Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Elm və təhsil naziri Sudan Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb

Noyabrın 19-da elm və təhsil naziri Emin Əmrullayev Sudan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Anas Eltayeb Elgailani Mustafa ilə görüşüb. Görüş çərçivəsində Sudan Respublikası ilə elm və təhsil sahəsində əməkdaşlıq və inkişaf perspektivləri müzakirə edilib.

Nazir Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki səfiri ilə görüşüb

Noyabrın 19-da elm və təhsil naziri Emin Əmrullayev Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi ilə görüşüb. Görüş çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri ilə elm və təhsil sahəsində əməkdaşlıq və inkişaf perspektivləri müzakirə edilib.

Nazir müavini Cənubi Afrika Respublikasının ali təhsil və təlim nazirinin müavini ilə görüşüb

Noyabrın 18-də elm və təhsil nazirinin müavini Həsən Həsənli ölkəmizdə səfərdə olan Cənubi Afrika Respublikasının ali təhsil və təlim nazirinin müavini Nomusa Dube-Ncube ilə görüşüb.  Görüş çərçivəsində iki ölkə arasında təhsil sahəsində cari əməkdaşlıq və inkişaf perspektivləri müzakirə edilib.

“Azərbaycan Bacarıqlar Akseleratoru” layihəsinə start verilib

İqtisadiyyat Nazirliyi və Dünya İqtisadi Forumunun (DİF) Bacarıqlar Akseleratoru Şəbəkəsi (Skills Accelerator Network) arasında tərəfdaşlıq çərçivəsində ölkəmizdə bacarıqların yenilənməsinə yönəlmiş “Azərbaycan Bacarıqlar Akseleratoru” layihəsinə start verilib.    Bununla bağlı İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşkilatçılığı ilə “Dəyişən əmək bazarı: insan kapitalı və gələcəyin bacarıqları” mövzusunda tədbir keçirilib.   Tədbir çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” layihəsinin həmsədrlərinin iştirakı ilə “Azərbaycanda prioritet sahələr üzrə bacarıqların inkişafına dair strateji baxış” mövzusunda müzakirə sessiyası keçirilib.    DİF-in Təhsil, Bacarıqlar və Öyrənmə üzrə rəhbəri Neil Alisonun moderatorluğu ilə keçirilən sessiyada çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Azərbaycan və DİF arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu, ölkəmizin Forumun bir sıra təşəbbüslərində fəal iştirak etdiyini vurğulayıb. Çıxışda sürətlə dəyişən qlobal iqtisadi mühitdə əmək bazarının tələblərinə uyğun insan kapitalının formalaşdırılmasının dayanıqlı inkişafın əsas şərtlərindən olduğu qeyd edilib. Ölkəmizin həyata keçirdiyi iqtisadi diversifikasiya siyasətinin innovativ və yeni bacarıqlara malik kadr potensialına tələbatı daha da artırdığı diqqətə çatdırılıb. “Azərbaycan Bacarıqlar Akseleratoru” layihəsinin əmək bazarındakı mövcud boşluqların aradan qaldırılması, gənclərin peşə hazırlığının gücləndirilməsi və işçi qüvvəsinin gələcəyin ixtisaslarına uyğunlaşdırılması baxımından xüsusi əhəmiyyət daşıdığı bildirilib. Özəl sektor, təhsil müəssisələri və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq əsasında həyata keçiriləcək layihənin əmək bazarında tələb-təklif balansının daha effektiv şəkildə formalaşmasına xidmət edəcəyi nəzərə çatdırılıb.   Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə DİF-in Bacarıqlar Akseleratoru Şəbəkəsi ilə tərəfdaşlıq çərçivəsində ölkəmizdə “Azərbaycan Bacarıqlar Akseleratoru”nun yaradılmasını ölkədə bacarıqların yenilənməsi və artırılması prosesinə töhfə verən addım kimi dəyərləndirib. Hər il ölkəmizdə təhsil infrastrukturunun yenilənməsi istiqamətində görülən işlər, gənclərin təhsilinə dəstək məqsədilə həyata keçirilən layihələr barədə məlumat verib.   SOCAR-ın prezidenti Rövşən Nəcəf dövlət, sənaye və təhsil tərəfdaşlığı ilə insan kapitalına yönəlik birgə investisiyaların ölkəmizin uzunmüddətli iqtisadi dayanıqlığının əsas təminatçısı olduğunu bildirib. Ömürboyu təhsil yanaşması və “Azərbaycan Bacarıqlar Akseleratoru” kimi təşəbbüslərin bacarıq boşluqlarının aradan qaldırılması və ölkənin texnologiyayönümlü inkişafı baxımından əhəmiyyət kəsb etdiyi qeyd edilib. “PASHA Holding”in baş icraçı direktoru Cəlal Qasımov vurğulayıb ki, iqtisadiyyatın rəqabətqabiliyyətini müəyyən edən əsas amillərdən biri sürətlə inkişaf edən rəqəmsal savadlı işçi qüvvəsinin formalaşdırılmasıdır. Xüsusilə, fintek, data analitikası, süni intellekt, kibertəhlükəsizlik və innovasiya sahələrinə dair peşəkar bacarıqlara tələbat sürətlə artır.    Daha sonra Azərbaycan üçün növbəti illərdə prioritet bacarıq istiqamətləri müzakirə olunub.   Tədbirdə çıxış edən DİF-in Təhsil, Bacarıqlar və Öyrənmə üzrə rəhbəri Neil Alison “Azərbaycan Bacarıqlar Akseleratoru” proqramının başlamasını və Azərbaycanın Dünya İqtisadi Forumunun Qlobal Akseleratorlar Şəbəkəsinə qoşulmasını iqtisadiyyatın diversifikasiyası istiqamətində atılmış mühüm addım kimi dəyərləndirib. Bildirilib ki, təhsilin sənayenin tələbləri ilə uzlaşdırılması, rəqəmsal və yaşıl bacarıqların inkişafı, eləcə də ömürboyu təhsil konsepsiyasının dəstəklənməsi “Bacarıqlar Akseleratoru”nun əsas hədəflərindəndir. Bu yanaşma insan kapitalını gücləndirir və işçi qüvvəsinin gələcəyin iqtisadiyyatının təqdim etdiyi imkanlardan daha səmərəli yararlanmasını təmin edir.   Neil Alison tədbir çərçivəsində “Gələcəyin peşələri 2025” (“Future of Jobs 2025”) hesabatının nəticələrini təqdim edərək qlobal bacarıq trendlərinin Azərbaycan üçün mümkün təsirlərini şərh edib. Tədbir iştirakçıları arasında ölkə üzrə əsas bacarıq prioritetlərinə dair sorğu keçirilib.   4SİM-in icraçı direktoru Fariz Cəfərov “4Sİ dövründə bacarıqlar və yerli çağırışlar” mövzusunda təqdimatla çıxış edib. “Azərbaycan Bacarıqlar Akseleratoru” layihəsi ilə bağlı məlumat verib. Bildirilib ki, “Bacarıqlar Akseleratoru” (Skills Accelerator) – DİF-in Yeni İqtisadiyyat və Cəmiyyət Mərkəzi tərəfindən həyata keçirilən qlobal dövlət-özəl əməkdaşlıq platformasıdır. DİF-in Azərbaycanın qoşulduğu Qlobal Bacarıqlar Akseleratorlar Şəbəkəsi hazırda 35 ölkədə fəaliyyət göstərərək müxtəlif sektorlar arasında əməkdaşlığı təşviq edərək əmək bazarının tələblərinə uyğun bacarıqlar formalaşdırır, innovativ həllərdən istifadənin miqyasını genişləndirir.    Təşəbbüsün icrası 4SİM tərəfindən koordinasiya olunacaq. Layihənin Azərbaycan üzrə həmsədrləri iqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil naziri Emin Əmrullayev, SOCAR-ın prezidenti Rövşən Nəcəf və “PASHA Holding”in baş icraçı direktoru Cəlal Qasımovdur.   Sonda 4SİM-in Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondu ilə birgə icra etdiyi “4Sİ Akademiyası – Milli Proqram” çərçivəsində “Coursera” onlayn təhsil platformasında təlimlərə qoşularaq fəallıq nümayiş etdirən iştirakçılara həmsədrlər tərəfindən sertifikatlar təqdim olunub.

Vətəndaş müraciətlərinin statistikası

Noyabrın 1-dən 15-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 18 087 vətəndaş müraciəti daxil olub.   Müraciətlərin 12 531-i çağrı mərkəzləri, 2 316-sı elektron, 869-u isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 2 371 müraciət qeydə alınıb.     Müraciətlər olimpiada və müsabiqələr , eksternat imtahanı, direktorların işə qəbulu imtahanı, xarici diplomun təsdiqi və digər məsələlərlə bağlı olub.

HTP çərçivəsində Macarıstanda təhsil imkanı

2026-2027-ci tədris ili üçün Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində Macarıstanda təhsillə bağlı sənəd qəbulu başlayıb.   Proqram Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüd hesabına bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil almaq imkanı təqdim edir.  Sənəd qəbulu hər iki tərəfin elektron ərizə sistemində 22 dekabr 2025-ci il saat 23:59-dək aparılacaq. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan tərəfinin (Tempus Public Foundation) yekun qərarının 2026-cı ilin iyun-iyul ayları ərzində təqdim olunması gözlənilir.   Məlumat üçün bildiririk ki, təqaüd proqramı Elm və Təhsil Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında 2024–2026-cı illər üçün “Stipendium Hungaricum” proqramı çərçivəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən həyata keçirilir.    HTP çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.

Azərbaycanda psixoloji reabilitasiya sahəsində təhsilə dəstək

bp daha bir beynəlxalq elmi vəsaitin Azərbaycan dilinə tərcüməsini təqdim edib.   Noyabrın 17-də keçirilən təqdimat mərasimində elm və təhsil nazirinin müavini Kənan Kərimzadə iştirak edib.    Tədbir iştirakçılarına məlumat verilib ki, yeni tərcümə olunmuş “PTSP hallarında koqnitiv işlənmə terapiyası: müfəssəl vəsait” kitabı posttravmatik stres pozuntusu (PTSP) halları zamanı koqnitiv işlənmə terapiyası (KİT) sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulub.   Təqdimat mərasimində çıxış edən bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylinin sözlərinə görə, bu kitab müharibə stresi və digər stres travmalarından əziyyət çəkən insanların reabilitasiyası üçün çox vacib mənbədir. Qeyd edib ki, kitabın nəşrinə dəstək verməkdə məqsəd Azərbaycanda psixoloji reabilitasiyanın, o cümlədən emosional və psixoloji travma yaşamış insanların əqli sağlamlığının reabilitasiyasının sürətləndirilməsinə kömək etməkdir. Bu nəşr stres travması yaşayan insanlarla işləyən mütəxəssislərin bilik və bacarıqlarının daha da artırılmasına, eləcə də PTSP-u olan şəxslər və onların ailə üzvlərinin bu sahədə maariflənməsinə də kömək edəcək.    Kitab təhsil müəssisələrinə, psixologiya fakültələrinə və stres travması reabilitasiyası ilə məşğul olan tibb müəssisələrinə bp-nin hədiyyəsidir.   Əlavə edilib ki, bu kitabın tərcüməsi və nəşri təşəbbüsü beynəlxalq xeyriyyə təşkilatı olan “For Azerbaijan” tərəfindən həyata keçirilən və həssas qruplar üçün dayanıqlı həllər təmin etmək məqsədi daşıyan “Azərbaycanda Psixoloji Reabilitasiya Potensialının Gücləndirilməsi” adlı geniş əhatəli layihənin bir hissəsidir.   Qeyd edək ki, bu layihə bp-nin yerli universitetlərə dünyada tanınmış qabaqcıl akademik materiallara, bilik və təcrübələrə çıxış imkanı təmin etməklə tədris və təlim prosesinin gücləndirilməsinə dəstək olmaq üçün həyata keçirdiyi geniş təhsil proqramının bir hissəsidir və beynəlxalq şirkətin ölkədə təhsilin inkişafına dəstək olmaq istiqamətində uzunmüddətli öhdəliyi çərçivəsində növbəti əhəmiyyətli addımdır.   Bununla da bp-nin dünyanın ən qabaqcıl akademik resurslarının Azərbaycana gətirilməsi məqsədilə nəşr etdiyi kitabların sayı 30-a çatıb.

Beynəlxalq STEAM Azərbaycan Festivalı 2025-in açılış mərasimi keçirilib

Elm və Təhsil Nazirliyinin dəstəyi və "STEAM Azərbaycan" layihəsinin təşkilatçılığı ilə 17–19 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalına (SAF 2025) start verilib.    Açılış mərasimində dövlət qurumlarının rəsmiləri, millət vəkilləri, rektorlar, ETN-in elmi-tədqiqat institutlarının direktorları, beynəlxalq təşkilatların təmsilçiləri, media qurumlarının rəhbərləri, təhsil mütəxəssisləri, tanınmış ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.    Əvvəlcə Dövlət Himni səsləndirilib.    Daha sonra SAF festivalının 5 illiyinə həsr olunmuş videoçarx nümayiş olunub.    Açılış nitqi ilə çıxış edən "STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərov layihənin fəaliyyətinə dair statistik göstəriciləri diqqətə çatdırıb. Bildirilib ki, "STEAM Azərbaycan" layihəsi 300 mindən çox şagird və 400-dən çox məktəbi əhatə edir. Hazırda STEAM dərsləri III–IX siniflərdə tədris olunur. Ölkə üzrə 21 STEAM Mərkəzi fəaliyyət göstərir.    İqrar Nəzərov qeyd edib ki, bu festival yalnız müsabiqə deyil, həm də ölkəmizin gənclərinə qlobal bilik mübadiləsində iştirak imkanı yaradan beynəlxalq platformadır.    Çıxış edən elm və təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, Azərbaycanda STEAM təhsilinin 5 il ərzində böyük inkişaf yolu keçməsi, minlərlə şagirdin bu prosesə qoşulması və innovativ düşüncənin təhsil sistemində genişlənməsi festivalın əhəmiyyətini daha da artırır.    STEAM təhsilinin əsas komponentlərinə toxunan Emin Əmrullayev qeyd edib ki, artıq ilk illərlə müqayisədə 50 dəfədən çox tədris resursu, metodologiya və sistem modeli tətbiq olunur. Nazir 2027–2030-cu illərdə STEAM-ın Azərbaycan təhsilinin əsas aparıcı məzmununa çevriləcəyini vurğulayıb.   Çıxışlardan sonra festivalın final mərhələsində yarışacaq komandaların təqdimatı və bədii hissə baş tutub.    Xatırladaq ki, festival çərçivəsində 18 yarış kateqoriyası üzrə 20-dən artıq ölkədən minlərlə şagird, tələbə, mentor və ekspert iştirak edir. Yarış kateqoriyaları robototexnika, süni intellekt, bərpaolunan enerji, dron və peyk texnologiyaları, incəsənət, innovativ layihələr və mühəndislik sahələrini əhatə edir.   Beynəlxalq STEAM Azərbaycan Festivalı–2025 19 noyabr tarixinədək davam edəcək.   Festivalın final mərhələsinə 1400-dən çox iştirakçı vəsiqə qazanıb. Onlardan 202-si 19 xarici ölkəni təmsil edir. Ümumilikdə isə festivalda təmsil olunan ölkələrin sayı Azərbaycanla birgə 22-dir.   Qeyd edək ki, STEAM - 5 əsas sahənin birgə tədrisidir. Belə ki, STEAM əsaslı tədris modeli elm (Science), texnologiya (Technology), mühəndislik (Engineering), incəsənət (Art), riyaziyyatı (Math) inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub.

Tələbələr arasında minifutbol turnirinə yekun vurulub

Noyabrın 14-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə peşə təhsili müəssisələrinin tələbələri arasında keçirilən minifutbol idman növü üzrə turnirə yekun vurulub. 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünə həsr olunan turnirdə peşə təhsili müəssisələrindən iki yüz nəfərə yaxın tələbə iştirak edib.  Yarışda Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin komandası Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin komandasına qalib gələrək III yerə layiq görülüb. Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin komandası Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin komandasını məğlub edərək turnirin qalibi olub. Oyunlardan sonra qaliblərin mükafatlandırılma mərasimi keçirilib. I, II və III yerlərin qaliblərinə medal və hədiyyələr, çempion komandaya kubok təqdim olunub. Turnirdə oyunların idarə olunmasında səmərəli fəaliyyətinə görə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Hakimlər Komitəsinə “Təşəkkürnamə”, oyunlarda fərqlənən futbolçulara “Ən yaxşı oyunçu” və “Ən yaxşı qapıçı” nominasiyaları üzrə diplomlar təqdim edilib. Tədbirdə Elm və Təhsil Nazirliyinin və Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi şəxsləri iştirak ediblər. Qeyd edək ki, turnirin keçirilməsində məqsəd tələbələr arasında dostluq və komanda ruhunu gücləndirmək, minifutbol idman növünə olan marağı artırmaq, 44 günlük Vətən müharibəsində qazanılmış qələbənin əhəmiyyətini gənclərə çatdırmaq və onlarda vətənpərvərlik ruhunu möhkəmləndirmək olub.

SAF 2025-ə sayılı günlər qalır!

Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə 17–19 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində Beynəlxalq STEAM Azərbaycan Festivalı (SAF 2025) keçiriləcək. Hazırda festivalın hazırlıq prosesi yekun mərhələsindədir. Yarışlarda iştirak edəcək komandalar final mərhələsinə hazırlıqlarını davam etdirir və layihələrini sınaqdan keçirirlər.   Bu il artıq 5-ci dəfə təşkil olunan STEAM Azərbaycan Festivalı çərçivəsində 16 əsas və 2 alt kateqoriya üzrə yarışlar baş tutacaq.   Ümumilikdə SAF 2025-də iştirak üçün 5 000-dən çox namizəd qeydiyyatdan keçmişdi. Final mərhələsinə isə 1415 iştirakçı vəsiqə qazanıb. Onların 212 nəfəri 19 xarici ölkəni təmsil edir. Beləliklə, münsiflər və beynəlxalq iştirakçılar da daxil olmaqla, festivalda Azərbaycanla birgə ümumilikdə 22 ölkə təmsil olunacaq.    Festivalın əsas məqsədi STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı gənclərin üzə çıxarılması, eləcə də innovativ layihə və həllərin hazırlanmasının dəstəklənməsidir.   Qeyd edək ki, STEAM – beş əsas sahənin birgə və inteqrasiya olunmuş şəkildə tədrisini əhatə edən modeldir. Bu yanaşma elm (Science), texnologiya (Technology), mühəndislik (Engineering), incəsənət (Art) və riyaziyyatın (Math) birgə öyrədilməsi ideyası üzərində qurulub.  

11/09/2026

"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat

Ətraflı
11/09/2026

Sentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli

Ətraflı
11/09/2026

? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA

Ətraflı