“Baku ID 2025” innovasiya festivalı keçirilib
19–20 iyun tarixlərində Bakıda "Baku ID 2025" innovasiya festivalı keçirilib. “The Regional Nexus” mövzusuna həsr olunmuş builki festival iki gün ərzində Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və Şimali Afrika ölkələrindən texnologiya və biznes liderlərini bir araya gətirərək Azərbaycanı innovasiyanın regional mərkəzinə çevirdi. Festival SABAH.HUB İnnovasiya Mərkəzinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, SOCAR, PAŞA Holding və 4SİM kimi aparıcı tərəfdaşların dəstəyi ilə həyata keçirilib. İki gün ərzində müxtəlif ölkələrdən onlarla spiker, investor və startap nümayəndələrinə ev sahibliyi edən Baku ID festivalı paralel sessiyalar, panel müzakirələr və təqdimatlarla innovasiya ekosisteminin mərkəzinə çevrildi. Festival süni intellekt, texnologiya və innovasiya sahələrinə dair çıxışlar və təqdimatlarla yadda qaldı. Tədbir çərçivəsində həmçinin ölkəmizin startap və innovasiya sahəsinin inkişafına təkan verəcək üç önəmli anlaşma memorandumu imzalanıb. İlk memorandum "ARDVENTURE", SABAH.HUB və SABAH.fund arasında imzalanıb. Memorandum türk dünyasının əsas innovasiya mərkəzlərində “Texnologiya səfirlikləri” şəbəkəsinin yaradılması və startapların beynəlxalq bazarlara çıxışının dəstəklənməsi məqsədilə uzunmüddətli əməkdaşlığı nəzərdə tutur. Növbəti iki memorandum isə "SABAH.angels Galata Business Angels" və "Anbema Soft & Consulting" ilə ayrı-ayrılıqda imzalanıb. Tərəflər arasında bağlanan bu əməkdaşlıqlar səhiyyə texnologiyaları, biotexnologiyalar və innovativ maliyyə sahələrində beynəlxalq bilik mübadiləsinin təşviqi, eləcə də perspektivli qlobal bazarlara çıxışı və sərmayə cəlbi imkanlarının genişləndirilməsini hədəfləyir. Tədbirin əsas məqamları, qaliblər və foto materiallarla tanış olmaq üçün www.bakuid.com rəsmi internet səhifəsini, eləcə də Baku ID-nin "Instagram", "Linkedin" və "Facebook" səhifələrini izləyə bilərsiniz.
21/06/2025 17:13
Nazir müavini 6-cı Beynəlxalq Təhsil Texnologiyaları Sammiti çərçivəsində bir sıra görüşlər keçirib
Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə İstanbul şəhərində keçirilən 6-cı Beynəlxalq Təhsil Texnologiyaları Sammiti çərçivəsində bir sıra görüşlər keçirib. Nazir müavini Türkiyə Respublikası milli təhsil nazirinin müavini Celile Eren Ökten ilə görüşüb. Görüş zamanı ümumi və peşə təhsili sahələrində qardaş ölkələr arasında cari əməkdaşlıq müzakirə edilib, gələcək əməkdaşlığın genişləndirilməsi üzərində fikir mübadiləsi aparılıb. Sammit çərçivəsində nazir müavini həmçinin Serbiya Respublikasının təhsil naziri Dejan Vuk Stankoviç ilə görüşüb. Görüşdə Azərbaycan və Serbiya arasında təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə olunub. Nazir müavini, eyni zamanda Özbəkistan Respublikasının məktəbəqədər və məktəb təhsili nazirinin müavini Farhod Esanoviç Bokiyev ilə görüşərək iki ölkə arasında məktəbəqədər və ümumi təhsil sahələrində davam edən və planlaşdırılan əməkdaşlıq perspektivlərini müzakirə edib.
21/06/2025 16:27
Kənan Kərimzadə İstanbul şəhərində 6-cı Beynəlxalq Təhsil Texnologiyaları Sammitində çıxış edib
İyunun 21-də elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən 6-cı Beynəlxalq Təhsil Texnologiyaları Sammitində çıxış edib. Nazir müavini Azərbaycan Respublikasının elm və təhsil sahəsində həyata keçirdiyi islahatlar, texnologiya əsaslı təhsil modellərinin inkişafı, süni intellektin təhsilə inteqrasiyası, o cümlədən rəqəmsal bacarıqların tədrisi istiqamətində atılan addımlar haqqında məlumat verib. Kənan Kərimzadə həmçinin ölkənin elm və innovasiya gündəliyində süni intellekt, biotexnologiya, enerji texnologiyaları və rəqəmsal transformasiya sahələrinin prioritet istiqamətlər kimi müəyyən edildiyini vurğulayıb. Kənan Kərimzadə çıxışında Azərbaycan ilə Türkiyə arasında elm və təhsil sahəsindəki strateji əməkdaşlığın uğurla davam etdirildiyini qeyd edib, 2024-cü ildə Azərbaycanda keçirilmiş TEKNOFEST festivalının bu tərəfdaşlığın bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Nazir müavini ölkənin ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə yüksəlməsi, böyük dil modellərinin hazırlanması istiqamətində yerli və beynəlxalq texnoloji tərəfdaşlarla əməkdaşlıq və "SABAH.city" innovasiya klasterinin yaradılması kimi təşəbbüslər barədə də məlumat verib. Sonda Kənan Kərimzadə belə mötəbər beynəlxalq platformaların təhsil sahəsində qlobal əməkdaşlıqların möhkəmləndirilməsində əhəmiyyətli rol oynadığını vurğulayaraq tədbirə dəvət və qonaqpərvərliyə görə Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekinə təşəkkürünü bildirib.
21/06/2025 15:52
Nazir müavini Kənan Kərimzadə İstanbul şəhərində 6-cı Beynəlxalq Təhsil Texnologiyaları Sammitində iştirak edir
Türkiyə Respublikasının İstanbul şəhərində 6-cı Beynəlxalq Təhsil Texnologiyaları Sammiti iyunun 20-də öz işinə başlayıb. Türkiyə Respublikasının Milli Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən sammit rəqəmsal transformasiya, süni intellektin tətbiqi, gələcəyin öyrənmə modelləri və beynəlxalq əməkdaşlıq imkanları kimi aktual mövzulara həsr olunub. Tədbirdə müxtəlif ölkələrin təhsil nazirləri, nüfuzlu beynəlxalq ekspertlər və qabaqcıl texnologiya qurumlarının nümayəndələri iştirak edirlər. Sammitin məqsədi təhsil texnologiyaları sahəsində bilik və təcrübə mübadiləsi aparmaq, eləcə də tərəfdaşlıq imkanlarını genişləndirmək üçün çoxtərəfli platforma yaratmaqdır. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adından sammitdə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə iştirak edir. Tədbirin açılış mərasimində iştirak edən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında təhsilin inkişafında texnologiya və süni intellektin rolunu yüksək qiymətləndirməklə yanaşı, onun mənəvi və intellektual dəyərlər üzərində qurulmasının zəruriliyini xüsusi vurğulayıb. Prezident Ərdoğanın çıxışı təhsil sahəsində tarazlı və davamlı yanaşmanın vacibliyinə diqqət çəkən mühüm mesajlarla yadda qalıb. Eyni zamanda, sammit çərçivəsində rəqəmsal zorakılığın qarşısının alınması, süni intellekt və yeni texnologiyaların təhsildə istifadəsi, gələcək nəsillərin texnoloji dünyaya inteqrasiyası kimi mühüm mövzular ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edək ki, sammit 22 iyun tarixinədək davam edəcək.
21/06/2025 12:17
Nazir müavini Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın 14-cü iclasında çıxış edib
İyunun 20-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın 14-cü iclasında iştirak edib. İqtisadiyyat Nazirliyində keçirilən iclasda nazir müavini Firudin Qurbanov çıxış edərək Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlığın təməlində dövlət başçılarının siyasi iradəsinin, tarixən inkişaf edən qardaşlıq münasibətlərinin və əldə olunmuş razılaşmaların dayandığını vurğulayıb. Bildirilib ki, elm və təhsil sahəsində də əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin icrası və təcrübə mübadiləsinin həyata keçirilməsi üçün geniş imkanlar mövcuddur. Komissiyanın iclası çərçivəsində həmçinin iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsi, sərmayələrin təşviqi, sənaye, energetika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında geniş müzakirələr aparılıb. Birgə hökumətlərarası komissiyanın həmsədrləri – Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov iclasda çıxış edərək ölkələr arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndiriblər və əməkdaşlığın yeni sahələr üzrə inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar. Tədbirin sonunda Birgə hökumətlərarası komissiyanın həmsədrləri tərəfindən iclasın yekunlarına dair Protokol imzalanıb.
20/06/2025 18:09
Firudin Qurbanov Gürcüstan Parlamentinin Təhsil, elm və gənclərlə iş üzrə komitəsinin sədri ilə görüşüb
İyunun 19-da elm və təhsil nazirinin müavini Firudin Qurbanov Gürcüstan Parlamentinin Təhsil, elm və gənclərlə iş üzrə komitəsinin sədri Givi Mikanadze ilə görüşüb. Görüş çərçivəsində iki ölkə arasında elm və təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.
19/06/2025 17:30
Millət vəkilləri sertifikatlaşdırma imtahanını izləyiblər
İyunun 19-da təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ikinci günü keçirilib. Test imtahanının gedişatı ilə tanış olmaq üçün Bakı şəhəri 161 nömrəli tam orta məktəbə infotur təşkil edilib. İnfoturda Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, millət vəkilləri, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov, nazirlik yanında İctimai Şuranın sədri Hikmət Əlizadə, İctimai Şura üzvləri, nazirlik və MÜTDA rəsmiləri iştirak ediblər. İnfotur çərçivəsində iştirakçılar əvvəlcə imtahan prosesinin gedişatı ilə yaxından tanış olub, müəllimlərlə söhbət edərək təəssüratlarını öyrəniblər. Daha sonra “dəyirmi masa” ətrafında davam edən müzakirələr zamanı tədbir iştirakçılarına sertifikatlaşdırma prosesi barədə ətraflı məlumat verilib, prosesin şəffaflıq prinsipləri əsasında təşkil olunduğu, imtahanlara ictimai nəzarətin təmin edildiyi vurğulanıb. Qeyd edilib ki, imtahanlar ölkə üzrə vahid sistem vasitəsilə izlənilir və bu sistem müasir texnoloji infrastrukturla təmin olunub, ədalətli, şəffaf, o cümlədən etibarlı imtahan mühiti yaradır. Aparat rəhbəri Mətin Kərimli sertifikatlaşdırma prosesinin müəllimlərin ixtisas üzrə əsas kompetensiyalarını müəyyənləşdirməyə imkan verdiyini, bu mexanizmin müəllimlər arasında sağlam rəqabət mühiti formalaşdırdığını və onların peşəkar inkişafına təkan verdiyini infotur iştirakçılarının diqqətinə çatdırıb. Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov da öz növbəsində sertifikatlaşdırma prosesinin müəllimlərin peşəkarlığının və əməkhaqqının artımına səbəb olmaqla yanaşı, onların nüfuzuna da müsbət təsir göstərdiyini əlavə edib. “Dəyirmi masa” ətrafında davam edən müzakirələr zamanı millət vəkillərini maraqlandıran çoxsaylı suallar cavablandırılıb, sertifikatlaşdırmanın müəllimlərin peşəkarlıq səviyyəsinin və peşəyə yararlılığının qiymətləndirilməsi məqsədi daşıdığı bir daha diqqətə çatdırılıb. Sonda millət vəkilləri sertifikatlaşdırma prosesini dəstəklədiklərini vurğulayıb, bu təhsil islahatına ictimai və siyasi dəstəyin vacibliyini qeyd ediblər.
19/06/2025 17:00
İlk dəfə Azərbaycanın 6 universiteti dünyanın TOP 1000 ən yaxşı universiteti sırasında
Ölkə tarixində ilk dəfə 6 universitetimiz “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə TOP 1000-ə daxil olub. Ümumi olaraq, sözügedən reytinqdə Azərbaycan universitetlərinin sayı 9-a yüksəlib. 3 universitetimiz mövqeyini ötən ilə nisbətən əhəmiyyətli dərəcədə gücləndirib. 6 universitetimiz isə ilk dəfə sözügedən qlobal reytinqə daxil olub. Ölkə üzrə ən yüksək nəticə əldə edən Bakı Dövlət Universiteti 300 pilləyə yaxın irəliləyərək 688-ci mövqeyə yüksəlib. Azərbaycan Dövlət İqtisad Universiteti (801-850) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (851-900) mövqeyi ötən ilə nisbətən əhəmiyyətli dərəcədə yüksəlib. İlk dəfə olaraq Azərbaycan Texniki Universiteti (851-900), Bakı Mühəndislik Universiteti (901-950) və Xəzər Universiteti (951-1000) “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə TOP 1000-də yer alır. Azərbaycan Memarlıq və İnşaat Universiteti (1001-1200), Sumqayıt Dövlət Universiteti (1001-1200) və ADA Universiteti (1201-1400 ) də sözügedən qlobal reytinqə ilk dəfə daxil olub. Sözügedən reytinqə yeni daxil olan universitetlərin sayına görə Azərbaycan təmsil olunan 106 ölkə arasında 2-ci sıradadır! “Akademik nüfuz”, “İşəgötürənlər arasında nüfuz”, “Müəllim-tələbə nisbəti”, “Əcnəbi müəllim payı”, “Əcnəbi tələbə payı” və “Məşğulluq nəticələri” indikatorları üzrə Azərbaycan universitetlərinin göstəricilərində müsbət dinamika müşahidə olunur. Qeyd edək ki, “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə nəticələrinə görə Azərbaycan Cənubi Qafqaz regionunda liderdir. Azərbaycandan reytinqə daxil olan universitetlərin sayı digər Cənubi Qafqaz ölkələrindən reytinqə daxil olan universitetlərin toplam sayından 3 dəfə çoxdur.
19/06/2025 09:21
Emin Əmrullayev “Qlobal Dayanıqlı İnkişaf Konqresi” çərçivəsində Azərbaycan pavilyonu ilə tanış olub
İyunun 18-də elm və təhsil naziri Emin Əmrullayev Türkiyənin İstanbul şəhərində davam edən “Qlobal Dayanıqlı İnkişaf Konqresi (GSDC 2025)” çərçivəsində Azərbaycanın aparıcı ali təhsil müəssisələrinin təmsil olunduğu ölkə pavilyonunu ziyarət edib. Pavilyonda Azərbaycanı bir sıra aparıcı ali təhsil müəssisələri təmsil edib. Belə ki, pavilyonda Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Mühəndislik Universiteti, Naxçıvan Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Qarabağ Universiteti, Xəzər Universiteti, Bakı Ali Neft Məktəbi və Azərbaycan Tibb Universiteti təmsil olunublar. Ətraf mühitin mühafizəsinə, müxtəlif elm sahələrinə və dayanıqlı inkişafa həsr olunmuş elmi-tədqiqat fəaliyyətləri və praktik-innovativ istiqamətlərdə görülmüş işlər universitetlər tərəfindən nümayiş olunub və iştirakçılara informativ məlumatlar verilib. Qeyd edək ki, sözügedən konqresdə dünyanın 100-dən çox ölkəsindən 5000-dən artıq nümayəndə təmsil olunur.
18/06/2025 21:00
Elm və təhsil naziri “Qlobal Dayanıqlı İnkişaf Konqresi” çərçivəsində Çinin nümayəndə heyəti ilə görüşüb
İyunun 18-də elm və təhsil naziri Emin Əmrullayev Türkiyənin İstanbul şəhərində davam edən “Qlobal Dayanıqlı İnkişaf Konqresi” çərçivəsində Çinin 20-dək qabaqcıl ali təhsil müəssisəsinin təmsil olunduğu ölkə pavilyonunu ziyarət edib. Çin pavilyonunda təmsil olunan ali təhsil müəssisələrinin fəaliyyət istiqamətləri barədə Azərbaycan nümayəndə heyətinə ətraflı məlumat təqdim olunub. Daha sonra Çinin rəhbər heyətlə təmsil olunan 5 ali təhsil müəssisəsi ilə işgüzar görüş keçirilib. Görüş zamanı iki ölkənin ali təhsil müəssisələri arasında geniş əməkdaşlıq perspektivləri müzakirə olunub. Xüsusilə, texniki elmlər, mühəndislik, tədqiqat və inkişaf sahələrində əməkdaşlığın və inteqrasiyanın vacibliyi vurğulanıb. Eyni zamanda, qarşılıqlı tələbə və müəllim mübadiləsi, birgə proqramların inkişafı, həmçinin ali təhsil müəssisələrinin beynəlxalq rəqabət qabiliyyətinin artırılması istiqamətində qarşılıqlı əməkdaşlıq imkanları qeyd olunub. Xatırladaq ki, ötən həftə elm və təhsil naziri Emin Əmrullayevin Çinin Çendu şəhərinə səfəri çərçivəsində Çin Xalq Respublikasının elm və texnologiya naziri Yin Hecun ilə görüş keçirilib. Görüş çərçivəsində iki ölkə arasında elm sahəsində əməkdaşlığın inkişafı perspektivləri müzakirə edilib, elm, texnologiya və süni intellekt sahələrində qarşılıqlı əməkdaşlığın gücləndirilməsini təşviq etmək məqsədilə niyyət məktubları imzalanıb.
18/06/2025 14:27
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
İqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil naziri Emin Əmrullayev və İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl-Casirin rəhbərlik etdiyi nümayəndə heyəti Qarabağa səfər edib.
ƏtraflıGənclər və İdman Nazirliyinin, “ASAN xidmət”in və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə mayın 8-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda Gənclər Forumu keçirilib. Forumda iştirak edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında bildirib ki, bilik, bacarıq, yaradıcı yanaşma və komanda ilə işləmək qabiliyyəti müasir gənclər üçün əsas amillərdəndir və ölkənin inkişafında yaradıcı gənclərin rolu böyükdür. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23029-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #HeydərƏliyev #GənclərForumu
ƏtraflıMilanda Azərbaycan ali təhsilinə həsr olunmuş panel sessiya keçirilib İtaliyanın Milan şəhərində “Times Higher Education” reytinq agentliyinin təşkilatçılığı ilə keçirilən “Avropa Universitetlərinin Sammiti” çərçivəsində Azərbaycan ali təhsilinə həsr olunmuş panel sessiya təşkil edilib. “Azərbaycan təcrübəsi: universitetlər beynəlxalq strategiyasını necə formalaşdırır” mövzusunda keçirilən sessiyada Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov spiker qismində çıxış ediblər. Ülkər Səttarova çıxışında elm və ali təhsil sahəsində beynəlmiləlləşmə, bu istiqamətdə həyata keçirilən tərəfdaşlıqlar, Azərbaycanın beynəlxalq təhsil qrantı proqramları və “Study in Azerbaijan” layihəsinin əhəmiyyəti barədə danışıb. O, həmçinin beynəlxalq tədqiqat tərəfdaşlığı şəbəkəsinin genişləndirilməsinin vacibliyini qeyd edib. Ədalət Muradov isə Azərbaycan Dövlət İqtisad Universitetinin son illərdə beynəlxalq əməkdaşlıq və elmi tədqiqat fəaliyyətinin gücləndirilməsi istiqamətində görülən işlər, xarici tərəfdaş universitetlərlə icra olunan layihələr, əldə edilmiş nəticələr, qarşıda duran strateji hədəflər və planlaşdırılan fəaliyyətlər barədə məlumatları iştirakçıların diqqətinə çatdırıb. #EATDA #THE #Sammit
Ətraflı