Cümhuriyyətin 100 illiyinə həsr olunmuş təsviri sənət müsabiqəsi
1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Təsviri Sənət Qalereyasında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş respublika təsviri sənət müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Müsabiqənin keçirilməsində məqsəd Azərbaycan Xalq Cümhuriyyəti tarixini məktəblilər arasında təbliğ etmək, dövlətçilik ənənələrimizi, milli-mənəvi dəyərlərimizi qorumaq və inkişaf etdirmək, təsviri sənət vasitəsi ilə istedadlı uşaq və gəncləri aşkar etməkdən ibarətdir. Müsabiqə 10–17 yaş arası uşaq və gənclər olmaqla, 10-13 və 14-17 yaş kateqoriyaları üzrə təşkil edilib. Müsabiqədə respublika üzrə fəaliyyət göstərən bütün ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların, Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün internat məktəblərinin şagirdlərinin, məktəbdənkənar müəssisələrin dərnək üzvləri iştirak ediblər. II mərhələ üzrə keçirilən müsabiqəyə respublika üzrə 100 tədris müəssisəsi qatılıb və 498 rəsm işi təqdim edilib. Müsabiqənin II mərhələsinə təqdim olunan rəsm əsərlərinin qiymətləndirilməsində Təhsil Nazirliyinin, Nəsimi Rayon İcra Hakimiyyətinin, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin və Azərbaycan Rəssamlar İttifaqının mütəxəssislərindən ibarət münsiflər heyəti iştirak ediblər. Mövzular üzrə ümumilikdə 21 qalib və 18 həvəsləndirici yerl münsiflər tərəfindən seçilib. Qaliblər diplom və hədiyyələr ilə mükafatlandırılıb.
21/06/2018 17:33
Təhsil Nazirliyinin nümayəndə heyəti Koreyada səfərdədir
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Cənubi Koreya Respublikasına səfər edib. Nümayəndə heyətinin tərkibinə Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Pərviz Yusifov və Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşə təhsili müəssisələrinin idarə edilməsi, keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri Amil Əlili daxildir. Səfərin ilk günü Peşə Təhsili və Təlimi üzrə Koreya Tədqiqat İnstitutunda (KRIVET) görüşlər keçirilib. Görüşlərdə Koreya Respublikasının peşə təhsil sahəsində təcrübəsinin öyrənilməsi, həyata keçirilən layihələr və qarşılıqlı əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə olunub, peşə təhsili müəssisələri arasında əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb. Daha sonra nümayəndə heyəti Koreya İnsan Resursları İnkişafı Xidmətinin prezidenti Dong Man Kimin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı peşə təhsili sahəsində ikitərəfli əməkdaşlıq imkanları müzakirə edilib, Koreya təhsil standartları əsasında yaradılacaq Peşə Təhsil Mərkəzinə cəlb ediləcək ixtisaslı kadrların təlimləndirilməsi və hazırlığı məsələləri, tədris proqramlarına dair fikir mübadiləsi aparılıb. Səfər çərçivəsində nümayəndə heyəti “Hyundai Motor Company” və “POSCO” polad istehsalı müəssisələrinə səfər edib, müəssisələrdə təlim və işə qəbulolunma şərtləri ilə yaxından tanış olub. Koreya Dövlət Politexnik Peşə məktəbindəki görüş zamanı peşə məktəblərinin idarəedilməsi, keyfiyyət təminatı və monitorinqinə dair məsələlər müzakirə edilib, məktəbin sinif otaqları və emalatxanalarına baxış keçirilib.
21/06/2018 17:13
Təhsil Nazirliyi hesabat verdi
İyunun 21-də Təhsil Nazirliyinin 2017-ci ildə gördüyü işlərə həsr olunmuş hesabat tədbiri keçirilib. Tədbirdə Baş nazirin müavini Əli Əhmədov, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, dövlət qurumlarının rəhbərləri, millət vəkilləri, ali məktəblərin rektorları, media kapitanları və QHT təmsilçiləri iştirak ediblər. Əvvəlcə Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev təhsilin keyfiyyətinin yüksəldilməsi, əhatəliliyi və əldə olunan nailiyyətlərlə bağlı iştirakçılara ətraflı məlumat verib. Daha sonra təhsil naziri Ceyhun Bayramov “Təhsil sistemi-vəzifələr və hədəflər” mövzusunda təqdimatla çıxış edib. Təhsilin inkişafının ölkəmizin tərəqqisi baxımdan vacib amil olduğunu vurğulayan nazir bunun üçün ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələrdən və gələcək hədəflərdən danışıb. Nazir bildirib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədinin qəbulundan ötən müddət ərzində təhsil sahəsində müsbət dinamika müşahidə olunub, 5 il bundan əvvəl ilə müqayisədə bir sıra sahələrdə əsaslı nailiyyətlər əldə edilib. Bu nailiyyətlərin həm əhatəliliyin artması, həm də keyfiyyətin və ya bərabər imkanların yaxşılaşması ilə nəticələndiyini vurğulayan nazir təhsilimizin daha əlçatan, keyfiyyətli, gələcəkdə iqtisadiyyatımızın güclü və vətəndaşlarımızın rifah səviyyəsinin yüksək olmasına zəmin yaratdığını vurğulayıb. 2020-ci ilə qədər məktəbəhazırlığın əhatəlilik səviyyəsinin 90 faizə çatdırılmasının nəzərdə tutulduğunu deyən təhsil naziri həmçinin bu istiqamətdə digər hədəfin keyfiyyətin yaxşılaşdırılması olduğunu və artıq bununla bağlı bir sıra layihələrin həyata keçirildiyini bildirib. Ceyhun Bayramov qəbul imtahanlarının yeni modelindən danışaraq qeyd edib ki, hazırda bu istiqamətdə Dövlət İmtahan Mərkəzi ilə sıx əməkdaşlıq edilir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda edilən dəyişiklikləri diqqətə çatdıran nazir ali təhsil müəssisələrinə qəbul üzrə əsasən iki yeniliyin nəzərdə tutulduğunu vurğulayb. Belə ki, həmin dəyişikliklər beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin müəyyən edilmiş şərtlər yerinə yetirilməklə, təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə, beynəlxalq fənn olimpiadaları qaliblərinin istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunması ilə bağlıdır. Müəllim peşəsinin nüfuzuna təsir edən tədbirlərin davam etdiriləcəyini bildirən təhsil naziri sertifikasiya mexanizminin tətbiqinin təhsildə keyfiyyət baxımından nailiyyətlər əldə edilməsi üçün vacib olduğunu deyib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə tədbirdə çıxış edərək Təhsil Nazirliyinin hesabatını yüksək qiymətləndirib və 3 ildir ki, keçirilən bu tədbirin ənənəvi olacağına ümid etdiyini deyib. Onun sözlərinə görə, son 5 il ərzində təhsil sahəsində həyata keçirilən islahatlar artıq öz bəhrəsini verir, növbəti beşillikdə isə aparılan islahatlar daha da şaxələnməlidir. Elm və təhsilin inteqrasiyasının mühüm nəticələrin əldə olunmasına imkanlar yaratdığını qeyd edən AMEA prezidenti müvafiq istiqamət üzrə görülən işlərdən, həmçinin nəzərdə tutulan məsələlərdən danışıb. Azərbaycanda dərin islahatların həyata keçirildiyini, xüsusilə təhsil sahəsində aparılan yeniliklərin mühüm keyfiyyət mərhələsinə qədəm qoyduğunu vurğulayan Baş nazirin müavini Əli Əhmədov dövlət başçısının bu sahəni prioritet elan etməsi nəticəsində ölkəmizin gələcəyinin parlaq olacağına əminliyini ifadə edib. Əli Əhmədov təhsildə görülən işlərin uğurla davam etdirilməsinin vacibliyini önə çəkib və müvafiq sahədə hədəflərin tamamilə aydın olduğunu diqqətə çatdırıb. Baş nazirin müavini daha sonra bildirib ki, təhsilin inkişafı Azərbaycan cəmiyyətinin mədəni səviyyəsinin, iqtisadiyyatın daha yuxarı pilləyə qalxmasına, dövlətin qüdrətinin artmasına gətirib çıxarmalıdır. Tədbirdə “Təhsil” televiziyası tərəfindən 2017-ci ildə təhsil sahəsində həyata keçirən tədbirlərə və yeniliklərə dair hazırlanan videoxronika nümayiş olunub. Təhsil Nazirliyinin 2017-ci il üzrə hesabat jurnalı
21/06/2018 15:31
“Clarivate Analytics” onlayn seminarlara start verib
İyunun 19-dan “Clarivate Analytics” şirkəti tərəfindən elmi nəşrlərlə bağlı aktual məsələlərə həsr olunmuş növbəti silsilə onlayn seminarlara start verilib. Seminarlarda məqalə və hesabatların hazırlanmasının müxtəlif mərhələlərində informasiya resurslarının funksiyaları, elm sahələri üzrə ən nüfuzlu və uyğun jurnalların axtarıb tapılması, beynəlxalq elmi jurnallarda nəşr olunma prinsipləri və tələbləri, "yırtıcı" jurnallardan qorunmağın yolları, elmi təşkilatların akademik fəaliyyətini və effektivliyini qiymətləndirmək mexanizmləri, habelə digər aktual məsələlərə toxunulacaq. İyunun 28-dək davam edəcək seminarlar ödənişsizdir və rus dilində aparılır. Seminarın sonunda iştirakçılara sertifikat veriləcək. Növbəti onlayn seminarlar cari ilin oktyabr-noyabr aylarında keçiriləcək. Seminarlar üçün qeydiyyatdan keçmək vacibdir.Qeydiyyata dair video təlimat və seminarlara qoşulma ilə bağlı ətraflı məlumatı linkdən əldə edə bilərsiniz.
20/06/2018 15:17
İlk zəngdən son zəngə
Təhsildə keyfiyyət ilinin nailiyyətləri Daha bir tədris ili yekunlaşdı. Hər il olduğu kimi, yenə ilk zənglə başlayıb son zənglə başa çatsa da, təkrarsız, yeniliklərlə dolu bir il oldu. Bəs bu ildən geriyə nə qaldı? Təhsil əhatə etdiyi bütün sahələrdə keyfiyyəti hədəf götürdü. “Təhsildə keyfiyyət ili” adı altında davamlı inkişafa hədəflənən planlar, gerçəkləşən çoxsaylı tədbirlər, bir-birini əvəz edən ardıcıl addımlar 2017-2018-ci tədris ilinin “Gündəliy”inə qeyd edildi. Məktəbəqədər və ümumi təhsildə islahatların nəticəsi Məktəbəqədər və ümumi təhsildə həyata keçirilən islahatlar ilin sonunda artıq öz nəticəsini verdi. Təhsilin bu istiqaməti üzrə ən böyük islahat təmayülləşmənin miqyasının genişlənməsi oldu ki, bu da ali təhsil müəssisələrinə qəbul imtahanlarında nəticələrin yüksəlməsi ilə müşayiət edildi. Yaxud, müəllimlərin işə qəbulu müsabiqəsi və ya diaqnostik qiymətləndirməsini götürək. Dəyişərək təkmilləşən qaydalar müəllimlərin problemlərinin daha asan yolla həllini təmin etməklə yanaşı, onların öz üzərində işləyərək peşəkarlığının, bilik səviyyəsinin artırılmasında mühüm rol oynadı. Beləliklə, məktəbəqədər və ümumi təhsildə hansı keyfiyyət dəyişikliyinə nail olunduğuna nəzər yetirək: Təmayülləşmənin miqyası genişlənib Yuxarıda qeyd etdiyimiz kimi, 2017-2018-ci dərs ilindən ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşməsinin miqyası genişləndi. Tətbiqi heç də sadə olmayan bu prosesdə hər bir məqam nəzərə alınmışdı. Yəni IX sinfi bitirən şagirdlərin meyil-maraqlarına görə düzgün seçimi, peşəkar səviyyəli pedaqoji heyətin formalaşdırılması, məktəblərdə lazımi təlim-tərbiyə şəraitinin yaradılması, təhsilin məzmununun müasir çağırışlara uyğun optimal müəyyənləşdirilməsi diqqətlə ölçülüb-biçilib sonra icraya yönəldildi. Beləliklə, icbari ümumi orta təhsil səviyyəsində fənlər üzrə zəruri minimum bilik və bacarıqlara yiyələnən şagirdlər üçün tam orta təhsilin marağa uyğun təşkili ümumi təhsil sistemində yeni mərhələnin əsasını qoydu. Nəticədə 2017-2018-ci dərs ilində ölkə üzrə 722 məktəbin təmayüllü 1206 onuncu sinfinə 27005 nəfər şagird cəlb olundu. Azərbaycan məktəblilərinin bilik hərəkatı Respublika fənn olimpiadaları ölkənin bütün şəhər və rayonlarının məktəblərini əhatə edən elm yarışıdır. Bu yarışlar ayrı-ayrı fənlər üzrə xüsusi istedadı olan şagirdlərin aşkarlanmasına xidmət edir. Onların bilik və bacarıqlarının qiymətləndirilməsi, şagirdlərin həmin fənlərə olan maraqlarının artırılması, sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılması məqsədi daşıyır. Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix olmaqla 8 fənn üzrə IX, X və XI sinif şagirdlərinin iştirakı ilə keçirilsə də, bu yarışlarda xüsusi istedadı və hazırlığı ilə seçilən 7-8-ci sinif şagirdlərinə də tez-tez rast gəlinir. Builki Respublika fənn olimpiadalarında 33 mindən çox şagird iştirak etdi, 45 nəfər qızıl, 89 nəfər gümüş, 142 nəfər bürünc olmaqla 276, Naxçıvan MR daxil olmaqla isə 298 nəfər qalib elan edildi. Ölkəmizdə keçirilən olimpiadaların 4 ildir artan dinamika ilə inkişafı nəzərdən qaçmayıb. 4 il öncə bu yarışa 22 min şagird qatıldığını nəzərə alsaq, ildən-ilə artan dinamika güclənən etimad və böyüyən maraqla izah oluna bilər. Belə ki, olimpiada 3 ildir fərqli qaydalarla müxtəlif formatda keçirilir. Hər il iştirakçıların sayının artması gərgin müsabiqə şəraiti yaradır və kifayət qədər böyük rəqabət mühiti formalaşır. Artım dinamikasının ayrı-ayrı fənlər üzrə də müşahidə olunması olimpiadanın məqsədinə çatdığının göstəricisidir. Respublika fənn olimpiadalarında fəal iştirak ölkəmizin beynəlxalq bilik yarışlarındakı nəticələrinə təsirsiz ötüşmür. Elə götürək sonuncu dərs ilini. 2017-2018-ci tədris ilində beynəlxalq olimpiadalarda qazanılmış medalların sayı 13 olub. Onu da qeyd edək ki, beynəlxalq olimpiadalarda təmsil olunan komandalarımız əksər hallarda ən gənc komandalar olur. Tərkibində 7-8-ci sinif şagirdləri də olan komandalarımız nümayiş etdirdikləri biliklə ölkəmizi fərqləndirirlər. Bunun nəticəsidir ki, beynəlxalq olimpiadalarda olan medal sayı ildən-ilə yaxşılaşır. Xatırladaq ki, Azərbaycan məktəbliləri 1994-cü ildən beynəlxalq olimpiadalarda 314 medal qazanıb. Son 5 il ərzində isə məktəblilər ölkəmizə 3 qızıl, 21 gümüş və 85 bürünc medal olmaqla, ümumilikdə 109 medal gətiriblər. Bu da müstəqillik dövründə qazanılan bütün medalların təxminən 35 faizidir. Heydər Əliyev yolu şagirdlərin təqdimatlarında Artıq 3-cü ildir ki, IX-XI sinif şagirdləri ulu öndərlə bağlı düşüncələrini, arzularını “Ən yaxşı təqdimat” müsabiqəsində ifadə edirlər. İqtisadi cəhətdən inkişaf etmiş mərkəzi şəhərlərdə yerləşən ən nüfuzlu məktəblərdən tutmuş ucqar kəndlərdəki kiçik məktəblərə qədər hər yerdən məktəblilər dahi şəxsiyyətlə bağlı ürək sözlərini ədəbi-bədii dillə, öz tərzində təqdim edirlər. Bu il ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, 8 nəfər I, 14 nəfər II, 18 nəfər III dərəcəli diplomla, 25 nəfər isə tərifnamə ilə təltif olundu. Qeyd edək ki, təkcə birinci yerə layiq görülən 8 nəfərdən 5-nin kənd məktəblərindən, hətta rayon mərkəzindən 30 kilometrədək uzaqlıqda yerləşən təhsil müəssisələrindən seçildiyini nəzərə alsaq, müsabiqənin miqyasını və əhəmiyyətini, şəffaflığını və ədalətliliyini təsəvvür etmək daha asan olar. “Ədəbiyyat biliciləri” Mütaliə vərdişlərinin təkmilləşdirilməsi, şagirdlərdə bədii ədəbiyyata marağın daha da artırılması, ədəbi biliklərin genişləndirilməsi, kitaba sevginin yaradılması məqsədi ilə artıq üçüncü ildir ki, keçirilir. Bu ümumrespublika müsabiqəsi ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərini əhatə edir. Müsabiqənin builki nəticələrinə görə, 5 nəfər birinci, 10 nəfər ikinci, 15 nəfər üçüncü dərəcəli diploma, 20 nəfər tərifnamayə layiq görülüb. Müəllimlər diaqnostik qiymətləndirmədə Məlum olduğu kimi, Azərbaycanda əvvəllər heç vaxt müəllimlərin qiymətləndirilməsi aparılmayıb. İlk dəfə 2014-cü ildə başlayan proses 2017-ci ildə başa çatıb və ölkənin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsinə yekun vurulub. Beləliklə, 2014-2018-ci illər ərzində respublika üzrə ümumilikdə 140000-dən çox pedaqoji işçi diaqnostik qiymətləndirmədən keçib və qiymətləndirməyə cəlb edilmiş müəllimlərin dərs yükü norması 1,5 dəfə yüksəldilməklə əməkhaqları 2 dəfə artırılıb. Əvvəllər az bal toplayan və yaxud topladığı balla qane olmayanlar diaqnostik qiymətləndirilməsi üçün yenidən müraciət ediblər. Nəticədə 2018-ci ildə 16000-dən, 2017-ci ildə 49000-dən çox müəllim diaqnostik qiymətləndirmədən keçib. Məlumat üçün bildirək ki, diaqnostik qiymətləndirmənin nəticələri müəllimlərin iş yerinin dəyişdirilməsi zamanı nəzərə alınır. Onların bilik və bacarıq səviyyələrinin müəyyənləşdirilməsi dərs yükünün rasional bölüşdürülməsinə xidmət edir. Yüksək nəticə göstərənlərin dərs yükü norması və əməkhaqqı, bununla da maddi rifahı yaxşılaşdırılır. Sadəcə müəllimlərin deyil, regionlardakı məktəbdənkənar təhsil müəssisələrinin dərnək rəhbəri və məşqçi-müəllimlərinin də bilik və bacarıqlarının qiymətləndirilməsi keçirilir. Bu il 3616 nəfər dərnək rəhbəri və məşqçi-müəllimin bilik və bacarıqları qiymətləndirilib. Bu da regionlar üzrə pedaqoji işçi heyətinin ümumi sayının 88,32 faizi deməkdir. On beş istiqamət üzrə aparılan qiymətləndirmədə məntiqi düşünmə və pedaqoji qabiliyyət, peşə-ixtisas, informasiya-kommunikasiya texnologiyaları üzrə biliklər və psixoloji xüsusiyyətlər yoxlanılıb. Onu da bildirək ki, müəllimlərin diaqnostik qiymətləndirilməsinin nəticələri kimi, bu imtahanın nəticələri də nəzərə alınır. Belə ki, məktəbdənkənar təhsil müəssisələrinin sayının optimallaşdırılması zamanı müəssisələrin yeni tərkibinin müəyyənləşdirilməsində dərnək rəhbəri və məşqçi-müəllimlərin qiymətləndirmədəki nəticələri əsas götürülür. 477 müəllimlə yeni müqavilə Müəllimlər üçün bu il ilk dəfə həyata keçirilən daha bir yenilik müddətli müqavilə ilə işləyənlərin daimiləşməsi üçün onlarla müsahibələrin təşkil edilməsi oldu. Bu məqsədlə martın 29-dan ölkə üzrə sənəd qəbulu aparıldı. Tələb edilən meyarlara uyğun olduğunu hesab edən hər kəs müraciət edərək müsabiqəyə qatıldı. Əvvəlki illərdə buna bənzər layihələr olsa da, bu dəfə ümumtəhsil müəssisələrində müddətli müqavilə ilə işləyən müəllimlərin həmin yerlərə daimiləşdirilməsi mərkəzləşdirilmiş qaydada ilk dəfə reallaşdırıldı. Uyğun hesab edilən 477 nəfərlə bağlı müsbət qərarlar verildi və onlar işlədikləri yerlərə daimi müəllim olaraq qəbul edildilər. Həmin şəxslər 2016-2017-ci və 2017-2018-ci tədris illəri üzrə müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan və ümumi təhsil müəssisəsinə müddətli əmək müqaviləsi əsasında işə qəbul edilən müəllimlər idi. Müəllimlərin yerdəyişməsində yenilik Bu il müşahidə edilən ən çox yenilik müəllimlərin yerdəyişməsi müsabiqəsində oldu. Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin digər ümumtəhsil müəssisələrinə dəyişdirilməsi artıq eyni rayon (şəhər) daxilində və ya bir rayondan (şəhərdən) digərinə olmaqla iki mərhələdə yox, bir mərhələdə proqram təminatı tətbiq edilməklə həyata keçirilir. Namizədlər işə qəbul üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirilmədə 2 və ya daha çox sayda iştirak edibsə, ona müsabiqəyə qatılmaq istədiyi balı seçmək imkanı verilir. Həmçinin güzəştli kateqoriyalara əvvəlcədən müəyyən edilən bal artımı tətbiq olunur. Yüksək bal toplayanlar arasında hədəfi müəllimlik olanların sayı ildən-ilə artır Bütün bu islahatlar istər-istəməz müəllim peşəsinin nüfuzunun artmasına gətirib çıxarır. İstər müəllimlərin diaqnostik qiymətləndirilməsi və bunun nəticəsi olaraq onların maaşının artırılması, istər müəllimlərin və məktəb direktorlarının işə qəbul qaydalarında ədalətli, şəffaf sistemin yaradılması, istərsə də kənd məktəblərində işə qəbul olunmuş gənc mütəxəssislərə həvəsləndirmə tədbirləri, “Gələcəyin müəllimi təqaüdü”nün təsis edilməsi gənc müəllimlər üçün stimula çevrilir. Hətta müsabiqədə yüksək bal toplayan gənc müəllimlərin ucqar kənd məktəblərində işləməyə üstünlük verdikləri də müşahidə edilir. Təhlillər göstərir ki, yüksək bal toplayan və müəllimlik ixtisasını ilk sırada seçən tələbələrin sayı ildən-ilə artır. Bu artım dinamikası, sadəcə yüksək bal toplayıb müəllim olmaq arzusunda olanlara Təhsil Nazirliyinin verdiyi əlavə təqaüdlə izah oluna bilməz. Gənclər həm də ona görə müəllim olmaq istəyirlər ki, bu peşənin nüfuzu artır. Bunu rəqəmlər də təsdiq edir. Məsələn, 2014-cü ildə 500 və daha artıq bal toplayan 674 nəfər müəllimlik ixtisasını seçmişdisə, 2017-ci ildə bu rəqəm 1370 olub. 2018-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarının yaz sessiyasında da belə faktlarla qarşılaşdıq. 600-də çox bal toplayan eyni sinifdən iki şagirdin müəllimliyi seçməsi faktı İsmayıllı rayonunda müşahidə edildi. Belə faktları nəzərə alsaq, bu il yüksək balla müəllimliyi seçənlərin artacağı şübhə doğurmur. PIRLS qiymətləndirilməsində nəticələr yüksəlib İbtidai təhsil səviyyəsinin sonunda şagirdlərin oxu bacarıqlarını qiymətləndirən beynəlxalq tədqiqat proqramı olan PIRLS 2001-ci ildən başlayaraq hər beş ildən bir keçirilir. Azərbaycan bu proqrama ilk dəfə 2011-ci ildə qoşulub və bu, ölkəmizin ikinci iştirakıdır. Təsadüfi seçim əsasında 170 ümumtəhsil məktəbi, 6000-dən çox şagird, 340 müəllim və 6000-dən çox valideynlə bu beynəlxalq tədqiqatda yer alan Azərbaycan özünəməxsus mövqeyi ilə seçilib. PIRLS-2016 tədqiqatında iştirak edən 4-cü sinif şagirdlərinin nəticələrinə gəlincə, nəticələr ürəkaçandır. Belə ki, azərbaycanlı şagirdlərin 2016-cı ildə oxu bacarıqları 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 10 bal artaraq 462 baldan 472 bala yüksəlib. “PIRLS 2011” tədqiqatının nəticələri ilə müqayisədə son 5 ildə “mükəmməl” və “yüksək” səviyyəyə uyğun nəticə göstərmiş ibtidai sinif şagirdlərinin sayı 2 dəfə artıb. “Aşağı” səviyyəyə uyğun nəticə göstərmiş şagirdlərin faizi isə 10 faiz azalaraq 37-dən 27-yə enib. Birinci siniflərə elektron qəbulun əhatə dairəsi genişlənib Bu il 51 mindən artıq uşağın birinci sinfə qəbul olacağı proqnozlaşdırılır. Təhsil Nazirliyi vətəndaş məmnuniyyətinə nail olmaq və şəffaflığı təmin etmək məqsədi ilə artıq 4 ildir ki, Bakı şəhərində məktəbə qəbulu elektron sistem vasitəsilə aparır. Bu ildən ilk dəfə olaraq Gəncə və Sumqayıt şəhərlərində, o cümlədən Abşeron rayonunda da eyni qayda tətbiq edildi. Beləliklə, 2018-2019-cu dərs ili üçün Bakı ilə yanaşı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun, eləcə də Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərə şagird qəbulu elektron sistem vasitəsi ilə həyata keçirilir. İyunun 11-nə olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsi ilə I sinfə qəbul üçün ümumilikdə 58 minə yaxın sorğu yerləşdirilib. Belə ki, paytaxt məktəblərinin I sinfinə qəbul üçün bu günədək 42325 sorğu yerləşdirilib. Abşeron rayonu üzrə 5776, Gəncə şəhəri üzrə 3802, Sumqayıt şəhəri üzrə 5353 nəfərin sorğusu qeydə alınıb. Həmin bölgələr üzrə I sinfə gedəcək şagirdlərin sayının 17 873 nəfər olacağı proqnozlaşdırılır. Qeyd edək ki, sözügedən xidmət “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli fərmanının tələblərinə uyğun olaraq həyata keçirilir. İnformatika fənninin yeni formatda tədrisi Təhsil Nazirliyi 2017-2018-ci dərs ilindən proqramlaşdırmanın tədrisi məqsədi ilə informatika fənni üzrə “Rəqəmsal bacarıqlar” pilot layihəsinin mərhələlər üzrə tətbiqinə başlayıb. Layihə çərçivəsində alqoritmik düşüncə və məntiq, layihə işləmə bacarıqları inkişaf etdirilir və proqramlaşdırmanın əsasları öyrədilir. İnformatika fənninin yeni formatda tədrisindən ibarət olan layihəyə Bakı məktəblərindən start verilib. Artıq 45 məktəb üzrə 240 sinifdə 6500-ə yaxın V sinif şagirdi əhatə olunub. İnformatika fənninin yeni formatda tədrisi 150-dən çox müəllim tərəfindən aparılır. Həm rus, həm də Azərbaycan dilində həyata keçirilən tədris prosesi ilə bağlı çoxlu müsbət rəy var. Peşə təhsilində canlanma Təhsilin bütün sahələrində olduğu kimi, peşə təhsilində də canlanma yaranıb. Ötən dərs ilində bu istiqamətdə bəzi ciddi addımlar atılıb. Məsələn, qanunvericilik bazası təkmilləşdirilib. İlk dəfə olaraq “Peşə təhsili haqqında” qanun layihəsi hazırlanıb və Milli Məclisin plenar iclasında qanun qəbul olunub. “Peşə təhsili müəssisələrində yaşlıların təhsili və ixtisasartırma kurslarının təşkili Qaydaları”nın, “Dövlət və bələdiyyə tərəfindən yaradılan ilk peşə-ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin layihəsi hazırlanıb. Ötən dövr ərzində peşə təhsili müəssisələri üzrə 1350 mühəndis-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi keçirilib. 800-dən artıq ümumtəhsil fənn, 200-dən artıq ixtisas fənn müəllimləri və ustalar ölkəmizdə və ölkədən kənarda keçirilən seminarlarda, o cümlədən pedaqogika, didaktika, kurikulumun hazırlanması və tədrisi üzrə təlimlərdə iştirak ediblər. “Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT) inkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım layihəsinin və regionlarda (Gəncə, Bərdə, Qax, İsmayıllı, Qəbələ və Cəlilabad) peşə təhsili müəssisələrinin fəaliyyətinə dəstək məqsədilə Avropa İttifaqının 4 qrant layihəsinin icrasına başlanılıb. “ASAN Peşə” təhsil mərkəzi 2018-ci il fevralın 27-də Mingəçevirdə Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə layihəsi olan “ASAN Peşə” təhsil mərkəzi yaradıldı. “ASAN Peşə” Təhsil Mərkəzi müasir tələblərə cavab verən bütün növ zəruri avadanlıq, təlim və tədris vəsaitləri ilə təchiz olunub. Layihəyə uyğun olaraq, “ASAN Peşə” Təhsil Mərkəzində 4 istiqamət - elektrik, mexanik, santexnik, tikişçi ixtisasları üzrə tədris aparılacaq. Koreya təhsil standartları əsasında Peşə Təhsil Mərkəzinin təməli qoyulub Koreya təhsil standartları əsasında Peşə Təhsil Mərkəzinin isə hələlik təməli qoyulub. Belə ki, 2019-2020-ci dərs ilində fəaliyyətə başlaması nəzərdə tutulan müasir standartlara uyğun təhsil müəssisəsi - Sənaye və İnnovasiyalar üzrə Dövlət Peşə Təhsil Mərkəzi tamamilə Koreya təhsil standartları əsasında qurulacaq. Azərbaycan və Koreya hökumətləri arasında əldə edilən razılaşmaya uyğun olaraq bu peşə təhsil müəssisəsi bütün növ zəruri avadanlıqlar, təlim və tədris vəsaitləri ilə təchiz olunacaq. Nümunəvi təhsil müəssisəsi olan Peşə Tədris Mərkəzində təhsilalanların bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün əlverişli şərait yaradılacaq. Layihəyə uyğun olaraq Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi mexanika, elektronika, elektrik mühəndisliyi, sənayedə quraşdırma işləri, tikinti, informasiya texnologiyaları, avtomobil və avtomatlaşdırma istiqamətləri üzrə ən müasir maddi-texniki bazaya sahib olacaq. Xatırladaq ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında yaradılacaq Peşə Təhsil Mərkəzinin təməlqoyma mərasimi bu il - 2018-ci il yanvarın 26-da olub. Avropa İttifaqı peşə təhsilində baş verən dəyişikliklərdən razıdır Peşə təhsili müəssisələrinin maddi-texniki bazası da gücləndirilir. Təkcə onu demək kifayətdir ki, Bakı və Gəncə şəhərlərində yerləşən peşə təhsili müəssisələrində quraşdırılması üçün Çin Xalq Respublikasından ölkəmizə 70 adda 168 ədəd müxtəlif təyinatlı simulyatorlar, təlim və tədris vəsaitləri gətirilib. Peşə təhsili sahəsində əldə edilən irəliləyiş diqqətdən qaçmayıb. Bu, Avropa İttifaqının 2018-ci il üçün Azərbaycan üzrə biznes mühiti hesabatında əksini tapıb. Hesabatda Avropa İttifaqına üzv olan 20 ölkədən təqribən 385 şirkətin Azərbaycanda biznes fəaliyyəti ilə bağlı fikirləri yer alıb. Ötən illə müqayisədə bu il sorğuda iştirak edən şirkətlərin sayı 31 faiz artıb. Avropa İttifaqının Azərbaycan üzrə sorğu hesabatında 5 ən vacib islahat tədbiri kimi peşə təhsili sisteminin şirkətlərin tələblərinə uyğunlaşdırılması qeyd edilib. Azərbaycanda fəaliyyət göstərən Avropa şirkətlərinin 24 faizi peşə təhsili və təliminin qənaətbəxş olduğunu bildirib. Bu rəqəm 2017-ci illə müqayisədə 4 dəfə çoxdur. Eləcə də peşə təhsili ilə bağlı İKT sektorundan sorğuya cəlb edilən 7 iştirakçıdan 6-sı bu sahəni qənaətbəxş kimi qiymətləndirib. Ali təhsil və elm: ümidlər artır Ali təhsil və elm istiqaməti üzrə qət edilən məsafə də kifayət qədər böyükdür. Tələbələrin köçürülmə prosesinin sadələşdirilməsi və şəffaflığın təmin edilməsi, beynəlxalq reytinq cədvəllərində Azərbaycan universitetlərinin təmsil olunması, Beynəlxalq Elm və Mühəndislik Sərgisində “Sabahın alimləri” musabiqəsinin qalibləri olan şagirdlərimiz tərəfindən hazırlanan 2 ixtiraçılıq işinin xüsusi mükafatlara layiq görülməsi və başqa faktlar ali təhsil pilləsində də, elm istiqaməti üzrə də gələcəyə ümidləri artırır. Köçürülmə ilə bağlı 1067 sorğu təsdiq edilib Ölkəmizdə tələbələrin köçürülmə prosesinin sadələşdirilməsi və şəffaflığın təmin edilməsi məqsədi ilə artıq 2016-cı ildən ardıcıl addımlar atılır. “transfer.edu.az” portalının istifadəyə verilməsi ilə başlayan proses xüsusi vüsət alıb. Artıq 2 ildir ki, tələbələrin yerdəyişməsi və köçürülməsi elektron sistem əsasında uğurla həyata keçirilir. Köçürülmədə edilən bu dəyişikliklər sadəcə tələbələrin rahatlığına səbəb olmayıb, həm də prosesin şəffaflığını təmin edib. Beləliklə, “transfer.edu.az” portalı vasitəsi ilə 2018-ci ildə bakalavriat və magistratura üzrə 1067 nəfərin sorğusu təsdiq olunub. Bakalavriat üzrə yerli ali təhsil müəssisələrindən 650, xaricdəki universitetlərdən 26, magistratura üzrə 15, orta ixtisas təhsili üzrə 186 nəfərin sorğusuna müsbət cavab verilib. 225 nəfər xaricdə təhsil almaq hüququ qazanıb 2017-2018-ci tədris ilində hökumətlərarası müqavilələr çərçivəsində 22 nəfər Çin Xalq Respublikasında, 198 nəfər Macarıstanda, 5 nəfər isə Rumıniyada dövlət xətti ilə təhsil almaq hüququ qazanıb. 2018-ci ilin əvvəllərində hökumətlərarası müqavilələr çərçivəsində 2018-2019-cu tədris ili üçün Macarıstanda, Rumıniyada, Latviyada və Çində təhsil məqsədi ilə Təhsil Nazirliyi tərəfindən seçimlər aparılıb, 250-yə yaxın Azərbaycan vətəndaşının namizədliyi təsdiq olunmaq üçün müvafiq ölkələrin aidiyyəti qurumlarına təqdim edilib. Azərbaycan universitetləri beynəlxalq reytinq cədvəllərində Ali təhsil pilləsində müşahidə edilən keyfiyyət dəyişikliyi bir çox məsələlərdə, o cümlədən beynəlxalq reytinq cədvəllərində əksini tapıb. Belə ki, Böyük Britaniyanın “Quacquarelli Symonds” (QS) agentliyinin İnkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya regionu üzrə reytinq cədvəlində Azərbaycanın 6 ali təhsil müəssisəsi 300 ən yaxşı ali məktəb sırasında qərarlaşıb: Bakı Dövlət Universiteti (95), Xəzər Universiteti (100), Azərbaycan Dövlət İqtisad Universiteti (161-170), Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti (171-180), Azərbaycan Dillər Universiteti (171-180), Bakı Slavyan Universiteti (201-250). Nəşr aktivliyinə görə Azərbaycan regionda birincidir “Clarivate Analytics” (“Thomson Reuters”) şirkəti ilə 2015-ci ildən başlanan əməkdaşlıq öz müsbət nəticələrini verməkdədir. Qlobal elmi bazadan istifadə aktivliyinin dinamikasında 2017-ci ildə əvvəlki illə müqayisədə 75 faiz artım müşahidə olunub. İmpakt faktorlu jurnallarda çap olunmuş məqalələrin sayında son 4 ildə 68 faiz artım qeydə alınıb. Nəşr aktivliyinin son 3 ildəki artım dinamikasına görə Azərbaycan regionda birinci yerə çıxıb. 2017-ci ildə publikasiya sayı üzrə ən yüksək göstərici (1118 elmi tədqiqat işi) qeydə alınıb, ilkin təhlillərə əsasən ölkə üzrə ümumi publikasiyaların təxminən 43 faizi məhz ali təhsil müəssisələrinin payına düşüb. Şagirdlərimiz Beynəlxalq Elm və Mühəndislik Sərgisində Azərbaycan təhsil sisteminin uğurunu təsdiq edən növbəti fakt dünyanın ən böyük şagird elmi müsabiqəsi hesab olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisində qeydə alındı. “Kiçik Nobel mükafatı” müsabiqəsi də adlandırılan bu beynəlxalq tədbirdə iştirak edən azərbaycanlı şagirdlər öz elmi nailiyyəti ilə fərqləndilər. Bu ilin mayında ABŞ-da təşkil olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisində “Sabahın alimləri” müsabiqəsinin qalibləri olan şagirdlərimiz tərəfindən hazırlanan 2 ixtiraçılıq işi 1000 və 5000 ABŞ dolları məbləğlərində xüsusi mükafatlara layiq görüldü. Qeyd edək ki, dünyanın ən böyük şagird ixtiraçılıq sərgisində hər il 75 ölkədən 1800-dən çox məktəbli iştirak edir və qalib işlərin 30 faizi patent alır. “SABAH” qruplarını 850-yə yaxın məzun bitirir Hər hansı başqa ölkədən götürülmüş bir təşəbbüs deyil, Azərbaycanın formalaşdırdığı bir təhsil modeli olan SABAH qrupları ölkəmizdə böyük rezonans yaradıb. 2017-2018-ci dərs ilində 12 ali təhsil müəssisəsində 32 ixtisas üzrə 851 tələbə müsabiqədən keçərək SABAH qruplarına qəbul olub. SABAH qrupları artıq ikinci ildir ki, öz məzunlarını yola salır. 2016-2017-ci tədris ili üzrə bu qrupların ilk məzunlarının sayı 722 nəfər olub. Cari tədris ilində isə 850-yə yaxın SABAH məzunu təhsilini başa vurur. “Təhsil haqqında” Qanuna dəyişiklik Təhsil Nazirliyi tərəfindən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklərin edilməsi barədə təkliflər layihəsi hazırlanaraq Milli Məclisə təqdim olunub. Təkliflərdə qanunun 24 maddəsinə dəyişiklik edilməsi, 2 yeni maddənin isə əlavə olunması göstərilib. Layihədə pedaqoji fəaliyyətin tənzimlənməsi, təhsilverənlərin əmək münasibətləri və sair məsələlər yer alıb. İyunun 12-də Milli Məclisin iclasında “Təhsil haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. Layihə səsə qoyularaq qəbul olunub. Bir azdan son zəng çalınacaq Beləliklə, başa vurduğumuz dərs ilində təhsilin bütün istiqamətlərində irəliyə doğru addım qeydə alınıb. Bir azdan isə son zəng səslənəcək. Bu zəng şagirdləri məktəb partalarından müvəqqəti və ya birdəfəlik ayırsa da, islahatların davamlılığına təsir göstərməyəcək. Şagirdlər yay istirahətinə başlayanda Təhsil Nazirliyi həyata keçirəcəyi təhsil islahatlarının növbəti mərhələsinin bu nöqtədən sonrakı ştrixlərini müəyyənləşdirəcək. “Azərbaycan müəllmi” qəzeti
14/06/2018 18:42
Təhsil naziri təhsildə fərqlənən məzunlarla görüşüb
İyunun 14-də təhsil naziri Ceyhun Bayramov Bakı şəhəri Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə təhsildə müvəffəqiyyətləri ilə fərqlənən məzunlarla görüşüb. Tədbirdə Respublika və beynəlxalq fənn olimpiadalarının, müsabiqə və intellektual oyunların qalibləri iştirak edib. Təhsil naziri Ceyhun Bayramov məzunları təhsillərini uğurla başa vurmaları münasibətilə təbrik edib və onlara yeni-yeni nailiyyətlər arzulayıb. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə təhsilin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdıran nazir başa çatan tədris ilinin uğurlarla yadda qaldığını deyib. Nazir qeyd edib ki, ötən tədris ilində təhsilin bütün pillələrində - məktəbəqədər təhsildən başlayaraq ali təhsil pilləsinədək müsbət dinamika müşahidə olunub. Beynəlxalq olimpiadalarda nəticələrin ildən-ilə yaxşılaşdığını və müvafiq sahədə böyük nailiyyətlərin əldə olunduğunu vurğulayan Ceyhun Bayramov bildirib ki, bu mötəbər yarışlara hazırlıq prosesinin təkmilləşdirilməsi və diqqət mərkəzində saxlanılması şagirdləri müvəffəqiyyətlə çıxış etməyə ruhlandırır. Belə ki, fənn olimpiadalarında hər il iştirakçı sayının artdığı müşahidə olunur. Bu il bilik yarışlarına 33 mindən çox şagird qatılıb. Ceyhun Bayramov məzunların növbəti təhsil pilləsində də uğur qazanacaqlarına və əldə etdikləri təcrübənin gələcəkdə daha böyük nailiyyətlər üçün onlara imkanlar yaradacağına əminliyini ifadə edib. Görüşdə məzunlara ümumi təhsili yüksək nailiyyətlərlə başa vurduqlarına görə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təşəkkürnaməsi” təqdim edilib. Sonda xatirə fotoşəkli çəkilib.
14/06/2018 18:20
İş yerinin dəyişdirilməsi müsabiqəsində iştirak edən müəllimlərin nəzərinə!
Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başa çatıb. Cari ilin 4-11 iyun tarixlərində keçirilən elektron sənəd qəbulu prosesi bitdikdən sonra müraciətlər araşdırılıb, 5865 namizədin ərizəsi qəbul edilib. Yerləşdirmə zamanı namizədlərin diaqnostik qiymətləndirilmə və müəllimlərin işə qəbulu üzrə imtahan nəticələri əsas tutulmaqla yanaşı, iş yerini dəyişdirmək üçün qeyd etdikləri səbəblər və sosial amillər nəzərə alınıb. Yerləşdirmənin nəticələrinə əsasən, 1726 nəfər namizədin iş yerini dəyişməsinə razıllıq verilib. Nəticələr hər bir müəllimin şəxsi səhifəsində yerləşdirilib. Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsindən uğurla keçən namizədlərdən yerdəyişməni təsdiq etmələri məqsədilə müvafiq sənədləri cari ilin 27-28 iyun tarixlərində Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinə gətirmələri tələb olunur.
14/06/2018 17:35
Təhsil naziri təhsildə fərqlənən məzunlarla görüşüb
İyunun 14-də təhsil naziri Ceyhun Bayramov Bakı şəhəri Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə təhsildə müvəffəqiyyətləri ilə fərqlənən məzunlarla görüşüb. Tədbirdə Respublika və beynəlxalq fənn olimpiadalarının, müsabiqə və intellektual oyunların qalibləri iştirak edib. Təhsil naziri Ceyhun Bayramov məzunları təhsillərini uğurla başa vurmaları münasibətilə təbrik edib və onlara yeni-yeni nailiyyətlər arzulayıb. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə təhsilin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdıran nazir başa çatan tədris ilinin uğurlarla yadda qaldığını deyib. Nazir qeyd edib ki, ötən tədris ilində təhsilin bütün pillələrində - məktəbəqədər təhsildən başlayaraq ali təhsil pilləsinədək müsbət dinamika müşahidə olunub. Beynəlxalq olimpiadalarda nəticələrin ildən-ilə yaxşılaşdığını və müvafiq sahədə böyük nailiyyətlərin əldə olunduğunu vurğulayan Ceyhun Bayramov bildirib ki, bu mötəbər yarışlara hazırlıq prosesinin təkmilləşdirilməsi və diqqət mərkəzində saxlanılması şagirdləri müvəffəqiyyətlə çıxış etməyə ruhlandırır. Belə ki, fənn olimpiadalarında hər il iştirakçı sayının artdığı müşahidə olunur. Bu il bilik yarışlarına 33 mindən çox şagird qatılıb. Ceyhun Bayramov məzunların növbəti təhsil pilləsində də uğur qazanacaqlarına və əldə etdikləri təcrübənin gələcəkdə daha böyük nailiyyətlər üçün onlara imkanlar yaradacağına əminliyini ifadə edib. Görüşdə məzunlara ümumi təhsili yüksək nailiyyətlərlə başa vurduqlarına görə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təşəkkürnaməsi” təqdim edilib. Sonda xatirə fotoşəkli çəkilib.
14/06/2018 17:25
“Məktəblinin dostu” layihəsi əməkdaşlarının təltif edilməsi
İyunun 14-də Təhsil Nazirliyində “Məktəblinin dostu” pilot layihəsi əməkdaşlarının təltifetmə mərasimi keçirilib. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, "Məktəblinin dostu" layihəsinin rəhbəri Rüstəm Ağayev və “Məktəblinin dostları” iştirak edib. "Məktəblinin dostu" layihəsinin rəhbəri Rüstəm Ağayev təqdimatla çıxış edərək layihənin məqsəd və vəzifələrindən danışıb. Layihə rəhbəri əməkdaşların işəgötürülmə prosesi, onlar üçün təhsil qanunvericiliyi, fövqəladə hallarda davranış qaydaları və təcili tibbi yardım xidmətinin hadisə yerinə çatanadək ilkin müayinələrin aparılması ilə bağlı keçirilən təlimlər barəsində məlumat verib. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, “Məktəblinin dostu” layihəsi valideyn-müəllim-şagird ünsiyyət üçbucağının daha effektiv qurulmasında vacib rola malikdir. Nazir müavini layihənin fəaliyyət göstərdiyi təhsil müəssisələrində məktəblilər arasında tolerantlıq, effektiv kommunikasiyanın və dostluq münasibətlərinin qurulması baxımından görülən işlərin əhəmiyyətini qeyd edib, sağlam mühitin formalaşdırılmasına xüsusi töhfə verildiyini bildirib. Tədbirdə layihə çərçivəsində əldə olunan nəticələr müzakirə olunub, görülən işlərin əks olunduğu videoçarx nümayiş edilib. Sonra iş fəalliyyətində xüsusi təşəbbüskarlığına və fəallığına görə fərqlənən “Məktəblinin dostları” “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təşəkkürnaməsi” ilə təltif olunub. “Məktəblinin dostu” pilot layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki 32 ümumi təhsil müəssisəsində həyata keçirilir. Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır.
14/06/2018 17:21
Masazır kənd 4 nömrəli tam orta məktəbdə “Son zəng”
İyunun 14-də Abşeron rayonu Masazır kənd 4 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Quluyev, təhsil şöbəsinin müdiri Nazilə Məmmədova, valideynlər və şagirdlər iştirak ediblər. “Son zəng” tədbiri Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra məktəbin direktoru Roza Məmmədova rəhbərlik etdiyi təhsil müəssisəsinin qazandığı uğurlar, şagirdlərin əldə etdikləri nailiyyətlərdən danışıb. Qeyd olunub ki, Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan məktəb binası 2016-cı ildən fəaliyyət göstərir. Hazırda məktəbdə 1400-dən artıq şagird təhsil alır ki, onlardan 22 nəfəri bu il məzun olur. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov məzunları “Son zəng” münasibəti ilə təbrik edib, onlara gələcək həyat və təhsillərində uğurlar arzulayıb. Bu gün Azərbaycanda təhsilə qayğının ən yüksək səviyyədə olduğunu bildirən Firudin Qurbanov son illərdə ölkə ərazisində yeni məktəblərin tikildiyini, həmçinin təhsil müəssisələrinin əsaslı təmir olunduğunu, maddi-texniki bazasının gücləndirildiyini qeyd edib. Nazir müavini Azərbaycanda ilk peşə-ixtisas təhsili müəssisələrinin geniş şəbəkəsinin yaradılması məzunlara iş təklif etmək imkanının yüksəldilməsi istiqamətində atılan mühüm addımlardan biri olduğunu vurğulayıb. Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Quluyev son illər Abşeron rayonunda təhsil sahəsində görülən işlərdən danışıb. Bildirilib ki, 2017-2018-ci tədris ilində Heydər Əliyev fondu tərəfindən Masazır kəndində daha bir məktəb tikilərək istifadəyə verilib. Mehdiabad qəsəbəsində inşa olunan başqa bir məktəbin 2018-2019-cu tədris ilində fəaliyyətə başlaması nəzərdə tutulub. Rayon təhsil şöbəsinin müdiri Nazilə Məmmədova bildirib ki, bu il rayon ümumtəhsil məktəblərindən 2207 şagird məzun olur, onlardan 1184 nəfəri ali təhsil müəssisələrinə birinci qəbul imtahanında iştirak edib və 70-dən çox abituriyent 600-dən çox bal toplayıb. Tədbir məktəblilərin hazırladığı bədii kompozisiya ilə davam etdirilib.
14/06/2018 15:28
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı