Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Nazir müavini nazirlik və tabe qurumların kommunikasiyaya məsul əməkdaşları ilə görüşüb

Aprelin 17-də Elm və Təhsil Nazirliyinin ( ETN) təşkilatçılığı ilə STEAM İnnovasiya Mərkəzində “Effektiv kommunikasiyanın qurulması ilə bağlı ictimaiyyətlə əlaqələrə məsul şəxslərlə görüş” keçirilib.  Görüşdə Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Təhsildə Keyfiyyət Təminatı Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Təhsil İnstitutu, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi, Təhsil Tələbə Krediti Fondu, Təhsilin İnkişafı Fondu, Bakı şəhəri və regional təhsil idarələrinin, nazirlik tərəfindən həyata keçirilən innovativ layihələrin PR mütəxəssisləri, eləcə də "Azərbaycan nüəllimi” qəzeti və Təhsil TV-nin əməkdaşları iştirak ediblər.   Görüşdə salamlama nitqi ilə çıxış edən ETN-nin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev bildirib ki, görüşün əsas məqsədi nazirlik və onun tabeliyindəki qurumlarda ictimaiyyətlə əlaqələr sahəsində çalışan əməkdaşlar üçün qarşılıqlı fikir mübadiləsi imkanlarını genişləndirmək, mövcud çətinlikləri, gözləntiləri və gələcək planları vahid platformada müzakirə etməkdir.   Səbuhi Rzayev çıxışında qurumlar arasında əməkdaşlıq imkanları barədə məlumat verib. Əlavə edib ki, vahid yanaşma və qarşılıqlı əlaqənin qurulması xüsusi əhəmiyyət kəsb edir. Şöbə müdiri kommunikasiya fəaliyyətinin düzgün təşkili ilə bağlı mühüm məqamlara toxunaraq xüsusilə böhran kommunikasiyasının vacibliyini vurğulayıb. Səbuhi Rzayevin sözlərinə görə, düzgün qurulmuş kommunikasiya həm ictimaiyyətin məlumatlandırılması, həm də qurumun imicinin formalaşması baxımından strateji əhəmiyyət daşıyır.   Daha sonra elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Müasir dövrdə ictimaiyyətlə əlaqələr strukturlarının fəaliyyət istiqamətləri: məqsəd və vəzifələr" mövzusunda çıxış edib. Firudin Qurbanov qeyd edib ki, təhsil sahəsində aparılan islahatların cəmiyyətə düzgün və dolğun şəkildə çatdırılması üçün kommunikasiya işinin müasir yanaşmalara uyğun qurulması vacibdir. İctimaiyyətlə əlaqələr idarəetmənin mühüm funksiyasıdır və bu fəaliyyət təşkilatla ictimaiyyət, eləcə də əməkdaşlar arasında etibarlı münasibətlərin qurulmasına və qorunmasına xidmət edir.   Onun sözlərinə görə, müasir dövr sosial texnologiyalara və ictimai əlaqələrə yeni tələblər irəli sürür. Media vasitəsilə ictimai sabitliyi poza biləcək təsirlərə qarşı adekvat sosial texnologiyaların hazırlanması və tətbiqi olduqca vacibdir. Bu texnologiyalar həm ictimai münasibətlərin tənzimlənməsində, həm də informasiya təhlükəsizliyinin təminində mühüm rol oynayır. Nazir müavini əlavə edib ki, məqsəd nazirliyin informasiya mövqeyini daha da gücləndirməkdir. İctimaiyyət və media ilə dayanıqlı əlaqələrin qurulması, məlumatların düzgün toplanması və yayılması, media nümayəndələri ilə əməkdaşlığın genişləndirilməsi bu sahədə çalışan əməkdaşların əsas vəzifələrindəndir.    Firudin Qurbanov qeyd edib ki, peşəkar şəkildə hazırlanmış kommunikasiya konsepsiyası yalnız ictimaiyyətlə əlaqələr qurumlarının deyil, bütövlükdə elm və təhsil sisteminin uğurlarını şərtləndirə bilər. Konsepsiyada PR fəaliyyəti hər zaman strateji məqsədlərə yönəlməlidir.    Çıxış edən digər görüş iştirakçıları da öz fikirlərini və tövsiyələrini bölüşüblər.    Görüş ümumi müzakirələrlə başa çatıb.

“Arzulara qanad verək” adlı qanvermə aksiyası keçirilib

Aprelin 17-də Səhiyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə əməkdaşlığı ilə Respublika Qan Bankında “Ümumdünya Hemofiliya Günü”nə həsr edilmiş qanvermə aksiyası keçirilib.   Respublika Qan Bankının tibbi işçiləri tərəfindən sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilən donorlardan toplanan qan ehtiyatı talassemiya, hemofiliya eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlərə dəstək məqsədi daşıyır.   Artıq ənənə halını alan bu aksiyaya dövlət qurumlarının əməkdaşları və könüllü donorlar olmaqla gün ərzində 250 nəfər qoşulub.    Aksiyada iştirak edən qan donorlarına minnətdarlığımızı bildiririk.

Elm və təhsil nazirinin Sabirabaddakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Elm və təhsil naziri Emin Əmrullayevin 18 aprel 2025-ci il tarixində Sabirabad şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Vətəndaş qəbulu aprelin 21-də keçiriləcək.  Qəbulda Beyləqan, İmişli, Saatlı, Sabirabad və Xocavənd sakinlərinin iştirakı nəzərdə tutulub.  Qeyd edək ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər.

Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant proqramı yenidən təşkil ediləcək

Ötən il həyata keçirilən "Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi" çərçivəsində 1300-ə yaxın uşaq məktəbəqədər təhsilə cəlb edilib. Proqramın effektivliyi və ictimaiyyət tərəfindən müsbət qarşılanması nəzərə alınaraq yay aylarında bu qrant proqramının yenidən təşkil edilməsi planlaşdırılır.   Qeyd edilən qrant proqramında yalnız müvafiq lisenziyaya malik olan, Elm və Təhsil Nazirliyinin Məktəbəqədər Təhsil Müəssisələrinin İnformasiya Sisteminə (MTİS) qoşulmuş və uşaq qəbulunu https://www.bq.edu.az/ (Məktəbəqədər Təhsil Müəssisələrinə Elektron Sənəd Qəbulu Sistemi) platforması üzərindən aparan özəl məktəbəqədər təhsil müəssisələri iştirak edə biləcəklər. Bu çərçivədə MTİS-ə hələ qoşulmamış və ya sistemə məlumatlarını tam şəkildə daxil etməmiş özəl məktəbəqədər təhsil müəssisələrinin bunu etmələri zəruridir. MTİS sisteminə qoşulma və sistemə məlumatların tam və düzgün şəkildə daxil edilməsi özəl məktəbəqədər təhsil müəssisələri üçün hüquqi öhdəlikdir.   MTİS sisteminə qoşulma və ya qrant proqramında iştirakla bağlı suallar olduğu təqdirdə özəl məktəbəqədər təhsil müəssisələri əlaqə nömrələrini göstərməklə preschool.grants@edu.gov.az email ünvanına müraciət edə bilərlər.   Xatırladaq ki, "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda məktəbəqədər təhsil sahəsində alternativ təhsil və maliyyələşmə modelləri tətbiq edilməklə məktəbəqədər təhsilə cəlb edilmiş uşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə çatdırılması nəzərdə tutulub. Bu məqsədlə həyata keçirilən mühüm fəaliyyətlərdən biri də özəl məktəbəqədər təhsil müəssisələrinin potensialından istifadə edilməsidir.     

Vətəndaş müraciətlərinin statistikası

Aprelin 1-dən 14-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 26 150 vətəndaş müraciəti daxil olub.   Müraciətlərin 16 646-sı çağrı mərkəzləri,  4 683-ü elektron, 949-u isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 3 872 müraciət qeydə alınıb. Müraciətlər xarici diplomların tanınması, müəllimlərin yerdəyişməsi, texniki işlə təminolunma, təhsil tələbə kreditinə müraciət, şagird yerdəyişməsi, tələbələrin köçürülməsi və digər məsələlərlə bağlı olub.

Qarabağ Universitetində “Heydər Əliyev və suveren Azərbaycan” mövzusunda konfrans keçirilib

Aprelin 14-də Baş Prokurorluq və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Qarabağ Universitetinin tərəfdaşlığı ilə bu təhsil müəssisəsində “Heydər Əliyev və suveren Azərbaycan” mövzusunda konfrans keçirilib.   Konfransda Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, baş prokuror Kamran Əliyev, elm və təhsil naziri Emin Əmrullayev, dövlət rəsmiləri, hüquqşünaslar, ali təhsil müəssisələri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, gənc tədqiqatçılar və media təmsilçiləri iştirak ediblər.    Konfransdan əvvəl ulu öndər Heydər Əliyevin büstü ziyarət edilərək önünə gül dəstələri qoyulub.    Daha sonra konfrans iştirakçıları Qarabağ Universitetinin kitabxanası, kriminalistika otaqları və digər tədris avadanlıqları ilə tanış olub. Baş Prokurorluq tərəfindən kitabxana fonduna yeni kitablar hədiyyə edilib.   Qonaqlara məlumat verilib ki, Baş Prokurorluğun dəstəyi ilə ərsəyə gəlmiş kriminalistika otağı hüquqşünaslıq ixtisasının tələbələri üçün praktik təlimlərin keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu otaq tələbələrin real cinayət hadisələri ilə bağlı praktiki bacarıqlarını inkişaf etdirməyə, hüquq tətbiqi sahəsindəki biliklərini gücləndirməyə imkan verir.   Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.    Qarabağ Universitetinin rektoru Şahin Bayramov açılış nitqi ilə çıxış edərək qonaqları salamlayıb və bildirib ki, müasir Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyevə həsr olunan konfransın sözügedən universitetdə keçirilməsi böyük qürurdur. Rektor Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış Qarabağ Universitetini təhsil, tədqiqat və innovasiya mərkəzinə çevirməklə Qarabağ və Şərqi Zəngəzurda ekosistemin formalaşmasında fəal rol oynamağın əsas hədəflərdən olduğunu da konfrans iştirakçılarının diqqətinə çatdırıb.   Çıxış edən elm və təhsil naziri Emin Əmrullayev Qarabağ Universitetinin Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpasından sonra yaradılan ilk universitet olduğunu xatırladıb. Növbəti illərdə Qarabağ Universitetinin 10 fakültəsinin fəaliyyət göstərəcəyini bildirən nazir əlavə edib ki, 2030-cu ilə qədər universitetin musiqi fakültəsi Şuşada, kənd təsərrüfatı fakültəsi isə Xocalıda fəaliyyətə başlayacaq.   Çıxış edən baş prokuror Kamran Əliyev tədbirin məhz Xankəndidə keçirilməsinin xüsusi önəm daşıdığını bildirib və qeyd edib ki, bu konfrans suverenliyin tam bərpasının, hüquqi dövlət quruculuğunun və qanunun aliliyinin təcəssümüdür.   Baş prokuror Kamran Əliyev Qarabağ Universitetində hüquq ixtisasının tədrisinin başlanmasını yüksək qiymətləndirərək qeyd edib ki, bu, regionda hüquqi şüurun formalaşdırılmasına və gələcək hüquqşünas kadrların hazırlanmasına xidmət edəcək. O əlavə edib ki, bu təşəbbüs suverenliyin bərpası ilə paralel həyata keçirilən vacib addımdır. Baş prokuror Qarabağ Universitetinin tələbələrinə dövlətçiliyin əsasları, hüquq sisteminin rolu və gənclərin bu prosesdə iştirakı barədə tövsiyələrini də verib.    Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov çıxış edərək ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində əldə olunan nailiyyətlərdən bəhs edib. Prezidentin xüsusi nümayəndəsi bildirib ki, ümumilli lider Heydər Əliyev suveren Azərbaycanı Qarabağsız və onun tacı olan Şuşasız təsəvvür etmirdi. Elçin Yusubov əlavə edib ki, ulu öndərin böyük coşqu ilə sevdiyi Qarabağda və Şərqi Zəngəzurda bu gün həyat yenidən canlanır, şəhərlər, kəndlər, qəsəbələr abadlaşır, bu torpaqların əzəli sahibləri sülh şəraitində əbədi yaşamaq üçün doğma yurdlarına qayıdırlar.   Ardınca konfrans öz işini tərəfdaş qurumların nümayəndələrinin “Heydər Əliyev və suveren Azərbaycan” mövzusunda çıxışları əsasında davam etdirib.    Daha sonra tələbələr Kamran Əliyev və Emin Əmrullayevə müxtəlif suallar ünvanlayıblar.   Konfrans çərçivəsində Qarabağ Universiteti ilə ECOLEAD layihəsinə tərəfdaş olaraq qoşulmaq üçün memoranduma əlavə imzalanıb. Qeyd edilib ki, memoranduma əlavə ətraf mühitin mühafizəsi əleyhinə törədilmiş qeyri-qanuni əməllərin araşdırılması, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması, toplanmış bilik və məlumatların paylaşılması, öz səlahiyyətləri daxilində funksiyalarını daha operativ və səmərəli icra etmək üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə imzalanıb.    Sonda xatirə fotosu çəkdirilib.

Bu şəxslərin də təhsil haqqı xərcləri dövlət hesabına qarşılanacaq

Aprelin 14-də “Təhsil haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilib.    Yeni dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və 2025-2026-cı, 2026-2027-ci, 2027-2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə ödənişli əsaslarla qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil almaqda olan şəxslərin təhsil haqqı xərcləri 2025-2026-cı tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.   Qanunda edilən dəyişiklik işğaldan azad edilmiş ərazilərdə əhalinin dayanıqlı məşğulluğunun təmin edilməsi və zəruri kadr potensialının formalaşdırılması sahəsində həyata keçirilən kompleks tədbirlər çərçivəsində həmin ərazilərin iqtisadi potensialı və əmək bazarının tələbləri nəzərə alınaraq peşə təhsilinin stimullaşdırılması məqsədini daşıyır. “Təhsil haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Nazir UNEC Zaqatala filialının tələbə evi və idman zalının açılışında iştirak edib

Aprelin 12-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialında tələbələrin sosial rifahı və fiziki inkişafının təmin olunması məqsədilə inşa edilmiş tələbə evi və idman zalının rəsmi açılış mərasimi keçirilib.   Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, UNEC-in rektoru Ədalət Muradov və UNEC Zaqatala filialının direktoru Raqif Qasımov iştirak edib.    Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.    Açılış mərasimində qonaqlar əvvəlcə tələbə evində yaradılmış şəraitlə yaxından tanış olublar.    Məlumat verilib ki, müasir standartlara cavab verən tələbə evi 155 nəfərlikdir. 2 və 3 nəfərlik otaqlar yüksək rahatlıq standartlarına uyğun şəkildə layihələndirilib.    Sağlamlıq imkanları məhdud tələbələr üçün 2 ədəd müasir otaq ayrılıb və bu otaqlarda fərdi komfort baxımından xüsusi imkanlar yaradılıb.   Bütün otaqlar smart texnologiyalarla təchiz olunub. Birinci mərtəbədə tələbələrin rahat istirahəti və əyləncəsi üçün xüsusi olaraq dizayn edilmiş istirahət otağı və oxu zalı mövcuddur.   Daha sonra yeni istifadəyə verilən idman zalı ilə tanışlıq olub. Qeyd edilib ki, zal tələbələrin sağlam həyat tərzi sürməsi və idmanla məşğul olması üçün tam şəraitlə təmin olunub.   İdman zalı 6 funksional otaqdan ibarətdir. Burada basketbol, voleybol və fitnes üzrə ixtisaslaşdırılmış sahələr yaradılıb.   Açılış mərasimindən sonra filialın professor-müəllim heyətinin də iştirakı ilə görüş keçirilib.   Görüş zamanı tələbələr üçün yeni yaradılan imkanların əhəmiyyəti və gələcək planlar müzakirə olunub.

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinə 1552 layihə təqdim edilib

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinə layihə təkliflərinin qəbulu başa çatıb. Müsabiqəyə ümumilikdə 1552 layihə təqdim edilib. Daxil olan layihələrin 54-ü (3%) ümumi təhsil müəssisələrinin, 1498-i (97%) təhsilverənlərin fərdi layihələridir.   Cari müsabiqə iştirakçılarının 676-sı (44%) ilk dəfədir ki bu prosesə qoşulub. Onlardan 18-i “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə, 658-i “Fərdi layihələr” kateqoriyası üzrə müsabiqəyə müraciət edib. Ən çox layihə təklifi isə Bakı, Gəncə və Ağstafadan daxil olub.   Qeyd edək ki, IX qrant müsabiqəsinin gedişatına dair bütün məlumatlar Elm və Təhsil Nazirliyinin rəsmi internet səhifələrində mütəmadi təqdim olunacaq.

2025-2026-cı tədris ili üzrə Dövlət Proqramı çərçivəsində sənəd qəbuluna start verilir

2025-2026-cı tədris ili üçün "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbuluna aprelin 10-dan start verilir. Sənəd qəbulu üçün son tarix 15 iyun 2025-ci il saat 23:59-dur.   Qeyd edək ki, 2025-2026-cı tədris ili üçün 29 dekabr 2024-cü il tarixində elan olunmuş Dövlət Proqramı çərçivəsində prioritet ixtisas sahələrinə uyğun nüfuzlu xarici ali təhsil müəssisələrinin siyahısı yenilənmişdir. Hər il olduğu kimi bu il də namizədlər "Times Higher Education", "QS World University Rankings" və “Academic Ranking of World Universities (Shanghai)” reytinq sistemində  "universitetlər üzrə top 10"da yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan istənilən ixtisas sahəsi üzrə əldə etdikləri qəbul sənədləri əsasında Dövlət Proqramına müraciət edərək müsabiqədə iştirak edə bilərlər.   Müvafiq elanla keçiddən tanış olmaq mümkündür.

30/07/2026

Bakı Qızlar Universitetinin təhsil fəaliyyəti dayandırılıb 10 iyul 2026-cı il tarixində keçirilmiş Akkreditasiya Şurasının iclasında Bakı Qızlar Universiteti üzrə müvafiq Akkreditasiya Komissiyaları tərəfindən hazırlanmış institusional və proqram akkreditasiyası üzrə yekun qiymətləndirmə hesabatları müzakirə edilib. Universitetdə aparılmış qiymətləndirmə zamanı ali təhsil müəssisəsinin fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə edən, dövlət təhsil standartlarının, normativ hüquqi aktların və keyfiyyət təminatı tələblərinin yerinə yetirilməsində ciddi uyğunsuzluqlar müəyyən edilib. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi 30 iyul 2026-cı il tarixli 92 nömrəli Sərəncamı ilə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Bakı Qızlar Universitetinə verilmiş 2018-ci il 11 sentyabr tarixli EL-358/2018 nömrəli lisenziyanı ləğv edib. Qeyd edək ki, Bakı Qızlar Universitetində təhsil alan tələbələrin təhsilinin fasiləsizliyinin və təhsil hüquqlarının qorunmasının təmin edilməsi məqsədilə onların digər ali təhsil müəssisələrinə ixtisaslarına uyğun köçürülməsi təmin ediləcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23253-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
30/07/2026

✨ 24-30 iyul tarixlərində Litvanın Kaunas şəhərində keçirilən 10-cu Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında məktəblilərimiz ? 3 bürünc medal qazanıblar. ?? Şagirdlərimizi bu münasibətilə təbrik edir və onlara daha böyük nailiyyətlər arzulayırıq! #ElmvəTəhsilNazirliyi #ARTİ #Olimpiada #İnformatika

Ətraflı
30/07/2026

Tələbələrin yerdəyişməsi üzrə nəticələr elan edilib

Ətraflı