Emin Əmrullayev Gürcüstanın aparıcı ali təhsil müəssisələrinə səfər edib
Dekabrın 5-də elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın qabaqcıl ali təhsil müəssisələrindən olan Tbilisi Dövlət Universiteti və Gürcüstan Texniki Universitetinə səfər edib. Səfər çərçivəsində elm və təhsil naziri sözügedən universitetlərin laboratoriyaları və maddi-texniki bazası ilə yaxından tanış olub, eyni zamanda ali təhsil sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.
05/12/2025 18:00
Elm və təhsil naziri Gürcüstan Parlamentinin Təhsil, elm və gənclərlə iş komitəsinin sədri ilə görüşüb
Dekabrın 5-də elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfər çərçivəsində Gürcüstan Parlamentinin Təhsil, elm və gənclərlə iş üzrə komitəsinin sədri Mariam Laşxi ilə görüşüb. Görüş çərçivəsində iki ölkə arasında elm və təhsil sahəsində, xüsusilə ümumi və ali təhsil pillələri üzrə əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.
05/12/2025 17:00
Firudin Qurbanov Rusiya Federasiyasının Tatarıstan Respublikasının Baş nazirinin müavini, sənaye və ticarət naziri ilə görüşüb
Dekabrın 4-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Tatarıstan Respublikasının Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenko ilə görüşüb. Görüş zamanı iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
05/12/2025 11:33
Emin Əmrullayev Gürcüstanın təhsil, elm və gənclər naziri ilə görüşüb
Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfər edib. Səfər çərçivəsində Tbilisidəki Heydər Əliyev Parkında ümummilli liderin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb, ulu öndərin xatirəsi ehtiramla yad edilib. Səfər zamanı Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze ilə görüş keçirilib. Görüş zamanı iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Bununla yanaşı, tərəflər təcrübə və məlumat mübadiləsinin, hər iki ölkədə Azərbaycan və gürcü dillərinin tədrisinin davam etdirilməsi, universitetlərarası və STEAM sahəsində əməkdaşlığın genişləndirilməsi, o cümlədən elm səhəsində birgə layihələrin həyata keçirilməsi istiqamətində razılığa gəliblər.
05/12/2025 11:04
“Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” adlı beynəlxalq konfransın ilk günü başa çatıb
Dekabrın 4-də görkəmli kimyaçı alim, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunan “Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” adlı beynəlxalq konfransın ilk günü yekunlaşıb. Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkil etdiyi konfrans Azərbaycan elminin inkişafında müstəsna xidmətləri olan akademikin elmi irsinin tədqiqi və müasir perspektivlər fonunda yenidən qiymətləndirilməsinə həsr olunub. Konfransdan əvvəl Fəxri xiyaban ziyarət edilərək ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın əziz xatirəsi ehtiramla yad olunub, məzarları önünə əklil və gül dəstələri qoyulub. Sonra akademik Yusif Məmmədəliyevin məzarı ziyarət edilib, xatirəsi ehtiramla yad olunub. AMEA-nın Rəyasət Heyətinin binasında keçirilən açılış mərasimindən öncə akademik Yusif Məmmədəliyevin həyat və fəaliyyətinə həsr olunmuş fotosərgiyə baxış keçirilib. Konfransın rəsmi açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra akademik Yusif Məmmədəliyevə dair video nümayiş olunub. Mərasimin rəsmi açılış hissəsində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Yusif Məmmədəliyevin elmi irsi bu gün kimya sənayesində, elmi-tədqiqat müəssisələrində və ali təhsil proqramlarında geniş şəkildə tətbiq olunur. Elm və Təhsil Nazirliyinin elmin populyarlaşdırılması, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, geniş tədqiqatçı kütləsinin dəstəklənməsi istiqamətində ardıcıl addımlar atdığını vurğulayan Emin Əmrullayev qeyd edib ki, bu çərçivədə akademik Yusif Məmmədəliyevin 120 illiyi münasibətlə elm və təhsil müəssisələrində onun həyat və elmi fəaliyyəti barədə ətraflı məlumat verən tədbirlər təşkil olunur, tələbələrə müvafiq mövzular üzrə tədqiqat tapşırıqları verilir. Elm və təhsil naziri Yusif Məmmədəliyev adına müxtəlif tədqiqat qrantlarının, təqaüdlərin və gənc alimləri dəstəkləyən digər alətlərin hazırlanmasının həmin irsin davamlı şəkildə yaşadılmasına mühüm töhfə olacağını qeyd edib. Emin Əmrullayev bildirib ki, növbəti ildən başlayaraq Yusif Məmmədəliyev adına kimya olimpiadasının keçirilməsi planlaşdırılır. Olimpiada həm Azərbaycan, həm də region ölkələrinin şagirdlərini əhatə edəcək. Tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qeyd edib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, bu gün isə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlətimizin elm siyasəti və qayğısı nəticəsində Azərbaycan alimləri öz yaradıcı fəaliyyətləri ilə ölkəmizin inkişafına töhfə verirlər. Akademik Yusif Məmmədəliyevin ölkəmizdə humanitar və ictimai elmlərin, Azərbaycan dilinin, ədəbiyyatının, tarixinin, mədəniyyətinin də inkişafında müstəsna xidmətləri olduğunu söyləyən akademik İsa Həbibbəyli bildirib ki, görkəmli alim AMEA-nın prezidenti kimi daim bu sahələrdə tədqiqatların aparılması və genişləndirilməsinə rəhbərlik edib. AMEA rəhbəri akademik Yusif Məmmədəliyevin ölkəmizdə elmlə təhsilin inteqrasiyasına da daim diqqət yetirdiyini, Bakı Dövlət Universitetinin rektoru olduğu illərdə daim elmi nailiyyətlərin təcrübədə sınaqdan keçirilməsinə çalışdığını söyləyib. İsa Həbibbəyli sonda akademik Yusif Məmmədəliyevin elmi irsinin, tarixi nailiyyətlərinin, ixtiralarının, həyat fəaliyyətinin zəngin olduğunu, bu gün də bu sahədə gənc kadrların hazırlanmasına, onların gələcək fəaliyyətinə stimul verdiyini söyləyib, konfransın işinə uğurlar arzulayıb. Daha sonra çıxış edən Milli Məclis sədrinin müavini Rafael Hüseynov Yusif Məmmədəliyevin həyatı barədə maraqlı məqamları konfrans iştirakçılarının diqqətinə çatdırıb. Yusif Məmmədəliyevin mədəniyyətə bütün ruhu və varlığı ilə bağlı bir insan olduğunu deyən Rafael Hüseynov akademikin Bülbül, Səməd Vurğun, Üzeyir Hacıbəyli kimi böyük mədəniyyət xadimləri ilə yaxın, mehriban dostluq münasibətlərindən danışıb. Qeyd edib ki, bu yaxınlıq onun daxildən gələn incə hissiyyatının, mədəniyyətə olan sevgisinin göstəricisi idi. Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev isə çıxışında bildirib ki, Azərbaycanın ictimai və intellektual mühitində akademik Yusif Məmmədəliyevin timsalında onlarla, bəlkə də, yüzlərlə dünyaşöhrətli alim yetişir və Azərbaycan xalqı artıq dünyanın elm mərkəzlərindən birinə çevrilir. Azərbaycan xalqının elm və tərəqqi yolu ilə irəliləməsində akademik Yusif Məmmədəliyevin parlaq ideyalarının xüsusi rolunu vurğulayan Şahin Mustafayev qeyd edib ki, bu yolda Beynəlxalq Türk Akademiyası həm Azərbaycan elminin, həm də Türk dünyasının elminin inkişafına öz töhfəsini verməyə hazırdır. Konfrans iştirakçılarını salamlayan Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, akademik Yusif Məmmədəliyevin qızı Sevda Məmmədəliyeva ulu öndər Heydər Əliyev tərəfindən akademikin xidmətlərinin hər zaman yüksək dəyərləndirildiyini, bu gün də prezident İlham Əliyev tərəfindən akademikin xatirəsi və irsinə daim həssas münasibət göstərildiyini xüsusi vurğulayıb. Sevda Məmmədəliyeva akademikin xatirəsinə göstərilən böyük ehtirama görə ölkə rəhbərliyinə dərin minnətdarlığını ifadə edib. Konfransın əhəmiyyətinə toxunan Sevda Məmmədəliyeva çıxışında yubiley konfransının bütün təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib. Qeyd edib ki, Yusif Məmmədəliyevin həyat yolu həm bir ideya, həm bir məktəb, həm də bir dəyər kimi yaşayır. Bu gün yüzlərlə alim, yüzlərlə tələbə bu məktəbin davamçısıdır. Konfrans çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Səlim bin Məhəmməd əl-Malik və UNESCO-nun baş direktorunun müavini Lidiya Britonun videomüraciəti dinlənilib. Çıxışlardan sonra akademik Yusif Məmmədəliyevin həyat və elmi fəaliyyətinə həsr olunmuş sənədli film də nümayiş edilib. Daha sonra yerli və xarici alimlər “AMEA-nın Yusif Məmmədəliyev döş nişanı” və “AMEA-80” döş nişanı ilə təltif ediliblər. Rəsmi açılış mərasimindən sonra konfrans öz işini panel müzakirələrlə davam etdirib. Konfransın birinci günündə dünyanın müxtəlif elm mərkəzlərini təmsil edən tanınmış alimlərin iştirakı ilə “Yusif Məmmədəliyevin elmi, pedaqoji və təşkilati fəaliyyəti: Azərbaycan və dünya elminin inkişafına verilmiş töhfə”, “Kimya elmində müasir çağırışlar: varislik və innovasiyalar” və “Elmi irs və gələcəyin üfüqləri” mövzularında panel sessiyaları keçirilib. Qeyd edək ki, konfrans öz işini sabah da davam etdirəcək. Konfransın ikinci günündə Naxçıvanda akademikin abidəsinə, həmçinin Yusif Məmmədəliyevin ev-muzeyinə ziyarət nəzərdə tutulur.
04/12/2025 18:00
Emin Əmrullayev yüksək dövlət təltiflərinə layiq görülmüş alimlərlə görüşüb
Dekabrın 3-də elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə ölkə başçısının müvafiq sərəncamına əsasən Azərbaycan elminin inkişafında xidmətlərinə görə təltif edilən bir qrup alimlə görüşüb. Görüş zamanı nazir Emin Əmrullayev son illərdə elmin inkişafı istiqamətində atılan əsas addımlar, aparılan struktur islahatları, elmi fəaliyyətin stimullaşdırılması, gənc tədqiqatçıların dəstəklənməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi sahəsində görülən işlər barədə ətraflı məlumat verib. Daha sonra nazir alimlərin hər birini təbrik edərək onlara dövlət təltiflərini təqdim edib. Alimlər də öz növbələrində göstərilən etimada və əməyə verilən dəyərə görə təşəkkürlərini bildirib, elmin inkişafına mane olduğunu düşündükləri məsələlərə diqqət çəkib, mövcud proseslərlə bağlı fikirlərini bölüşüblər. Onlar görülən işlərin əhəmiyyətini vurğulayıb və bu cür görüşlərin mütəmadi keçirilməsinin önəmini qeyd ediblər.
04/12/2025 15:55
“Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” adlı beynəlxalq konfrans keçirilir
Dekabrın 4-də akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunan “Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” adlı beynəlxalq konfrans öz işinə başlayıb. Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkil etdiyi konfrans görkəmli kimyaçı alim, Azərbaycan elminin inkişafında müstəsna xidmətləri olan akademikin elmi irsinin tədqiqi və müasir perspektivlər fonunda yenidən qiymətləndirilməsinə həsr olunub. Mərasimin rəsmi açılış hissəsində elm və təhsil naziri Emin Əmrullayev, AMEA-nın prezidenti İsa Həbibbəyli, Milli Məclis sədrinin müavini Rafael Hüseynov, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev, AMEA-nın müxbir üzvü, akademik Yusif Məmmədəliyevin qızı Sevda Məmmədəliyeva çıxış ediblər. Konfransın rəsmi hissəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Səlim bin Məhəmməd əl-Malik və UNESCO-nun baş direktorunun müavini Lidiya Britonun videomüraciəti dinlənilib. Çıxışlardan sonra akademik Yusif Məmmədəliyevin həyat və elmi fəaliyyətinə həsr olunmuş sənədli film də nümayiş edilib. Rəsmi açılış mərasimindən sonra konfrans öz işini panel müzakirələrlə davam etdirir. Konfransın birinci günündə dünyanın müxtəlif elm mərkəzlərini təmsil edən tanınmış alimlərin iştirakı ilə “Yusif Məmmədəliyevin elmi, pedaqoji və təşkilati fəaliyyəti: Azərbaycan və dünya elminin inkişafına verilmiş töhfə”, “Kimya elmində müasir çağırışlar: varislik və innovasiyalar” və “Elmi irs və gələcəyin üfüqləri” mövzularında panel sessiyaları keçiriləcək. Qeyd edək ki, konfrans 4-5 dekabr 2025-ci il tarixlərini əhatə edir.
04/12/2025 14:15
“Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” adlı beynəlxalq konfrans keçiriləcək
4–5 dekabr 2025-ci il tarixlərində akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunan “Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” adlı beynəlxalq konfrans (https://aymconference.com/) keçiriləcək. Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkil etdiyi konfrans görkəmli kimyaçı alim, Azərbaycan elminin inkişafında müstəsna xidmətləri olan akademikin elmi irsinin tədqiqi və müasir perspektivlər fonunda yenidən qiymətləndirilməsinə həsr edilir. İki gün davam edəcək konfrans çərçivəsində Bakı, Naxçıvan və Ordubad şəhərlərində dünyanın müxtəlif elm mərkəzlərini təmsil edən tanınmış alimlərin iştirakı ilə geniş tematik panel sessiyaları, elmi diskussiyalar, mühazirələr, eləcə də akademikin həyat və fəaliyyətini əks etdirən mədəni proqramlar təşkil olunacaq. Konfransın birinci günündə “Yusif Məmmədəliyevin elmi, pedaqoji və təşkilati fəaliyyəti: Azərbaycan və dünya elminin inkişafına verilmiş töhfə”, “Kimya elmində müasir çağırışlar: varislik və innovasiyalar” və “Elmi irs və gələcəyin üfüqləri” mövzularında panel sessiyaları keçiriləcək. Konfransın ikinci günündə Naxçıvanda akademikin abidəsinə, həmçinin Yusif Məmmədəliyevin ev-muzeyinə ziyarət nəzərdə tutulur.
03/12/2025 11:29
“Peşə təhsili: nailiyyətlər və çağırışlar” mövzusunda konfrans keçirilib
Dekabrın 2-də Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Peşə təhsili: nailiyyətlər və çağırışlar” mövzusunda konfrans keçirilib. Konfransda Elm və Təhsil Nazirliyinin və Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri, agentliyin tabeliyində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin direktorları və direktor müavinləri iştirak ediblər. Konfransda giriş nitqi ilə çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli bildirib ki, peşə təhsili müasir dövrün tələblərinə cavab verən, rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanmasında xüsusi rol oynayır. Peşə təhsili insanlara yalnız peşə öyrətmir, həm də sosial lift rolunu oynayır, gənclərə perspektiv və gələcək təmin edir. Mətin Kərimli bu gün peşə təhsili müəssisələrinə yalnız orta məktəbi bitirənlərin deyil, həm də karyerasının əvvəlində və ortasında olan, peşə bacarıqlarını genişləndirmək istəyən vətəndaşların da üstünlük verməsini sevindirici hal kimi qiymətləndirib. Qeyd edib ki, bu səbəbdən peşə təhsili daha çevik və innovativ həllər təqdim etməlidir. Mətin Kərimli əlavə edib ki, ölkənin müxtəlif bölgələrində müasir təhsil proqramları əsasında fəaliyyət göstərən peşə təhsili müəssisələri yenidən qurulub və istifadəyə verilib, nəticədə tələbə qəbulu iki dəfə artıb. Aparat rəhbəri peşə təhsilinin strateji sənədlərdə, o cümlədən 2022–2026-cı illərə aid sosial-iqtisadi inkişaf strategiyasında və “Böyük Qayıdış” proqramında öz əksini tapdığını vurğulayıb. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor səlahiyyətlərini icra edən direktor müavini Simnar Mamedov çıxışında bildirib ki, görülən işlər nəticəsində peşə təhsilinin maddi-texniki bazası və tədris infrastrukturu əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Simnar Mamedovun sözlərinə görə, bu, əmək bazarının və iqtisadiyyatın real tələblərinə uyğun bacarıqlara sahib kadrların hazırlanmasına xidmət edir. Eyni zamanda, təhsil proqramlarının yenilənməsi kadr hazırlığına dair tələblərlə birbaşa əlaqəlidir. Peşə təhsili üzrə kadr tələblərinə uyğun istiqamətlər mütəmadi təhlil edilərək yenilənir ki, bu da əmək bazarındakı ixtisaslı kadrlara olan ehtiyacın ödənilməsini təmin edir. Konfransda çıxış edən Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman bildirib ki, “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsində peşə təhsili müəssisələrinin sayının artırılması, məzmun və keyfiyyətin yenilənməsi, adambaşına maliyyələşdirmənin genişləndirilməsi, yeni peşə təhsil proqramlarının tətbiqi kimi bütün məsələlər müzakirəyə açıqdır. Təkliflər həm hökumətə, həm də ictimaiyyətə təqdim olunub. Əlavə edib ki, növbəti ilin yanvar ayından qanunvericilik bazasının yenilənməsi və yeni normativ-hüquqi aktların hazırlanması ilə bağlı təşəbbüslər də müzakirə ediləcək. Daha sonra Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov çıxışında cəmiyyətin peşə təhsilinə münasibətinin zamanla dəyişdiyini vurğulayıb. Bildirib ki, əvvəlcə ali təhsil müəssisələri ilə başlanılan yol bu gün müxtəlif təhsil pillələri və istiqamətləri üzrə qiymətləndirmə mexanizmlərinin genişləndirilməsi ilə davam edir. Bu prosesdə təhsil müəssisələrinin təmsilçiləri əmək bazarının tələblərinə uyğun kadrların hazırlanmasına mühüm töhfə verirlər. Konfrans çərçivəsində 2022–2025-ci illər ərzində peşə təhsili sahəsində əldə olunan nəticələr təqdim edilib, görülən işlər təhlil olunub və yeni dövr üçün çağırışlar müzakirə edilib. Sessiyalarda iştirakçılar peşə təhsili sisteminin inkişaf prioritetləri, əmək bazarının tələblərinə uyğun kadr hazırlığının gücləndirilməsi, idarəetmənin optimallaşdırılması və tədrisin keyfiyyətinin artırılması istiqamətləri üzrə təklif və fikir mübadiləsi aparıblar.
02/12/2025 18:00
Elm və təhsil naziri Albaniyanın səfiri ilə görüşüb
Dekabrın 2-də elm və təhsil naziri Emin Əmrullayev Albaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Besart Kadia ilə görüşüb. Görüş zamanı tərəflər elm və təhsil sahəsində cari əməkdaşlıq və inkişaf imkanlarına dair müzakirələr aparıb.
02/12/2025 17:00
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
1 il əvvəl
"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat
ƏtraflıSentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli
Ətraflı? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA
Ətraflı