017-ci ildə gördüyü işlərə dair hesabat verib. Artıq 3-cü ildir ki, təşkil edilən hesabat tədbirində sadəcə görülən işlərdən deyil, nəzərdə tutulan planlardan da danışılıb. 2017-ci ildə görülən işlərlə bağlı Təhsil İnstitutunun direktor əvəzi, Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev məlumat verib. O, təhsildə inkişafı ayrı-ayrı istiqamətlər üzrə təhlil edib. 3 parametr - təhsilin əhatəliliyi, təhsilin keyfiyyət göstəriciləri və bərabər imkanlar üzrə təhlil aparan şöbə müdiri bütün istiqamətlərdə müsbət dinamikanın müşahidə olunduğunu bildirib. Təhsilin əhatəliliyi Məktəbəqədər hazırlıq təhsilin gələcəyini müəyyən edən faktorlardan biridir. Bir neçə il əvvəl bu sahədə başqa ölkələrdən çox geridə qalan Azərbaycanda sıçrayış xarakterli inkişaf dinamikası müşahidə olunub. Bu inkişafdan nəinki Azərbaycanda, o cümlədən beynəlxalq tədbirlərdə maraqlı təcrübə olaraq bəhs edilib. Birinci sinfə cəlb olunmada əhatəlilik də son 5-6 ildə yaxşılaşıb. E.Əmrullayevin sözlərinə görə, indiyədək ölkəmizdə uşaqların məktəbə tez başlamaları ictimai mübahisə doğursa da, əslində, məktəbə gec getmək problem yaradır. O, təqdimatında məktəbə gec və ya tez gedənlərin təhsil göstəricilərinə diqqət yetirib. Belə ki, 2004-cü ildə məktəbə qəbul edilən I sinif şagirdlərinin nəticələrinin təhlili aparılıb. Dövlət İmtahan Mərkəzindən (DİM) əldə edilən rəqəmlərin müqayisəli təhlili nəticəsində məlum olub ki, məktəbə gec başlayan uşaqların cəmi 33 faizi məktəbi müvəffəq qiymətlərlə bitirə bilib. Qalanlarının isə buraxılış imtahanlarında ən azı 1 fəndən “2” qiymət aldığı müəyyən edilib. Məktəbə bir il gecikən uşaqlarda müvəffəqiyyət göstəricisi 51 faiz təşkil edib. Bu göstərici məktəbə vaxtında gələn uşaqlarda 59 faiz, məktəbə 3-4 ay tez gələn uşaqlarda isə 65 faiz təşkil edib. Rəqəmlərdən o da görünür ki, ölkəmizdə uşağın məktəbə başlamasında gecikmələr azalıb. Məsələn, 2012-ci ildə 6 yaşdan yuxarı uşaqların məktəbə gec getməsi halları 12 faiz təşkil edirdisə, 2017-ci ildə bu rəqəm 6 faiz olub. Elektron qaydada həyata keçirilən qəbul isə valideynlərə işin vaxtında planlaşdırılmasına imkan verib. Nəticədə bu layihə əvvəlcə Bakı şəhərində həyata keçirilirdisə, artıq coğrafiyası genişləndirilib. Kiçik məktəblər hamıya oxumaq imkanı verir Azərbaycanda kiçik məktəblərin sayı çoxdur. 4500-ə qədər məktəbin yarıdan çoxunda şagird sayı 200 nəfərdən az, 1500 məktəbdə şagird isə 100 nəfərdən azdır. Qısa müddət ərzində az vəsait xərcləməklə yerlərdə kiçik məktəblərin quraşdırılması təhsilin daha da əlçatan olmasına xidmət edir. Son dövrlərdə ictimaiyyət arasında ən çox müzakirə olunan məsələlərdən biri də şagirdlərin müxtəlif maraq və meyillərinin nəzərə alınmasıdır. E.Əmrullayev bildirib ki, X-XI siniflərdə 17 fənn tədris olunur. Ancaq təmayülləşmə nəticəsində şagirdlərin meyil və maraqların nəzərə alınmaqla, yəni fənlərin sayı azaldılmaqla dərslərin təşkili mümkün olur. 2017-2018-ci dərs ilində 27 mindən artıq şagird özünün maraq dairəsinə uyğun siniflərə cəlb olunub: “Biz bunun nəticələrini bu il keçirilən qəbul imtahanları yekunlaşdıqdan sonra ölçə biləcəyik. İnanırıq ki, şagird maraq göstərdiyi fənlərə daha çox saat ayırırsa, nəticələri aşağı olmamalıdır”. İstedadlı uşaqlarla iş sahəsində də böyük nailiyyətlər qazanılıb. Xüsusən, son 5 ildə ciddi islahatlar aparılıb. E.Əmrullayevin fikrincə, bu sahədə işin ən uğurlu nümunəsi Respublika Fənn Olimpiadalarıdır. Təkcə onu demək kifayətdir ki, olimpiadalarda iştirakçı sayı 2014-cü illə müqayisədə 5 dəfə artıb. Peşə-ixtisas təhsili sahəsində həm əlçatanlıq, həm əhatəlilik baxımından müsbət dinamika müşahidə olunur. Bu da özlüyündə IX və XI sinfi bitirənlərin hər hansı ixtisas əldə edərək bazara çıxmasını təmin edəcək. Ali təhsillə əhatəlilik səviyyəsinin BMT-nin insan inkişafı indeksində nəzərə alınan faktorlardan olduğunu bildirən E.Əmrullayev deyib ki, müstəqillik dövründə ən çox tələbə məhz son 5 ilin payına düşüb. Təhsilin keyfiyyəti E.Əmrullayev təhsilin keyfiyyət dəyişikliyini təsdiq edən faktları sadalayarkən ölçülə bilən, rəqəmlərlə ifadə oluna bilən göstəricilərə əsaslanıb: “PIRLS qiymətləndirilməsində dünyanın 60-a yaxın təhsil sistemi iştirak edir. IV sinfi bitirən şagirdlərin oxu bacarıqlarını ölçən bu qiymətləndirmənin mahiyyəti ondan ibarətdir ki, ölkələr özünü müqayisə edə bilsin. 2011, 2016-cı illərdə olmaqla, artıq 2 dəfə bu qiymətləndirmədə iştirak etmişik. Ölkəmizin bu qiymətləndirməyə üçüncü dəfə 2021-ci ildə də qatılacağı təsdiqlənib”. İştirak etdiyimiz və artıq nəticəsi bəlli olan iki qiymətləndirmənin müqayisəsi göstərib ki, aşağı nəticə göstərənlərin payı 10 faiz azalıb, yüksək və mükəmməl nəticə göstərən şagirdlərin orta səviyyəsi 2 dəfə artıb: “Ümumilikdə, 18 faiz şagirdin yüksək və mükəmməl nəticə göstərməsi kifayət qədər müsbət tendensiyadır”. Təhsilin keyfiyyəti ilə bağlı növbəti indikator beynəlxalq olimpiadalardır. Müxtəlif beynəlxalq olimpiadalara qatılan azərbaycanlı şagirdlər oradan əliboş qayıtmayıblar. 2013-2017-ci illər ərzində dünya fənn olimpiadalarında göstəricilərimiz davamlı olaraq artıb. Keçən il uzun fasilədən sonra ilk dəfə olaraq azərbaycanlı şagird qızıl medal da əldə edib: “Son 5 il ərzində qazanılan 109 medal müstəqillik əldə edilən dövrdə qazanılan medalların üçdə biridir”. E.Əmrullayev bildirib ki, 2017-ci ildə ali məktəbə qəbul imtahanında orta bal 2012-ci ilə nisbətən 62 bal artaraq 177-dən 239-a yüksəlib. O əlavə edib ki, 2017-ci ilin qəbul imtahanlarında cari ilin məzunlarının 44 faizi 200 baldan az toplayıb. Ancaq bu göstərici əvvəlki illərdə məzun olmuş abituriyentlərdə 65 faiz olub: "Lakin 200-dən yuxarı bal toplayanların çəkisinin illər üzrə dinamikasına baxdıqda bu faizin əhəmiyyətli dərəcədə artdığını görmək olar. Əvvəl 35 faiz idisə, hazırda 51 faizdir və biz 16 faizlik dəyişiklikdən danışırıq. Sevindirici haldır ki, hər il qəbul imtahanlarında 600-dən çox bal toplayanların sayı artır". Şagird-müəllim nisbətindən söz açan şöbə müdirinin sözlərinə görə, 2013-2014-cü ildə hər 8.5 şagirdə 1 müəllim düşürdüsə, hazırda 10.5 şagirdə 1 müəllim dərs deyir. Bu da effektivliyin və səmərəliliyin 25 faiz artması deməkdir. Müəllimlik yüksək rəqabətli peşəyə çevrilib 2014-cü ildən etibarən 134 min müəllim diaqnostik qiymətləndirmədən keçirilib və saat yükü 1.5 dəfə artırılmaqla əməkhaqqı 2 dəfə qalxıb: “Nəzərə alsaq ki, hər 1 faiz 1500 müəllim deməkdir, 3.5 faiz müəllim 900 manatdan yuxarı, 10 faiz müəllim 700-900 manat, 27 faiz 500-700 manat və nəhayət, qalanları 300-500 manat əməkhaqqı alır”. Şöbə müdiri müəllimlərin dərs yükündə olan fərqlərə də toxunub: “2013-cü ildə müəllimlərin 27 faizə qədərinin dərs yükü 12 saatdan az olub. Hazırda dərs saatı 18 saat olsa da, dərs yükü 12-17 saat olan müəllimlərin sayı 37 faizdən 30 faizə enib”. Dərs yükü az olan müəllimlərin sayının çox olmasını ölkədə kiçik məktəblərin çoxluğu ilə izah edən E.Əmrullayev bildirib ki, şagird sayı az olan məktəblərdə çalışan fənn müəllimlərinin dərs yükü siniflərin sayına, əməkhaqqı isə dərs yükünə uyğun formalaşır. “Müəllimlərin işə qəbulu imtahanlarında 2014-cü ildə 18 min nəfər iştirak edərək müəllim olmaq istəyini bildirmişdi. Bu da sirr deyil ki, müraciət edənlərin 14 mini minimal balı toplamırdı. İldən-ilə artan müraciətlərin nəticəsidir ki, müəllimlik yüksək rəqabətli peşəyə çevrilib”, - deyən şöbə müdirinin fikrincə, müəllimliyə abituriyentlərin də marağı artıb. Belə ki, 2014-cü ildə 500-dən yuxarı bal toplayan 674 nəfər müəllimliyə müraciət etmişdi və bunların əksəriyyəti dil müəllimləri idi. 2017-ci ildə isə 1370 nəfər 500-dən artıq bal toplayan abituriyent müəllimlik ixtisasını seçib. Bərabər imkanlar “PIRLS 2016”-nın nəticələrinə görə, Azərbaycanda qızlar daha yaxşı oxuyur və ya oxuduğunu daha yaxşı anlayır. E.Əmrullayevin sözlərinə görə, Portuqaliyadan savayı bütün ölkələrdə sözügedən nəticələr oxşardır. Yalnız Portuqaliyada oğlanlarla qızların nəticəsi eynidir: “Ümumiyyətlə, önəmli olan nəticələr arasındakı fərq deyil, 2011-ci ildən 2016-cı ilə qədər olan müddətdə aradakı fərqin dəyişməməsidir. Yəni, Azərbaycanda gender aspektində əsaslı dəyişiklik baş verməyib”. E.Əmrullayevin fikrincə, regionlarla şəhərin müqayisəsi də fərqin azaldığını göstərir. IX sinif buraxılış imtahanlarının nəticələrindən görünür ki, 3-4 ildə aradakı fərq əhəmiyyətli dərəcədə azalıb. Bu, regionlarda da təhsilin keyfiyyətində müsbət dinamika olduğunu göstərir. Əhəmiyyətli dəyişikliklərlə dolu 5 il Daha sonra çıxış edən təhsil naziri Ceyhun Bayramov xatırladıb ki, təhsilin inkişafı üzrə Dövlət Strategiyasının təsdiq olunmasından 5 il ötür. Təhsil islahatları üçün 5 il elə böyük müddət olmasa da, baş verən dəyişikliklərin ilkin təzahürlərini müşahidə etmək, hansısa tendensiyaları təhlil etmək baxımından kifayət qədər uğurlu bir müddətdir. Təhsil naziri bildirib ki, hesabatda əksini tapan rəqəmlərə görə, 5 ildə təhsilin keyfiyyəti, əlçatanlığı və bərabər imkanların mövcudluğu baxımından bir çox istiqamətdə əhəmiyyətli dəyişiklik müşahidə olunur. Üstəlik, təqdim olunan hesabat təhsil sisteminə daxil olmayan, kənar qurumların apardığı qiymətləndirmələrə əsaslanıb. Dövlət İmtahan Mərkəzinin, o cümlədən beynəlxalq qiymətləndirmə təşkilatlarının nəticələrinə istinad edilib. C.Bayramov təhsil işçilərinin qarşısında duran həlli vacib məsələlərə toxunub. Yeni hədəflərdən danışarkən hər insanın inkişafında erkən yaş dövrünün əhəmiyyətini qabardıb. Bunu nəzərə alaraq, Təhsil Nazirliyinin 2020-ci ilədək məktəbəhazırlıq siniflərinin əhatəliliyini 90 faizə çatdırmağı planlaşdırdığını vurğulayıb. Bununla paralel keyfiyyət göstəricilərinə də diqqət ediləcək. Onun sözlərinə görə, Təhsil İnstitutunun UNİCEF-lə birgə layihəsi çərçivəsində məktəbəqədər təhsilin keyfiyyət standartları hazırlanıb. Təhsil naziri hesab edir ki, çox vacib göstəricilərdən biri beynəlxalq qiymətləndirmədə iştirakdır: “Bəzi beynəlxalq qiymətləndirmələrdə mövqeyimiz o qədər də uğurlu görünməyə bilər. Ancaq məhdud sayda dövlətlərin iştirak etdiyi həmin qiymətləndirmələrdə iştirak cəsarət tələb edir. Hesab edirik ki, göstəricilərimizin arzularımızı əks etdirməməsi bizim orada iştirakdan imtina etməyimizə əsas ola bilməz. Çünki burada göstəricilər yox, nəticələrin təhlili önəmlidir. Hədəfimiz odur ki, beynəlxalq qiymətləndirmədə iştirak edək və hər dəfə öz nəticələrimizi yaxşılaşdıraq”. Yeni imtahan modeli “Təhsil sistemi üçün fundamental dəyişikliklərdən biri də buraxılış və qəbul imtahanı modeli olacaq”, - deyən nazir bu modelin üstünlüklərindən danışıb: “Birinci əsas üstünlük məktəbin buraxılış imtahanının nəticələrinin ali təhsil müəssisələrinə qəbulda nəzərə alınacağıdır. Hesab edirik ki, məktəb qiymətləndirməsi baxımından bu, çox əhəmiyyətlidir. İkinci dəyişiklik ondan ibarətdir ki, mütləq biliklərin ölçülməsi ilə kifayətlənməyəcək, eyni zamanda, oxuyub anlama, məntiqi və riyazi təfəkkür, xarici dildə dinləyib anlamaq, həyati bacarıqlar da ölçüləcək. Yeni imtahan modelində yüksək qiymətləndirdiyimiz bir məqam isə ondan ibarətdir ki, şərti “ikinci hissə” olaraq fərqləndirdiyimiz, indiyədək “qəbul imtahanları”adlandırdığımız imtahanlarda fənlərin sayı 5-dən 3-ə enəcək. Bu, ölçülən fənləri daha dərindən öyrənmək, şagirdlərin ixtisas spesifikasına uyğun hazırlaşmaları üçün əlavə imkandır”. Dəyişən təhsil qanunu və yeni hədəflər Nazir “Təhsil haqqında” qanuna edilən dəyişikliklərdən də danışıb. Bildirib ki, dəyişikliklər şərti olaraq iki qrupa bölünür. Texniki xarakterli dəyişikliklər uyğunluğun əldə edilməsi baxımından önəmlidir. Bir sıra normativ hüquqi aktlarda qəbul edilən dəyişikliklərlə təhsil haqqında qanun arasında uyğunluğun təmin edilməsi məqsədi daşıyır. İkinci qrupa aid edilən dəyişikliklər isə fundamental məzmun dəyişikliyini özündə ehtiva edir. C.Bayramov bu fikirdədir ki, təhsil sisteminin məqsədi sadəcə rəqəmlərlə ölçülə bilməz: “Təhsil Nazirliyi olaraq hesab edirik ki, fəaliyyətimizdə prioritet şagirdlərdə vətənpərvərlik, milli-mənəvi dəyərlər, fəal vətəndaş mövqeyi, şagirdlərin yaradıcılıq və idman sahəsində istedadının aşkara çıxarılması və inkişaf etdirilməsi, onların sağlamlığıdır. Qiymətləndirmə və dərs yükü məsələləri də bizim üçün önəmli məsələlərdir. Bunları nəzərə alıb özümüz üçün konkret və spesifik hədəflər müəyyən etmişik. Həm məktəblərin, həm də təhsili yerli idarəetmə orqanlarının fəaliyyətində bu prioritetlər öz əksini tapacaq”. Məktəbdaxili qiymətləndirmə istiqamətində də təhlillər başlayıb. Görünən odur ki, yaxın aylar ərzində məktəbdaxili qiymətləndirmə yüngülləşdiriləcək. Nazirin sözlərinə görə, yeni qaydalar 2018-2019-cu tədris ilindən elan ediləcək. Peşə təhsili sahəsində də qarşıya qoyulan hədəflərdən danışan nazir deyib ki, tədris olunan ixtisaslarla bağlı yeni kurikulumların, zamanın tələbinə uyğun məzmunun formalaşması yaxın illər ərzində başa çatmalıdır: “Peşə təhsili sahəsində də müəllimlərin diaqnostik qiymətləndirməsinə və yeni əməkhaqqı sisteminin tətbiqinə artıq başlanılıb. Yeni nəsil peşə təhsil müəssisələri şəbəkəsinin əhəmiyyətli şəkildə genişlənməsinin şahidi olacağıq”. Nazir ali təhsildə, o cümlədən pedaqoji təhsildə inkişafa nail olmaq üçün ciddi tədbirlər olacağını da vurğulayıb. Elm təhsilin inkişafına arxalanmalıdır Tədbirdə çıxış edən AMEA prezidenti Akif Əlizadə Təhsil Nazirliyinin hesabatını yüksək qiymətləndirərək, son 5 il ərzində təhsil sahəsində həyata keçirilən islahatların artıq bəhrə verdiyini vurğulayıb. “Elm təhsilin inkişafına arxalanmalıdır” , - deyən AMEA prezidenti peşə təhsili sahəsində həyata keçirilən islahatlara toxunaraq bildirib ki, bu sahənin inkişafı, “Peşə təhsili haqqında” qanunun qəbulu alimlər üçün çox önəmlidir. Təhsil Nazirliyinin alimlərlə birgə işinin iftixar hissi yaratdığını vurğulayan A.Əlizadə təhsil nazirinə bu dəstəyinə görə minnətdarlığını bildirib. Cəmiyyətin təhsilə olan münasibəti dəyişməlidir Sonda çıxış edən Baş nazirin müavini Əli Əhmədov Azərbaycanda özəl məktəblər şəbəkəsinin artırılmasının vacibliyini qeyd edib. Onun fikrincə, məhz bununla yuxarı təhsil pillələrində əlçatanlılığın artırılması mümkün olar: “Təhsil universal sahədir. Təhsil sahəsinin inkişafını yalnız təhsil qurumlarından gözləmək olmaz. Cəmiyyətin təhsilə olan münasibəti dəyişməlidir”. Dövlətin təhsilə olan diqqət və qayğısını artırmasına ehtiyac olduğunu deyən Ə.Əhmədov bildirib ki, Azərbaycanda orta təhsil əlçatanlılıq baxımından təmin edilib. Yuxarı təhsil səviyyələrinin də əlçatanlılığının artırılmasına ehtiyac var. O qeyd edib ki, ölkədə universitetlərə sərbəstliyin verilməsi sahəsində cəsarətli addımlar atılmalıdır. Ə.Əhmədovun sözlərinə görə, son illər Azərbaycanda təhsil islahatları dərinləşməkdə davam edir və bu istiqamətdə görülən işlər öz bəhrəsini verir: "Azərbaycanda dərin islahatlar həyata keçirilir - iqtisadiyyatdan tutmuş digər sahələrə kimi. Biz həyatımızı islahatlardan kənarda təsəvvür etmirik. Təhsil sferası da islahatlar məfhumundan kənarda qala bilməz. İqtisadiyyatla, təhsillə bağlı hədəflərimiz tamamilə aydındır". Baş nazirin müavini əlavə edib ki, təhsilin inkişafı Azərbaycan cəmiyyətinin mədəni səviyyəsinin, iqtisadiyyatının daha yuxarı pilləyə qalxmasına, dövlətin qüdrətinin artmasına gətirib çıxarmalıdır. “Azərbaycan müəllimi” qəzeti
22/06/2018 10:41
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı