Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edib

Noyabrın 28-də elm və təhsil naziri Emin Əmrullayev Naxçıvan şəhərində vətəndaş qəbulu keçirib.   Qəbulda Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur sakinləri iştirak ediblər.   Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.     Qəbul zamanı vətəndaşlar xarici kvalifikasiyaların tanınması, iş yerinin dəyişdirilməsi, müəllimlərin işə qəbulu və digər məsələlərlə bağlı müraciətlər ediblər.   Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Nazir Türkiyənin Ali Təhsildə Keyfiyyət Təminatı Şurasının sədri ilə görüşüb

Noyabrın 27-də elm və təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikasının Ali Təhsildə  Keyfiyyət Təminatı Şurasının (YÖKAK) sədri Ümit Kocabıçak ilə görüşüb.    Görüş çərçivəsində akkreditasiya qiymətləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq və inkişaf perspektivləri müzakirə edilib.

Məktəblərdə “Qərbi Azərbaycana qayıdış” mövzusunda görüşlər keçirilib

Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhəri 32 və 138 nömrəli tam orta məktəblərdə “Qərbi Azərbaycana qayıdış” mövzusunda maarifləndirici tədbirlər təşkil olunub.   Görüşlərdə Elm və Təhsil Nazirliyinin, Qərbi Azərbaycan İcmasının, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, məktəb rəhbərliyi, müəllim və şagirdlər iştirak ediblər.   Çıxış edənlər Qərbi Azərbaycan torpaqlarının qədim tarixindən, bölgənin Azərbaycan xalqının mədəni irsində xüsusi yer tutduğundan danışıb, ümumi təhsil müəssisələrində bu kimi maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıblar. Gənc nəslin tarixi həqiqətləri bilməsinin, milli kimlik və dövlətçilik düşüncəsi ilə formalaşmasının vacibliyi vurğulanıb, ölkənin strateji hədəflərinə çatmaq üçün savadlı və vətənə bağlı gənclərin yetişdirilməsinin əhəmiyyəti qeyd edilib. Şagirdlərə biliklərini artırmaq, tarixi irsə sahib çıxmaq və müasir dünyagörüşlü vətəndaş kimi formalaşmaqla bağlı tövsiyələr verilib.   Görüşlər zamanı Qərbi Azərbaycan İcmasının nümayəndəsi tərəfindən Qərbi Azərbaycanın tarixi və mədəni irsini əks etdirən təqdimat nümayiş olunub.   Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd Qərbi Azərbaycana qayıdış ideyasının uşaq və gənclər arasında təbliği, şagirdlərin mövzu üzrə biliklərinin artırılması və ideoloji düşüncənin düzgün formalaşdırılmasına dəstək göstərməkdən ibarət olub.

Qrant ayrılmış özəl bağçaların aylıq təhsil haqları barədə məlumat

Bildiyiniz kimi, 63 özəl məktəbəqədər təhsil müəssisəsi Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsinin qalibi olub və qalib gəlmiş özəl bağçalarla qrant müqavilələri imzalanıb.    Həmin qrant müqavilələrinə görə Azərbaycan bölməsində təhsil alan uşaqların aylıq təhsil haqqı və valideyn tərəfindən ödəniləcək məbləğlə müvafiq link vasitəsilə tanış ola bilərsiniz.    Nəzərinizə çatdırırıq ki, qrant müqavilələrinin icrası başlandıqdan sonra müvafiq cədvəldə göstərilən ödənişlər elektron portal üzərindən həyata keçiriləcək və valideynlərdən əlavə ödənişlərin tələb olunmasına yol verilməyəcək.   Valideynlər müvafiq cədvəldə qeyd edilmiş təhsil haqlarından kənar hər hansı ödəniş tələbi ilə üzləşildiyi halda, 146 - 2 Çağrı Mərkəzinə məlumat verə bilərlər.    Vurğulayırıq ki, qrant müsabiqəsi üzrə bütün məlumatların tam şəffaflıqla ictimaiyyətə təqdim edilməsi davam etdiriləcək.

Elm və təhsil naziri Ağcabədidə vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev 19 dekabr tarixində Ağcabədi şəhərində vətəndaşları qəbul edəcək.    Qəbulda Ağcabədi, Ağdam, Füzuli, Xocalı, Xocavənd, Şuşa, Tərtər, Bərdə, Ağdərə, Laçın, Kəlbəcər sakinləri iştirak edə bilərlər.     Adları çəkilən şəhər və rayonların sakinləri 10 dekabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya ‪‪‪‪+994 51 206 78 48‬‬‬‬ nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.   Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.

COP29-dan COP30-a: Azərbaycan və İƏİT iqlim hədəflərini təhsil sahəsində real fəaliyyətə çevirir

Braziliyanın Belem şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyasında (COP30) Azərbaycan və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən COP29-da irəli sürülən iqlim savadlılığının qlobal təhsil gündəminə inteqrasiyası, Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı (PISA) vasitəsilə iqlim savadlılığının ölçülməsinə dair təşəbbüsünə dair son bir ildə görülən işlərin nəticələri müzakirə olunub.    Konfrans çərçivəsində təşkil olunmuş “Təhsilin yaşıllaşdırılması" mövzusunda yüksək səviyyəli "dəyirmi masa”da aparılan müzakirələr zamanı ölkəmizi təmsil edən nümayəndə heyəti tərəfindən təşəbbüsün əhəmiyyəti, görülmüş işlər və planlaşdırılan fəaliyyətlər barədə məlumat verilib.    Qeyd edilib ki, Azərbaycan tarixi bir addım ataraq beynəlxalq təhsil siyasətini yenidən formalaşdırmağa və iqlim savadlılığını gələcək nəsillərin qarşıdakı çağırışlara hazırlanmasının əsas komponentinə çevirməyə müvəffəq olub. Sözügedən təşəbbüs bu gün iqlim savadlılığının PISA-ya (Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqram) inteqrasiyası, onun milli kurikulumlara daxil edilməsi kimi addımları əhatə edən qlobal bir hərəkat halını alır. Təşəbbüsün məqsədi gənclərin iqlim proseslərini başa düşən, sübutlara əsaslanan qərarlar verən və iqlim fəaliyyətinə fəal qoşulan nəsil kimi yetişdirilməsidir.    Azərbaycanın bu təşəbbüsü çərçivəsində ötən bir il ərzində PISA İqlim Savadlılığı Çərçivəsi hazırlanıb, eləcə də həm Azərbaycan, həm də Braziliyada iqlim savadlılığı ilə bağlı pilot qiymətləndirmə keçirilib, dünyanın müxtəlif ölkələri kurikulumlarını, müəllim hazırlığı proqramlarını və siyasət prioritetlərini uyğunlaşdırmağa başlayıblar.    Konfrans çərçivəsində səsləndirilən fikirlərə əsasən iqlim savadlılığının PISA-ya daxil edilməsi qlobal təhsil sistemləri üçün dərin təsirlərə malikdir. PISA milli islahatların əsas hərəkətverici qüvvələrindən biridir və iqlim savadlılığı onun qiymətləndirmə çərçivəsinin bir hissəsinə çevrildikdə ölkələr təbii olaraq siyasətlərini bu yeni prioritetə uyğunlaşdırmağa başlayacaqlar. Hökumətlər iqlim mövzularını, sistemli düşünmə bacarıqlarını və fəaliyyət yönümlü yanaşmaları yalnız təbiət elmlərində deyil, həm də riyaziyyat, oxu bacarığı, media savadlılığı və hətta süni intellekt savadlılığı sahələrində milli kurikulumlarına inteqrasiya edəcəklər. Bu dəyişiklik şagirdlərin iqlim sistemlərini başa düşməsi, məlumatı tənqidi şəkildə qiymətləndirməsi və iqlim fəaliyyətində mənalı şəkildə iştirak edə bilməsi ilə bağlı yeni müzakirələrə təkan verəcək. Beynəlxalq göstəricinin formalaşması ilə təhsil nazirlikləri siyasət strategiyalarını müəyyənləşdirə, nəticə boşluqlarını aşkar edə və şagirdləri dayanıqlı gələcəyə hazırlayan islahatlar apara biləcəklər.   Təşəbbüs təkcə qiymətləndirmə ilə məhdudlaşmır. Qiymətləndirmə alətinin hazırlanması ilə paralel olaraq Azərbaycan və İƏİT müəllimlərin iqlim savadlılığını tədrisə inteqrasiya etməsinə dəstək olacaq hərtərəfli resursların yaradılmasını hədəfləyir.    Konfrans çərçivəsində Azərbaycanın qlobal təhsil siyasətinə təsir göstərən tarixi bir addım atması və iqlim savadlılığının formalaşdırılması üzrə qurduğu əməkdaşlıq modelinin dünya ölkələri üçün nümunəyə çevrildiyi xüsusi diqqətə çatdırılıb.

Emin Əmrullayev QS Avrasiya Forumunda çıxış edib

Elm və təhsil naziri Emin Əmrullayev Özbəkistan Respublikasının Daşkənd şəhərində "Quacquarelli Symonds" (QS) qlobal reytinq agentliyinin təşkilatçılığı və Mərkəzi Asiya Universitetinin ev sahibliyi ilə keçirilən QS Avrasiya Forumunda çıxış edib.    Çıxış zamanı ölkəmizdə beynəlmiləlləşmə və elmi-tədqiqat imkanları barədə məlumat verilib, o cümlədən ali təhsil müəssisələrinin qlobal rəqabət qabiliyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlər qeyd olunub.   Əlavə olaraq, forum çərçivəsində müvafiq sahə üzrə nazir və nazir müavinlərinin, o cümlədən qabaqcıl universitetlərin rəhbər heyətinin iştirakı ilə "dəyirmi masa" təşkil olunub.    "Dəyirmi masa" zamanı ali təhsil müəssisələrinin institusional fəaliyyət göstəriciləri, məşğulluq nəticələri, ali təhsildə dayanıqlılıq kimi mövzular ətrafında müzakirələr aparılıb.   Qeyd edək ki, forumda həmçinin Azərbaycanın bir neçə qabaqcıl ali təhsil müəssisəsi nümayəndə heyəti ilə təmsil olunur.

Emin Əmrullayev Mərkəzi Asiya Universitetinin rəhbər heyəti və QS prezidenti ilə görüşüb

Elm və təhsil naziri Emin Əmrullayev Özbəkistan Respublikasının Daşkənd şəhərinə səfəri çərçivəsində Mərkəzi Asiya Universitetini ziyarət edərək universitetin rəhbər heyəti və himayəçilər şurasının sədri Abducabar Abduvaxitov ilə görüşüb, eləcə də universitetin maddi-texniki bazası ilə tanış olub.    Eyni zamanda, səfər çərçivəsində “Quacquarelli Symonds” (QS) qlobal reytinq agentliyinin təsisçisi və prezidenti Nuntsio Kvakvarelli ilə də görüş keçirilib, Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq rəqabət qabiliyyətinin artırılması istiqamətində gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Məktəblilərin ingilis dili öyrənməsini dəstəkləyən yeni rəqəmsal məzmunun təqdimatı olub

bp Azərbaycanda rəqəmsal təhsil imkanlarının artırılmasına yönəlmiş sosial investisiya layihəsinin ikinci mərhələsini tamamlayıb.    Noyabrın 24-də keçirilən təqdimat mərasimində elm və təhsil nazirinin müavini Kənan Kərimzadə iştirak edib.    Bildirilib ki, layihə LANDAU Educational Technologies MMC ilə əməkdaşlıqda həyata keçirilib. Layihədə əsas məqsəd 9 və 11-ci sinif ingilis dili buraxılış imtahanlarına hazırlaşan şagird və müəllimləri dəstəkləmək olsa da, təqdim olunan yüksək keyfiyyətli və əlçatan rəqəmsal məzmun 5–11-ci siniflərin bütün şagirdlərinin istifadəsi üçün uyğundur.    Layihənin yeni mərhələsi 60 saatlıq dərs müddətinə uyğun 350 tədris videosu, imtahana hazırlıq üçün 14000 sualdan ibarət sual bankı, imtahan şəraitini simulyasiya etmək üçün 70 test toplusu, tədris prosesində müəllimlərə kömək məqsədi ilə hazırlanmış təqdimatlar və iş vərəqləri, həmçinin müəllimlərin ev tapşırıqları verməsinə və şagirdlərin irəliləyişini izləməsinə imkan verən rəqəmsal platforma kimi geniş əhatəli materiallar təqdim edir. Ölkə üzrə 500 müəllimin və 10000 şagirdin layihədən bəhrələnəcəyi gözlənilir.   Təqdimat mərasimində çıxış edən bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, bu layihə təkcə şagirdləri ingilis dili imtahanlarında uğur qazanmaq üçün onlara lazım olan vasitələrlə təmin etmir, o həm də müəllimlərə müasir dərs resursları təqdim etməklə onların rolunu gücləndirir. Azərbaycan məktəbləri üçün məzmun hazırlanmasına sərmayə qoymaqla biz ölkənin təhsil potensialının artırılmasına və keyfiyyətli təhsilin hər bir şagird üçün əlçatan olmasına töhfə vermək istəyirik. Azərbaycanda təhsilin inkişafını innovativ rəqəmsal resurslar və həllər vasitəsilə dəstəkləməyə davam etməkdən çox məmnunuq.   Çıxış edən elm və təhsil nazirinin müavini Kənan Kərimzadə bildirib ki, bir çox ölkələr kimi Azərbaycan da ingilis dilini əsas xarici dil kimi ümumi təhsil müəssisələrində tədris edir və təxminən 98–99% məktəbdə ingilis dili əsas xarici dil kimi tədris olunmaqdadır.   Nazir müavini qeyd edib ki, ingilis dili ilə bağlı keyfiyyət sahəsində irəliləyişlər var, lakin bu, hələ kifayət deyil. Qarşıdakı dövrdə əsas diqqət keyfiyyətin artırılmasına yönəlməlidir. Keyfiyyətdən danışanda bir neçə əsas istiqamət var. Birinci istiqamət, şübhəsiz ki, müəllim hazırlığıdır. İkinci istiqamət təhsilin məzmunu və tədris materiallarıdır. Bu baxımdan bu gün burada təqdim olunan rəqəmsal, yeni standartlı platformalar böyük əhəmiyyət kəsb edir. Üçüncü istiqamət isə ölkələrarası mübadilələr, ali təhsildə ingilisdilli proqramların və ingilis dilində tədris olunan ixtisasların genişləndirilməsidir.    Kənan Kərimzadə vurğulayıb ki, son illərdə Elm və Təhsil Nazirliyi tərəfindən elektron dərsliklər, videoresurslar, indi “Rəqəmsal məktəb” platforması hazırlanıb. Bu platformalarda ümumilikdə on minlərlə ingilis dilində məzmun yaradılıb. Vacib elementlərdən biri də dərsliklərin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasıdır.    Nazir müavini əlavə edib ki, başqa bir vacib nüans müəllim hazırlığının keyfiyyətinin artırılmasıdır. Son iki ildə Elm və Təhsil Nazirliyi tərəfindən təxminən 10 400 xarici dil müəllimi sertifikatlaşdırmadan keçirilib və sevindirici haldır ki, bu müəllimlərin 86%-i imtahanlardan yüksək nəticə əldə edib.    Qeyd edək ki, sözügedən layihənin nəticəsi olaraq hazırlanmış bütün materiallar ümumi istifadəyə açıqdır və ənənəvi tədris kontentini tamamlamaq məqsədi daşıyır. Bu materiallar yerindən və şəraitindən asılı olmayaraq bütün şagirdlərə çevik və inklüziv öyrənmə imkanları yaradır. Yeni məzmun bütövlükdə www.aspirelearning.app. vebsaytında yerləşdirilib.

Elm və təhsil naziri Özbəkistanın ali təhsil, elm və innovasiyalar nazirinin birinci müavini ilə görüşüb

Elm və təhsil naziri Emin Əmrullayev Özbəkistan Respublikasının ali təhsil, elm və innovasiyalar nazirinin birinci müavini Sardor Rəcəbov ilə görüşüb.   Görüş zamanı iki ölkə arasında elm və ali təhsil və innovasiyalar sahəsində cari əməkdaşlıq və inkişaf perspektivləri müzakirə edilib.   Eyni zamanda, görüş çərçivəsində Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Özbəkistan Respublikasının Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyi yanında İnnovativ İnkişaf Agentliyi arasında elm və innovasiya sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.

11/09/2026

"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat

Ətraflı
11/09/2026

Sentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli

Ətraflı
11/09/2026

? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA

Ətraflı