Emin Əmrullayev Özbəkistanın məktəbəqədər və ümumi təhsil naziri ilə görüşüb
Özbəkistanın Daşkənd şəhərində “QS Avrasiya Forumu 2025” çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Özbəkistan Respublikasının məktəbəqədər və ümumi təhsil naziri Ezozxon Karimova ilə görüşüb. Görüş zamanı məktəbəqədər və ümumi təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf istiqamətləri müzakirə olunub. Tərəflər təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, həmçinin məktəbəqədər və ümumi təhsil sisteminin müasirləşdirilməsi istiqamətində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
25/11/2025 09:55
Məktəblilər beynəlxalq müsabiqədə yüksək nəticə əldə ediblər
19-21 noyabr 2025-ci il tarixlərində Qazaxıstan Respublikasının Astana şəhərində MDB-yə üzv dövlətlərin gəncləri arasında “MDB üçün 100 ideya” adlı beynəlxalq layihələr müsabiqəsi keçirilib. Müsabiqəyə 8 MDB ölkəsindən “İT sahəsi”, “Tibb və səhiyyə”, “Təhsil”, “Təbii ehtiyatlardan rasional istifadə” və “Sosial sahə” nominasiyaları üzrə 50 iş təqdim olunub, onlardan 12 layihə ən yaxşı işlər sırasında yer alıb. Tədbirdə ölkəmiz 9 məktəblinin və bir dərnək rəhbərinin müəllifi olduğu 9 layihə ilə təmsil olunub. Bakı şəhəri Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri Ömər Eyvazlı və Murad Qasımov tərəfindən hazırlanan layihə “İT sahəsi”, ADA Məktəbinin şagirdi Banu İbrahimovanın layihəsi “Təbii ehtiyatlardan rasional istifadə” kateqoriyasında qalib olub. Qeyd edək ki, “MDB üçün 100 ideya” proqramı 2014-cü ildən təşkil olunur. Proqramın keçirilməsində məqsəd MDB ölkələrinin gəncləri arasında innovativ fəaliyyətin inkişafına dəstək vermək, gənclərin innovativ təşəbbüslərini dəstəkləmək və beynəlxalq əməkdaşlığın genişləndirilməsindən ibarətdir.
24/11/2025 16:41
Elm və təhsil naziri beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Elm və təhsil naziri Emin Əmrullayev beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib. Görüşdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva və gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev iştirak edib. Görüşdə qaliblərin fəaliyyət istiqamətləri, fərdi inkişaf planlarının icrası, həmçinin dövlət idarəçiliyində yeni nəsil idarəçilərin roluna dair müzakirələr aparılıb. Görüş zamanı qaliblərin həyata keçirdikləri layihələr, iştirak etdikləri təlimlər, əldə etdikləri bilik və bacarıqların tətbiqi üzrə görülən işlər barədə müzakirə aparılıb. Nazir qaliblərlə fikir mübadiləsi apararaq onların idarəetmə, liderlik və innovasiya sahəsindəki suallarını cavablandırıb. Nazir çıxışında “Yüksəliş” müsabiqəsinin ölkənin insan kapitalının gücləndirilməsində mühüm rol oynadığını qeyd edib. Görüş zamanı qaliblərin fərdi inkişaf planlarının icrasına dəstək mexanizmləri, müxtəlif dövlət qurumlarında təcrübə proqramları, həmçinin idarəetmədə çevik qərarvermə, strategiya qurma və dəyişikliklərin idarə edilməsi kimi mövzularda təcrübə mübadiləsi aparılıb. Sonda qaliblər göstərilən diqqət və yaradılan imkanlara görə minnətdarlıqlarını bildirərək əldə etdikləri bilik və bacarıqları fəaliyyətdə tətbiq etməyə davam edəcəklərini vurğulayıblar.
24/11/2025 16:13
Gəncə-Daşkəsən və Lənkəran-Astara regionları üzrə “Məktəblinin hüquq bələdçisi” layihəsi keçirilib
30 oktyabr-21 noyabr 2025-ci il tarixlərində Elm və Təhsil Nazirliyi və “Femida Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə Gəncə-Daşkəsən və Lənkəran-Astara regional təhsil idarələrinin tabeliyində olan ümumtəhsil məktəblərinin şagirdləri arasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunan “Məktəblinin hüquq bələdçisi” layihəsi keçirilib. Layihə çərçivəsində Gəncə şəhərində, Göygöl rayonunda, Lənkəran şəhərində, Astara şəhərində ümumilikdə 12 ümumtəhsil məktəbində təhsilalanlar arasında “İnsan alveri”, “Mülkiyyət əleyhinə törədilən cinayətlər”, “Bullinq və ictimai təzyiq”, “Kibertəhlükəsizlik və şəxsi məlumatların qorunması” və “Narkomaniya ilə mübarizə” mövzularına həsr olunmuş hüquqi maarifləndirmə tədbirləri, müxtəlif interaktiv seminarlar, təlimlər və praktiki məşğələlər keçirilib. Sözügedən tədbirlərdə 1000 nəfərə yaxın şagird iştirak edib. Layihənin əsas məqsədi təhsilalanların hüquqi biliklərinin artırılması, hüquq və vəzifələri barədə məlumatlılıq səviyyəsinin yüksəldilməsi, onlara hüquq mədəniyyətinin təməl prinsiplərinin aşılanması, hüquq pozuntularına qarşı erkən müdafiə mexanizmlərinin öyrədilməsi, həmçinin vətəndaş məsuliyyətinin və hüquqi düşüncə tərzinin inkişaf etdirilməsindən ibarətdir.
24/11/2025 12:13
Qrant müsabiqəsi çərçivəsində seçilmiş özəl məktəbəqədər təhsil müəssisələrinin siyahısı açıqlanıb
Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi üzrə nəticələr müəyyənləşib. Belə ki, 63 özəl məktəbəqədər təhsil müəssisəsi müsabiqənin qalibi olub. Müsabiqənin əsas məqsədi 2025–2026-cı tədris ili üçün dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul ola bilməyən uşaqların seçilmiş özəl bağçalara yönləndirilməsi, eləcə də onların təhsil haqlarının bir hissəsinin qrant hesabına maliyyələşdirilməsidir. Qrant mexanizminə əsasən, seçilmiş özəl məktəbəqədər təhsil müəssisələrində təhsilə cəlb olunan hər bir uşağın aylıq təhsil haqqının 250 manatlıq hissəsinin dövlət qrantı hesabına ödənilməsi, qalan məbləğin isə valideyn tərəfindən qarşılanması nəzərdə tutulub. Qrant qazanan özəl bağçalara uşaqların Azərbaycan bölməsi üzrə qeydiyyatı www.bq.edu.az portalı vasitəsilə yaxın günlərdə həyata keçiriləcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək. Valideynlərə portaldakı yenilikləri izləmələri və övladlarını qeydiyyatdan keçirmələri tövsiyə olunur. Qrant qazanmış özəl bağçaların siyahısı
24/11/2025 11:06
Nazir müavini Firudin Qurbanov Lənkəranda təhsil müəssisələrində olub
Noyabrın 21-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Lənkəran rayonuna səfər edib. Səfər çərçivəsində bir sıra görüşlər keçirilib, təhsil müəssisələrinə baxış olub və vətəndaş qəbulu təşkil edilib. Səfərin əvvəlində nazir müavini Firudin Qurbanov Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ilə birlikdə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub. Sonra Firudin Qurbanov Lənkəran şəhəri 7 nömrəli körpələr evi-uşaq bağçasında olub, məktəbəqədər təhsil müəssisəsinin fəaliyyəti, yaradılmış şərait və uşaqların inkişafı üçün formalaşdırılmış imkanlarla maraqlanıb. Nazir müavini Lənkəran şəhəri V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin vəziyyəti ilə tanış olub. Pedaqoji kollektiv və şagirdlərlə görüşüb. İdman zalı, kitabxana, bufet və sinif otaqlarına baxış keçirib. Nazir müavini tədris prosesi ilə tanış olub, dərsləri izləyib və müəllim-şagird heyəti ilə səmimi söhbətlər aparıb. Bölgədə fəaliyyət göstərən təhsil müəssisələrinin pedaqoji heyəti ilə keçirilən görüş zamanı tədrisin keyfiyyətinin artırılması istiqamətində fikir mübadiləsi aparılıb, müəllimlərin təklif və rəyləri dinlənilib. Müzakirələrdə müəllim fəaliyyətində məsuliyyətin artırılması, laqeydliyin qarşısının alınması və təşəbbüskarlığın stimullaşdırılması kimi məsələlər diqqət mərkəzində olub. Nazir müavini bildirib ki, müasir dövrdə müəllimin rolu dəyişir. Müəllim şagirdlərə kömək etməli, istiqamət verməli və onların marağını cəlb etməlidir. Daha sonra Firudin Qurbanov Lənkəran şəhəri M.Bağırov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb. Nazir müavini çıxışına ümummilli lider Heydər Əliyevin müəllim peşəsinə yüksək dəyəri təcəssüm etdirən sözlərini xatırladaraq başlayıb və əlavə edib ki, müəllimlik peşəsi ali bir missiyadır, elm və texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə müəllimlər daim öz üzərlərində çalışmalıdırlar. Noyabr ayında xüsusi əlamətdar günləri qeyd etdiyimizi bildirən Firudin Qurbanov 44 günlük Vətən Müharibəsində və antiterror əməliyyatlarında Azərbaycan Respublikasının Ali Baş Komandanı Prezident İlham Əliyevin Qarabağ Zəfərində müstəsna liderlik fəaliyyəti, dövlət-ordu-xalqın “Dəmir yumruq” kimi birləşməsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin tam təmin olunmasına diqqət çəkib. Nazir müavini Vətən müharibəsində 760 təhsil işçisinin düşmənə qarşı vuruşduğunu, onlardan 20 nəfərin qəhrəmancasına şəhidlik zirvəsinə ucaldığını vurğulayıb və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Görüş çərçivəsində “Qarabağa təhsil qayıdır”, “Müasir təhsil imkanları - yeni dövr və yeni perspektivlər”, “Dünyəvi tendensiyalar müasir təhsildə”, “Hibrid və sosial mediada təhsil”, “IV texnoloji inqilab”, “Təhsilin təcrübə ilə birləşdirilməsi”, “Müəllimin rolunun dəyişməsi və yeni peşələr”, “STEAM təhsili və festivalı”, “Uşaq və şagirdlərin yaradıcılıq fəaliyyəti, sağlamlığı və təhlükəsizliyi”, “Tələbələrin işlə təmin olunması” mövzularından danışılıb. Nazir müavini işğaldan azad olunmuş ərazilərdə görülən işlər barədə məlumat verib və bildirib ki, ölkəmizin qarşısında duran prioritet məsələ XXI əsrin tələblərinə cavab verən bilik və bacarıqlara malik, hərtərəfli dünyagörüşünə, öz ailəsinə, cəmiyyətə, dövlətə, ailədə və ölkəmizdə qəbul edilən mənəvi-əxlaqi dəyərlərə hörmət edən, Vətənin dinc quruculuğu və müdafiəsinə hazır olan yeni nəslin formalaşdırılmasıdır. Görüş zamanı Firudin Qurbanov Lənkəran şəhər Hirkan qəsəbə tam orta ümumtəhsil məktəbinin SAF 2025 festivalında qalib olan şagirdlərini təbrik edib. Nazir müavini bildirib ki, müasir dünyada bilik və bacarıqlar əldə etmək həyati zərurətdir. Yalnız bilikli, yaradıcı və sağlam mənəviyyatlı gənclər ölkəmizin əsas gücü olacaq. Səfərin sonunda Firudin Qurbanov vətəndaşların qəbulunu keçirib. Qəbula gələn vətəndaşların müraciətləri əsasən məşğulluq və digər məsələlərlə bağlı olub. Nazir müavini hər bir müraciətin operativ araşdırılması və qanunvericiliyə uyğun həll olunması ilə bağlı müvafiq tapşırıqlar verib.
21/11/2025 18:23
Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzi” verilişində qonaq olub
Elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzi” proqramında qonaq olub. Proqramda müəllimlərin əməkhaqqısına dair təklif olunan yeni mexanizm və ümumi təhsildə vacib məqamlarla bağlı müzakirə aparılıb.
21/11/2025 17:37
Nazir müavini Azərbaycan və İsrail arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclasında çıxış edib
Noyabrın 20-də İsrail Respublikasının Qüds şəhərində keçirilmiş Azərbaycan Respublikası ilə İsrail Respublikası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclasında elm və təhsil nazirinin müavini Həsən Həsənli iştirak edib. İclasda çıxış edən nazir müavini iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti barədə iclas iştirakçılarını məlumatlandırıb. Nazir müavini çıxışında qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi, birgə təhsil layihələrinin dəstəklənməsi və ali təhsil müəssisələri arasında akademik əlaqələrin dərinləşdirilməsi istiqamətində görülən işlər barədə də məlumat verib. Komissiyanın iclasında həmçinin iki ölkə arasında iqtisadi, ticarət, enerji, nəqliyyat, səhiyyə, turizm eləcə də mədəniyyət sahələrində əməkdaşlığın mövcud vəziyyəti və potensial imkanları müzakirə olunub. Yekunda Azərbaycan Respublikası ilə İsrail Respublikası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclasının yekunlarına dair Protokol imzalanıb. Səfər çərçivəsində nazir müavini Həsən Həsənli Qüds Yəhudi Universitetini ziyarət edib və universitet nümayəndələri ilə görüş keçirib.
21/11/2025 15:26
SAF 2025-in qalibləri mükafatlandırılıblar
Elm və Təhsil Nazirliyinin dəstəyi və "STEAM Azərbaycan" layihəsinin təşkilatçılığı ilə 17–19 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalının (SAF 2025) bağlanış mərasimi keçirilib. Bağlanış mərasimində açılış nitqi ilə çıxış edən "STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərov yarışların nəticələrinə dair hesabatı diqqətə çatdırıb. Ardınca Beynəlxalq STEAM Azərbaycan Festivalı 2025-ə dair videoicmal nümayiş etdirilib. Sonra hər kateqoriya üzrə keçirilən yarışlarda I yerin qalibləri mükafatlandırılıblar. Bildirilib ki, I yer tutan qalib komandalar Azərbaycan, Türkiyə, Pakistan, Qazaxıstan və Slovakiyanı təmsil edirlər. Mükafatlandırma mərasimi bədii hissə ilə başa çatıb. Qeyd edək ki, bu il artıq 5-ci dəfə təşkil olunan STEAM Azərbaycan Festivalı çərçivəsində 16 əsas və 2 alt kateqoriya üzrə yarışlar baş tutub. Festivalda Azərbaycanla birgə ümumilikdə 22 ölkə təmsil olunub. Festivalın əsas məqsədi STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı gənclərin üzə çıxarılması, eləcə də innovativ layihə və həllərin hazırlanmasının dəstəklənməsidir. Qeyd edək ki, STEAM – beş əsas sahənin birgə və inteqrasiya olunmuş şəkildə tədrisini əhatə edən modeldir. Bu yanaşma elm (Science), texnologiya (Technology), mühəndislik (Engineering), incəsənət (Art) və riyaziyyatın (Math) birgə öyrədilməsi ideyası üzərində qurulub.
20/11/2025 09:47
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Beynəlxalq STEAM Azərbaycan Festivalını ziyarət edib
Noyabrın 19-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalını (SAF 2025) ziyarət ediblər. Elm və təhsil naziri Emin Əmrullayev qonaqlara festivalın məqsədləri, proqramı və müxtəlif istiqamətlər üzrə təqdim olunan layihələr haqqında ətraflı məlumat verib. Ziyarət zamanı qonaqlar stendlərə baxış keçirib, festival iştirakçıları ilə görüşərək gənc ixtiraçıların innovativ layihələri ilə tanış olublar. Bundan əlavə, Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva iştirakçılarla səmimi söhbət edib və onlarla xatirə şəkilləri çəkdiriblər. AZƏRTAC
19/11/2025 19:30
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
1 il əvvəl
"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat
ƏtraflıSentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli
Ətraflı? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA
Ətraflı