Azərbaycan nümayəndə heyəti Özbəkistanda keçirilən beynəlxalq konfransda iştirak edib
Elm və Təhsil Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarından ibarət nümayəndə heyəti 26–29 noyabr 2025-ci il tarixlərində Özbəkistanda keçirilən beynəlxalq konfransda iştirak edib. Özbəkistan Respublikası Baş Prokurorluğu yanında Hüquq-Mühafizə Akademiyası tərəfindən “Müasir çağırışlar kontekstində qanunun aliliyinin təmin edilməsi: problemlər və həlli yolları” mövzusunda təşkil edilmiş beynəlxalq elmi-praktiki konfransda Elm və Təhsil Nazirliyi Daxili nəzarət şöbəsi ilə təmsil olunub. Azərbaycan Respublikasının Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin rəhbər heyətinin də iştirak etdiyi konfrans çərçivəsində “Rəqəmsal dövrdə hüquq-mühafizə fəaliyyətində elm və təhsil: problemlər və innovativ həllər”, “Korrupsiya 2.0: rəqəmsal risklər və innovativ həll yolları” və digər mövzularda panel müzakirələr aparılıb. Konfransda çıxış edən Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin müdiri Kamran İsmayılov rəqəmsal dövrdə qanunun tənzimləyici rolu, elm və təhsil sahəsində hüquqpozmalara qarşı preventiv tədbir kimi maarifləndirmə tədbirlərinin təşkilinin əhəmiyyətinə toxunub. 34 ölkədən 49 ekspertin iştirakı və ümumilikdə 250-dən çox yerli və beynəlxalq nümayəndə və təşkilatların qatıldığı, eləcə də müxtəlif ölkələrin dövlət orqanlarının təmsil edildiyi konfransda yeni qurulmuş akademiyanın infrastrukturu və tədris metodikası, cinayət-axtarış, korrupsiyaya qarşı mübarizə texnologiyaları və aidiyyəti sahədə süni intellektdən istifadə barədə ətraflı məlumat verilib.
02/12/2025 16:18
Vətəndaş müraciətlərinin statistikası
Noyabrın 16-dan 30-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 23 610 vətəndaş müraciəti daxil olub. Müraciətlərin 14 006-sı çağrı mərkəzləri, 5 161-i elektron, 1103-ü isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 3 340 müraciət qeydə alınıb. Müraciətlər şagirdlərin elektron yerdəyişməsi, eksternat imtahanı, xarici diplomların təsdiqi, direktorların işə qəbulu imtahanları, “Rəqəmsal məktəb” və digər məsələlərlə bağlı olub.
02/12/2025 15:41
Azərbaycan məktəbliləri beynəlxalq elm yarışında böyük uğur qazanıblar
23 noyabr – 2 dekabr tarixlərində Rusiyada keçirilən Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasında (IJSO 2025) Azərbaycan məktəbliləri yüksək nəticə əldə ediblər. Rusiya, Çin, Hindistan, Macarıstan, Serbiya, Tayland və digər ölkələri təmsil edən güclü komandaların iştirak etdiyi nüfuzlu elm yarışında 6 nəfərdən ibarət milli komandamız ümumilikdə 4 gümüş və 2 bürünc medal qazanaraq iştirakçı ölkələr sırasında 5-ci yerə layiq görülüb. Astara rayonu Pensər kənd 2 nömrəli tam orta məktəb-liseyin X sinif şagirdi Rəsul Şahverdiyev, Masazır kənd 3 nömrəli tam orta məktəbin X sinif şagirdi Oğuz Əlili, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin X sinif şagirdi Mikayıl İbrahimli və həmin liseyin IX sinif şagirdi Mehdi Həbibzadə gümüş medal qazanıblar. BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin IX sinif şagirdi Fidan Həşimova, Bərdə şəhər Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseyin X sinif şagirdi Hidayət Quliyev isə bürünc medal əldə ediblər. Qeyd edək ki, ötən tədris ilində Azərbaycan komandası bu olimpiadadan 6 bürünc medal qazanmışdı.
02/12/2025 10:45
Qrant ayrılmış özəl bağçalara qeydiyyat başladı
Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi çərçivəsində qalib gəlmiş özəl bağçalara elektron portal üzərindən qeydiyyat prosesinə start verilib. Valideynlərə www.bq.edu.az portalı vasitəsilə övladlarını qeydiyyatdan keçirmələri tövsiyə olunur. Qeyd edək ki, valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi ilə məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə keçirilən qrant müsabiqəsində 63 özəl məktəbəqədər təhsil müəssisəsi qalib olub və həmin müəssisələrin Azərbaycan bölməsində təhsil alan uşaqların aylıq təhsil haqqının 250 manat məbləğində olan hissəsinin dövlət tərəfindən qarşılanması, qalan məbləğin isə valideyn tərəfindən ödənilməsi nəzərdə tutulub. Qalib gəlmiş uşaqların aylıq təhsil haqqı və valideyn tərəfindən ödəniləcək məbləğlə müvafiq link vasitəsilə tanış olmaq mümkündür.
01/12/2025 16:05
Məktəblilərarası Milli Hakaton – 2025-in qalibləri mükafatlandırılıblar
Elm və Təhsil Nazirliyinin dəstəyi və “Alqoritmika” beynəlxalq proqramlaşdırma və riyaziyyat məktəbinin təşkilatçılığı ilə keçirilən Məktəblilərarası Milli Hakaton – 2025 müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub. Tədbirdə açılış nitqi ilə çıxış edən Məkəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Keyfiyyət təminatı və nəzarət şöbəsinin müdiri Nilüfər Rəhimova bildirib ki, bu il hakatonun olimpiada mərhələsinin mərkəzləşdirilmiş imtahan formatında təşkili yenilik olub. Bu yanaşma şagirdlərin bilik və bacarıqlarının bütün bölgələrdə eyni meyarlarla qiymətləndirilməsinə və nəticələrin obyektivliyinin artırılmasına şərait yaradıb. Daha sonra çıxış edən elm və təhsil nazirinin müavini Həsən Həsənli şagirdlərin rəqəmsal bacarıqlarının inkişafı sahəsində aparılan işlərlə bağlı məlumat verib. Nazir müavini bildirib ki, məktəblərdə rəqəmsal infrastruktur gücləndirilib, internet təminatı isə əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Hazırda ölkə üzrə 175 mərkəzdə kompüter əsaslı imtahan keçirmək imkanı mövcuddur. Çıxışlardan sonra hakatonun gedişatını əks etdirən videoicmal nümayiş olunub. Sonra müxtəlif kateqoriyalar üzrə yarışların qaliblərinə mükafatlar təqdim olunub. Mükafatlandırma mərasimi bədii proqramla yekunlaşıb. Sonda tədbir iştirakçıları üçün komandaların layihələri ilə tanışlıq məqsədilə infotur da təşkil edilib. Qeyd edək ki, müsabiqəyə ölkənin 63 regionundan 350 mindən çox məktəbli qatılıb. Onlardan 300 məktəbli final mərhələsində iştirak edib. Finalda komandalar turizm, ekologiya, maliyyə, mədəniyyət və incəsənət sahələri üzrə hazırladıqları veb-sayt, mobil tətbiq və oyun formatlı layihələrlə çıxış ediblər. Məktəblilərarası Milli Hakaton – 2025-in əsas məqsədi məktəblilər arasında proqramlaşdırma və rəqəmsal bacarıqların inkişafına dəstək olmaq, yaradıcı və istedadlı şagirdləri üzə çıxarmaq, eləcə də onların gələcək inkişaf imkanlarını genişləndirməkdir.
01/12/2025 15:44
“Maarifçi”lər əmək fəaliyyətinə başlayıblar
III “Maarifçi” tələbə-məzun təcrübə proqramını uğurla başa vuran 20 iştirakçı işlə təmin olunub. Proqramın məzunları Elm və Təhsil Nazirliyi və tabe qurumları, regional təhsil idarələri, həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müxtəlif struktur bölmələrində köməkçi vəzifələr üzrə əmək fəaliyyətinə başlayıblar. Proqram Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilir. Proqramın təşkilində məqsəd elm və təhsil sahəsində insan resurslarının formalaşdırılması, praktiki fəaliyyətlə tələbə və məzunların sahəvi bilik, bacarıqlarının artırılması, onların təhsil sahəsində müasir yanaşmaları öyrənmələri, həmçinin təhsil islahatlarının həyata keçirilməsi prosesinə dəstək göstərməkdir. Qeyd edək ki, I, II və III “Maarifçi” tələbə-məzun təcrübə proqramları üzrə ümumilikdə 44 nəfər iştirakçı köməkçi vəzifələr üzrə əmək fəaliyyətinə başlayıb
01/12/2025 10:35
Tələbə Basketbol Liqasının 2025/2026 mövsümünə start verilib
Noyabrın 28-də ali təhsil müəssisələrinin tələbələri arasında Tələbə Basketbol Liqasının 2025/2026 mövsümünün açılış mərasimi keçirilib. Bakı İdman Sarayında təşkil olunan tədbirdə Elm və Təhsil Nazirliyinin, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin, Azərbaycan Basketbol Federasiyasının, ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Rəsmi açılışdan sonra liqanın ilk oyunu keçirilib. A qrupunda mübarizə aparan Azərbaycan Texniki Universitetinin komandası Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandasını 113–56 hesabı ilə məğlub edib. Qeyd edək ki, 8 ali təhsil müəssisəsinin komandasının mübarizə apardığı liqaya 2026-cı ilin aprel ayında yekun vurulacaq. Tələbə Basketbol Liqası Elm və Təhsil Nazirliyi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə keçirilir. Liqanın keçirilməsində məqsəd ali təhsil müəssisələrinin tələbələri arasında basketbol idman növünün təbliği, bu idman növünə marağın artırılması, tələbələrdən ibarət yığma komandaların heyətinin müəyyənləşdirilməsi və onlar arasında vətənpərvərlik, dostluq əlaqələrinin gücləndirilməsindən ibarətdir.
29/11/2025 11:00
Naxçıvanda “İnteraktiv təhsil yardımı” layihəsinin təqdimatı keçirilib
Noyabrın 28-də Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Ticarət Nazirliyi arasında imzalanmış Naxçıvan Muxtar Respublikasına “İnteraktiv təhsil yardımı” layihəsinin təqdimatı və təhvil-təslim mərasimi keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, elm və təhsil naziri Emin Əmrullayev, Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey və Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov iştirak ediblər. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov dövlət başçısının rəhbərliyi və xüsusi qayğısı ilə ölkəmizdə təhsilin hərtərəfli inkişafı istiqamətində genişmiqyaslı işlərin aparıldığını diqqətə çatdırıb, bu işlərin Naxçıvan Muxtar Respublikasında da uğurla icra olunduğunu vurğulayıb. Səlahiyyətli nümayəndə qeyd edib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda təhsilin inkişafı prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib və bu sahədə çoxsaylı layihələr icra olunur. Ceyhun Cəlilov Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında inkişaf edən əməkdaşlıq çərçivəsində reallaşdırılan layihənin muxtar respublikanın təhsil müəssisələrində interaktiv tədrisin təşkili və təhsilalanların bacarıqlarının artırılmasında mühüm rol oynayacağına əminliyini bildirib, layihənin icrasında əməyi keçən hər kəsə təşəkkür edib. Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan-Çin əlaqələrinin inkişafı fonunda elm və təhsil sahəsində də əlaqələrin dərinləşdiyini vurğulayıb. Prezident İlham Əliyevin Çin Xalq Respublikasına sonuncu səfərini xatırladan nazir bildirib ki, səfər çərçivəsində digər istiqamətlərlə yanaşı, elm və texnologiya sahələrində əməkdaşlıq haqqında protokol imzalanıb. Bu əlaqələrin tərkib hissəsi olaraq “İnteraktiv təhsil yardımı” layihəsinin icra olunması ölkəmizdə bu sahədə qabaqcıllar sırasında olan Naxçıvan Muxtar Respublikasında təhsilin innovativ əsasda daha intensiv inkişafına şərait yaradacaq. Səfir Lu Mey bildirib ki, son illər iki ölkə liderlərinin qayğısı və strateji rəhbərliyi sayəsində Çin-Azərbaycan münasibətləri sürətlə inkişaf edir. Bu il Prezident cənab İlham Əliyevin Çinə iki rəsmi səfəri zamanı dövlət başçıları əlaqələrin “Hərtərəfli Strateji Tərəfdaşlıq” səviyyəsinə yüksəldiyini elan ediblər. Vurğulanıb ki, “İnteraktiv təhsil yardımı” layihəsi Çin hökumətinin “Azərbaycan 2020:gələcəyə baxış” inkişaf strategiyasına və Elm və Təhsil Nazirliyinin rəqəmsal transformasiya planlarına dəstəyini göstərir. 2019-cu il hökumətlərarası razılaşmasından sonra hər iki tərəfin xüsusi diqqətində olan layihə bu gün uğurla tamamlanır. Lu Mey Çin tərəfinin Naxçıvan Muxtar Respublikası ilə təhsil və rəqəmsal texnologiyalar sahəsində regional əməkdaşlığı bundan sonra da dəstəkləyəcəyini bildirib və layihənin uğurlu nəticələr verəcəyinə əminliyini ifadə edib. Sonra “İnteraktiv təhsil yardımı” layihəsi barədə məlumat verilib. Qeyd edilib ki, layihə çərçivəsində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində data mərkəzi və idarəetmə otağı yaradılıb, nazirliyə tabe müəssisələrdə isə müvafiq texniki infrastruktur qurulmaqla vahid elektron platforma istifadəyə verilib. Data mərkəzi 4 hissədən ibarət olmaqla 38 serverdən, soyutma və idarəetmə sistemindən ibarətdir. İnteraktiv qoşulmanın daha keyfiyyətli və operativ təşkili məqsədilə STEAM Mərkəzi və təhsil müəssisələrinin hər birində 2 smart lövhə quraşdırılıb, 2300 planşet şagirdlərin istifadəsinə verilib. Tədbirdə nazirliyin idarəetmə otağı və STEAM Mərkəzinin imkanları nümayiş etdirilib, sistemə qoşulan təhsil müəssisələri arasında bağlantının monitorinqi aparılıb. Bildirilib ki, sistemə real vaxt rejimində və sonradan qoşulmaqla STEAM Mərkəzində keçirilən dərsləri izləmək mümkündür. Pilot layihə olaraq hazırda 24 təhsil müəssisəsi yeni elektron təhsil platformasına inteqrasiya olunub. Növbəti mərhələdə muxtar respublikanın digər təhsil müəssisələrinin də bu sistemə qoşulması nəzərdə tutulur. Tədbirdə Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında Naxçıvan Muxtar Respublikasına “İnteraktiv təhsil yardımı” layihəsinə dair təhvil-təslim aktı imzalanıb. Sonda xatirə fotosu çəkdirilib.
28/11/2025 20:51
Məktəblilərarası Milli Hakaton – 2025-in final mərhələsinə infotur təşkil olunub
Noyabrın 28-də "Məktəblilərarası Milli Hakaton – 2025" müsabiqəsinin final mərhələsi ilə yaxından tanış olmaq məqsədilə infotur təşkil olunub. İnfoturda Elm və Təhsil Nazirliyi və tabe qurumların əməkdaşları, nazirlik yanında İctimai Şuranın üzvləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, təhsil mütəxəssisləri, özəl sektorların əməkdaşları, media nümayəndələri və influenserlər iştirak ediblər. İnfotur iştirakçılarına komandaların qeydiyyatı, mərhələlər üzrə qiymətləndirmə prosesi, mentor dəstəyi və layihələrin hazırlanma qaydası barədə ətraflı məlumat verilib. İştirakçılar finala çıxan komandaların iş prosesini yaxından izləyərək yaradıcı mühitin və texnoloji təminatın necə tətbiq olunduğunu müşahidə ediblər. Prosesi izləyən qonaqlar hakatonun müasir texnologiyalarla təşkil olunmasını, şəffaf və ictimaiyyətə açıq şəkildə keçirilməsini yüksək qiymətləndirərək bunun məktəblilər arasında innovativ düşüncənin və rəqəmsal bacarıqların inkişafına töhfə verdiyini bildiriblər. Qeyd edək ki, finalda komandalar turizm, ekologiya, maliyyə, mədəniyyət və incəsənət üzrə layihələr hazırlayaraq veb-saytlar, mobil tətbiqlər və oyunlar təqdim edirlər. Proqramlaşdırma üzrə keçirilən müsabiqənin əsas məqsədi məktəblilər arasında rəqəmsal bacarıqların inkişafına dəstək olmaq, proqramlaşdırma sahəsində onların biliklərini artırmaq, IT üzrə istedadlı məktəbliləri müəyyən edərək onlar üçün gələcək inkişaf imkanları yaratmaqdır.
28/11/2025 17:17
“Məktəblərdə Konstitusiya və Suverenlik ayı” layihəsinə yekun vurulub
Noyabrın 28-də Bakı şəhəri 23 nömrəli tam orta məktəbdə Elm və Təhsil Nazirliyinin təşəbbüsü, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Məktəblərdə Konstitusiya və Suverenlik ayı” layihəsinin yekun tədbiri keçirilib. Layihənin keçirilməsində məqsəd postmüharibə dövründə formalaşan yeni milli ideoloji prioritetlərin, milli dəyərlərin və vətəndaşlıq şüurunun şagirdlər arasında təbliği, onların hüquqi biliklərinin artırılması və dövlətçilik tariximizə dair anlayışlarının dərinləşdirilməsi olub. Tədbirdə məktəblilərin ifasında mahnılar səsləndirilib, rəqslər nümayiş etdirilib, gənclərin milli vətənpərvərlik ruhunun yüksəldilməsinə həsr olunan ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib. Qeyd edək ki, “Məktəblərdə Konstitusiya və Suverenlik ayı” çərçivəsində respublikada fəaliyyət göstərən ümumi təhsil müəssisələrində dəyirmi masalar, debatlar, məqalə və kitablarla tanışlıq, sinif təşkilat saatları, seminar və müsabiqələr təşkil edilib, maairfləndirici stendlər, videoçarxlar nümayiş olunub.
28/11/2025 16:39
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
1 il əvvəl
"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat
ƏtraflıSentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli
Ətraflı? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA
Ətraflı