Qarabağ və İstanbul Texniki universitetləri arasında elm və təhsildə yeni strateji əməkdaşlıq mərhələsi başlayır
Elm və təhsil naziri Emin Əmrullayevin Türkiyəyə rəsmi səfəri çərçivəsində Ankarada Qarabağ Universiteti ilə İstanbul Texniki Universiteti (İTÜ) arasında elm və təhsil sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.
Elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarın iştirak etdiyi mərasimdə həmin sənədi Qarabağ Universitetinin rektoru Şahin Bayramov və İstanbul Texniki Universitetinin rektoru Hasan Mandal imzalayıblar.
YÖK sədri Erol Özvar çıxışında diqqəti iki qardaş ölkəni birləşdirən tarixi bağlara çəkib, ali təhsil sahəsində əməkdaşlığın Türkiyə və Azərbaycanın ortaq gələcəyinə töhfə olduğunu diqqətə çatdırıb. Qarabağ Universitetini bütün region üçün yeni bilik və innovasiya mərkəzi kimi qiymətləndirən Erol Özvar Türkiyənin ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan İstanbul Texniki Universitetinin geniş təcrübəsinin Qarabağ Universitetinin daha da inkişafına əhəmiyyətli dərəcədə təkan verəcəyinə əminliyini ifadə edib.
Elm və təhsil naziri Emin Əmrullayev öz növbəsində Qarabağ Universiteti ilə İstanbul Texniki Universiteti arasında imzalanan sənədi iki qardaş ölkənin elm və təhsil sahələrində əməkdaşlığının yeni platforması adlandırıb. Nazir Qarabağ Universitetinin ölkəmiz və bütün Türk dünyası üçün əhəmiyyətini vurğulayıb və İTÜ ilə əməkdaşlığın yeni yaradılan universitetin mövqelərinin möhkəmlənməsinə töhfə verəcəyinə inamını qeyd edib.
Qeyd edək ki, Qarabağ Universiteti və İstanbul Texniki Universiteti arasında imzalanan Anlaşma Memorandumuna əsasən, bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrin, pedaqoji heyət və/və ya tədqiqatçı alimlərin qarşılıqlı mübadiləsi, birgə tədqiqat fəaliyyəti üzrə əməkdaşlıq, elmi materiallar və informasiya mübadiləsi, qarşılıqlı maraq doğuran sahələrdə ikili diplom proqramlarının hazırlanması, Qarabağ Universitetinin Mühəndislik fakültəsi üçün tədris və tədqiqat laboratoriyalarının birgə layihələndirməsi və idarə edilməsi nəzərdə tutulur.
22.01.2026 - 11:18
Digər xəbərlər
-
Nazir müavini Həsən Həsənlinin Ağdaşdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib
27.07.2026 - 12:33 -
Tələbə futzal komandamızdan Avropa Universitet Oyunlarında uğurlu nəticə
25.07.2026 - 11:34 -
Elm və təhsil naziri Saatlıda vətəndaşları qəbul edib
24.07.2026 - 16:17 -
Qəbələdə qida emalı üzrə müasir tədris-istehsalat emalatxanasının təqdimatı keçirilib
24.07.2026 - 15:48 -
Dövlət Proqramı üzrə təqaüdçülərin siyahısı müəyyən olunub
24.07.2026 - 14:56
