Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Yerdəyişmə üzrə vakansiya seçimi mərhələsinə start verilir

Aprelin 25-dən dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılacaq. Müsabiqə qaydalarına əsasən, vakansiya seçimi ilkin olaraq şəhid ailəsi üzvləri üçün aktivləşdiriləcək.   Müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi təsdiq olunmuş şəhid ailəsi üzvləri 25 aprel saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq müvafiq vakant yer seçimi edə bilərlər. İlkin vakansiya seçimi 27 aprel saat 11:00-dək davam edəcək. Növbəti mərhələdə isə digər müsabiqə iştirakçıları üçün vakansiya seçimi mərhələsi həyata keçiriləcək və bu barədə ictimaiyyətə məlumat veriləcək.

Ədliyyə Akademiyasında Elm və Təhsil Nazirliyinin əməkdaşları üçün təlim keçirilib

Aprelin 24-də Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın aidiyyəti hissəsinin icrası məqsədilə Ədliyyə Akademiyası və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Korrupsiyaya qarşı mübarizə və dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda təlim keçirilib.   Təlimin məqsədi dövlət qulluqçularının etik davranış normaları, korrupsiyaya qarşı mübarizə mexanizmləri və şəffaf idarəetmə prinsipləri, habelə bu sahədə praktiki bacarıqların təkmilləşdirilməsi, antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı məlumatlılığın artırılmasıdır.   Ədliyyə Akademiyasında keçirilən tədbirin açılışında çıxış edən Akademiyanın prorektoru Elçin Xələfov korrupsiyaya qarşı mübarizədə maarifləndirmənin vacibliyini vurğulayıb. O, bu sahədə keçirilən təlimlərin əhəmiyyətinə toxunaraq qeyd edib ki, maarifləndirmə tədbirləri yalnız Akademiya çərçivəsində deyil, digər qurumlarla əməkdaşlıq şəklində də həyata keçiriləcək. Elçin Xələfov həmçinin artıq anti-korrupsiya mövzusunda dərsliyin hazırlandığını bildirib və gələcəkdə hüquqi maarifləndirməyə dair müxtəlif tədbirlərin keçirilməsinin planlaşdırıldığını qeyd edib.   Daha sonra Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Elvin Rüstəmov çıxış edərək bildirib ki, son illərdə bu sahədə qanunvericilik daha da təkmilləşdirilib, korrupsiyaya qarşı mübarizəyə yönəlik hüquqi baza möhkəmləndirilib və müvafiq qurumlar yaradılıb. Elvin Rüstəmov vurğulayıb ki, korrupsiyaya qarşı mübarizə təkcə hüquqi müstəvidə deyil, həm də ictimai, mədəni və təhsil sahələrində kompleks şəkildə aparılmalıdır. Bu istiqamətdə etik davranış normalarının gücləndirilməsi, vətəndaşların maarifləndirilməsi əsas prioritetlərdəndir. Elm və Təhsil Nazirliyi də bu sahədə mühüm addımlar atıb. Nazirlik tərəfindən təşkil olunan 1800-dən çox maarifləndirmə tədbiri 75 min nəfəri əhatə edib. Bu tədbirlər xüsusilə təhsil işçiləri və gənc nəslin etik dəyərlərə əsaslanan davranış modeli formalaşdırmasına yönəlib.    Qeyd olunub ki, təhsil sisteminə olan inam, eyni zamanda dövlətə olan güvənin formalaşmasına böyük təsir göstərir. Məhz bu səbəbdən, təhsildə şəffaflığın təmin olunması, korrupsiyanı istisna edən yanaşmaların tətbiqi, cəmiyyətin sağlam inkişafı üçün vacibdir.    Elm və Təhsil Nazirliyinin əməkdaşlarının iştirak etdiyi təlimdə mövzular Ədliyyə Akademiyasının əməkdaşları tərəfindən tədris edilib. Təlim zamanı təhsil prosesində yaranan etik dilemmalar və onların deontoloji həll yolları, korrupsiya hüquqpozmaları və onlara qarşı mübarizənin xarakterik xüsusiyyətləri barədə məsələlərə toxunulub, Ədliyyə Akademiyasının fəaliyyət istiqaməti və Akademiyanın Hüquqi təminat bölməsi tərəfindən vətəndaşlara göstərilən hüquqi yardım barədə məlumat verilib.   Ədliyyə sahəsində idarəetmə kafedrasının müəllimi, təlimçi Fərdin Xəlilov “Təhsil prosesində yaranan etik dilemmalar və onların deontoloji həll yolları” mövzusunda maarifləndirici çıxış edib. Fərdin Xəlilov etik davranış prinsiplərinin yalnız iş mühitində deyil, həm də təhsil prosesində nə qədər vacib rol oynadığını vurğulayaraq bu sahədə deontoloji yanaşmanın əhəmiyyətini diqqətə çatdırıb.   Daha sonra təlimçi, Ədliyyə Akademiyasının Ədliyyə işçilərinin tədrisi fakültəsinin baş məsləhətçisi Nuridə Əlizadə korrupsiya hüquqpozmaları və onlara qarşı mübarizənin xarakterik xüsusiyyətləri barədə ətraflı məlumat verib. O, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna edilmiş son dəyişiklikləri iştirakçıların diqqətinə çatdıraraq korrupsiya riskləri və bu risklərin idarə olunması mexanizmləri barədə ətraflı danışıb.   Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin müdiri Kamran İsmayılov çıxışında qurumların fəaliyyətində korrupsiya risklərinin idarə edilməsinin vacibliyini vurğulayıb. Kamran İsmayılov qeyd edib ki, risklərin idarəolunması qurumlara hadisə baş verməzdən əvvəl preventiv tədbirlərin daha aydın mənzərəsini görməyə şərait yaradır. Bundan başqa korrupsiya faktı baş verdikdə ona qarşı reaksiyanın hədəfə yönəlmiş konkret addımlarını müəyyənləşdirməyə imkan verir. Bu və digər yeniliklər zaman keçdikcə korrupsiya risklərinin minimuma endirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.    Digər təlimçi, Ədliyyə Akademiyasının Tədris şöbəsinin rəisi Zeynəb Qənbərova çıxışı zamanı Akademiyanın əsas fəaliyyət istiqamətləri və Hüquqi təminat bölməsi tərəfindən vətəndaşlara göstərilən hüquqi yardım barədə məlumat verib. O, həmçinin Akademiya ilə universitetlər arasında əməkdaşlıq əlaqələrinin qurulmasından bəhs edərək, hüquq fakültəsi tələbələri üçün təşkil olunan kliniki kursların əhəmiyyətini vurğulayıb.   Təlim interaktiv və qarşılıqlı fikir mübadiləsi formasında aparılıb, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb. Sonda təkliflər irəli sürülüb və təlim iştirakçılarına şəhadətnamələr təqdim edilib. Təltif olunanlar

Nazir müavini Firudin Qurbanov autizmlə bağlı beynəlxalq elmi konfransda iştirak edib

Aprelin 24-də “Autizm - tədqiqatdan təcrübəyə” adlı beynəlxalq autizm konfransının rəsmi açılış mərasimi keçirilib.   “Birgə və Sağlam” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən konfransın məqsədi beynəlxalq mütəxəssislərin təqdimatında autizm haqqında müasir elmi araşdırmaları, həmçinin autizmə effektiv müdaxilə metodları, autizmli şəxslərin inklüziv təhsilə cəlb edilməsi və onlar üçün dayanıqlı məşğulluq imkanları haqqında yenilikləri əlaqədar sahələrdə çalışan yerli mütəxəssislərin diqqətinə çatdırmaq, həmçinin autizm haqqında maarifləndirmə aparmaqdır.   Açılış nitqi ilə qonaqları salamlayan “Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova konfransın əhəmiyyətini vurğulayaraq bu tədbirin artıq dördüncü dəfə keçirildiyini diqqətə çatdırıb və tədbirin təşkilində dəstək göstərən hər kəsə təşəkkür edib.   Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışı zamanı qeyd edib ki, övladlarına autizm diaqnozu qoyulmuş ailələrin sosial qayğılarının azaldılması, valideynlərin lazımi səriştələr qazanması məqsədilə dövlət qurumları tərəfindən bir sıra tədbirlər həyata keçirilir və bu tədbirlərin ölkə miqyasında yayılması üçün xüsusi səylər göstərilir.    Açılış tədbirində çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov autizmli uşaqların məktəbəqədər və məktəb yaşında ümumi təhsil sisteminə cəlb edilməsinin onların inkişafına əhəmiyyətli dərəcədə təsir göstərdiyini diqqətə çatdırıb. Nazir müavini əlavə edib ki, təhsil sisteminin vəzifəsi autistik spektr pozuntusu olan uşaqlar daxil olmaqla atipik inkişaf edən uşaqların imkanlarını və məhdudiyyətlərini nəzərə alaraq onların təlim və tərbiyəsini təşkil etməkdir.   Autizmli uşaqların inklüziv təhsilə cəlb edilməsi, həmçinin təhsilverənlərin bu sahədə peşəkar inkişafı üçün Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi tədbirlərdən bəhs edən nazir müavini bildirib ki, 2020-ci ildən başlayaraq nazirliyin Fəaliyyət Planına əsasən, inklüziv təhsilin təşkil edildiyi ümumi təhsil müəssisələrinin şəbəkəsi Bakı, Gəncə, Sumqayıt, Mingəçevir şəhərləri ilə bərabər regionlarda da genişləndirilərək sayı 69-a çatdırılıb. İnklüziv təhsil sahəsində bilik və bacarıqların artırılması məqsədilə müəllimlər üçün tədris proqramları, valideynlər üçün isə öyrədici metodiki vəsaitlər hazırlanıb. Ümumi təhsil müəssisələrində inklüziya mədəniyyətini formalaşdırmaq üçün pedaqoji və inzibati heyət, o cümlədən şagird və valideynlərlə maarifləndirici görüşlər keçirilib.    Firudin Qurbanov çıxışının sonunda dünya təcrübəsinə əsasən yalnız birgə sistemli fəaliyyət nəticəsində, vahid kompleks tədbirlər vasitəsilə autizm xəstələrinin əlilliyini əhəmiyyətli dərəcədə azaltmağın mümkünlüyünü vurğulayıb.    Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev öz növbəsində inklüziv təhsil istiqamətində ali təhsil müəssisələrinin üzərinə düşən mühüm roldan danışıb və bildirib ki, bu rol həm kadr hazırlığı, həm də artıq əmək bazarında fəaliyyət göstərən şəxslərə əlavə bilik və bacarıqların verilməsi baxımından əhəmiyyətlidir. Bakı Slavyan Universitetində 3 ildir ki həyata keçirilən “İnklüziv təhsildən inklüziv cəmiyyətə” layihəsindən söz açan rektor layihənin əsas məqsədinin müəllim hazırlığı prosesində tədris məzmunu və resurslarına inklüziv təhsil prinsiplərinin inteqrasiyasının olduğunu diqqətə çatdırıb.   Çıxış edən "Kapital Bank"ın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə "Kapital Bank" tərəfindən təhsil sahəsində həyata keçirilən əhəmiyyətli layihələrdən danışıb və konfransın işinə uğurlar arzulayıb.    Digər qonaqlar konfransın mövzusu istiqamətində öz sahələrində görülən işləri diqqətə çatdırıblar.    Rəsmi açılış hissəsindən sonra “Birgə və Sağlam” İctimai Birliyinin “Mavi ürəklər” inklüziv musiqi qrupu konsert proqramı ilə çıxış edib.   Qeyd edək ki, 23-25 aprel tarixlərini əhatə edən konfransın ilk günü Bakı Slavyan Universitetində autizmlə bağlı müxtəlif mövzulara həsr olunan 10 praktik seminar təşkil edilib. Konfransda ABŞ, İsveç, Norveç, İrlandiya və Türkiyədən dəvət olunmuş tədqiqatçılar, həmçinin yerli mütəxəssislərin geniş təqdimatlarla çıxışları, ekspertlərlə görüşlərin keçirilməsi nəzərdə tutulub.    Konfrans Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Medianın İnkişafı Agentliyi, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi, “Regional İnkişaf” İctimai Birliyi, NEQSOL Holding, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Xəzər Media Mərkəzi və Azərbaycan Pediatriya Cəmiyyətinin tərəfdaşlığı, "Azərbaycan Hava Yolları" QSC, bp şirkəti, Kapital Bank və “SARDA Group”un sponsorluğu, “Atashgah” İncəsənət Mərkəzi, IBAO, DePromo, Özsüt, “İnklüziv İnkişafa Dəstək Mərkəzi”, “Kashalata” kafe, PM Akademiya, “Birlik” İctimai Birliyi, “Umid var” İnklüziv Yaradıcılıq Birliyi və “SBS” şirkətinin dəstəyi ilə keçirilir. 

Firudin Qurbanov BANM-da beynəlxalq elmi konfransların açılışında iştirak edib

Aprelin 23-də Bakı Ali Neft Məktəbində (BANM) ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş Tələbə və Gənc Tədqiqatçıların VI Beynəlxalq Elmi konfranslarının açılış mərasimi keçirilib.    BANM-ın rektoru Elmar Qasımov tədbirin açılışında bildirib ki, artıq altı ildir keçirilən bu beynəlxalq konfranslara maraq ildən-ilə artır. Vurğulanıb ki, konfransların əsas məqsədi tələbə və gənc tədqiqatçıların elmi fəaliyyətini stimullaşdırmaq, onları beynəlxalq elmi ictimaiyyətə inteqrasiya etdirmək, eləcə də müasir elmi texnologiyalar sahəsində fikir və təcrübə mübadiləsi üçün platforma yaratmaqdır. Rektor, həmçinin, BANM-ın gənc alimlərin yetişdirilməsinə xüsusi önəm verdiyini qeyd edib.   Tədbirdə iştirak edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov beynəlxalq elmi tədbirlərin ölkəmizdə elmin inkişafına və gənclərin elmi fəaliyyətə marağının artmasına böyük töhfə verdiyini vurğulayıb. Nazir müavini BANM-ın müasir texnologiyalar və avadanlıqlarla təchiz edildiyini, 102 Prezident təqaüdçüsündən 33-nün BANM tələbəsi olduğunu qeyd edib. Onun sözlərinə görə, bu, sözügedən təhsil müəssisəsinin yüksək təhsil səviyyəsini və tələbələrinin potensialını nümayiş etdirir.   Nazir müavini gənclərin elmi tədqiqatlara cəlb olunmasını yüksək dəyərləndirərək qeyd edib ki, hazırda yaradıcı şəxslərin yaradıcılıq fəaliyyəti müasir sosial inkişafın əsas mənbəyidir. Buna görə də geniş mənada yaradıcılıq bu gün inkişaf mexanizmi və ya inkişafa aparan qarşılıqlı təsir kimi qəbul edilir, çünki bu gün dinamizm, sosial və elmi-texniki inkişafın uğuru yalnız yaradıcı şəxslərin yaradıcılıq fəaliyyətinin səmərəliliyindən asılıdır.    SOCAR-ın İnsan kapitalının inkişafı və funksional mükəmməllik departamentinin rəisi Tural Məmmədov da tədbirdə çıxış edərək BANM-ın son illərdə qazandığı uğurları xüsusi vurğulayıb.    Eləcə də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini  Əminağa Sadıqov, Elm və Təhsil Nazirliyinin Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov çıxış ediblər. Qeyd olunub ki, bu cür beynəlxalq konfranslar gənclər üçün əvəzolunmaz təcrübə sahəsi yaradaraq elmi müzakirələrə qatılmalarına və biliklərini artırmalarına imkan verir, bununla da onları gələcəkdə daha güclü alimlər və mütəxəssislər kimi yetişdirir.    Daha sonra BANM-ın tədris və elmi işlər üzrə prorektoru Sevda Zərgərova konfrans haqqında məlumat verib. Qeyd olunub ki, builki konfranslara  yerli və xarici gənc tədqiqatçılardan 340 müraciət daxil olub. Müraciətlərdən 300-ü müsbət rəy alıb ki, bu da ümumi müraciətlərin 80 faizini təşkil edir. BANM-dan isə 198 tələbə və gənc tədqiqatçı bu mühüm elmi tədbirə qoşulub.  Beynəlxalq iştirakçılar tərəfindən təqdim olunan 19 müraciətdən 18-i qəbul olunub. Bu il əvvəlki illərlə müqayisədə rekord sayda, 12 müxtəlif ölkədən – ABŞ, Böyük Britaniya, Portuqaliya, Finlandiya, Almaniya, Macarıstan, İtaliya, Polşa, Sinqapur, Pakistan, Səudiyyə Ərəbistanı, Özbəkistan və Rusiya kimi ölkələrin ali təhsil müəssisələrinin nümayəndələri iştirakçılar arasında yer alıblar.    Qeyd edək ki, Tələbə və Gənc Tədqiqatçıların VI Beynəlxalq Elmi konfransları “Dayanıqlı kimya və kimya mühəndisliyinə doğru”, “İNFOTECH 2025” və “Neft-qaz geologiyası və mühəndisliyi” mövzularını əhatə edir.

Nazir müavini Həsən Həsənli Özbəkistanda STEAM Mərkəzinin açılışında iştirak edib

Elm və təhsil nazirinin müavini Həsən Həsənli Özbəkistan Respublikasının Daşkənd şəhərində Azərbaycan dövlətinin dəstəyi ilə yeni yaradılmış STEAM Mərkəzinin açılış mərasimində iştirak edib.     Abdulla Avloni adına Milli Pedaqoji Ustalıq İnstitutunda Azərbaycan təcrübəsi əsasında yaradılmış STEAM Mərkəzinin açılışında çıxış edən nazir müavini Özbəkistan ilə bu istiqamətdə birgə layihələrin reallaşdırılması və təcrübə mübadiləsinin vacibliyini vurğulayıb.    Özbəkistan Respublikasının məktəbəqədər və ümumi təhsil naziri Hilola Umarova da çıxış edərək STEAM sahəsində Azərbaycanın təcrübəsini yüksək qiymətləndirib, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin və ortaq təşəbbüslərin gerçəkləşdirilməsinin hər iki ölkənin təhsil sistemləri üçün faydalı olacağını qeyd edib.    Qeyd edilib ki, ümumilikdə 9 laboratoriya, görüş otaqları və inzibati ofislərdən ibarət olan Mərkəzdəki mövcud şərait təhsildə müasir imkanların və innovasiyaların tətbiqi baxımından mühüm rol oynayacaq. Bu vasitələrlə məktəbəqədər və ibtidai sinif şagirdlərinin yaradıcı düşünmə bacarıqları layihə əsaslı öyrənmə qurğuları vasitəsilə inkişaf etdiriləcək.    Səfər çərçivəsində nazir müavini Daşkənddə yerləşən Abdulla Avloni adına Milli Pedaqoji Peşəkarlıq İnstitutuna da baş çəkib, buradakı ekspozisiyalar və memorial muzeylə tanış olub, həmçinin institutun kitabxanasını və tədris laboratoriyalarını ziyarət edib.  

Emin Əmrullayev Türk Hava Qurumu Universitetinin rektoru ilə görüşüb

Aprelin 22-də elm və təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikasının Türk Hava Qurumu Universitetinin rektoru Rahmi Er ilə görüşüb.   Görüş çərçivəsində iki ölkənin ali təhsil müəssisələri arasında cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.

“Məktəblilərarası Milli Hakaton” üzrə seçim mərhələsi başlayıb

Elm və Təhsil Nazirliyinin dəstəyi və “Rəqəmsal bacarıqlar” layihəsinin təşkilatçılığı ilə həyata keçirilən “Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin seçim mərhələsi başlayıb. 22-25 aprel tarixlərində keçiriləcək seçim turunda olimpiadanın qeydiyyat və ilkin mərhələsindən uğurla keçən 15 000-dən artıq şagird iştirak edəcək. İştirakçılar mərkəzləşdirilmiş qaydada təşkil olunmuş imtahanda bilik və bacarıqlarını nümayiş etdirəcəklər.     İmtahan Bakı, Sumqayıt, Gəncə və digər şəhərlər də daxil olmaqla ümumilikdə 72 mərkəz, 48 şəhəri əhatə edəcək və şagirdlərə 21 tapşırıq üçün 2 saat 30 dəqiqə vaxt veriləcək.   Seçim mərhələsində iştirak edəcək şagirdlər imtahan mərkəzlərinin tam siyahısı və əlavə məlumatları codehour.edu.az saytından əldə edə bilərlər.    Qeyd edək ki, ilkin qeydiyyat mərhələsində respublika üzrə 5-11-ci sinif şagirdləri iştirak edib. Qeydiyyat mərhələsində verilən tapşırıqları uğurla yerinə yetirən iştirakçılar I mərhələyə vəsiqə qazanıblar. Dörd mərhələ və finaldan ibarət olan hakaton müddətində iştirakçılar test tapşırıqları, komanda işi və layihə hazırlığı kimi yaradıcı və innovativ fəaliyyətlərdə iştirak edəcəklər. III və IV mərhələlər 5 müxtəlif regionda təşkil ediləcək. Bu mərhələlərdə iştirakçılar üçün onların bilik və bacarıqlarının inkişafına töhfə verəcək maarifləndirici sessiya və seminarlar təşkil ediləcək.    Müsabiqənin final mərhələsində isə 120 iştirakçıdan ibarət 30 komanda yarışacaq. Qalib komandaları dəyərli mükafatlar və xüsusi hədiyyələr gözləyir.

Elm və təhsil naziri Sabirabadda vətəndaşları qəbul edib

Aprelin 21-də elm və təhsil naziri Emin Əmrullayev Sabirabad şəhərində vətəndaşları qəbul edib.   Qəbulda Beyləqan, İmişli, Saatlı, Sabirabad və Xocavənd sakinləri iştirak ediblər.   Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.    Qəbul zamanı vətəndaşlar xarici diplomların tanınması, sertifikatlaşdırma, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.   Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

III “Maarifçi” tələbə-məzun təcrübə proqramına qeydiyyat müddəti başa çatıb

Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən III “Maarifçi” tələbə-məzun təcrübə proqramına qeydiyyat prosesi yekunlaşıb.   Proqramın məqsədi tələbə və yeni məzun olmuş gənclərə təcrübə imkanı yaratmaq, onların bilik və bacarıqlarını artırmaq, nəzəri biliklərini real iş mühitində tətbiq etmələrinə və peşəkar vərdişlər qazanmalarına dəstək olmaqdır.    Ötən ilin aprel-iyul aylarında baş tutan I “Maarifçi” tələbə-məzun təcrübə proqramında 1958, oktyabr – yanvar aylarında keçirilən II “Maarifçi” proqramında isə 2741 nəfərin müraciəti qeydə alınıb. III “Maarifçi” tələbə-məzun təcrübə proqramında isə müraciət sayı 3542 nəfərə çatıb. Növbəti bir ay ərzində test imtahanı və müsahibə mərhələləsi həyata keçirilməsi nəzərdə tutulub.   Qeyd edək ki, 4 ay davam edəcək “Maarifçi” proqramı çərçivəsində seçilmiş iştirakçılar Elm və Təhsil Nazirliyinin müxtəlif struktur bölmələri və tabe qurumlarında, regional təhsil idarələrində, eləcə də Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində təcrübə keçmək imkanı əldə edəcəklər.    Xatırladaq ki, I və II “Maarifçi” tələbə-məzun təcrübə proqramı çərçivəsində 24 iştirakçı Elm və Təhsil Nazirliyinin tabe qurumlarında, həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müxtəlif struktur bölmələrində işlə təmin olunub.

Azərbaycan Tələbə Liqasının 2024-2025 mövsümünün qrup oyunları yekunlaşıb

Elm və Təhsil Nazirliyi və Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı  ilə ali təhsil müəssisələrinin tələbələri arasında futzal üzrə 2024-2025-ci illər mövsümünün qrup oyunları başa çatıb.   Liqanın keçirilməsində məqsəd ali təhsil müəssisələrinin tələbələri arasında potensial idmançıların aşkar edilməsi, bu idman növünə marağın artırılması və tələbələrdən ibarət futzal üzrə yığma komandanın formalaşdırılmasıdır.    Liqanın pley-off mərhələsində Azərbaycan İdman Akademiyası ilə Bakı Dövlət Universiteti, həmçinin Azərbaycan Texniki Universiteti ilə Bakı Mühəndislik Universitetinin komandaları mübarizə aparacaq. 12 ali təhsil müəssisəsinin komandalarının mübarizə apardığı yarış may ayında yekunlaşacaq.    Qeyd edək ki, Azərbaycan Tələbə Liqası Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilir.

30/07/2026

Bakı Qızlar Universitetinin təhsil fəaliyyəti dayandırılıb 10 iyul 2026-cı il tarixində keçirilmiş Akkreditasiya Şurasının iclasında Bakı Qızlar Universiteti üzrə müvafiq Akkreditasiya Komissiyaları tərəfindən hazırlanmış institusional və proqram akkreditasiyası üzrə yekun qiymətləndirmə hesabatları müzakirə edilib. Universitetdə aparılmış qiymətləndirmə zamanı ali təhsil müəssisəsinin fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə edən, dövlət təhsil standartlarının, normativ hüquqi aktların və keyfiyyət təminatı tələblərinin yerinə yetirilməsində ciddi uyğunsuzluqlar müəyyən edilib. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi 30 iyul 2026-cı il tarixli 92 nömrəli Sərəncamı ilə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Bakı Qızlar Universitetinə verilmiş 2018-ci il 11 sentyabr tarixli EL-358/2018 nömrəli lisenziyanı ləğv edib. Qeyd edək ki, Bakı Qızlar Universitetində təhsil alan tələbələrin təhsilinin fasiləsizliyinin və təhsil hüquqlarının qorunmasının təmin edilməsi məqsədilə onların digər ali təhsil müəssisələrinə ixtisaslarına uyğun köçürülməsi təmin ediləcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23253-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
30/07/2026

✨ 24-30 iyul tarixlərində Litvanın Kaunas şəhərində keçirilən 10-cu Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında məktəblilərimiz ? 3 bürünc medal qazanıblar. ?? Şagirdlərimizi bu münasibətilə təbrik edir və onlara daha böyük nailiyyətlər arzulayırıq! #ElmvəTəhsilNazirliyi #ARTİ #Olimpiada #İnformatika

Ətraflı
30/07/2026

Tələbələrin yerdəyişməsi üzrə nəticələr elan edilib

Ətraflı