“Danışır təcrübə” layihəsinin qonağı Ali Məhkəmə sədrinin müavini Çingiz Əsgərov olub
Elm və Təhsil Nazirliyinin “Danışır təcrübə” layihəsi çərçivəsində növbəti görüş baş tutub. Layihənin budəfəki qonağı tanınmış hüquqşünas, Azərbaycan Ali Məhkəməsi sədrinin müavini və hakimi Çingiz Əsgərov olub. Görüşdə Elm və Təhsil Nazirliyinin və tabeliyindəki qurumların əməkdaşları, ümumi təhsil müəssisələrinin rəhbərləri, eləcə də hüquqşünaslıq ixtisasında təhsil alan tələbələr iştirak ediblər. Çingiz Əsgərov “Konstitusiya və hüququn aliliyi” mövzusunda çıxış edərək iştirakçılara Azərbaycanın məhkəmə sistemi, hüquq islahatlarının mahiyyəti və hüququn insan həyatındakı rolu barədə ətraflı məlumat verib. “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən görüşdə hüququn insan həyatındakı həlledici rolu, Konstitusiya dəyərlərinin gündəlik qərarlara, vətəndaş münasibətlərinə və idarəetmə proseslərinə təsiri barədə geniş fikir mübadiləsi aparılıb. Çingiz Əsgərov çıxışında vurğulayıb ki, hüququn aliliyi yalnız məhkəmə sisteminin deyil, həm də bütün dövlət qurumlarının fəaliyyətinin əsas prinsipi olmalıdır. Çingiz Əsgərov əlavə edib ki, Konstitusiyada əksini tapan hüquq normalarının real həyata tətbiqi hüququn aliliyinin ən mühüm göstəricisidir. Hər bir dövlət orqanı qəbul etdiyi qərarlarda vətəndaş maraqlarını və Konstitusiya normalarını əsas götürməlidir. Bu, həm idarəetmənin keyfiyyətinə, həm də cəmiyyətin dövlətə olan inamına birbaşa təsir göstərir. Qeyd edək ki, “Danışır təcrübə” layihəsi Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilir. Layihə çərçivəsində keçirilən görüşlər əməkdaşların davamlı inkişafının təmin edilməsinə, liderlik və idarəetmə bacarıqlarının artırılmasına, eləcə də müasir çağırışlara uyğun kadr potensialının formalaşdırılmasına xidmət edir.
04/11/2025 10:13
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır
4 noyabr saat 10:00-dan etibarən Respublika fənn olimpiadalarında iştirak üçün elektron qeydiyyat prosesinə başlanılacaq. Qeydiyyat prosesi 18 noyabr saat 12:00-dək davam edəcək. Şagirdlər https://portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsinə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Qeydiyyatla bağlı yaranan hər hansı çətinliklə əlaqədar 051 206 78 48 nömrəsinə “WhatsApp” üzərindən müraciət etmək mümkündür. Şagirdlər qeydiyyatdan keçdikdən sonra əvvəlcə noyabr ayında məktəb turunda iştirak edəcəklər. Məktəb turunun keçirilmə tarixini təhsil aldıqları ümumi təhsil müəssisələrindən öyrənməlidirlər. Məktəb turunda uğurlu nəticə göstərən şagirdlər regional təhsil idarələrinin nəzdində yaradılmış Təşkilat Komitəsinin qərarı ilə 2026-cı ilin yanvar ayında keçiriləcək rayon (şəhər) mərhələsində iştirak hüququ qazanacaqlar. Qeyd edək ki, VIII–XI sinif şagirdlərinin iştirak etdiyi Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyatı, coğrafiya və tarix olmaqla 8 fənn üzrə təşkil olunur. Fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə özünəinam hissini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafı istiqamətində tədbirlər müəyyənləşdirmək, həmçinin məktəblilərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdır.
04/11/2025 09:30
Ümumi təhsildə media savadlılığının əhatə olunması məqsədilə müəllimlər üçün TOT seminarı keçirilib
“Media savadlılığı” həftəsinə hazırlıq çərçivəsində ümumi təhsildə media savadlılığının əhatə olunması məqsədilə Medianın İnkişafı Agentliyi və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə müəllimlər üçün TOT seminarı keçirilib. Açılış nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri, strateji planlaşdırma və informasiya texnologiyaları departamentinin direktoru Ləman İsgəndərova bildirib ki, media savadlılığının artırılması, dezinformasiyaya qarşı mübarizənin gücləndirilməsi, müvafiq sahədə görülən işlərin effektivliyinin yüksəldilməsi, əhatə dairəsinin genişləndirilməsi məqsədilə Agentlik tərəfindən davamlı tədbirlər həyata keçirilir. Daha sonra Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdir müavini Nəriman Qəhrəmanlı və Təhsil İnstitutunun Dil fənlərinin proqramları şöbəsinin müdiri Turan Zəkəriyayeva “Təhsildə media savadlılığı: beynəlxalq təcrübə və yerli tətbiq perspektivləri” mövzusunda çıxış ediblər. Seminar çərçivəsində Bakı Dövlət Universitetinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Xatirə Hüseynova “Saxta məlumatların müəyyənləşdirilməsi üsulları, etibarlı mənbəni necə tapmalı?” mövzusunda, həmin kafedranın dosenti Könül Niftəliyeva isə “Media savadlılığının tədrisi: metodika və effektiv yanaşmalar” mövzusunda seminar iştirakçıları ilə fikir mübadiləsi aparıblar. “Mediada rəqəmsal izlər: istehsalçı və istehlakçı davranışı” mövzusunda təşkil olunan sessiyada isə “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev tərəfindən “rəqəmsal iz” anlayışının mahiyyəti, onun media savadlılığının əsas komponentlərindən biri kimi əhəmiyyətindən bəhs edilib. ABŞ, Çin və digər müxtəlif ölkələrdə fəaliyyət göstərmiş beynəlxalq kommunikasiya mütəxəssisi, hazırda ABŞ-nin Valparaiso Universitetində magistr proqramının direktoru və dosenti kimi fəaliyyət göstərən Tiffany J. Bell “Yanlış narrativlərin aşkarlanması və mediada mesajları anlama” mövzusunda çıxış edib. O, dezinformasiya və manipulyativ məzmunların aşkarlanması, rəqəmsal mühitdə düzgün informasiya istehlakçısı olmağın yolları, həmçinin ictimai rəyin formalaşmasında media mesajlarının təsir mexanizmləri barədə danışıb. Seminar çərçivəsində sosial medianın yeniyetmə və gənclərə psixoloji təsirləri, media savadlılığının effektiv tədrisi ilə bağlı praktiki psixoloji metodlar barədə də danışılıb. Sonda seminar iştirakçılarına sertifikatlar təqdim olunub.
03/11/2025 15:40
Azərbaycan Tələbə Liqasının 2025/2026 mövsümünə start verilib
Noyabrın 1-də ali təhsil müəssisələrinin tələbələri arasında futzal üzrə Azərbaycan Tələbə Liqasının 2025/2026 mövsümünə start verilib. Liqanın A qrupunda mübarizə aparan Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Mühəndislik Universitetinin komandalarının qarşılaşması olub, oyun 1:6 hesabı ilə başa çatıb. Daha sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandası Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının komandasına 6:0, Bakı Dövlət Universitetinin komandası Milli Aviasiya Akademiyasının komandasına 3:1 hesabla qalib gəlib. Liqanın B qrupunda qarşılaşan Odlar Yurdu Universitetinin komandası Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandasına 0: 6 hesabla məğlub olub. Azərbaycan Dövlət İqtisad Universitetinin komandası Bakı Slavyan Universitetinin komandasına 7:1, Bakı Ali Neft Məktəbinin komandası Azərbaycan Tibb Universitetinin komandasına 4:0 hesabla qalib gəlib. Qeyd edək ki, Azərbaycan Tələbə Liqası Elm və Təhsil Nazirliyi, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilir. 14 ali təhsil müəssisəsinin komandasının mübarizə apardığı turnirə 2026-cı ilin may ayında yekun vurulacaq. Yarışlarda I, II, III yerləri tutan komandalar medal, pul mükafatı, çempion komanda kubok ilə, liqada fərqlənən 3 tələbə-futbolçu isə “Ən yaxşı qapıçı”, “Ən yaxşı müdafiəçi” və “Ən yaxşı oyunçu” nominasiyaları üzrə xüsusi mükafatla təltif olunacaq. Liqanın keçirilməsində məqsəd ali təhsil müəssisələrinin tələbələri arasında futzal idman növünün təbliği, perspektivli idmançıların aşkar edilməsi, bu idman növünə marağın artırılması və tələbələrdən ibarət yığma komandanın formalaşdırılmasından ibarətdir.
03/11/2025 15:03
Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edəcək
Elm və təhsil naziri Emin Əmrullayev 28 noyabr tarixində Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək. Qəbulda Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur sakinləri iştirak edə bilərlər. Adları çəkilən şəhər və rayonların sakinləri 18 noyabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür. Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.
03/11/2025 11:26
Kənan Kərimzadə “EcoMind 2025” konfransında iştirak edib
Noyabrın 2-də Avropa Azərbaycan Məktəbində “EcoMind 2025” konfransı keçirilib. Konfransın açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, elm və təhsil nazirinin müavini Kənan Kərimzadə və digər qonaqlar iştirak ediblər. IDEA İctimai Birliyi və Avropa Azərbaycan Məktəbinin birgə təşkilatçılığı ilə baş tutan konfransın məqsədi uşaq və gənclər arasında ekoloji məsuliyyətin təbliği, məktəblərdə təhsil prosesində ətraf mühitə dair biliklərin və yaşıl düşüncə tərzinin təşviqidir. Əvvəlcə məktəblilərin ətraf mühit problemlərinə, onun həlli yollarına, təbiətin qorunmasına dair ideyalarını əks etdirən əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Sonra konfransın açılış mərasimində çıxış edən Leyla Əliyeva gənclərin ekoloji təşəbbüslərdə fəal iştirakının və ətraf mühitin qorunması prosesində onların məsuliyyətinin vacibliyini vurğulayıb. O qeyd edib ki, hər bir məktəblinin ekoloji dəyərlərlə böyüməsi ölkənin yaşıl gələcəyinin təminatıdır. Digər çıxış edənlər təhsil müəssisələrində ekoloji məsuliyyətin artırılması, gənclərin ekoloji təşəbbüslərdə iştirakı və dayanıqlı inkişaf məqsədlərinin tədrisə inteqrasiyası istiqamətində öz fikirlərini bölüşüblər. Tədbirdə bədii hissə də nümayiş etdirilib. Qeyd edək ki, ilk dəfə təşkil olunan “EcoMind 2025” konfransı gələcəkdə ənənəvi xarakter daşıyacaq və təhsil sahəsində ekoloji istiqamətdə əməkdaşlıq üçün yeni platforma formalaşdıracaq. Tədbirdə 30 universitet, 20 dövlət məktəbi, 21 özəl və beynəlxalq təhsil müəssisəsindən 450-dən çox iştirakçı bir araya gəlib.
03/11/2025 10:00
Qarabağ Universiteti ilə SOCAR arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Qarabağ Universiteti ilə SOCAR arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Xankəndi şəhərində keçirilən imzalanma mərasimində elm və təhsil nazirinin müavini Həsən Həsənli, SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva və Qarabağ Universitetinin rektoru Şahin Bayramov iştirak ediblər. Çıxışlarda əməkdaşlığın praktik əhəmiyyətindən bəhs olunaraq bu tərəfdaşlığın qurulmasından məmnunluq ifadə edilib. Bildirilib ki, SOCAR ilə Qarabağ Universiteti arasında qurulan əməkdaşlıq “SOCAR Türkiyə”, “SOCAR Midstream Gas Operations” MMC, həmçinin bp və digər tərəfdaş şirkətlər arasında qarşılıqlı bilik və təcrübə mübadiləsi, birgə inkişaf imkanlarının gücləndirilməsi, təhsilə sosial sərmayə layihələrinin idarə edilməsi baxımından mühüm körpü rolunu oynayacaq. Rəsmi tədbirdən sonra universitetin bir qrup tələbəsi ilə görüş keçirilib. SOCAR nümayəndələri Qarabağ Universitetinin infrastrukturu, İncəsənət fakültəsi, ali təhsil müəssisəsinin tibb klinikası və yataqxana kompleksi ilə tanış olublar. Qeyd edək ki, SOCAR ilə Qarabağ Universiteti arasında imzalanan əməkdaşlıq müqaviləsi təhsil və sənaye arasında daha sıx əlaqələrin qurulmasına, rəqabətqabiliyyətli insan kapitalının inkişafına töhfə vermək məqsədi daşıyır. Əməkdaşlıq çərçivəsində tələbələr üçün təcrübə və təqaüd proqramlarının təşkili, “SOCAR Türkiyə” və “SOCAR Midstream Gas Operations” MMC tərəfindən elmi-tədqiqat və innovativ layihələrin dəstəklənməsi, həmçinin Bakı Ali Neft Məktəbi və Qarabağ Universiteti arasında müştərək tədris proqramlarının həyata keçirilməsi nəzərdə tutulur.
01/11/2025 15:00
Nazir müavini Həsən Həsənli Anqolanın təhsil naziri ilə görüşüb
Özbəkistanın Səmərqənd şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının (UNESCO) Baş Konfransının 43-cü sessiyasında Azərbaycan nümayəndə heyətinin tərkibində iştirak edən elm və təhsil nazirinin müavini Həsən Həsənli Anqola Respublikasının təhsil naziri Luisa Maria Alves Grilo ilə görüşüb. Sözügedən görüşdə tərəflər ümumi təhsil sahəsində əməkdaşlığın qurulması, o cümlədən STEAM çərçivəsində mümkün birgə təşəbbüslər barədə fikir mübadiləsi aparıblar.
01/11/2025 12:22
Nazir müavini Özbəkistanın məktəbəqədər və ümumi təhsil naziri ilə görüşüb
Özbəkistanın Səmərqənd şəhərində Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının (UNESCO) Baş Konfransının 43-cü sessiyası çərçivəsində elm və təhsil nazirinin müavini Həsən Həsənli Özbəkistan Respublikasının məktəbəqədər və ümumi təhsil naziri Ezozxon Karimova ilə görüş keçirib. Görüş zamanı məktəbəqədər və ümumi təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf istiqamətləri müzakirə olunub. Tərəflər təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, həmçinin məktəbəqədər və ümumi təhsil sisteminin müasirləşdirilməsi istiqamətində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
01/11/2025 11:00
Həsən Həsənli Misir Ərəb Respublikasının ali təhsil və elmi tədqiqat naziri ilə görüşüb
Elm və təhsil nazirinin müavini Həsən Həsənli Özbəkistanın Səmərqənd şəhərində Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının (UNESCO) Baş Konfransının 43-cü sessiyası çərçivəsində Misir Ərəb Respublikasının ali təhsil və elmi tədqiqat naziri Mohamed Ayman Ashour ilə görüşüb. Görüş zamanı iki ölkə arasında elm və ali təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Tərəflər ali təhsil müəssisələri arasında birgə elmi tədqiqat layihələrinin, tələbə və müəllim mübadiləsinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
31/10/2025 18:20
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
1 il əvvəl
"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat
ƏtraflıSentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli
Ətraflı? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA
Ətraflı